ARİF MƏLİKOV – 90

Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycan və SSRİ Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatı, “Şərəf”, “Şöhrət”, “Heydər Əliyev” ordenli, akademik, bəstəkar Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.

      Tədbirdə giriş sözü ilə  Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək, Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətindənin inkişafındakı müstəsna əhəmiyyətindən danışdı. O qeyd etdi ki, görkəmli bəstəkarımız Qara Qarayev məktəbinin layiqli davamçısı olan Arif Məlikovun yaradıcılığında xalqımızın tarixi, milli ənənələri, klassik poeziya nümunələri musiqinin müxtəlif janrlarında dolğun ifadə vasitələri ilə tərənnüm olunub. Arif Məlikovun zəngin yaradıcılıq irsinə 8 simfoniya, simfonik poemalar, orkestr süitaları, vokal-simfonik, kamera-instrumental əsərləri, kino və dram tamaşalarına yazılmış musiqi və s. daxildir. Bu əsərlər içərisində bəstəkarın dünyanın müxtəlif səhnələrində tamaşaya qoyulan “Məhəbbət əfsanəsi” baleti tutur.

       Arif Məlikovun yaradıcılığında onun pedaqoji və ictimai fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Çünki o uzun illər Ü.Hacıbəyli adına BMA-nın kafedra müdiri, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olaraq musiqi mədəniyyətimizin inkişafına xidmət edib.

     Konfransda Arif Məlikovun tələbələri bəstəkarlar, musiqişünaslar maraqlı məruzələrlə səsləndi. Musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva “Xatirələrdə yaşayan böyük bəstəkar və musiqi ictimai xadim”, bəstəkarın balet yaradıcılığı ilə bağlı Əməkdar müəllim, bəstəkar Lalə Cəfərova “Arif Məlikovun balet yaradıcılığı”, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Pikə Axundova “Arif Məlikovun simfonik musiqisi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən İbrahimova “Arif Məlikovun kamera-vokal əsərləri”, bəstəkarın pedaqoji əhəmiyyətindən, müəllimi haqqında bəstəkar, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Arzu Məmmədova “Arif Məlikov haqqında xatirələrim” adlı məruzələr ilə çıxış etdilər.         

         Tədbirin musiqi hissəsində bəstəkarın kamera əsərləri səsləndi. Proqrama Nazim Hikmətin sözlərinə yazılmış vokal silsilədən 5 romans (Əməkdar artist Nərgiz Kərimova – soprano, konsertmeyster – Svetlana Əhmədova), fleyta və fortepiano üçün “Konsertino” (Beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyeva – fleyta, Zərif Kərimova – fortepiano), “Məhəbbət əfsanəsi” baletindən “Qızların rəqsi” kanon və fortepiano üçün işləmələri (Rəna Mirağayeva – kanon, Sevinc Kərimova- fortepiano) daxil idi.

         Tədbirin sonunda Arif Məlikovun qardaşı qızı, Azərbaycan Respublikasının Əməkdar artisti, Ü.Hacıbəyli adına BMA-nın baş müəllimi Nigar Məlikova öz ailəsi adından bu tədbirin təşkilində Azərbaycan Bəstəkarlar İttifaqına dərin minnətdarlığını bildirdi.