Firəngiz Əlizadə YUNESKO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlamışdır
Azərbaycan Bəstəkarlar İttifaqının Sədri,
YUNESKO-nun “Sülh artisti” Firəngiz Əlizadə
YUNESKO-nun Baş direktoru Odre Azuleyə
müraciət ünvanlamışdır.
Müraciətdə deyilir:
“Möhtərəm xanım Azule,
Sizə dərin hörmətimi ifadə edən ən səmimi duyğularımı qəbul edin. Son dövrdə mən mətbuatda Azərbaycanın işğaldan azad olunmuş Qarabağ torpaqlarında xristian kilsələrinin və abidələrinin taleyinə görə narahatlıq keçirən bir çox mədəniyyət xadimlərinin YUNESKO-ya müraciətlərini böyük həyəcan hissilə oxuyuram. Bizim ölkəmizin müxtəlif dinlərə, konfessiyalara və abidələrə hər hansı bir hörmətsizlikdə günahlandırılmasından qəribə ittiham ola bilməz. Məlum faktlardır ki, bizim dövlətimiz təkcə ölkəmizdə deyil, həmçinin, Fransada, İtaliyada, Vatikanda, Rusiyada və digər dövlətlərdə müqəddəs dini abidələrin qorunması və bərpası ilə bağlı çoxsaylı xeyriyyəçilik aksiyaları həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva bu istiqamətdə apardığı çoxillik və məhsuldar fəaliyyətinə görə dərin ehtiram və minnətdarlıq əlaməti olaraq, həmin ölkələrin orden və medalları ilə təltif olunmuşdur.
Bununla belə, beynəlxalq mətbuatda geniş işıqlandırılan bütün bu məlum faktlar çoxsaylı təşkilatlara ünvanlanmış müraciətlərə, çağırışlara, şikayətlərə imza atan şəxslərin diqqətindən kənarda qalır. Bu şəxslər erməni tərəfinin yalançı göz yaşlarına və xahişlərinə inanaraq, problemin mahiyyətinə varmadan, şübhə doğuran sənədləri imzalayırlar. Artıq heç kimə sirr deyil ki, Ermənistan monomilli dövlətdir və burada digər millətlərdən və dinlərdən olan insanlara yer yoxdur. Onların qəribə bir inadkarlıqla “körpülər qurmaq” istəməməsi, münaqişənin digər tərəfi ilə dialoqa girməkdən çəkinməsi bizi hər zaman təəccübləndirib. Bu baxımdan, erməni ideoloqu Zori Balayanın antiarzərbaycan isteriyasının və əzəli Azərbaycan torpaqlarına bütün seperatçı tələblərin başlanğıcını qoyan “əsərlərini” oxuduqca, erməni şovinizminin sadizmə və rasizmə bərabər olan vəhşi mahiyyətini görmək olur.
Azərbaycan tərəfi 30 ildən artıq bir müddətdə ikitərəfli görüşlərin — hətta bir zamanlar mədəniyyət sahəsində əməkdaşlıq edən incəsənət xadimləri səviyyəsində keçirilməsi təklifini irəli sürüb. Lakin erməni tərəfi iki tədbirdən artıq davam gətirməyib, öz arqumentlərinin zəifliyini hiss edərək, dialoqun aparılmasından tamamilə imtina edib. İndi isə Azərbaycan ordusunun şanlı Qələbəsindən sonra onlar beynəlxalq ictimaiyyətə bütün xoşagəlməz yollarla təzyiq edərək, yalançı faktlarla və çoxsaylı feyklərlə insanların fikrini azdırır. Erməni oliqarxları tərəfindən müəyyən muzdla tutulmuş başabəla jurnalistlər media məkanını və sosial şəbəkələri öz sonsuz yalanları ilə doldurur, sözün əsl mənasında, “qaraya ağ” və əksinə deyirlər.
Ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarkən, törətdikləri yanğınlar fonunda müsahibə verməyə də utanmırlar, bu yanğınlar təkcə onların yaşadıqları evləri deyil, həmçinin, meşə massivlərini, otlaqları, mədəniyyət abidələrini, məktəbləri və uşaq bağçalarını əhatə edir. Bu vəhşi dağıntıların və külliklərin mənzərəsi apokalipsisi xatırladır. Ermənilər heyrət doğuran bir vərdişə malikdir, onlar gah özlərinin “böyük tarixi və minillik mədəniyyəti”, mifik “dənizdən-dənizə qədər yerləşmiş Böyük Ermənistan” haqqında məğrurluqla danışırlar, gah da varlı himayədarının əlindən tutub daim ağlayan yazıq minnətçiyə çevrilirlər.
Belə bir sual yaranır, nə üçün Ermənistanın bu “vətənpərvərləri” nəhayət ki öz kiçik say tərkibli əhaliyə (3 milyondan az) malik Vətənlərini qurub yaratmırlar, öz camaatını normal həyat şəraiti ilə təmin etmirlər? Bəlkə o zaman onlar Ermənistanı tərk etməyə tələsməz və emiqrasiya etməzlər, özgə ərazilərinə göz dikməzdilər? Bəlkə onlar, nəhayət ki, təmin olunmuş ölkəyə çevrilərək, heç kimi köməyinə və himayədarlığına möhtac qalmazdılar? Nəhayət, baxışlarını döndərib, özünə güzgüdə baxmağın, öz bədbəxtliyinə görə bütün dünyanı deyil, özünü günahlandırmağın vaxtı çatmayıbmı?
Fikrimcə, ermənilər tərəfindən tərk edilmiş bizim şəhər və kəndlərimizdəki mədəniyyət abidələri YUNESKO-da daha böyük narahatlıq yaratmalıdır. Qarabağın münbit torpaqlarında böyük ekoloji fəlakət yaradan, 30 ildən artıq bir dövrdə bizim xalqımıza məxsus faydalı qazıntıları talan edən bu gəlmə adamlar hələ heç nədən xəbəri olmayan insanlara və müxtəlif təşkilatlara şikayət etməyə çalışırlar. Sonradan gərginlik və toqquşmaların yeni dalğasının başlanması üçünmü?
Bizim Prezidentimiz və Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində və rəşadətli əsgərlərimizin, gözəl gənclərimizin Vətənə sonsuz məhəbbəti sayəsində başımızı uca tutaraq, Qarabağ torpağına qayıtmışıq. Biz heç kimdən heç nə istəmirik. Bizə yalnız sülh lazımdır ki, müharibənin yaralarını sağaldaq, Qarabağın keçmiş gözəlliyini bərpa edək, yenidən öz bəhrəli torpağımızda yaşayaq və yaradaq.
Qarabağ elə bir ocaqdır ki, buradan Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu başlanmışdır, məhz burada nadir Muğam sənəti yaranmışdır və dahi xanəndələrin — Seyid və Xan Şuşinskilərin səsləri bütün dünyaya yayılmışdır, burada görkəmli şair Vaqifin məzarı və məqbərəsi yerləşir. Bu adlar bizim üçün milli kimlik simvoludur. Azərbaycan xalqı heç zaman, hətta uzun müddət — 32 il keçməsinə baxmayaraq, bu itki ilə barışa bilməzdi!
İndi biz dağıdılmış, talan olunmuş, bununla belə, çox sevdiyimiz doğma torpaqlarımıza qayıtmışıq. Bütün çətinliklərə və itkilərə baxmayaraq, biz indi Vətənimizin tarixinin ən xoşbəxt dövrünü yaşayırıq. Düşmənin Həqiqətə və Ədalətə qarşı şər və böhtanları bizim böyük sevincimizə, Vətənimiz Azərbaycana və onun gözəl guşəsi Qarabağa olan saf və müqəddəs duyğularımıza kölgə sala bilməz”.