Azərbaycan Bəstəkarlar İttifaqında
keçirilən tədbirlərin
hesabatı
(Aprel 2019-noyabr 2019)
Mayın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 15 illiyinə həsr edilmiş “Bəstəkarlar İttifaqının Heydər Əliyev Fondunun musiqi layihələrində iştirakı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə konfransın əhəmiyyəti barədə məlumat verib.
Bildirilib ki, Bəstəkarlar İttifaqı görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə böyük ehtiramla yanaşır. Bəstəkarlar İttifaqının Azərbaycan musiqisinin inkişafına və təbliğinə yönəlmiş yorulmaz fəaliyyəti xalqımızın musiqi mədəniyyəti tarixində ən parlaq səhifələrdən biridir. Hər il may və dekabr aylarında Bəstəkarlar İttifaqında Ulu Öndərin adı ilə bağlı musiqi tədbirləri keçirilir. Heydər Əliyevin nurlu obrazı bəstəkarları yeni əsərlər yaratmağa, sənətşünasları Ulu Öndərin şəxsiyyətinin və ideyalarının milli musiqi sənətinin inkişafı üçün əhəmiyyətinin açıqlanmasına həsr edilmiş yeni elmi araşdırmalara ruhlandırır.
Diqqətə çatdırıb ki, Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı barədə dəyərli ideyaları onun adını daşıyan fondun fəaliyyətinin əsasını təşkil edir. 2004-cü ildə yaradılmış və Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu milli incəsənətin ən yaxşı nümunələrinin qorunub saxlanması, onun nailiyyətlərinin artırılması və dünya miqyasında təbliği işində əsası Ümummilli Lider tərəfindən qoyulmuş ənənələri ləyaqətlə davam etdirir.
“Azərbaycan Bəstəkarlar İttifaqı haqlı olaraq qürur duyur ki, Heydər Əliyev Fondunun bütün musiqi layihələrində onun sədaqətli köməkçisi olub. Bəstəkarlar İttifaqının üzvləri bu layihələrdə bilavasitə və fəal iştirak edirlər. Bu layihələr nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda da çox böyük əks-səda doğurub. Bu layihələr Heydər Əliyevin ideyalarını yaşadır, onun ədəbiyyata, sənətkarlara, mədəniyyətə, rəsm sənətinə, xalçaçılığa olan münasibətini əks etdirir. Heç də təsadüfü deyildir ki, artıq 15 ildir Heydər Əliyev Fondu bu ideyaları həyata keçirir və gerçəkləşdirir. Bu, çox böyük və əhatəli fəaliyyətdir. Bunun nəticəsidir ki, bizim bir sıra mədəniyyət nümunələrimiz UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilib. Bəstəkarlar İttifaqı bundan sonra da Fondun layihələrində yaxından iştirak edəcək. Bu gün keçirilən elmi-praktik konfrans da bunu bir daha sübut edir”, — deyə qeyd edilib.
Sonra Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov “Heydər Əliyev Fondunun “Üzeyir dünyası” musiqi layihəsi”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva “Heydər Əliyev Fondunun “Muğam ensiklopediyası” layihəsi haqqında”, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənova “Muğam dünyası” beynəlxalq musiqi festivalının keçirilməsində Bəstəkarlar İttifaqının rolu”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyev Fondunun “Fikrət zirvəsi” musiqi layihəsi” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər. Məruzələrdə Bəstəkarlar İttifaqı ilə Fondun fəaliyyəti arasında sıx əlaqə öz əksini tapıb.
Konfransda, həmçinin Bəstəkarlar İttifaqının Heydər Əliyev Fondunun musiqi layihələrində iştirakını əks etdirən videoçarx təqdim olunub.
******
Mayın 16-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda 28 May — Respublika Günü münasibətilə Bülbülcan adına Şuşa şəhər Uşaq Musiqi məktəbi şagirdlərinin 2018-2019-cu tədris ilinin yekun konserti keçirilib.
Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə deyib: “Bilirsiniz ki, may ayı ölkəmizdə əlamətdar hadisələrlə zəngindir. Bizim bir sıra gözəl layihələrimiz var. Bununla belə biz hər zaman gənclərin, xüsusilə də musiqi məktəblərində təhsil alan məktəblilərin, tələbələrin təhsili, dünya görüşü, onların mənəvi dünyası və zövqü ilə maraqlanırıq. Təbii ki, Şuşa musiqi məktəbi də bizim diqqət mərkəzimizdədir. Buna görə də, biz müntəzəm olaraq bu uşaqların konsertlərini keçiririk”.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Bülbülcan adına Şuşa şəhər Uşaq Musiqi məktəbi 1990-cı il avqust ayında Azərbaycanın Şuşa şəhərində yaradılıb. 1992-ci ildən Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra məktəb Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbin binasında fəaliyyətini davam etdirir.
*****
Mayın 22-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert Salonunda görkəmli musiqişünas-alim, Respublikanın Xalq artisti, “Şöhrət” Ordenli, professor, sənətşünaslıq elmləri doktoru, “Humay” Milli Mükafatı laureatı Ramiz Zöhrabovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi-konfrans həmçinin “Milli musiqişünaslığımızın iftixarı” adlı kitabının təqdimatı olub.
Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə görkəmli alimin ömür yolu və zəngin yaradıcılığından danışıb. Bildirib ki, elə insanlar var onları xalqımızın taleyinə Allahın bir lütfü kimi qəbul edirik. Zəngin və mənalı ömür yaşayan dərin düşüncəli alim, musiqişünas, pedaqoq, Bəstəkarlar İttifaqının fəal üzvlərindən olmuş Ramiz müəllim belə insanlardandır: “Bizim aramızda olmasa da, onun adı Bəstəkarlar İttifaqında həmişə xatırlanır. O qədər xarizmatik, çoxyönlü fəaliyyəti vardır ki, hamsını desəm böyük mövzu ola bilər. Ramiz müəllim birinci növbədə musiqişünas-alimdir. Çox fəxrlə qeyd edirdi ki, kitabları müxtəlif ölkələrdə tirajlarda çap olunub. Rusiyada, Türkiyədə, İranda və ölkəmizdə 25 kitabı çap olunub. Bu kitablar dolğun məlumatlarla zəngindir”.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimləri Zemfira Qafarova Ramiz Zöhrabovun Azərbaycan musiqi elmində özünəməxsus yeri olduğunu vurğulayıb.
Tədbirdə çıxışlarda qeyd edilib ki, xalq və professional musiqimizə, bəstəkarlarımızın yaradıcılığına həsr olunmuş çoxlu sayda monoqrafiyanın, dərsliyin və 300-dən artıq elmi, populyar məqalənin müəllifi olan R.Zöhrabovun tədqiqatlarının başlıca obyekti muğamdır. Onun musiqi elminin bir sahəsi olan muğamşünaslığın inkişafında mühüm xidmətləri var. R.Zöhrabovun ilk dəfə olaraq, görkəmli xanəndələrin ifasından 100 təsnifi nota yazması və onun əsasında təsniflərin janr xüsusiyyətlərinin və musiqi dilinin təhlilini aparması, o cümlədən 9 zərbi-muğamı xanəndə və sazəndə ansamblının ifasından partitura şəklində nota yazaraq onların nəzəri əsaslarını öyrənməsi diqqətəlayiqdir.
Vurğulanıb ki, R.Zöhrabovun tədqiqat əsərləri digər ölkələrdə — Rusiyada, Orta Asiya ölkələrində, o cümlədən İran elmi mühitində maraqla qarşılanıb. Onun muğamın nəzəri əsasları ilə bağlı tədqiqatı fars dilinə tərcümə edilmiş, əvvəlcə hissə-hissə jurnallarda, sonra isə tam şəkildə kitab halında “Azərbaycan modal musiqisi” adı ilə nəşr olunub.
R.Zöhrabovun musiqişünas kimi elmi yaradıcılığının bir qolu da təhsil və maarifçiliklə bağlıdır. Vaxtilə onun televiziyada müəllifi və aparıcısı olduğu “Bəstəkarlarımızın portreti”, “Sənətə həsr olunmuş ömür”, “Poeziya və musiqi”, “Romans axşamı” və xüsusilə “Xalq musiqisi inciləri” silsiləsindən “Muğam sənəti haqqında”, muğam dəstgahlarına həsr olunmuş verilişləri tamaşaçıların yaddaşına həkk edilib. İndiki musiqişünaslar nəslinin əksəriyyəti görkəmli alimin tələbəsi olub. R.Zöhrabov, həmçinin bir çox musiqişünasların diplom işlərinin, magistr və namizədlik dissertasiyalarının elmi rəhbəri, doktorluq dissertasiyalarının elmi məsləhətçisi olaraq onlara, öz tədqiqat metodikasını aşılayıb və ardıcıllarını yetişdirib.
“Milli musiqişünaslığımızın iftixarı” adlı kitabın tərtibçisi, mərhumun qızı Leyla Zöhrabova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək nəşr haqqında öz fikirlərini bölüşüb. Bildirib ki, kitabda Ramiz Zöhrabovun müxtəlif illərdə həm ölkəmizdə, həm də rus dillərində jurnal, məcmuə, qəzet və kitablarda musiqişünaslar, bəstəkarlar, ifaçılar haqqında dərc olunan seçilmiş elmi-publisistik məqalələri və resenziyaları əksini tapıb.
Tədbirdə həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim,professor Səadət Seyidova “Ramiz Zöhrabov – milli musiqişünaslığımızın iftixarı” kitabı haqqında”, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Ramiz Zöhrabovun elmi yaradıcılığı”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Ramiz Zöhrabovun maarifçilik fəaliyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva “Ramiz Zöhrabovun pedaqoji fəaliyyəti haqqında” məruzələrlə çıxış ediblər.
Tədbirin bədii hissəsində Xalq artisti Ağaverdi Paşayevin rəbərlik etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri R.Zöhrabovun “Uşaq lövhələri” Süitasından “Tap görüm” adlı hissəni, “Qavalla rəqs”ini və “Musiqi lövhələri” Süitasının I hissəsini ifa edib.
Tədbir iştirakçıları həmçinin Bəsti Qasımova və Orxan Cəlilovun ifasında R.Zöhrabovun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Hər gün”, o cümlədən Beynəlxalq müsabiqələr laureatı Rövşən Qurbanovun (tar), Əməkdar artist Toğrul Əsədullayevin (kamança), Əlibala Rzayevin (piano) və Amil Mustafayevin (nağara) müşayiəti ilə Muğam televiziya müsabiqəsinin laureatı Rəvanə Qurbanovanın ifasında “Məhəbbət yollarında” mahnılarını dinləyiblər.
Sonda R. Zöhrabovun ailəsi adından qızı Leyla Zöhrabova çıxış edərək tədbirin keçirilməsinə görə başda sədr Firəngiz Əlizadə olmaqla Azərbaycan Bəstəkarlar İttifaqının kollektivinə təşəkkürünü bildirib.
*****
İyunun 7-də Azərbaycan Bəstəkarlar İttifaqında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert təşkil olunub.
Konsertdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru çıxış edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, bu dəfə yenidən uşaqlar növbəti konsert proqramı ilə çıxış edirlər. Bəstəkarlar İttifaqı uşaqlarla bağlı irəli sürülən təşəbbüsü sevə-sevə qəbul edib, uşaqları sevindirməyə çalışır və onlara dəstək olur. F.Əlizadə bəstəkarları uşaqlar üçün musiqi bəstələməyə çağırıb və bunun çox vacib olduğunu söyləyib. Bəzi bəstəkarlar var ki, uşaqlar üçün opera da yazıblar. Əlbəttə ki, bu, sevindirici haldır. Uşaqlar üçün musiqi çox vacib bir sahədir və uşaqların musiqiyə gəlişini hamı istəyir. “Təəssüf hissi ilə bildirirəm ki, əsərləri nəşr etmək üçün nəşriyyatımız yoxdur və bunun üçün hər dəfə Mədəniyyət Nazirliyinə müraciət edirik”, — deyə o əlavə edib.
Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Uşaq Xor Kapellasının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova və Xalq artisti Azər Dadaşov çıxış edərək Azərbaycanda uşaq musiqisinin mövcud vəziyyətindən, görülən işlərdən söhbət açıblar. Natiqlər bu sahədə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə aparılan işlərdən danışıblar.
Çıxışlardan sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru Ağabacı Rzayevanın “Qaranquş”, Oqtay Zülfüqarovun “Nənə” və Sərdar Fərəcovun “12 uşaq mahnısı” məcmuəsindən “Buratino”, “Dələ”, “Aşbazlar”, “Küpəgirən qarı” mahnılarını ifa etdilər.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi, Beynəlxalq müsabiqə laureatı Əli Məmmədli Nuray Bayramovanın royalda müşayiəti ilə Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın saz və piano üçün “Marş”ını sazda səsləndirib.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində orta-ixtisas musiqi məktəb-studiyasının şagirdi, A.Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsinin laureatı Humay Nəbiyevanın Xalq artisti Azər Dadaşovun ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi “Piano və orkestr üçün “Poema”sını ifa etməsi ilə başa çatıb.
*****
İyunun 7-də Azərbaycan Bəstəkarlar İttifaqında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert təşkil olunub.
Konsertdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru çıxış edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, bu dəfə yenidən uşaqlar növbəti konsert proqramı ilə çıxış edirlər. Bəstəkarlar İttifaqı uşaqlarla bağlı irəli sürülən təşəbbüsü sevə-sevə qəbul edib, uşaqları sevindirməyə çalışır və onlara dəstək olur. F.Əlizadə bəstəkarları uşaqlar üçün musiqi bəstələməyə çağırıb və bunun çox vacib olduğunu söyləyib. Bəzi bəstəkarlar var ki, uşaqlar üçün opera da yazıblar. Əlbəttə ki, bu, sevindirici haldır. Uşaqlar üçün musiqi çox vacib bir sahədir və uşaqların musiqiyə gəlişini hamı istəyir. “Təəssüf hissi ilə bildirirəm ki, əsərləri nəşr etmək üçün nəşriyyatımız yoxdur və bunun üçün hər dəfə Mədəniyyət Nazirliyinə müraciət edirik”, — deyə o, əlavə edib.
Daha sonar çıxış edən ABİ-nın katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru,Uşaq Xor Kapellasının bədii rəhbəri Əməkdar incəsənət xadimi, Dilarə Əliyeva, tanınmış bəstəkar Əməkdar incəsənət xadimi Elnarə Dadaşova və Xalq artisti Azər Dadaşov çıxış edərək Azərbaycanda uşaq musiqisinin mövcud vəziyyətindən görülən işlərdən söhbət açıblar və bu sahədə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə aparılan işlərdən bəhs ediblər.
Çıxışlardan sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru
Ağabacı Rzayevanın “Qaranquş” (söz: T.Elçin), Oqtay Zülfüqarovun “Nənə” və Sərdar Fərəcovun “12 uşaq mahnısı” məcmuəsindən “Buratino”, “Dələ”, “Aşbazlar”, “Küpəgirən qarı” mahnılarını ifa etdilər.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi, Beynəlxalq müsabiqə laureatı Əli Məmmədli Nuray Bayramovanın royalda müşayiəti ilə Əməkdar İncənət xadimi Elnarə Dadaşovanın Saz və piano üçün “Marş”nı sazda səsləndirdi.
Tədbir Ü.Hacıbəyli adına BMA-nın nəzdində orta-ixtisas musiqi məktəb-studiyasının şagirdi A.Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsinin laureatı Humay Nəbiyevanın xalq artisti Azər Dadaşovun Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi “Piano və orkestr üçün “Poema””nı ifa etməsi ilə başa çatdı.
*****
İyunun 19-20-də öz qədimliyi ilə göz oxşayan dilbər güşələrimizdən olan Gəncə şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 85 illik yubileyi çərçivəsində səyyar- plenum keçirilib.
Səyyar- plenumun açılış konserti iyunun 19-da Gəncə Dövlət Filarmoniyasının səhnəsində baş tutub. Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, Xalq Çalğı Orkestri ilə yanaşı xor kollektivinin ifasında Azərbaycan bəstəkarlıq məktəbinin Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qəmbər Hüseynli, Firəngiz Əlizadə, Sərdar Fərəcov kimi görkəmli nümayəndələri ilə yanaşı gənc bəstəkarların da yaradıclıq nümunələri səsləndirilib.
Festivalın ikinci günü – iyunun 20-də Məhcəti Gəncəvi Adına Mədəniyyət Mərkəzində keçirilən konsertdə Niyazinin, Fikrət Əmirovun, Aliyə Məmmədovanın və digər bəstəkarlarımızın kamera-instrumental və vokal əsərləri ifa olunub.
Səyyar- plenumda Azərbaycan Bəstəkarlar İttifaqinin katibləri bəstəkarlar, Əməkdar Incəsənət xadimi Sərdar Fərəcov və Aliyə Məmmədova da iştirak ediblər.
Plenum iyunun 20-də dəyirmi masa ilə başa çatıb.
*****
İyunun 29-dan iyulun 3-dək Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərində Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçirilib.
Bu il festival ərəfəsində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Nəsimiyə ithaf” layihəsinin birinci tədbiri olan gözəl bir musiqi axşamı təşkil edildi.
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu il ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilib. Azərbaycan Bəstəkarlar İttifaqı da “Nəsimi ili”nə öz maraqlı yaradıcılıq töhfəsini verərək uğurlu layihələr gerçəkləşdirməkdədir. “Nəsimiyə ithaf” da bu qəbildən olan layihələrdəndir.
Musiqisevərlərin və professionalların Üzeyir Hacıbəyli adına konsert salonunda kamera mühitində həzin yaradıcı ab-havada gənc bəstəkarların Nəsimiyə musiqi ithaflarını dinləməsi hər kəsə xüsusi zövq verirdi. Belə ki, XIII əsr Şərq klassikinin əsasən vokal və kamera musiqi aləmində çözülmüş fərqli surətləri ən yetkin klassik musiqi ifaçılarımızın və ittifaqın nəzdində simli kvintetin ifasında ilkin səslənməsində öz ifadəsini tapdı.
Konsert Azərbaycan klassik musiqisinin şah əsərləri – Niyazinin “Rast” simfonik muğamının violin ilə fortepiano dueti üçün işlənməsi (beynəlxalq müsabiqə laureatları pianoçu Fəqan Həsənli, violinçi Süleyman Əyyubovun ifasında) və Ü.Hacıbəylinin “Cəngi” miniatürü (F.Həsənlinin ifasında) ilə haşiyələnmişdi. Bu kimi klassik körpü arasında gənc bəstəkarların Nəsimi qəzəllərinə olan musiqi ithafları məmnuniyyətlə dinlənildi.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin tələbəsi Vüqar Məmmədzadənin (bəstəkar Aydın Əzimovun sinfi) bariton və fortepiano üçün bəstələdiyi “Hardasan” vokal əsəri dahi şairin qəzəlinin ənənəvi şüştər-çahargah məqamlarına əsaslanan ehtiraslı lirik obrazda və müəyyən opera-deklamatik çalarlarla həzin ifası ilə (beynəlxalq müsabiqə laureatları vokalçı Rza Xosrovzadənin ifası və pianoçu Fuad Əlizadənin müşayiətilə) yadda qaldı.
Eyni formanı – yəni bariton-fortepiano duetini təqdim edən növbəti vokal ithaf Aysel Əzizovanın “Dünya duracaq yer deyil…” əsəri oldu. Əsər Rza Xosrovzadə və beynəlxalq müsabiqələr laureatı Firuzə Nəcəflinin ifalarında səsləndi.
Kəmalə Əlizadənin “Nəsimi-qəzəl” bəstəsində Əməkdar artist Fəridə Məmmədova (soprano), beynəlxalq müsabiqələr laureatları – Ümidə Abbasova (I violin), Süleyman Əyyubov (II violin), Humay Hacızadə (viola), Nicat Bağırov (kontrabas) və Əməkdar artist Əyyub Əliyevin ifasında simli kvintet, eləcə də Əməkdar artistlərdən ibarət muğam üçlüyü – Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança) və Soltan Əliyev (nağara) səhnəyə buyurub, mürəkkəb bəstə təqdim etdilər. Müəllifin özü fortepiano arxasında müşayiət edərək, əvvəl neoklassik ünsürlü müqəddimə ifa edib, sonra sözü məharətli soprano-müğənni Fəridə Məmmədovanın ifasında geniş melodik partiyaya verərək, qəzəlin sətirlərini şur modal əsaslı ekspressiv vokal ifada ahəngləşdirdi.
Sara Dilrubanın “Heyran olmuşam” əsəri də qismən ənənəvi-klassik qavranılan poetik şərq vokal miniatürləri ovqatını daşıyırdı. Beynəlxalq müsabiqələr laureatları – Ruslan Persan (bariton), Nərmin İsgəndərova (piano), Seyid Talıbov (qaval) və Əyyub Əliyevin (violonçel) ifasında səslənən bu əsər də ənənəvi lirik əsərlər xəttini tamamladı.
Konsertin vizual effektli – dövrə mənsub geyim və milli tembrlər seçiminə əsaslanan və Nəsimi şeiriyyətinin ilhamlı obraz aləmini açan nömrəsi gənc bəstəkar İlahə İsrafilovanın – “Mədhi Əhəd” adlanan mürəkkəb heyət və musiqi inkişafına malik bəstəsi idi. Rza Xosrovzadə (tenor), Kamran Talıblı (fleyta), Şahin Məmmədov (klarnet), Mahmud Salah və Ağarəhim Salah (zərb alətləri), Fəqan Həsənli (piano), Ümidə Abbasova (violin), Əyyub Əliyev (violonçel) – bu milli üslub ilə müasir bəstəkar texnikasında yazılmış kompozisiyanın məharətli ifasını təqdim etdilər.
Nəsimi poeziyasının daha bir maraqlı, Qərb çalarlı çözməsi Tural Məmmədlinin “Məndə sığar iki cahan” əsərində — Ülkər Əliyeva (soprano), Kamran Talıblı (fleyta), Toğrul Məmmədli (valtorna), Tural Məmmədli (müəllif — piano) və adı çəkilən simli kvintetin ifasında öz yeni müasir çalarlı ifadəsini tapdı.
Nəsimi qəzəllərinə yazılmış musiqi və Xalq rəssamı Arif Hüseynovun “Nəsimi dünyası” rəsm silsiləsi konsertin obrazlılığını daha da artırır, onun gedişatını daha da yaddaqalan və həmahəng edirdi. Ümumiyyətlə, musiqi ilə rəngkarlıq, musiqi və heykəltəraşlıq kimi sənətlər vəhdəti “İpək Yolu” festivalında təşkilatçıların hər zaman istiqamətləndiyi bariz duyulan bədii təmayüllərdəndir. Belə bir kreativ ovqat “İpək Yolu” festivalının əlamətdar təqdimatına gözəl və ilhamlı, gənclik nəbzi ilə zəngin bir başlanğıc təşkil etdi.
*****
İyunun 29-da Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı başlayıb.
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstanın, həmçinin Azərbaycanın tanınmış musiqi və teatr kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.
Festivalın təntənəli açılış mərasimi “Yuxarı Karvansaray” mehmanxana kompleksində keçirilib.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, onun artıq “festivallar şəhəri” kimi tanındığını bildirib. Qeyd edilib ki, hər il bu şəhərdə keçirilən beynəlxalq festivallarda dünyanın bir çox xarici ölkələrindən gəlmiş musiqi kollektivləri, sənətçilər iştirak edirlər. “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı isə Şəkinin mədəni həyatında çox böyük hadisədir. Festivallar Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır.
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq onuncu dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib. Firəngiz Əlizadə deyib: “Bu il Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı artıq 10 illik yubileyini qeyd edir. Əsrarəngiz sənət aləmi ilə dinləyiciləri daim valeh edən, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək”.
Bəstəkarlar İttifaqının sədri bildirib ki, ilk festivalda olduğu kimi, ənənəvi olaraq 10-cu yubiley festivalının proqramı da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Yuxarı Karvansaray” tarixi memarlıq abidəsinin fonunda tamaşası ilə başlanır. “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək bu festival yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq”, — deyə o bildirib.
Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası açıq havada nümayiş olunub. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tamaşada Leyli obrazını Rəvanə Əmiraslanlı, Məcnun obrazını isə Əməkdar artist Elnur Zeynalov canlandırıblar. Operada, həmçinin Dövlət Akademik Opera və Balet Teatrının xoru və solistləri iştirak ediblər.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan operanın sonunda Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə quruluşçu-rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyevə “Üzeyir Hacıbəyli” medalını, həmçinin kollektivə festivalın simvolunu təqdim edib.
Festival çərçivəsində
*****
İyunun 30-da Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 30-da Heydər Əliyev Mərkəzində Şəki Folklor Ansamblının konserti olub.
Konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl məlumat verilib ki, Şəki Folklor Ansamblı 2017-ci ildə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun təşəbbüsü ilə yaranıb. Ansamblın üzvləri müxtəlif qədim milli xalq çalğı alətlərində — tar, ud, çəqanə, kamança, topuz, baş tar, qanun, nağara, balaban və digər alətlərdə ifa edirlər. Ansambl ilk dəfə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edib. Kollektiv daha sonra İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş yubiley tədbirində, həmçinin dövlət əhəmiyyətli bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.
Konsertin sonunda ansambla festivalın rəmzi simvolu təqdim olunub.
*****
İyunun 30-da Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində axşam saatlarında Səki Dövlət Dram Teatrında sənətsevərlərə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Nəsimiyə ithaf” musiqili tamaşası təqdim edilib.
Konsertin əvvəlində bu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar əlamətdar olduğu qeyd edilib. Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verdiyi vurğulanıb.
Qeyd edilib ki, Firəngiz Əlizadənin İmadəddin Nəsimiyə həsr etdiyi musiqili tamaşası xüsusi olaraq UNESKO-nun Tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin yubileyləri Proqramı üçün hazırlanıb. Tamaşa 2017-ci ilin mayında təşkilatın Parisdəki Baş Qərargahında şairin ölümünün 600 illiyinə həsr olunan tədbirdə böyük uğurla təqdim olunub.
Bəstəkarın “Dərviş” və “Muğamsayağı” instrumental əsərlərinin musiqisinə əsaslanan, klassik Avropa və milli Azərbaycan musiqi alətlərinin səsləndirilməsi ilə müşayiət olunan əsərdə xanəndənin ifası ilə tamaşaçılara çatdırılan Nəsiminin səsi onun ən məşhur şeirləri vasitəsilə insanı, onun qüdrətini və mənəvi gözəlliyini vəsf edir. Parlaq və mənzərəli tamaşa Xeyir və Şərin mübarizəsini, yüksək humanist prinsiplərin bərqərar olunmasını nümayiş etdirir. Firəngiz Əlizadənin musiqili teatr kompozisiyası muğam və müasir bəstəkarlıq vasitələrinin uzlaşması, xanəndənin ifası və rəqslərin sintezini ustalıqla təcəssüm edir.
“Nəsimiyə ithaf” səhnə əsəri 2018-ci ildə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı və həmin il VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində də təqdim olunub.
Səhnədə Nəsiminin surəti görünür. Sufi şair və mütəfəkkir Nəsimi mələklərlə əhatə olunub. Sanki gözəlliyi, işıqlı və saf qüvvələri təcəssüm etdirən bu obrazlar onlara qarşı çıxan qaranlıq və zalım qüvvələrlə mübarizə aparırlar. Bu qarşıdurmaya Şair də cəlb olunur və nəticədə qeyri-bərabər mübarizə Nəsiminin faciəvi ölümü ilə bitir.
Tamaşada nüfuzlu beynəlxalq festival və konsertlərdə iştirak edən ifaçılar, Prezident təqaüdçüləri, beynəlxalq müsabiqələrin laureatları çıxış ediblər.
Tamaşanın xoreoqrafiya quruluşu Əməkdar artist, baletmeyster Nailə Məmmədzadənindir. Nəsimi obrazını Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Prezident təqaüdçüsü Anar Mikayılov canlandırıb. Xoreoqrafik səhnələrdə Əməkdar artist Alsu Gimadiyeva və Dinarə Yenəliyeva “mələklər”i, Əməkdar artist Fərid İbrahimov və Rüfət Şəfiyev “qara gücün qüvvələri”ni oynayıblar. Tamaşada Nəsiminin səsini Xalq artisti, xanəndə Teyyub Aslanov ifa edib.
Uğurla başa çatan tamaşanın sonunda Bəstəkarlar İttifaqının sədri, tamaşanın müəllifi Firəngiz Əlizadə kollektivə festivalın rəmzi simvolunu təqdim edib.
*****
İyulun 1-də Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının üçüncü günü axşam tamaşaçılara Macarıstanın “Kerekes Band” instrumental qrupunun konsert proqramı təqdim olunub.
Heydər Əliyev Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, tədbirin qonaqları, eləcə də musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində qrupun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, “Kerekes Band” Macarıstanın özünəməxsus innovativ janr üslubunda çıxışları ilə seçilən musiqi qrupudur. Pop musiqinin müxtəlif cərəyanlarını – caz, rok, fank, psixodelik və elektron janrları öz ifalarında əks etdirən qrup onları Macarıstanın xalq musiqisi və qədim ənənələri ilə ustalıqla birləşdirir. Qrup öz ifalarında müasir elektron musiqi aləti və vasitələri ilə yanaşı, ənənəvi macar xalq çalğı alətlərindən də istifadə edir. Belə ki, qrupun əsas musiqi nömrələrini udun “kiçik qardaşı” sayılan koboz ifa edir.
Diqqətə çatdırılıb ki, “Kerekes Band” qrupunun yaranması Jombor (fleyta, furulya, enek) və Viktor Feher (zərb alətləri) qardaşlarının adları ilə bağlıdır. Folklor nümunələrini toplamaq məqsədilə 1995-ci ildə Macarıstanın bölgələrini gəzən bu gənc musiqiçilər ölkələrinin qədim və zəngin ənənəvi xalq musiqisinə əsaslanaraq ansambl yaradıblar. Sonralar instrumental qrup öz tərkibinə yeni musiqiçilər cəlb etməklə konsert repertuarını daha da zənginləşdirməyə və təkmilləşdirməyə müvəffəq olub.
Parlaq və dinamik çıxışları ilə fərqlənən bu instrumental kollektiv 2003-cü ildə Macarıstanın “Birinci qrupu” adına layiq görülüb. Kollektiv bir sıra xarici ölkələrdə Macarıstanın musiqi sənətini uğurla təcəssüm etdirib. Nüfuzlu beynəlxalq festivalların iştirakçısı olan “Kerekes Band” qrupunun indiyədək 8 musiqi albomu işıq üzü görüb.
“Kerekes Band” instrumental qrupunun təqdim etdiyi musiqilər tamaşaçıların ürəyincə olub. Qrup üzvlərinin Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbovla (ud) birlikdə ifa etdikləri “Sarı gəlin” xalq mahnısı isə musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Konsertin sonunda kollektivə festivalın simvolu təqdim edilib.
Festivalın proqramına uyğun olaraq, iyulun 2-də axşam saatlarında Marxal gölünün kənarında Rusiyanın “No İndifference” instrumental kvintetinin konserti olacaq.
*****
İyulun 2-də Şəkidə davam edən “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində axşam saatlarında musiqisevərlərə Rusiyadan gəlmiş “No Indifference” instrumental kvintetinin konserti təqdim olunub.
Təbiət qoynunda füsunkar bir guşədə, Marxal gölünün kənarında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, musiqisevərlər, həmçinin “Marxal” istirahət kompleksində dincələn yerli və xarici qonaqlar iştirak ediblər.
Konsertin əvvəlində qrupun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, “No Indifference” instrumental kvinteti 2008-ci ildə Rusiyanın Tver Akademik Filarmoniyasının solistləri Maksim Salnikov (bayan), Yelena Jdanova (violin), Tatyana Nikolayenko (gitara), Vitali Barmenkov (kontrabas) və Aleksandr İppolitov (zərb alətləri) tərəfindən yaradılıb. Kvintetin yaradılmasında əsas məqsəd Tver şəhərinin sakini, bayan ifaçısı Boris Tixonovun ifaçılıq ənənələrini saxlamaq və yaradıcılığını təbliğ etmək olub.
Hazırda kvintetin repertuarı rus və Avropa bəstəkarlarının müxtəlif musiqi janrlarından ibarət klassik əsərləri, caz improvizasiyaları, həmçinin sovet estrada mahnıları, rəqslər və dünya xalqlarının melodiyaları ilə zəngindir. Kollektivin ifa etdiyi musiqi nömrələrinin aranjemanını musiqiçilər özləri tərtib edirlər. Parlaq tembrlər, yüksək peşəkarlıq, geniş repertuar tamaşaçıları daim “No Indifference” kvintetinin konsertlərinə cəlb edir. Kollektivin bir sıra estrada proqramları Tver Filarmoniyasının vokalçıları ilə birgə hazırlanıb. İnsanlara sevinc və gözəl əhval-ruhiyyə bəxş etmək instrumental kvintetin yaradıcılıq kredosudur. Son vaxtlar kvintetin yeni layihələrinə peşəkar rəqqaslar da dəvət olunur və bu, konsertləri daha da rəngarəng edir.
Kvintetin bədii rəhbəri bayan ifaçısı Maksim Salnikovdur.
Konsert zamanı “No Indifference” instrumental qrupunun üzvlərinin təqdim etdikləri şən musiqi nömrələri tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş edib. Kollektivin ifa etdiyi vətənpərvərlik ruhunda yazılmış mahnılar, Piatsolonun məşhur “Tanqo”su, həmçinin görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək rəngarəng konsert proqramına görə kollektivə təşkilatçılar adından minnətdarlığını bildirib.
Musiqi qrupuna festivalın simvolu təqdim olunub.
*****
İyulun 3-də Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 3-də Şəki Dövlət Regional Kollecində “Nəsimi mövzusu Azərbaycan bəstəkarlarının əsərlərində” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə kollecin pedaqoji kollektivi, Azərbaycan bəstəkarları və musiqişünaslar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə kollecin tələbələrinin Nəsimi yaradıcılığına həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan dəyirmi masada şairin həyatı, onun əsərlərində əks olunan fəlsəfi düşüncələr, Azərbaycan bəstəkarlarının müxtəlif vaxtlarda Nəsimi mövzusuna müraciət etmələri barədə müzakirələr aparılıb.
Dəyirmi masanı kollecin direktoru Sərdar Şərifov açaraq, Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının tədbirlərindən birinin bu təhsil ocağında keçirilməsinin artıq bir ənənəyə çevrildiyini bildirib.
Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək, 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlamətdar olduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verib. Bununla əlaqədar olaraq builki festivalın proqramına Nəsimi mövzusuna həsr olunan tədbirlər də daxil edilib.
Dəyirmi masada Bəstəkarlar İttifaqının baş məsləhətçisi, musiqişünas Sevda Hüseynovanın “Nəsimi ili” ilə əlaqədar Bəstəkarlar İttifaqında keçirilən tədbirlər haqqında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lətifəxanım Əliyevanın “Firəngiz Əlizadənin “Nəsimi Passion” əsəri”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Şirinovanın Fikrət Əmirovun yaradıcılığında Nəsimi mövzusu”, Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi mövzusu”nda məruzələri dinlənilib.
Bildirilib ki, Azərbaycan Bəstəkarlar İttifaqı “Nəsimi ili”nə öz töhfəsini verərək, bu il bir sıra uğurlu layihələr həyata keçirir. Ötən ilin sonlarından etibarən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə “Nəsimiyə ithaf” adlı yeni layihəyə start verilib. Gənc bəstəkarlarda Nəsimi irsinə maraq oyadaraq, onlara şairin qəzəllərindən istifadə etməklə müxtəlif alətlər üçün yeni kamera-instrumental əsərlərin yazılması təklif olunub. “Nəsimi ili” ilə əlaqədar apreldə Bəstəkarlar İttifaqında iki günlük elmi konfrans keçirilib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Nəsimi-romans” müsabiqəsi təşkil edilib.
Qeyd olunub ki, Bəstəkarlar İttifaqının “Nəsimi ili” ilə əlaqədar tədbirləri bu ilin sonunadək davam edəcək.
Dəyirmi masanın sonunda kollecin tələbələrinin ifasında Nəsiminin qəzəllərinin yer aldığı konsert proqramı təqdim olunub.
*****
İyulun 3-də “Marxal” istirahət kompleksinin Yay Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 29-da başlanan Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, həmçinin TÜRKSOY-un rəsmiləri, musiqisevərlər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində TÜRKSOY ölkələrindən olan musiqiçilərin iştirakı ilə Qazaxıstan estrada-simfonik orkestri konsert proqramı ilə çıxış edib. Dirijor Qazaxıstanın Əməkdar artisti Kanat Axmetovdur.
Məlumat verilib ki, Qazaxıstanın qərb bölgəsini təmsil edən estrada-simfonik orkestri 2010-cu ildən fəaliyyət göstərir. Orkestrdə ölkənin bir çox musiqi təhsili ocaqlarının – Kurmanqazi adına Qazaxıstan Milli Konservatoriyası, T.Jurgenev adına Musiqi Akademiyası, A.Jubanova adına Respublika Musiqi Məktəbi, M.Ütemisov adına Qərbi Qazaxıstan Dövlət Universiteti, Kurmanqazi adına Ural Musiqi Kollecinin məzunları çıxış edirlər.
Orkestrin formalaşması və inkişafına Qazaxıstanın Əməkdar incəsənət xadimi, simfonik orkestrin baş dirijoru A.Şevelev böyük töhfə verib. Hazırda bu kollektivə Ş.Qazqaliyev adına III Respublika Dirijorları müsabiqəsinin laureatı Asxat Xasanov rəhbərlik edir.
Bildirilib ki, orkestrin repertuarına Qazaxıstan bəstəkarlarının, həmçinin rus və dünya klassik musiqi əsərlərindən ibarət 280-dək əsər daxildir. Orkestr ölkədaxili və xarici sənətkarlarla sıx əlaqə qurub və birgə konsert proqramlarında uğurla çıxış edir. Mütəxəssislərin ixtisaslarını artırmaq məqsədilə hər il tanınmış dirijorların iştirakı ilə ustad dərsləri keçirilir, sonda konsert proqramları təşkil olunur.
Konsertdə orkestrin solistləri Qazaxıstanın Əməkdar incəsənət xadimi Janılsın Xasanova, dombra ifaçısı Akılbek Bektaşov, kobız ifaçıları Aksamal Kanatkaliyeva, Ernar Ömirəli, Qırğızıstandan Aksaibek Mukambet Uulu, Türkiyədən Yılmaz Demirtaş, Azərbaycandan Rüstəm Müslümov və Ərəstun Quliyevin təqdim etdikləri musiqi nömrələri, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun “Sülh artisti” Firəngiz Əlizadəyə, festivalın bağlanış konsertinin təşkilinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un baş katibi Düsen Kaseinova minnətdarlığını bildirib.
Qazaxıstan estrada-simfonik orkestrinin dirijoru Kanat Axmetova, həmçinin Firəngiz Əlizadə və Düsen Kaseinova şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu təqdim olunub.
Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.
*****
Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.
Konsertdən əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirakçılara İmadəddin Nəsiminin ömür yolu və bənzərsiz yaradıcılığı haqqında məlumat verib.
Səfir 1369-cu ildə Şamaxı şəhərində dünyaya göz açmış İmadəddin Nəsiminin gənc yaşlarından elmə böyük həvəs göstərdiyini, klassik Şərq və yunan fəlsəfəsi, ədəbiyyat, astronomiya, məntiq elmlərini dərindən mənimsədiyini qeyd edib. O, Azərbaycan şairləri ilə yanaşı ərəb və fars yazıçılarının əsərlərinə yaxından bələd olan Nəsiminin Yaxın Şərqin görkəmli mütəfəkkirləri, filosof və alimlərinin əsərlərini mütaliə etdiyini, dövrünün təriqətlərinə maraq göstərdiyini, Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi poeziyanın əsasını qoyduğunu, söz sənətimizi forma və məzmunca zənginləşdirdiyini, özündən sonrakı nəsillər üçün böyük ədəbi irs qoyub getdiyini nəzərə çatdırıb.
Azərbaycanın dünya musiqisinə böyük töhfə verdiyini qeyd edən səfir R.Həsənov müsəlman dünyasında ilk operanın, o cümlədən ilk balet musiqisinin Azərbaycanda ərsəyə gəldiyini nəzərə çatdırıb. Özünün rəngarəngliyi ilə seçilən Azərbaycan musiqi məktəbinin ənənəviliklə yanaşı, müasir formaları da özündə ehtiva etdiyini vurğulayıb. Azərbaycan muğamından söz açan diplomat ölkəmizdə muğamın klassik musiqi ilə sintez edildiyini qeyd edib. Azərbaycanda klassik musiqinin əsasının qoyulmasında xidmətlərinə görə dahi bəstəkar Üzeyir Hacıbəylini xatırladan səfir Firəngiz Əlizadə və onun həmkarlarının dahi bəstəkarın layiqli davamçıları olduğunu diqqətə çatdırıb.
Səfir Ramin Həsənov Azərbaycanın mədəni irsinin qorunub saxlanılmasında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərinin olduğunu qeyd edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığından söz açan Ramin Həsənov onun 2008-ci ildə UNESKO-nun “Sülh Artisti” adına layiq görüldüyünü, Azərbaycan mədəniyyətinin xaricdə tərənnüm edilməsinə, eləcə də dünya musiqisinə böyük töhfə verdiyini nəzərə çatdırıb. O, bəstəkarın Nəsiminin əsərləri əsasında ərsəyə gətirdiyi “Dərviş”, “Zikr”, “Nəsimi Passionu” kimi əsərlərinin olduğunu bildirib.
Səfir konsertin təşkil olunması və ərsəyə gəlməsinə verdiyi töhfəyə görə Azərbaycan Bəstəkarlar İttifaqına və onun sədri Firəngiz Əlizadəyə təşəkkür edərək konserti açıq elan edib.
Konsertdə F.Əlizadə ilə yanaşı digər Azərbaycan bəstəkarlarının – Aliyə Məmmədova, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi, Cəlal Abbasovun böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin şeir və qəzəllərinin əsasında hazırlanmış əsərləri ifa olunub. Xanəndələr, “Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, eləcə də opera və balet teatrının solisti Mütəllim Dəmirov və soprano — Afaq Abbasova tərəfindən əsərlər ifa edilib. İmadəddin Nəsimi obrazını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.
Konsertdə Almaniyadakı elmi və mədəni ictimaiyyətin, Almaniyadakı səfirliyimizin və diasporumuzun nümayəndələri iştirak ediblər.
*****
Sentyabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Əməkdar elm xadimi, akademik Zemfira Səfərovanın layihəsi və elmi redaktorluğu ilə hazırlanan “Azərbaycan musiqi tarixi” (IV cild) kitabının təqdimatı olub.
Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbir Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Təqdimat mərasimini Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq kitabın musiqi ictimaiyyətimiz üçün əhəmiyyətindən danışıb. Bildirib ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşının birgə əməyinin bəhrəsi olan bu kitabda ötən əsrin 50-60-cı illərdən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığının və bu dövrün musiqi həyatının ümumi mənzərəsi, mövcud janrların təhlili və inkişaf təmayülləri yer alıb. «Gərgin zəhmətin, əməyin bəhrəsi olan bu cilddə 40 bəstəkarın həyatı və əsərləri haqqında dolğun məlumat var. Biz burada musiqi tariximizi əyani sürətdə görə və izləyə bilirik. Zemfira xanım böyük bir kollektivə rəhbərlik edir və musiqi tariximizi işıqlandırır, eyni zamanda, bu istiqamətdə gözəl tədqiqat əsərləri ortaya qoyur».
Vurğulanıb ki, Qara Qarayevin, Cövdət Hacıyevin və digər görkəmli bəstəkarlarımızın sinfində təhsil almış bu bəstəkarların yaradıcılığında opera, balet, simfoniya, kantanta-oratoriya, vokal-instrumental və digər janrların inkişafı ilə bahəm yeni janr və forumların yaranması qeyd olunub. Cilddə hər bəstəkarların yaradıcılığına ayrıca fəsil ayrılıb, onların yaradıcı problemləri portretləri doğum illərinin xronologiyasına əsasən verilib.
Əsərdə simfoniya, balet operetta kantata-oratoriya, mahnı janrlarının inkişaf təmayüllərinə həsr edilmiş fəsillər də yer alıb, fotolar, not nümunələri, Azərbaycan və xarici dillərdə ədəbiyyat təqdim edilib.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ölkəmizdə elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan danışıb və bu günlər ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalından söhbət açıb.
Akademik Milli Musiqi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycan musiqisinin qədim tarixə malik olduğunu söyləyib: “Bu gün bu zəngin tarixin araşdırılması mühüm əhəmiyyət kəsib edir ki, bu baxımdan bu kitab musiqişünaslıq elminə böyük töhfədir».
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki, kollektiv əməyin məhsulu olan bu dörd cild musiqi mədəniyyətimizin tarixinin öyrənilməsində böyük əhəmiyyət daşıyır. Bu tədqiqatlar xalqın mədəniyyətinin ən geniş mənzərəsini əhatə edir. Bu iş böyük məsuliyyət tələb edir, kollektiv bu işin öhdəsindən layiqincə gəlib.
Tədbirdə daha sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova və digər natiqlər çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər.
Sonra tədbir bədii hissə ilə davam edib.
Sonra kitabın elmi redaktoru, akademik Zemfira Səfərova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
*****
Sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli Azərbaycan bəstəkarları Soltan Hacıbəyovun anadan olmasının 100 illiyinə və İsmayıl Hacıbəyovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında mühüm xidmətləri olan Soltan Hacıbəyovun yaradıcılığından bəhs edərk, onun geniş diapazonlu yaradıcılığa malik bəstəkar olduğunu qeyd edib, simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirdiyini bildirib.
Soltan Hacıbəyov iki simfoniyanın, “Gülşən” baletinin, “İsgəndər və çoban” uşaq operasının, “Qızılgül” musiqili komediyasının, “Karvan” simfonik lövhəsinin, simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün müxtəlif həcmli əsərlərin müəllifidir. Soltan Hacıbəyov 1969-1974-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.
Bəstəkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq sənətkarın yubileyi ilə bağlı bu il ölkəmizdə silsilə tədbirlər keçirildiyini bildirən F.Əlizadə, onun oğlu tanınmış bəstəkar İsmayıl Hacıbəyovun da 70 illiyinin dövlət səviyyəsində qeyd olunduğunu əlavə edib.
F.Əlizadə İsmayıl Hacıbəyovun yaradıcılığından da danışıb və qeyd edib ki, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə Qara Qarayevin sinfində təhsil alan İ.Hacıbəyov 1972-ci ildən ömrünün sonuna kimi bu təhsil ocağında bəstəkarlıq kafedrasında dərs deyib.
Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Natella İsgəndərova “Müasir Azərbaycan musiqisində İsmayıl Hacıbəyovun tarixi əhəmiyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim, Ülviyyə İmanova “İsmayıl Hacıbəyov Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi kimi” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Adilə Yusifova “Soltan Hacıbəyovun yaradıcılığının naməlum səhifələri” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbir iştirakçıları həmçinin beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova (I violin), Soltan Məmmədova (II violin), Əməkdar artist Vaxtanq İmanov (viola), Əməkdar artist Aleksey Miltıxdan ibarət (violonçel) Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Soltan Hacibəyovun “Skertso”, istadadlı gənc pionoçu Nəriman Məsimovun ifasında İsmayıl Hacibəyovun “ Piano üçün Paqanini mövzusuna “Variasiyalar”” dinlədilər. Həmçinin Xalq artisti Yeganə Axundova və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə royalda Soltan Hacibəyovun “İki piano üçün “Uvertüra”” əsərini ifa ediblər.
*****
Sentyabrın 27-də Bəstəkarlar İttifaqının “Müasirlərlə dialoq” layihəsi çərçivəsində ölkəmizdə, eləcə də Gürcüstan, Rusiya, İtaliya, Yaponiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrin gənc musiqiçilərinin qatıldığı beynəlxalq müsabiqələrdə Azərbaycanı ləyaqətlə təmsil edən, həmişə Vətənə qələbə ilə qayıdan Vurğun Vəkilovla görüş keçirilib.
Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib ki, Xalq yazıçısı Anar, akademik Yaqub Mahmudov və digər tanınmış simaların qonaq olduğu “Müasirlərlə dialoq” layihəsi çərçivəsində gənc bir pianoçu ilə görüşün keçirilməsi çoxlarında sual doğura bilər. Ancaq qeyd olunmalıdır ki, bu gənc musiqiçi 2008-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilmiş gənc ifaçıların I respublika müsabiqəsinin qalibi olub. Kiçik yaşından bir çox festivalların qalibi olduğundan Vurğun Vəkilovun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. O, hələ 13 yaşında İtaliyanın Pesaro şəhərində keçirilmiş VIII “Citta di Pesaro” Beynəlxalq müsabiqəsinin qalibi olub.
Vurğun Vəkilovun musiqiyə dərin sevgisi olduğunu deyən F.Əlizadə onun bəstəkarlıq qabiliyyətini də qeyd edib. O, gənc pianoçudan yeni uğurlar gözlədiyini, onun musiqi əsərləri yazacağına ümid etdiyini bildirib. Bəstəkarlar İttifaqının sədri neçə illərdir Parisdə yaşamasına baxmayaraq, Vurğunun Azərbaycan dilində səlis danışmasını yüksək qiymətləndirib.
Qeyd edilib ki, beynəlxalq müsabiqələrdə Vurğun Vəkilov Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Qara Qarayevin əsərləri ilə yanaşı, Bax, Motsart, Çaykovskinin əsərlərini də böyük məharətlə ifa edib. Onun ifaları həmişə özünəməxsusluğu ilə fərqlənib.
Tədbirin təşkilinə görə Bəstəkarlar İttifaqının rəhbərliyinə təşəkkür edən Vurğun Vəkilov iştirakçılara həyat yolundan danışıb.
“Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Elmira Mustafayeva və Bakı Musiqi Akademiyasının prorektoru Oqtay Abbasquliyevdən ixtisas təhsili almışam. 2016-cı ildə Fransanın Annemasse şəhərində pianoçuların Adilə Əliyeva adına X beynəlxalq müsabiqəsi keçirilirdi. Onda mən Bakı Musiqi Akademiyasının birinci kursunda təhsil alırdım. Oqtay Abbasquliyevin təklifi ilə bir aya konsert proqramı hazırlayıb həmin müsabiqədə iştirak etdim və laureat oldum. Bununla yanaşı, mənə Parisin ali musiqi məktəbində pulsuz təhsil almağı təklif etdilər. Hazırda Fransanın Paris şəhərində yerləşən “Ecole Normale de Musique de Paris – Alfred Cortot” təhsil müəssisəsində təhsil alıram. Müəllimim Azərbaycan əsilli Rəna Şereşevskayadır”, — deyə pianoçu bildirib. O əlavə edib ki, gözünü açandan ailələrində musiqi və poeziya ovqatı yaşanıb. Bütün günü evlərində Azərbaycan və dünya klassiklərinin əsərləri, eləcə də xalq musiqiləri səslənib. Bu da onun musiqiyə bağlılığında xüsusi rol oynayıb.
Parisin mədəni həyatından, məktəblərindəki müəllim-tələbə münasibətlərindən söz açan Vurğun Vəkilov deyib: “Parisə getdiyim gündən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə iştirak etməyə çalışıram. Bir neçə tədbirdə bəstəkarlarımızın əsərlərini ifa etmişəm. Böyük bəstəkarımız Qara Qarayevin əsərlərindən ibarət 1 saatlıq proqram hazırlayıb Paris sakinlərinə təqdim etmişəm. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimində, xüsusilə də onun çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısını dostum və Parisdə mənimlə eyni məktəbdə təhsil alan fleytaçı Ağarəhim Quliyevlə birgə səsləndirmişəm. Onu deməliyəm ki, fransızlar milli musiqimizə xüsusi önəm verirlər”.
Tədbirdə Vurğun Vəkilov Azərbaycan və dünya klassiklərinin əsərlərini ifa edib. Gənc pianoçunun ifaları alqışlarla qarşılanıb.
*****
Sentyabrın 28-də Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Amerikanın Nyu-York şəhərində görkəmli Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilmişdir. Tədbirin açılışında “Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyət”inin sədri, Amerikada yaşayan pianoçumuz, əməkdar artist Nərgiz Əliyarova çıxış edərək tədbirin əhəmiyyəti, İ. Nəsimi dühası haqqında və “Nəsimi ili” mövzusunda çıxış edib. Konser proqramı çərçivəsində Jeffrey Werbockun Azərbaycanın milli tar və kamança alətlərində muğam ifa etməsi böyük maraqla qarşılanıb.
Azərbaycanın istedadlı pianoçusu, respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin solo ifasında Ü. Hacıbəyli “Cəngi”, F. Əlizadə “Sonata”, İ. İsrafilova “The world of Nasimi” əsərləri səslənib. Amerikada premyerası baş tutan bəstəkar İlahə İsrafilovanın “The world of Nasimi” kompozisiyası dinləyicilər tərəfindən fasiləsiz alqışlanıb.
Həmçinin tədbirdə amerikalı soprano Shenika John Jordan tərəfindən İ.Nəsiminin qəzəlləri və onun qəzəllərinə yeni yazılmış romanslar və N. Əliyarovanın ifasında Q. Qarayev “7 gözəl baletindən parçalar”, F. Sücəddinov “Vətən” balladası və s. əsərlər səsləndirilib.
Nyu-Yorkda Azərbaycanın dahi şairi İ.Nəsimi 650 illik yubileyinə həsr olunmuş konsert proqramının keçirilməsi Azərbaycan mədəniyyətinin geniş arenada təbliği istiqamətində atılmış əlamətdar hadisələrdəndir.
*****
Oktyabrın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyevanın anadan olmasının 50, yaradıcılığının 30 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq təmsil etdiyi qurumda mütəmadi olaraq tanınmış şəxsiyyətlərin, bəstəkarların, musiqişünas alimlərin yaradıcılığına həsr olunan yubiley tədbirlərinin keçirildiyini qeyd edib. Bildirib ki, bu dəfəki tədbirdə musiqişünas alim Mina Hacıyevanın elmi-yaradıcılıq fəaliyyətinə həsr olunub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kafedra müdiri, Əməkdar incəsənət xadimi Tariyel Məmmədov bildirib ki, Mina Hacıyeva 1992-ci ildən indiyə kimi BMA-da “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi”, “İncəsənətin nəzəriyyəsi və tarixi”, “Musiqi tarixi”, “Musiqi menecmenti və müasir musiqi texnologiyaları” kafedralarında müvəffəqiyyətlə çalışıb. Hazırda o, həm “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında, həm də BDU-nun Sosial iş kafedrasında mühazirələr aparır, bakalavr və magistr dissertasiyalarına rəhbərlik edir. Professor M.Hacıyeva tələbələrin ümumi dünyagörüşünün formalaşması, sosial işdə artterapiyanın yeri və rolunun tələbələr tərəfindən mənimsənilməsi üçün tələbələri mütəmadi olaraq dərsdən sonra konsert və sosial sərgilərə aparır, gələcək sosial iş peşə fəaliyyəti üçün bacarıqları onlara həvəslə aşılayır.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və digər şəxslər çıxış edərək Mina Hacıyevanın musiqişünas alim kimi elmi fəaliyyətindən söhbət açıblar və ona gələcək işlərində uğurlar arzulayıblar.
Tədbir ədəbi-bədii hissə ilə davam edib.
*****
Oktyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, professor Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə, həmçinin musiqişünas-alimin “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” adlı kitabı da təqdim olunub.
Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq təmsil etdiyi qurumda mütəmadi olaraq tanınmış şəxsiyyətlərin, bəstəkarların, musiqişünas alimlərin yaradıcılığına həsr olun yubiley tədbirlərinin keçirildiyini qeyd edib. Bildirib ki, budəfəki tədbir də musiqişünas alim Babək Qurbanovun 80 illiyinə həsr olunub. “Təəssüflər olsun ki, bu gün o aramızda yoxdur. O, uzun müddət Türkiyədə çalışmışdı. Vətənə dönəndən sonra çox yaşamadı. Səhhəti ağır olsa da son nəfəsinədək Qara Qarayev haqqında kitab üzərində çalışdı. Bu da sənətinə, peşəsinə olan sevgidən irəli gəlir. Qara Qarayev haqqında çox kitab yazılıb. Müəllif bu kitabda bəstəkarın ömür yolu və fəaliyyətini xronoloji şəkildə qələmə alıb”, -deyə F.Əlizadə vurğulayıb.
Qeyd edilib ki, Babək Qurbanov Ü.Hacıbəyli adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsində oxuyub və «Azərbaycan aşıq musiqi yaradıcılığı» mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında «Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi» adlı namizədlik dissertasiyasını, 1981-ci ildə 42 yaşında olanda isə Moskvada SSRİ EA-nın fəlsəfə İnstitutunda «Proqramlı musiqinin estetik prinsipləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981-1989-cu illər arası AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992-2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olub, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyib. Professor Babək Qurbanov Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə və estetika məsələlərinə, tanınmış elm adamlarına üç yüzdən artıq publisistik və elmi məqalələr həsr edib.
Sonra tədbir məruzələrin dinlənilməsi ilə davam edib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyevanın “Babək Qurbanovun elmi yaradıcılığında Qara Qarayev irsinə müraciət”, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanın “Babək Qurbanovun “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” kitabı haqqında”, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanovun “Babək Qurbanovun pedaqoji fəaliyyəti haqqında”, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Babək Qurbanovun musiqişünaslıq fəaliyyəti haqqında” mövzusunda məruzələri dinlənilib.
Tədbir ədəbi-bədii hissə ilə davam edib.
*****
Oktyabrın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında istedadlı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) dosenti Seyran Qafarovun anadan olmasının 50 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir çərçivəsində Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova və musiqişünas Nərgiz Qulamovanın tərtibçiliyi ilə işıq üzü görən kitabın da təqdimatı olub. Kitaba Seyran Qafarovun müxtəlif illərdə elmi jurnallarda, dövrü mətbuatda Azərbaycan, türk və rus dillərində ölkəmizdə və xaricdə dərc olunan məqalələri, müsahibələri, konfrans materialları toplanıb.
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Seyran Qafarovun qısa, lakin mənalı ömür yolundan, zəngin yaradıcılıq axtarışlarından danışıb.
Bildirilib ki, Seyran Qafarov 1969-cu il oktyabrın 2-də Bakıda anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarixi-nəzəriyyə və ifaçılıq fakültələrini bitirib. 1993-1997-ci illərdə BMA-nın “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasında işləyib. 1997-2010 illərdə Türkiyədə ixtisası üzrə pedaqoji fəaliyyət göstərib. Həmçinin Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasında baş müəllim işləyib. O, gənc musiqiçilərə Qərb musiqi tarixi, Asiya və Afrika xalqlarının musiqisini tədris etməklə yanaşı, BMA-nın laboratoriyasında Azərbaycanın qədim musiqi aləti ney haqqında elmi araşdırmalarını davam etdirib. S.Qafarovun 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş Attestasiya Komissiyası tərəfindən doktorluq elmi dərəcəsi ilə təsdiq olunub.
Diqqətə çatdırılıb ki, Seyran Qafarov Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib, nüfuzlu elmi toplularda məqalələri dərc olunub. O, 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib.
“Zemfira Qafarovanın ailəsində dünyaya göz açan Seyran Qafarov harada işləməsindən asılı olmayaraq hər zaman öz çoxşaxəli fəaliyyəti, yüksək mədəniyyəti, istedadı, bacarığı ilə seçilib, fərqlənib. Ömrünün 49-cu payızında vəfat edən Seyran Qafarovun Azərbaycan musiqişünaslığının tədqiqinə verdiyi töhfələr onu bütün zamanlarda xatırladacaq”, -deyə Azərbaycan Bəstəkarlar İttifaqının sədri vurğulayıb.
Seyran Qafarovun 50 illiyi münasibətilə işıq üzü görən kitabla bağlı fikirlərini bölüşən nəşrin elmi redaktoru Firəngiz Əlizadə bu işdə Nərgiz Qulamovanın böyük zəhməti olduğunu söyləyib.
Tədbirdə Əməkdar incəsənət xadimi, fəlsəfə elmlər doktoru, professor Gülnaz Abdullazadənin, “Seyran Qafarovun elmi-yaradıcılıq fəaliyyəti”, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanovanın “Seyran Qafarovun pedaqoji fəaliyyəti haqqında”, geologiya və mineralogiya elmləri doktoru Rahid Rəhmanovun “Seyran Qafarov- Səadət Abdullayevanın elmi ənənələrinin davamçısı kimi” və digər alimlərin məruzələri dinlənilib.
Sonda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova oğlunun xatirəsinə göstərilən ehtirama görə bütün iştirakçılara minnətdarlığını bildirib.
Tədbir musiqili proqramla davam edib.
*****
Oktyabrın 25-də tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.
Tədbirdə çıxış edən Xalq artisti Firəngiz Əlizadə qeyd edib ki, Müslüm Maqomayev dahi bəstəkar kimi təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə də tanınır və sevilir: “Müslüm Maqomayevə musiqi duyumu ailəsindən gəlirdi. Dahi bəstəkarın babası Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə birlikdə Azərbaycan professional musiqisini yaratmış şəxsdir. Böyük müğənninin bariton səsi dünyada ən nadir səslərdən biridir. Biz çalışırıq ki, onun xatirəsini həmişə uca tutaq”.
Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Sergey Stepanov bildirib ki, Müslüm Maqomayevin məzarı qarşısına toplaşanlar arasında gənc nəslin nümayəndələrinin olması çox sevindiricidir: “Biz ildə iki dəfə — avqust və oktyabr aylarında bəstəkarın məzarını ziyarət edirik. Amma musiqisevərlər onu hər zaman yada salır, ifalarından zövq alırlar. O, qəlblərdə yaşayır və daim yaşayacaq. Onun kimi dahi bəstəkarın sənət ucalığına çatmaq çox çətindir”.
Əməkdar mədəniyyət işçisi İldırım Qasımov vaxtilə Müslüm Maqomayev kimi dahi musiqiçi ilə Dövlət Ansamblında birgə çalışmağından fəxr duyduğunu deyib. Vurğulayıb ki, müğənni əbədi yaşayacaq bir sənət yadigar qoyub.
Qeyd edilib ki, Bakıda dünyaya göz açan M.Maqomayev ilk dəfə 1962-ci ildə Helsinkidə gənclər festivalında diqqəti cəlb edib. O, “Buhenvald harayı” və “Ruslar müharibə istəyirlərmi?” mahnılarının ifasına görə festivalın laureatı olub. 1963-cü ildə öz konsertləri ilə, sözün əsl mənasında, Moskvanı fəth edib. Onun çıxışları böyük əks-səda yaradıb. Müslüm Maqomayev estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa edib. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub.
Vurğulanıb ki, Milandan sonra Müslüm Maqomayev “Toska” və “Sevilya bərbəri” operaları ilə Sovet İttifaqının ən iri şəhərlərində çıxış edib. 1966-cı və 1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında Maqomayevin qastrolları böyük uğur qazanıb. M.Maqomayev 1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb. 1973-cü ildə ona SSRİ Xalq artisti adı verilib. M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub. Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. O, dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.
******
Oktyabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.
Sonra dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli, Qara Qarayev və zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin məzarları önünə gül dəstələri düzülüb.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, xalqımız heç zaman bu insanları unutmayacaq onların xatirəsini daim qəlblərində yaşadacaqlar.
*****
Oktyabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının açılışı olub.
Açılış mərasimində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub.
Vurğulanıb ki, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin tənzimlənməsində, musiqi sənətimizin inkişaf etdirilib dünya miqyasında tanıdılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olub. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərdə ümummilli lider Heydər Əliyevin yaradıcı şəxslərə xüsusi dəstəyi, müəlliflərin hüquqlarının qorunmasına, onların yaradıcılığı üçün əlverişli şəraitin yaradılmasına göstərdiyi böyük diqqət və qayğı sayəsində daha da artıb.
Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən F.Əlizadə deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə Azərbaycan Bəstəkarlar İttifaqı da yaxından iştirak edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi və geniş vüsət aldığı “İpək yolu” Beynəlxalq Musiqi Festivalı qədim tarixə və zəngin musiqi ənənələrinə malik Şəki şəhərində artıq ardıcıl olaraq böyük müvəffəqiyyətlə keçirilir.
Firəngiz Əlizadə deyib: “Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində Azərbaycan bəstəkarlarını və musiqişünaslarını öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır”.
Yubiley münasibətilə təşkil olunan musiqi festivalı barədə danışan Firəngiz Əlizadə qeyd edib ki, oktyabrın 28-dək davam edəcək festival çərçivəsində silsilə tədbirlər keçiriləcək.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrinin bu gün də uğurla davam etdirildiyini söyləyib. Nazir bildirib ki, Azərbaycanın müstəqilliyi dövründə bu qurumun özünün yaradıcılıq potensialını səfərbər edərək ölkənin mədəni həyatında layiqli bir yer tutması əlamətdar haldır. İttifaq Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələr veriblər.
Vurğulanıb ki, bu gün Azərbaycan musiqisi ölkəmizin hüdudlarından kənara çıxıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə Azərbaycan mədəniyyətinin təqdimatları keçirilir. Sözsüz ki, bu təqdimatlar çərçivəsində musiqimiz ən əsas qüvvədir.
Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən nazir musiqimizin tanınmasında və daha geniş təbliğ olunmasında, yeni əsərlərin ərsəyə gəlməsində, müxtəlif layihələrin həyata keçirilməsində qurumun böyük rolu olduğunu söyləyib.
Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan müxtəlif festivallarda Bəstəkarlar İttifaqı da fəal iştirak edir.
Nazir qeyd edib ki, Ağa Xan Fondu (“Aga Khan Foundation”) bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan Music Award”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın ilk laureatının azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESKO-nun “Sülh artisti” (“Artist for Peace”) adına layiq görülmüş Firəngiz Əlizadə olması hamımızı sevindirib.
Festivalın ilk günündə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – M.Mehmandarov) müşayiəti ilə geniş konsert proqramı təqdim olunub. Festivala Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənməsi ilə start verilib.
Gecədə Tofiq Bakıxanovun İhsan Doğramacının xatirəsinə həsr etdiyi 6 saylı “Türk Simfoniyası”, Azər Dadaşovun 13 saylı Simfoniyası – “Ad Victoriam”, Cahangir Zülfüqarovun “Ümid adası” qravüraları (solist – respublika müsabiqəsi laureatı Əminə Zülfüqarova (fleyta), Cəlal Abbasovun simli orkestr üçün “İn memoriam”u və digər əsərlər səslənib.
Bakıda ilk dəfə səslənən bu əsərlərin çoxu böyük maraqla qarşılanıb.
*****
Oktyabrın 26-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində növbəti konsert proqramı təqdim edilib.
Tədbiri açan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə festival haqqında məlumat verib. Bildirib ki, oktyabrın 28-dək davam edəcək festival çərçivəsində müxtəlif mədəniyyət ocaqlarında silsilə konsertlər təqdim olunacaq.
F.Əlizadə Azərbaycan musiqi sənətinin inkişafında mühüm xidmətlərinə görə görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovu Bəstəkarlar İttifaqının “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib.
Sonra Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında tanınmış bəstəkarlarımızın əsərləri səsləndirilib.
Konsert proqramında Tofiq Bakıxanovun “Arpaçay”, Dadaş Dadaşovun “Uğur olsun”, Elnarə Dadaşovanın “Osmanı”, Vasif Allahverdiyevin “Azərbaycanım”, Yaşar Xəlilovun “Əcəmi” – Simfoniyetta, Kamal Əhmədovun “Naxçıvan lövhələri”, Tural Məmmədlinin Süita ( I hissə), İlahə İsrafilovanın “Dədə Qorqud” baletindən “Türk yallısı” və digər musiqi nömrələri və kompozisiyalar səsləndirilib.
Respublikanın tanınmış ifaçılarının iştirakı ilə reallaşan konsert proqramı maraqla qarşılanıb.
*****
Oktyabrın 27-də Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində “Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.
Konfransda ingilis dilində çap olunmuş Azərbaycanın klassik bəstəkarlarının yaradıcılığına və əsərlərinə aid kitablar da nümayiş edilib.
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə əvvəlcə musiqi festivalı haqda məlumat verib. Bildirib ki, festival zamanı gənc bəstəkarların yeni əsərləri Azərbaycan Dövlət Filarmoniyasında səsləndirilir. Qeyd edib ki, bu əsərlər populyarlaşacaq, tamaşaçı kütləsi yığacaq, gənc bəstəkarları və dirijorları püxtələşdirəcək. Onlar isə öz növbəsində Azərbaycan musiqisini digər ölkələrdə layiqincə təbliğ edəcəklər.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova qeyd edib ki, əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan ənənələri ittifaqın rəhbərliyi layiqincə davam etdirir. Bildirib ki, burada hər zaman konfranslar, təqdimatlar, yubileylər keçirilir. Çox zaman gənc bəstəkarlar tanınmır, onların əsərləri dinlənilmir və arxivdə qalır. Ancaq belə festivalların keçirilməsi yeni bəstəkarlarımızı kəşf etməyə kömək edir, bir növ bu məsələni aradan qaldırır. “Konsertlər zamanı biz gənc bəstəkarlarımızın fərdi yaradıcılıq üslubuna malik olduğunu da görürük. Bu isə bizi çox sevindirir”, -deyə Z.Qafarova əlavə edib.
Sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Azərbaycan Bəstəkarlar İttifaqının beynəlxalq musiqi festivallarında rolu” mövzusunda məruzəsində deyib: “Bu gün Azərbaycan festivallar ölkəsi kimi tanınır. Novruz bayramı ərəfəsində iki ildən bir keçirilən “Muğam aləmi” Beynəlxalq musiqi festivalı dünyanın müxtəlif millətlərindən olan muğamsevərləri, muğam ustadları və muğamşünas alimləri bir araya gətirir. Bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, Azərbaycan muğamı, tar ifaçılığı sənəti, eləcə də aşıq sənəti UNESKO-nun Qeyri Maddi Mədəni İrsi Siyahısına daxil edilib”.
Tədbirdə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Son illərdə Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışları” mövzusuna məruzəsində müasir bəstəkarlarımızın fəaliyyətindən, yaradıcılıq axtarışlarından söz açıb. Bildirib ki, müasir bəstəkarlarımız mahnı janrı ilə yanaşı, opera, balet, simfoniya kimi iri janrlara da müraciət edirlər. Bu isə yaxşı göstəricidir. Burada Firəngiz Əlizadənin “İntizar”, Vasif Adıgözəlovun üçpərdəli “Natəvan”, Pikə Axundovanın “Məhsəti” operalarını nümunə çəkmək olar.
O, təəssüflə vurğulayıb ki, əsası Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan operetta janrına çox az müraciət edilir.
Konfrans mövzuya uyğun çıxış və müzakirələrlə davam edib.
*****
Oktyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində kamera konserti keçirilib.
Konsertdə akademiyanın tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Əməkdar artistlər Ramil Qasımov, İlqar Hacıyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov, beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov, Samir Əsədov, İslama Abdullayeva və başqaları çıxış ediblər.
Konsertin bədii rəhbəri və təşkilati dəstəkçisi Üzeyir Mahmudbəyli, dirijoru isə Tahir İbişovdur.
Müəllim və tələblərin iştirak etdiyi tədbir alqışlarla qarşılanıb.
******
Oktyabrın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Sərhədçi” vokal-instrumental ansamblının çıxışı olub. Ansamblın bədii rəhbəri Elnur Babayevdir.
Konsert Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində təşkil olunub.
Gecədə Tofiq Quliyev, Rauf Hacıyev, Yalçın Məlikov, Aygün Səmədzadə, Gövhər Həsənzadə və digər bəstəkarların əsərləri səsləndirilib.
Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
*****
Oktyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda kamera-instrumental və vokal musiqidən ibarət konsert proqramı təqdim edilib.
Konsert Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində təşkil olunub.
Konsertdə Mehriban Əhmədovanın Piano üçün 2 Prelüd, Fərid Fətullayevanın “Bu gecə”, Samir Əliyevin “Skertso”, Cəlal Abbasovun “2 qəzəl”, Mürsəl Arazbəylinin “Ötəri anlar”, Nazim Quliyevin “Ah, bu məhəbbət”, Adilə Yusifovanın “Meh gətirdi”, Məmməd Cəfərovun “Vida”, “Sən məmləkətimsən”, “Həsrət” və İlahə İsrafilovanın “Nəsimi dünyası” əsərləri səsləndirilib.
Əsərləri beynəlxalq və respublika müsabiqələri laureatları ifa ediblər.
*****
Oktyabrın 28-də Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı başa çatıb.
Heydər Əliyev Sarayında təşkil olunan bağlanış mərasiminə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – F.Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – G.İmanova) və Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun (bədii rəhbər və dirijor Ş.Ələkbərova) iştirak etdiyi konsert proqramı ilə yekun vurulub.
Gecədə tanınmış bəstəkarlar Oqtay Rəcəbovun “Zəfər himni” Kantatası, Sərdar Fərəcov “Sonsuzluq karvanı” – Oratoriyası, Ceyhun Allahverdiyevin “Əbədi sevgimsən” Kantatası, Tural Məmmədlinin “Təbrizim” – Kantatası, Pikə Axundovanın “Məhsəti” operasından Məhsəti və Əmir Əhmədin dueti, Firəngiz Əlizadə “Nəsimi İlahiləri” və Qara Qarayev “Zamanın bayraqdarı” — Kantatası səslənib.
Qeyd edək ki, festival çərçivəsində Kamera və orqan musiqisi zalında orqan musiqisi və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti, Azərbaycan Bəstəkarlar İttifaqında “Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kamera konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Sevil” operasının tamaşası, R.Behbudov adına Dövlət Mahnı Teatrında Zabitlər Evinin “Sərhədçi” İnstrumental Ansamblının konserti və Azərbaycan Bəstəkarlar İttifaqında kamera-instrumental və vokal musiqisindən ibarət konsert təqdim edilib.
*****
Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti — X qurultayı keçirilib.
Qurultayda ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadənin hesabatı dinlənilib.
O, son illərdə qazanılan uğurlardan, həyata keçirilmiş layihələrdən, gənc istedadlara göstərilən dövlət qayğısından danışıb.
Qeyd edilib ki, 2013-2019-cu illəri əhatə edən hesabat dövründə bəstəkar və musiqişünaslar öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirib, yeni əsərlərlə milli bəstəkarlıq məktəbinin ənənələrini layiqincə qoruyub saxlayıb.
Vurğulanıb ki, müasir Azərbaycan musiqi mədəniyyəti çox zəngin bir bəstəkarlıq məktəbi üzərində qurulub. Ulu öndərimiz Heydər Əliyev bəstəkarlara və musiqiçilərə daim diqqət və qayğı göstərib. Bu yüksək qayğı hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan bəstəkarlarının əsərləri ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi və təşəbbüsü ilə həyata keçirilən beynəlxalq musiqi festivallarında hər zaman maraqla qarşılanıb.
Firəngiz Əlizadə deyib: “Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində Azərbaycan bəstəkarlarını və musiqişünaslarını öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır”.
Diqqətə çatdırılıb ki, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi və geniş vüsət aldığı “İpək yolu” Beynəlxalq Musiqi Festivalı qədim tarixə və zəngin musiqi ənənələrinə malik Şəki şəhərində artıq ardıcıl olaraq böyük müvəffəqiyyətlə keçirilir.
Mövcud problemlərdən də danışan ABİ-nin sədri son illər irihəcmli əsərlərə çox az müraciət edildiyini söyləyib və bəstəkarlarımızın bu sahəyə diqqət ayırmasını tövsiyə edib. O, bəstəkarlarımız haqqında internetdə məlumatların az olduğunu qeyd edərək alman, ingilis, fransız bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarları haqqında məlumatların da internetdə geniş şəkildə yer almasının zəruriliyini söyləyib.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bəstəkarlıq məktəbinin inkişafından, ölkəmizdə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb.
O bildirib ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan musiqisinə göstərdikləri qayğı göz önündədir: «Bir çox ölkələrdə sənət adamlarına fəxri adlar, təqaüdlər, mənzillər verilmir. O ölkələrdə yaradıcılıq biznes mühitinə çevrilib. Azərbaycanda isə yaradıcılığa verilən dəstək məlumdur. Sirr deyil ki, həm yaradıcılıq ittifaqlarının fəaliyyətinə diqqət edilir, həm də fərdi şəkildə yaradıcı şəxslərə dəstək göstərilir».
Artıq Azərbaycanda bir sıra dünya səviyyəli festivallar təşkil olunduğunu bildirən nazir deyib ki, yaranan hər yeni əsər təkcə hansısa bəstəkar üçün deyil, bütövlükdə xalqımız üçün də əhəmiyyətli hadisədir.
Bildirilib ki, ötən dövrdə bu təşkilat peşəkar bəstəkarlar və musiqişünasların yaradıcılığının formalaşmasında mühüm rol oynayıb. Bu ittifaqa Azərbaycanın görkəmli bəstəkarları rəhbərlik ediblər. Bu gün Bəstəkarlar İttifaqı Azərbaycanda ən nüfuzlu təşkilatlardan biridir. Bu nüfuzu yüksəltmək üçün ittifaq tərəfindən mühüm işlər görülür və bir sıra layihələr həyata keçirilir. Azərbaycan musiqisini beynəlxalq miqyasda tanıtmaq, onu dünya səhnələrində səsləndirmək və zəngin mədəniyyətimizi təbliğ etmək istiqamətində görülmüş işlər bunu bir daha sübut edir.
Nazir qeyd edib ki, Ağa Xan Fondu (“Aga Khan Foundation”) bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan Music Award”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın ilk laureatının azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESKO-nun “Sülh artisti” (“Artist for Peace”) adına layiq görülmüş Firəngiz Əlizadə olması hamımızı sevindirib.
Nazir ölkədə Üzeyir Hacıbəyli, Mstislav Rastopoviç, Qara Qarayev adına, eləcə də başqa nüfuzlu musiqi festivallarının keçirildiyini vurğulayaraq bəstəkarlarımızın bu işə laqeyd münasibətini təəssüf hissi ilə qeyd edib. Bildirib ki, ölkədə ümumi mədəni mühitin formalaşdırılmasında bəstəkarlarımız da yaxından iştirak etməlidirlər. O, bəstəkarları bu kimi tədbirlərdə aktiv iştirak etməyə çağırıb.
Ə. Qarayev, eyni zamanda, son illər filmlərimizdə qorxunc, heç bir ümid verməyən fon musiqilərinin səsləndiyini vurğulayıb. Qeyd edib ki, əgər belə davam edərsə filmlərimizdə, seriallarda texniki musiqidən başqa musiqi dinləməyəcəyik. Nazir bəstəkarların bu məsələlərə ciddi yanaşmasının vacibliyini söyləyib.
Mədəniyyət naziri Bəstəkarlar İttifaqına Azərbaycan musiqisinin növbəti 5-10 il ərazində hansı meyarlara doğru inkişaf edəcəyini müəyyənləşdirməyi tövsiyə edib. Bir sıra mövcud problemlərin aradan qaldırılması üçün Bəstəkarlar İttifaqı üzvlərinin səy göstərməli olduğunu bildirib.
Sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. 21 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası müəyyənləşib.
Nəzarət-təftiş komissiyasının üzvü Elnarə Dadaşovanın məruzəsi dinlənilib.
Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə növbəti müddətə İttifaqın sədri seçiblər.
*****
Oktyabrın 31-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib. İclasda İdarə heyətinin üzvləri tanınmış bəstəkar, Əməkdar İncəsənət xadimi, professor Cəlal Abbasov və tanınmış musiqişünas, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova yekdilliklə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının katibləri seçiliblər. İclas iştirakçıları həmçinin tanınmış musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanı Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi vəsifəsinə seçilməsinə yekdilliklə səs veriblər.
*****
Noyabrın 7-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Fəxri xiyabana gələrək görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) doğum günündə məzarını ziyarət ediblər. Məzarın önünə tər çiçəklər düzülüb, ustad nəğməkarın xatirəsi ehtiramla yad olundu.
Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın həyat və yaradıcılığı haqqında danışaraq bildirib ki, Tofiq Quliyev Azərbaycan musiqisində mühüm xidmətləri olan sənətkarlardandır. T.Quliyevin Üzeyir Hacıbəylinin təşəbbüsü ilə təhsilini Moskvada davam etdirdiyini bildirən F.Əlizadə qeyd edib ki, tələbəlik illərində Bülbülün təşəbbüsü ilə “Rast”, “Zabul” muğamlarını nota köçürüb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən bəstəkar 1958-ci ildə filarmoniyanın bədii rəhbəri, sonradan direktoru olub. O, ilk caz orkestrinin yaradılmasında fəal iştirak edib. Ümumilikdə 80-dən artıq filmə, 50-yə yaxın teatr tamaşasına musiqilər yazıb. Bu musiqilər xalqımızın yaddaşında silinməz iş qoyub.
F.Əlizadə görkəmli bəstəkarla davamlı ünsiyyətdə olduğunu bildirib: “Həyat elə gətirib ki, Tofiq müəllimlə uzun illər Bəstəkarlar İttifaqında birlikdə çalışmışıq. Mən onu Türkiyəyə “Boş beşik” baletinin premyerasına dəvət edəndə o, məmnuniyyətdə iştirak etdi. O, hər zaman bəstəkarlara dəstək olmağa çalışardı. Ulu öndər Heydər Əliyev Tofiq Quliyevin yaradıcılığına böyük qiymət verib. Hələ sovet dövründə bəstəkar Əməkdar incəsənət xadimi, sonrakı illərdə isə Azərbaycanın Xalq artisti adına layiq görülüb. Dəfələrlə təltiflərə layiq görülən sənətkarın yaradıcılığına verilən ən ali qiymət Heydər Əliyevin bəstəkara xəstəxanada olarkən təqdim etdiyi “İstiqlal” ordenidir. Bu gün bəstəkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində müvafiq addımlar atılıb. Adına musiqi məktəbi, küçə, yaşadığı binaya xatirə lövhəsi vurulub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla bəstəkarın 100 illik yubileyi böyük təntənə ilə dövlət səviyyəsində qeyd olundu. Tofiq Quliyev dövrünün ən böyük ifaçı və şairləri ilə çalışıb, öz musiqisi ilə əbədiyaşarlıq qazanıb”.
Daha sonra çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri görkəmli bəstəkarla bağlı xatirələrini bölüşdülər. Vurğulandı ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. Onun mahnıları gözəl qəlbinin, mənəviyyatının təcəssümü idi. İndi də bu nəğmələr ifaçıların repertuarında geniş yer tutur. Bəstəkar Bakının tərənnümçüsü idi. Özü də müsahibələrində bunu dəfələrlə vurğulamışdı.
Qeyd olundu ki, Tofiq Quliyev 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. O, daha çox estrada musiqisinin ustadı kimi tanınıb. Lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri dillər əzbəridir.Bununla yanaşı, bəstəkarın “Bəxtiyar”, “Ögey ana”, “Nəsimi” və bir çox filmlərə bəstələdiyi musiqilər, həmin filmləri daha da baxımlı edib.
Tədbirin sonunda bəstəkarın oğlu, Xalq artisti, kinorejissor Eldar Quliyev anım mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirərək qeyd etdi ki, 1997-ci ildə bəstəkarın 80 illiyinə həsr olunan təntənəli yubiley mərasimində ulu öndər Heydər Əliyev Tofiq Quliyevə xitabən deyib ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq onun musiqisi yaşayacaq. Bu gün həmin fikir öz təsdiqini tapmaqdadır.
Hazırladı:
İltifat HACIXANOĞLU
Azərbaycan Bəstəkarlar İttifaqının
mətbuat xidmətinin rəhbəri