Qəhrəmanı Qara Qarayevin anım günü qeyd olunub
13 may tarixində Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anım günü qeyd olunub.
Bəstəkarın vəfatının 44-cü ildönümü münasibətilə tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Fəxri xiyabana gələrək onun xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxışında Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətində müstəsna yer tutduğunu bildirib. Qeyd olunub ki, bəstəkarın zəngin yaradıcılığı milli musiqi ənənələrini müasir dünya musiqisi ilə uğurla sintez edərək yeni bir məktəbin formalaşmasına səbəb olub.
Tədbirdə çıxış edən Elnara Dadaşova, Gülnaz Abdullazadə, Alla Bayramova və Cahangir Səlimxanov bildiriblər ki, Qara Qarayevin yaradıcılığı dərin fəlsəfi məzmunu, yüksək peşəkarlığı və yenilikçi yanaşması ilə seçilir.
Qeyd olunub ki, onun zəngin irsi gələcək nəsillər üçün mühüm məktəb olaraq qalır. Bildirilib ki, böyük bəstəkarın xatirəsi daim ehtiramla anılır, onun əsərləri yaşadıqca adı da Azərbaycan mədəniyyət tarixində əbədi yaşayacaq.



