Qədim Şəki şəhərində “İpək yolu” III Beynəlxalq Musiqi Festivalı

Vətənimin seyrinə çağıraram elləri
Sərvət görmək istəyən Azərbaycana gəlsin!
Cənnət görmək istəyən Azərbaycana gəlsin.
Süleyman Rüstəm

Bəli, Şəki şəhərində biz cənnət gördük. Bu qədim, qeyri-adi gözəlliyi ilə insanları heyran edən dilbər guşəli şəhər necə də möhtəşəm və cazibədardır.  Doğma ata-ana yurdumun ocağı necə də şirin və mehribandır. İlk yaşlarından bu şəhərdən çıxan insan üçün vətənə gəlmək açığını deyim möcüzədir. Şəki şəhəri vaxtı ilə xanlığın paytaxtı olmaqla, Azərbaycan mədəniyyətinin inkişafında, püxtələşməsində böyük rol oynamışdır. Yaşıl, cazibədar qüvvəyə malik olan Şəki Qafqaz dağlarının qollarında yerləşir.

Görkəmli alimlər Ə.Salamzadə və K.Məmmədzadənin birgə yazdıqları “Şəki Memarlıq abidələri” adlı dəyərli kitabda göstərirlər ki, “Şəhərə xüsusi memarlıq görünüşü vermək üçün, gözəl təbii imkanlar vardır, elə bu da Şəkinin təkrarolunmaz memarlıq quruluşu ilə fərqləndirir”.

Bu gözəl festivalın keçirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki şəhər İcra Hakimiyyəti olduqca səmərəli, fəal və yaddaqalan iş görmüşlər. Ümumiyyətlə, III Beynəlxalq Musiqi Festifalına çoxdan hazırlıq başlanmışdır. Bu haqda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, festivalın bədii rəhbəri, xalq artisti, professor, UNESKO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlama vermişdir. Hazırlıq prosesində nəfis tərtibatla Şəkinin keçmişini və bu gününü, ifaçılar, festivalda əsərləri səslənəcək bəstəkarlar haqqında maraqlı məlumatlar və şəkillərlə əks edən buklet qonaqların nəzərini cəlb etmişdir. (Bukleti hazırlayanlar: Xanlar Novruzov, Sevda Hüseynova və Maral Həsənova).

Festivalın bir nümayəndəsi kimi vurğulamaq istəyirəm ki, bu gözəl, möhtəşəm və daim qəlbimizdə yaşayacaq III Beynəlxalq Musiqi Festifalı təşkilatçılıq baxımından ən yüksən professional, bədii səviyyədə keçirilmişdir. Bayram əhval ruhiyyəsini biz ilk dəqiqələrdən hiss etdik. Bizi sevinclə, mehribanlıqla və məhəbbətlə qarşıladılar. Bəxtimizdən bayram-bayrama qovuşmuşdur. Belə ki, 2012-ci il Azərbaycanın ən zəngin memarlıq abidələrindən biri – Şəki Xan Sarayının 250 illiyidir. Və bu festifal günlərində Şəki Xan Sarayının yubileyinin keçirilməsi bizə və bütün qonaqlara (fikir verin, 60 ölkənin səfirliyinin nümayəndələri iştirak edirdi) müxtəlif ölkələrdən gələn ifaçılar üçün böyük bir bayram idi. Həmçinin bu bayram günlərində Şəki Xan Sarayının tarixinə, onun   möhtəşəm yubileyinə həsr olunmuş Elmi sessiya, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov tərəfindən təşkil olunmuşdur.

Bu gözəl Festivalı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı açmışdır. Iyun ayının 30-da axşam saat 20.00-da Xan Sarayının fonunda “Arşın malçı İpək yolunda” (Ü.Hacıbəylinin “Arşın mal alan” operettası əsasında) musiqili hekayəti səsləndi. Tanınmış rejissor Hafiz Quliyev Ü.Hacıbəylinin dahi əsəri əsasında gözəl kompozisiya yaratmış və bütün aktyor heyəti də yüksək səviyyədə ifa etmişdir. Və musiqinin zirvə nöqtəsində Xan Sarayının eyvanında sevimli qəhrəmanlarımızı seyr etdik.

Səhəri gün Cənubi Koreyadan gələn ifaçılar milli alətlərində öz maraqlı musiqi nömrələrini nümayiş etdirdilər. Dörd nəfərdən ibarət olan qrupun nümayəndələri – hər biri öz ustalığını milli alətlərdə göstərdi. Xüsusi olaraq Kim Bo Yanq adlı rəqqasə bizi heyran etdi. Onun hər bir hərəkəti qeydi-adiliyi ilə diqqəti cəlb edir, xüsusi cazibə qüvvəsinə malik idi. Cənubi Koreyanı təmsil edən  “Buyoqun Cungnam” ansablı Çələbi xan zalında çıxış etdilər.

Həmin zalda Cabbar Qaryağdı adına trio çıxış etdi: Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança) və Mələkxanım Əyyubova (xanəndə). Bir çox xalq incilərini və Azərbaycan bəstəkarların mahnıları bu trionun ifasında ən yüksən professional səviyyədə səsləndi və qonaqları məftun etdi.

İyul ayının 2-də bizim nümayəndə heyətimiz Şəki Musiqi Kollecinə gəldi. Bu gözəl səliqəli bina hamımıza təsir bağışladı. 2010-cu ildən burada Sərdar Şərifov müdir vəzifəsində çalışır, o və onun müavini Mirvari Zeynalova qısa müddət ərzində dəyərli yaradıcılıq işləri görüblər.  Gözəl və cəlb edici kollecin zalında olduqca maraqlı konsert təşkil olunmuşdur. Burada Azərbaycan, qərb, rus və XX əsrin bəstəkarlarının əsərləri tələbələrin və gənc müəlimlərin ifasında səsləndi. Dahi Ü.Hacıbəylinin qəhrəmanlıq, vətənpərvərlik ideyalarını özündə əks etdirən “Koroğlu” operasının uvertürası zalda əyləşənləri heyrətləndirdi. Uvertüra, kollecin daxilində yaranmış Xalq Çalğı Alətləri Orkestrinin ifasında səslənmişdir. Orkestrin dirijoru və bədii rəhbəri İsmayıl Əliyev dəyərli çıxışı ilə yadda qaldı. Digər bədii rəhbərin – Elşən Bağırovun da işi xüsusi qeyd olunmalıdır. Açığını deyim ki, bizim üçün gözlənilməz oldu ki, “Koroğlu” operasından “Çənlibel” xoru səsləndi. Qızların professional, dəqiq, təmiz ifasında biz üçsəsli xor eşitdik. Burada xorun bədii rəhbəri Esmira Mikayılovanın zəhməti və musiqi qabiliyyəti xüsusi alqışlanmalıdır. Xorun ümumi görünüşü,  geyimləri, səhnədə onların yerləşməsi olduqca baxımlı və diqqətəlayiq idi.

Ü.Hacıbəylinin “Ey Vətən” əsəri bu professional xorun və orkestrin müşayiəti ilə səsləndi. Himn xarakterli çağırış, deklomasiya intonasiyalarından toxunmuş bu kompozisiya qələbəmizin yaxında olacağından sanki müjdə gətirirdi. Daha sonra orkestrin ifasında Ü.Hacıbəylinin  “Cəngi” və I Fantaziyasının Birinci hissəsi səsləndi.

Həmin konsertdə Həsənağa Rzayevin “Çahargah” rapsodiyası (ifaçılar – Leyla Əliheydərli, Gülnaz Yunusova. Müəllim – Kamil Çələbiyev); Tofiq Bakıxanovun populyar əsərlərindən biri olan “Elegiya”nı (ifaçılar — G.Ağamirzəyeva, E.Qafarova, Müəllim A.Cəfərov); kollecin III kurs tələbəsi T.Məmmədli fortepianoda Tofiq Quliyevin məşhur və texniki baxımdan çətin əsərini çox böyük şövqlə ifa etdi (Müəllim M.Cəfərova). Hamının diqqətini III kurs tələbəsi U.Səfərli cəlb etdi. (G.Rzayevanın sinifi). O, royalda Ferens Listin 10 saylı rapsodiyasını ifa etdi.

Ü.Hacıbəylinin “Arazbarı” əsəri kamera ansamblının ifasında musiqi proqramını tamamladı (bədii rəhbər – Flora Hacıyeva). Bu maraqlı tədbirin sonunda kollecin qızlardan ibarət rəqs qrupu səhnədə “Yallı” xalq rəqsi əsasında gözəl kompozisiya yaratdılar (xoreoqraf – Çingiz Novruzəliyev).

Bu bayramın belə deyək, birinci hissəsi idi. Sonra isə M.Müslümov və F.Dadaşov olduqca maraqlı və hamının yaddaşında qalan ustad dərsləri verdilər. Tələbələrin suallarına onlar cavab verdilər, milli alətlərdə bəstəkar əsərlərindən, muğamlardan nümunələr çaldılar. Ustad dərsində Mələkxanım Əyyubova iştirak edərkən öz tövsiyyə və təkliflərini gənc xanəndələrlə paylaşdı. Həmin gün Türkiyənin “Əl Kind” vokal-instrumental ansamblına qulaq asdıq. Böyük alim-mütəfəkkir, ərəb-müsəlman musiqisinin elmi nəzəriyyəsinin banisi olan Əl Kindinin adını daşıyan bu ansamblın tərkibində 5 ifaçı var.  Onun bədii rəhbəri Jülyen Bernard Vayss Fransanın vətəndaşıdır. O, islam dinini qəbul edəndən sonra Cəlaləddin adını almışdır.  Jülyen Bernard Cəlaləddin Vayssın rəhbərliyi altında “Əl-Kindi” ansamblı 1990-cı ildən müxtəlif ölkələrdən olan bir çox tanınmış müğənnilərlə birlikdə dini və dünyəvi mövzularda bir sıra musiqi layihələrin — ərəb, türk dillərində vokal-instrumental musiqili kompozisiyalar hazırlayır. Ansablın tərkibi ənənəvi Şərq Taxt Şarki quruluşuna malik olub, qanun, ud, ney, riqqa (tamburin) musiqi alətlərindən ibarətdir. Ansamblın çıxışların zikr mühüm ifa elementi olub, ifaçının gözəl, mənəfi kamillik səviyyəsini qalxmasını təcəssüm edir. Süfi rəqqasların (dərvişlərin) ritual ilə əlaqədar olan bu element Şərqin mistik musiqi ənənələri ilə bilavasitə sıx bağlılığını nümayiş etdirir. Bu ansamblın çıxışı Yuxarı Karvan Sarayda oldu. Maraqlıdır ki, həmin gün Qiresun şəhərindən gənc rəqs qrupu da uğurla çıxış etdi.

İyul ayının 3-də Azərbaycan Televiziya və Radiosunun C.Cahangirov adına xorun konserti oldu. Xorun bədii rəhbəri və dirijoru Şəhla Ələkbərovadır. Konsertdə Ü.Hacıbəylinin, A.Zeynallının, S.Rüstəmovun, A.Əlizadənin və digər bəstəkarların əsərlərini, ən geniş yayılmış xalq mahnılarını konsertdə dinlədik. Həmçinin xorun ifasında yeni nəsil bəstəkarlarımızın əsərləri səsləndi: Cəlal Abbasovun – Hoboy, zərb alətləri və qarışıq xor üçün “Bahar” kantatası; Məmməd Cəfərovun – Xor, solist və orkestr üçün 3 saylı Kantatası səsləndi.

Səhəri gün İran İslam Respublikasından vətənimizə təşrif buyurmuş “Acəmlər” ansabmlının konserti oldu. Yaxşı yadımdadır, bu ansamblın rəhbəri Araş Moxavez Bakıda keçirilən “Muğam aləmi” II Beynəlxalq Muğam Simpoziumunun iştirakçısı olmuş və həmin simpoziumda məruzə ilə çıxış etmişdir. Həmin gün axşam, Aşağı Karvan Sarayda Gürcüstan Respublikasının Akademik mahnı və rəqs ansamblının möhtəşəm çıxışı oldu. Konsertdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev və onun birinci müavini Vaqif Əliyev iştirak etmişdilər. Bizə məlum oldu ki, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun rəhbərliyi altında Aşağı Karvan Sarayda əsaslı və ciddi rekonstruksiya olub. Və gözəl, qeyri-adi, açıq səma altında konsert zalı (sahəsi 300 kv.m təşkil edir) yaradılıb. Həmin gün bayram atəşfəşanlığı oldu, əsil bayram əhval ruhiyyəsini yaşadıq. Bu möhtəşəm fesdtivalın keçirilməsində digər şəxslərin də zəhməti, işgüzarlığı xüsusi vurğulanmalıdır. İlk növbədə Şəki şəhər İcra Hakimiyyəti Başçısınını Təhsil, Səhiyyə və Mədəniyyət üzrə müavini Zərinə Cavadova festivalın ilk günündən sonuncu gününə qədər daim bizimlə birgə idi. Həmçinin Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilovun da zəhmətini qeyd etməliyik. Layihənin ərsəyə gəlməsində koordinatorlarından biri də Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynovanın da əməyi az olmamışdır.

İyulun 4-ü festivalın sonuncu günü – qeyri-adi tədbirləri — ilə teatrlaşdırılmış səhnəcikləri ilə tamaşaçıları heyran etmiş, pəhlivanlar at üstündə qonaqları qarşıladılar. Bizə elə gəlirdi ki, bu gözəl mənzərə Şəkinin birinci Xanı Hacı Çələbinin dövrünə apardı. Bildiqimiz kimi, o, 1743-1755-ci illərdə Şəkinin xanı olmuşdur. Həmin gün hər yerdə Şəki ustalarının əl işləri, milli suvenirlər, xalçalar, kəlağayılar qədim Şəkinin əsrarəngiz gözəlliyini təcəssüm edirdi.

Festivalın sonuncu günündə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri çıxış etdi. Orkestri bədii rəhbəri bə baş dirijoru Azad Əliyevin rəhbərliyi altında Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, Niyazinin, S.Rüstəmovun və M.Mirzəyevin əsərləri səsləndi. Həmin konsertdə bizim tanınmış vokalçılarımız Gülnaz İsmayılova və İlahə Əfəndiyeva iştirak etdilər. Bütün konsertlərin əvvəlində aparıcı ilk növbədə Azərbaycan Televiziyasına dərin təşəkürünü bildirirdi. Xüsusi olaraq rejissor Rövnəq Həsənzadənin və onun komandasının zəhmətini qeyd etməliyik.

“Mədəniyyət” kanalının rəhbərliyi xüsusi təşəkkürümüzü bildiririk ki, festivalın bütün tədbirlərini yüksək səviyyədə, peşəkarcasına təbliğ edirdi.

“İpək yolu” III Beynəlxalq Musiqi Festivalı ən yüksək səviyyədə keçdi və arzu edərdik ki, bu festivalın da ömrü ipək yolu kimi uzun olsun.

 

İmruz Əfəndiyeva