(20 iyun 1921 — 25 mart 1992)

Görkəmli bəstəkar, Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Cahangir Cahangirov musiqi mədəniyyəti tariximizə xor musiqisinin dərin bilicisi, lirik melodiyalar müəllifi kimi daxil olmuşdur. Cahangir Şirgəşt oğlu Cahangirov 1921-ci il iyun ayının 20-də Bakının Balaxanı kəndində fəhlə ailəsində anadan olub. İlk musiqi təhsilini o, Bakı Musiqi Texnikumunda almış və paralel olaraq Teatr Texnikumunu bitirmişdir.

 1941-ci ildə C.Cahangirov Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şö’bəsinə daxil olaraq dahi bəstəkarımız Ü.Hacıbəyovdan xalq musiqisinin əsaslarını öyrənmişdir. Daha sonra o, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində təhsilini davam etdirərək 1951-ci ildə professor Zeydmanın bəstəkarlıq sinfini bitirmişdir. 1949-cu ildə C.Cahangirovun hələ tələbəlik dövründə yazdığı «Arazın o tayında» vokal-simfonik poeması musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdi. 28 yaşlı bəstəkar bu əsərə görə Dövlət mükafatına layiq görülmüşdür. Sonralar bu poema Moskvanın Sütunlu salonunda və Leninqradda (indiki Sankt-Peterburqda) ifa olunmuş, onun lent yazısı Ümumittifaq Radiosunun qızıl fonduna daxil edilmişdir. Bəstəkarın 50 ildən artıq bir dövrdə müxtəlif janrlarda yaratdığı parlaq əsərləri — o cümlədən, onun «Azad» və «Xanəndənin taleyi» operaları, «Təzə gəlin» operettası, «Füzuli», «Nəsimi» və «Aşıq Alı» kantataları, «Sabir» oratoriyası, skripka ilə orkestr üçün və tar ilə orkestr üçün «Konsert»ləri, süitaları, qəzəl-romansları, lirik mahnıları, kino musiqisi Milli musiqi xəzinəmizin dəyərli səhifələrini təşkil edir. C.Cahangirovun yaradıcılığında xor musiqisi xüsusi yer tutur.

 Hələ 1944-cü ildə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdində Mahnı və Rəqs ansamblının xor qrupuna rəhbərlik edərək bir sıra xalq mahnılarını xor üçün işləmişdi. Bu zəngin təcrübə gələcəkdə C.Cahangirovun xor və səhnə üçün yazılmış çoxsaylı əsərlərində öz parlaq əksini tapmışdır. Onun xüsusilə, dahi şairin 400 illik yubileyi münasibətilə yazılmış «Füzuli» kantatası Azərbaycanın xor musiqisi sahəsində qazanılmış ən yüksək nailiyyətlərdən biri sayılır. Kantatanın solo partiyası görkəmli müğənnimiz Şövkət xanım Ələkbərovanın ifasında musiqisevərlərin yaddaşına həkk olunmuşdur. Musiqi ilə poeziyanın vəhdəti C.Cahangirovun vokal yaradıcılığının əsas qayəsini təşkil edir. Bəstəkar klassiklərimizin yaradıcılığına müraciət edərək gəzəl-romanslar yaratmışdır. Bu qəbildən onun Nizaminin sözlərinə «Gül camalın» romansı və xor üçün «Qəzəl» əsəri, Nəsiminin sözlərini «Ənəlhəq», Füzulinin sözlərinə «Eşitməzdim», Xəqaninin sözlərinə «Nazənin» qəzəl-romansları milli vokal musiqimizin inciləri hesab edilir. C.Cahangirov həmçinin gözəl lirik mahnılar müəllifi kimi şöhrət qazanmışdır. Bəstəkarın «Ana», «Aylı gecələr», «Qarabağ», «Durnalar», «Zəriflik», «Ay qız» və s. mahnıları dillərdə əzbər olmuşdur. 

Onun «Yenilməz batalyon», «Dəli Kür», «Koroğlu», «Dağlarda döyüş» və b. kinofilmlərə yazdığı musiqilər ekrandan ayrılaraq konsert salonlarında, xalq arasında geniş yayılmış, dinləyicilərin rəğbətini qazanmışdır. Bəstəkarın həyat və yaradıcılığının mühüm sahələrindən biri də onun pedaqoci fəaliyyəti olmuşdur. O, 1954-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu kafedrasına rəhbərlik etmiş, peşəkar xormeysterlərin yetişdirilməsinə böyük əmək sərf etmişdir. Cahangir Cahangirov ictimai musiqi xadimi kimi geniş fəaliyyət göstərmişdir. O, Azərbaycan Bəstəkarlar İttifaqının, onun İdarə Hey’ətinin üzvü, habelə «Xor musiqisi» bölməsinin rəhbəri olmuşdur. Cahangir Cahanagirov həmçinin müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının bədii rəhbəri, Azərbaycan Dövlət Televiziya və Radiosu xorunun bədii rəhbəri, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri kimi məs’uliyyətli vəzifələrdə çalışmışdır. Gözəl bəstəkar, lirik nəfəsli, şair qəlbli insan olan C.Cahangirovun musiqisi daima qəlbləri fəth edəcək.