(16 mart 1916 — 8 yanvar 1996)
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Zakir Bağırov milli musiqi mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Zakir Cavad oğlu Bağırov 1916-cı il martın 16-da Şuşa şəhərində anadan olub. İlk musiqi təhsilini o, 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsində, 1935-ci ildən təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyası nəzdində musiqi texnikumuna göndərilmişdir. Musiqi texnikumunu bitirdikdən sonra o, könüllü olaraq cəbhəyə gedərək Böyük Vətən Müharibəsində iştirak etmişdir. Müharibədən sonra ordudan tərxis olunan Zakir Bağırov Moskva Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakultəsinə daxil olmuş və 1949-cu ildə həmin konservatoriyanı müvəffəqiyyətlə bitirmişdir. Zakir Bağırov musiqinin müxtəlif canrlarına müraciət etmiş və musiqi xəzinəmizi zənginləşdirən bir sıra dəyərli əsərlər yazmışdır.
Onun yaradıcılıq portfelinə üç opera, o cümlədən «Aygün», «Qoca Xattabıç», iki musiqili komediya — «Qayınana», «Kəndimizin səsi», bir uşaq baleti, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik orkestr üçün, kamança ilə simfonik orkestr üçün Konsertlər, xalq çalğı alətləri orkestri üçün Süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, bədii və sənədli filmlərə, dram tamaşalarına yazılmış musiqi daxildir. Zakir Bağırovun istedadı xüsusilə «Qayınana» musiqili komediyasında öz parlaq təcəssümünü tapmışdır. Məcid Şamxalovun librettosu əsasında yazılmış bu əsər elə ilk tamaşadan geniş dinləyici kütləsinin rəğbətini qazanmışdır. «Qayınana» musiqili komediyası yalnız respublikamızda deyil, Orta Asiya respublikalarında, Bolqarıstanda müvəffəqiyyətlə tamaşaya qoyulmuş, habelə ümumittifaq müsabiqəsində xüsusi mükafata layiq görülmüşdür. Operettanın ekranlaşdırılmış variantı da tamaşaçıların xüsusi rəğbətini qazanmışdır. Bu əsərin belə şöhrət tapmasında Qayınana rolunu səhnədə və ekranda janlandıran görkəmli aktrisamız, respublikanın xalq artisti Nəsibə xanım Zeynalovanın böyük xidməti olmuşdur. Bəstəkarın musiqi folklorumuzun toplanması və nota salınması sahəsində fəaliyyəti də önəmlidir.
O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkarımız Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında «Rast», «Dügah» və «Segah-zabul» muğamlarını nota yazmış və çap etdirmişdir. Zakir Bağırov həmçinin «Azərbaycan xalq rəqsləri» məcmuəsinin müəlliflərindən biridir. Zakir Bağırov uzun illər — 1949-cu ildən ömrünün sonunadək Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında musiqi-nəzəri fənnlərindən dərs vermiş, musiqiçi kadrların hazırlanmasında əlindən gələni əsirgəməmişdir. Zakir Bağırov habelə 10 il konservatoriyanın musiqi-nəzəriyyəsi kafedrasına rəhbərlik etmişdir. Hazırda onun yetirmələri Bakı Musiqi Akademiyasının nəzəriyyə-bəstəkarlıq fakultəsində aparıcı müəllimlərdir. Bəstəkar Zakir Bağırov həmçinin fəal ictimai xadim idi. O, 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, həmçinin bu təşkilatın İdarə Heyətinin üzvü olmuş, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Respublikanın Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri, Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır.