Müslüm Maqomayev

(18 sentyabr 1885 — 28 iyul 1937)

Müslüm Maqomayev — bəstəkar, dirijor, ictimai xadim, Respublikanın əməkdar incəsənət xadimi (1938), Azərbaycanda bəstəkarlıq məktəbinin yaradıcılarından biri olmuşdur.

Müslüm Məhəmməd oğlu Maqomayev 18 sentyabr 1885-ci ildə Qroznı şəhərində anadan olmuşdur. Qori müəllimlər seminariyasında təhsil almışdır (1899-1904). Təhsil illərində Ü.Hacıbəyli ilə tanış olmuş, musiqiyə böyük həvəs göstərmiş, ilk musiqi əsərlərini yazmışdır.
1905-1911 illərdə Şimali Qafqazda və Lənkəranda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1911-ci ildə Ü.Hacıbəylinin məsləhəti ilə Bakıya qayıdaraq Sabunçu rayonunda müəllimlik etmiş və opera teatrında skripkaçı kimi fəaliyyət göstərmişdir. Həmin illərdə Azərbaycanda musiqili teatrın yaranması uğrunda mübarizə aparan qabaqcıl maarifpərvər mədəniyyət xadimlərinə qoşularaq Ü.Hacıbəylinin ən yaxın məsləkdaşı olmuşdur. Onların Qori seminariyasından başlanan dostluq əlaqələri sonradan qohumluq əlaqələrinə çevrilmişdir — hər ikisi Terequlova bacıları ilə evlənərək bacanaq olmuşlar. O, Ü.Hacıbəyli ilə sıx yaradıcılıq əməkdaşlığı edərək onun yaratdığı teatr truppasına rəhbərlik etmişdir. 1912-ci ildən etibarən opera tamaşalarına dirijorluq edən M.Maqomayev Azərbaycanın ilk opera dirijoru olmuşdur.

M.Maqomayev «Şah İsmayıl»(1916), «Nərgiz» (1935) operalarının, «Xoruz bəy» musiqili komediyasının, Azərbaycanda ilk simfonik janrda yazılmış əsərlərin, o cümlədən «Azərbaycan çöllərində», «Azad olunmuş Azərbaycan qadınının rəqsi», «Dərviş», «Marş RV-8», «Şəlalə», habelə kamera-instrumental əsərlərin müəllifidir.

M.Maqomayev 1927-ci ildə Ü.Hacıbəyli ilə birgə «Azərbaycan türk el nəğmələri» məcmuəsini tərtib etmiş, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqslərini nota salmışdır. O, böyük sənətkar, tarzən Qurban Primovun çalğısından «Rast»muğamını nota yazmışdır. Bu, Azərbaycan musiqisində muğamın nota yazılması sahəsində ilk təcrübə hesab edilir.

M.Maqomayev gərgin musiqi-ictimai fəaliyyət apararaq bir sıra məsul vəzifələrdə çalışmışdır. O, maarifçilik üzrə Xalq Komissarlığında incəsənət şöbəsinin müdiri, Azərbaycan Radio Mərkəzində musiqi rəhbəri kimi fəaliyyət göstərərək xalqın maariflənməsi, onun estetik zövqünün tərbiyəsi naminə var gücü ilə çalışmışdır.

Hazırda Azərbaycan Dövlət Filarmoniyası Müslüm Maqomayevin adını daşıyır.

Fikrət Əmirov

(22 noyabr 1922 — 20 fevral 1984)

Görkəmli bəstəkar, SSRİ və Azhərbaycan Respublikasının xalq artisti, Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fəal ictimai xadim Fikrət Əmirovun yaradıcılığı milli musiqimizin inkişafında yeni mərhələ açmış, onun ümumbəşəri mahiyyət kəsb etməsinə və Azərbaycan musiqisinin dünyada tanınmasına rəvac vermişdir.

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də qədim Gəncə şəhərində görkəmli tarzən, əslən Şuşalı olan Məşədi Cəmil Əmirovun ailəsində anadan olub. İlk musiqi təhsilini Gəncə musiqi məktəbinin tar sinfində alan Fikrət muğam və xalq musiqisi mühitində tərbiyə olunmuşdur. Sonra o, Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirmişdir. Konservatoriya illərində onun bir bəstəkar kimi yetişməsində ixtisas müəllimləri Boris Zeydmanın, Üzeyir Hacıbəylinin habelə böyük rolu olmuşdur.

F.Əmirov milli musiqi mədəniyyəti xəzinəsinə çox zəngin musiqi irsi bəxş etmişdir. O, Azərbaycan musiqisində, eləcə də bütün Şərqdə milli simfonizmin yeni istiqamətinin — simfonik muğam və muğam-poema janrlarının, həmçinin Azərbaycanda müasir mövzuda yazılmış ilk lirik-psixoloci operanın yaradıcısıdır.

F.Əmirovun «Şur», «Kürd Ovşarı», «Gülüstan — Bayatı-Şiraz» simfonik muğamları, «Nizami» simfoniyası, «Azərbaycan» simfonik süitası, «Azərbaycan kapriççiosu» simfonik musiqi sahəsində mühüm əhəmiyyət kəsb edən əsərlərdir. Onun «Şur» və «Kürd Ovşarı» simfonik muğamları, «Nizami» simfoniyası Stokovski, Münş, Abendrot, Rocdestvenski, Svetlanov, Raxlin kimi məşhur diricorların təfsirində səslənmiş və böyük şöhrət qazanmışdır.

Bəstəkarın yaradıcılığında simfonik musiqi ilə yanaşı musiqili-səhnə canrında yazılmış əsərlər də əhəmiyyətli yer tutur. Onun hələ gənc yaşlarında yazdığı «Ürəkçalanlar» və «Gözün aydın» musiqili komediyaları bu canrın parlaq nümunələrindən hesab edilir.

F.Əmirovun C.Cabbarlının eyniadlı dramı əsasında yazılmış «Sevil» operası ilə Azərbaycanın opera sənətində yeni səhifə — lirik-psixoloci canr təşəkkül tapmışdır. Bu opera bir neçə dəfə redaktə olunmuş və ekranlaşdırılmışdır.

Bəstəkarın «Min bir gecə» və «Nizami» baletləri, «Nəsimi dastanı» xoreoqrafik poeması xüsusilə milli balet canrının inkişafında mühüm və əhəmiyyətli rol oynamışdır. Onun «Min bir gecə» baleti keçmiş Sovet məkanının Moskva, Samara, Novosibirsk, Tbilisi, Dnepropertovsk şəhərlərində, Bolqarıstanda, Mərakeşdə və b. ölkələrdə uğurla tamaşaya qoyulmuş və böyük rəğbət qazanmışdır.

F.Əmirovun fortepiano konsertləri, skripka və fortepiano üçün ikili konserti, kamera-instrumental əsərləri respublikamızın, habelə xarici ölkə ifaçılarının repertuarına daxil edilir. Onun uşaqlar üçün «12 miniatür» fortepiano pyesləri məcmuəsindən uşaq musiqi məktəblərində tədris vəsaiti kimi geniş istifadə edilir.

F.Əmirov ictimai musiqi xadimi kimi geniş fəaliyyət göstərmişdir. O, uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi, 1974-cü ildən isə SSRİ Bəstəkarlar İttifaqının katibi, SSRİ Dövlət Mükafatları komitəsinin, eləcə də Azərbaycan Respublikası Dövlət Mükafatları komitəsinin üzvü olmuşdur.

F.Əmirovun ümumbəşəri musiqisi daima yaşayacaq və onun adını əbədiləşdirəcəkdir.

Bakıdakı 6 saylı Uşaq Musiqi Məkməbi, Gəncə 1 saylı Uşaq Musiqi Məkməblərinə Fikrət Əmirovun adı verilmişdir.

Cövdət Hacıyev

(18 iyun 1917 — 18 yanvar 2002)

Böyük bəstəkar, görkəmli ictimai musiqi xadimi, Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» ordenli, professor Cövdət Hacıyevin milli simfonizmin təşəkkül tapmasında və inkişaf etdirilməsində xüsusi rolu olmuşdur. Əhməd Cövdət İsmayıl oğlu Hacıyev 1917-ci il iyunun 18-də Nuxa (indiki Şəki) şəhərində anadan olub. 1924-cü ildə o, Bakıya gələrək Musiqi Texnikumunda skripka aləti üzrə ilk musiqi təhsili almışdır. 1935-1938-ci illərdə C.Hacıyev Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirərək dahi bəstəkarımız Ü.Hacıbəyovdan və professor Rudolfdan dərslər almış, 1938-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə daxil olmuşdur. Burada o, görkəmli rus musiqiçiləri — A.Aleksandrov və S.Vasilenkodan bəstəkarlığın və instrumentovkanın sirrlərini öyrənmiş, 1947-ci ildə professor D.D.Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir. C.Hacıyevin yaradıcılığı Ü.Hacıbəyov və D.Şostakoviç ənənələrinin üzvü sintezi zəminində formalaşmışdır. C.Hacıyev müxtəlif musiqi janrlarında — opera, simfoniya, kamera-instrumental, vokal və xor əsərləri yaratsa da onun yaradıcılığında aparıcı janr simfoniya — ümumilikdə, simfonik musiqidir. Məhz buna görə də Azərbaycan simfonizminin inkişafında C.Hacıyevin xidməti təqdirəlayiqdir. Bəstəkar 8 simfoniyanın, 3 simfonik poemanın, Qara Qarayevlə birgə yazılmış «Vətən» operasının, oratoriya, piano üçün «Ballada», sonata, habelə, simli kvartet, kvartet-poema, solo və xor mahnılarının müəllifidir. Onun Birinci simfoniyası 60 il əvvəl — 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə ən yaxşı əsər kimi qiymətləndirilmişdir. C.Hacıyevin Birinci simfoniyası bu canrda yazılmış ilk nümunələrdən biridir. Bəstəkarın diplom işi kimi təqdim etdiyi Üçüncü — «Gənclik» simfoniyası onun tələbəlik dövrünün yaradıcılıq bioqrafiyasını tamamlayır. C.Hacıyevin 1956-cı ildə Azərbaycan bəstəkarlarının I qurultayında ifa olunan «Dördüncü» simfoniyası respublikanın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirilmiş, habelə bir il sonra həmin əsərlə SSRİ Bəstəkarlar İttifaqının II qurultayı açılmışdır. Bəstəkarın «İnsan, yer, kosmos» adlı proqramlı Beşinci simfoniyası 1974-ci ildə Azərbaycan bəstəkarlarının IV qurultayında və 1975-ci ildə «Zaqafqaziya baharı» festivalında müvəfəqiyyətlə səslənmiş və musiqi ictimaiyyəti tərəfindən novator əsər kimi yüksək qiymətləndirilmişdir. C.Hacıyev zəmanəmizin aktual, mühüm problemlərini öz monumental simfonik əsərlərində novatorcasına təcəssüm etdirmişdir. Belə əsərlərdən biri də onun «Sülh uğrunda» simfonik poemasıdır. Bəstəkar bu əsərə görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Bəstəkarın 1990-cı il Yanvar hadisələri, Qarabağ müharibəsi haqqında düşüncələrini, vətəndaş mövqeyini əks etdirən kamera orkestri üçün Yeddinci — «Şəhidlər» simfoniyası Azərbaycanda memorial musiqi canrının inkişafında mühüm rol oynamışdır. Bəstəkarın sonuncu, «Onu zaman seçib» adlı Səkkizinci simfoniyası ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş iri monumental əsərdir. Bəstəkarın musiqimizin qızıl fonduna daxil olmuş simfonik əsərləri nəinki respublikamızda, habelə keçmiş Sovetlər məkanının müxtəlif şəhərlərində, bir sıra xarici ölkələrdə görkəmli diricorların təfsirində səslənmişdir. Fəal ictimai musiqi xadimi kimi musiqi həyatımızda baş verən bütün hadisələrin mərkəzində, ən məsuliyyətli sahələrdə müvəffəqiyyətlə çalışmış Cövdət Hacıyev müxtəlif illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuş, 40 ildən artıq bir dövrdə Azərbaycan Dövlət Konservatoriyasının professoru, o cümlədən 1957-1969-cu illərdə rektoru vəzifəsində fəaliyyət göstərərək istedadlı peşəkar bəstəkarlar nəsli yetişdirmişdir. Hazırda bəstəkarlıq məktəbinin parlaq nümayəndələri olan Aqşin Əlizadə, Ramiz Mirişli, Cavanşir Quliyev, Dadaş Dadaşov, Eldar Mansurov və b. C.Hacıyevin tələbələri olmuşlar. Geniş simfonik təfəkkürə, yüksək erudisiyaya, nəcib insani keyfiyyətlərə malik olan Cövdət Hacıyevin musiqisi daima səslənəcək və gələcək nəsilləri ali bəşəri ideyalara ruhlandıracaq.

Əfrasiyab Bədəlbəyli

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri — respublikanın xalq artisti Əfrasiyab Bədəlbəyli milli musiqi mədəniyyəti tariximizə bəstəkar, dirijor, müsiqişünas-tədqiqatçı, librettoçu, publisist və maarifpərvər ziyalı kimi daxil olmuşdur.
Əfrasiyab Bədəl oğlu Bədəlbəyli 1907-ci il aprelin 19-da Bakı şəhərində görkəmli maarifpərvər xadim Bədəlbəyin ailəsində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakultəsinin linqvistika şöbəsini bitirən Əfrasiyab musiqiyə xüsusi maraq göstərmiş, eyni zamanda Musiqi Texnikumunda təhsil almışdır. Sonralar — 1934-38-ci illərdə Ə.Bədəlbəyli Leninqrad Dövlət Konservatoriyasının nəzdindəki musiqi texnikumunun bəstəkarlıq fakultəsində musiqi təhsilini davam etdirərək professor Boris Zeydmanın sinfini bitirmişdir.

Musiqi yaradıcılığına 20-ci illərdə başlamış Ə.Bədəlbəyli dram tamaşalarına musiqi yazmaqla ilk bəstəkarlıq addımlarını atmışdır. O, M.F.Axundovun, H.Cavidin, S.Vurğunun, C.Cabbarlının pyeslərinə musiqi yazmışdır.

Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baleti — «Qız qalası» baletinin müəllifidir. 1940-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuş «Qız qalası» baleti yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə ilk baletdir.

Bəstəkarın qələminə habelə, «Tərlan» baleti, müəllimi professor Boris Zeydmanla birgə yazdığı «Xalq qəzəbi» operası, Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə həsr olunmuş «Nizami» operası, «Söyüdlər ağlamaz» operası mənsubdur.

Əfrasiyab Bədəlbəylinin yaradıcılıq fəaliyyətində dirijorluq sənəti xüsusi yer tutur. O, Azərbaycanın ilk dirijorlarından biri olmuşdur. Ə.Bədəlbəyli ilk dəfə 1927-ci ildə dirijorluq sənətinə başlamışdır. Onun ilk dirijorluq etdiyi əsər Ü.Hacibəyovun «Əsli və Kərəm» operası olmuşdur. Ə.Bədəlbəyli P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dirijorluq fakultəsində təkmilləşmişdir. O, bir neçə il S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında dirijorluq təcrübəsi keçmişdir. Dirijorluq sənətinin sirlərinə dərindən bələd olan Ə.Bədəlbəyli ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatdında dirijor vəzifəsində çalışmış, dünya musiqisi klassiklərinin, Azərbaycan bəstəkarlarının, həmçinin özünün səhnə əsərlərini özünəməxsus bir iste′dadla təfsir etmişdir.

Əfrasiyab Bədəlbəyli eyni zamanda iste′dadlı publisist, librettoçu və tərcüməçi kimi də fəaliyyət göstərmişdir. O, Süleyman Ələsgərovun «Bahadur və Sona» operasının, Əşrəf Abbasovun «Qaraca qız», Boris Zeydmanın «Qızıl açar» və «Gülən adam» baletlərinin, eləcə də öz səhnə əsərlərinin librettolarını yazmışdır. Əfrasiyab Bədəlbəyli həmçinin P.Çaykovskinin «İolanta», C.Rossininin «Sevilya bərbəri», Z.Paliaşvilinin «Daisi», R.Qliyerin «Şahsənəm» operalarının librettolarını azərbaycan dilinə tərcümə etmişdir.

Əfrasiyab Bədəlbəylinin bir musiqişünas kimi fəaliyyəti də önəmlidir. Onun «Musiqi haqqında söhbət», «Qurban Primov» monoqrafiyaları, azərbaycan dilində indiyə qədər yeganə sayılan «Musiqi terminləri lüğəti» milli musiqişünaslığımızın əhəmiyyətli əsərlərindəndir. Maraqlı və aktual mövzulara həsr olunmuş elmi-publisistik məqalələrlə dövrü mətbuatda çıxış edən Əfrasiyab Bədəlbəyli «Ədəbiyyat və incəsənət» qəzetinin və «Elm və həyat» jurnalının redaksiya hey′ətinin üzvü, «Azərbaycan Sovet Ensiklopediyası» Baş Redaksiyasının üzvü olmuşdur.
İctimai musiqi xadimi kimi geniş fəaliyyət göstərən Ə.Bədəlbəyli müxtəlif illərdə Azərbaycan Dövlət Radio Komitəsinin, habelə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuşdur. O, Azərbaycan Bəstəkarlar İttifaqının yarandığı ilk gündən — 1934-cü ildən bu yaradıcılıq təşkilatının üzvlüyünə qəbul olunmuş, bütün qutultayların idarə heyətinin üzvü seçilmiş, uzun illər «Musiqişünaslıq» bölməsinin rəhbəri olmuşdur.

Hazırda Bakı şəhərindəki 23 saylı musiqi məktəbi Əfrasiyab Bədəlbəylinin adını daşıyır.

Asəf Zeynallı

5 aprel 1909 — 27 dekabr 1932)

Azərbaycan musiqi sənətinin görkəmli xadimlərindən biri, xalq musiqisinin mahir təbliğatçısı, istedadlı bəstəkar Asəf Zeynallının yaradıcılığı milli musiqi mədəniyyəti xəzinəmizin dəyərli səhifələrini təşkil edir.

Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də Dərbənd şəhərində dünyaya göz açmışdır. 20-ci illərin əvvəllərində Zeynallı ailəsi Bakıya köçür. 1922-26-cı illərdə o, Bakı Musiqi Texnikumunda oxuyur, 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının əvvəl orkestr fakultəsinə daxil olur, sonra isə bəstəkarlıq fakultəsində təhsilini davam etdirir. Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional təhsil almış ilk Azərbaycan bəstəkarıdır. Üzeyir Hacıbəyli, B.Karagiçev, L.Yablonko kimi görkəmli bəstəkarlardan dərs alan Asəf Zeynallı əsərlərinin çox hissəsini təhsil illərində yazmışdır.

Cəmi 23 il yaşayan Asəf Zeynallı musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaratmışdır. Bəstəkar Azərbaycan musiqi tarixinə milli romans janrının yaradıısı kimi daxil olmuşdur. Onun «Ölkəm», «Sərhədçi», «Çadra», «Sual», «Seyran» romansları milli vokal musiqimizin inciləridir.

İlk milli fortepiano musiqi əsərlərinin meydana çıxmasında Asəf Zeynallının müstəsna xidməti olmuşdur. Onun «Çahargah», «Muğamsayağı» pyesləri, «Uşaq süitası», 2 fuqa, fortepiano və skripka üçün əsərləri instrumental musiqi sahəsində bəstəkarlarımızın sonrakı nəsilləri üçün nümunə olmuşdur.

Bəstəkar habelə ilk simfonik musiqi nümunələrinin müəllifidir. Onun «Fraqmentlər» simfonik əsəri bu janrda yazılmış ilk orijinal əsərdir. Bəstəkarın yalnız bəzi cizgilərini yazdığı «Bakı» adlı simfoniyasının reallaşmasına isə vaxtsız ölüm mane oldu.

Bəstəkar teatr musiqisi sahəsində də geniş fəaliyyət göstərərək «Tənqid-Təbliğ» teatrında musiqi hissəsinə rəhbərlik etmişdir. O, C.Cabbarlının «Sevil», S.Rüstəm və H.Nəzərlinin «Yanğın», C.Xəndanın «Gizli əl», A.Yanovskinin «Qəzəb» və s. tamaşalara musiqi tərtibatı vermşdir.

Asəf Zeynallı Azərbaycan musiqisinin təbliğinə böyük diqqət yetirərək, 1931-ci ildə Moskva və Leninqradda (Sankt-Peterburq) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər təşkil etmiş və konsertlər zamanı Azərbaycan musiqisi haqqında məruzələrlə çıxış etmişdir.
Asəf Zeynallı folklor nümunələrinin toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük, faydalı iş aparmış, külli miqdarda xalq mahnılarını nota yazmışdır.

Bir pedaqoq kimi də Asəf Zeynallının xidmətləri böyükdür. O, 1928-ci ildən Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində musiqi nəzəriyyəsindən dərs demiş, «İbditai not savadı» adlı dərslik tərtib etmişdir. Azərbaycanın bir sıra görkəmli bəstəkarları — Qara Qarayev. Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov ondan dərs almışlar.

Zülfüqar Hacıbəyov

(17 aprel 1884 — 30 oktyabr 1950)

İstedadlı bəstəkar, fəal ictimai xadim, respublikanın əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın təşəkkül tapmasında və inkişafında mühüm və əhəmiyyətli rol oynamışdır.

Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov 1884-cü il aprel ayının 17-də Şuşa şəhərində anadan olmuşdur. Zülfüqara ciddi musiqi təhsili almaq nəsib olmasa da o, tarda çalmağa öyrənmişdir. Bəstəkarlığın sirrlərini isə ona doğma qardaşı, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli aşılamışdır.

Zülfüqar Hacıbəyov 1908-ci ildə «Leyli və Məcnun» operasının səhnə təcəssümü tapmasında yaxından iştirak etmişdir. Məhz bu operanın ciddi təsiri nəticəsində o, bəstəkarlıq sahəsində yaradıcılıq fəaliyyətinə başlamışdır.

Zülfüqar Hacıbəyov 3 musiqili komediyanın — «Əlli yaşında cavan». «Varlı və yaxud on bir yaşında gəlin», «Evli ikən subay», «Aşiq Qərib» muğam-operasının, «Azərbaycan» kantatasının, Fikrət Əmirovla birgə bəstələdiyi Xalq Çalğı Alətləri Orkestri üçün «Cəngi» əsərinin, oğlu — böyük dirijor və bəstəkar-maestro — Niyazi ilə birlikdə «Almas» kinofilminə yazdığı musiqinin xor və simfonik orkestr üçün, nəfəsli orkestr üçün vətənpərvərlik marş və mahnılarının müəllifidir. Onun Nizaminin «İskəndərnamə» poeması əsasında yazmağa başladığı «Nüşabə» operası yarımçıq qalmışdır.

Azərbaycan xalq musiqi nümunələrinin toplanması və nota salınmasında Zülfüqar Hacıbəyovun müəyyən xidmətləri olmuşdur. Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 1927-ci ildə çap etdirdikləri «Azərbaycan türk el nəğmələri» məcmuəsinə daxil olan bir çox nümunələr məhz Zülfüqar Hacıbəyov tərəfindən nota yazılmışdır. O, 150-yə qədər xalq mahnılarını toplayıb nota salmışdır. Lakin bu nümunələr əlyazması şəklində onun arxivində saxlanılır.

Zülfüqar Hacıbəyov yaradıcılıqla yanaşı fəal ictimai musiqi xadimi kimi Azərbaycan radio verilişləri Komitəsində, Qırmızı əsgər sarayında (i9ndiki Filarmoniyada), müxtəlif teatr və konsert təşkilatlarında məsul vəzifələrdə əzmlə çalışmışdır.

Emin Sabitoğlu

(2 noyabr 1937 — 18 noyabr 2000)

Görkəmli bəstəkar, respublikanın xalq artisti, Dövlət Mükafatı lureatı, «Şöhrət» ordenli, professor Emin Sabitoğlunun yaradıcılığı milli musiqi mədəniyyəti salnaməmizin dəyərli səhifələrini təşkil edir. Emin Sabit oğlu Mahmudov 1937-ci il noyabrın 2-də Bakı şəhərində tanınmış dramaturq-yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. O, ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik orta ixtisas musiqi məktəbinin fortepiano sinfində almışdır. Onun ilk bəstələri 7-ci sinifdə — Midhət Əhmədovun uşaq yaradıcılığı sinfində oxuyarkən yaranmışdır. Sonra o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə — dahi bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, iki ildən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini müvəffəqiyyətlə bitirmişdir. E.Sabitoğlu 40 ildən artıq davam etmiş yaradıcılıq dövründə musiqinin müxtəlif canrlarında çalışmışdır. Lakin bəstəkar mahnı, musiqili komediya, kino və teatr musiqisi sahələrində xüsusilə məhsuldar işləmişdir. 500-ə qədər mahnının müəllifi olan E.Sabitoğlunun «Bakı, sabahın xeyir», «Dərələr», «Ağ çiçək», «Uzaq, yaşıl ada», «Kəpənək», «Belə ola həmişə», «Bu gecə» və s. mahnıları dillər əzbəri olmuş və Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə həmişəlik daxil olmuşdur. Bəstəkarın yaradıcılığında kinomusiqisi mühüm yer tutur. O, 30-a yaxın bədii, sənədli və publisistik filmə — o cümlədən «Gün keçdi», «Ad günü», «Dədə Qorqud», «Qaçaq Nəbi», «Dantenin yubileyi», «Onun bəlalı sevgisi» və s. filmlərə musiqi bəstələmişdir. Bəstəkar «Qaçaq Nəbi» filminə yazdığı musiqiyə görə respublikanın Dövlət Mükafatına layiq görülmüşdür. Musiqi ictimaiyyəti Emin Sabitoğlunu musiqili komediya canrında gözəl əsərlərin müəllifi kimi də tanıyır.

Onun «Hicran», «Nəğməli könül», «Bildirçinin bəyliyi», «Bankir adaxlı» musiqili komediyaları tamaşaçıların xüsusi rəğbətini qazanmışdır. E.Sabitoğlu respublikanın teatrları ilə də sıx yaradıcılıq əlaqələri saxlayırdı. Bəstəkarın həm klassik, həm də müasir dramaturqların pyeslərinə bəstələdiyi musiqi onların uğurlu səhnə həyatının əsas amillərindən biri olmuşdur. Bəstəkarın musiqi yaradıcılığı ilə yanaşı, respublikamızda musiqiçi kadrların yetişdirilməsi sahəsindəki pedaqoci fəaliyyəti də səmərəli və təqdirəlayiq olmuşdur. O, uzun illər Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasında çalışaraq müəllimlikdən Konservatoriyanın professoruna qədər yüksəlmişdir. E. Sabitoğlu 1994-cü ildən ömrünün sonunadək Türkiyə Respublikasında öz pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin «Türk xalq musiqisi» şöbəsində çalışmışdır. Fəal ictimai musiqi xadimi olan Emin Sabitoğlu 1961-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə bu təşkilatın İdarə Heyətinin üzvü, 1963-cü ildən SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1977-ci ildən Azərbaycan Teatr Cəmiyyətinin üzvü olmuş, 1961-67-ci illərdə «Azərbaycanfilm» kinostudiyasında baş musiqi redaktoru, 1967-68-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının rəhbəri olmuşdur.

Məmməd Quliyev

(9 fevral 1936 — 2 oktyabr 2001)

Görkəmli bəstəkar, Respublikanın əməkdar incəsənət xadimi, təcrübəli pedaqoq, ictimai musiqi xadimi Məmməd Quliyev milli musiqi mədəniyyəti tariximizdə öz maraqlı əsərləri ilə silinməz iz qoyub getmiş sənətkarlarımızdandır. Məmməd Mehdi oğlu Quliyev 1936-cı il fevralın 9-da Azərbaycanın Göyçay rayonunda anadan olmuşdur. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar sinfi üzrə müvəffəqiyyətlə bitirərək Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına — zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin sinfinə daxil olmuş və 1963-cü ildə təhsilini uğurla başa vurmuşdur.

Onun diplom işi kimi təqdim etdiyi ilk iri həcmli əsəri — I simfoniyası Dövlət imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilmiş və bəstəkarın simfonik musiqi sahəsindəki gələcək nailiyyətlərini müəyyənləşdirmişdir. 60-cı illərdə yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın maraqlı, oricinal və yüksək bədiiliyi ilə seçilən əsərləri nəinki respublikamızda, habelə onun hüdudlarından kənarda musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Onun əsərləri Ümumittifaq müsabiqələrində, qurultay və plenumlarda uğurla səslənmiş, Azərbaycan musiqisini layiqincə təmsil etmişdir. Məmməd Quliyev 7 simfoniyanın, «Aldanmış ulduzlar» operasının, instrumental konsertlərin, iri həcmli xor əsərlərinin, o cümlədən Fikrət Qocanın sözlərinə yazılmış «Dədə Qorqud diyarı» kantatasının, M.Füzulinin sözlərinə «Şəbi-hicran» lirik poemasının, Xocalı hadisələrinə həsr olunmuş «Simfoniya — rekviyem»in, «20 yanvar» şəhidlərinə həsr olunmuş «Rekviyem»in və çox saylı kamera-instrumental əsərlərin müəllifidir. Məmməd Quliyev çoxşaxəli yaradıcılıq fəaliyyətini müəllimlik fəaliyyəti ilə üzvü şəkildə uzlaşdıraraq, uzun illər A.Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin yetişməsində əlindən gələni əsirgəməmişdir. İctimai musiqi xadimi kimi Məmməd Quliyev 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, onun İdarə Heyətinin üzvü, habelə «Simfonik musiqi bölməsi»nin fəal üzvlərindən biri olmuşdur.

İbrahim Məmmədov

(24 sentyabr 1928 — 30 avqust 1993)

Məmmədov İbrahim Qurban oğlu — Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəlrindən biri, respublikanın xalq artisti, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriysının professoru olmuşdur. İbrahim Məmmədov 1928-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub. Ali musiqi təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında alan İbrahim Məmmədov 1954-cü ildə professor Boris Zeydmanın bəstəkarlıq sinfini bitirib. Musiqinin müxtəlif janrlarında bir sıra dəyərli əsərlər bəstələmiş istedadlı bəstəkar İbrahim Məmmədovun yaradıcılıq dəsti-xətti xüsusilə simfonik musiqi sahəsində özünü bariz şəkildə nümayiş etdirmişdir.

Onun «Qəhrəmanlıq simfoniyası», «Təntənəli uvertüra»sı, skripka ilə orkestr üçün «Simfonik variasiyaları»ı, «Balet süitası» kimi əsərləri milli musiqi mədəniyyətimizin populyar simfonik əsərləri sırasına daxildir. İbrahim Məmmədov Azərbaycanda ilk uşaq opera-baletinin müəllifidir. Onun «Tülkü və Alabaş» opera-baleti 35 il ərzində Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında kiçik yaşlılar üçün yeganə milli musiqili-səhnə əsəri olmuşdur. Bəstəkarın xor, solist və simfonik orkestr üçün «Sülhün dayağı», «Zəhmət təranələri», «Azərbaycan» kantataları, klarnet ilə estrada orkestri üçün «Rapsodiya»sı, bir sıra kamera-vokal, kamera-instrumental əsərləri dinləyicilərin dərin rəğbətini qazanmışdır. Onun, xüsusilə, fortepiano ilə simfonik orkestr üçün «Poema-tokkata»sı virtuoz pianoçu tələbələrin tədris repertuarında özünə layiqli yer tutmaqdadır. Bəstəkarın respublikamızda gənc musiqiçi kadrlarının yetişdirilməsində mühüm rolu olmuşdur. O, 1961-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi fəaliyyət göstərərək «Solfecio», «Alətşünaslıq», «Partituranın üzündən oxunması» kimi fənnlərdən böyük səriştə ilə dərs demişdir. Bir sıra istedadlı musiqiçilər İbrahim Məmmədovdan partitura yazısının sirrlərini öyrənmişlər. İbrahim Məmmədov 1955-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə bu təşkilatın İdarə Heyətinin üzvü olmuşdur.

Zakir Bağırov

(16 mart 1916 — 8 yanvar 1996)

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Zakir Bağırov milli musiqi mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Zakir Cavad oğlu Bağırov 1916-cı il martın 16-da Şuşa şəhərində anadan olub. İlk musiqi təhsilini o, 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsində, 1935-ci ildən təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyası nəzdində musiqi texnikumuna göndərilmişdir. Musiqi texnikumunu bitirdikdən sonra o, könüllü olaraq cəbhəyə gedərək Böyük Vətən Müharibəsində iştirak etmişdir. Müharibədən sonra ordudan tərxis olunan Zakir Bağırov Moskva Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakultəsinə daxil olmuş və 1949-cu ildə həmin konservatoriyanı müvəffəqiyyətlə bitirmişdir. Zakir Bağırov musiqinin müxtəlif canrlarına müraciət etmiş və musiqi xəzinəmizi zənginləşdirən bir sıra dəyərli əsərlər yazmışdır. Onun yaradıcılıq portfelinə üç opera, o cümlədən «Aygün», «Qoca Xattabıç», iki musiqili komediya — «Qayınana», «Kəndimizin səsi», bir uşaq baleti, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik orkestr üçün, kamança ilə simfonik orkestr üçün Konsertlər, xalq çalğı alətləri orkestri üçün Süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, bədii və sənədli filmlərə, dram tamaşalarına yazılmış musiqi daxildir. Zakir Bağırovun istedadı xüsusilə «Qayınana» musiqili komediyasında öz parlaq təcəssümünü tapmışdır. Məcid Şamxalovun librettosu əsasında yazılmış bu əsər elə ilk tamaşadan geniş dinləyici kütləsinin rəğbətini qazanmışdır. «Qayınana» musiqili komediyası yalnız respublikamızda deyil, Orta Asiya respublikalarında, Bolqarıstanda müvəffəqiyyətlə tamaşaya qoyulmuş, habelə ümumittifaq müsabiqəsində xüsusi mükafata layiq görülmüşdür. Operettanın ekranlaşdırılmış variantı da tamaşaçıların xüsusi rəğbətini qazanmışdır. Bu əsərin belə şöhrət tapmasında Qayınana rolunu səhnədə və ekranda janlandıran görkəmli aktrisamız, respublikanın xalq artisti Nəsibə xanım Zeynalovanın böyük xidməti olmuşdur. Bəstəkarın musiqi folklorumuzun toplanması və nota salınması sahəsində fəaliyyəti də önəmlidir.

O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkarımız Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında «Rast», «Dügah» və «Segah-zabul» muğamlarını nota yazmış və çap etdirmişdir. Zakir Bağırov həmçinin «Azərbaycan xalq rəqsləri» məcmuəsinin müəlliflərindən biridir. Zakir Bağırov uzun illər — 1949-cu ildən ömrünün sonunadək Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında musiqi-nəzəri fənnlərindən dərs vermiş, musiqiçi kadrların hazırlanmasında əlindən gələni əsirgəməmişdir. Zakir Bağırov habelə 10 il konservatoriyanın musiqi-nəzəriyyəsi kafedrasına rəhbərlik etmişdir. Hazırda onun yetirmələri Bakı Musiqi Akademiyasının nəzəriyyə-bəstəkarlıq fakultəsində aparıcı müəllimlərdir. Bəstəkar Zakir Bağırov həmçinin fəal ictimai xadim idi. O, 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, həmçinin bu təşkilatın İdarə Heyətinin üzvü olmuş, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Respublikanın Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri, Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır.

Əfsər Cavanşirov

(8 noyabr 1930 — 20 may 2005)

Əfsər Cavanşirov Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Respublikanın əməkdar incəsənət xadimi, təcrübəli xormeyster, ictimai musiqi xadimi və fəal musiqi təbliğatçısı olmuşdur. Əfsər Bayram oğlu Cavanşirov 1930-cu il noyabrın 8-də Füzuli rayonunun Horadiz kəndində anadan olub. O, Qarabağın adlı-sanlı Cavanşirlər nəslindən idi. Erkən yaşlarından valideynlərini itirən Əfsər xalası Zərəfşan xanımın himayəsi altında böyümüşdür. İlk musiqi təhsilini A.Zeynallı adına Musiqi Texnikumunda aldıqdan sonra 1958-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoiyasının bəstəkarlıq fakultəsini — professor Cövdət Hacıyevin sinfini bitirmişdir. Sərbəst yaradıcılıq yoluna qədəm qoyduqdan sonra Əfsər Cavanşirov həm iri həcmli, həm də miniatür canrlarda əsərlər bəstəmişdir. Simfonik poema, simli kvartet, romanslar, xor əsərləri və s.

Onun xüsusilə, «Ən əziz ad» vokal simfonik poeması, «Gəncliyin səsi» kantatası, xalq çalğı alətləri orkestri üçün «Azərbaycan Vətənim mənim» uvertürası dinləyicilərin rəğbətini qazanmışdır. 1958-ci ildən həyatının sonuna qədər Ə.Cavanşirov öz yaradıcılığını Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdindəki «Bənövşə» uşaq xoru ilə bağlamışdır. «Bənövşə» uşaq xorunun bədii rəhbəri və baş diricoru kimi o, klassik dünya musiqisinin, Azərbaycan bəstəkarlarının əsərlərinin, habelə xalq musiqi nümunələrinin təbliğ edilməsində fəal çalışmışdır. 50 ildən artıq müddət ərzində Ə.Cavanşirovun rəhbərlik etdiyi bu xor kollektivində bir neçə nəsil formalaşmışdır. Onu haqlı olaraq «uşaqların maestrosu» adlandırırlar. Hazırda Ə.Cavanşirovun yetirmələri respublikamızın müxtəlif mədəniyyət ocaqlarında çalışırlar. Onların arasında respublikamızın bir sıra tanınmış mədəniyyət və incəsənt xadimlərinin — o cümlədən Flora Kərimova, Xuraman Qasımova, Amalya Pənahova, Ofelya Sənani, Azərin və başqalarının adlarını çəkmək olar. Gənc nəslin musiqi-estetik tərbiyəsində aktiv pedaqoci fəaliyyətinə görə Ə.Cavanşirov respublika komsomolu mükafatına və Respublika Təhsil Nazirliyinin «Qabaqcıl maarif xadimi» fəxri adına layiq görülmüşdür. Ə.Cavanşirov respublikamızda keçirilən 4 mahnı bayramının təşkilatçılarından olmuş, III və IV mahnı bayramlarında baş xormeyster və baş diricor kimi iştirak etmişdir. Fəal ictimai musiqi xadimi kimi Respublikanın musiqi həyatında yaxından iştirak edən Ə.Cavanşirov 1967-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə bu təşkilatın «uşaq musiqisi» bölməsinin üzvü olmuşdur.

Ramiz Mustafayev

(16 oktyabr 1926 — 10 aprel 2008)

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri də, respublikanın xalq artisti, dirijor, pedaqoq, ictimai musiqi xadimi, «Şöhrət» ordenli, professor Ramiz Mustafayevin yaradıcılığı musiqi ictimaiyyətinin və geniş dinləyici kütlələrinin rəğbətini qazanmışdır. Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabrın 16-da Türkmənistan Respublikasının Çərcou şəhərində anadan olub. 1927-ci ildə onun ailəsi Bakı şəhərinə köçüb. O, bəstəkarlıq sənətinə aktyorluqdan gəlib. 1941-ci ildə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olduqdan sonra Ramiz Mustafayev M.Qorki adına Gənc Tamaşaçılar Teatrında və M.Əzizbəyov adına Dram Teatrında aktyor kimi çalışıb. Lakin vokal sənətinə olan böyük həvəsi onu Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxardı.

O, 1948-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün sinfinə daxil olur. Tələbəlik illərində Ramiz Mustafayev eyni zamanda bəstəkarlığa da meyl göstərir. O, 1952-1957-ci illərdə konservatoriyanın bəstəkarlıq fakultəsində, görkəmli pedaqoq, professor Boris Zeydmanın sinfində təhsilini davam etdirmiş və konservatoriyanı bəstəkar kimi bitirmişdir. 50 ildən artıq yaradıcılığı dövründə bəstəkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaratmışdır. O, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romansların, 200-dən artıq xalq mahnılarının xor üçün işləmələrinin müəllifi olmuşdur. Ramiz Mustafayevin vokal sənətinə olan marağı sayəsində onun yaradıcılığında vokal musiqi janrları daha geniş yer tutur. Diplom işi kimi təqdim etdiyi bir pərdəli «Şirin» operasından sonra onun bir sıra operaları — o cümlədən, «Vaqif», «Aydın», «Polad», «Xan və əkinçi», «Tərs keçi» uşaq operası yaranır. Lakin bəstəkarın ən uğurlu səhnə əsəri Səməd Vurğunun eyniadlı dramı əsasında yazılmış «Vaqif» operası olmuşdur. Bu operaya görə bəstəkar 1962-ci ildə Gənc Bəstəkarların Ümumittifaq Müsabiqəsində laureat adına layiq görülmüşdür. Bəstəkarın musiqili-komediya sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir.

Onun «Axırı yaxşı olar», «Xəsis» (həmmüəllif V.Adıgözəlov), «Qonşumuzda bir oğlan var», «Məsmə xala dayımdır» musiqili komediyaları tamaşaçıların rəğbətini qazanmışdır. Ramiz Mustafayevin bir bəstəkar kimi yaradıcılıq simasını müəyyənləşdirən digər aparıcı sahə — xor musiqisidir. 50 ilə yaxın bir dövrdə Azərbaycan Dövlət Televiziyası və Radiosunun xorunda əvvəl xormeyster, daha sonra baş dirijor və bədii rəhbər kimi çalışan bəstəkar bu janrda bir sıra samballı əsərlər yazmışdır. Onun «Ana», «Hüseyn Cavid», «Nəriman Nərimanov», «İnam», «Mənim müasirim», «Salatın», «Nizami», «Məhəmməd və Leyla» oratoriyaları; «Haqq səninlədir», «Səməd Vurğun», «Kür-Abşeron» kantataları; «Bu qan yerdə qalan deyil!», «Nədən yarandın», «Füzuli» vokal-simfonik poemaları milli xor sənətimizin nailiyyətlərindən sayılır. Ramiz Mustafayev bəstəkarlıq və dirijorluqla yanaşı təcrübəli pedaqoq və tanınmış ictimai musiqi xadimi kimi xatırlanır. O, Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Milli Konservatoiyasının professoru kimi çalışaraq gənc musiqiçi kadrların yetişməsində əlindən gələni əsirgəməmişdir. Ramiz Mustafayev 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bu təşkilatın İdarə Heyətinin üzvü, habelə «Musiqili səhnə əsərləri» bölməsinin sədri kimi Respublikanın musiqi həyatında fəal iştirak etmişdir.

Süleyman Ələsgərov

(22 fevral 1924-22 yanvar 2000)

Görkəmli bəstəkar, dirijor, pedaqoq, ictimai musiqi xadimi, Respublikanın xalq artisti, Dövlət mükafatı laureati, «Şöhrət» ordenli, professor Süleyman Ələsgərovun yaradıcılığı milli musiqi mədəniyyəti xəzinəmizi zənginləşdirmişdir. Süleyman Əyyub oğlu Ələsgərov 1924-cü il fevralın 22-də Şuşa şəhərində anadan olub. Ali musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində alaraq, o, 1948-ci ildə professor Boris Zeydmanın sinfini bitirmişdir. Dahi bəstəkarımız Ü.Hacıbəyovdan sənət yoluna «vəsiqə» alan başqa musiqiçilərimiz kimi Süleyman Ələsgərov da geniş maraq dairəsinə malik musiqiçi olmuşdur.

Onun tükənməz xalq musiqisindən bəhrələnən yaradıcılığı mövzu rəngarəngliyi, forma aydınlığı, musiqi dilinin səlisliyi ilə səciyyələnir. Süleyman Ələsgərov on bir operettanın, o cümlədən «Ulduz», «Özümüz bilərik», «Milyonçunun dilənçi oğlu», «Sevindik qız axtarır», «Həmişəxanım», «Hərənin öz ulduzu» kimi musiqili komediyaların, «Bahadur və Sona», «Solğun çiçəklər» operalarının, «Bayatı-Şiraz» simfonik muğamının, simfoniyaların və poemaların, kantataların, tar ilə xalq çalğı alətləri orkestri üçün konsertlərin, «Vətənimdir», «Yada düşdü», «Sərvi-xuramanım mənim» kimi gözəl romansların, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərlərin müəllifi olmuşdur. Süleyman Ələsgərovun musiqisi Azərbaycanın sərhədlərini aşaraq Moskva, Sankt-Peterburq, Daşkənd, Tbilisi və onlarca başqa şəhərlərdə səslənib, onun operettaları Bolqarıstan, Türkiyə sənətsevərləri tərəfindən rəğbətlə qarşılanmışdır. Bəstəkarın «Ulduz» musiqili komediyası 11 dilə tərcümə edilib və ekranlaşdırılmışdır. Süleyman Ələsgərov fəal ictimai musiqi xadimi kimi mədəni həyatımızın müxtəlif sahələrində yorulmadan çalışmışdır. 1943-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, həmçinin İttifaqın İdarə Heyətinin üzvü, müxtəlif illərdə A.Zeynallı adına Musiqi Texnikumunun müdiri, mahnı və rəqs ansamblının bədii rəhbəri, Mədəniyyət Nazirliyinin İncəsənət İdarəsinin rəisi, Radio və Televiziya Komitəsinin Xalq Çalğı Alətləri Orkestrinin dirijoru, Komitənin bədii rəhbəri, Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Bakı Musiqi Akademiyasında xalq çalğı alətləri kafedrasının müdiri və nəhayət, Bakı Musiqi Akademiyasının Şuşa filialının direktoru vəzifələrində çalışaraq yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Təcrübəli pedaqoq, Bakı Musiqi Akademiyasının professoru kimi Süleyman Ələsgərov gənc musiqiçilər nəslinin yetişdirilməsi sahəsində çöx səmərəli fəaliyyət göstərmiş, əsl himayəçi missiyasını daşıyaraq qayğıkeş hami müəllim olmuşdur. Hazırda onun yetirmələri, yüksək hazırlıqlı musiqiçilər respublikamızın müxtəlif musiqi və mədəniyyət ocaqlarında çalışır və öz müəllimlərinin adını dərin hörmətlə yad edirlər.

Əşrəf Abbasov

(23 mart 1920 — 8 fevral 1992)

Azərbaycanın görkəmli bəstəkarı, respublikanın xalq artisti, professor Əşrəf Abbasov musiqimizin inkişafında əhəmiyyətli rol oynamış ictimai musiqi xadimi olmuşdur. 1920-ci ildə martın 23-də Şuşada doğulub, boya-başa çatmış Əşrəf Abbasov ilk musiqi təhsilini tar ixtisası üzrə Şuşa musiqi məktəbində almışdır. Əşrəf Abbasovun ilk bəstəkarlıq təcrübələri — tar üçün kiçik həcmli pyeslərlə tanış olduqdan sonra Ü.Hacıbəyov onun istedadını hiss etmiş və 1936-cı ildə Bakıya oxumağa dəvət etmişdir. Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu illərdə dahi bəstəkarımız Ü.Hacıbəyovla ünsiyyətdə olması Əşrəf Abbasovun dünyagörüşünün, yaradıcılığının formalaşmasına böyük təsir göstərmişdir. Musiqinin bir çox janrlarında qələmini sınamış bəstəkar zəngin yaradıcılıq irsinə malikdir.

O, Azərbaycanda ilk uşaq baleti olan «Qaraca qız» baletinin, «Səndən mənə yar olmaz», «Dağlar qoynunda», «Həyətim mənim, həyatım mənim» musiqili komediyalarının, simfonik orkestr üçün «Konsertino», «Şuşa», «Gələcək gün», «Dramatik poema» kimi əsərlərin, «Heyran olmuşam», «Gözəl yar», «Qurban olduğum», «Oxu bülbülüm», «Qarabağın qızları», «Ceyranım gəl» və s. məşhur mahnı və romansların müəllifidir. Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alim olmuş Əşrəf Abbasov 1952-ci ildə Moskvada «Üzeyir Hacıbəyov və onun «Koroğlu» operası» mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, respublikamızın bəstəkarları arasında ilk sənətşünaslıq namizədi idi. Onun dərin məzmunlu məqalə və çıxışları müxtəlif elmi məcmuələrdə çap olunmuşdur. Musiqiçi kadrların yetişdirilməsinə böyük əmək sərf etmiş Əşrəf Abbasovun pedaqoji fəaliyyəti də çox önəmlidir. O, 1947-1948-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru olmuş, sonra isə pedaqoji fəaliyyətini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirmişdir. O, müəyyən dövrlərdə 1953-57-ci illərdə konservatoriyanın rektoru, 1957-72-ci illərdə bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışmışdır. O, həmçinin fəal ictimai xadim kimi 1943-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilmiş bu təşkilatın I qurultayından başlayaraq ömrünün sonunadək İdarə Heyətinin üzvü olmuşdur. Bütün ömrünü, istedadını və yaradıcılığını musiqimizin inkişafına həsr etmiş Əşrəf Abbasovun adı musiqi tariximizdə əbədi həkk olunmuş, onun əsərləri xalqımızın qəlbində özünəməxsus yer tutmuşdur.

Hacı Xanməmmədov

(15 iyun 1918 — 07 aprel 2005)

Görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor, «Şöhrət» ordenli, Prezident təqaüdçüsü Hacı Dadaş oğlu Xanməmmədov 1918-ci il iyun ayının 15-də qədim Dərdbənddə anadan olmuşdur. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini professor Qara Qarayevin rəhbərliyilə bitirmişdir. Onun diplom işi tar ilə simfonik orkestr üçün 1 saylı konsert olmuşdur. Bu sahədə ilk əsəri məhz Hacı Xanməmmədov yazmışdır. 1 saylı «Konsert»in müvəffəqiyyətindən ruhlanan bəstəkar daha 4 konserti bəstələmişdir. Bu mürəkkəb formalı əsərlər həm orta ixtisas, həm ali musiqi məktəblərində çalışan tələbələrin repertuarına daxil edilmişdir. Bundan başqa Hacı Xanməmmədovun konsertləri Moskvada rus xalq çalğı alətləri orkestrinin ifasında, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan respublikalarında müvəffəqiyyətlə səslənir, tədris repertuarına daxil olur. Kamança və simfonik orkestr üçün də ilk «Konsert»i Hacı Xanməmmədov yazmışdır. Hacı Xanməmmədovun «Bir dəqiqə», «Bütün ərlər yaxşıdır» musiqili komediyaları Azərbaycan Dövlət Musiqili Komediya Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Bəstəkarın xalq çalğı alətləri orkestri üçün musiqi fondumuzu zənginləşdirən əsərlərindən «Simfoniyetta», «Azərbaycan eskizləri», «Kolxoz» və «Bayram» süitaları diqqətəlayiqşdir. Hacı Xanməmmədovun 100-dən artıq lirik mahnısı məşhur müğənnilərimizin repertuarlarını bəzəyir və dinləyicilərə xoş ovqat bəxş edir. Hacı Xanməmmədov 40 ildən artıq bir dövrdə Bakı Musiqi Texnikumunda, habelə Bakı Musiqi Akademiyasında pedaqoci fəaliyyət göstərmişdir. Hacı Xanməmmədov 1951-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1956-cı ildən onun İdarə Heyətinin üzvü olmuşdur. O, müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövdət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışmışdır.

Cahangir Cahangirov

(20 iyun 1921 — 25 mart 1992)

Görkəmli bəstəkar, Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Cahangir Cahangirov musiqi mədəniyyəti tariximizə xor musiqisinin dərin bilicisi, lirik melodiyalar müəllifi kimi daxil olmuşdur. Cahangir Şirgəşt oğlu Cahangirov 1921-ci il iyun ayının 20-də Bakının Balaxanı kəndində fəhlə ailəsində anadan olub. İlk musiqi təhsilini o, Bakı Musiqi Texnikumunda almış və paralel olaraq Teatr Texnikumunu bitirmişdir. 1941-ci ildə C.Cahangirov Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şö’bəsinə daxil olaraq dahi bəstəkarımız Ü.Hacıbəyovdan xalq musiqisinin əsaslarını öyrənmişdir. Daha sonra o, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində təhsilini davam etdirərək 1951-ci ildə professor Zeydmanın bəstəkarlıq sinfini bitirmişdir. 1949-cu ildə C.Cahangirovun hələ tələbəlik dövründə yazdığı «Arazın o tayında» vokal-simfonik poeması musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdi. 28 yaşlı bəstəkar bu əsərə görə Dövlət mükafatına layiq görülmüşdür. Sonralar bu poema Moskvanın Sütunlu salonunda və Leninqradda (indiki Sankt-Peterburqda) ifa olunmuş, onun lent yazısı Ümumittifaq Radiosunun qızıl fonduna daxil edilmişdir. Bəstəkarın 50 ildən artıq bir dövrdə müxtəlif janrlarda yaratdığı parlaq əsərləri — o cümlədən, onun «Azad» və «Xanəndənin taleyi» operaları, «Təzə gəlin» operettası, «Füzuli», «Nəsimi» və «Aşıq Alı» kantataları, «Sabir» oratoriyası, skripka ilə orkestr üçün və tar ilə orkestr üçün «Konsert»ləri, süitaları, qəzəl-romansları, lirik mahnıları, kino musiqisi Milli musiqi xəzinəmizin dəyərli səhifələrini təşkil edir. C.Cahangirovun yaradıcılığında xor musiqisi xüsusi yer tutur. Hələ 1944-cü ildə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdində Mahnı və Rəqs ansamblının xor qrupuna rəhbərlik edərək bir sıra xalq mahnılarını xor üçün işləmişdi. Bu zəngin təcrübə gələcəkdə C.Cahangirovun xor və səhnə üçün yazılmış çoxsaylı əsərlərində öz parlaq əksini tapmışdır. Onun xüsusilə, dahi şairin 400 illik yubileyi münasibətilə yazılmış «Füzuli» kantatası Azərbaycanın xor musiqisi sahəsində qazanılmış ən yüksək nailiyyətlərdən biri sayılır. Kantatanın solo partiyası görkəmli müğənnimiz Şövkət xanım Ələkbərovanın ifasında musiqisevərlərin yaddaşına həkk olunmuşdur. Musiqi ilə poeziyanın vəhdəti C.Cahangirovun vokal yaradıcılığının əsas qayəsini təşkil edir. Bəstəkar klassiklərimizin yaradıcılığına müraciət edərək gəzəl-romanslar yaratmışdır. Bu qəbildən onun Nizaminin sözlərinə «Gül camalın» romansı və xor üçün «Qəzəl» əsəri, Nəsiminin sözlərini «Ənəlhəq», Füzulinin sözlərinə «Eşitməzdim», Xəqaninin sözlərinə «Nazənin» qəzəl-romansları milli vokal musiqimizin inciləri hesab edilir. C.Cahangirov həmçinin gözəl lirik mahnılar müəllifi kimi şöhrət qazanmışdır. Bəstəkarın «Ana», «Aylı gecələr», «Qarabağ», «Durnalar», «Zəriflik», «Ay qız» və s. mahnıları dillərdə əzbər olmuşdur. Onun «Yenilməz batalyon», «Dəli Kür», «Koroğlu», «Dağlarda döyüş» və b. kinofilmlərə yazdığı musiqilər ekrandan ayrılaraq konsert salonlarında, xalq arasında geniş yayılmış, dinləyicilərin rəğbətini qazanmışdır. Bəstəkarın həyat və yaradıcılığının mühüm sahələrindən biri də onun pedaqoci fəaliyyəti olmuşdur. O, 1954-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu kafedrasına rəhbərlik etmiş, peşəkar xormeysterlərin yetişdirilməsinə böyük əmək sərf etmişdir. Cahangir Cahangirov ictimai musiqi xadimi kimi geniş fəaliyyət göstərmişdir. O, Azərbaycan Bəstəkarlar İttifaqının, onun İdarə Hey’ətinin üzvü, habelə «Xor musiqisi» bölməsinin rəhbəri olmuşdur. Cahangir Cahanagirov həmçinin müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının bədii rəhbəri, Azərbaycan Dövlət Televiziya və Radiosu xorunun bədii rəhbəri, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri kimi məs’uliyyətli vəzifələrdə çalışmışdır. Gözəl bəstəkar, lirik nəfəsli, şair qəlbli insan olan C.Cahangirovun musiqisi daima qəlbləri fəth edəcək.

Soltan Hacıbəyov

(8 may 1919 — 19 sentyabr 1974)

Azərbaycanın görkəmli bəstəkarı, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Soltan Hacıbəyovun yaradıcılığı Milli musiqi mədəniyyəti salnaməmizin parlaq səhifələrini təşkil edir. Soltan İsmayıl oğlu Hacıbəyov 1919-cu il mayın 8-də Azərbaycanın musiqi beşiyi sayılan Şuşa şəhərində anadan olub. Uşaqlıqdan əmisinin — dahi bəstəkarımız Üzeyir Hacıbəyovun himayəsi altında böyümüşdür. O, musiqi ilə 18 yaşında məşğul olmağa başlamışdır. Orta ixtisas musiqi məktəbini truba aləti üzrə bitirdikdən sonra iki ilə yaxın İqtisadiyyat İnstitutunda təhsil almışdır. Lakin musiqi yaradıcılığına ciddi maraq göstərdiyinə görə o, bəstəkarlıq ixtisasını seçməyi qərara alır. Soltan Hacıbəyov ali musiqi təhsilini 1941-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında professor Boris Zeydmanın bəstəkarlıq sinfində almışdır. Sonra o, Moskva Dövlət Konservatoriyasında professor Şostakoviçdən yaradıcılıq məsləhətləri almış, həmçinin dirijorluq ixtisasına yiyələnmişdir. Soltan Hacıbəyovun bir musiqiçi, bəstəkar və ziyalı kimi dünyagörüşünün formalaşmasında Üzeyir Hacıbəyovun xüsusi rolu olmuşdur. Bəstəkarın tələbəlik illərinin yaradıcılıq məhsulu olan «Qızıl gül» operettası, skripka ilə orkestr üçün konserti, simfonik variasiyaları, birinci və ikinci simfoniyaları, simli kvarteti, kantatası və s. əsərləri onun böyük iste’dada malik olmasından xəbər verirdi. 1945-ci ildə bəstələnmiş «Karvan» simfonik lövhəsi Soltan Hacıbəyovun milli simfonizmin inkişafındakı rolunu təsdiq etdi. 1950-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuş müasir mövzuda ilk Azərbaycan baleti olan «Gülşən» baleti bu janrın inkişafında mühüm mərhələ oldu. Soltan Hacıbəyov həmçinin «İskəndər və çoban» uşaq operasının, simfonik orkestr üçün «Konsert»in və «Uvertüra»nın, xalq çalğı alətləri orkestri üçün «Bolqar süitası»nın, hind mövzuları əsasında simli Kvartetin, M.Lermontovun sözlərinə «Tənha yelkən ağarır» və A.Puşkinin sözlərinə «Quşcuğaz» romanslarının, dram tamaşalarına yazılmış musiqinin, bir sıra kütləvi mahnıların müəllifi olmuşdur. Soltan Hacıbəyov bəstəkarlıqla yanaşı dirijor, ictimai musiqi xadimi, təcrübəli pedaqoq kimi milli musiqi mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışmışdır. O, hələ tələbəlik illərində musiqili komediya teatrında orkestrin dirijoru və rəhbəri, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki sazçı qızlar ansamblının bədii rəhbəri, uzun müddət Filarmoniyanın bədii rəhbəri, sonra isə direktoru olmuşdur. 1947-ci ildən başlayaraq uzun illər ərzində Soltan Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru kimi fəaliyyət göstərərək, gənc bəstəkarlara orkestrin sirrlərini öyrətmişdir.

O, ömrünün son 5 ili ərzində (1969-1974) Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. Soltan Hacıbəyov 20 ildən artıq bir dövrdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən birinci katibi kimi böyük ictimai fəaliyyət göstərmişdir. Xalqımız Soltan Hacıbəyovun xatirəsini əziz tutur, onun adını dərin ehtiramla yad edir.

Niyazi Tağızadə-Hacıbəyov

(20 avqust 1912 — 2 avqust 1984)

Böyük dirijor və bəstəkar, Azərbaycan Respublikasının və SSRİ-nin xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi qəhrəmanı Niyazi Azərbaycan musiqi mədəniyyətinin təşəkkülündə, inkişafında və təbliğində müstəsna rol oynamış sənətkarlarımızdandır. Onun adı XX əsrin ən görkəmli diricorları sırasına daxil edilmişdir.

Niyazi Tağızadə-Hacıbəyov Zülfüqar oğlu 1912-ci il avqustun 20-də Tbilisi şəhərində dünyaya göz açıb. Onun atası tanınmış bəstəkar, Respublikanın əməkdar incəsənət xadimi, Azərbaycanda musiqili teatrın təşəkkül tapmasında və inkişafında mühüm rol oynamış Zülfüqar Hacıbəyov olmuşdur. İlk musiqi təhsilini Niyazi öz əmisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyovdan və skripkaçı — professor L.Bretanitskidən almışdır.

Onun bir bəstəkar və dirijor kimi püxtələşməsində, dünyagörüşünün formalaşmasında ilk növbədə Ü.Hacıbəyovun, habelə görkəmli bəstəkar-pedaqoqlar, professor Qnesinin, Rudolfun və Popovun xüsusi rolu olmuşdur.

Müxtəlif dövrlərdə o, Bakı Kinostudiyasının musiqi rəhbəri, Azərbaycan Dövlət Estradasının bədii rəhbəri, Azərbaycan Dövlət Cazının bədii rəhbəri, Opera və Balet Teatrının dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru kimi çoxşaxəli fəaliyyət göstərərək Milli musiqi mədəniyyətimizin inkişafı və təbliği yolunda yorulmadan çalışmışdır.

İfaçılıq fəaliyyətinin ilk günlərindən Niyazi dahi Üzeyir Hacıbəyovdan başlayaraq Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Arif Məlikov, Rauf Hacıyev, Vasif Adıgözəlov və digər bəstəkarlarımızın ən məşhur əsərlərinin ilk və mahir təfsirçisi, yorulmaz təbliğatçısı olmuşdur.

Yarım əsrdən çox bir müddətdə Niyazinin rəhbərliyi altında təşəkkül tapıb kamillik zirvəsinə ucalan Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri Milli simfonizmin yaradıcılıq laboratoriyasına çevrilmişdir. Niyazi həm klassik Avropa musiqi nümunələrini, həm də mürəkkəb müasir partituraları böyük məharətlə təfsir edərək beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.

Onun İngiltərə,Fransa,Macarıstan,Rumıniya,Çexoslovakiya, Türkiyə, İran, Çin, Hindistan, Monqolustan və başqa ölkələrdə Avropa və Azərbaycan musiqisinin klassik nümunələrindən ibarət çoxsaylı konsertləri buna gözəl sübutdur.

Niyazi ilk Azərbaycan dirijorudur ki, 1961-ci ildə Leninqrad Opera və Balet Teatrına baş dirijor təyin olunmuşdu. Dünyaşöhrətli sənət ocağına baş dirijor təyin olunması Niyazinin həqiqətən fitri istedadına, yüksək peşəkarlığına verilən yüksək qiymət idi. O, bu teatrla dünyanın bir çox ölkələrində tamaşalara musiqi rəhbəri olmuşdur.

Niyazinin parlaq bəstəkarlıq istedadı musiqinin müxtəlif janrlarında özünü büruzə verib. O, Azərbaycan bəstəkarlıq məktəbinin ilk nümayəndələri sırasında simfonik janra müraciət etmişdir. Onun «Rast» simfonik muğamı Azərbaycan musiqi xəzinəsinin ən maraqlı və nadir incilərindəndir. Bu əsər bəstəkara vətənimizdən çox-çox uzaqlarda böyük şöhrət gətirmişdir.

Niyazinin böyük hind yazıçısı Rabindranat Taqorun əsəri əsasında yazdığı «Çitra» baleti Cavahirlər Nehru adına Beynəlxalq mükafata layiq görülmüş, bir çox teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur. Bəstəkar həmçinin «Xosrov və Şirin» operasının, «Zaqatala» süitasının, kütləvi mahnı janrının ilk nümunələrindən olan «Vətən haqqında mahnı», «Təbrizim», «Qaragilə» mahnılarının, teatr tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir. Öz fitri istedadı, ölməz musiqi əsərləri, bənzərsiz dirijorluq interpretasiyası ilə dahi «Maestro» adını qazanmış Niyazi sənəti əbədi yaşayacaq.