(22 fevral 1924-22 yanvar 2000)

Görkəmli bəstəkar, dirijor, pedaqoq, ictimai musiqi xadimi, Respublikanın xalq artisti, Dövlət mükafatı laureati, «Şöhrət» ordenli, professor Süleyman Ələsgərovun yaradıcılığı milli musiqi mədəniyyəti xəzinəmizi zənginləşdirmişdir. Süleyman Əyyub oğlu Ələsgərov 1924-cü il fevralın 22-də Şuşa şəhərində anadan olub. Ali musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində alaraq, o, 1948-ci ildə professor Boris Zeydmanın sinfini bitirmişdir. Dahi bəstəkarımız Ü.Hacıbəyovdan sənət yoluna «vəsiqə» alan başqa musiqiçilərimiz kimi Süleyman Ələsgərov da geniş maraq dairəsinə malik musiqiçi olmuşdur.

Onun tükənməz xalq musiqisindən bəhrələnən yaradıcılığı mövzu rəngarəngliyi, forma aydınlığı, musiqi dilinin səlisliyi ilə səciyyələnir. Süleyman Ələsgərov on bir operettanın, o cümlədən «Ulduz», «Özümüz bilərik», «Milyonçunun dilənçi oğlu», «Sevindik qız axtarır», «Həmişəxanım», «Hərənin öz ulduzu» kimi musiqili komediyaların, «Bahadur və Sona», «Solğun çiçəklər» operalarının, «Bayatı-Şiraz» simfonik muğamının, simfoniyaların və poemaların, kantataların, tar ilə xalq çalğı alətləri orkestri üçün konsertlərin, «Vətənimdir», «Yada düşdü», «Sərvi-xuramanım mənim» kimi gözəl romansların, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərlərin müəllifi olmuşdur. Süleyman Ələsgərovun musiqisi Azərbaycanın sərhədlərini aşaraq Moskva, Sankt-Peterburq, Daşkənd, Tbilisi və onlarca başqa şəhərlərdə səslənib, onun operettaları Bolqarıstan, Türkiyə sənətsevərləri tərəfindən rəğbətlə qarşılanmışdır. Bəstəkarın «Ulduz» musiqili komediyası 11 dilə tərcümə edilib və ekranlaşdırılmışdır. Süleyman Ələsgərov fəal ictimai musiqi xadimi kimi mədəni həyatımızın müxtəlif sahələrində yorulmadan çalışmışdır. 1943-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, həmçinin İttifaqın İdarə Heyətinin üzvü, müxtəlif illərdə A.Zeynallı adına Musiqi Texnikumunun müdiri, mahnı və rəqs ansamblının bədii rəhbəri, Mədəniyyət Nazirliyinin İncəsənət İdarəsinin rəisi, Radio və Televiziya Komitəsinin Xalq Çalğı Alətləri Orkestrinin dirijoru, Komitənin bədii rəhbəri, Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Bakı Musiqi Akademiyasında xalq çalğı alətləri kafedrasının müdiri və nəhayət, Bakı Musiqi Akademiyasının Şuşa filialının direktoru vəzifələrində çalışaraq yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Təcrübəli pedaqoq, Bakı Musiqi Akademiyasının professoru kimi Süleyman Ələsgərov gənc musiqiçilər nəslinin yetişdirilməsi sahəsində çöx səmərəli fəaliyyət göstərmiş, əsl himayəçi missiyasını daşıyaraq qayğıkeş hami müəllim olmuşdur. Hazırda onun yetirmələri, yüksək hazırlıqlı musiqiçilər respublikamızın müxtəlif musiqi və mədəniyyət ocaqlarında çalışır və öz müəllimlərinin adını dərin hörmətlə yad edirlər.