1. Azərbaycan Bəstəkarlar İttifaqının sədrləri

1936-1948 illərdə sədr
(18 sentyabr 1885 — 23 noyabr 1948)

Azərbaycan xalqının dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biri də Üzeyir bəy Hacıbəylidir. Onun adı xalqımızın yaddaşında novator bəstəkar, milli musiqili teatrın yaradıcısı, mahir dramaturq, jurnalist, pedaqoq, musiqişünas, ictimai xadim, maarifçi, təşkilatçı kimi yaşamaqdadır.1908-ci il yanvarın 12-də Bakıda milyonçu-mesenat H.Z.Tağıyevin teatrında ilk dəfə göstərilən «Leyli və Məcnun» operası Üzeyir bəy Hacıbəylinin ilk səhnə əsəri olmaqla yanaşı, bütün Şərqdə, müsəlman aləmində tamaşaya qoyulmuş ilk milli opera idi. Bu operanın səhnə təcəssümü ilə Azərbaycanda milli musiqili teatrın bünövrəsi qoyuldu və milli operamızın ilk ifaçıları cəsarətlə böyük sənət meydanına qədəm qoydular. Qısa zamanda Hüseynqulu Sarabskinin, Əhməd Ağdamskinin, Hüseyn Ərəblinskinin, Hənəfi Terequlovun, Ceyhun Hacıbəylinin və daha neçə-neçə sənətkarların adları Üzeyir Hacıbəylinin yaratdığı opera və operettaların qəhrəmanların səhnədə təcəssüm etdirən ulduzlar kimi parlamağa başladı.»Leyli və Məcnun» operasının böyük müvəffəqiyyətindən sonra yaranan «Şeyx Sənan», «Şah Abbas və Xurşidbanu», «Əsli və Kərəm», «Rüstəm və Söhrab», «Harun və Leyla» operaları, «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan» operettaları Üzeyir bəyə ümumxalq məhəbbəti qazandırmaqla yanaşı, böyük dünya şöhrəti gətirmiş oldu.Üzeyir bəy Hacıbəylinin əsərləri müxtəlif dillərə tərcümə olunur, Zaqafqaziyanın, Orta Asiyanın, İranın, Türkiyənin, Rusiyanın və Avropa şəhərlərində tamaşaya qoyulur.1913-cü ildə yaranan «Arşın mal alan» operettası isə daha böyük şöhrət qazanmış oldu. «Arşin mal alan» operettası 69 dilə tərcümə olunmuş, 4 dəfə ekranlaşdırılmış, 120-dən çox teatrın səhnəsində tamaşaya qoyulmuşdur. Bu göstərici dünyada çox az bəstəkara, dramaturqa qismət olmuş bir şərəf və səadətdir.Lakin Üzeyir bəyin yaradıcılığı təkcə bədii əsərlərlə məhdudlaşmadı. O, istedadlı musiqişünas-alim kimi böyük tədqiqat işləri apararaq, yüzlərlə məqalə və «Azərbaycan xalq musiqisinin əsaslərı» kimi monumental bir monoqrafiyanı yaratmış oldu.
Onun təşkilatçılıq istedadı və bacarığı sayəsində Azərbaycanda ilk musiqi məktəbləri, milli konservatoriya, ilk xor, ilk xalq çalğı alətləri orkestri, filarmoniya nəzdində ilk simfonik orkestri yaradıldı.

1937-ci ildə tamaşaya qoyulmuş «Koroğlu» operası həm Ü.Hacıbəylinin yaradıcılığında, eləcə də dünya opera sənəti tarixində yeni söz, yeni addım və əsl novatorluq kimi qəbul edilmişdir.

Onun müxtəlif illərdə qələmə aldığı xor, vokal-simfonik, kamera əsərləri bu gün də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir.

Yüksək fitri istedad və zəhmətlə yaratdığı əsərlər Üzeyir bəyə daim böyük şöhrət və sevgilər bəxş etmişdir. Bu gün Üzeyir bəy Hacıbəylinin adını daşıyan Musiqi Akademiyası, ev muzeyi, Azərbaycan Dövlət simfonik orkestri, məktəblər, prospekt və küçələr, bir sıra abidələr Azərbaycan xalqının öz böyük oğluna qarşı böyük məhəbbətinin bariz nümunəsidir. Səhnədən düşməyən əsərləri, nəşr olunan kitabları, səslənən musiqiləri bütün dünyanı dolaşaraq milyonlarla ürəklər fəth edir.

(12 may 1907 — 10 iyun 1983)
1948-1952 illərdə sədr

Azərbaycan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı, professor Səid Rüstəmov Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, xalq çalğı alətləri orkestrinin dirijoru, pedaqoq, folklor tədqiqatçısı və ictimai musiqi xadimi olmuşdur.
Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvan (indiki Yerevan) şəhərində anadan olmuşdur. 1921-ci ildə o, Bakıya köçərək müəllimlər seminariyasını, 1929-cu ildə Musiqi Texnikumunu və 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kimya fakultəsini bitirmişdir.
Səid Rüstəmov musiqi sənətinə ilk dəfə tarzən kimi gəlmiş, bu sənətin sirlərini Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovdan və tarzən Mansur Mansurovdan mənimsəmişdir. S.Rüstəmov 1931-ci ildə Ü.Hacıbəylinin təşkil etdiyi ilk notlu Azərbaycan xalq çalğı alətləri orkestrinin yarandığı gündən əvvəl konsertmeyster, daha sonra isə həmin orkestrin bədii rəhbəri və baş dirijoru kimi uzun illər fəaliyyət göstərmişdir. 30-cu illərdə bəstəkarlığa başlayan S.Rüstəmovun ilk əsəri — «Bayatı-kürd» muğamı əsasında fantaziya məhz xalq çalğı alətləri orkestri üçün yazılmışdı.
Sonralar o, həmin orkestr üçün «Cəngi» və «Qəhrəmani» pyeslərini, üç süita, tar konserti və bir sıra kantatalar bəstələmişdir. Bəstəkarın yaradıcılığında mahnı janrı mühüm yer tutur. Mübaliğəsiz qeyd etmək olar ki, S.Rüstəmov professional musiqi tariximizə əsil mahnı ustadı kimi daxil olmuşdur. Geniş dinləyici kütlələri tərəfindən sevilən «Alagöz», «Qurban adına», «Bənövşə», «Haradasan» və s. mahnıları bəstəkara ümumxalq məhəbbəti qazandırmışdır.Onun «Sürəyya», «Mən sülhə səs verirəm», «Sumqayıt» mahnıları Dövlət mükafatına layiq görülmüşdür. S.Rüstəmov həmçinin, 1957-ci ildə xalq çalğı alətləri orkestrlərinin Ümumittifaq baxımında Qızıl medal qazanmışdır. S.Rüstəmovun Azərbaycanda musiqili komediya janrının inkişafı sahəsində mühüm rolu olmuşdur. O, müasir mövzuda yazılmış ilk musiqili komediyaların — «Beş manatlıq gəlin», «Durna», «Rəisin arvadı» komediyalarının müəllifidir. Bəstəkar habelə, dram tamaşalarına, o cümlədən — «Hacı Qara», «Vaqif», «Almas», «Bahar suları» və b. tamaşalara musiqi yazmışdır. S.Rüstəmov 30-cu illərdən başlayaraq, əvvəl Bakı Musiqi Texnikumunda, 1958-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi kafedrasının tar sinfində müəllimlik etmiş, müəyyən illərdə kafedra müdiri kimi çalışmışdır. O, bu ixtisas üzrə professor elmi adını alan ilk mütəxəssis olmuşdur. Onun yetirmələri hazırda respublikanın görkəmli tarzənləri, bəstəkarları və dirijorlarıdırlar. S.Rüstəmov 1935-ci ildə ilk dəfə olaraq «Tar məktəbi» tədris vəsaitini yazmış, Azərbaycan dilində ilk «Not savadı» dərsliyinin müəlliflərindən biri olmuşdur. S.Rüstəmov, həmçinin, orta və ali musiqi məktəbləri üçün S.R.Konüsün «İbtidai musiqi nəzəriyyəsi» və N.Rimski-Korsakovun «Harmoniya» dərsliklərini Azərbaycan dilinə tərcümə etmişdir. S.Rüstəmovun yaradıcılıq fəaliyyətinin mühüm sahəsini musiqi folklorçuluğu təşkil edir.
S.Rüstəmov Cabbar Qaryağdıoğlunun oxumalarından «50 xalq mahnısı» məcmüəsini və görkəmli aşıqların ifasından yazılmış 4 aşıq mahnıları məcmuələrini tərtib etmişdir. O, xalq musiqisi nümunələrini toplayaraq «Rəng» və «Azərbaycan xalq rəqsləri» toplularını çap etdirmiş, Bülbülün redaktəsi ilə «300 xalq mahnısı» toplusunun nəşrə hazırlanmasına fəal kömək göstərmişdir. S.Rüstəmov fəal ictimai musiqi xadimi kimi 1934-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə onun İdarə Hey’ətinin üzvü, 1949-1953-cü illərdə isə sədri olmuş, milli musiqi mədəniyyətimizin inkişafı naminə əzmlə çalışmışdır.       S.Rüstəmovun gözəl musiqisi xalqımızın qəlbində daim yaşayacaq. Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri S.Rüstəmovun adını daşıyır.

1953-1982 illərdə sədr
(5 fevral 1918 — 13 may 1982)

Zəmanəmizin böyük bəstəkarı, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət Mükafatları laureatı, akademik Qara Qarayevin XX əsr Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olmuşdur.

Dahi Üzeyir Hacıbəyli məktəbinin münbit zəminində yetişmiş, novator səciyyəli Qarayev sənəti Azərbaycanın dünya musiqi xəzinəsinə bəxş etdiyi ən nadir incilərindəmdir.

Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində görkəmli həkim, professor Əbülfəz Fərəc oğlu Qarayevin ailəsində anadan olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakultəsində almış, daha sonra bəstəkarlıq üzrə professor Rudolfdan və «Azərbaycan xalq musiqisinin əsasları» üzrə Ü.Hacıbəyovdan dərs almışdır. 1941-ci ildə Q.Qarayev Cövdət Hacıyevlə birgə P.İ.Çaykovcki adına Moskva Dövlət Konservatoriyasında professor D.D.Şostakoviçin bəstəkarlıq sinfində təhsilini davam etdirmişdir.

Bəstəkarın «Yeddi gözəl» və «İldırımlı yollarla» baletləri, «Leyli və Məcnun» simfonik poeması, «Zəriflik» monooperası, «Çılğın qaskoniyalı» musiqili komediyası, «Don Kixot» simfonik qravürləri, simfoniyaları, skripka və simfonik orkestr üçün Konserti, «Alban rapsodiyası», «Vyetnam» süitası, «Gürcüstan təpələrində» və «Mən sizi sevirdim» romansları, fortepiano prelüdləri və b. əsərləri musiqi xəzinəmizin inciləri hesab edilir.

Bəstəkarın şah əsərləri — «Yeddi gözəl» və «İldırımlı yollarla» baletləri, «Leyli və Məcnun» simfonik poeması ölkəmizin hüdudlarından çox-çox uzaqlarda — keçmiş Sovetlər məkanının müxtəlif şəhərlərində, habelə Misir, Bolqarıstan, Rumıniya, Çexoslavakiya və b. ölkələrin səhnələrində tamaşaya qoyulmuş, müxtəlif beynəlxalq festivallarda ifa olunmuş qrammofon vallarına yazılmışdır. Bəstəkarın əsərləri dünyanın bir çox şəhərlərin məşhur konsert salonlarında səslənir, onun simfonik və kamera əsərləri görkəmli ifaçılarının və dirijorlarının repertuarında özünə möhkəm yer tutmaqdadır.

Ü.Hacıbəylidən sonra milli musiqimizin və Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında əvəzsis xidmətlər göstərən Q.Qarayev öz əsərləri ilə Azərbaycanın milli hüdudlarını genişləndirmiş və ölkəmizin sərhədlərini aşaraq dünya şöhrəti almağa nail olmuşdur.
Q.Qarayev Azərbaycan musiqisində ilk dəfə olaraq müasir bəstəkarlıq texnikasından istifadə edərək milli simfonik janrının inkişafında yeni dövr açmışdır. Bu səpkidə yazılmış onun III simfoniyası, Skripka və simfonik orkestr üçün Konsert müasir zəmanəmizin parlaq musiqi nümunələrindəndir.

Q.Qarayevin görkəmli ictimai musiqi xadimi kimi səmərəli fəaliyyəti çox diqqətəlayiqdir. O, uzun illər SSRİ Bəstəkarlar İttifaqının katibi, 1952-ci ildən etibarən ömrünün sonuna qədər Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, 4 dəfə SSRİ Ali Sovetinin Deputatı olmuşdur.

35 il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərən Q.Qarayev 70-ə qədər professional bəstəkar yetişdirmişdir. Qarayev məktəbinin R.Hacıyev, A.Məlikov, V.Adıgözəlov, H.Xanməmmədov, X.Mirzəzadə, P.Bülbüloğlu, T.Bakıxanov, M.Mirzəyev, O.Zülfüqarov, M.Quliyev, L.Vaynşteyn, F.Qarayev, F.Əlizadə, E.Sabitoğlu, S.İbrahimova, İ.Hacıbəyov, v. b. nümayəndələrinin əsərləri respublikamızın sərhədlərindən çox-çox uzaqlarda rəğbətlə qarşılanır.

1990-2000 illərdə sədr
(7 noyabr 1917 — 4 oktyabr 2000)

Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə «Məktəbli» mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Bağırovla birgə «Rast», «Segah», «Zabul», «Dügəh» muğamlarını fortepianoda hazırlayıb.

Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.

1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə «Qırmızı ordu» ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın «Qırmızı flot» hissəsinin rəhbəri olub.

Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb.[1] 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il «Azərbaycan xalq rəqsləri» toplusunu hazırlayanlardan biri olub.

1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı «Azərbaycan mahnıları» musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.

XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən «Bakı payızı»nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

Ailəsi

Ev
Ailəsinə hədsiz dərəcədə bağlı olan Tofiq Quliyevin nəvəsi – Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün «Cəmilənin albomu» uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. Bundan başqa, Cəmilə Muradasilova Tofiq Quliyevin bəstəkarı olduğu 2 filmdə – «Şir evdən getdi» və «Musiqi müəllimi» filmlərində çəkilib.

2007-bu gunə kimi sədr

Firəngiz Əliağa qızı Əlizadə  — Azərbaycanın görkəmli bəstəkarı, UNESCO-nun Sülh artisti, Azərbaycan Respublikasının xalq artisti (2000), professor Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda adlı-sanlı ifaçılar tərəfindən səsləndirilir. Onun musiqisi minlərlə xarici dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanaraq, ən geniş beynəlxalq arenada şöhrət qazanmışdır. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990), AMEA-nın müxbir üzvü (2017), professor (1999), Azərbaycan Respublikasının xalq artisti (2000), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü.Azərbaycan Bəstəkarlar İttifaqının Sədri.
1992-ci ildə F.Əlizadəyə Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yaradılması sifariş olunmuşdur. Həmin əsər Mersin Opera və Balet Teatrının açılışı münasibəti ilə səhnəyə qoyulmuşdur. 1997-ci ilə qədər F.Əlizadə Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışmışdır.

1999-cu ildə isə o, Almaniyaya, Berlin İncəsənət Akademiyasının (“Akademie der Künste”) professoru vəzifəsinə dəvət olunmuşdur. 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərmişdir.

F.Əlizadənin fəaliyyəti çoxşaxəli və genişdir. F.Əlizadə bir bəstəkar, pianoçu, dirijor, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Bir pianoçu kimi o, A.Berq, P.Hindemit və digər XX əsr xarici ölkə bəstəkarlarının müasir əsərlərinin ölkəmizdə tanıdılmasında mühüm rol oynamış, bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olmuşdur. Öz əsərlərinin təqdimatında da o, həm pianoçu, həm də dirijor kimi çıxış edir.

F.Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir. Onun əsərləri bir çox xarici ölkələrdə ifa olunmuş, o, həmin ölkələrin “composer in residence” (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülmüşdür.

F.Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin müəllifidir: “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” — müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, “Silk road” Konserti, violonçel və orkestr üçün Konsert “Mərsiyə”, böyük simfonik orkestr üçün “İthaf” və s. əsərlər.

Son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərdən: Violoçel üçün “Oyan!” (Paris, Fransa, 2005), Kvintet üçün “Xəzər” (Nyu-York, ABŞ, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün “Atəş” (Sietl, ABŞ, 2006); “Optical İdentity” baleti (Sinqapur, 2007); Misteriya “Al Kamandjaty” (Roma, İtaliya, 2007), Skripka üçün “Dastan” (Auqsburq, Almaniya, 2007), Hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün “Dəniz” (Bern, İsveçrə, 2008), “Your name means the Sea” operası (Hyuston, ABŞ, 2011), Xanəndə, flamenko ifaçısı və ansambl üçün “Mugflagamenco” (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün “İmpuls” (ABŞ, 2012), Fortepiano üçün “Landscape” (Fransa, 2012) və s. qeyd etmək olar.

F.Əlizadə 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin katibi olmuşdur. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmiş və bu günə kimi həmin vəzifədə fəaliyyətini davam etdirir.

F.Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli musiqi xadimidir. O, Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən I, II və III “Muğam Aləmi” Beynəlxalq Musiqi Festivallarının, Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəkidə və Bakıda keçirilən I, II, III, IV, V, VI və VII “İpək yolu” Beynəlxalq Musiqi Festivallarının bədii rəhbəri kimi, “Üzeyir dünyası” layihəsinin baş redaktoru kimi səmərəli fəaliyyət göstərir.

8 fevral 2015-ci ildə Firəngiz Əlizadənin əsərlərinin də daxil olduğu Hillari Han (ing. Hillary Han) adlı Amerikalı skripkaçı «Deutsche Grammofon» albomu «Qremmi» mükafatına layiq görülüb. Azərbaycanlı bəstəkarın əsərlərinin çoxluq təşkil etdiyi albom «İlin ən yaxşı kamera musiqisi» nominasiyasının qalibi seçilib.

2. Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibləri

(1979-1985-ci illərdə I katib)
(15 may 1922 — 19 sentyabr 1995)

Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, SSRİ və Azərbaycan Respublikasının xalq artisti Rauf Hacıyevin yaradıcılığı milli musiqi mədəniyyəti tariximizdə mühüm yer tutur. Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. O, Həsənbəy Zərdabinin qızı Qəribsoltan Məlikovanın himayəsi altında boya-başa çatmış və onun vasitəsilə dahi bəstəkarımız Üzeyir Hacıbəyli ilə tanış olmuşdur. Musiqiyə xüsusi həvəs göstərən Rauf Hacıyev ilk mahnısı «Samur»u Bakı musiqi Texnikumunda Ü.Hacıbəylinin tələbəsi olduğu illərdə yazmışdır. Sonra Rauf Hacıyev ali musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək 1953-cü ildə professor Qara Qarayevin bəstəkarlıq sinfini bitirmişdir. Hələ tələbə ikən Rauf Hacıyev müəllimi Q.Qarayevin rəhbərliyi altında skripka ilə simfonik orkestr üçün «Konsert» və «Gənclik» simfoniyasını bəstələyir.

Onun skripka konserti Respublikanın görkəmli skripkaçıları — Azad Əliyev, Sərvər Qəniyev, Arif Manaflının repertuarında özünə layiqli yer tutmuşdur. Sonralar bəstəkarın simfonik və vokal-simfonik musiqi sahəsindəki səmərəli fəaliyyəti nəticəsində «Şeyx Sənan», «Səbuhi», «Həzi Aslanov» simfonik poemaları və «Səməd Vurğun» kantatası yaranmışdır. Bəstəkarın yaradıcılığında musiqili səhnə əsərləri mühüm və aparıcı rol oynayır. O, 9 operettanın — o cümlədən «Romeo mənim qonşumdur», «Kuba-məhəbbətim mənim», «Ana mən evlənirəm», «Dördüncü fəqərə», «Yolayrıcı» və b. operettaların müəllifidir. Bu operettaların əksəriyyəti ilk dəfə Moskva Dövlət Operetta Teatrında tamaşaya qoyulmuş və keçmiş SSRİ-nin bir sıra şəhərlərində, eləcə də xarici ölkələrdə müvəffəqiyyət qazanmışdır. Bəstəkar Azərbaycanda bu canrın yeni səhifəsini açmışdır.

Onun Ü.Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş axırıncı «Ordan-burdan» adlı operettası xüsusi olaraq Azərbaycan Televiziyasının sifarişi ilə yazılmış və müəllifin musiqili səhnə formalarını mavi ekrana köçürmək işində maraqlı təcrübə olmuşdur. Bəstəkarın həmçinin «Romeo mənim qonşumdur» operettası müvəffəqiyyətlə ekranlaşdırılmışdır. Qələmini balet canrında sınayan Rauf Hacıyev «Ləzgihəngi» və «Yallı» xoreoqrafik miniatürlərini bəstələmişdir. İlk tamaşası Parisdə — VII Beynəlxalq Rəqs Festivalında olmuş «Ləzgihəngi» əsəri böyük müvəffəqiyyət qazanmışdır. 1971-ci ildə milli musiqi kadrlarının hazırlanması və professional musiqi təhsili sisteminin yaradılması məqsədilə Rauf Hacıyev Əlcəzairə göndərilir. Orada mədəniyyət qrupuna rəhbərlik edən Rauf Hacıyev Əlcəzair Milli Teatrının açılmasında fəal iştirak etmiş, habelə ilk Əlcəzair milli baletlərini — «Üç inqilab», «Alov», «Hürriyyət» baletlərini yazmışdır. Rauf Hacıyevin mahnı yaradıcılığını onun «vizit vərəqəsi» adlandırmaq olar. O, 150-dən artıq mahnının müəllifidir. Onun «Azərbaycanım» «Sevgilim», «Gənclik valsı», «Yaz gəlir» və s. mahnıları xalqımızın dilində əzbər olub. Mahnı və estrada sahəsində fitri istedada malik olan Rauf Hacıyev 1956-1970-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinə rəhbərlik ermişdir. Rauf Hacıyev kino və teatr müsiqisi sahəsində də məhsuldar çalışmışdır. O, 15-dən artıq filmə — o cümlədən «Əhməd haradadır?», «Kölgələr sürünür», «Bir qalanın sirri» kimi filmlərə musiqi bəstələmişdir. Rauf Hacıyev yaradıcılıqla yanaşı fəal ictimai musiqi xadimi, böyük təşkilatçı kimi milli musiqi mədəniyyətmizin inkişafı naminə yorulmadan çalışmışdır. O, müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Mədəniyyət Naziri, Bəstəkarlar İttifaqının Birinci katibi və katibi kimi geniş fəaliyyt göstərmişdir. Hazırda Bakı şəhərindəki 15 saylı Uşaq Musiqi

(1985 -1990 illərdə katib)
(22 may 1937 — 3 may 2014)
Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962).

Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır.

Fəaliyyəti
Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya «Zaqafqaziya Baharı» festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan «Ekspressiya» əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. «Bayatılar» əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.

Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri «Babək» baleti, «Qаfqаzа səyаhət» baleti, «Ümid vаlsı» baleti, 5 simfoniya, xor üçün «Bayatılar», «Təntənə», «Azərilər» kantatası, «Ana torpaq», «Qədim lay-lay», kamera orkestri üçün «Pastoral», «Aşıqsayağı», «Cəngi», «Kənd suitasi», «Uşaq süitasi», fortepiano üçün sonata, «Dastan», «Qədim oyunlar», «Portret», xoreoqrafiq simfoniya və s.

50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.

(1990 — 2006 illərdə katib)
(28 iyul 1935 — 15 sentyabr 2006)
Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğludur.
Müğənni Rauf Adıgözəlovun qardaşıdır.
Dirijor Yalçın Adıgözəlovun atasıdır.
Əmək fəaliyyəti
Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.

23 noyabr 1973-cü ildə «Azərbaycan SSR əməkdar incəsənət xadimi», 21 mart 1989-cu ildə «Azərbaycan SSR xalq artisti» fəxri adlarına layiq görülmüşdür.

1989-cu ildən professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır

1995-ci ildə «Şöhrət ordeni» və 27 iyul 2005-ci ildə isə «İstiqlal» ordeni ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasında «xor dirijorluğu» kafedrasına rəhbərlik etmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının 11 bölmələri fəaliyyət göstərir.
«Simfonik və xor musiqisi»,
«Kamera musiqisi»,
«Musiqili səhnə əsərləri»,
«Uşaq və gənclərin musiqi-estetik tərbiyəsi»,
«Musiqişünaslıq və tənqid»,
«Muğam və etnomusiqişünaslıq»,
«Mahnı»,
«Xalq çalğı alətləri üçün musiqi»,
«Gənclərlə iş»,
«Televiziya, radio və kino»,
«Caz musiqisi»

AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQININ TƏŞKİLAT QURULUŞU

1. Azərbaycan Bəstəkarlar İttifaqının Ali rəhbər orqanı 5 ildə bir dəfə çağırılan Qurultaydır.

2. Azərbaycan Bəstəkarlar İttifaqının Qurultayı:

a) Bəstəkarlar İttifaqı İdarə Heyətinin, Təftiş komissiyasının hesabatlarını dinləyir və təsdiq edir;

b) Azərbaycan musiqi sənətinin vəziyyəti və inkişafının vacib masələlərini müzakirəyə qoyur və təsdiq edir;

c) Bəstəkarlar İttifaqının fəaliyyətinin vəzifələrini və təşkilatın quruluşunu müəyyən edir;

d) Azərbaycan Bəstəkarlar İttifaqının Nizamnaməsini, Təftiş komissiyasının əsasnaməsini təsdiqləyir və onlarda dəyişikliklər edir;

e) Bəstəkarlar İttifaqı İdarə Heyətinin və Təftiş komissiyası üzvlərinin sayını müəyyənləşdirir və bu orqanları gizli və ya açıq səsvermə yolu ilə seçir;

3. Azərbaycan Bəstəkarlar İttifaqının icraçı orqanı Qurultayda gizli (və ya açıq) səsvermə yolu ilə seçilmiş Bəstəkarlar İttifaqının İdarə Heyətidir. O, qurultaylar arasında İttifaqın fəaliyyətinə bütünlüklə rəhbərlik edir.

4. Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyəti:

a) İttifaqın ictimai fəaliyyətini əlaqələndirir və onun yaradıcılıq yolunu istiqamətləndirir;

b) Respublika Qurultayı qərarlarının həyata keçirilməsi yollarını müəyyənləşdirir;

c) İdarə Heyətinin katibliyinin sayca tərkibini müəyyən edir, Sədri və Sədrin təqdimatı ilə katibləri açıq səsvermə ilə seçir;

d) özünü nüfuzdan salmış, eləcə də işdən uzqlaşmış üzvləri İdarə Heyəti tərkibindən çıxarmaq hüququna malikdir;

e) Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyəti Sədrinin təqdimatı ilə Təşkilat katibini təsdiq edir;

ə) katibliyin təklifi ilə komissiyaları, bölmələri və başqa təşkilatları təsis edir, həmçinin onların rəhbərlərini (sədr və
həmsədrlərini) açıq səsvermə yolu ilə seçir;

h) öz fəaliyyəti haqqında respublika Qurultayı qarşısında hesabat verir.

5. Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin Katibliyi İdarəı Heyətinin plenumları arasındakı dövrdə:

a) İttifaqın ideya-yaradıcılıq və təşkilat fəaliyyətini əlaqələndirir;

b) Musiqi əsərləri və musiqişünaslıq işlərini çap edən nəşriyyatlara həm yardım göstərir, həm də yaradıcılıq əlaqələri yaradır;

c) Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin qurultay və plenumları qərarlarının həyata keçirilməsini təşkil edir;

d) Azərbaycan Bəstəkarlar İttifaqını bütün Dövlət müəssisələrində və ictimai təşkilatlarda təmsil edir;

e) İttifaqın büdcə vəsaitini bölüşdürür və onun xərclənməsinə nəzərət edir.

6. İdarə Heyətinin Katibliyi Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin qarşısında öz işi haqqında hesabat verir.

7. Azərbaycan Bəstəkarlar İttifaqının növbədənkənar Qurultayı, həmçinin Plenumu Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyəti üzvlərinin yarasından az olmayan hissəsinin tələbi ilə, və yaxud Təftiş komissiyasının tələbi ilə çıxarıla bilər.

8. Qurultay, Plenum o zaman səlahiyyətli sayılır ki, onun işində iştirak edən İttifaq üzvlərinin ümumi sayı 2/3-dən az olmasın.

9. Azərbaycan Bəstəkarlar İttifaqı Qurultaylarının, Plenumlarının, İdarə Heyətinin və Katibliyin qərarları Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri və təşkilatları üçün məcburi sayılır.

10. Təftiş komissiyasının vəzifələrinə aşağıdakılar aiddir:

a) Azərbaycan Bəstəkarlar İttifaqının Nizamnaməsinin tələblərinə əməl edilməsinə, Qurultay, Plenum, İdarə Heyəti və Katibliyin çıxardığı qərarların yerinə yetirilməsinə nəzarət etmək; habelə İttifaqın tabeliyində olan idarə, təşkilat və İdarə Heyətinin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq və s.

11. Azərbaycan Bəstəkarlar İttifaqının bütün fəaliyyəti kollektiv rəhbərlik əsasında qurulur. Azərbaycan Bəstəkarlar İttifaqının rəhbər orqanının öz işinin öhdəsindən gəlməyən hər bir üzvü Bəstəkarlar təşkilatının ümumi iclasının ilk tələbi əsasında vaxtından əvvəl geri çağırılır.