Firəngiz Əlizadə – tükənməz enerjili sənətkar
Müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq, istedadlı nümayəndələrindən biri olan Firəngiz xanım Əlizadə gözəl bəstəkar, virtuoz pianoçu, tələbkar diricor, dərin düşüncəli nəzəriyyəçi, təcrübəli pedaqoq və ictimai xadim kimi nəinki öz doğma vətənində, həmçinin ondan çox-çox uzaqlarda da böyük şöhrət qazanmış bir sənətkardır. O, Azərbaycan musiqi mədəniyyətini dünya miqyasında layiqincə təmsil edən ən görkəmli şəxsiyyətlərdən biridir.
Firəngiz xanımın əsərləri dünyanın müxtəlif ölkələrində, ən möhtəşəm konsert salonlarında və teatr səhnələrində səslənərək minlərlə dinləyicinin və tamaşaçının böyük rəğbətini qazanmış, dünya şöhrətli ən nüfuzlu ifaçılardan İvan Monigettinin, David Qerinqasın, Yo Yo Manın, Evelin Qlenninin, Elzabet Mozerin, Alim Qasımovun və məşhur ansambllardan — Krons Quartet (ABŞ), Die 12 Cellisten der Berliner Philormoniker (Almaniya) və digərlərinin repertuarında öz yerini möhkəm tutmuşdur. Onun qastrol etdiyi ölkələrin coğrafiyası da çox genişdir: Turin, Berlin, Lösern, Boston, San-Diyeql, Çikaqo, Los-Anceles, San-Fransisko, Nyu-York, Sietl, Bazel, Amsterdam, Bern, Roma, Sürix, Vyana, Zaltsburq, Bonn, Lion, Tokio, Paris və s.
Bəstəkarın böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən «İntizar», «Sənin adın Dənizdir», «Ağ atlı oğlan», «Boş beşik» və «Stadt-Graniza» baletləri, «Habilsayağı», «Oazis», «Dərviş», «Abşeron» — müxtəlif ifaçılıq tərkibi üçün instrumental kompozisiyaları, «Silk road» Konserti, violonçel və orkestr üçün Konsert «Mərsiyə», böyük simfonik orkestr üçün «İthaf» və s. bu kimi əsərləri mötəbər konsert səhnələrində bu gün də böyük triumfla səslənir və dünyanın ən nüfuzlu musiqi ifaçılarının repertuarını bəzəyir. Firəngiz Əlizadənin minlərlə insanın qəlbini fəth edən və məhz milli mənbələrdən, xalq musiqisinin dərin qatlarından qidalanan müxtəlif canrlarda yazdığı əsərləri artıq dünya musiqi xəzinəsinin sərvətinə çevrilmişdir.
Təsadüfi deyil ki, həm əsərlərinin bir çox xarici ölkələrdə ifa olunması, həm də bir çox ölkələrin və musiqi kollektivlərinin sifarişi ilə əsər bəstələməsi Firəngiz Əlizadənin həmin ölkələrin «composer in residence» (ölkənin rəsmi bəstəkarı) kimi fəxri tituluna layiq görülməsinə əsas vermişdir. Bu da Firəngiz xanımın beynəlxalq aləmdə böyük nüfuza malik olmasını bir daha təsdiq edir.
Haqlı olaraq Firəngiz Əlizadəni «dünyanın ən yaxşı bəstəkarlarından biri» adlandırırlar. Mən deyərdim, Firəngiz xanım həm də çox xoşbəxt bəstəkardır. Çünki onun əsərləri daima səslənir, daima ifa edilir.Bu bəstəkar üçün ən vacib və ən sevindirici bir haldır. Əlbəttə, Firəngiz xanımın çoxşaxəli yaradıcılığı, ifaçılıq fəaliyyəti, əldə etdiyi çoxsaylı uğurları haqqında saatlarla danışmaq olar. Lakin biz qarşımıza bu məqsədi qoymuruq.
Belə bir şəxsiyyətin yetişməsində və fomalaşmasında, şübhəsiz ki, onun doğulub boya-başa çatdığı mühit, professional biliyin əldə olunduğu təhsil ocağı da az rol oynamamışdır. Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini o, Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində ( indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) almışdır. Məhz bu musiqi ocağında professional bacarığa yiyələndiyi dövrdən başlayaraq onun əsl musiqiçi kimi formalaşmasının təməli qoyulur. Ən əsası isə uşaqlıqdan musiqiyə olan hədsiz həvəsi, daim yaratmaq, bəstələmək eşqi onu bu sənətdə gələcəkdə zirvələrə qaldırır.
Firngiz Əlizadə musiqi təhsilini daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq və fortepiano ixtisasları üzrə davam etdirir. Həm bəstəkarlıq (1972-ci il, prfessor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı o, fərqlənmə diplomu ilə bitirir. Tələbəlik illərində dünya şöhrətli bəstəkar, pedaqoq , sözün əsl mənasında, böyük musiqiçi Qara Qarayevlə sıx ünsiyyətdə olması onun həm bir istedadlı bəstəkar, həm də bir pedaqoq kimi formalaşmasınada böyük rol oynayır. 1972-1974-cü illər ərzində Qara Qarayevin assisenti kimi çalışan Firəngiz Əlizadə artıq 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında müstəqil pedaqoci fəaliyyətələ məşğul olmağa başlayır. Onun ali musiqi təhsili ocağında oxuduğu mühazirələr, hazırladığı proqramlar tələbələr və pedaqoci heyət tərəfindən daima böyük maraqla, dərin həvəslə dinlənilmiş və yüksək qiymətləndirilmişdir.
Hələ gənc yaşlarından istedadı, tükənməz gücü və erudisiyası Firəngiz Əlizadəyə müxtəlif müasir musiqi tədbirlərinin keçirilməsinə təkan verir. Müasir musiqinin alovlu təbliğçisi və həvəskarı olan Firəngiz xanım belə tədbirlərin həm təşkilatçısı, həm də iştirakçısı rolunda fəal çıxış edir. Bir pianoçu kimi o, A.Berq, P.Hindemit və XX əsrin digər avanqard bəstəkarlarının müasir əsərlərinin ölkəmizdə tanıdılmasında mühüm rol oynayır, həmçinin bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı kimi tanınır. Öz əsərlərinin təqdimatında da o, çox vaxt həm pianoçu, həm də diricor kimi çıxış edir. Həmin illərində (70-ci illərdə) başladığı bu fəaliyyətini Firəngiz xanım bu günədək böyük həvəs və şövqlə davam etdirir. İstər xarici ölkə bəstəkarlarının öz doğma vətənində, istərsə də bizim müasir bəstəkarların əsərlərini xaricdə tanıdılmasında Firəngiz xanım var qüvvəsi ilə çalışır.
Maraqlıdır ki, tez bir zamanda özünü istedadlı və perpektiv bəstəkar kimi tanıdan Firəngiz Əlizadə artıq 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilir . Burada onun məsuliyyəti daha da artır və o, 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi kimi fəaliyyətini davam etdirir. 2007-ci ildən isə Firəngiz xanım Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilir və bu günə kimi həmin vəzifədə işini uğurla yerinə yetirir. Bununla bağlı xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Bəstəkarlar İttifaqına yeni sədrin — Firəngiz xanımın təyin olunması ilə əlaqədar musiqi yaradıcılığı mühitində də kreativ impulsun yaranması müşahidə edilir.
İttfaqın işində əmələ gələn dinamika və fəallıq, şübhəsiz ki, Firəngiz xanım Əlizadənin şəxsiyyəti ilə sıx bağlıdır. Məhz onun gərgin əməyi və təşəbbüsü hesabına Azərbaycan musiqisi Bakının, Azərbaycanan və eləcə də xarici ölkələrin konsert zallarında tez-tez səslənməyə başlamışdır. İttifaqa rəhbərlk etdiyi qısa vaxt ərzində çox böyük işlər görülmüş, mən deyərdim, Firəngiz xanımı istedadlı administrator kimi xarakterizə edən onun şəxsiyyətinin yeni tərəfi kəşf edilmişdir. Həqiqətən, Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz xanımın fədakar fəaliyyəti nəticəsində yeni mərhələ əldə etmişdir. Mən 1983-cü ildən həmin ittifaqın üzvü kimi əminliklə deyə bilərəm ki, Bəstəkarlar İttifaqı yenidən «doğma» təşkilata çevrilmişdir.
Məlumdur ki, XX əsrin sonlarından başlayaraq ölkəmizdə baş verən radikal dəyişikliklər bir çox yaradıcı sənətkar kimi, Firəngiz Əlizadənin də yaradıcılığında yeni üfüqlərin açılmasına təkan verdi.
1992-ci ildə bəstəkara Türkiyə dövləti tərəfindən «Boş beşik» baletinin yaradılması sifariş olunur. Həmin əsər Mersin Opera və Balet Teatrının açılışı münasibəti ilə səhnəyə qoyulur və böyük uğur qazanır.
Ümumiyyətlə, Firəngiz xanım yaradıcılığın bir neçə sahəsində eyni vaxtda çalışan və müxtəlif istiqamətlərdə də eyni dərəcədə məsuliyyətlə çıxış edən bir insandır. Bəstəkarlıq və ifaçılıq, pedaqoci və ictimai fəaliyyət, diricorluq və elmi tədqiqat işini bu zərif və incə qadın çox böyük bacarıqla uzlaşdırır və bütün bunların öhdəsindən məharətlə gəlir. Onun işgüzarlığı həqiqətən, heyrətamizdir! Hansı sahədə çalışırsa-çalışsın o, hər zaman dəyərli, mükəmməl işi ilə hamını valeh edir. Belə ki, Firəngiz Əlizadənin çoxtərəfli fəaliyyətinin bir sahəsi də onun elmi yaradıcılıqla məşğul olmasıdır. O, daima dövrü və elmi mətbuatda nəşr olunan maraqlı, aktual xarakterli, dərin mənalı məqalələri ilə oxucularını sevindirir. Onun elmi axtarışlarının, apardığı elmi araşdırmalarının nəticəsi 1994-cü ildə sanballı dissertasiya işinin müdafiəsi ilə nəticələnmiş və o, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə isə professor adına layiq görülmüşdür.
1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışan Firəngiz xanım 1999-cu ildə Almaniyaya, Berlin İncəsənət Akademiyasının («Akademie der Künste») professoru vəzifəsinə dəvət alır. O, 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və diricor kimi fəaliyyət göstərir. Lakin bir fədakar sənətkar kimi onu Vətən, doğma torpaq, milli incəsənət özünə sıx bağladığı üçün o öz bacarığını və istedadını bu yolda sərf etməyi üstün tutur. Firəngiz Əlizadənin Bakıya dönməsi ilə Azərbaycan musiqi həyatında bir canlanma yaranır. Şübhəsiz, öz doğma Vətənində o öz potesial imkanlarını daha da həvəslə həyata keçirir.
Firəngiz Əlizadə bu gün də öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azəraycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə tanıtmaqda davam edir. Son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərindən: Violonçel üçün «Oyan!» (Paris, Fransa, 2005), Kvintet üçün «Xəzər» (Nyu-York, ABŞ, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün «Atəş» (Sietl, ABŞ, 2006), «Optical İdentity» baleti (Sinqapur, 2007), Misteriya «Al Kamandcaty» (Roma, İtaliya, 2007), Skripka üçün «Dastan» (Ausburq, Almaniya, 2007), Hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün «Dəniz» (Bern, İsveçrə, 2008), «Your name means the Sea» operası (Hyuston, ABŞ, 2011), Xanəndə, flamenko ifaçısı və ansambl üçün «Mugflagamenco» (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün «İmpuls» (ABŞ, 2012), fortepiano üçün «Landscape» (Fransa, 2012) və s. qeyd etmək olar.
Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli musiqi xadimidir. O, Heydər Ədiyev Fondunun rəhbərliyi ilə keçirilən I və II «Muğam Aləmi» Beynəlxalq Musiqi Festivallarının, Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəkidə və Bakıda keçirilən I və II «İpək yolu» Beynəlxalq Musiqi Fetivallarının Bədii rəhbəri kimi, «Üzeyir dünyası» layihəsinin baş redaktoru və koordinatoru kimi səmərəli fəaliyyət göstərir.
Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmiş və o, Azərbaycan Respublikasının Əməkdar İncəsnət xadimi (1990), Xalq artisti (2000), YUNESKO-nun «Sülh artisti» (2007) fəxri adlarına, «Şöhrət» ordeninə (2007) və bir sıra mükafatlara, o cümlədən «Uğur» (2009), «Zirvə» (2011) mükafatlarına layiq görülmüşdür.
Səmimi insan və zərif yumor hissinə malik olan Firəngiz xanım həm də güclü mənəvi dəyərlərə malikdir. Onun məhz insani keyfiyyətləri respublikanın musiqi həyatına daha çox gənc istedadlı bəstəkarların, ifaçıların, musiqişünasların cəlb olunmasına imkan yaradır. Yüksək istedadlı bəstəkar, ifaçı, dərin mütəfəkkir olan Firəngiz Əlizadə həm də maarifçi, mücahiddir.
Mən əminəm ki, onun yaradıcılıq potensialı tükənməzdir. Hər dəfə Firəngiz xanımın çoxşaxəli musiqi fəaliyyətinə nəzər yetirdikdə bunun həqiqiliyinə inanırsan. Belə bir əlamətdar gündə bu tükənməz enercinin uzunömürlü olmasını arzulayıram .
Rəna Məmmədova
AMEA-nın müxbir üzvü,
sənətşünaslıq doktoru, professor.