(8 may 1919 — 19 sentyabr 1974)

Azərbaycanın görkəmli bəstəkarı, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Soltan Hacıbəyovun yaradıcılığı Milli musiqi mədəniyyəti salnaməmizin parlaq səhifələrini təşkil edir. Soltan İsmayıl oğlu Hacıbəyov 1919-cu il mayın 8-də Azərbaycanın musiqi beşiyi sayılan Şuşa şəhərində anadan olub. Uşaqlıqdan əmisinin — dahi bəstəkarımız Üzeyir Hacıbəyovun himayəsi altında böyümüşdür. 

O, musiqi ilə 18 yaşında məşğul olmağa başlamışdır. Orta ixtisas musiqi məktəbini truba aləti üzrə bitirdikdən sonra iki ilə yaxın İqtisadiyyat İnstitutunda təhsil almışdır. Lakin musiqi yaradıcılığına ciddi maraq göstərdiyinə görə o, bəstəkarlıq ixtisasını seçməyi qərara alır. Soltan Hacıbəyov ali musiqi təhsilini 1941-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında professor Boris Zeydmanın bəstəkarlıq sinfində almışdır. Sonra o, Moskva Dövlət Konservatoriyasında professor Şostakoviçdən yaradıcılıq məsləhətləri almış, həmçinin dirijorluq ixtisasına yiyələnmişdir. Soltan Hacıbəyovun bir musiqiçi, bəstəkar və ziyalı kimi dünyagörüşünün formalaşmasında Üzeyir Hacıbəyovun xüsusi rolu olmuşdur. Bəstəkarın tələbəlik illərinin yaradıcılıq məhsulu olan «Qızıl gül» operettası, skripka ilə orkestr üçün konserti, simfonik variasiyaları, birinci və ikinci simfoniyaları, simli kvarteti, kantatası və s. əsərləri onun böyük iste’dada malik olmasından xəbər verirdi. 1945-ci ildə bəstələnmiş «Karvan» simfonik lövhəsi Soltan Hacıbəyovun milli simfonizmin inkişafındakı rolunu təsdiq etdi.

 1950-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuş müasir mövzuda ilk Azərbaycan baleti olan «Gülşən» baleti bu janrın inkişafında mühüm mərhələ oldu. Soltan Hacıbəyov həmçinin «İskəndər və çoban» uşaq operasının, simfonik orkestr üçün «Konsert»in və «Uvertüra»nın, xalq çalğı alətləri orkestri üçün «Bolqar süitası»nın, hind mövzuları əsasında simli Kvartetin, M.Lermontovun sözlərinə «Tənha yelkən ağarır» və A.Puşkinin sözlərinə «Quşcuğaz» romanslarının, dram tamaşalarına yazılmış musiqinin, bir sıra kütləvi mahnıların müəllifi olmuşdur. Soltan Hacıbəyov bəstəkarlıqla yanaşı dirijor, ictimai musiqi xadimi, təcrübəli pedaqoq kimi milli musiqi mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışmışdır. O, hələ tələbəlik illərində musiqili komediya teatrında orkestrin dirijoru və rəhbəri, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki sazçı qızlar ansamblının bədii rəhbəri, uzun müddət Filarmoniyanın bədii rəhbəri, sonra isə direktoru olmuşdur. 1947-ci ildən başlayaraq uzun illər ərzində Soltan Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru kimi fəaliyyət göstərərək, gənc bəstəkarlara orkestrin sirrlərini öyrətmişdir.

O, ömrünün son 5 ili ərzində (1969-1974) Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. Soltan Hacıbəyov 20 ildən artıq bir dövrdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən birinci katibi kimi böyük ictimai fəaliyyət göstərmişdir. Xalqımız Soltan Hacıbəyovun xatirəsini əziz tutur, onun adını dərin ehtiramla yad edir.