Aida Tağızadənin 90 illik yubileyi

        6 fevral 2024-cü il tarixində Azərbaycan Bəstəkarlar Ittifaqının Ü.Hacılbəyli adına Konsert salonunda tanınmış musiqişünas, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aida Tağızadənin 90 illik yubileyinə  həsr olunmuş elmi  konfrans keçirildi.

       Konfransı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə giriş sözü ilə açaraq musiqişünas, professor Aida Tağızadənin yaradıcılıq yolu haqda, Aida xanımın geniş yaradıcılıq irsindən söhbət açdı. Onun Azərbaycan bəstəkarlarının yaradıcılığının tədqiqindəki pedaqoji və elmi fəaliyyətindən bəhs etdi.

       Ü.Hacıbəyli adına BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli musiqişünas Aida xanımın müəllim kimi pedaqoji fəaliyyətini xüsusi vurğulayaraq onun musiqişünaslıq elminə verdiyi töhfələrindən danışdı. 

       Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Aida Tağızadənin Azərbaycan musiqi elminə verdiyi töhfələr”,  Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə “Aida Tağızadənin elmi fəaliyyəti” adlı məruzələrlə çıxış etdilər. Bununla yanaşı Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına BMA-nın professoru Elnarə Dadaşova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı da öz çıxışlarında Aida xanımın nəinki Azərbaycanda, həmçinin onun hüdudlarından uzaqlarda da tələbələrinin fəaliyyətini vurğuladılar.

      Konfransın musiqi hissəsində Aida Tağızadənin yaradıcılığını araşdırdığı bəstəkarlardan Soltan Hacıbəyov “Adajio” və Cövdət Hacıyevin “Ballada” əsərləri səsləndi.  İfaçılar Xalq artisti  Ülviyyə Hacıbəyova və S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqə laureatı Səbinə Mehdiyeva idi.

         Tədbirin sonunda Aida xanım Azərbaycan musiqi mədəniyyətinin, musiqişünaslığın inkişafında etdiyi nailiyyətləri haqqında fikirlərini söyləyərək,  Azərbaycan Bəsətkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadəyə və iştirakçılara öz dərin təşəkkürünü bildirdi.