Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı dövlət səviyyəsində çoxsaylı tədbirlər keçirilib. “Nəsimi ili”nin möhtəşəm yekunu kimi dekabrın 27-də Heydər Əliyev Sarayında dünya şöhrətli bəstəkarımız, Azərbaycanın xalq artısti Firəngiz Əlizadənin «Nasimi Passion» əsəri əsasında vokal-xoreoqrafik tamaşanın premyerası olub.

Məşqləri bir neçə aydan bəri davam edən bu möhtəşəm əsərin xoreoqrafik quruluşu Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnova məxsusdur. Tamaşanın baletmeystri isə istedadlı xoreoqraf Ceyhun Qubadovdur.

Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə «Nəsimi poeziyası» adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak ediblər.

«Nasimi Passion» vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

Qeyd edək ki, nümayişi Azərbaycan musiqi ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilən “Nasimi Passion” əsərinin ilk premyerası 2017-ci ildə məşhur ingilis dirijor Martin Brabbinsun idarə etdiyi Hollandiyanın Kral Simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə “Amsterdam Royal Concertgebouw” Konsert sarayında olub.

Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan “Amsterdam Royal Concertgebouw” tərəfindən son illərdə müxtəlif dinlərlə bağlı (pravoslav, katolik, yəhudilik, buddizm) “İlahilər” layihəsi həyata keçirilir. Layihə çərçivəsində dünyanın müxtəlif dinlərinə məxsus görkəmli bəstəkarlara əsərlər sifariş olunur və səsləndirilir.

2015-ci ildə İslam dininə aid olan ilahilərin bəstələnməsi gündəmə gəlib. Belə bir əsərin yaradılması Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə həvalə edilib və “Nasimi Passion” ərsəyə gəlib.

Əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta əsr sufi fəlsəfəsi yanaşı işlənib. Seçilmiş mövzunun layihənin tələblərinə cavab verdiyi, eləcə də Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunulub. “Nasimi-Passion”da Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub.

Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb. Premyeradan sonra “Nasimi- Passion” kompakt-diskə yazılaraq Avropanın bütün şəhərlərində klassik musiqi həvəskarları üçün satışa çıxarılıb.

Təsadüfi deyil ki, ötən il Beynəlxalq Ağa Xan Fondu (“Aga Khan Foundation”) ilk dəfə musiqi sahəsində təsis etdiyi Beynəlxalq “Aga Khan Music Award” mükafatına bəstəkarlıq sahəsində UNESKO-nun “Sülh artisti” Firəngiz Əlizadəni “Nasimi Passion” əsərinə görə layiq görüb.

“Nasimi –Passion ” xoreoqrafik -tamaşasında “Nəsimi” rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti Taleh Yəhyayev bu obrazı dərindən öyrənərək, qəhrəmanının vokal hissəsinin müxtəlifliyini və ifadəliyini çatdırmağı bacarıqla canlandırıb.

Firəngiz Əlizadənin orkestr koloriti və aydın ifadəli xor parçası ilə zəngin olan çoxrəngli musiqisi sonadək tamaşaçıları təsirində saxladı, xüsusilə apofeozunda- şairin edam səhnəsində dahi mütəfəkkirin böyüklüyünü əks etdirirdi.

Tamaşaçılar ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil edən bu təsirli tamaşanı məmnuniyyətlə izləyərək bəstəkarı və bütün iştirakçılarını uzun müddət alqışladılar.

Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı” mövzusunda konfrans keçiriləcək.

Konfransda Ulu Öndərin ömür yolu, fəaliyyəti, mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdandanışılacaq və məruzələr dinləniləcək.

Dekabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında 12 cilddən ibarət “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitabının və “Sözləri Hüseyn Cavidindir” — Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Ərtoğrol Cavidin anadan olmasının 100 illiyinə həsr olunub.
Təqdimatı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq bildirib ki, Ərtoğrol Cavid qısa ömür – 24 il yaşamasına baxmayaraq, çoxşaxəli və zəngin fəaliyyəti ilə tanınıb: “Ötən əsrin 20-30-cu illərinin ictimai-siyasi mühiti, Cavidlər ailəsinin başına gətirilənlər, olmazın məşəqqətlər, məhrumiyyətlər bu qısa ömrü bir az da daraltmışdı. Kədər dolu hadisələrin təsiri ilə həyatını doya-doya sürməyə belə macal tapmayan Ərtoğrol hər şeyə rəğmən təhsil almış, yazıb-yaratmış, bütün dahilər kimi, necə deyərlər, yaşamağa tələsmişdi. Bu çalışqanlığın, zəhmətkeşliyin nəticəsidir ki, fiziki həyatı qısa olsa belə, Ərtoğrol Cavidin yaradıcılıq, sənət ömrü, başqa sözlə, əsərlərinin, irsinin həyatı uzun olub, hər zaman sənətsevərlərin, tədqiqatçıların diqqətini özünə cəlb edib. O, görkəmli şairimiz, böyük dramaturq və mütəfəkkir Hüseyn Cavidin oğlu olmasına baxmayaraq, heç zaman atasının şöhrəti arxasından boy verməmiş, öz istedadının hesabına hörmət və rəğbət qazanıb”.
1941-ci ildə Ərtoğrol Cavid Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində davam etdirib. Ərtoğrol haqqında müəllimi — dahi bəstəkar, konservatoriyanın rektoru Üzeyir Hacıbəyli də təxminən eyni fikirdə idi. Həmin illərdə o, eyni zamanda, konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak edib. Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı vaxtlarda Azərbaycanın ayrı-ayrı regionlarından toplanmış müxtəlif janrlı folklor nümunələri, eləcə də şifahi xalq ədəbiyyatına dair bəzi tədqiqat əsərləri barədə dəyərli elmi rəylər də yazıb.
Bildirilib ki, parlaq istedadı ilə seçilməyi bacarmış Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə işıq üzü görən “Musiqi əsərləri” adlı bu kitab “Ərtoğrol Cavidin ömür salnaməsi” silsiləsindəndir. Kitaba bəstəkarın 40-a yaxın musiqi əsəri toplanıb. Kitab AMEA Hüseyn Cavidin ev-muzeyində qorunub saxlanılan əlyazmalar əsasında tərtib edilib.
AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Ərtoğrul Cavidin çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın mədəniyyət tarixində silinməz izlər qoyduğunu vurğulayıb. Qeyd edilib ki, XX əsrin əvvəllərində zəngin folklor nümunələrinin toplanılmasında, sistemləşdirilməsində və tədqiqində Ərtoğrol Cavidin əvəzsiz xidmətləri olub.
AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Ərtoğrol Cavidin həyat yolundan, onun zəngin yaradıcılıq fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, bu il 100 yaşı tamam olan Ə.Cavid musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaradıb. Direktor qeyd edib ki, Hüseyn Cavidin ev-muzeyində Ərtoğrol Cavidin şəxsi arxivi qorunub saxlanılır. Həmin arxivdə bu il ədibin 100 illik yubileyi münasibətilə muzeyin əməkdaşları araşdırma və tədqiqatlarını davam etdiriblər. Nəticədə “Ərtoğrol Cavidin musiqi əsərləri”, “Ərtoğrol Cavidin məqalələr toplusu” adlı yeni nəşrlər ərsəyə gəlib.
G.Babaxanlı yubileydən öncəki illərdə də muzey tərəfindən “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyin, «Balaman məktəbi» dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” adlı nəşrlərin çap olunduğunu bildirib.
Ərtoğrol Cavid bir neçə dəfə görüşdüyünü söyləyən Xalq artisti Tofiq Bakıxanov onunla bağlı xatirələrini bölüşüb.
Təqdimat mərasimində Bəstəkarlar İttifaqının məsul katibi, professor Cəmilə Həsənova və başqaları çıxışlarında Ərtoğrol Cavid yaradıcılığından, onun sözlərinə bəslənilən musiqi nömrələrindən söhbət açıblar.
Tədbir bədii hissə ilə davam edib.

ABİ-nin İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) İdarə Heyətinin növbəti iclası keçirilib.

Iclasda çıxış edən İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bu ilin son rübündə görülən işlər barədə məlumat verib. O, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən musiqi ictimaiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb.

Bildirib ki, qurumun təşkilatçılığı ilə sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.

Konsertdə F. Əlizadə ilə yanaşı, digər Azərbaycan bəstəkarlarının – Aliyə Məmmədova, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi, Cəlal Abbasovun böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin şeir və qəzəllərinin əsasında hazırlanmış əsərləri ifa olunub. Xanəndələr, Qədim Musiqi Alətləri Dövlət Ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, eləcə də opera və balet teatrının solisti Mütəllim Dəmirov və soprano — Afaq Abbasova tərəfindən əsərlər ifa edilib. İmadəddin Nəsimi obrazını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

Sona Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Əməkdar elm xadimi, akademik Zemfira Səfərovanın layihəsi və elmi redaktorluğu ilə hazırlanan “Azərbaycan musiqi tarixi” (IV cild) kitabının təqdimatı olub.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbir Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Həmçinin Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli Azərbaycan bəstəkarları Soltan Hacıbəyovun anadan olmasının 100 illiyinə və İsmayıl Hacıbəyovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Bəstəkarlar İttifaqının “Müasirlərlə dialoq” layihəsi çərçivəsində ölkəmizdə, eləcə də Gürcüstan, Rusiya, İtaliya, Yaponiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrin gənc musiqiçilərinin qatıldığı beynəlxalq müsabiqələrdə Azərbaycanı ləyaqətlə təmsil edən, həmişə Vətənə qələbə ilə qayıdan Vurğun Vəkilovla görüş olub. Tədbirdə Vurğun Vəkilov Azərbaycan və dünya klassiklərinin əsərlərini ifa edib.

Sentyabrın 28-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Amerikanın Nyu-York şəhərində görkəmli Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilmişdir. Tədbirin açılışında “Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyət”inin sədri, Amerikada yaşayan pianoçumuz, Əməkdar artist Nərgiz Əliyarova çıxış edərək tədbirin əhəmiyyəti, İ. Nəsimi dühası haqqında və “Nəsimi ili” mövzusunda çıxış edib. Konsert proqramı çərçivəsində Jeffrey Werbockun Azərbaycanın milli tar və kamança alətlərində muğam ifa etməsi böyük maraqla qarşılanıb.

Azərbaycanın istedadlı pianoçusu, respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin solo ifasında Ü. Hacıbəyli “Cəngi”, F. Əlizadə “Sonata”, İ. İsrafilova “The world of Nasimi” əsərləri səslənib. Amerikada premyerası baş tutan bəstəkar İlahə İsrafilovanın “The world of Nasimi” kompozisiyası dinləyicilər tərəfindən fasiləsiz alqışlanıb.

Oktyabrın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyevanın anadan olmasının 50, yaradıcılığının 30 illiyi münasibətilə tədbir keçirilib.

Oktyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, professor Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə, həmçinin musiqişünas-alimin “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” adlı kitabı da təqdim olunub.

Sonra tədbir məruzələrin dinlənilməsi ilə davam edib.

Oktyabrın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında istedadlı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) dosenti Seyran Qafarovun anadan olmasının 50 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir çərçivəsində Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova və musiqişünas Nərgiz Qulamovanın tərtibçiliyi ilə işıq üzü görən kitabın da təqdimatı olub.

Oktyabrın 25-dən 28-dək Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festival keçirilib. Festival çərçivəsində müxtəlif janrlar üzrə çoxsaylı konsertlər və konfranslar təşkil edilib.

Oktyabrın 28-də Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının

Heydər Əliyev Sarayında təşkil olunan bağlanış mərasiminə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – F.Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – G.İmanova) və Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun (bədii rəhbər və dirijor Ş.Ələkbərova) iştirak etdiyi konsert proqramı ilə yekun vurulub.

Bu ilin oktyabr ayının 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti — X qurultayı keçirilib.

Sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. 21 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası müəyyənləşib. Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə növbəti müddətə İttifaqın sədri seçiblər. Eyni zamanda, noyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış publisist Səadət Qarabağlının dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatının 71-ci ildönümünə həsr etdiyi “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” adlı kitabının təqdimatı olub.

Noyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Milli Kitabxananın birgə təşkilatçılıği ilə görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş kitab sərgisi açılıb.

Dekabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun döyüş yoldaşları ilə görüş olub. Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan Bəstəkarlıq İttifaqı” mövzusunda konfrans keçirilib. Həmin gün Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə 12 cilddən ibarət “Azərbaycanın qeyri maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitablarının və “Sözləri Hüseyn Cavidindir”- Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimatı olub.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının 2020-ci ilin birinci yarımili üçün nəzərdə tutulmuş tədbirlər planını müzakirə edilərək qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Azərbaycan bəstəkarlarının kamera musiqisi” adlı konsert olub.

Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Firəngiz Əlizadə kimi görkəmli bəstəkarlarımızın musiqisinin səsləndiyi gecəni Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi, musiqişünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova açaraq, ölkəmizdə klassik musiqinin inkişaf tarixindən danışıb. N.Axundova görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadəni təqdim edərək bildirib ki, dövrümüzün məşhur bəstəkarlarından olan Firəngiz xanımın parlaq, füsunkar, ürək oxşayan musiqisi dünyanın bütün guşələrində sevilərək ifa olunur. F.Əlizadənin baletləri Helsinki və Nyu-York, Berlin və İstanbul səhnələrinin repertuarından düşmür. N.Axundova deyib: “Dahi Qara Qarayevin tələbəsi olan Firəngiz Əlizadə Şərq musiqisini dünyaya yeni tərzdə təqdim edib, muğam fəlsəfəsinin sirlərini açıb”.

Firəngiz Əlizadə Moskva səhnəsində çıxış edəcək gənc musiqiçiləri təqdim edərək bildirib ki, onlar müxtəlif beynəlxalq müsabiqələrin laureatlarıdırlar. O, Azərbaycanda istedadlı gənc musiqiçi və bəstəkarlar nəslinin yetişdiyini vurğulayıb.

Konsertdə Ümidə Abbasova (skripka), Emin Hüseynov (skripka), Nəzrin Aslanlı (skripka), İlqar Rzayev (alt), Orxan Hüseynov (violonçel), Səidə Tağızadə (fortepiano), Tural Məmmədlinin (fortepiano) ifasında Firəngiz Əlizadənin “Muğamsayağı”, Qara Qarayevin skripka və fortepiano üçün sonatası, Fikrət Əmirovun “1001 gecə” baletindən rəqs, Oqtay Zülfüqarovun skripka və fortepiano üçün “Skerso”su və digər əsərlər səslənib.

 

Fəridə Abdullayeva

ABİ-nin İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib.Iclasda İdarə heyətinin üzvləri tanınmış bəstəkar, Əməkdar İncəsənət xadimi, professor Cəlal Abbasov və musiqişünas, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova yenidən Azərbaycan Bəstəkarlar İttifaqının katibləri seçiliblər. İclas iştirakçıları həmçinin musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanı Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi vəsifəsinə seçilməsinə səs veriblər.

X Beynəlxalq Musiqi Festivalı

2019-cu ilin 22-27 aprel tarixində Bakıda Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında X Beynəlxalq Mstislav Rostropoviç Festivalının keçirilməsi nəzərdə tutulmuşdur.

Festivalda Rusiya, İsveçrə, Almaniya, İspaniya, ABŞ-dan dünya şöhrətli musiqiçilər və kollektivlər – Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Mühchenklang Orkestri və Xoru, Lozanna Kamera Orkestri, tanınmış pianoçular Boris Berezovski, Yefim Bronfman, Aleksandr Kantorov, skripkaçı Sergey Krılov, violonçel ifaçısı Pablo Ferrandez və başqaları iştirak edəcəklər. Xarici musiqiçilərlə yanaşı Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayev, Əməkdar artist Fuad İbrahimov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcəklər. Konsert proqramlarında L.V.Bethoven, Y.Brams, C.Verdi, F.Şubert, K.Sen-Sans, P.İ.Çaykovski, S.Raxmaninov, A.Skryabin, Q.Qarayev, N.Metner, Q.Forenin əsərləri səslənəcəkdir.

Mstislav Rostropoviç 1927-ci il martın 27-də Bakı şəhərində tanınmış violonçel ifaçısı və pedaqoq Leopold Rostropoviçin ailəsində anadan olmuşdur.  Musiqiçi uşaqlıq illərini Bakıda keçirmiş, ilk musiqi təhsilini atasından almışdır. İkinci dünya müharibəsi illərində ailəsi ilə birgə Orenburqa, daha sonra Moskvaya köçən M.Rostropoviç Dövlət Konservatoriyasında violonçel və bəstəkarlıq siniflərində təhsil almışdır. Onun müəllimləri arasında dahi rus bəstəkarları Dmitri Şostakoviç və Sergey Prokofyev olmuşlar. Gənc Rostropoviç 1945-ci ildə Sovetlər Birliyində ilk dəfə keçirilən gənc musiqiçilərin müsabiqəsinin, Praqa (1950) və Budapeştdə (1951) beynəlxalq musiqi müsabiqələrinin qalibi olmuş, 23 yaşında Stalin mükafatına layiq görülmüşdür. Artıq bütün SSRİ-də şöhrət qazanmış M.Rostropoviç Leninqrad (indiki Sank-Peterburq) və Moskva Dövlət Konservatoriyalarında pedoqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.

1997-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Mstislav Rostropoviç Bakıya dəvət olunmuş və sənətkarın 70 illik yubiley tədbirləri təntənəli şəkildə keçirilmişdir. Yubiley münasibəti ilə o, Azərbaycan Respublikasının mükafatı-“Şöhrət” ordeni ilə təltif olunmuşdur. 1998-ci ildə dahi musiqiçinin şərəfinə onun ailə üzvlərinin iştirakı ilə Bakı şəhərində doğulduğu evdə Rostropoviç ev-muzeyi açılmışdır. Daha sonra musiqiçi hər il mütəmadi olaraq Bakıya səfər edərək, ustad-dərslər, konsertlər, müxtəlif tədbirlər, festivallar keçirmişdir. 2002-ci ildə ölkəmizdə M.Rostropoviçin 75 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, dahi musiqiçinin təşəbbüsü ilə yapon musiqi alətləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə hədiyyə olunmuşdur.

Məhz M.Rostropoviçin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə 2006-cı ildə Bakıda dahi rus bəstəkarı Dmitri Şostakoviçin 100 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Öz doğma Vətənində Rostropoviçin adını da daşıyan festivalın keçirilməsi musiqiçinin ən böyük arzusu idi. Lakin M.Rostropoviç 2007-ci ildə Moskva şəhərində vəfat etmişdir.

Ölümündən sonra onun arzusunu nəzərə alaraq, Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2007-2017-ci illərdə Rostropoviçin adını daşıyan doqquz Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişlər.

 

Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalının proqramı

22 aprel, saat 19.00

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Bədii rəhbər və baş dirijor

Rauf Abdullayev

Sergey Krılov (violin, Rusiya)

Aleksandr Kantorov (piano, Fransa)

 

23 aprel, saat 19.00

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Lozanna Kamera Orkestri (İsveçrə)

Dirijor Coşua Vaylerştayn (ABŞ)

Yefim Bronfman (piano, İsrail, ABŞ)

 

24 aprel, saat 19.00

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

Fortepiano musiqisi axşamı

Boris Berezovski (piano, Rusiya)

 

25 aprel, saat 19.00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Boris Eyfmanın

Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı

“Günahın o tayında”

İkipərdəli balet

 

26 aprel, saat 19.00

Heydər Əliyev Sarayı

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor Fuad İbrahimov

Pablo Ferrandez (cello, İspaniya)

 

27 aprel, saat 19.00

Heydər Əliyev Sarayı

“Münchenklang” orkestri və xoru (Almaniya)

Dirijor Tomas Hefele

Anna Karmazin (soprano)

Lüdviq Mittelhammer (bariton)

ABİ-nın İdarə Heyətinin növbəti iclası keçirilib

Oktyabrın 17-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda çıxış edən İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə cari ilin I yarımilində görülən işlər barədə məlumat verərək bildirib ki, 2017-ci ilin ötən müddəti ərzində Azərbaycan Bəstəkarlar İttifaqı musiqi ictimaiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan tədbirlər həyata keçirib. Belə ki, 2017-ci ilin yubiley ilinin olduğunu qeyd edən F. Əlizadə görkəmli  bəstəkar, böyük pedaqoq, musiqi-ictimai xadim, Respublikanın Xalq artisti,  Dövlət mükafatları laureatı,  “Şöhrət” Ordenli,  professor Cövdət Haciyevin anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunmasında Azərbaycan Bəstəkarlar İttifaqının yaxından iştirakını xüsusi vurğuladı. Daha sonra digər tədbirlərə də toxunan F.Əlizadə iyunun 27-dən iyulun 1-dək ölkəmizin ən dilbər guşələrindən olan qədim Şəki şəhərində baş tutan “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı barəsində də ətraflı danışıb.

Çıxışında F.Əlizadə 2017-ci ilin sonunadək nəzərdə tutulmuş tədbirlər planına da toxunaraq bildirib ki, oktyabrın 28-də Heydər Əliyev Mərkəzində SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illiyinə həsr edilən xatirə gecəsinin keçirilməsi planlaşdırılıb. Həmçinin noyabr ayında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd ediləcək. Yubiley çərçivəsində  noyabrın 7-də bəstəkarın I Fəxri xiyabandakı məzarı ziyarət olunacaq, həmin gün axşam Heydər Əliyev Mərkəzində xatirə gecəsi, o cümlədən, noyabrın 8-də isə Azərbaycan Bəstəkarlar İttifaqında Tofiq Quliyevin həyat və yaradıcılığına həsr edilən elmi-konfrans və kamera-instrumental əsərlərindən ibarət konsert təşkil ediləcək.

Tədbirlər planı haqqında danışan F.Əlizadə bu ilin sonunadək xalq artisti Tofiq Bakıxanovun “Şərq sonataları”ndan ibarət müəllif-konsertinin, bəstəkar, Əməkdar İncəsənət Xadimi Elnarə Dadaşovanın yaradıcılıq-gecəsi, Azərbaycan Bəstəkarlar İttifaqının katibləri tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimləri Zemfira Qafarovanın 75,  bəstəkarlar Sərdar Fərəcovun 60, Cəlal Abbasovun 60, o cümlədən Xalq Artistləri Elza İbrahimovanın 80,  Emin Sabitoğlunun 80, Nəriman Məmmədovun 90 illiklərinə həsr edilən xatirə gecələrinin təşkil olunmasının nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.

Bundan başqa hər il olduğu kimi bu il də noyabrın 28-29-da  gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumun da keçiriləcəyini qeyd edən Sədr, Plenumda ifa olunacaq əsərlərin yığıldığını əlavə edib. F.Əlizadə onu da qeyd edib ki, həmişə olduğu kimi bu dəfə də yalnız Bəstəkarlar İttifaqının üzvləri deyil, bütün istedadlı gənc bəstəkarlar  bu Plenumda iştirak edirlər.

F.Əlizadə gündəlikdə yer alan üçüncü məsələyə da toxunaraq bildirib ki, dahi bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin 2018-ci ildə 100 illiyi Beynəlxalq Musiqi Festivalı  kimi qeyd olunacaq. Azərbaycan Bəstəkarlar İttifaqı musiqi ictimaiyyətimiz üçün böyük əhəmiyyətə malik bu yubileyə çox ciddi hazırlaşır. Artıq onun haqqında məqalələrin toplanılmasına başlanılıb və bu məqalələr böyük bir kitab şəklində çap olunacaq. Həmçinin Qara Qarayevin keçmiş SSRİ-nin ən tanınmış bəstəkarı olaraq post Sovet ölkələrinin bəstəkarlar ittifaqına məktublar göndərilib ki, onu tanıyan hər kəsin məqaləsi və ya onun haqqında xatirəsinin toplanılmasında yardım olunsun.

Daha sonra çıxış edən İttifaqın katibi, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova dahi bəstəkar Qara Qarayevin 100 illiyinə böyük bir toplu hazırlandığını, bu topluya daxil ediləcək materialların yığılması prosesinin getdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin bu ilin noyabr ayında təşkil olunacaq 100 illiyinə da toxunan Z.Qafarova yubiley çərçivəsində təşkil olunacaq elmi-konfransda məruzə ediləcək materialların da seçim prosesinin davam etdiyini vurğulayıb.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar İncəsənət xadimi, professor Cəlal Abbasov da noyabr ayında təşkil olunacaq gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumda ifa olunacaq əsərlərin bəzilərinin artıq dinlənildiyini və seçim prosesinin davam etdiyini diqqətə çatdırıb.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Sərdar Fərəcov sentyabr ayında yüksək səviyyədə baş tutan Üzeyir Hacibəyli adına IX Beynəlxalq Musiqi Festivalı barədə danışıb.

Daha sonra iclasın gündəliyindəki məsələlər barədə geniş müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib.

İclasın sonunda F.Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzvlərin qəbul edilməsi ilə bağlı məsələni müzakirəyə çıxarıb. İdarə Heyətinin yekdil qərarı ilə istedadlı gənc bəstəkarlar Fərid Fətullayev, Turan Məmmədli, o cümlədən tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəna Səfərəliyeva Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul ediliblər.

Azərbaycan bəstəkarlarının X qurultayı başa çatıb

Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti — X qurultayı keçirilib.

Xalq artisti Firəngiz Əlizadə növbəti dəfə Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib.

Qurultayda ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadənin hesabatı dinlənilib.

O, son illərdə qazanılan uğurlardan, həyata keçirilmiş layihələrdən, gənc istedadlara göstərilən dövlət qayğısından danışıb.

Qeyd edilib ki, 2013-2019-cu illəri əhatə edən hesabat dövründə bəstəkar və musiqişünaslar öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirib, yeni əsərlərlə milli bəstəkarlıq məktəbinin ənənələrini layiqincə qoruyub saxlayıb.

Vurğulanıb ki, müasir Azərbaycan musiqi mədəniyyəti çox zəngin bir bəstəkarlıq məktəbi üzərində qurulub. Ulu öndərimiz Heydər Əliyev bəstəkarlara və musiqiçilərə daim diqqət və qayğı göstərib. Bu yüksək qayğı hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan bəstəkarlarının əsərləri ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi və təşəbbüsü ilə həyata keçirilən beynəlxalq musiqi festivallarında hər zaman maraqla qarşılanıb.

Firəngiz Əlizadə deyib: “Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində Azərbaycan bəstəkarlarını və musiqişünaslarını öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır”.

Diqqətə çatdırılıb ki, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi və geniş vüsət aldığı “İpək yolu” Beynəlxalq Musiqi Festivalı qədim tarixə və zəngin musiqi ənənələrinə malik Şəki şəhərində artıq ardıcıl olaraq böyük müvəffəqiyyətlə keçirilir.

Mövcud problemlərdən də danışan ABİ-nin sədri son illər irihəcmli əsərlərə çox az müraciət edildiyini söyləyib və bəstəkarlarımızın bu sahəyə diqqət ayırmasını tövsiyə edib. O, bəstəkarlarımız haqqında internetdə məlumatların az olduğunu qeyd edərək alman, ingilis, fransız bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarları haqqında məlumatların da internetdə geniş şəkildə yer almasının zəruriliyini söyləyib.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bəstəkarlıq məktəbinin inkişafından, ölkəmizdə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb.

O bildirib ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan musiqisinə göstərdikləri qayğı göz önündədir: «Bir çox ölkələrdə sənət adamlarına fəxri adlar, təqaüdlər, mənzillər verilmir. O ölkələrdə yaradıcılıq biznes mühitinə çevrilib. Azərbaycanda isə yaradıcılığa verilən dəstək məlumdur. Sirr deyil ki, həm yaradıcılıq ittifaqlarının fəaliyyətinə diqqət edilir, həm də fərdi şəkildə yaradıcı şəxslərə dəstək göstərilir».

Artıq Azərbaycanda bir sıra dünya səviyyəli festivallar təşkil olunduğunu bildirən nazir deyib ki, yaranan hər yeni əsər təkcə hansısa bəstəkar üçün deyil, bütövlükdə xalqımız üçün də əhəmiyyətli hadisədir.

Bildirilib ki, ötən dövrdə bu təşkilat peşəkar bəstəkarlar və musiqişünasların yaradıcılığının formalaşmasında mühüm rol oynayıb. Bu ittifaqa Azərbaycanın görkəmli bəstəkarları rəhbərlik ediblər. Bu gün Bəstəkarlar İttifaqı Azərbaycanda ən nüfuzlu təşkilatlardan biridir. Bu nüfuzu yüksəltmək üçün ittifaq tərəfindən mühüm işlər görülür və bir sıra layihələr həyata keçirilir. Azərbaycan musiqisini beynəlxalq miqyasda tanıtmaq, onu dünya səhnələrində səsləndirmək və zəngin mədəniyyətimizi təbliğ etmək istiqamətində görülmüş işlər bunu bir daha sübut edir.

Nazir qeyd edib ki, Ağa Xan Fondu (“Aga Khan Foundation”) bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan Music Award”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın ilk laureatının azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESKO-nun “Sülh artisti” (“Artist for Peace”) adına layiq görülmüş Firəngiz Əlizadə olması hamımızı sevindirib.

Nazir ölkədə Üzeyir Hacıbəyli, Mstislav Rastopoviç, Qara Qarayev adına, eləcə də başqa nüfuzlu musiqi festivallarının keçirildiyini vurğulayaraq bəstəkarlarımızın bu işə laqeyd münasibətini təəssüf hissi ilə qeyd edib. Bildirib ki, ölkədə ümumi mədəni mühitin formalaşdırılmasında bəstəkarlarımız da yaxından iştirak etməlidirlər. O, bəstəkarları bu kimi tədbirlərdə aktiv iştirak etməyə çağırıb.

Ə. Qarayev, eyni zamanda, son illər filmlərimizdə qorxunc, heç bir ümid verməyən fon musiqilərinin səsləndiyini vurğulayıb. Qeyd edib ki, əgər belə davam edərsə filmlərimizdə, seriallarda texniki musiqidən başqa musiqi dinləməyəcəyik. Nazir bəstəkarların bu məsələlərə ciddi yanaşmasının vacibliyini söyləyib.

Mədəniyyət naziri Bəstəkarlar İttifaqına Azərbaycan musiqisinin növbəti 5-10 il ərazində hansı meyarlara doğru inkişaf edəcəyini müəyyənləşdirməyi tövsiyə edib. Bir sıra mövcud problemlərin aradan qaldırılması üçün Bəstəkarlar İttifaqı üzvlərinin səy göstərməli olduğunu bildirib.

Sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. 21 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası müəyyənləşib.

Nəzarət-təftiş komissiyasının üzvü Elnarə Dadaşovanın məruzəsi dinlənilib.

Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.

Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində oktyabrın 27-də “Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.

Konfransda ingilis dilində çap olunmuş Azərbaycanın klassik bəstəkarlarının yaradıcılığına və əsərlərinə aid kitablar da nümayiş edilib.

Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə əvvəlcə musiqi festivalı haqda məlumat verib. Bildirib ki, festival zamanı gənc bəstəkarların yeni əsərləri Azərbaycan Dövlət Filarmoniyasında səsləndirilir. Qeyd edib ki, bu əsərlər populyarlaşacaq, tamaşaçı kütləsi yığacaq, gənc bəstəkarları və dirijorları püxtələşdirəçək. Onlar isə öz növbəsində Azərbaycan musiqisini digər ölkələrdə layiqincə təbliğ edəcəklər.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova qeyd edib ki, əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan ənənələri ittifaqın rəhbərliyi layiqincə davam etdirir. Bildirib ki, burada hər zaman konfranslar, təqdimatlar, yubileylər keçirilir. Çox zaman gənc bəstəkarlar tanınmır, onların əsərləri dinlənilmir və arxivdə qalır. Ancaq belə festivalların keçirilməsi yeni bəstəkarlarımızı kəşf etməyə kömək edir, bir növ bu məsələni aradan qaldırır. “Konsertlər zamanı biz gənc bəstəkarlarımızın fərdi yaradıcılıq üslubuna malik olduğunu da görürük. Bu isə bizi çox sevindirir”, -deyə Z.Qafarova əlavə edib.

Sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Azərbaycan Bəstəkarlar İttifaqının beynəlxalq musiqi festivallarında rolu” mövzusunda məruzəsində deyib: “Bu gün Azərbaycan festivallar ölkəsi kimi tanınır. Novruz bayramı ərəfəsində iki ildən bir keçirilən “Muğam aləmi” Beynəlxalq musiqi festivalı dünyanın müxtəlif millətlərindən olan muğamsevərləri, muğam ustadları və muğamşünas alimləri bir araya gətirir. Bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, Azərbaycan muğamı, tar ifaçılığı sənəti, eləcə də aşıq sənəti UNESKO-nun Qeyri Maddi Mədəni İrsi Siyahısına daxil edilib”.

Tədbirdə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Son illərdə Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışları” mövzusuna məruzəsində müasir bəstəkarlarımızın fəaliyyətindən, yaradıcılıq axtarışlarından söz açıb. Bildirib ki, müasir bəstəkarlarımız mahnı janrı ilə yanaşı, opera, balet, simfoniya kimi iri janrlara da müraciət edirlər. Bu isə yaxşı göstəricidir. Burada Pikə Axundovanın “Məhsəti”, Vasif Adıgözəlovun üçpərdəli “Natavan” operalarını nümunə çəkmək olar.

O, təəssüflə vurğulayıb ki, əsası Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan operetta janrına çox az müraciət edilir.

Konfrans mövzuya uyğun çıxış və müzakirələrlə davam edib.