Xocalı soyqırımının 31-ci ildönümü

Fevralın 24-də – Azərbaycan Bəstəkarlar İttifaqında katibliyin və İdarə Heyətinin iştirakı ilə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri və rus ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədilmiş Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş geniş iclas keçirilmişdir.  

İclası açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə öz çıxışında Xocalı soyqırımının xalqımızın tarixinin dəhşətli səhifələri kimi yaddaşlarda iz qoyduğunu vurğulayaraq, qeyd etmişdir ki, Xocalı faciəsinə ən düzgün siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.  

Hər il bütün Respublika üzrə bu qanlı faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər, ümumxalq nümayişləri keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqında da müntəzəm olaraq Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər, yeni əsərlərin dinləyişi keçirilir.

Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova qeyd etdi ki, 31 il öncə baş vermiş bu dəhşətli hadisələr bütün Azərbaycan xalqını, eləcə də bəstəkarlarımızı da çox sarsıtdı. Qarabağ münaqişəsini və Xocalı hadisələrini yüksək bədii səviyyədə təcəssüm etdirən ən görkəmli əsərlərdən biri Firəngiz Əlizadənin “İntizar” operasıdır. Azərbaycan xalqının qanlı tarixini, ağrı-acısını əks etdirən, ən yüksək milli mənəvi dəyərləri özündə ehtiva edən bu opera ənənəvi olaraq, hüznlü günlərdə Opera və Balet Teatrının səhnəsində hər zaman nümayiş olunur və gənc nəslin  vətənpərvərlik  ruhunda tərbiyyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Xocalı faciəsindən  az  bir  müddət keçdikdən sonra bəstəkarlarımızın bu mövzunu  özündə əks etdirən müxtəlif  janrlarda  yeni  musiqi əsərləri ərsəyə gəlmişdir: Məmməd Quliyevin “Simfoniya-rekviyemi”, Arif  Mirzəyevin “Xocalı uşaqlarına laylay”, Oqtay Rəcəbovun çoxhissəli “Xocalı avazları” oratoriyası, Azər Dadaşovun “Xocalıya ədalət” simfonik plakatı, Faiq Nağıyevin xor  üçün “Xocalı harayı”, Elnarə Dadaşovanın “Xocalı laylası”, Yusif  Mirişlinin  “Xocalı – 613” simfonik poeması və s. əsərlər yaradılmışdır.

Xocalı mövzusu sonrakı illərdə də bəstəkarlarımızı həyəcanlandırmağa davam etmişdir. Bəstəkarlarımızın Xocalı faciəsi ilə bağlı yazılmış yeni  əsərləri sırasında Rəna Qədımovanın “Sarı gəlin” balladasını,  Rüfət Ramazanovun simli orkestr üçün “Təəssürat”,  orqan və xanəndə üçün “And”, Kəmalə Əlizadənin violonçel və kamera orkestri üçün  “Vokaliz”   və  İlham Azmanlının kamera orkestri üçün “Ağı” əsərlərini qeyd etmək olar.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Bəstəkarlar İttifaqında keçirilən iclasda  bəstəkar, Əməkdar incəsənət xadimi Nazim Quliyevin “Xocalı” operasından “İgidlərin rəqsi” (fortepiano üçün köçürmədə) təqdim olundu (ifaçı – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Jalə İslamova). Bu operanın premyerası hələ gerçəkləşməsə də, operanın müxtəlif musiqi nömrələri artıq Bəstəkarlar İttifaqının tədbirlərində səsləndirilmişdir.

Həmçinin, gənc bəstəkar Tural Məmmədli fortepiano üçün “Xocalıya İthaf” kompozisiyasını ifa etdi.

Tədbirdə iştirak edən tanınmış bəstəkarlar – Xalq artisti Azər Dadaşov və Əməkdar incəsənət xadimi Elnarə Dadaşova Xocalı mövzusunda yazılmış əsərlərinin yazılma tarixçəsi haqqında məlumat verdilər. Musiqişünaslar – Əməkdar incəsənət xadimi Həcər Babayeva və Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı dinlənilmiş əsərlər haqqında öz mülahizələrini bildirdilər.

Tədbir iştirakçıları Xocalı faciəsinin qurbanlarının xatirəsini  bir dəqiqəlik sükutla yad etdilər.