Bəstəkar İlahə Qismətin “Rəngli lövhələr”
26 yanvar 2024-cü il Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli Konsert salonunda “Bəstəkar İlahə Qismətin “Rəngli lövhələr” fortepiano məcmuəsinin” təqdimatı keçirildi.
Tədbiri Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova açaraq Azərbaycan Bəstəkarlar İttifaqında vaxtaşırı olaraq gənc bəstəkar və musiqişünasların yaradıcılığına dair tədbirlərin keçirilməsini xüsusi olaraq vurğuladı. Bu mənada İlahə Qismətin də yaradıcılığına göstərilən qayğı və diqqəti qeyd etdi.
Digər çıxış edənlər sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Nemət Mürsəlov, Ü.Hacıbəyli adına BMA-nın doktorantı Fidan Nəsirova-Əhmədova İlahə Qismətin həm bəstəkar, həm ifaçı, həm də elmi fəaliyyəti haqqında öz müsbət fikirlərini bildirdilər. Onların çıxışlarında təqdim olunan “Rəngli lövhələr” fortepaino məcmuəsinin uşaqların musiqi tərbiyəsində mühüm əhəmiyyətə malik olması qeyd edildi. Çıxışlardan sonra bəstəkara söz verildi və o, “Rəngli lövhələr” foertepiano məcmuəsinin yaranması ilə bağlı fikirlərini söylədi.
Daha sonra tədbir “Rəngli löğvhələr” fortepiano məcmuəsindən musiqi nümunələri ilə davam etdi. Proqramda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb studiyasının VI sinif şagirdi Hüseyn Quliyev – “Ekspress”, “Kəpənəklərin rəqsi”, Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 saylı 11 illik musiqi məktəbinin II sinif şagirdi Səbinə Salmanlı – “Payız nəğməsi”, III sinif şagirdi Dərya İsmayıllı – “Şirin yuxu”, Ü.Hacıbəyli adına BMA-nın doktorantı Lalə Xəlilli – “Sarkazm”, “Zərlər”, “Şəfəq”, Respublika və Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli – “The World of Nasimi” (“Nəsimi dünyası”) əsərlərini ifa etdilər.
Tədbirin sonunda Azərbaycan Bəstəkarlar ittifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə çıxış edərək bəstəkar İlahə Qismət haqqında öz ürək sözlərini söylərək, bəstəkara yaradıcılıq uğurları və yeni-yeni əsərləri ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda da səslənməsini arzuladı.
Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı idi.