Azərbaycan Bəstəkarlar İttifaqında…Xəbərlər…2022-2023-cü illər
5 oktyabr – 2022-ci il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadənin sədrliyi ilə keçən iclasın gündəliyində bir sıra məsələlər öz əksini tapmışdır. Azərbaycan Bəstəkarlar İttifaqının 2022-ci ilin I yarım ilində keçirilmiş tədbirlərinin hesabatı dinlənilmiş, Azərbaycan Bəstəkarlar İttifaqının 2022-ci ilin sentyabr – dekabr ayları üçün nəzərdə tutulmuş tədbirlər planının müzakirəsi keçirilmiş və Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzvlər qəbul edilmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının tədbirlər planının müzakirəsində görkəmli Azərbaycan bəstəkarlarının yubileylərinə həsr olunmuş tədbirlərin təşkili xüsusi olaraq qeyd edilmişdir. Belə ki, Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Əşrəf Abbasovun və Rauf Hacıyevin anadan olmasının100 illiyinə həsr olunmuş konfrans və konsertlərin keçirilməsi nəzərdə tutulur.
Həmçinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Almaniyada və İsveçrədə dahi bəstəkarımız Fikrət Əmirovun anadan olmasının100 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin prioritet istiqaməti olaraq, gənc bəstəkarların yaradıcılığına xüsusi diqqət göstərilir. Belə ki, noyabr ayında Azərbaycan Bəstəkarlar İttifaqının “Zəfər Bayramı”na həsr olunmuş “Gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenum”un keçirilməsi nəzərdə tutulur.
İdarə Heyətinin iclasında öz yaradıcılıqları ilə fərqlənən 5 nəfər gənc – o cümlərən, bəstəkarlar – Elvin Quliyev, Yusif Bayramov və Vəfa Bağırzadə, musiqişünaslar – Leyla Quliyeva və Həbibə Məmmədova Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzv qəbul edilmişlər.
7 oktyabr – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyevin 50 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir.
Konsertdən öncə çıxış edən musiqişünas, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova bəstəkarın yaradıcılığı haqqında geniş məlumat vermişdir.
Konsert proqramında bəstəkarın simfonik orkestr üçün “Qələbə” uvertürası, Piano və simfonik orkestr üçün Konsert, “Tac-Mahal” baletindən I və II süitalar (ilk ifa), Vokal silsiləsi təqdim olunmuşdur.
Əsərlər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Xalq artisti Fəxrəddin Kərimov), solistlər – Əməkdar artist Fəridə Məmmədova (soprano) və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadənin (piano) ifasında səslənmişdir.
***
7 oktyabr – “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyasının təsis etdiyi “Humay” milli mükafatının builki qalibləri məlum olub. Bu mükafata hər il öz genişmiqyaslı fəaliyyətləri və böyük uğurları ilə ölkəmizin mədəni həyatında mühüm rol oynayan incəsənət xadimləri layiq görülürlər.
Beləliklə, “Humay” milli mükafatının rəmzi olan “Humay” ilahəsi Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinə – o cümlədən, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasova (“Qarabağ trilogiyası”na görə), Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidova (musiqi təhsili sahəsində beynəlxalq innovasiyalı müəllif layihələrinin təşkili və rəhbərliyinə görə) və musiqişünas-publisist Raya Abbasovaya (“Dialoq” kitabına görə) təqdim edilmişdir.
Bəstəkar Cəlal Abbasovun “Qarabağ trilogiyası”na 3 əsər daxildir: Şuşaya həsr olunmuş “Bir daha səni görə bilsəydim…” adlı 4 saylı Simfoniya, Milli Qəhrəman Albert Aqarunovun və Qarabağ şəhidlərinin əziz xatirəsinə “İn memoriam” Rekviyemi və Vətən müharibəsindəki Qələbəmizə həsr olunmuş “Şanlı Azərbaycan”n Odası. Bu əsərlər dəfələrlə müxtəlif tədbirlərdə səslənib.
Musiqişünas-publisist Raya Abbasovanın görkəmli rəssam Tahiq Salahova həsr olunmuş “Dialoq” kitabının ilk təqdimatı Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan Pavilyonunda böyük müvəffəqiyyətlə keçmişdir.
Professor Tərlan Seyidovun rəhbərliyi ilə müntəzəm olaraq beynəlxalq innovasiyalı müəllif layihələri keçirilir. Onların sırasında musiqiçilər nəslinin hazırlanmasında mühüm əhəmiyyət kəsb edən “Akademik, xalq və caz musiqisi”, “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik”, “Musiqiçilərin pedaqoji ustalığı” Beynəlxalq Festival-Müsabiqələri qeyd etmək olar.
***
14 oktyabr – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin yaradıcılığına həsr olunmuş müəllif Konserti keçirilmişdir.
Konsert proqramında bəstəkarın “Müşfiq ağıları” Oratoriyası (libretto müəllifi – Sabir Rüstəmxanlı) ilk dəfə təqdim olunmuşdur.
Əsər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Mustafa Mehmandarov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) və solistlərin – Xalq artisti Azər Zeynalov (tenor), Əməkdar artistlər – Səbinə Əsədova (mezzo-soprano) və İlham Nəzərov (bariton), həmçinin, Nigar Tağıyeva (soprano) və İlahə Fədanın (xanəndə) ifasında səslənmişdir.
***
18 oktyabr – Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, Bəstəkar, Xalq artisti, “Humay” milli mükafatı laureatı, professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası üzrə VI Beynəlxalq Müsabiqə”ni elan edib. Müsabiqənin təşkilat komitəsinin sədri və Münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Azərbaycanın Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.
2023-cü il 24-25 aprel tarixlərində Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir. Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. Müsabiqədə iştirak etmək istəyənlər 2023-cü il aprel ayının 1-dək sənədlərini – ərizə, 13×18 ölçüdə 2 rəngli foto-şəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı Azərbaycan Bəstəkarlar İttifaqına təqdim etməlidirlər. Müsabiqənin I mərhələsi aprelin 24-də, II mərhələ və qaliblərin mükafatlandırılması, habelə Qala-konsert Aprelin 25-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda keçiriləcək.
Müsabiqənin I mərhələsi üzrə proqrama A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, lirik pyeslər daxildir.İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni, bütöv yaxud onlardan hissələr ifa edə bilərlər.
II mərhələ üzrə proqramda A.Dadaşovun ümummilli lider Heydər Əliyevə həsr olunmuş Fortepiano ilə kamera orkestri üçün “Poema”(iki piano üçün köçürmədə) təqdim olunmalıdır.
Münsiflər heyətinin qərarı ilə müsabiqənin qaliblərinə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq: I yer – 1000 manat və I dərəcəli Diplom, II yer – 750 manat və II dərəcəli Diplom III yer – 500 manat və III dərəcəli Diplom, həmçinin dövlət, ictimai və özəl təşkilatları müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər. Müsabiqənin bütün iştirakçılarına xüsusi Sertifikatlar və xatirə medalyonları veriləcək.
***
19 oktyabr – Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda görkəmli bəstəkar, musiqi-ictimai xadim, SSRİ və Azərbaycanın Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Tədbiri ön sözlə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Rauf Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı tarixi əhəmiyyətindən, onun həm bəstəkar, həm musiqi-ictimai xadim kimi əvəzsiz xidmətlərindən bəhs etdi.
Tədbirdə tanınmış musiqişünasların – o cümlədən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyevanın “Azərbaycan musiqi mədəniyyətində Rauf Hacıyevin rolu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovanın “Rauf Hacıyevin balet yaradıcılığı” və gənc tədqiqatçı, Ü.Hacıbəyli adına BMA-nın doktorantı Könül Hüseynovanın“Rauf Hacıyevin yaradıcılığında operetta janrına bir nəzər” mövzusunda məruzələri dinlənildi.
Görkəmli musiqi xadimləri – bəstəklar, Xalq artisti, professor Tofiq Bakıxanov və musiqişünas, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva Rauf Hacıyev haqqında öz xatirələrini söylədilər.
Rauf Hacıyevin məşhur vokal əsərləri – “Leyla” və “Sevgilim” mahnıları, “Ana, mən evlənirəm” operettasından Nairanın mahnısı səslənərək, tədbir iştirakçılarının böyük rəğbətini qazandı. Gənc ifaçılar – beynəlxalq müsabiqə laureatları Əli Muradov (tenor) və Əminat Əhmədova (soprano) tərəfindən təqdim olunan vokal əsərləri konsertmeyster Dilarə Kərimova müşayiət etdi.
Tədbirin sonunda R.Hacıyev adına 15 saylı 11 illik Musiqi Məktəbinin şagirdləri Cəmil Sədizadə və Əbdüləli Hüseynli bəstəkarın məşhur melodiyalarından ibarət “Poppuri” (2 piano üçün aranjiman edən – müəllim Tamilla Məmmədova və onun şagirdi Emil Əhmədzadə) ifa edərək, sürəkli alqışlarla qarşılandılar.
Bəstəkarın ailəsi adından nəvəsi Mirzə Rüstəmov təşəkkür etdi.
23 oktyabr – Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadənin xarici ölkələrdəki yubiley tədbirləri çərçivəsində onun “Muğamsayağı” əsəri İspaniyanın San-Sebastyan şəhərində səsləndirilib. Əsər Bask Ölkəsi Milli Orkestrinin konsert zalında təqdim olunub və konsertmeyster Kamran Ömərlinin rəhbərliyi ilə məşhur simli “Le Monde” kvartetinin interpretasiyasında ifa olunub.
Konsertdə iştirak edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov “Muğamsayağı”nın virtuoz ifasına görə kvartetin musiqiçilərinə təşəkkür edib. Milli orkestrin baş direktoru Oriole Rokko ilə söhbətində səfir Azərbaycan klassik musiqisinin Azərbaycan və İspaniya arasında mədəni əlaqələrin qurulmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
***
27 oktyabr – Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Tanınmış musiqişünas, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru İmruz Əfəndiyevanın yaradıcılığına həsr olunmuş Elmi Konfrans keçirilmişdir.
Tədbiri ön sözlə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə İmruz Əfəndiyevanın milli musiqişünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs etdi. Onun həm tədqiqatçı alim, həm pedaqoq, həm maarifçilik fəaliyyətini, həm də qayğıkeş və səmimi insani keyfiyyətlərini yüksək dəyərləndirdi.
Firəngiz Əlizadə İmruz Əfəndiyevaya milli musiqişünaslıq elminin inkişafında xidmətlərinə görə “Qafqaz Media” İctimai Birliyinin təsis etdiyi “Xarı Bülbül” medalını təqdim etdi.
Elmi Konfransda Respublikanın tanınmış musiqişünaslarının – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovanın “Əziz müəllimim İmruz Əfəndiyeva haqqında söz”, Əməkdar incəsənət xadimi, Fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin “İmruz Əfəndiyevanın musiqi-ictimai xadim və təşkilatçı fəaliyyəti”, AMEA-nın müxbir üzvü, Sənətşünaslıq üzrə elmlər doktoru, professor Rəna Məmmədovanın “Sənətə sadiqlik”, Raya Abbasovanın “İmruz Əfəndiyevanın nəşr olunmuş sekvensiyalarının bədii-praktik əhəmiyyəti və milli harmoniya prinsiplərinin öyrənilməsində onların rolu”, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehriban Əhmədovanın “İmruz Əfəndiyevanın yaradıcılığında uşaq musiqisinə aid elmi-tədqiqat işləri haqqında”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehparə Rzayevanın “İmruz Əfəndiyevanın pedaqoji fəaliyyəti” mövzularında məruzləri dinlənildi.
Tədbirdə Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri səslənərək, tədbirə xüsusi rəng qatdı. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” tələbə xorunun (Xormeyster: Dmitri Babayev) ifasında Fikrət Əmirovun “Mən səni araram” əsəri və “Almanı atdım xarala” Azərbaycan xalq mahnısı təqdim edildi. Əməkdar müəllim, BMA-nın professoru Nərminə Quliyevanın tələbəsi Nəriman Məsimov Tofiq Quliyevin “Qaytağı” əsərini ifa etdi.
***
2 noyabr – unudulmaz sənətkar, şair, yazıçı, publisist, tərcüməçi Davud Nəsibin 80 illiyinə həsr olunan xatirə gecəsi keçirilmişdir.
Tədbiri ön sözlə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Davud Nəsibin milli ədəbiyyatşünaslığımızda mühüm rolu olduğunu qeyd edərək, onun Azərbaycan bəstəkarları ilə sıx əməkdaşlığı nəticəsində bir sıra gözəl musiqi əsərlərinin yaranmasından bəhs etmişdir. Firəngiz Əlizadə bilavasitə, şəxsən onun Davud Nəsibin sözlərinə yazılmış əsərinin yaranma tarixi haqqında öz xatirələrini söyləmişdir. Xalq şairi Nəbi Xəzrinin tələbəsi olmuş Davud Nəsibin şeirlərinin musiqi dili ilə üzvi vəhdət təşkil etdiyini vurğulamışdır.
Tədbirdə Davud Nəsibin sözlərinə bəstələnmiş “Qizlar yaman göyçəkdi” (Mus: Azər Rzayev), “Sevənlərə gül verin” (Mus: Ramiz Mirişli), “Gözüm səni axtarir” (Mus: Ağəli İbrahimov) və s. mahnıları səsləndi. Xanəndələr – Əməkdar artist Nuriyyə Hüseynova və Sərxan Bünyadzadə mahnıları təqdim etdilər.
Qiraətçi, AzTv-nin diktoru Hüseynağa Aslanov Davud Nəsibin “Azərbaycan”, “Taniyacaqsan”, “Torpaq”, “Bir də ata haqqinda”, “Son nağil bəlkə də” və s. şeirlərini söylədi.
Davud Nəsibin həyat və yaradıcılığına dair habelə, Davud Nəsibin həyat yoldaşı Məxfirət xanım haqqında video çarxlar nümayiş etdirildi. Onun haqqında sənədli filmdən çıxışlar (İsa Muğanna, Vaqif Səmədoğlu, Nəriman Həsənzadə, Teymur Bünyadov, Vidadi Babanlı) dinlənildi.
Tədbirin sonunda Davud Nəsibin övladları Xəyal və Xəyyam Nəsibovlar çıxış edərək, təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər.
***
3 noyabr – Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilmiş “Zəfər Günü”nə həsr olunmuş tədbirdə bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının professoru Məmmədağa Umudovun “Qarabağa yürüş” simfonik əsəri lent yazısında səslənmişdir.
***
7 – 14 noyabr – Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Zəfər Bayramı”na həsr olunmuş “Gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumu” keçirilmişdir.
7 noyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Plenumun simfonik konserti – “Zəfər sədası” adlı konsert olmuşdur.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova tamaşaçıları salamlayaraq, Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb və bildirib: “Ötən il Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi keçirilib. Bu gün həmin müsabiqənin qalibi olan əsərləri də dinləmək imkanı əldə edəcəyik.”
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə xalqımıza şanlı Qələbə yaşadan Ali Baş Komandan və şanlı Ordumuzun şücaətindən söz açıb, bu Zəfərin mədəniyyətimizə təsirindən danışıb: “Bəstəkarlar İttifaqı olaraq gənc bəstəkarları öz sıralarımıza qəbul edirik, cığır açırıq. Onların akademik yolda uğur qazanmaları aldıqları təhsil və öz içlərindən gələn duyğulara bağlıdır. Müasir və akademik musiqi ilə məşğul olmaq çətindir. Bizim musiqi sənətimiz həmişə yüksəklərdə olub. Ötən il keçirilən müsabiqəyə 26 partitura daxil olmuşdu və onlardan 15-i qəbul edilərək dinlənildi. Bu gün biz 3 qalibi mükafatlandıraraq bütün gənc bəstəkarlara uğurlar arzulayırıq”.
Konsertdən öncə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə “Vətən Müharibəsindəki Şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi”nin qaliblərini təbrik edərək, onlara mükafatları və diplomları təqdim etdi. Tural Məmmədli “Şuşa fəthi” Simfonik Poemasına görə I mükafata, Vətən müharibəsi qazisi Vüqar Məmmədzadə “İnsan” Simfonik Poemasına görə II mükafata, Elvin Quliyev “Qayıdış” Simfonik Poemasına görə III mükafata layiq görüldü. Gənc bəstəkar Üzeyir Məmmədova həvəsləndirici mükafat verildi.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (Dirijor – Xalq artisti Fəxrəddin Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının (Bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) iştirak etdiyi Konsert proqramında klassik bəstəkarların əsərləri – o cümlədən, Üzeyir Hacıbəylinin “Koroğlu operasından “Çənlibel” xoru, Fikrət Əmirovun “Azərbaycan” Simfonik Süitası (I hissə), Oqtay Zülfüqarovun “Şənlən xalqım” Uvertürası, Qara Qarayevin “Zamanın bayraqdarı” Kantatası, həmçinin, gənc laureat bəstəkarların əsərləri səsləndi.
10 noyabr tarixində Plenum öz işini davam etdirdi. Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda keçirilmiş gənc bəstəkarların kamera-instrumental əsərlərindən ibarət Konsertdə bir sıra bəstəkarların trio janrında əsərləri – o cümlədən, Pikə Axundovanın “İstiqlal” Triosu, Tural Məmmədlinin “Qəribdən Vətən” Triosu, Vüqar Məmmədzadənin Fortepiano Triosu, Azər Hacıəsgərlinin “Üç havanın rəqsi” Triosu təqdim edildi.
Piano üçün yazılmış əsərlər sırasında – İlahə Qismətin “World of Nasimi”, Yusif Bayramovun “Contradictio in adjecto”, Sevinc Əliyeva-Qəmbərovanın Prelüdləri səsləndi. Habelə, Vəfa Bağırzadənin kamança və piano üçün “Yurd harayı”, Elvin Quliyevin klarnet və piano üçün Skertso, Aydan Əliyevanın violonçel və piano üçün Sonatası (I hissə) böyük maraqla qarşılandı.
Azərbaycan Dövlət Triosunun solistləri, Əməkdar artistlər – Töhfə Babayeva (violin), Səbinə İbrahimova (violonçel), Elnarə Kəbirlinskaya (piano), habelə, Aleksey Miltıx (violonçel), Əyyub Əliyev (violonçel), Beynəlxalq müsabiqələr laureatları – Ümidə Abbasova (violin), Fəqan Həsənli (piano), pianoçular – Nərgiz Kəngərli,Nərmin Rzayeva, Leyla Əliyeva, Gülya Kərimova, Nərgiz Əliyeva, həmçinin Sevinc Mirzəli (kamança), Məmməd Rəcəbli (klarnet),
Pərviz Quliyev (balaban), İsmayıl Ələsgərov (valtorna) əsərlərin hazırlanmasında və ifa edilməsində peşəkarlıqla çalışmışlar.
11 noyabr tarixində Plenumun gənc bəstəkarların kamera-vokal əsərlərindən ibarət Konserti keçirilmişdir. Konsertin proqramında Vəfa Bağırzadənin “Azərbaycan” (söz:Nəriman Həsənzadə), Elvin Quliyevin “Gəlmişəm” (söz: Rəhman Babaxanlı) və “Qayıt Vətənə” (söz:Oqtay Rza), Rəcəb Zeynalovun “Bir nağıl gecəsi”, “Bağışla” (söz:Nüsrət Kəsəmənli), Fərid Fətullayevin “Vətən” (söz: müəllif), Qumru İmamverdiyevanın “Söylə”, “Sən və mən” (söz:Mikayıl Müşfiq), Sara Dilrubanın “Səngərəm” (söz:Afət Vəlişsoy) və “Şuşa” (söz:Anar Bayramov), Sevinc Əliyeva-Qəmbərovanın “Azərbaycan bayrağı” (söz:Ramiz Qusarçaylı) mahnı və romansları səslənmişdir. Əsərləri vokalçılar Fəxri Kazım Nicat (tenor), İsmət Sabirli (bariton), Səidə Şərifəliyeva (soprano), Şaban Cəfərov (tenor) və Vüqar Hacıyev (tenor) təqdim etmişlər.
Plenum çərçivəsində həmçinin “Gənc bəstəkarların yaradıcılığında problemlər və perspektivlər” mövzusunda Konfrans keçirilmişdir. Konfransda gənc musiqişünaslar – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabovanın “Vətənpərvərlik mövzusu gənc bəstəkarların yaradıcılığında”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədovanın “Azərbaycan bəstəkarlarının operalarında tarixi-qəhrəmanlıq mövzusu”, Azərbaycan Milli Konservatoriyasının doktorantı Humay Fərəcova-Cabbarovanın “Gənc bəstəkar İlahə Qismətin “Dədə Qorqud” baleti haqqında” və Bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının “Yaradıcı gənclərlə iş” bölməsinin sədri Tural Məmmədlinin “Gənc bəstəkarların yaradıcılığında problemlər və perspektivlər” mövzusunda məruzələri dinlənilmişdir.
14 noyabr tarixində Azərbaycan Bəstəkarlar İttifaqında keçirilmiş “Dəyirmi masa”da “Zəfər Bayramı”na həsr olunmuş “Gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumu”nun yekunları müzakirə edilmişdir.
***
16 noyabr – Azərbaycan Bəstəkarlar İttifaqında İdarə Heyətinin geniş iclası keçirilmişdir. İclasda Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı müzakirə edilmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə iclasda qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox əlamətdar bir hadisədir. Heydər Əliyev hələ sağlığında öz misilsiz xidmətləri ilə xalqımızın qəlbində əfsanəvi şəxsiyyət kimi hörmət qazanmışdır. Onun parlaq obrazı, əvəzolunmaz fəaliyyəti incəsənətin müxtəlif sahələrində – o cümlədən, Azərbaycan bəstəkarlarının yaradıcılığında öz əksini tapmışdır.
Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Oqtay Rəcəbov, Sərdar Fərəcov, Vasif Allahverdiyev və b. bəstəkarlar Heydər Əliyevə həsr olunmuş monumental simfonik əsərlər yaratmışlar. Onun işıqlı obrazı digər musiqi janrlarında yazılmış əsərlərdə – kantatalarda, odalarda, mahnılarda vəsf olunmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqında hər il mütəmadi olaraq, Heydər Əliyevin doğum və anım günləri qeyd olunur, elmi konfranslar keçirilir, böyük rəhbərimizə həsr olunmuş yeni əsərlər dinlənir və müzakirə edilir.
İdarə Heyəti üzvlərinin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planına ümummilli liderə həsr olunmuş əsərlərdən ibarət konsertlərin və “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” adlı elmi konfransın keçirilməsi haqqında təklifləri daxil edildi. İdarə Heyətinin sədri Firəngiz Əlizadə bəstəkarlarımızı ümummilli lider Heydər Əliyevin obrazını əks etdirən müxtəlif janrlı yeni əsərlərin yaradılmasına səfərbər etdi. Xüsusilə, görkəmli siyasi və dövlət xadimi, dahi tarixi şəxsiyyət kimi Heydər Əliyevin əvəzedilməz xidmətlərini əks etdirən iri həcmli monumental əsərlərin yazılmasının vacibliyi qeyd olundu.
***
18 noyabr – Azərbaycan Bəstəkarlar İttifaqında dünyaca məşhur Azərbaycan bəstəkarı, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı FikrətƏmirovun anadan olmasının 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir-üzvü, professor Firəngiz Əlizadə açaraq bəstəkarın parlaq və çoxşaxəli yaradıcılığının əhəmiyyətindən danışıb. Qeyd edib ki, Fikrət Əmirov musiqi mədəniyyəti tarixinə novator bəstəkar, yeni musiqi janrlarının yaradıcısı kimi daxil olub. Şifahi ənənənin əvəzsiz peşəkar musiqi nümunələrinə olan hədsiz heyranlığı onu simfonik muğamlar yaratmağa vadar edib. Simfonik orkestrin rəngarəng ifasında “Şur”, “Kürdovşarı”, “GülüstanBayatı-Şiraz” bəstəkara böyük şöhrət gətirib. Fikrət Əmirov həm də Azərbaycanda ilk dəfə olaraq Opera və Balet Teatrının repertuarında uzun onilliklər ərzində qorunub saxlanılan “Sevil” lirik-psixoloji operasının müəllifidir. Onun “Nizami”, “Azərbaycan kapriççiosu” simfoniyası, “Min bir gecə”, “Nəsiminağılı” baletləri milli musiqi sənətimizin xəzinəsinə daxildir.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun “Fikrət zirvəsi” layihəsi çərçivəsində bəstəkarın əsərlərinin tam toplusu, onun yaradıcılığına həsr olunmuş kitablar, disklər işıq üzü görüb. F.Əlizadə vurğulayıb ki, Fikrət Əmirovun 100 illik yubileyi təkcə bu günlərdə onun adı ilə bağlı böyük musiqi festivalının keçirildiyi ölkəmizdə deyil, digər ölkələrdə – Fransada, Türkiyədə və Rusiyada da geniş qeyd olunur.
Konfransda Fikrət Əmirov adına 6 nömrəli İncəsənət Məktəbinin direktoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə Yusifovanın “F.Əmirov adına 6 nömrəli İncəsənət Məktəbi dahi bəstəkarın irsinin qoruyucusu və təbliğatçısı kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyevanın “Fikrət Əmirovun yaradıcılığında Nizami poeziyası” mövzularında məruzələri dinlənilib.
Tədbirdə Fikrət Əmirovun publisistik irsindən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, bəstəkarın yaradıcılığının təbliği məsələlərindən isə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı danışıb.
Tədbirin musiqi hissəsində bəstəkarın vokal və instrumental əsərləri – Piano üçün Rəqs və 2 saylı Prelüd (ifaçı – Beynəlxalq müsabiqələr laureatı, Fikrət Əmirov adına 6 saylı İncəsənət Məktəbinin 7-ci sinif şagirdi Turan Cəfərzadə), “Ulduz” Romansı (söz: Məmməd Rahim, solist – Ruslan Persan), “Sevil” operasından Dilbərin romansı (solist – Kamilla İmanova) və Atakişinin kupletləri (solist – Fərhad Ələkbərov) təqdim edilib.
***
21 noyabr – Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zemfira Qafarovanın 80 illik yubileyi münasibətilə yeni nəşr olunmuş “Seçilmiş məqalələr” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə iştirak edən Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev Zemfira Qafarovanın zəngin elmi axtarışlarından danışıb və onun musiqi irsimizin tədqiqi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın milli musiqi elmimizin inkişafında böyük əməyi var.
Bildirilib ki, musiqişünas Zemfira Qafarova bir sıra bəstəkarlarımızın həyat və yaradıcılıqlarını, əsərlərinin üslub xüsusiyyətlərini işıqlandırıb. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Üzeyir Hacıbəylinin “Koroğlu” operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan “Koroğlu” dərs vəsaiti, bir sıra məruzə çıxışları və məqalələri peşəkar musiqiçilərin və musiqisevərlərin nəzər diqqətində olub və Azərbaycan milli musiqisinin təbliğinə qulluq edir.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə yubilyarı təbrik edərək, onun elmi yaradıcılığından söhbət açıb. Bildirib ki, Zemfira Qafarovanın tədqiqatları içərisində ən yüksək yeri Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə həsr etdiyi araşdırmaları və bilavastə “Koroğlu” operası ilə bağlı monoqrafiyası tutur. Monoqrafiyanın mündəricəsində eyniadlı el dastanının tarixi təkamülündən tutmuş, operanın bütün komponentlərinin ardıcıl surətdə təhlilə cəlb edilməsinin şahidi oluruq. Zemfira Qafarova o dəyərli musiqişünaslardandır ki, elmi yaradıcılığı və fəaliyyəti yalnız bir mövzu çərçivəsində qalmır. O, 50 ilə yaxın davam edən fəaliyyəti dövründə bir sıra görkəmli bəstəkarlarımızın yaradıcılıq irsinə, ilk dəfə olaraq, monoqrafik tədqiqatlar həsr edib.
Firəngiz Əlizadə Üzeyir Hacıbəyli irsinin tədqiqi və təbliği istiqamətində xidmətlərinə görə Zemfira Qafarovaya Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” medalını və təbrik ünvanını təqdim edib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları -Gülnaz Abdullazadə, Ülviyyə İmanova, İmruz Əfəndiyeva, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, tanınmış musiqişünas Raya Abbasova və başqaları Zemfira xanımın yaradıcılıq fəaliyyətini müxtəlif rakursalrdan işıqlandırıblar.
Bildirilib ki, “Renessans” nəşriyyatında çap olunmuş kitabın tərtibçi-redaktoru musiqişünas, BMA-nın dissertantı Nərgiz Qulamovadır. Üç hissədən ibarət məqalələr toplusuna Zemfira Qafarovanın dərc olunmuş məqalələri və müsahibələri, onun haqqında yazılmış məqalə və müsahibələr, Zemfira xanımın 75 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları daxildir.
Qeyd edilib ki, Zemfira Qafarova tədqiqatçı-alim, pedaqoq və ictimai xadim kimi Azərbaycan musiqişünaslığına dəyərli töhfələr verib. Onun Azərbaycanın görkəmli bəstəkarları haqqında yazdığı monoqrafiya, müxtəlif tədbirləri əks etdirən məqalə və resenziyalar, televiziya və radio verilişlərində və konsert salonlarında çıxışları Azərbaycan mədəniyyət tarixinin əvəzsiz xəzinəsidir. Zemfira Qafarovanın çoxşaxəli yaradıcılığında pedaqoji fəaliyyəti də önəmli yer tutur. Onun illərdir yetişdirdiyi musiqiçilər hazırda professional fəaliyyətləri ilə məşğul olaraq uğurlar qazanırlar. Peşəkar pedaqoq, həmçinin qələmi tükənməyən musiqişünas kimi o, öz işinə daim məsuliyyətlə yanaşır. Həm Bakı Musiqi Akademiyasında, həm də Bəstəkarlar İttifaqında Zemfira xanım professional musiqişünas, incəsənət xadimi, qayğıkeş müəllim, eyni zamanda xeyirxah insan, səmimi dost və güclü qadın kimi çoxlarına örnəkdir.
Sonra konsert proqramı təqdim edilib. Konsertdə Zemfira xanımın yaradıcılıqlarını tədqiq etdiyi bəstəkarların – Üzeyir Hacıbəylinin (“Sənsiz” Qəzəl-romansı, “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, “Koroğlu” operasına Uvertüra), Ramiz Mustafayevin (“Anam yadıma düşdü”), Tofiq Bakıxanovun (“İmprovizasiya”), Hacı Xanməmmədovun (Tar və simfonik orkestr üçün 3 saylı Konsertin II və III hissələri), Şəfiqə Axundovanın (“Həsrətindəyəm”) əsərləri səsləndirilib. İfaçılar – Xalq artistləri Gülyanaq Məmmədova (xanəndə), Ülviyyə Hacıbəyova (piano), Əməkdar artist Sahib Paşazadə (tar), Prezident təqaüdçüsü Zərrin Əliyeva (violin), Fəxri Kazım-Nicat (vokal) və Əminat Əhmədova (vokal) öz parlaq ifaları ilə tədbirə xüsusi rəng qatıblar.
Sonda gecənin səbəbkarı bütün qonaqlara dərin təşəkkürünü bildirib, təqdimatı keçirilən kitabın ərsəyə gəlməsində əməyi olan yaradıcı kollektivə ürək sözlərini və minnətdarlığını çatdırıb.
***
22 noyabr – Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümü tamam olmuşdur. Bu münasibətlə tanınmış mədəniyyət xadimləri və Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının əməkdaşları Fəxri xiyabana gələrək Fikrət Əmirovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın ömür yolundan və yaradıcılığından danışıb. Bildirib ki, bəstəkar musiqinin bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Fikrət Əmirovun bəstələri əbədiyaşardı və bu əsərlər daim onu yaşadacaq. Bu gün Fikrət Əmirovun əsərləri dünyanın demək olar ki, hər yerində səslənir.
Bəstəkarın yaradıcılığının həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən Vaqif Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki mərhələsində bəstəkarın yaradıcılığına diqqət və qayğı göstərib. Prezident İlham Əliyevin Fikrət Əmirovun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı Sərəncam da sənətkarın zəngin irsinə dövlət qayğısının davam etdiyini göstərir. Dövlət başçısının Sərəncamına əsasən, dahi musiqiçinin yubileyi ölkəmizdə və xaricdə təntənəli şəkildə qeyd olunur. Bəstəkarın 100 illiyinin UNESCO-da qeyd olunması isə təkcə Fikrət Əmirov irsinə deyil, bütövlükdə Azərbaycan mədəniyyətinə olan diqqət və marağın bariz göstəricisidir: “Azərbaycan musiqi mədəniyyətinə parlaq nümunələr bəxş etmiş bəstəkarın zəngin irsi yeni nəsil bəstəkarlar üçün bir örnəkdir. Fikrət Əmirovun xatirəsi qəlbimizdə əbədi yaşayacaq”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə deyib ki, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov – Azərbaycan bəstəkarlıq məktəbinin möhkəm dayaqlarını təşkil edirlər. Fikrət Əmirovun simfonik əsərləri dünyanın dahi dirijorların repertuarında səsləndirilib. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfoniyasının ən gözəl nümunələri kimi daima ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli diqqətə çatdırıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunur. Diqqətə çatdırıb ki, Fikrət Əmirovun simfonik muğamları dahi dirijorların idarə etdiyi böyük orkestrlər tərəfindən səslənib.
Respublikamızda noyabrın 12-dən 23-dək dahi bəstəkarımız Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş Musiqi Festivalı keçirilmişdir. Festivalın tədbirləri Bakı, Gəncə, Sumqayıt və b. şəhərlərin konsert salonlarında və teatr səhnələrində baş tutmuşdur. Festivalın təntənəli yubiley konserti bəstəkarın doğum günündə – 22 noyabr tarixində Heydər Əliyev Sarayında keçirilmişdir. 23 noyabr tarixində isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Min bir gecə” baleti nümayiş edilmişdir.
Həmçinin, Festival günlərində (18 noyabr) Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə dahi bəstəkarımız Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş Elmi Konfrans keçirilmişdir.
***
6 dekabr – Azərbaycanın Almaniyadakı səfirliyi Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə konsert təşkil edib.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ön sözlə çıxış edərək, Firəngiz Əlizadənin həyat və yaradıcılığından söhbət açıb. Qeyd edib ki, gənc yaşlarından musiqi əsərlərinin müəllifi olan bəstəkar beynəlxalq səviyyədə uğurlara imza atıb. Onun əsərləri dünyanın bir çox tanınmış musiqiçiləri və orkestrləri tərəfindən ifa olunur. F.Əlizadə Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə pedaqoji fəaliyyətlə məşğul olur və gənc musiqiçilərin yetişməsində böyük əməyi var.
Tədbirdə Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının musiqi kollektivinin ifasında Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert təqdim olunub. Bəstəkarın “Rəqs”, “Dastan”, “İmpuls”, “Aşk havası”, “Muğamsayağı” və digər əsərləri böyük maraqla dinlənilib və gurultulu alqışlarla qarşılanıb.
Tədbirdə Almaniyanın dövlət strukturunun, diplomatik və KİV nümayəndələri, elm və incəsənət xadimləri, həmçinin Almaniyada yaşayan Azərbaycan və Türkiyə diaspora fəalları iştirak etmişlər.
Firəngiz Əlizadənin yubiley ili Berlində musiqili tədbirlər kaskadı ilə başa çatıb. Yubiley tədbirlərinə dekabrın 6-da Azərbaycanın Berlindəki səfirliyinin mədəniyyət mərkəzində start verilib. Rahat konsert zalı dəvət olunmuş qonaqlarla dolu idi, onların arasında diplomatik korpusun, Bundestaqın üzvləri, Almaniyanın ictimai xadimləri və musiqiçiləri də vardı. Firəngiz Əlizadənin müəllif konserti Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayevin mənalı çıxışı ilə açılıb.
Daha sonra bəstəkarın yaradıcılığından bəhs edən qısa metrajlı film nümayiş etdirilib, daha sonra Firəngiz Əlizadənin kamera janrında əsərləri səsləndirilib. Beynəlxalq müsabiqələr laureatları – Ümidə Abbasova, Səidə Tağızadə, Nəzrin Aslanlı, Orxan Hüseynov, Rəna Rəhimova və Emin Hüseynovun parlaq yozumunda F.Əlizadənin tanınmış, yüksək bədii əsərləri ifa olunub və tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Ertəsi gün “Arsenal” kinoteatrında alman kinorejissoru “Eine Maestra aus Azərbaycan” bəstəkarının yaradıcılıq yolunun Berlin dövrünü əks etdirən sənədli filmi tamaşaçıların diqqətinə təqdim olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və bəstəkarın iştirakı ilə keçirilən spontan mətbuat konfransı tamaşaçıları vətənlərinin zəngin musiqi mədəniyyəti ilə tanış edib.
Dekabrın 9-da Berlinin ən yaxşı konsert zalında – məşhur Konzerthausda Dmitri Sitkovetskinin dirijorluğu ilə İngilis kamera orkestri – NES (New Europe Strings) çıxış etdi. Konsert proqramında J. S. Baxın əsərləri ilə yanaşı, İsraildən olan bəstəkar L. Desyatnikov və Azərbaycan musiqisi geniş şəkildə təmsil olunub. İki yubilyar bəstəkarın əsərləri ifa olunub: FikrətƏmirov (“Nizami” simfoniyası) və Firəngiz Əlizadə (“Metamorfozlar” və “Rəqs”). Tamaşaçılar təqdim olunan əsərləri, ifaçıları, dirijor – D.Sitkovetskini böyük coşqu ilə qarşıladılar, o, ifa olunan musiqi haqqında maraqlı şərhləri ilə konsert proqramını bəzədi, eyni zamanda dünya şöhrətli bəstəkar F.Əlizadəni konsertdə iştirak edən tamaşaçılara təqdim etdi.
Dekabrın 10-da F.Əlizadənin şərəfinə keçirilən yubiley tədbirlərinin Berlin marafonu Berlin musiqisevərlərinin sevimli məkanı olan Heilig Kreuz Kirche-də gözəl konsert proqramı ilə başa çatıb. Burada uzun illər müxtəlif festivallarda Azərbaycan bəstəkarının əsərlərini ifa edən Danimarka musiqiçiləri – “Rudersdal Chamber Players” ansamblı çıxış edib. Zəngin proqrama F.Əlizadənin 4 əsəri – “Xəzər” piano kvinteti, “Trio – İmpromptus”, “Dance”, həmçinin “Waswird?” (“Nə olacaq?”) piano kvarteti daxil edilib. Bundan əlavə, proqramda məşhur Danimarka bəstəkarı Karl Rasmussenin “Solaris” əsəri səsləndirilib.
Bu zalın heyrətamiz ab-havasında təqdim olunan bütün əsərlər Danimarka musiqiçilərinin heyranedici ifasında möhtəşəm səslənərək tamaşaçını parlaq duyğuların və dərin hisslərin sehrli dünyasına apardı. Bəstəkar F.Əlizadə və ansambl üzvləri dəfələrlə səhnəyə çıxıb, ictimaiyyətin aramsız alqışlarına cavab verdilər. Maraqlıdır ki, uğurlu konsertdən dərhal sonra Danimarkanın tanınmış səsyazma şirkətlərindən birinin meneceri “Rudersdal Chamber Players” şirkətinə F.Əlizadənin əsərləri ilə disk yazdırmağı təklif edib.
Xatırladaq ki, danimarkalı menecerin təklifi reallaşarsa, bu, F.Əlizadənin Sony Classical (Yaponiya), Deutsche Grammofon (Almaniya), Nonesuch (Amerika), Le Chantedu Monde (Fransa), BIS (İsveç) və s.kimi nüfuzlu şirkətlər tərəfindən lentə alınan sayca 12-ci müəllif diski olacaq.
F.Əlizadənin yubileyinə həsr olunmuş və həftə ərzində Berlində keçirilən silsilə tədbirlər təkcə konsertlər və film nümayişləri ilə məhdudlaşmırdı. Müxtəlif ölkələrin musiqiçiləri ilə maraqlı görüşlər keçirilib, müasir musiqi yaradıcılığı məsələləri, eləcə də gələcək yaradıcılıq əməkdaşlığının perspektivləri müzakirə edilib.
***
9 dekabr – Azərbaycan Milli Konservatoriyasında (AMK) tanınmış bəstəkar, Xalq artisti Sərdar Fərəcovun 65 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək bəstəkarın zəngin yaradıcılıq yolundan danışıb. Bəstəkarın konservatoriyadakı uğurlu fəaliyyətini qeyd edən rektor onun gördüyü işləri yüksək qiymətləndirib.
Sonra S. Kərimi bəstəkara Milli Konservatoriyanın fəxri medalını təqdim edib.
Çıxışlarda qeyd edilib ki, S. Fərəcov səhnə üçün yazılan musiqilərdən kiçik miniatürlərə qədər müxtəlif janrlarda əsərlər yazıb. O, kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifidir.
Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru vəzifəsində çalışan S.Fərəcovun yaradıcılığında ən önəmli və vacib yerlərdən birini dahi bəstəkarımızın bəzi əsərlərinin işləmələri və yenidən bərpası tutur.
Qeyd edilib ki, bəstəkarın əsərləri musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib.
Sərdar Fərəcov bir bəstəkar, tədqiqatçı olmaqla yanaşı həmçinin ədəbi yaradıcılıqla da məşğul olur. Onun 1000-dən artıq şeiri, hekayələri, səhnə əsəri, librettosu, ssenarisi vardır – Üzeyir Hacıbəyliyə həsr olunmuş “Azərbaycantelefilmin” çəkdiyi “Əbədi iftixarımız”(2010), “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar ittifaqı” (2014) filmlərinin ssenari müəllifidir.
Sonra bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
***
Dekabrın 12-də – Azərbaycan Bəstəkarlar İttifaqında Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb. Azərbaycan Bəstəkarlar İttifaqında katibliyin Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin vəfat etməsinin 19-cu ildönümünə həsr olunmuş geniş iclası keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Heydər Əliyevin nurlu simasının Azərbaycan xalqının yaddaşında həmişəlik qalacağını qeyd edib. Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısında öz görkəmli xidmətləri ilə hələ sağlığında ümumxalq sevgisi qazanaraq əfsanəvi şəxsiyyətə çevrilmişdi. Onun parlaq siması və son dərəcə mühüm fəaliyyəti incəsənətin bir çox sahələrində, o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərində öz əksini tapıb. Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Vasif Allahverdiyev, Sərdar Fərəcov, Oqtay Rəcəbov və digərləri öz iri simfonik əsərlərini Heydər Əliyevə həsr ediblər. Onun siması başqa janrlardan olan əsərlərdə – çoxsaylı kantata, oda və mahnılarda da əks etdirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov vurğulayıb ki, Azərbaycan Bəstəkarlar İttifaqı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını ürəkdən alqışlayır. Bu, Azərbaycanın ictimai və siyasi həyatında ən əlamətdar hadisələrdən biridir. Hər il Azərbaycan Bəstəkarlar İttifaqında Heydər Əliyevin doğum və xatirə günü qeyd olunur, musiqişünaslığa dair elmi konfranslar keçirilir, dahi liderə həsr olunmuş yeni əsərlər dinlənilir və müzakirə olunur.
“Heydər Əliyev İli” və Ümummilli Liderin 100 illiyi ərəfəsində Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyi yaradıcı birliyin bütün üzvlərini dahi siyasi və dövlət xadiminə həsr olunmuş yüksək bədii səviyyəli musiqi əsərləri yaratmağa səsləyib.
***
15 dekabr – Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, pedaqoji elmlər doktoru, professor, Prezident təqaüdçüsü Oqtay Rəcəbov 15 dekabr 2022-ci il tarixində həyatının 81-ci ilində vəfat etmişdir.
Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci ildə aprelin 5-də Bakıda anadan olmuşdur. O, 1958-1963-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakultəsində təhsil almış, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə daxil olmuş və 1971-ci ildə professor Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirmişdir. Onun bir bəstəkar kimi dünyagörüşünün formalaşmasında Qara Qarayev, Fikrət Əmirov, D.B.Kabalevski kimi görkəmli bəstəkarların böyük təsiri olmuşdur.
1960-cı ildən Bakı şəhərinin bir sıra orta məktəblərində fizika müəllimi, daha sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərən O.Rəcəbovun musiqiyə olan həvəsi üstün gəlmiş və o, həyatını bütünlüklə musiqi sənətinə, bəstəkarlığa həsr etmişdir.
O.Rəcəbov “Göyçək Fatma”, “Xeyir və Şər”, “Tıq-tıq xanım”, “Sərçəcik” uşaq operalarının, “Ağac gözəl” baletinin, “Əlin cibində olsun”, “Şeytanın yubileyi” musiqili komediyalarının, habelə, 7 Simfoniyanın (7-ci “Xocalı” Simfoniyası), simfonik poemaların, kantataların, və oratoriyaların (“Xocalı avazları”, “Heydər”, “Çingiz” və s.), instrumental konsertlərin, kamera-instrumental əsərlərin, kinofilmlərə yazılmış musiqinin müəllifidir. Onun yaradıcılığında uşaqlar üçün yazılmış və uşaqlara həsr olunmuş əsərlər xüsusi yer tutur.
Ümumiyyətlə, gənc nəslin musiqi-estetik tərbiyyəsi bəstəkarın daima diqqət mərkəzində olmuşdur. O.Rəcəbov məktəblilərin musiqi-estetik tərbiyyəsi və ümumtəhsil məktəbləri üçün eksperimental musiqi proqramlarının hazırlanması və tətbiqi sahəsində fəaliyyətinə görə Respublika komsomolu mükafatına layiq görülmüşdür.
1977-ci ildən etibarən O.Rəcəbov “Məktəblilərin musiqi klubu” adlı silsilə televiziya verilişlərinin aparıcısı olmuş, uzun illər bu verilişlərin hazırlanmasında fəal çalışmışdır.
Bəstəkarın elmi fəaliyyəti də önəmlidir. O, 1985-ci ildə Moskvada “Azərbaycan bəstəkarlarının uşaqlar üçün musiqisi və məktəblilərin musiqi-estetik tərbiyyəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, daha sonra Azərbaycan Pedaqoji Elmlər üzrə Elmi-Tədqiqat İnstitutunda çalışaraq, pedaqoji elmlər doktoru elmi dərəcəsini qazanmışdır.
2009-cu ildə O.Rəcəbov Rusiya Federasiyası Pedaqoji və Sosioloji Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, “Musiqi və mənəvi tərbiyyə”, “Uşaqlar və mahnılar” adlı monoqrafiyaların, ümumtəhsil məktəblərinin I-VIII sinifləri üçün musiqi dərsliklərinin, musiqi proqramlarının, metodiki tövsiyələrin müəllifi, “Azərbaycan bəstəkarlarının uşaq mahnıları antalogiyası” tərtibçisidir.
O, Rəcəbov fəal ictimai-musiqi xadimi kimi 1974-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə uzun illər bu təşkilatın “Uşaq musiqisi” bölməsinin rəhbəri olmuşdur. Respublikanın musiqi həyatında fəal iştirak edən O.Rəcəbov beynəlxalq əhəmiyyətli simpoziumlarda və konrfranslarda Azərbaycan musiqi elmini yüksək səviyyədə təmsil etmişdir.
Unudulmaz bəstəkarımız Oqtay Rəcəbovun işıqlı xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdır. Allah rəhmət eləsin!
***
19 dekabr – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı və ABİ-nın Sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin təşəbbüsü ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Müasir orqan musiqisi” adlı Konsert keçirilmişdir.
Konsertin proqramına Avropa və Azərbaycan bəstəkarlarının orqan əsərləri və orqan üçün işləmələr – o cümlədən, Olivye Messianın “Ölüm və həyat mübarizəsi”, Alfred Şnitkenin Qədim üslublu Süitdən“Menuet”, Simon Prestonun “Alleluyas”, Şarl Turnemirin İmprovizasiya “Viktimae Paschali”, habelə, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və 2 Prelüd (Orqan üçün işləyəni T.Yaqubova), Fikrət Əmirovun “Şur” Simfonik muğamından fraqmentlər (Orqan üçün işləyəni Ş.Abdullayeva) və Firəngiz Əlizadənin “Fantaziya” əsərləri daxil edilmişdir.
Əsərləri Respublikanın tanınmış orqan ifaçıları, Beynəlxalq müsabiqə laureatları – Şəfəq Abdullayeva (orqan), Natavan Quliyeva (orqan) və Əməkdar artist Töhfə Babayeva (violin) təqdim etmişlər.
Konsertin ideya müəllifi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Orqan ifaçılığı” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovadır.
*** 18 yanvar – Azərbaycan Bəstəkarlar İttifaqında 1990-cı ilin faciəvi 20 Yanvar hadisələrinin 33-cü ildönümünə, Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov qeyd etmişdir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Bakıda mülki əhaliyə qarşı törədilmiş bu dəhşətli cinayətlərə ilk dəfə siyasi qiymət verərək, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. O dəhşətli, qanlı “Qara Yanvar” hadisələri haqqında acı xatirələr, yüzlərlə günahsız insanların qətlə yetirilməsi xalqımızın hafizəsindən heç bir zaman silinməyəcək.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev bütün bu illər ərzində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda öz həyatlarını qurban vermiş şəhidlərin ailələrinə böyük qayğı göstərmişdir. Azərbaycan Bəstəkarlar İttifaqında da hər il Ümumxalq Hüzn Günü ərəfəsində “Qara Yanvar” qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirilir.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova tədbirdə çıxış edərək, Azərbaycan bəstəkarlarının faciəvi yanvar hadisələrinə həsr olunmuş musiqi əsərləri haqqında məlumat verdi. Bilavasitə, fəciəvi hadisələrdən sonra, həmçinin bütün bu illər ərzində müxtəlif janrlarda bir çox əsərlər yazılmışdır. Bu mövzuya həm yaşlı, həm də gənc nəslin bəstəkarları müraciət etmişlər. Nəticə etibarilə, bir sıra iri həcmli və kamera əsərləri yaranmışdır. Bu əsərlər sırasında ilk növbədə, Cövdət Hacıyevin “Şəhidlər” Simfoniyası, Azər Rzayevin “Bakı-90” Simfoniyası, Ramiz Mustafayevin “Salatın” Oratoriyası, Vasif Adıgözəlovun “Qəm karvanı” Oratoriyası, Musa Mirzəyevin “Qeyrət vaxtıdır”, Firəngiz Əlizadənin “İntizar” operası, Azər Dadaşovun “20 Yanvar” Simfoniyası, Rauf Əliyevin “Azadlığa gedən yollar”, Mobil Babayevin “Ağlama, torpağım, ağlama”, Elnarə Dadaşovanın “Qurban qeyrətinizə”, Faiq Nağıyevin “Şəhidlərdən-şəhidlərə”, Cəlal Abbasovun “In memoriam”, Azad Zahidin “Matəm musiqisi” və s. əsərləri qeyd etmək olar.
Tədbirin sonunda video-lent yazısında Məmməd Quliyevin “Simfoniya-Rekviyem” əsəri və Azad Zahidin solist, xor və orkestr üçün “Şəhidlər” Kompozisiyası dinlənildi. Hər iki əsər 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunub.
Tədbirdə iştirak edən incəsənət xadimləri faciənin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
***
26 yanvar – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Respublikanın Xalq artisti, bəstəkar Musa Mirzəyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Konsert təşkil edilib.
Konsertdən öncə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək, bəstəkar Musa Mirzəyevin həyat və yaradıcılığı haqqında məlumat verib.
Konsertdə Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solistlər – Əməkdar artistlər Aygün Mübariz (soprano), Çinarə Heydərova (qanun), Rövşən Əmrahov (violin) və İlyas Mirzəyev (piano), Emin Eminli (tar), Cəfər Həsənovun (nağara) ifasında Musa Mirzəyevin kamera orkestri üçün əsərləri – o cümlədən, Kamera Simfoniyası, “Yumoreska”, “Noktürn” Pyesləri, habelə, bəstəkarın oğlu – ABİ-nın üzvü, bəstəkar İlyas Mirzəyevin “Simurq quşu” əsəri səsləndirilib.
27 yanvar tarixində Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə bəstəkarın xatirəsi Fəxri xiyabanda yad edilib.
***
27 yanvar – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış bəstəkar, Respublikanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşovanın 70 illik yubileyinə həsr olunmuş Konsert təşkil edilib.
Konsertdən öncə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Azərbaycan Bəstəkarlar İttifaqının təbrik ünvanını yubilyara təqdim edib.
Musiqişünas Mina Babayeva çıxış edərək, bəstəkar Elnarə Dadaşovanın həyat və yaradıcılığı haqqında məlumat verib.
Konsertdə dirijor, Əməkdar incəsənət xadimi Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Solistlər – Xalq artisti Gülnaz İsmayılova (soprano), Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (piano) və Fəxri Kazım Nicatın (tenor) ifasında bəstəkarın əsərləri səsləndirilib.
***
2 fevral – “Gənclər Günü” münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqının təqdimatı ilə gənc musiqiçilər – bəstəkar Məmmədov Üzeyir Rafiq oğlu və vokal ifaçısı Abdullayeva İslamə Elsevər qızı 2022-ci ilin nəticələri üzrə Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunmuş “Gənclər mükafatı”na layiq görülmüşlər.
Məmmədov Üzeyir – gənc və istedadlı bəstəkar, 2012-2016-cı illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının violin ixtisası üzrə “bakalavr” pilləsini, 2017-2019-cu illərdə bəstəkarlıq ixtisası üzrə “magistr” pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Ü.Məmmədov həmçinin, fakultativ olaraq orqan aləti ifaçısı və ustası kimi təkmilləşmişdir.
2019-cu ildə “Nəsimi ili” çərçivəsində Təhsil Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə, Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi – Romans” müsabiqəsində “Nəsimini oxuyarkən” – səs, fleyta, ksilofon, vibrafon və arfa üçün Romansı Diploma layiq görülmüşdür.
2021-ci ildə Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilmiş “Vətən Müharibəsindəki Şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi”ndə “Qəhrəmanlıq Dastanı” adlı simfonik əsəri mükafata layiq görülmüşdür. 2022-ci il noyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilmiş “Zəfər sədası” adlı Konsertdə həmin əsər ifa olunmuş və ona Fəxri Fərman təqdim edilmişdir.
Ü.Məmmədov 2021-ci ildə “Simurq orchestra” orkestrini yaradaraq, onun dirijoru və bədii rəhbəri kimi fəaliyyət göstərir.
Abdullayeva İslamə – gənc və istedadlı vokal ifaçısı, 2020-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını “solo oxuma” ixtisası üzrə “bakalavr” pilləsini fərqlənmə diplomu ilə, 2022-ci ildə “magistr” pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Solo vokal ifaçısı kimi dövlət tədbirlərində, müxtəlif konsert layihələrində fəal iştirak edir.
2020-ci ildə “İstanbul Barok: IV Barok Şarkı ve Aryalar Şan Yarışması”nda “Jüri özel ödülü” ilə təltif edilmişdir.
2021-ci ildə Vokalçıların Müslüm Maqomayev adına VI Beynəlxalq Müsabiqəsinin iştirakçısı olmuşdur.
2020-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xor Kapellasında artist vəzifəsində çalışır.
2021-ci ildən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
***
8 fevral – Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordenli, professor Tofiq Quliyevin xatirəsinə ucaldılmış abidənin Bakı şəhərinin mərkəzində (28 may küçəsi) açılışı olmuşdur.
Abidənin təntənəli açılışında Respublikanın Prezidenti cənab İlham Əliyev iştirak edərək, geniş nitq söyləmişdir.
Açılış mərasimində mədəniyyət və incəsənət xadimləri, bəstəkarın qızı Lalə Quliyeva iştirak etmişlər.
*** Fevralın 24-də – Azərbaycan Bəstəkarlar İttifaqında katibliyin və İdarə Heyətinin iştirakı ilə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri və rus ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədilmiş Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş geniş iclas keçirilmişdir.
İclası açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə öz çıxışında Xocalı soyqırımının xalqımızın tarixinin dəhşətli səhifələri kimi yaddaşlarda iz qoyduğunu vurğulayaraq, qeyd etmişdir ki, Xocalı faciəsinə ən düzgün siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Hər il bütün Respublika üzrə bu qanlı faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər, ümumxalq nümayişləri keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqında da müntəzəm olaraq Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər, yeni əsərlərin dinləyişi keçirilir.
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova qeyd etdi ki, 31 il öncə baş vermiş bu dəhşətli hadisələr bütün Azərbaycan xalqını, eləcə də bəstəkarlarımızı da çox sarsıtdı. Qarabağ münaqişəsini və Xocalı hadisələrini yüksək bədii səviyyədə təcəssüm etdirən ən görkəmli əsərlərdən biri Firəngiz Əlizadənin “İntizar” operasıdır. Azərbaycan xalqının qanlı tarixini, ağrı-acısını əks etdirən, ən yüksək milli mənəvi dəyərləri özündə ehtiva edən bu opera ənənəvi olaraq, hüznlü günlərdə Opera və Balet Teatrının səhnəsində hər zaman nümayiş olunur və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Xocalı faciəsindən az bir müddət keçdikdən sonra bəstəkarlarımızın bu mövzunu özündə əks etdirən müxtəlif janrlarda yeni musiqi əsərləri ərsəyə gəlmişdir: Məmməd Quliyevin “Simfoniya-rekviyemi”, Arif Mirzəyevin “Xocalı uşaqlarına laylay”, Oqtay Rəcəbovun çoxhissəli “Xocalı avazları” oratoriyası, Azər Dadaşovun “Xocalıya ədalət” simfonik plakatı, Faiq Nağıyevin xor üçün “Xocalı harayı”, Elnarə Dadaşovanın “Xocalı laylası”, Yusif Mirişlinin “Xocalı – 613” simfonik poeması və s. əsərlər yaradılmışdır.
Xocalı mövzusu sonrakı illərdə də bəstəkarlarımızı həyəcanlandırmağa davam etmişdir. Bəstəkarlarımızın Xocalı faciəsi ilə bağlı yazılmış yeni əsərləri sırasında Rəna Qədımovanın “Sarı gəlin” balladasını, Rüfət Ramazanovun simli orkestr üçün “Təəssürat”, orqan və xanəndə üçün “And”, Kəmalə Əlizadənin violonçel və kamera orkestri üçün “Vokaliz” və İlham Azmanlının kamera orkestri üçün “Ağı” əsərlərini qeyd etmək olar.
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Bəstəkarlar İttifaqında keçirilən iclasda bəstəkar, Əməkdar incəsənət xadimi Nazim Quliyevin “Xocalı” operasından “İgidlərin rəqsi” (fortepiano üçün köçürmədə) təqdim olundu (ifaçı – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Jalə İslamova). Bu operanın premyerası hələ gerçəkləşməsə də, operanın müxtəlif musiqi nömrələri artıq Bəstəkarlar İttifaqının tədbirlərində səsləndirilmişdir.
Həmçinin, gənc bəstəkar Tural Məmmədli fortepiano üçün “Xocalıya İthaf” kompozisiyasını ifa etdi.
Tədbirdə iştirak edən tanınmış bəstəkarlar – Xalq artisti Azər Dadaşov və Əməkdar incəsənət xadimi Elnarə Dadaşova Xocalı mövzusunda yazılmış əsərlərinin yazılma tarixçəsi haqqında məlumat verdilər. Musiqişünaslar – Əməkdar incəsənət xadimi Həcər Babayeva və Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı dinlənilmiş əsərlər haqqında öz mülahizələrini bildirdilər.
Tədbir iştirakçıları Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
***
1 mart – Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Heydər Əliyev və mədəniyyətimiz” silsiləsindən növbəti tədbirdə bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının professoru Məmmədağa Umudov ilə görüş keçirilib.
Tədbirdə M.Umudovun müəllifi olduğu “Alətşünaslıq. Simfonik orkestrin alətləri” dərsliyi, “Qələbəyə doğru…Marş” not məcmuəsi, “Tövsiyyələr” kitabı təqdim edilib.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının professor, müəllim və tələbələrinin ifasında M.Umudovun “Heydər Əlyev ili”nə ithaf etdiyi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Görüş zamanı bəstəkarın həmkarları və sənət dostları onun yaradıcılığı haqqında çıxış edərək, öz ürək sözlərini bildiriblər.
***
3 mart – Ümummilli liderimiz Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi dövrdə bütün sahələrə olduğu kimi musiqi sənətinə də xüsusi qayğı və diqqət ayırıb. Onun milli və professional musiqinin inkişafına dair sərəncamlar, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı müxtəlif istiqamətlərdə öz əksini tapıb. Belə ki, musiqiçilərin fəxri adlar, orden və medallarla təltif ounması, prezidentin fərdi təqaüdü ilə təsis edilməsi, yubileylərinin keçirilməsi, həyat şəraitlərinin yaxşılaşması üçün lazımi tədbirlərin görülməsi onlarda xüsusi ruh yüksəkliyi aşılayaraq yaradıcılıq ideyalarını daha da rövnəqləndirib. Dünyasını dəyişən sənətkarların da irsini yaşatmaq üçün onların yubiley və xatirə gecələrinin keçirilməsi, ev muzeylərinin yaradılması, adlarına küçə və mədəniyyət ocaqlarının verilməsi və bu kimi məsələlər daim Heydər Əliyevin diqqət mərkəzində olub. Bu dahi şəxsiyyətin musiqiçilərə göstərdiyi qayğı və diqqət musiqi tariximizə yeni-yeni əsərlər bəxş edib. Çünki o, öz tövsiyyələri ilə də bəstəkarlarımıza, ifaçı və musiqişünaslara düzgün istiqamət verib. Bu mənada Heydər Əliyevin 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının V Qurultayında etdiyi məruzəsinin nəşri hal-hazırda da bəstəkarlarımızın masaüstü kitabıdır.
Martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında “Heydər Əliyev 100” silsiləsindən “Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçirilən elmi-konfransda qeyd olunan məsələlər barədə daha ətraflı söhbət açılıb.
Konfransı giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Heydər Əliyevin bəstəkarlarımıza göstərdiyi qayğı və diqqətdən, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarla olan səmimi dostluq münasibətlərindən, musiqi janrlarına xüsusi diqqət yetirməsindən, bu istiqamətdə bəstəkarlara verdiyi tövsiyyələrdən geniş söhbət açdı. Firəngiz xanım öz çıxışında “Heydər Əliyev 100” silsiləsindən keçiriləcək növbəti tədbirlərdə də musiqişünasların mövzu ilə bağlı tədqiqatlarının və bəstəkarların Heydər Əliyevə həsr olunan əsərlərinin təqdimatlarının, konsertlərinin keçiriləcəyini də qeyd etdi. Elmi konfransda çıxış edən digər şəxslər də Heydər Əliyevin Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi yüksək əhəmiyyətli xidmətlərindən danışdılar.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova – “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev mövzusu”, Azərbaycan Bəstəkarlar İttifaqının kiatibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov “Heydər Əliyev: “Bəstəkarın yüksək vəzifəsi və amalı” – müasir bəstəkar yaradıcılığının aparıcı istiqaməti kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova “Naxçıvan Bəstəkarlıq Təşkilatının yaradılmasında Heydər Əliyevin rolu”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyevin dahi bəstəkarımız Üzeyir Hacıbəyli haqqında fikirləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova “Cövdət Hacıyevin Heydər Əliyevə həsr olunmuş “Onu zaman seçib” 8 saylı Simfoniyası haqqında” mövzularla çıxış etdilər.
Konfransı Xalq artisti Azər Dadaşovun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etdiyi qiraətçi və simfonik orkestr üçün 16 saylı simfoniyasının dinlənilməsi ilə başa çatdı.
*** 7 mart – Görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ABŞ-ın ən mötəbər konsert zallarından olan “Carnegie Hall”da keçirilən “Florida Keys” beynəlxalq musiqi müsabiqəsində pianoçu Jude Fradillada Azərbaycan bəstəkarı Cahangir Zülfüqarovun fortepiano üçün “Ağ alma” və “Sarı gəlin” musiqi fantaziyalarını ifa edib. Sevindirici haldır ki, “Sarı gəlin” bəyənilib, pianoçu Cahangir Zülfüqarovun əsərinin ən yaxşı ifası və Azərbaycan musiqisinin xaricdə tanınmasına görə xüsusi mükafat-dimplomla təltif olunub.
***
10 mart – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Azərbaycan Bəstəkarlar İttifaqında qurumun kollektivi ilə görüşüb.
O, mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə həyata keçirilən islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib.
Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq yeni strategiyanın hazırlanması diqqətə çatdırılıb. Buna uyğun olaraq yeni forma və struktur mexanizmləri yaradılacaq. Əsas iş həm də bu sahədə ixtisaslı kadrların artırılmasına diqqət etməkdir.
Qeyd olunub ki, milli-mənəvi dəyərlər, mədəni irsimizə münasibətdə müəyyən boşluqlar var. Bu baxımdan peşəkar, yaradıcı sahələrə dəstək verilməsi və ölkədəki yaradıcı birliklərin əməkdaşlığı önəmlidir.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qurumun fəaliyyəti, ənənələri barədə qonağı məlumatlandırıb. Eyni zamanda sədr peşəkarlıq, “Mədəniyyət” televiziya kanalının misalında çatışmazlıq, gənc bəstəkar və musiqişünaslara qayğı göstərilməyinin vacibliyi və digər məsələlərdən danışıb. Natiqlər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, bəstəkarlar, Xalq aristi Sərdar Fərəcov və Əməkdar İncəsənət xadimi Elnarə Dadaşova, musiqişünas professorlar Tariyel Məmmədov, Həcər Babayeva, Mina Hacıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı və bəstəkar İlham Azmanlı çıxış edərək musiqi təhsili, tənqidi, təbliği, kitab və məqalələrin nəşri, əqli mülkiyyət, elektron texniki imkanlardan istifadə, irihəcimli əsərlərin – opera, balet, simfonik musiqilərin səhnə həlli və sair məsələlərlə bağlı problemlərin çözülməsi barədə fikirlərini söyləyiblər.
Sonda belə müzakirələrin əhəmiyyətini qeyd edən Adil Kərimli gələcəkdə də bu görüşlərin mütəmadi şəkildə keçiriləcəyini və problemlərin əməli həllinə çalışılacağını diqqətə çatdırıb.
***
15 mart – Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Xalq çalğı alətləri üçün musiqi” bölməsinin növbəti iclası keçirilib. Tədbir bəstəkar, Əməkdar incəsənət xadimi Nazim Quliyevin iki yeni əsərinin dinlənilməsinə həsr olunub. Sənətkar son günlərdə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında lentə alınmış, müəllifi olduğu “İrəvan şikəstəsi” və “Xocalı şikəstəsi”ni bölmənin müzakirəsinə təqdim edib. Əsərlər dinlənildikdən sonra ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, musiqişünaslar Səadət Təhmirazqızı, Xanlar Novruzov, bəstəkarlar Azad Zahid və Tural Məmmədli fikirlərini söyləyiblər. Müəllif və əsərləri səsləndirən orkestrin dirijoru İlahə Hüseynova birgə iş prosesindəki diqqət çəkən məqamlardan danışıblar. Milli musiqimizdə bu cür sənət nümunələrinin yaradılmasının vacibliyindən söz açan çıxışçılar müəyyən qeydləri nəzərə almaqla şikəstələrin hər ikisini peşəkarlıq baxımından məqbul sayıb. Qarşıda yeni əsərlərin konserti nəzərdə tutulur.
***
31 mart – Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) katibliyinin növəti geniş iclası azərbaycanlılara qarşı soyqırımın 105-ci ildönümünə həsr olunub. Anım tədbirində giriş nitqi söyləyən ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 1918-ci ildə erməni daşnaklarının bolşeviklərlə birgə xalqımızın başına gətirdikləri müsibətlərdən, Bakı, Quba, Gəncə, Şuşa, Şamaxı, Naxçıvan, Lənkəran və digər qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklərdən, kütləvi qırğınlardan danışıb. Tariximizin qanlı səhifəsini zaman-zaman araşdıran alimlərin, incəsənət xadimlərinin əməyindən və bu istiqamətdə yaddaqalan xüsusi addım atan, bəlli hadisəyə hüquqi qiymət verib 105 il əvvəl 30 mart-3 aprel aralığında minlərlə adamın məhvi ilə nəticələnən faciənin qurbanlarının xatirəsəni uca tutaraq 26 mart 1998-ci ildə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayan görkəmli dövlət xadimi Heydər Əliyevin rolundan ayrıca söhbət açıb. Bu qanlı tarixi unutmamağımız üçün hamımımızın bacardığımız işi görməyimizin, təbliğat məsələlərinin vacibliyinə, bəstəkarlarımızın da vətəndaş yanğısı və yaradıcı münasibətinin bəhrəsi olan neçə-neçə əsərlərin ərsəyə gəldiyinə toxunan natiq radio-televiziyada, sosial mediada belə yaradıcı nümunələrin nümayişinə az yer ayrılmasından, dünyaya həqiqətləri tam dolğunluğu ilə çatdıra bilməmiyimizdən təəssüfləndiyini deyib. Azərbaycan Bəstəkarlar İttifaqının katibləri, əməkdar incəsənət xadimləri Zemfira Qafarova və Cəlal Abbasov da çıxış edərək soyqırıma ölkə başçısının diqqətindən və hadisənin 100 illiyi tamam olarkən imzaladığı Sərəncamın əhəmiyyətini – yeni elmi araşdırmalara, fakt və sənədlərin aşkara çıxarılmasına təkan verdiyi kimi, sənət adamlarını irihəcmli musiqili səhnə əsərləri yaratmağa ruhlandıracağına da inandıqlarını dilə gətiriblər.
Sonda tədbir iştirakçıları Firəngiz Əlizadənin şair Nigar Rəfibəylinin sözlərinə bəstələdiyi, fleyta və royalda soprano üçün “Üç akvarel” vokal silsiləsini və bəstəkar Rüfət Ramazanovun simli orkestr üçün yazdığı “Təəssürat” kompozisiyasını dinləyərək fikirlərini bölüşüblər.
Xəbərləri hazırladılar: Natalya Dadaşova, Sevda Hüseynova, Seymur Vəliyev