“QARA QARAYEV – 105” SİLSİLƏSİNDƏN NÖVBƏTİ TƏDBİR
13 dekabr, 2023-cü il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda dahi bəstəkar, böyük pedaqoq, görkəmli ictimai xadim, SSRİ və Azərbaycanın Xalq artisti, dövlət mükafatları laureatı, akademik, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasının 105 illiyinə həsr olunmuş Elmi-Praktiki Konfrans keçirildi.
Konfransı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq müəllimi Qara Qarayevin bəstəkar, pedaqoq və ictimai xadim kimi fəaliyyətindən söhbət açdı. O, Qara Qarayevin azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı xidmətlərini xüsusi vurğuladı. Firəngiz xanım onu da qeyd etdi ki, vaxtilə Qara Qarayevin bəstəkarlara, musiqişünaslara tövsiyyələri bu gün də öz aktuallığını itirməyib. Vaxtaşırı olaraq Bəstəkarlar İttifaqında Qara Qarayevlə bağlı müxtəlif səpkili tədbirlərin keçirildiyini söyləyən Firəngiz xanım bu il Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubiley tədbirləri ilə yanaşı “Heydər Əliyev dühası və Qara Qarayev irsi” elmi konfransı haqqında da danışdı. Firəngiz Əlizadənin çıxışından sonra konfrans elmi məqalələr və ölməz bəstəkarın musiqisi ilə davam olundu. Elmi məruzələrdə Qara Qarayev yaradıcılığının müxtəlif tərəflərindən bəhs edildi.
Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva “Qara Qarayevin harmonik dilində caz musiqisinin bəzi xüsusiyyətləri”, Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına BMA-nın professoru Könül Nəsirova “Qara Qarayevin musiqi-tənqidi fəaliyyəti”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva “Qara Qarayevin yaradıcılığında Leyli və Məcnun mövzusunun təzahürü”, Bül-bül adına Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasova “Qara Qarayevin “Ömər Xəyyamın sözlərinə 6 Rübai” vokal silsiləsi mövzusunda məruzələr ilə çıxış etdilər.
Bu elmi məruzələrin hər birindən sonra ölməz bəstəkarın musiqisi səsləndi: səs və caz orkestri üçün 3 Noktürndən “Mulat” (söz: Lenqston Xyüz, ifa etdi: Beynəlxalq müsabiqə laureatı Ruslan Persan, konsertmeyster: Dilarə Kərimova), “Mən sizi sevirdim” (söz: A.S.Puşkin, ifa etdi: Beynəlxalq müsabiqə laureatı Kamilla İmanova, konsertmeyster: Dilarə Kərimova), Piano üçün Prelüdlər – № 17, 23(ifa etdi: T.Quliyev adına 12 saylı Musiqi Məktəbinin XI sinif şagirdi Zümrüd Əlizadə), “Don Kixot” simfonik qravürlərindən “Səyahət” (violin və piano üçün köçürmə. İfa etdi: Beynəlxalq müsabiqə laureatı Anar Seyidov, Cəmalə Abdunzadə – piano)
Sonda tədbirin aparıcısı Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynova Qara Qarayev musiqisi ölməz və əbədidir deyərək, iştirakçılara da öz təşəkkürünü bildirdi.