XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi baş tutub.

Açılış mərasimində dövlət və ictimaiyyət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, konsullar, şəhərin ziyalıları, mədəniyyət və incəsənət xadimləri, eləcə də çoxsaylı şəhər sakinləri və qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə “İpək yolu” XV Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, UNESCO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadə açaraq festival iştirakçılarını salamlayıb. Çıxışda Festivalın müxtəlif xalqların musiqi və mədəniyyətini bir araya gətirən, ölkələr arasında mədəni dialoqu və beynəlxalq əməkdaşlığı təşviq edən nüfuzlu platformalardan biri olduğu vurğulanıb.

Daha sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, filarmoniyanın solistləri və rəqs kollektivi rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Festivalın proqramında Qırğızıstan Respublikasının Bişkek şəhərində fəaliyyət göstərən “Seytek” Milli Uşaq və Gənclər Mərkəzinin “Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblı milli rəqs nümunələrini təqdim edərək tamaşaçıların böyük rəğbətini qazanıb.

Festival çərçivəsində Çin Xalq Respublikasını təmsil edən Zhejiang (Cjetszyan) Tədqiqat İnstitutunun Şaocü Opera Sənəti Ansamblı da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Yue operasının əbədi cazibəsi” adlı konsert proqramı ilə çıxış edib.

Konsertdə Çin ənənəvi teatr sənətinin mühüm qollarından olan Şaocü və Yue operalarının özünəməxsus musiqi, vokal və səhnə ifaçılığı ənənələri nümayiş etdirilib. Dünyanın 20-dən çox ölkəsində uğurla çıxış edən kollektivin təqdimatı festival iştirakçıları və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, sürəkli alqışlarla müşayiət olunub.

Zəngin musiqi və rəqs proqramı ilə yadda qalan festivalın ilk günü müxtəlif mədəniyyətlərin sənət ənənələrini eyni səhnədə bir araya gətirərək XV Beynəlxalq İpək Yolu Festivalının beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib.