Azərbaycan Bəstəkarlar İttifaqının Şəkidə yeni bölgəsi
2008-ci il Azərbaycan Bəstəkarlar İttifaqının tarixinə yeni bölgə təşkilatının açılması ilə də daxil oldu. Bu əlamətdar hadisə noyabrın 22-də, Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik qədim və dilbər guşələrindən biri — Şəkidə, Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutdu. Beləliklə, Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa, Naxçıvan, Gəncə və Lənkəran zonalarını əhatə edən bölgə təşkilatlarının sırasına biri də əlavə olundu.
Yeni təşkilatın Azərbaycanın Şimal bölgəsində, məhz Şəkidə fəaliyyətə başlanması təsadüfi deyildi. Məlumdur ki, Şəki, Azərbaycanın dövlətçilik tarixinə zəngin bir xanlığın mövcudluğu ilə şərəflə daxil olmuş və ta qədimdən elm, maarif, sənət məbədgahı kimi tanınmışdır. Ədəbiyyat və incəsənət tariximizdə layiqli yer tutan ən görkəmli sənətkarların bir çoxu soykökü ilə Şəki torpağına bağlıdır.
Şəkinin musiqi mədəniyyəti də özünəməxsus üslubu və ifaçılıq ənənələri ilə seçilmişdir. Virtuoz zurnaçılıq sənəti, qəhrəmani instrumental havaları, zorxana musiqisi, spesifik sənət növləri və zəngin peşələrlə bağlı əmək nəğmələri buna parlaq sübutdur. Şəkidə muğam sənəti də özünəməxsus tərzdə inkişaf etmiş, XIX əsrdə Şuşa, Bakı, Şamaxı, Gəncə ilə yanaşı, Şəkidə də muğam məclisi mövcud olmuşdur. Şəkili xanəndələrdən Ələsgər Abdullayevin (şəkili Ələsgər), Əlövsət Sadıqovun adları muğam sənəti tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin bir sıra görkəmli nümayəndələri — Cövdət Hacıyev, Şəfiqə Axundova, Emin Sabitoğlu, Cavanşir Quliyev, musiqişünaslar Məmmədsaleh İsmayılov, İmruz Əfəndiyeva və başqaları məhz Şəki torpağının yetirmələridir.
Hazırda Şəkinin musiqi təhsili sistemi də kifayət qədər genişdir. Burada dörd Uşaq Musiqi Məktəbi, bir Uşaq İncəsənət məktəbi ilə yanaşı, uzun illərdir ki, Musiqi Kolleci də fəaliyyət göstərir. Bu məktəblərdə təhsil alan 2250 şagirdə 660 müəllim dərs deyir. Əlbəttə, 170 min əhalisi olan bir rayon üçün bu o qədər də böyük göstərici hesab edilə bilməz. Onu da nəzərə alsaq ki, əhalinin 70 min nəfəri şəhərdə, qalan əksər hissəsi — 100 min nəfəri isə kəndlərdə yaşayır, o zaman kənd yerlərində musiqi məktəblərinə ehtiyacın həcmi aydınlaşar.
Bölgə təşkilatının açılışı ilə bağlı Uşaq İncəsənət məktəbində keçirilən rəsmi tədbirdə Şəki İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, təhsil, səhiyyə, mədəniyyət məsələləri üzrə icra başçısının müavini, tarix elmləri namizədi Zərinə Cavadova, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, katibləri Ramiz Zöhrabov, Eldar Mansurov, Şəki Mədəniyyət və Turizm şöbəsinin müdiri Aydın İbrahimov çıxış etdilər. İttifaqın məsul katibi Lalə Hüseynova Şəki bölgə təşkilatının açılması barədə Azərbaycan Bəstəkarlar İttifaqının 47 saylı əmrini toplaşanların diqqətinə çatdırdı. Tədbirdə vurğulandı ki, Şəkidə hazırda yazıçıların, rəssamların və memarların yaradıcı İttifaqları fəaliyyət göstərir. İlk yaradıcı təşkilat 1973-cü ildə Rəssamlar İttifaqı tərəfindən açılıb. Onun hazırkı sədri rəssam Tahir Həmidli, habelə Şəki Yazıçılar Birliyinin sədri, şair Vaqif Aslan, Memarlar İttifaqının sədri Seyran Məmmədov öz çıxışlarında rəhbərlik etdikləri qurumların yaranma tarixindən danışıb, yeni həmkarlarına uğurlar dilədilər.
Tədbirdə Bəstəkarlar İttifaqı Şəki Təşkilatının rəhbəri vəzifəsinə bəstəkar, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini professor C.Hacıyevin sinfi üzrə bitirmiş və hazırda Şəki Musiqi Kollecində nəzəri fənlər üzrə aparıcı müəllimlərdən biri olan Əliyev Fazil Manaf oğlu təyin edildi.
Daha sonra Şəki Musiqi Kollecinin və Uşaq Musiqi Məktəbləri şagirdlərinin iştirakı ilə hazırlanmış konsert proqramı tamaşaçılara təqdim olundu. Gənc ifaçılar — musiqi məktəblərinin şagirdləri — Anar Həşimov, Günay Lətifəzadə, Sayalı Əliyeva, Leyla Əliheydərli, Nərmin Lətifova, Fərrux Cəfərov, Asiman Teymurlu, Türkan Məmmədli, Mətin Bəşirzadə, Səbinə Hacıyeva, Elvin Mustafazadə, kollec tələbələri — Sayalı Nəbizadə, Hüseyn Əhmədəlizadə, Babək Abdullayev, Türkan Abdulxalıqova və Aysel Salmanlının ifasında Ü.Hacıbəyli, A.Zeynallı, F.Əmirov, Q.Qarayev, Z.Bağırov, T.Quliyev, A.Məlikov, F.Quliyeva və A.Gərayın bir sıra əsərləri, xalq mahnılarının işləmələri, habelə xarici ölkə bəstəkarlarının Rimski-Korsakovun, Myaskovskinin, Montinin musiqisi səsləndi. Sonra professor Firəngiz Əlizadə şagird və müəllim heyətilə konsertdən aldığı təəssüratlarını bölüşdü və gənclərin ifa texnikasında, musiqi obrazlarının çatdırılmasında nəzərə çarpan bəzi problemlərlə bağlı fikir və tövsiyələrini söylədi. Öz növbəsində musiqi müəllimləri Azərbaycan bəstəkarlarının yaratdığı uşaq musiqisinin məktəblərə tədris vəsaitləri şəklində nəşr olunub göndərilməsi məsələsini irəli sürdülər. Firəngiz Əlizadə rəhbərlik etdiyi İttifaqın Şəkidə açılmış yeni qurumunun nəinki buradakı bəstəkar və musiqişünaslarının yaradıcılıq fəaliyyətində, ümumiyyətlə, bölgənin musiqi həyatında, musiqi təhsili sahəsində xüsusi layihələr həyata keçirib, aparıcı bir təşkilat olacağına ümidvar olduğunu vurğuladı.
Lalə Hüseynova
«Musiqi dünyası» , № 1-2, 2009