(22 noyabr 1922 — 20 fevral 1984)

Görkəmli bəstəkar, SSRİ və Azhərbaycan Respublikasının xalq artisti, Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fəal ictimai xadim Fikrət Əmirovun yaradıcılığı milli musiqimizin inkişafında yeni mərhələ açmış, onun ümumbəşəri mahiyyət kəsb etməsinə və Azərbaycan musiqisinin dünyada tanınmasına rəvac vermişdir.

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də qədim Gəncə şəhərində görkəmli tarzən, əslən Şuşalı olan Məşədi Cəmil Əmirovun ailəsində anadan olub. İlk musiqi təhsilini Gəncə musiqi məktəbinin tar sinfində alan Fikrət muğam və xalq musiqisi mühitində tərbiyə olunmuşdur. Sonra o, Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirmişdir. Konservatoriya illərində onun bir bəstəkar kimi yetişməsində ixtisas müəllimləri Boris Zeydmanın, Üzeyir Hacıbəylinin habelə böyük rolu olmuşdur.

F.Əmirov milli musiqi mədəniyyəti xəzinəsinə çox zəngin musiqi irsi bəxş etmişdir. O, Azərbaycan musiqisində, eləcə də bütün Şərqdə milli simfonizmin yeni istiqamətinin — simfonik muğam və muğam-poema janrlarının, həmçinin Azərbaycanda müasir mövzuda yazılmış ilk lirik-psixoloci operanın yaradıcısıdır.

F.Əmirovun «Şur», «Kürd Ovşarı», «Gülüstan — Bayatı-Şiraz» simfonik muğamları, «Nizami» simfoniyası, «Azərbaycan» simfonik süitası, «Azərbaycan kapriççiosu» simfonik musiqi sahəsində mühüm əhəmiyyət kəsb edən əsərlərdir. Onun «Şur» və «Kürd Ovşarı» simfonik muğamları, «Nizami» simfoniyası Stokovski, Münş, Abendrot, Rocdestvenski, Svetlanov, Raxlin kimi məşhur diricorların təfsirində səslənmiş və böyük şöhrət qazanmışdır.

Bəstəkarın yaradıcılığında simfonik musiqi ilə yanaşı musiqili-səhnə canrında yazılmış əsərlər də əhəmiyyətli yer tutur. Onun hələ gənc yaşlarında yazdığı «Ürəkçalanlar» və «Gözün aydın» musiqili komediyaları bu canrın parlaq nümunələrindən hesab edilir.

F.Əmirovun C.Cabbarlının eyniadlı dramı əsasında yazılmış «Sevil» operası ilə Azərbaycanın opera sənətində yeni səhifə — lirik-psixoloci canr təşəkkül tapmışdır. Bu opera bir neçə dəfə redaktə olunmuş və ekranlaşdırılmışdır.

Bəstəkarın «Min bir gecə» və «Nizami» baletləri, «Nəsimi dastanı» xoreoqrafik poeması xüsusilə milli balet canrının inkişafında mühüm və əhəmiyyətli rol oynamışdır. Onun «Min bir gecə» baleti keçmiş Sovet məkanının Moskva, Samara, Novosibirsk, Tbilisi, Dnepropertovsk şəhərlərində, Bolqarıstanda, Mərakeşdə və b. ölkələrdə uğurla tamaşaya qoyulmuş və böyük rəğbət qazanmışdır.

F.Əmirovun fortepiano konsertləri, skripka və fortepiano üçün ikili konserti, kamera-instrumental əsərləri respublikamızın, habelə xarici ölkə ifaçılarının repertuarına daxil edilir. Onun uşaqlar üçün «12 miniatür» fortepiano pyesləri məcmuəsindən uşaq musiqi məktəblərində tədris vəsaiti kimi geniş istifadə edilir.

F.Əmirov ictimai musiqi xadimi kimi geniş fəaliyyət göstərmişdir. O, uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi, 1974-cü ildən isə SSRİ Bəstəkarlar İttifaqının katibi, SSRİ Dövlət Mükafatları komitəsinin, eləcə də Azərbaycan Respublikası Dövlət Mükafatları komitəsinin üzvü olmuşdur.

F.Əmirovun ümumbəşəri musiqisi daima yaşayacaq və onun adını əbədiləşdirəcəkdir.

Bakıdakı 6 saylı Uşaq Musiqi Məkməbi, Gəncə 1 saylı Uşaq Musiqi Məkməblərinə Fikrət Əmirovun adı verilmişdir.