(2 noyabr 1937 — 18 noyabr 2000)
Görkəmli bəstəkar, respublikanın xalq artisti, Dövlət Mükafatı lureatı, «Şöhrət» ordenli, professor Emin Sabitoğlunun yaradıcılığı milli musiqi mədəniyyəti salnaməmizin dəyərli səhifələrini təşkil edir. Emin Sabit oğlu Mahmudov 1937-ci il noyabrın 2-də Bakı şəhərində tanınmış dramaturq-yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. O, ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik orta ixtisas musiqi məktəbinin fortepiano sinfində almışdır. Onun ilk bəstələri 7-ci sinifdə — Midhət Əhmədovun uşaq yaradıcılığı sinfində oxuyarkən yaranmışdır. Sonra o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə — dahi bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, iki ildən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini müvəffəqiyyətlə bitirmişdir. E.Sabitoğlu 40 ildən artıq davam etmiş yaradıcılıq dövründə musiqinin müxtəlif canrlarında çalışmışdır. Lakin bəstəkar mahnı, musiqili komediya, kino və teatr musiqisi sahələrində xüsusilə məhsuldar işləmişdir. 500-ə qədər mahnının müəllifi olan E.Sabitoğlunun «Bakı, sabahın xeyir», «Dərələr», «Ağ çiçək», «Uzaq, yaşıl ada», «Kəpənək», «Belə ola həmişə», «Bu gecə» və s. mahnıları dillər əzbəri olmuş və Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə həmişəlik daxil olmuşdur. Bəstəkarın yaradıcılığında kinomusiqisi mühüm yer tutur. O, 30-a yaxın bədii, sənədli və publisistik filmə — o cümlədən «Gün keçdi», «Ad günü», «Dədə Qorqud», «Qaçaq Nəbi», «Dantenin yubileyi», «Onun bəlalı sevgisi» və s. filmlərə musiqi bəstələmişdir. Bəstəkar «Qaçaq Nəbi» filminə yazdığı musiqiyə görə respublikanın Dövlət Mükafatına layiq görülmüşdür. Musiqi ictimaiyyəti Emin Sabitoğlunu musiqili komediya canrında gözəl əsərlərin müəllifi kimi də tanıyır.
Onun «Hicran», «Nəğməli könül», «Bildirçinin bəyliyi», «Bankir adaxlı» musiqili komediyaları tamaşaçıların xüsusi rəğbətini qazanmışdır. E.Sabitoğlu respublikanın teatrları ilə də sıx yaradıcılıq əlaqələri saxlayırdı. Bəstəkarın həm klassik, həm də müasir dramaturqların pyeslərinə bəstələdiyi musiqi onların uğurlu səhnə həyatının əsas amillərindən biri olmuşdur. Bəstəkarın musiqi yaradıcılığı ilə yanaşı, respublikamızda musiqiçi kadrların yetişdirilməsi sahəsindəki pedaqoci fəaliyyəti də səmərəli və təqdirəlayiq olmuşdur. O, uzun illər Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasında çalışaraq müəllimlikdən Konservatoriyanın professoruna qədər yüksəlmişdir. E. Sabitoğlu 1994-cü ildən ömrünün sonunadək Türkiyə Respublikasında öz pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin «Türk xalq musiqisi» şöbəsində çalışmışdır. Fəal ictimai musiqi xadimi olan Emin Sabitoğlu 1961-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə bu təşkilatın İdarə Heyətinin üzvü, 1963-cü ildən SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1977-ci ildən Azərbaycan Teatr Cəmiyyətinin üzvü olmuş, 1961-67-ci illərdə «Azərbaycanfilm» kinostudiyasında baş musiqi redaktoru, 1967-68-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının rəhbəri olmuşdur.