(23 mart 1920 — 8 fevral 1992)
Azərbaycanın görkəmli bəstəkarı, respublikanın xalq artisti, professor Əşrəf Abbasov musiqimizin inkişafında əhəmiyyətli rol oynamış ictimai musiqi xadimi olmuşdur. 1920-ci ildə martın 23-də Şuşada doğulub, boya-başa çatmış Əşrəf Abbasov ilk musiqi təhsilini tar ixtisası üzrə Şuşa musiqi məktəbində almışdır. Əşrəf Abbasovun ilk bəstəkarlıq təcrübələri — tar üçün kiçik həcmli pyeslərlə tanış olduqdan sonra Ü.Hacıbəyov onun istedadını hiss etmiş və 1936-cı ildə Bakıya oxumağa dəvət etmişdir. Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu illərdə dahi bəstəkarımız Ü.Hacıbəyovla ünsiyyətdə olması Əşrəf Abbasovun dünyagörüşünün, yaradıcılığının formalaşmasına böyük təsir göstərmişdir. Musiqinin bir çox janrlarında qələmini sınamış bəstəkar zəngin yaradıcılıq irsinə malikdir.
O, Azərbaycanda ilk uşaq baleti olan «Qaraca qız» baletinin, «Səndən mənə yar olmaz», «Dağlar qoynunda», «Həyətim mənim, həyatım mənim» musiqili komediyalarının, simfonik orkestr üçün «Konsertino», «Şuşa», «Gələcək gün», «Dramatik poema» kimi əsərlərin, «Heyran olmuşam», «Gözəl yar», «Qurban olduğum», «Oxu bülbülüm», «Qarabağın qızları», «Ceyranım gəl» və s. məşhur mahnı və romansların müəllifidir. Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alim olmuş Əşrəf Abbasov 1952-ci ildə Moskvada «Üzeyir Hacıbəyov və onun «Koroğlu» operası» mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, respublikamızın bəstəkarları arasında ilk sənətşünaslıq namizədi idi. Onun dərin məzmunlu məqalə və çıxışları müxtəlif elmi məcmuələrdə çap olunmuşdur. Musiqiçi kadrların yetişdirilməsinə böyük əmək sərf etmiş Əşrəf Abbasovun pedaqoji fəaliyyəti də çox önəmlidir. O, 1947-1948-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru olmuş, sonra isə pedaqoji fəaliyyətini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirmişdir. O, müəyyən dövrlərdə 1953-57-ci illərdə konservatoriyanın rektoru, 1957-72-ci illərdə bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışmışdır. O, həmçinin fəal ictimai xadim kimi 1943-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilmiş bu təşkilatın I qurultayından başlayaraq ömrünün sonunadək İdarə Heyətinin üzvü olmuşdur. Bütün ömrünü, istedadını və yaradıcılığını musiqimizin inkişafına həsr etmiş Əşrəf Abbasovun adı musiqi tariximizdə əbədi həkk olunmuş, onun əsərləri xalqımızın qəlbində özünəməxsus yer tutmuşdur.