ABİ – Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi festivalı çərçivəsində tədbirlər

       Azərbaycan Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi festivalı çərçivəsində  tədbirlər həyata keçirilir. Ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Festivalda Bəstəkarlar İttifaqı yaxından iştirak edir. Bu istiqamətdə bu il baş tutan festivalın ilk günlərində Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev dostluq və həmkarlıq”  mövzusunda elmi konfrans keçirildi.

        Konfransı giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü,  Xalq artisti, professor Firəngiz Əlizadə bu festivalın musiqi mədəniyyəti üçün əhəmiyyətindən söhbət açaraq Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin 138-ci ildönümü, Azərbaycan və SSRİ-nin Xalq artisti, akademik, Heydər Əliyev və Dövlət mükafatlarının laureatı, bəstəkar Arif Məlikovun 90 illik yubileyinin qeyd olunmasını xüsusi vurğuladı. Firəngiz Əlizadə çıxışında daim bəstəkarlarımızın, musiqişünaslarımızın Üzeyir Hacıbəyli, Müslüm Maqomayev irsindən bəhrələndiklərini söylədi.  Qeyd olundu ki, festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert zalında 22 sentyabr tarixində kamera musiqisindən ibarət maraqlı konsert proqramı da keçiriləcək. Əminik  ki, bu konsert akademik musiqisevərləri konsert zalına toplayacaq.

      19 sentyabr 2023-cü il tarixində Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən elmi konfransda ölkəmizin tanınmış musiqişünasları maraqlı mövzularla çıxış etdilər. Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova  “Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin birgə fəaliyyəti”, sənətşünaslıq üzrə elmlər doktoru, professor Aytac Rəhimova “Xalq musiqimizin bərabər temperasiya sisteminə keçməsində Üzeyir Hacıbəylinin rolu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru,  professor Fəttah Xalıqzadə “Azərbaycan musiqişünaslıq elminə Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin töhfələri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin operalarında qəhrəmanlıq mövzusu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf  Bəhmənli “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin yaradıcılıgında xalq rəqslərimizin tədqiqi və istifadəsi məsələləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı  “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev dostluğu məktubların izi ilə” adlı maraqlı mövzuları təqdim etdilər.

       Növbəti tədbir –Azərbaycan müasir  bəstəkarlarının kamera-instrumental və kamera-vokal əsərlərindən ibarət konsert 22 sentyabr, saat 15.00-da  (Xaqani küç. 55) Ü.Hacıbəyli adına Konsert zalında keçiriləcək.