(20 avqust 1912 — 2 avqust 1984)

Böyük dirijor və bəstəkar, Azərbaycan Respublikasının və SSRİ-nin xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi qəhrəmanı Niyazi Azərbaycan musiqi mədəniyyətinin təşəkkülündə, inkişafında və təbliğində müstəsna rol oynamış sənətkarlarımızdandır. Onun adı XX əsrin ən görkəmli diricorları sırasına daxil edilmişdir.

Niyazi Tağızadə-Hacıbəyov Zülfüqar oğlu 1912-ci il avqustun 20-də Tbilisi şəhərində dünyaya göz açıb. Onun atası tanınmış bəstəkar, Respublikanın əməkdar incəsənət xadimi, Azərbaycanda musiqili teatrın təşəkkül tapmasında və inkişafında mühüm rol oynamış Zülfüqar Hacıbəyov olmuşdur. İlk musiqi təhsilini Niyazi öz əmisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyovdan və skripkaçı — professor L.Bretanitskidən almışdır.

Onun bir bəstəkar və dirijor kimi püxtələşməsində, dünyagörüşünün formalaşmasında ilk növbədə Ü.Hacıbəyovun, habelə görkəmli bəstəkar-pedaqoqlar, professor Qnesinin, Rudolfun və Popovun xüsusi rolu olmuşdur.

Müxtəlif dövrlərdə o, Bakı Kinostudiyasının musiqi rəhbəri, Azərbaycan Dövlət Estradasının bədii rəhbəri, Azərbaycan Dövlət Cazının bədii rəhbəri, Opera və Balet Teatrının dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru kimi çoxşaxəli fəaliyyət göstərərək Milli musiqi mədəniyyətimizin inkişafı və təbliği yolunda yorulmadan çalışmışdır.

İfaçılıq fəaliyyətinin ilk günlərindən Niyazi dahi Üzeyir Hacıbəyovdan başlayaraq Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Arif Məlikov, Rauf Hacıyev, Vasif Adıgözəlov və digər bəstəkarlarımızın ən məşhur əsərlərinin ilk və mahir təfsirçisi, yorulmaz təbliğatçısı olmuşdur.

Yarım əsrdən çox bir müddətdə Niyazinin rəhbərliyi altında təşəkkül tapıb kamillik zirvəsinə ucalan Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri Milli simfonizmin yaradıcılıq laboratoriyasına çevrilmişdir. Niyazi həm klassik Avropa musiqi nümunələrini, həm də mürəkkəb müasir partituraları böyük məharətlə təfsir edərək beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.

Onun İngiltərə,Fransa,Macarıstan,Rumıniya,Çexoslovakiya, Türkiyə, İran, Çin, Hindistan, Monqolustan və başqa ölkələrdə Avropa və Azərbaycan musiqisinin klassik nümunələrindən ibarət çoxsaylı konsertləri buna gözəl sübutdur.

Niyazi ilk Azərbaycan dirijorudur ki, 1961-ci ildə Leninqrad Opera və Balet Teatrına baş dirijor təyin olunmuşdu. Dünyaşöhrətli sənət ocağına baş dirijor təyin olunması Niyazinin həqiqətən fitri istedadına, yüksək peşəkarlığına verilən yüksək qiymət idi. O, bu teatrla dünyanın bir çox ölkələrində tamaşalara musiqi rəhbəri olmuşdur.

Niyazinin parlaq bəstəkarlıq istedadı musiqinin müxtəlif janrlarında özünü büruzə verib. O, Azərbaycan bəstəkarlıq məktəbinin ilk nümayəndələri sırasında simfonik janra müraciət etmişdir. Onun «Rast» simfonik muğamı Azərbaycan musiqi xəzinəsinin ən maraqlı və nadir incilərindəndir. Bu əsər bəstəkara vətənimizdən çox-çox uzaqlarda böyük şöhrət gətirmişdir.

Niyazinin böyük hind yazıçısı Rabindranat Taqorun əsəri əsasında yazdığı «Çitra» baleti Cavahirlər Nehru adına Beynəlxalq mükafata layiq görülmüş, bir çox teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur. Bəstəkar həmçinin «Xosrov və Şirin» operasının, «Zaqatala» süitasının, kütləvi mahnı janrının ilk nümunələrindən olan «Vətən haqqında mahnı», «Təbrizim», «Qaragilə» mahnılarının, teatr tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir. Öz fitri istedadı, ölməz musiqi əsərləri, bənzərsiz dirijorluq interpretasiyası ilə dahi «Maestro» adını qazanmış Niyazi sənəti əbədi yaşayacaq.