TOFİQ BAKIXANOV – 90

Dekabrın 7-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş festival barədə məlumat verib. Bildirib ki, bir həftədir paytaxtdakı bir çox konsert salonlarında Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu, heç də təsadüfi deyil. T.Bakıxanov milli tariximizə onlarla ali rütbəli hərbçi, ictimai və mədəniyyət xadimləri bəxş etmiş nəslin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan incəsənətinə əvəzsiz töhfələr verib.
Bildirilib ki, Tofiq Bakıxanov yaradıcılığı bənzərsizdir. O, professional bir sənətkar kimi musiqinin bütün janrlarına müraciət edib, bir-birindən gözəl əsərlər yaradıb. Onun insanların ruhunu oxşayan ecazkar musiqi əsərləri ilk dövrlərdən başlayaraq insanlar, xalqlar və ölkələr arasında dostluğu, qardaşlığı və sülhü təbliğ edib. Xüsusilə, rus, gürcü, özbək, qazax şairlərinin əsərlərinə onlarca musiqi yazıb.
Firəngiz Əlizadə vurğulayıb ki, bəstəkarın əsərləri nəyinki Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində böyük maraqla dinlənilir.
Tədbirdə Tofiq Bakıxanova 90 illik yubileyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqının təbrik məktubu təqdim olunub.
Konfransda “Tofiq Bakıxanovun simfonik musiqisi”, “Tofiq Bakıxanovun balet yaradıcılığı”, “Tofiq Bakıxanovun fleyta üçün yazılmış əsərlərinə bir nəzər” və digər mövzularda məruzələr dinlənilib.
Məruzələrdə bildirilib ki, Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda görkəmli tarzən-pedaqoq Əhməd Bakıxanovun ailəsində dünyaya gəlib. O, uşaq yaşlarından skripka alətində təhsil almağa başlayır və öz çalışqanlığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin diqqətini cəlb edərək, onun xeyir-duası ilə böyük sənətə qədəm qoyur, keçmiş sovet məkanında istedadlı skripka ifaçısı kimi tanınır. Azərbaycan Dövlət Konservatoriyasında T.Bakıxanov zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin bəstəkarlıq sinfində təhsil alır, onun ənənələrini dərindən mənimsəyərək, özünəməxsus musiqi üslubu ilə diqqəti cəlb edir.
T.Bakıxanov üç birpərdəli baletin, üç musiqili komediyanın, 8 simfoniyanın, 5 simfonik muğamın, müxtəlif çalğı alətləri üçün 24 konsertin, çox saylı simfonik, kamera-instrumental və vokal əsərlərin müəllifidir. Onun müxtəlif janrlı, rəngarəng məzmunlu əsərləri ifaçıların repertuarına daxil olaraq, həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda (Fransa, Rusiya, Türkiyə, Kipr, İran və s.) teatr və konsert salonlarının bəzəyi olub.
Qeyd edilib ki, onun böyük yaradıcılıq yolu bəstəkar, ifaçı və pedaqoq kimi sənətə fədakarcasına bağlılıq nümunəsidir. Əsərlərinin məzmunu özünəməxsus xüsusiyyətlərə malikdir. Müasir insanın obrazı, onun zəngin daxili aləmi və işıqlı, nikbin dünya duyumunun təsviri əsərlərinin əsas məzmununu təşkil edir.
Sonda görkəmli sənətkar Tofiq Bakıxanov çıxış edərək tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib.
Tədbirdə Tofiq Bakıxanovun “Violin və orkestr üçün Konsert”inin not nəşrinin (violin və piano üçün köçürmədə) təqdimatı və həmin əsərin müəllifin solo ifasında lent yazısında səslənməsi nümayiş etdirilib.
Qeyd edək ki, bəstəkarın 90 illiyi ilə əlaqədar keçirilən festivalın proqramı rəngarəngdir. Belə ki, Milli Kitabxanada T.Bakıxanovun anadan olmasının 90 və yaradıcılıq fəaliyyətinin 70 illiyi ilə bağlı not nəşrləri və kitablarından ibarət sərgi açılıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki balet — “Xəzər balladası”, “Xeyir və Şər” nümayiş olunub. Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında iki tədbir — T.Bakıxanovun kamera-instrumental əsərlərindən, həmçinin tar və fortepiano üçün əsərlərindən ibarət konsert səslənib. Hazırda festival davam edir.