(16 oktyabr 1926 — 10 aprel 2008)

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri də, respublikanın xalq artisti, dirijor, pedaqoq, ictimai musiqi xadimi, «Şöhrət» ordenli, professor Ramiz Mustafayevin yaradıcılığı musiqi ictimaiyyətinin və geniş dinləyici kütlələrinin rəğbətini qazanmışdır. Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabrın 16-da Türkmənistan Respublikasının Çərcou şəhərində anadan olub. 1927-ci ildə onun ailəsi Bakı şəhərinə köçüb. O, bəstəkarlıq sənətinə aktyorluqdan gəlib. 1941-ci ildə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olduqdan sonra Ramiz Mustafayev M.Qorki adına Gənc Tamaşaçılar Teatrında və M.Əzizbəyov adına Dram Teatrında aktyor kimi çalışıb. Lakin vokal sənətinə olan böyük həvəsi onu Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxardı.

O, 1948-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün sinfinə daxil olur. Tələbəlik illərində Ramiz Mustafayev eyni zamanda bəstəkarlığa da meyl göstərir. O, 1952-1957-ci illərdə konservatoriyanın bəstəkarlıq fakultəsində, görkəmli pedaqoq, professor Boris Zeydmanın sinfində təhsilini davam etdirmiş və konservatoriyanı bəstəkar kimi bitirmişdir. 50 ildən artıq yaradıcılığı dövründə bəstəkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaratmışdır. O, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romansların, 200-dən artıq xalq mahnılarının xor üçün işləmələrinin müəllifi olmuşdur. Ramiz Mustafayevin vokal sənətinə olan marağı sayəsində onun yaradıcılığında vokal musiqi janrları daha geniş yer tutur. Diplom işi kimi təqdim etdiyi bir pərdəli «Şirin» operasından sonra onun bir sıra operaları — o cümlədən, «Vaqif», «Aydın», «Polad», «Xan və əkinçi», «Tərs keçi» uşaq operası yaranır. Lakin bəstəkarın ən uğurlu səhnə əsəri Səməd Vurğunun eyniadlı dramı əsasında yazılmış «Vaqif» operası olmuşdur. Bu operaya görə bəstəkar 1962-ci ildə Gənc Bəstəkarların Ümumittifaq Müsabiqəsində laureat adına layiq görülmüşdür. Bəstəkarın musiqili-komediya sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir.

Onun «Axırı yaxşı olar», «Xəsis» (həmmüəllif V.Adıgözəlov), «Qonşumuzda bir oğlan var», «Məsmə xala dayımdır» musiqili komediyaları tamaşaçıların rəğbətini qazanmışdır. Ramiz Mustafayevin bir bəstəkar kimi yaradıcılıq simasını müəyyənləşdirən digər aparıcı sahə — xor musiqisidir. 50 ilə yaxın bir dövrdə Azərbaycan Dövlət Televiziyası və Radiosunun xorunda əvvəl xormeyster, daha sonra baş dirijor və bədii rəhbər kimi çalışan bəstəkar bu janrda bir sıra samballı əsərlər yazmışdır. Onun «Ana», «Hüseyn Cavid», «Nəriman Nərimanov», «İnam», «Mənim müasirim», «Salatın», «Nizami», «Məhəmməd və Leyla» oratoriyaları; «Haqq səninlədir», «Səməd Vurğun», «Kür-Abşeron» kantataları; «Bu qan yerdə qalan deyil!», «Nədən yarandın», «Füzuli» vokal-simfonik poemaları milli xor sənətimizin nailiyyətlərindən sayılır. Ramiz Mustafayev bəstəkarlıq və dirijorluqla yanaşı təcrübəli pedaqoq və tanınmış ictimai musiqi xadimi kimi xatırlanır. O, Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Milli Konservatoiyasının professoru kimi çalışaraq gənc musiqiçi kadrların yetişməsində əlindən gələni əsirgəməmişdir. Ramiz Mustafayev 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bu təşkilatın İdarə Heyətinin üzvü, habelə «Musiqili səhnə əsərləri» bölməsinin sədri kimi Respublikanın musiqi həyatında fəal iştirak etmişdir.