(18 sentyabr 1885 — 28 iyul 1937)

Müslüm Maqomayev — bəstəkar, dirijor, ictimai xadim, Respublikanın əməkdar incəsənət xadimi (1938), Azərbaycanda bəstəkarlıq məktəbinin yaradıcılarından biri olmuşdur.

Müslüm Məhəmməd oğlu Maqomayev 18 sentyabr 1885-ci ildə Qroznı şəhərində anadan olmuşdur. Qori müəllimlər seminariyasında təhsil almışdır (1899-1904). Təhsil illərində Ü.Hacıbəyli ilə tanış olmuş, musiqiyə böyük həvəs göstərmiş, ilk musiqi əsərlərini yazmışdır.
1905-1911 illərdə Şimali Qafqazda və Lənkəranda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1911-ci ildə Ü.Hacıbəylinin məsləhəti ilə Bakıya qayıdaraq Sabunçu rayonunda müəllimlik etmiş və opera teatrında skripkaçı kimi fəaliyyət göstərmişdir. Həmin illərdə Azərbaycanda musiqili teatrın yaranması uğrunda mübarizə aparan qabaqcıl maarifpərvər mədəniyyət xadimlərinə qoşularaq Ü.Hacıbəylinin ən yaxın məsləkdaşı olmuşdur. Onların Qori seminariyasından başlanan dostluq əlaqələri sonradan qohumluq əlaqələrinə çevrilmişdir — hər ikisi Terequlova bacıları ilə evlənərək bacanaq olmuşlar. O, Ü.Hacıbəyli ilə sıx yaradıcılıq əməkdaşlığı edərək onun yaratdığı teatr truppasına rəhbərlik etmişdir. 1912-ci ildən etibarən opera tamaşalarına dirijorluq edən M.Maqomayev Azərbaycanın ilk opera dirijoru olmuşdur.

M.Maqomayev «Şah İsmayıl»(1916), «Nərgiz» (1935) operalarının, «Xoruz bəy» musiqili komediyasının, Azərbaycanda ilk simfonik janrda yazılmış əsərlərin, o cümlədən «Azərbaycan çöllərində», «Azad olunmuş Azərbaycan qadınının rəqsi», «Dərviş», «Marş RV-8», «Şəlalə», habelə kamera-instrumental əsərlərin müəllifidir.

M.Maqomayev 1927-ci ildə Ü.Hacıbəyli ilə birgə «Azərbaycan türk el nəğmələri» məcmuəsini tərtib etmiş, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqslərini nota salmışdır. O, böyük sənətkar, tarzən Qurban Primovun çalğısından «Rast»muğamını nota yazmışdır. Bu, Azərbaycan musiqisində muğamın nota yazılması sahəsində ilk təcrübə hesab edilir.

M.Maqomayev gərgin musiqi-ictimai fəaliyyət apararaq bir sıra məsul vəzifələrdə çalışmışdır. O, maarifçilik üzrə Xalq Komissarlığında incəsənət şöbəsinin müdiri, Azərbaycan Radio Mərkəzində musiqi rəhbəri kimi fəaliyyət göstərərək xalqın maariflənməsi, onun estetik zövqünün tərbiyəsi naminə var gücü ilə çalışmışdır.

Hazırda Azərbaycan Dövlət Filarmoniyası Müslüm Maqomayevin adını daşıyır.