Azərbaycan Bəstəkarlar İttifaqında İdarə Heyətinin geniş iclası
16 noyabr – Azərbaycan Bəstəkarlar İttifaqında İdarə Heyətinin geniş iclası keçirilmişdir. İclasda Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı müzakirə edilmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə iclasda qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox əlamətdar bir hadisədir. Heydər Əliyev hələ sağlığında öz misilsiz xidmətləri ilə xalqımızın qəlbində əfsanəvi şəxsiyyət kimi hörmət qazanmışdır. Onun parlaq obrazı, əvəzolunmaz fəaliyyəti incəsənətin müxtəlif sahələrində – o cümlədən, Azərbaycan bəstəkarlarının yaradıcılığında öz əksini tapmışdır.
Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Oqtay Rəcəbov, Sərdar Fərəcov, Vasif Allahverdiyev və b. bəstəkarlar Heydər Əliyevə həsr olunmuş monumental simfonik əsərlər yaratmışlar. Onun işıqlı obrazı digər musiqi janrlarında yazılmış əsərlərdə – kantatalarda, odalarda, mahnılarda vəsf olunmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqında hər il mütəmadi olaraq, Heydər Əliyevin doğum və anım günləri qeyd olunur, elmi konfranslar keçirilir, böyük rəhbərimizə həsr olunmuş yeni əsərlər dinlənir və müzakirə edilir.
İdarə Heyəti üzvlərinin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planına ümummilli liderə həsr olunmuş əsərlərdən ibarət konsertlərin və “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” adlı elmi konfransın keçirilməsi haqqında təklifləri daxil edildi. İdarə Heyətinin sədri Firəngiz Əlizadə bəstəkarlarımızı ümummilli lider Heydər Əliyevin obrazını əks etdirən müxtəlif janrlı yeni əsərlərin yaradılmasına səfərbər etdi. Xüsusilə, görkəmli siyasi və dövlət xadimi, dahi tarixi şəxsiyyət kimi Heydər Əliyevin əvəzedilməz xidmətlərini əks etdirən iri həcmli monumental əsərlərin yazılmasının vacibliyi qeyd olundu.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidməti.