Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı
Azərbaycan Bəstəkarlar İttifaqında “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bədii-musiqili proqram təqdim olunub.
Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi uşaqların beynəlxalq müdafiəsi gününü qeyd etmək, gənc istedadların yaradıcılıq imkanlarını dəstəkləmək olub.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadə çıxış edərək uşaqları əlamətdar gün münasibətilə təbrik ediblər. Çıxışlarda ölkəmizdə uşaq və gənclərin bədii-estetik tərbiyəsinə, eləcə də yaradıcılıq potensialının inkişafına göstərilən dövlət qayğısı xüsusi vurğulanıb.
Konsert proqramında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Xor Kapellası, “Şəms” uşaq xoru və solistlərin ifasında klassik və müasir bəstəkarların uşaqlar üçün bəstələdiyi əsərlər səsləndirilib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.





