Qara Qarayevin (1918-1982) vəfatının 42-ci ildönümüdür
13 may 2024-cü il tarixində görkəmli bəstəkar, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, Azərbaycan SSR Xalq artisti Qara Qarayevin (1918-1982) vəfatının 42-ci ildönümüdür. XX əsrin dahi bəstəkarları – Üzeyir Hacıbəyli və Dmitri Şostakoviçin varisi olan Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçısı olmuş, musiqi mədəniyyətini zirvələrə ucaltmış sənətkardır.
Bəstəkarın musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuş “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, 4 simfoniya, “Don Kixot” simfonik qravürü, skripka konserti və bu əsərlərin musiqi üslubunun, ifadə vasitələrinin araşdırılmasında, sonrakı nəsil bəstəkarları üçün böyük mənbə rolunu qeyd etmək lazımdır.
30 ildən çox bir zaman çərçivəsində Qara Qarayev Bəstəkarlar İttifaqının sədrliyi dövründə İttifaqın fəaliyyəti yüksələrək, beynəlxalq səviyyəyə ucalmışdır.
Qara Qarayevin yaradıcılığında mühüm mərhələni təşkil edən Azərbaycan Dövlət Konservatoriyasındakı pedaqoji fəaliyyətinu xüsusi vurğulamaq lazımdır. Qara Qarayev bəstəkarlıq məktəbinin yetirmələri artıq həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda da bəstəkarın yolunu layiqincə davam etdirirlər.
Anım günü ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə başda olmaqla, İttifaqın katibləri, Əməkdar incəsənət xadimləri, professorlar Zemfira Qafarova, Cəlal Abbasov və üzvləri Fəxri Xiyabanda bəstəkarın məzarını ziyarət etdilər. Qara Qarayevin tələbəsi və onun məktəbinin layiqli davamçısı Firəngiz Əlizadə və bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova öz xatirələrini və ürək sözlərini söyləyərək, unudulmaz sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı mühüm xidmətlərini qeyd etdilər. Azərbaycan Bəstəkarlar İttifaqının tarixində öz misilsiz töhfələrini vermiş Qara Qarayevin, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun məzarlarına gül çələngi qoyuldu.