Üzeyir Hacıbəylinin tələbələri – ilk qadın bəstəkarlar

Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəylinin tələbələri – ilk qadın bəstəkarlar” mövzusunda konfrans keçirilib
Azərbaycan Bəstəkarlar İttifaqında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində “Üzeyir Hacıbəylinin tələbələri – ilk qadın bəstəkarlar: Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Şəfiqə Axundova” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə tanınmış musiqi xadimləri, bəstəkarlar, sənətşünaslar və mədəniyyət nümayəndələri iştirak ediblər.
Konfransın açılışında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh Artisti, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Üzeyir Hacıbəylinin yaratdığı fundamental bəstəkarlıq məktəbinin Azərbaycan musiqi tarixindəki mühüm rolundan danışıb.
Qeyd olunub ki, Şərqdə ilk dəfə Üzeyir Hacıbəylinin sinfində qadın bəstəkarların yetişməsi Azərbaycan mədəniyyətinin mühüm nailiyyətlərindən biridir. Ağabacı Rzayeva, Ədilə Hüseynzadə və Şəfiqə Axundova kimi sənətkarların milli musiqiyə gətirdiyi yeniliklər və zəngin yaradıcılıq irsi bu gün də gənc nəsil üçün böyük sənət məktəbi olaraq qalır.
Konfransın elmi hissəsində mövzu ilə bağlı məruzələr təqdim olunub.
Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Azərbaycan musiqi tarixində bəstəkar Ağabacı Rzayevanın rolu” mövzusunda çıxış edərək bəstəkarın yaradıcılıq xüsusiyyətlərini təhlil edib.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova “Bəstəkar Ədilə Hüseynzadənin xatirələrinin işığında” adlı məruzəsində sənətkarın yaradıcılıq yolu və pedaqoji fəaliyyətindən bəhs edib.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Azərbaycan bəstəkarlıq məktəbində Şəfiqə Axundova imzası” mövzusunda çıxış edib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva isə “Azərbaycan qadın bəstəkarlarının milli musiqi mədəniyyətinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edərək ilk qadın bəstəkarlarımızın musiqi sənətinə verdiyi töhfələri diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sənsiz” qəzəl-romansı və Ədilə Hüseynzadənin A.S. Puşkinin şeiri əsasında yazdığı “Bülbül” romansı ifa olunub.
Musiqi əsərlərini Əməkdar artist Nərgiz Kərimova (soprano) səsləndirib, onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva müşayiət edib.