XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Gəncədə XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edənlər XV Beynəlxalq İpək Yolu Festivalının müxtəlif xalqların mədəniyyətini və incəsənətini bir araya gətirən, beynəlxalq mədəni əməkdaşlığın inkişafına töhfə verən nüfuzlu mədəni platformalardan biri olduğunu vurğulayıblar. Bildirilib ki, festival xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə, milli-mədəni dəyərlərin təbliğinə və beynəlxalq mədəni dialoqun inkişafına mühüm töhfə verir.

Tədbirin bədii hissəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, filarmoniyanın solistləri və rəqs kollektivi zəngin konsert proqramı ilə çıxış edərək tamaşaçılara unudulmaz musiqi və rəqs nömrələri təqdim ediblər.

Festivalın beynəlxalq ruhunu əks etdirən proqram çərçivəsində Qırğızıstanın Bişkek şəhərində fəaliyyət göstərən “Seytek” Milli Uşaq və Gənclər Mərkəzinin “Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblı da səhnə alaraq milli rəqslərini nümayiş etdirib və tamaşaçıların böyük rəğbətini qazanıb.

Qeyd edək ki, XV Beynəlxalq İpək Yolu Festivalı növbəti günlərdə də müxtəlif ölkələrdən olan incəsənət kollektivlərinin iştirakı ilə keçiriləcək konsert proqramları və mədəni tədbirlərlə davam edəcək.