TOFİQ BAKIXANOVUN MÜƏLLİF KONSERTİ

GÖRKƏMLİ BƏSTƏKAR, AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ, “ŞÖHRƏT” VƏ “ŞƏRƏF” ORDENLİ, PROFESSOR TOFİQ BAKIXANOVUN MÜƏLLİF KONSERTİ

  Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonunda görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, professor Tofiq Bakıxanovun yaradıcılığının və pedaqoji fəaliyyətinin 70 illiyinə həsr olunmuş müəllif konserti keçirildi.

      Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək  Qarayev məktəbinin layiqli davamçısı olan Tofiq Bakıxanovun yaradıcılıq və pedaqoji fəaliyyətindən söhbət açdı. O qeyd etdi ki, Tofiq Bakıxanovun çoxşaxəli yaradıcılığı musiqinin müxtəlif janrlarını ehtiva edir.

       Bəstəkarın müəllif konsertində  kamera-instrumental və kamera-vokal əsərləri ifa olundu. İri formalı kamera ansambl üçün (viola, violonçel və fortepiano) silsilə şəklində yazılmış kompozisiyadan ibarət  3 Trio səsləndi. Bu əsərlə yanaşı vokal və səs və fortepiano üçün romanslar “Bir könlün 18 təranəsi” vokal məcmuəsindən “Bağışla məni” (söz:Süleyman Rüstəm), “Günah özümdədir” (söz:Atif Zeynallı), “Günah etdim” (söz:İttifaq Mirzəbəyli),  violin və fortepiano üçün “Elegiya”, “Skertso” auditoriya iştirakçılarına təqdim olundu.

       Əsərlər Azərbaycan Dövlət Fortepiano Triosu (Töhfə Babayeva – violin, Səbinə İbrahimova – violonçel, Elnarə Kəbirlinskaya -fortepiano), həmçinin Azərbaycan Dövlət Xor Kapellasının solisti Leyla Dadaşovanın (soprano), Nuranə Qurbanovanın (fortepiano), Lalə Muxtarovanın (violin) ifasında səsləndirildi.

       Konsert proqramında gənc viola ifaçısı kimi bəstəkarın Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Fantaziyanın videolenti də təqdim olundu.

        Bəstəkar Tofiq Bakıxanov konsertin sonunda çıxış edərək Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadəyə xüsusi təşəkkürünü bildirdi.

       Onu qeyd etrməliyik ki, Azərbaycan Bəstəkarlar İttifaqında vaxtaşırı olaraq bəstəkar və musiqişünasların yaradıcılığı haqqında belə mərasimlər tez-tez keçirilir. Müxtəlif yaş nəslinə mənsub olan bəstəkar və musiqişünaslarla yanaşı İttifaqa yeni üzvlər də qəbul olunur. Oktyabrın 18-də Xalq artisti Firəngiz Əlizadənin iştirakı və rəhbərliyi ilə İdarə Heyətinin iclası keçirildi.         

      Firəngiz Əlizadə 2023-cü ilin I yarım ilində keçirilmiş tədbirlərin hesabatını verdi. Bu tədbirlərdə bəstəkarların yubileyləri, yaradıcılığı, əsərlərin səsləndirilməsi, Beynəlxalq və Respublika Konfranslarının keçirilməsi ilə bağlı müxtəlif mövzular ətrafında hesabat dinlənildi.

      Gündəlikdəki məsələlərdən həmçinin,  2023-cü ilin II yarımili üçün nəzərdə tutulmuş tədbirlər planının müzakirəsi də oldu. Plana əsasən keçiriləcək tədbirlərin mövzuları da qeyd edildi.

        Növbəti məsələ Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzvlərin qəbulu ilə bağlı idi. Burada bəstəkar Sevda Məmmədli, musiqişünaslar Humay Fərəcova-Cabbarova, Aytən Babayeva, Fidan Nəsirova-Əhmədova açıq səsvermə yolu ilə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olundular.

        Bütün bu deyilənlər Azərbaycan Bəstəkarlar İttifaqının Azərbaycan mədəniyyətinin inkişafı naminə geniş fəaliyyətinin əsas göstəricilərindəndir.