Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri — respublikanın xalq artisti Əfrasiyab Bədəlbəyli milli musiqi mədəniyyəti tariximizə bəstəkar, dirijor, müsiqişünas-tədqiqatçı, librettoçu, publisist və maarifpərvər ziyalı kimi daxil olmuşdur.
Əfrasiyab Bədəl oğlu Bədəlbəyli 1907-ci il aprelin 19-da Bakı şəhərində görkəmli maarifpərvər xadim Bədəlbəyin ailəsində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakultəsinin linqvistika şöbəsini bitirən Əfrasiyab musiqiyə xüsusi maraq göstərmiş, eyni zamanda Musiqi Texnikumunda təhsil almışdır. Sonralar — 1934-38-ci illərdə Ə.Bədəlbəyli Leninqrad Dövlət Konservatoriyasının nəzdindəki musiqi texnikumunun bəstəkarlıq fakultəsində musiqi təhsilini davam etdirərək professor Boris Zeydmanın sinfini bitirmişdir.
Musiqi yaradıcılığına 20-ci illərdə başlamış Ə.Bədəlbəyli dram tamaşalarına musiqi yazmaqla ilk bəstəkarlıq addımlarını atmışdır. O, M.F.Axundovun, H.Cavidin, S.Vurğunun, C.Cabbarlının pyeslərinə musiqi yazmışdır.
Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baleti — «Qız qalası» baletinin müəllifidir. 1940-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuş «Qız qalası» baleti yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə ilk baletdir.
Bəstəkarın qələminə habelə, «Tərlan» baleti, müəllimi professor Boris Zeydmanla birgə yazdığı «Xalq qəzəbi» operası, Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə həsr olunmuş «Nizami» operası, «Söyüdlər ağlamaz» operası mənsubdur.
Əfrasiyab Bədəlbəylinin yaradıcılıq fəaliyyətində dirijorluq sənəti xüsusi yer tutur. O, Azərbaycanın ilk dirijorlarından biri olmuşdur. Ə.Bədəlbəyli ilk dəfə 1927-ci ildə dirijorluq sənətinə başlamışdır. Onun ilk dirijorluq etdiyi əsər Ü.Hacibəyovun «Əsli və Kərəm» operası olmuşdur. Ə.Bədəlbəyli P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dirijorluq fakultəsində təkmilləşmişdir. O, bir neçə il S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında dirijorluq təcrübəsi keçmişdir. Dirijorluq sənətinin sirlərinə dərindən bələd olan Ə.Bədəlbəyli ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatdında dirijor vəzifəsində çalışmış, dünya musiqisi klassiklərinin, Azərbaycan bəstəkarlarının, həmçinin özünün səhnə əsərlərini özünəməxsus bir iste′dadla təfsir etmişdir.
Əfrasiyab Bədəlbəyli eyni zamanda iste′dadlı publisist, librettoçu və tərcüməçi kimi də fəaliyyət göstərmişdir. O, Süleyman Ələsgərovun «Bahadur və Sona» operasının, Əşrəf Abbasovun «Qaraca qız», Boris Zeydmanın «Qızıl açar» və «Gülən adam» baletlərinin, eləcə də öz səhnə əsərlərinin librettolarını yazmışdır. Əfrasiyab Bədəlbəyli həmçinin P.Çaykovskinin «İolanta», C.Rossininin «Sevilya bərbəri», Z.Paliaşvilinin «Daisi», R.Qliyerin «Şahsənəm» operalarının librettolarını azərbaycan dilinə tərcümə etmişdir.
Əfrasiyab Bədəlbəylinin bir musiqişünas kimi fəaliyyəti də önəmlidir. Onun «Musiqi haqqında söhbət», «Qurban Primov» monoqrafiyaları, azərbaycan dilində indiyə qədər yeganə sayılan «Musiqi terminləri lüğəti» milli musiqişünaslığımızın əhəmiyyətli əsərlərindəndir. Maraqlı və aktual mövzulara həsr olunmuş elmi-publisistik məqalələrlə dövrü mətbuatda çıxış edən Əfrasiyab Bədəlbəyli «Ədəbiyyat və incəsənət» qəzetinin və «Elm və həyat» jurnalının redaksiya hey′ətinin üzvü, «Azərbaycan Sovet Ensiklopediyası» Baş Redaksiyasının üzvü olmuşdur.
İctimai musiqi xadimi kimi geniş fəaliyyət göstərən Ə.Bədəlbəyli müxtəlif illərdə Azərbaycan Dövlət Radio Komitəsinin, habelə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuşdur. O, Azərbaycan Bəstəkarlar İttifaqının yarandığı ilk gündən — 1934-cü ildən bu yaradıcılıq təşkilatının üzvlüyünə qəbul olunmuş, bütün qutultayların idarə heyətinin üzvü seçilmiş, uzun illər «Musiqişünaslıq» bölməsinin rəhbəri olmuşdur.
Hazırda Bakı şəhərindəki 23 saylı musiqi məktəbi Əfrasiyab Bədəlbəylinin adını daşıyır.