AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQINDA “HEYDƏR ƏLİYEV 100” SİLSİLƏSİNDƏN ELMİ-KONFRANS

         Ümummilli liderimiz Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi dövrdə bütün sahələrə olduğu kimi musiqi sənətinə də xüsusi qayğı və diqqət ayırıb. Onun milli və professional musiqinin inkişafına dair sərəncamlar, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı müxtəlif istiqamətlərdə öz əksini tapıb. Belə ki, musiqiçilərin fəxri adlar, orden və medallarla təltif ounması, prezidentin fərdi təqaüdü ilə təsis edilməsi, yubileylərinin keçirilməsi, həyat şəraitlərinin yaxşılaşması üçün lazımi tədbirlərin görülməsi onlarda xüsusi ruh yüksəkliyi aşılayaraq yaradıcılıq ideyalarını daha da rövnəqləndirib. Dünyasını dəyişən sənətkarların da irsini yaşatmaq üçün onların yubiley və xatirə gecələrinin keçirilməsi, ev muzeylərinin yaradılması, adlarına küçə və mədəniyyət ocaqlarının verilməsi və bu kimi məsələlər daim Heydər Əliyevin diqqət mərkəzində olub. Bu dahi şəxsiyyətin musiqiçilərə göstərdiyi qayğı və diqqət musiqi tariximizə yeni-yeni əsərlər bəxş edib. Çünki o, öz tövsiyyələri ilə də bəstəkarlarımıza, ifaçı və musiqişünaslara düzgün istiqamət verib. Bu mənada Heydər Əliyevin 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının V Qurultayında etdiyi məruzəsinin nəşri hal-hazırda da bəstəkarlarımızın masaüstü kitabıdır.

            Martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında “Heydər Əliyev 100” silsiləsindən “Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçirilən elmi-konfransda qeyd olunan məsələlər barədə daha ətraflı söhbət açılıb.

            Konfransı giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz  Əlizadə Heydər Əliyevin bəstəkarlarımıza göstərdiyi qayğı və diqqətdən, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarla olan səmimi dostluq münasibətlərindən, musiqi janrlarına xüsusi diqqət yetirməsindən, bu istiqamətdə bəstəkarlara verdiyi tövsiyyələrdən geniş söhbət açdı. Firəngiz xanım öz çıxışında “Heydər Əliyev 100” silsiləsindən keçiriləcək növbəti tədbirlərdə də musiqişünasların mövzu ilə bağlı tədqiqatlarının və bəstəkarların Heydər Əliyevə həsr olunan əsərlərinin təqdimatlarının, konsertlərinin keçiriləcəyini də qeyd etdi. Elmi konfransda çıxış edən digər şəxslər də Heydər Əliyevin Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi yüksək əhəmiyyətli xidmətlərindən danışdılar.

     Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova – “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev mövzusu”, Azərbaycan Bəstəkarlar İttifaqının kiatibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov “Heydər Əliyev: “Bəstəkarın yüksək vəzifəsi və amalı” – müasir bəstəkar yaradıcılığının aparıcı istiqaməti kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova “Naxçıvan Bəstəkarlıq Təşkilatının yaradılmasında Heydər Əliyevin rolu”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyevin dahi bəstəkarımız Üzeyir Hacıbəyli haqqında fikirləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova “Cövdət Hacıyevin Heydər Əliyevə həsr  olunmuş “Onu zaman seçib” 8 saylı Simfoniyası haqqında”  mövzularla çıxış etdilər.

    Konfransı Xalq artisti Azər Dadaşovun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etdiyi qiraətçi və simfonik orkestr üçün 16 saylı simfoniyasının dinlənilməsi ilə başa çatdı.

 

SƏADƏT TƏHMİRAZQIZI

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi