(17 aprel 1884 — 30 oktyabr 1950)
İstedadlı bəstəkar, fəal ictimai xadim, respublikanın əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın təşəkkül tapmasında və inkişafında mühüm və əhəmiyyətli rol oynamışdır.
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov 1884-cü il aprel ayının 17-də Şuşa şəhərində anadan olmuşdur. Zülfüqara ciddi musiqi təhsili almaq nəsib olmasa da o, tarda çalmağa öyrənmişdir. Bəstəkarlığın sirrlərini isə ona doğma qardaşı, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli aşılamışdır.
Zülfüqar Hacıbəyov 1908-ci ildə «Leyli və Məcnun» operasının səhnə təcəssümü tapmasında yaxından iştirak etmişdir. Məhz bu operanın ciddi təsiri nəticəsində o, bəstəkarlıq sahəsində yaradıcılıq fəaliyyətinə başlamışdır.
Zülfüqar Hacıbəyov 3 musiqili komediyanın — «Əlli yaşında cavan». «Varlı və yaxud on bir yaşında gəlin», «Evli ikən subay», «Aşiq Qərib» muğam-operasının, «Azərbaycan» kantatasının, Fikrət Əmirovla birgə bəstələdiyi Xalq Çalğı Alətləri Orkestri üçün «Cəngi» əsərinin, oğlu — böyük dirijor və bəstəkar-maestro — Niyazi ilə birlikdə «Almas» kinofilminə yazdığı musiqinin xor və simfonik orkestr üçün, nəfəsli orkestr üçün vətənpərvərlik marş və mahnılarının müəllifidir. Onun Nizaminin «İskəndərnamə» poeması əsasında yazmağa başladığı «Nüşabə» operası yarımçıq qalmışdır.
Azərbaycan xalq musiqi nümunələrinin toplanması və nota salınmasında Zülfüqar Hacıbəyovun müəyyən xidmətləri olmuşdur. Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 1927-ci ildə çap etdirdikləri «Azərbaycan türk el nəğmələri» məcmuəsinə daxil olan bir çox nümunələr məhz Zülfüqar Hacıbəyov tərəfindən nota yazılmışdır. O, 150-yə qədər xalq mahnılarını toplayıb nota salmışdır. Lakin bu nümunələr əlyazması şəklində onun arxivində saxlanılır.
Zülfüqar Hacıbəyov yaradıcılıqla yanaşı fəal ictimai musiqi xadimi kimi Azərbaycan radio verilişləri Komitəsində, Qırmızı əsgər sarayında (i9ndiki Filarmoniyada), müxtəlif teatr və konsert təşkilatlarında məsul vəzifələrdə əzmlə çalışmışdır.