2018

Yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım-tədbiri keçirilib. Tədbirdə ötən il aprelin 7-də Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin təqdim olunan “Nasimi Passion” əsərinin lent yazısı nümayiş olunub.
Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət və elm xadimləri, xarici səfirliklərin nümayəndələrinin, o cümlədədn millət vəkillərinin də iştirak etdiyi tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə xalqımızın yaşadığı faciələrdən danışıb və 20 Yanvar faciəsinin Azərbaycanın qəhrəmanlıq salnaməzsində önəmli yer tutduğunu qeyd edib. Daha sonra F. Əlizadə “Nasimi Passion” əsərinə toxunaraq seçdiyi mövzudan, Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb. Dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb. Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib. Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub. Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub.

Sonra çıxış edən xalq rəssamları Fərhad Xəlilov, Ağəli İbrahimov, akademiklər İsa Həbibbəyli, Yaqub Mahmudov, Türkiyə Respublikasının mədəniyyət müşaviri İrfan Ciftçi Azərbaycan xalqının başına gətirilən iztirabların, müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında musiqinin rolunu vurğulayıblar və əsərin sənətkarlıq məziyyətlərini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, “Amsterdam Royal Concertgebouw” tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus (pravoslav, katolik, iudaizm, buddizm) «Passions» — “İlahilər” layihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib.

Dahi bəstəkarımız F.Əlizadənin bu silsilədən olan “Nasimi Passion” əsərinin ötən il aprelin 7-də və 9-da Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin dünya şöhrətli ingilis dirijor Martins Brabbinsin idarəsi ilə Hollandiyanın Kral kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə premyerası olub.

Bu iri həcmli musiqi əsərlərinin ifası bütün Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurub. Konsert zamanı əsərin sözləri tərcümə edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm də əsərin sözlərini başa düşməyə, onu dərindən anlamağa imkan verib. Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub.

Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edib.

Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla özünə xas fərqli ifası ilə tamaşaçıların ruhunu oxşayıb. Ə.Abdullanın ifası məhz sufi zikrlərindəki əsas ab-havanı və dinləyicidə vizual təəssürat yaratmağa imkan verib. Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb.

Bəstəkarın Şərq və Qərbin konsepsiyası əsasındakı sintezi maraq doğurub. Milli xalq musiqi alətləri ilə yanaşı, violonçel, eyni zamanda, səsin qarşılıqlı müştərək istifadəsi bilavasitə bəstəkarın aparıcı ideya kimi götürdüyü obraza xidmət edir. Əsərdə mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil edib. Əsər tamaşaçıların alqışları ilə qarşılanıb.

*****

Fevralın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbirdə respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Konfransda Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə görkəmli bəstəkar Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıb.

Qeyd edib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan bəstəkar Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. “Qara Qarayev haqqında nə qədər danışsaq da azdır. Böyük bəstəkar zəngin və çoxşaxəli yaradıcılığa malikdir. Onun bəstəkarlıq məktəbi, məqalələri, ictimai fəaliyyəti — bütün bunlar kitabların, araşdırmaların mövzusu ola bilər. Dahi insanların gördüyü işlər qısamüddətli olmur. O, əsrlər üçün yaradır. Bu baxımdan bəstəkarın həyat və fəaliyyəti bizim üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq istedadı musiqimizin gələcəyinə işıq tutub. Bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib, bu haqda məqalələr yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”, — deyə F.Əlizadə bildirib.

Daha sonra konfrans Qara Qarayevin Azərbaycan musiqi mədəniyyəti tarixində xidmətlərindən bəhs edən elmi məruzələrin dinlənilməsi ilə davam edib.

*******

Fevralın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Bəstəkarın anadan olmasının 80 illiyinin ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edildiyi bildirilib.

Zemfira Qafarova deyib ki, Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edib. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb. Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında lirik mahnılar, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Onun yazdığı bütün əsərlər dərin məzmunu, yüksək bədiiliyi ilə seçilirlər.

Tədbirdə sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudovanın “Elza İbrahimovanın həyat və yaradıcılığının əsas məqamlarının səciyyəsi”, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Şirinovanın “Elza İbrahimovanın yaradıcılığının televiziya və radio kanallarında təbliği” və digər mövzularda məruzələri dinlənilib.

Tədbirdə bəstəkarın həyat və yaradıcılığını əks etdirən videomaterial nümayiş olunub. Sonda Azərbaycan Dövlət Triosu, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının müşayiəti ilə bəstəkarın “Gecələr bulaq başı”, “Sevgilim, tut əlimdən”, “Sən yadıma düşəndə”, “Mehribanım” və digər mahnıları səsləndirilib.

******

Fevralın 15-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2018-ci ilin “Qara Qarayev ili” elan olunması münasibətilə Ankara şəhərində möhtəşəm konsert olub.

Konsertdən əvvəl TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qazi Universitetinin rektoru İbrahim Uslan, UNESCO-nun “Sülh artisti”, Azərbaycanın Xalq Artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə dahi bəstəkarın həyat və yaradıcılığından bəhs ediblər.

Çıxışlarda vurğulanıb ki, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayev böyük əməyi və fitri istedadı sayəsində sənətin zirvələrini fəth edib.

Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə Qazi Universitetinin foyesində Qara Qarayevin zəngin və mənalı ömür yolunu əks etdirən kitablar sərgilənib. Qeyd edək ki, “Qara Qarayev ili”nə aid tədbirlər çərçivəsində keçirilən konsert Azərbaycanın Türkiyədəki səfirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşıb.

******

Fevralın 23-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) iclas salonunda Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri ABİ-nin sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə açıb. O, Xocalı faciəsi qurbanlarına həm Azərbaycan, həm də Qərb bəstəkarlarının bir sıra əsərlərinin həsr olunduğunu qeyd edərək deyib: “Təəssüf ki, həyat təkcə bayramlardan ibarət deyildir. Bu gün biz bura toplaşmışıq ki, Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini yad edək”.

Sonra Cavid Hüseynov və Jalə Kərimovanın ifasında Əməkdar İncəsənət Xadimi, bəstəkar Nazim Quliyevin “Xocalı“ adlı yeni operasından parçalar səslənib. Müğənniləri pianoda beynəlxalq müsabiqələr laureatı Firuzə Nəcəfli müşayiət edib. Artistlərin çıxışları qonaqlarda güclü təəssürat oyadıb. Görüş müzakirələrlə davam edib. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, alimlər və KİV nümayəndələri iştirak ediblər.

******

Martın 7-14-də Bakıda Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası, və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçirilib. Qeyd edək ki, festivalın bədii rəhbəri Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadədir.

Martın 7-də Heydər Əliyev Sarayında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının açılışı münasibətilə geniş konsert proqramı təqdim edilib. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən festivala 15-dən çox ölkə qatılıb.

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının ilk günü tamaşaçılara tanınmış kollektivlər — Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu (baletmeyster Cəmilə Bayramova) və Bakı Xoreoqrafiya Akademiyasının balet truppasının (dirijor Fəxrəddin Kərimov) ifasında geniş və rəngarəng konsert proqramı təqdim olunub.

Martın 8-də Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı festival çərçivəsində muğam musiqisi axşamı təşkil olunub. Gecədə tamaşaçılar gənc xanəndə Elnur Zeynalovun böyük məharətlə ifa etdiyi “Rast” muğam dəstgahını dinləyiblər.

Martın 8-də Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının iştirakçıları və bu münasibətlə ölkəmizə gələn Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail və digər dövlətlərdən olan nümayəndələr iştirakı ilə Gəncə Filarmoniyasında konsert keçirilib.

Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün ana və bacıları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Vurğulanıb ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konsertin xoş bir gündə keçirilməsi də, təsadüfi deyil. Çünki, tarixən qədim şərqin, o cümlədən Azərbaycanın böyük elm-mədəniyyət və incəsənət mərkəzi olan Gəncə, həm də çoxsaylı ədiblərin, musiqiçilərin, xanəndə və sazəndələrin şöhrət tapdığı bir şəhər olub. Sonra şəhərin ictimai-siyasi həyatında fərqlənən qadınlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları Müslüm Maqomayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev, Emin Sabitoğlu, Oktay Kazımi, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Vaqif Gərayzadə kimi görkəmli bəstəkarların əsərləri, eləcə də xalq mahnıları və təsniflər səsləndirilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Orkestri, Göygöl mahnı və rəqs ansamblı və “Xəmsə” ansamblı tərəfindən səsləndirilən musiqi əsərlərini Xalq Artistləri Samir Cəfərov və Şahnaz Haşımova, Əməkdar artist Mehparə Cəfərova, eləcə də bir çox yerli müsabiqələrin qalibləri olmuş gənc müğənnilər ifa ediblər.

Martın 9-da “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının marionet tamaşası nümayiş olunub. Tamaşanın nümayişindən əvvəl çıxış edən teatrın bədii rəhbəri Tərlan Qorçu bildirib ki, Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanan operanın marionet tamaşası 14 pərdədən ibarətdir.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir. Səhnə əsəri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Martın 9-da Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti muğam axşamı keçirilib. Gecədə xanəndə Qoçaq Əsgərovun ifasında “Şur” muğamı səsləndirilib.

Martın 10-da “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında “Qarabağ” muğam qrupunun konserti olub.

Gecədə Xalq Artisti Mənsum İbrahimov, Əməkdar Artist Təyyar Bayramov, xanəndələr Aytən Məhərrəmova və Arzu Əliyeva çıxış ediblər. Xanəndələri Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), eləcə də Süleyman Əliyev (balaban), İdris Hüseynov (ud), Kamran Novruzov (bas tar), Samir Əzimov (bas kamança) müşayiət edib.

Martın 10-da “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti oynanılıb.

Tamaşada əsas partiyaları Azərbaycanın Əməkdar Artisti Nigar İbrahimova (Gözəllər gözəli), habelə Anar Mikayılov (Bəhram şah), Samirə Məmmədova (Hind gözəli), Elmira Süleymanova (Slavyan gözəli), Failya Bolqarova (Xarəzm gözəli), Leyla Nərimanidze (Çin gözəli), Cəmilə Kərimova (Bizans gözəli), Ayan Eyvazova (Məğrib gözəli) ifa ediblər. Tamaşaya Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov dirijorluq edib.

Martın 10-da Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti konsert proqramı təqdim edilib. Konsertdə tanınmış xanəndə, Əməkdar Artist Babək Niftəliyevin ifasında “Segah” muğamı səsləndirilib. Muğam axşamında xanəndəni tarda Ayaz İmranov, kamançada Elnur Mikayılov, balabanda Rafael Əsgərov, nağarada Ramin Abdullayev və kanonda Humay Abbas müşayiət edib. Konsert çərçivəsində bir-birindən parlaq xalq mahnıları və təsniflər də ifa olunub.

Martın 10-da Azərbaycan Milli Konservatoriyasında V Beynəlxalq muğam müsabiqəsinin açılışı olub. “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, Moldova, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və İsraildən olan musiqiçilər iştirak ediblər.

Açılış mərasimində konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi çıxış edərək muğamın qorunması və təbliğində festivalın müstəsna rolunu qeyd edib. Bildirib ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut edir.

Sonra instrumental muğam ifaçılığı üzrə püşkatma olub və iştirakçılar ifalarını təqdim ediblər. Müsabiqənin birinci turunda Azərbaycan, Qazaxıstan, Misir, Özbəkistan, İran, Tacikistan, Mərakeş, Suriya, İordaniya, İsraildən olan ifaçılar çıxış ediblər.

İfaçıları Xalq Artisti Siyavuş Kəriminin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirir. Münsiflər heyətinin tərkibinə Türkiyədən Mehmet Bitmez, Tacikistandan Abduvali Abdurashidov, İrandan Farhad Fakhreddini və Polşadan Piotr Pucylo daxildir. Fasilədən sonra vokal muğam ifaçılığı üzrə dinləmələr olub. Müsabiqədə Azərbaycanla yanaşı, Misir, İran, Özbəkistan, Moldova və Tacikistanı təmsil edən xanəndələr çıxış ediblər.

Martın 12-də “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Rəşid Behbudov adına Mahnı Teatrında “Cəngi” estrada folklor ansamblının konserti olub. Tədbiri teleradioaparıcı Rahib Azəri açıb. O, Azərbaycanın milli dəyərlərinin təbliğində festivalın əhəmiyyətindən danışaraq qeyd edib ki, belə tədbirlər ölkənin mədəni həyatına böyük töhfə verir. Sonra “Cəngi” ansamblının konserti başlayıb. Musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini, muğam üstündə caz kompozisiyaları ifa ediblər. Konsert böyük maraqla qarşılanıb.

Martın 12-də Azərbaycan Milli Konservatoriyasında tanınmış qarmon ifaçısı, Xalq Artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblı «Təəssürat» konsert proqramı ilə çıxış edib. Konsert “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşıb.

Tədbirdə, həmçinin rektor Siyavuş Kərimli İrandan olan musiqiçi Farhad Fakhreddini 80 illik yubileyi münasibətilə də təbrik edərək onu mükafatlandırıb. Tədbir konsert proqramı ilə davam edib. Konsert proqramında Azərbaycan ilə yanaşı, dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. Ansambl tərəfindən məharətlə ifa edilən “Üç gündən bir, beş gündən bir”, “Arı uçuşu”, “Ay nanə”, “Vals papuri”, “Uzun dərə”, “Şalaxo”, “Lay-lay”, “Naxçıvan”, “Təəssürat”, “Nueva”, “Çahargah rapsodiyası”, “İthaf” və başqa əsərlər yerli və xarici tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertdə Xalq Artisti Ənvər Sadıqovun (qarmon) bədii rəhbərliyi ilə Ələkbər Ələkbərov (tar), Emil Əfrasiyab (piano), Ramin Həsənov (skripka), Taleh Ağayev (elektro piano), Abbas Səfərov (nağara), Nicat Bayramov (zərb alətləri), Orxan Musayev (nəfəs alətləri) və Elcan Cəbrayılov (bas-gitara) çıxış ediblər.

Martın 12-də “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Akademik Milli Dram Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşası nümayiş olunub.

Tamaşada görkəmli bəstəkarın “Dərviş” və “Muğamsayağı” instrumental əsərlərinin musiqisindən istifadə edilib. Xoreoqrafı Nailə Məmmədzadə olan tamaşada Nəsimi obrazını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

Bundan başqa, tamaşada Əməkdar Artist Teyyub Aslanov xanədə kimi çıxış edib. Beş rəqqasın çıxış etdiyi əsərdə əsas rol — Nəsimi obrazı ilə bağlıdır ki, onun həyatını xeyir və şər qüvvələr əhatə edir. Bu hadisə səhnədə iki qadın və iki kişi rolları ilə təqdim olunur. Tamaşa boyu şairin düşüncələri və yaradıcılıq ilhamı, işıqlı ideallar uğurunda mübarizəsi haqsızlıq, ədalətsizlikdən çəkdiyi əzablar öz əksini tapıb. Bütün bu rəngarəng obrazlar və duyğular səhnədə musiqi və rəqs dili ilə təcəssüm olunur. Ustalıqla təqdim olunan səhnə əsəri maraqla qarşılanıb.

Xatırladaq ki, tamaşa ilk dəfə ötən il mayın 18-də Parisdə, UNESCO-nun baş qərargahında, Azərbaycan şairi Nəsiminin edamının 600 illiyinə həsr olunan tədbirdə nümayiş etdirilib.

Martın12-də Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 12-də növbəti muğam axşamı təşkil olunub. Gecədə gənc xanəndə Arzu Əliyevanın ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib. Gənc ifaçını Rövşən Qurbanovun bədii rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edib.

Martın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operası təqdim olunub. Operanın nümayişi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşıb. Mənalı, cəlbedici, dramatik səhnələri olan tamaşa maraqla qarşılanıb.

“Şah İsmayıl” uzun illərdir ki, teatrın repertuarındadır. Müxtəlif illərdə əsas rollarda opera səhnəmizin istedadlı sənətkarları – Hüseynqulu Sarabski, Əlövsət Sadıqov, Baba Mahmudoğlu, Səfa Qəhrəmanov, Arif Babayev, Canəli Əkbərov (Şah İsmayıl), Firəngiz Əhmədova, Xuraman Qasımova, Zemfira İsmayılova (Gülzar), Həqiqət Rzayeva, Gülxar Həsənova, Rübabə Muradova, Sahibə Abbasova (Ərəbzəngi), Ağababa Bünyadzadə, Şahlar Quliyev (Aslan şah) və başqaları çıxış ediblər. Hazırda Şah İsmayıl rolunu istedadlı muğam ifaçısı, Əməkdar Artist Təyyar Bayramov böyük uğurla ifa edir.

Qeyd edək ki, “Şah İsmayıl” operası ilk dəfə səhnəyə 1919-cu ildə qoyulub. Tarixi-əfsanəvi mövzuda yazılmış operanın libretto müəllifi Mirzə Qədir İsmayılovdur. İlk tamaşada orkestri bəstəkarın özü – Müslüm Maqomayev idarə edib.

Martın 13-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Muğam Festivalı çərçivəsində sonuncu muğam axşamı proqramı reallaşıb. konsertdə istedadlı xanəndələr Nisbət Sədrayevanın ifasında “Şüştər”, Məmməd Nəcəfovun ifasında isə “Humayun” muğamları səslənib. Onları “Muğam” instrumental ansamblı müşayiət edib. Konserti mədəniyyət, incəsənət, elm və ictimaiyyət nümayəndələri dinləyiblər.

Martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına yekun vurulub. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Milli Elmlər Akademiyası, və Azərbaycan Milli Konservatoriyasının birgə dəstəyi ilə reallaşan və bir həftə davam edən festivala 15-dən çox ölkə qatılıb. Festivalın bədii rəhbəri Xalq Artisti, UNESCO-nun “Sülh artisti”, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Azərbaycan muğamının tarixi keçmişindən və müasir inkişaf səviyyəsindən söz açaraq bu irsin qorunması və təbliğində festivalın müstəsna rol oynadığını söyləyib. Bildirib ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir.

Xalq Artisti muğam sənətinin dərin köklərdən, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasından danışıb. Bunun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz əməyinin nəticəsində mümkün olduğunu xüsusilə qeyd edib: “Milli-mədəni irsimizin bir sıra qiymətli nümunələrinin, o cümlədən Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənətinin və Novruz bayramının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bizim mədəni irsimizə, onun qorunmasına dünya miqyasında göstərilən diqqət və qayğının təzahürüdür”.

Festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında instrumental və vokal bölmələri üzrə beynəlxalq muğam müsabiqəsinin təşkil edildiyi, müsabiqə iştirakçılarının Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistandan olan tanınmış musiqi mədəniyyətinin görkəmli nümayəndələri tərəfindən qiymətləndirildiyi, konservatoriyada, həmçinin musiqi gecələrinin keçirildiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar tərəfindən tamaşaçılara təqdim olunub. Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da maraqla qarşılanıb.

Firəngiz Əlizadə deyib ki, bir həftə ərzində qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasını, Qara Qarayevin “Yeddi gözəl” baletini, Müslüm Maqomayevin “Şah İsmayıl” operasını, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyasını, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası izləmək imkanı qazanıblar.

Xalq Artisti festival çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında reallaşan “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumu da yüksək qiymətləndirib. Sonra beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Solo-muğam ifaçılığı üzrə azərbaycanlı xanəndə Elsevər Muradov və özbəkistanlı ifaçı İlyos Arabov birinci yerə layiq görülüblər. Tacıkıstan təmsilçisi Sardor Soliyev və azərbaycanlı Pərviz Qasımov ikinci yeri tutublar. İnstrumental muğam ifaçılığı üzrə isə Azərbaycan musiqiçisi Nurlan Cəbizadə birinci, Aria Mohafez (İran) və Elnur Mikayılov (Azərbaycan) ikinci, Otajon Akramov və Azamat Ergaşev (Özbəkistan) üçüncü yerlərə layiq görülüblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi qaliblərə diplom və pul mükafatı təqdim ediblər. Müsabiqədə iştirak edən İsrail ifaçısı Noam Dayan, Misir təmsilçisi Omer Abdo və Azərbaycan musiqiçisi Arifə İmanovaya Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi mükafatlar verilib. Bütün qalibləri təbrik edən Əbülfəs Qarayev artıq ənənəyə çevrilən bu festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, münsiflər tərəfindən seçilən ən layiqlilər muğam sənətinin daha böyük coğrafiyada təbliğinə öz töhfələrini verəcəklər. Sonra bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və muğam müsabiqəsinin qalibləri çıxış ediblər. Bağlanış mərasimində Azərbaycan və Qazaxıstan musiqiçilərinin Novruz hədiyyəsi kimi təqdim etdikləri “Sarı gəlin” xalq mahnısı gecəyə xüsusi rəng qatıb.

*****

Aprelin 12-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar Məmməd Cəfərovun 60 illik yubileyinə həsr olunmuş müəllif konserti keçirilib. Tədbiri giri sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəstəkarın ömür yoluna nəzər salıb, musiqi tariximizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, ittifaqın Gəncə təşkilatının sədri olan Məmməd Cəfərov yaradıcılığına böyük tələbkarlıqla və məsuliyyətlə yanaşır. Ali musiqi təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində alan M.Cəfərovun bir sənətkar kimi yetişməsində görkəmli bəstəkarlar İsmayıl Hacıbəyov, Aqşin Əlizadə və Fərəc Qarayevin əhəmiyyətli rolu olub. O, Nazim Hikmətin sözlərinə yazdığı “Həsrət” və “Vida” romanslarını İsmayıl Hacıbəyovun xatirəsinə həsr edib.

Qeyd edib ki, müxtəlif musiqi janrlarında qələmini sınayıb, özünəməxsus fərdi üslubu, milli koloriti ilə seçilən əsərlər yaradan bəstəkarın yaradıcılığında vokal, kamera-instrumental və xor əsərləri üstünlük təşkil edir. O, piano üçün “Naxışlar” məcmuəsinin, iki piano üçün “Musiqi”, violin və piano üçün “Sonata-poema”, Nazim Hikmətin sözlərinə vokal silsilənin, solistlər, xor və simfonik orkestr üçün “Yuxulama, oğuz eli”, “Vətən dedim”, “Cavad xan” kanatlarının, kamera orkestri üçün pyeslərin, mahnı və romansların müəllifidir. Onun əsərləri beynəlxalq festivallarda uğurla ifa olunur və musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanır.

Hazırda pedaqoji fəaliyyətini Qəmbər Hüseynli adına Gəncə Musiqi Kollecində davam etdirən M.Cəfərov gənc musiqiçilər nəslinin yetişməsində var qüvvəsi ilə çalışır. Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə Şəhla Ələkbərovanın bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına Xorunun ifasında bəstəkarın kamera, vokal və xor əsərləri ifa olunub. Gənc vokalçılar Fidan Məmmədzadə və Fəxri Kazım Nicat “Vida” (söz. Nazim Hikmət), “Həsrət” (söz. Nazim Hikmət) və başqa romansları səsləndirilib. Konsert proqramında yubilyarın ifası tədbirə xoş ovqat bəxş edib.

*****

Aprelin 17-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar Rəna Qədimovanın 60 illik yubileyinə həsr olunmuş müəllif konserti təqdim olunub. Tədbirdə İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək bəstəkarın ömür yoluna nəzər salıb, musiqi tariximizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsil alan Rəna Qədimovanın yaradıcılığı zəngindir. Müxtəlif musiqi janrlarında qələmini sınayan, özünəməxsus fərdi üslubu, milli koloriti ilə seçilən əsərlər yaradan bəstəkarın yaradıcılığında vokal, kamera-instrumental əsərləri üstünlük təşkil edir. Son illər bəstəkarın xor və orkestr üçün yazdığı “Sarı gəlin” balladası musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Onun yaradıcılığında uşaqlara həsr etdiyi əsərlər əsas yer tutur.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın bəstəkarın yaradıcılığı haqqında məruzəsi dinlənilib. O, bəstəkarın yaradıcılığı, fərdi üslubunun özünəməxsusluğu barədə tədbir iştirakçılarına geniş məlumat verib. Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə piano üçün “2 Prelüd: e-moll; “Qara qafiyə”, faqot və piano üçün “Dialoq”, piano üçün ikili Fuqa- “Vida”, “Bilmirəm” vokal silsiləsi: “Bilmirəm”, “Nöqtələr” və digər əsərlər səsləndirilib

Hollandiya mətbuatı Firəngiz Əlizadəni Rixard Vaqnerlə müqayisə etdi. Hər il “Royal Concertgebouw Orchestra” (Niderland Kral Orkestri) əvvəlki ilin daha uğurlu premyeralarının səsyazısı olan kompakt-disklərin işıq üzü görməsinə təşəbbüs göstərir. 2018-ci ildə disklərin bu nüfuzlu seriyasına Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, professor Firəngiz Əlizadənin “NASIMI Passion” əsəri daxil edilib. Xatırladaq ki, bu əsər keçən ilin aprelində Amsterdamın məşhur “Concertgebouw” konsert salonunda iki dəfə səslənib. Kompakt-diskə yazılmış “HORIZON 8” holland etiketindəki mətnin müəllifi, tanınmış musiqi tənqidçisi Floris Don Berlində və Cenevrədə keçirilmiş təqdimat mərasimlərində qeyd edib ki, “Firəngiz Əlizadənin çox gözəl əsəri “NASIMI Passion” təkcə bəstəkarın deyil, həmçinin “Concertgebouw”nun repertuar siyasətinin böyük nailiyyətidir. Biz ilk dəfə İslam dünyası təmsilçisinin Qərb və Şərqin musiqi ənənələrinin təması ideyasını təcəssüm etdirən, mənaca və ifadə şəklinə görə əzəmətli yeni əsərinin nümunəvi çıxışının şahidi olduq”.

“De Volkskrant” qəzeti F.Əlizadənin yeni əsərinin premyerasından şövqlə bəhs edib. Albomda məqalədən sitata yer verilir: “Firəngiz Əlizadə musiqisinin təsir gücü, məna tərzi və özünəməxsus intonasiyası ilk notdan dinləyiciləri valeh edir. Bu əsərin müəllifinin Şərq və müsəlman ölkəsi olan Azərbaycanın qadın bəstəkar olması xüsusilə heyrətamizdir”.

Resenziyada qeyd edilir ki, Firəngiz Əlizadənin musiqisi təsir gücünə görə Rixard Vaqnerlə müqayisə oluna bilər. Həmçinin əsərin dirijor Martin Brabbinsin rəhbərliyi altında simfonik orkestr, xor (rəhbər Klaus Ştok), Əvəz Abdulla (bariton) tərəfindən mükəmməl ifası da diqqətə çatdırılır. Sonda Floris Don yazır: “Firəngiz Əlizadə təkcə unikal bəstəkarlıq dəst-xəttinə malik deyil, onun bu gün dünyaya söyləyəcəyi də var”. Əlavə edək ki, qoşma albomda İmadəddin Nəsiminin orijinal mətnləri, habelə onların holland, ingilis və alman dillərinə tərcümələri yer alıb. Mütəxəssislər əmindirlər ki, F.Əlizadənin musiqisindən ibarət yeni kompakt-disk müasir klassik musiqisevərlərin kolleksiyasının bəzəyi olacaq.

Mayın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dünya şöhrətli siyasətçi, Ümummilli lider, Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan bəstəkarlarına diqqət və qayğı ilə yanaşıb. Həmişə Azərbaycan musiqisini, onun bəstəkarlıq məktəbini yüksək qiymətləndirib, bütövlükdə, musiqi sənətimizin inkişafına mənəvi zəmin yaradıb. Onun musiqimizə sonsuz vurğunluğu bu sahədə çalışanları yeni yaradıcılıq axtarışlarına ruhlandırıb. Dahi şəxsiyyətin Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə Bəstəkarlar İttifaqının fəaliyyətinə verilən qiymətin bariz təzahürüdür. Onun şəxsi təşəbbüsləri ölkəmizin musiqi mədəniyyətinin inkişafına, zənginləşməsinə və beynəlxalq səviyyədə böyük müvəffəqiyyətlər əldə etməsinə öz töhfəsini verib: “Ümummilli Liderin Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu onlara yaradıcılıq axtarışlarında və yeni əsərlərin yaranmasında ilham verib”.

ABİ-nin katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova 1975-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq, Ümummilli liderin Azərbaycan professional musiqisinin banisinin yaradıcılığına həsr etdiyi dərin məzmunlu çıxışının şahidi olduğunu bildirib. O həmçinin qeyd edib ki, ümumiyyətlə, H.Əliyevin çıxışları həmişə analitik xarakteri və dərin peşəkar yanaşmasıyla fərqlənirdi.

Tanınmış bəstəkar, Xalq Artisti Tofiq Bakıxanov Ümummilli Liderin görkəmli mədəniyyət və incəsənət xadimləri ilə olan dostluğundan, bu sənətə verdiyi qiymətdən danışıb və Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Daha sonra ABİ-nin katibi, əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov “Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı”, ABİ-nin katibi əməkdar incəsənət xadimi, dosent Sərdar Fərəcov “ Heydər Əliyevə ithaflar”, əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Heydər Əliyevin məruzələrində estetik baxışlarının təcəssümü”, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova “ Mədəni irsimizin qorunmasında Heydər Əliyevin rolu”, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, dosent Aliyə Məmmədova “ Heydər Əliyev və gənclər”, bəstəkar, əməkdar incəsənət xadimi, professor Vasif Allahverdiyev “ Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaranmış əsərlər” mövzusunda məruzələrlə çıxış edib və Ulu öndərlə bağlı xatirələrini bölüşüblər. Tədbirin sonunda tanınmış bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun “Bayram üvertürası”nın fonunda Ümummilli lder Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kadrlar nümayiş etdirilib.

*****

İyunun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş “Qara Qarayevin sinfinin məzunları” adlı tədbir keçirilib.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından danışıb və yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayevin Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdən olduğunu vurğulayıb. Qara Qarayev yaradıcılığının böyük məktəb olduğunu deyən F.Əlizadə dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən söz açıb: “Qara Qarayevin həyat və fəaliyyəti bizim üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq istedadı musiqimizin gələcəyinə işıq tutub. O, bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, bizim muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib, bu barədə məqalələr yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq. Qara Qarayev bizə zəngin musiqi əsərləri miras qoyub. Əgər ömür vəfa etsəydi Qara Qarayev daha da gözəl əsərlər yarada bilərdi. Görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir. O, bir çox filmlərə, tamaşalara musiqi bəstələyib. Qara Qarayev Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir. Dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır”.

Böyük bəstəkarın tələbələri Xalq artistləri Tofiq Bakıxanov və Azər Dadaşov, Əməkdar İncəsənət xadimləri Cəlal Abbasov, Elnarə Dadaşova, Faiq Nağıyev və Nərgiz Şəfiyeva çıxış edərək müəllimləri haqqında xatirələrini bölüşüb, zəngin yaradıcılığından bəhs ediblər. Xalq artisti Tofiq Bakıxanov Qara Qarayevin tələbələrinin fotolarından hazırlanan plakatı onun tələbələrinə təqdim edib. Tədbir konsert proqramı ilə davam edib.

*****

İyunun 14-də Azərbaycan Bəstəkarlar İttifaqında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, ədəbiyyatşünas Tərlan Quliyevlə görüş keçirilib. Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə reallaşan “Mədəniyyətimiz, mənəviyyatımız: Yaxın, uzaq tarix — Dədə Qorqud” adlı tədbirdə qurumun sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək alimin həyat və yaradıcılığından söz açıb. T.Quliyevin pedaqoji fəaliyyətindən söz açan natiq onun yaradıcılığını yüksək qiymətləndirib. Alimin son illərdə işıq üzü görmüş “Dədə Qorqud” kitabı haqqında qonaqlara məlumat verən F.Əlizadə ona yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb. Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov, BMA-nın prorektoru Gülnaz Abdullayeva və başqaları alimin yaradıcılığından söz açıb, ona pedaqoji və yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar. Tədbir diskussiya ilə davam edib.

*****

İyunun 22-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Şuşa şəhər musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyinə həsr olunan “Şuşanın sədaları” mövzusunda konsert keçirilib.

İttifaqın sədri, Xalq Artisti, bəstəkar Firəngiz Əlizadə əsrarəngiz Qarabağ torpağının dilbər guşəsi Şuşanın Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olduğunu söyləyib. Şuşada doğulub boya-başa çatan istedadlı insanların mədəniyyətimizə böyük töhfələr verdiyini bildirilib. F.Əlizadə 26 ildir ki, düşmən tapdağında əzilən bu qədim, əzəli-əbədi torpağın yenidən öz sahiblərinə qovuşacağı günün çox yaxında olduğunu bildirib, Bakıda məskunlaşmış Şuşa şəhər musiqi məktəbləri şagirdlərinin konsertinin istedadların üzə çıxmasında böyük əhəmiyyət daşıdığını deyib.

Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətullayeva Azərbaycanın mədəniyyət paytaxtlarından olan Şuşa şəhərinin işğalından və bədnam ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi faciələrdən danışıb. Bildirilib ki, dinc əhaliyə qarşı amansız vəhşiliklər törədən erməni təcavüzkarları şəhəri yerlə-yeksan edib, tarixi və mədəni abidələrini dağıdıb vandalizm aktı həyata keçirsələr də Şuşa sakinləri yenə bu qədim mədəniyyət mərkəzini bərpa edib oraya dönəcəklər.

V.Fətullayeva gənc musiqiçılərə yaradılan şərait, onlara göstərilən qayğı üçün F.Əlizadəyə təşəkkürünü bildirib və üç dildə nəşr olunan “Qarabağ” kitabını bəstəkara təqdim edib. Sonda musiqi məktəbi şagirdlərinin ifasında Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Zakir Bağırov, Süleyman Ələsgərov, Azər Rzayev, Adil Bəbirov ilə yanaşı, Qərb bəstəkarlarının əsərləri səsləndirilib. Konsert alqışlarla qarşılanıb.

*****

İyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı başlayıb. Mədəniyyət Nazirliyinin, Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, istedadlı ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər. Festivalın təntənəli açılış mərasimi “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında keçirilib.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq doqquzuncu dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.

Firəngiz Əlizadə deyib: “Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çox əlamətdar vaxtda keçirilir. 2018-ci il bir sıra yaddaqalan hadisələrlə zəngin olub. Prezident seçkiləri dövlətimizin başçısı İlham Əliyevin parlaq qələbəsi ilə nəticələnib. Ulu öndər Heydər Əliyevin 95 illiyi, dahi bəstəkar Qara Qarayevin 100 illiyi və nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi möhtəşəm tədbirlərlə qeyd olunur. Festivalın proqramında da Vətənimizin tarixində iz qoymuş, ölkəmizin siyasi, iqtisadi, ictimai həyatına təsir edən, eləcə də Azərbaycanın hər bir vətəndaşı üçün mühüm əhəmiyyətə malik olan bütün bu hadisələrin mənzərəsini əks etdirməyə çalışmışıq”.

Bəstəkarlar İttifaqının sədri bildirib ki, builki festivalın proqramı olduqca rəngarəngdir. Festival çərçivəsində təşkil ediləcək UNESCO-nun Ənənəvi musiqi üzrə Beynəlxalq Şurasının elmi simpoziumunda dünyanın 10 ölkəsindən alimlər və ekspertlər iştirak edəcəklər. Burada Şəki şəhərinin tarixi və mədəniyyəti, dünya xalqlarının folklor musiqisinin qorunub saxlanması və təbliği məsələləri müzakirə olunacaq.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, onun “festivallar şəhəri” kimi tanındığını vurğulayıb. Qeyd edib ki, hər ilin yayında keçirilən və artıq ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı Şəkinin mədəni həyatında çox böyük hadisədir və musiqisevərlərin yaddaşında gözəl xatirə kimi qalır. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət konsert proqramları, istedadlı sənətçilərin çıxışları festival iştirakçılarına xoş bayram ovqatı bəxş edir. Festival xalqımızın zəngin mədəniyyətinin, Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir.

Rəsmi hissədən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti olub. Məlumat verilib ki, kollektiv ilk dəfə 2004-cü ilin iyununda Prezident İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış edib. Həmin vaxtdan Hərbi Orkestr Dövlət Sərhəd Xidmətində, eləcə də respublikamızda keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə seçilir.

Orkestrin repertuarına müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi daxildir. Repertuarda vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına, o cümlədən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev və digər bəstəkarların əsərlərinə xüsusi yer verilir. Nümunəvi Hərbi Orkestr dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, yüksək mükafatlara layiq görülüb. Orkestrin bədii rəhbəri və dirijoru mayor Səməd Vəkilovdur. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan konsert proqramının sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.

*****

İyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı başlayıb. Mədəniyyət Nazirliyinin, Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, istedadlı ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər. Festivalın təntənəli açılış mərasimi “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında keçirilib.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq doqquzuncu dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.

Firəngiz Əlizadə deyib: “Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çox əlamətdar vaxtda keçirilir. 2018-ci il bir sıra yaddaqalan hadisələrlə zəngin olub. Prezident seçkiləri dövlətimizin başçısı İlham Əliyevin parlaq qələbəsi ilə nəticələnib. Ulu öndər Heydər Əliyevin 95 illiyi, dahi bəstəkar Qara Qarayevin 100 illiyi və nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi möhtəşəm tədbirlərlə qeyd olunur. Festivalın proqramında da Vətənimizin tarixində iz qoymuş, ölkəmizin siyasi, iqtisadi, ictimai həyatına təsir edən, eləcə də Azərbaycanın hər bir vətəndaşı üçün mühüm əhəmiyyətə malik olan bütün bu hadisələrin mənzərəsini əks etdirməyə çalışmışıq”.

Bəstəkarlar İttifaqının sədri bildirib ki, builki festivalın proqramı olduqca rəngarəngdir. Festival çərçivəsində təşkil ediləcək UNESCO-nun Ənənəvi musiqi üzrə Beynəlxalq Şurasının elmi simpoziumunda dünyanın 10 ölkəsindən alimlər və ekspertlər iştirak edəcəklər. Burada Şəki şəhərinin tarixi və mədəniyyəti, dünya xalqlarının folklor musiqisinin qorunub saxlanması və təbliği məsələləri müzakirə olunacaq.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, onun “festivallar şəhəri” kimi tanındığını vurğulayıb. Qeyd edib ki, hər ilin yayında keçirilən və artıq ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı Şəkinin mədəni həyatında çox böyük hadisədir və musiqisevərlərin yaddaşında gözəl xatirə kimi qalır. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət konsert proqramları, istedadlı sənətçilərin çıxışları festival iştirakçılarına xoş bayram ovqatı bəxş edir. Festival xalqımızın zəngin mədəniyyətinin, Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir.

Rəsmi hissədən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti olub. Məlumat verilib ki, kollektiv ilk dəfə 2004-cü ilin iyununda Prezident İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış edib. Həmin vaxtdan Hərbi Orkestr Dövlət Sərhəd Xidmətində, eləcə də respublikamızda keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə seçilir.

Orkestrin repertuarına müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi daxildir. Repertuarda vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına, o cümlədən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev və digər bəstəkarların əsərlərinə xüsusi yer verilir. Nümunəvi Hərbi Orkestr dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, yüksək mükafatlara layiq görülüb. Orkestrin bədii rəhbəri və dirijoru mayor Səməd Vəkilovdur. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan konsert proqramının sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.

*****

İyunun 28-də Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəki xan sarayının həyətində “Zirvə” instrumental ansamblı Xalq Artisti, bəstəkar Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı təqdim edib. Konsertin tamaşaçıları sırasında, həmçinin şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, festivalın qonaqları, musiqisevərlər olublar.

Konsertdən əvvəl görkəmli bəstəkarın yaradıcılığından söz açılıb. Qeyd olunub ki, yüzlərlə mahnının müəllifi olan Emin Sabitoğlunun çox gözəl musiqi duyumu var idi. O, əsərlərini həm piano arxasında, həm də pianosuz bəstələyirdi.

Tədbirdə “Zirvə” instrumental ansamblı haqqında da məlumat verilib. Qeyd olunub ki, 1972-ci ildə Şəki şəhərindəki Mirzə Fətəli Axundzadə adına mərkəzi mədəniyyət evinin nəzdində yaradılmış bu ansambl respublikanın bir çox şəhər və rayonlarında, habelə keçmiş sovet respublikalarında konsertlər verib, nüfuzlu festivalların iştirakçısı olub. “Zirvə” ansamblı 1996-cı ildə Türkiyənin Eşmə şəhərində keçirilən “Sənət və kilim” festivalında ölkəmizi layiqincə təmsil edib. Ansambl öz ifaçılıq üslubu və mədəniyyəti ilə ümumxalq məhəbbəti qazanıb. Hazırda ansambla Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbov rəhbərlik edir. Daha sonra konsert proqramı təqdim edilib. Festivalın simvolunu kollektivə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar təqdim edib.

*****

İyunun 29-da Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Marxal” istirahət kompleksinin Yay Teatrında Macarıstanın Hajdara-Herczeg Hajnalka və Hajdara Tamas rəqs duetinin çıxışı olub. Duetin çıxışından əvvəl məlumat verilib ki, Hajdara-Herczeg Hajnalka və Hajdara Tamas Macarıstanda keçirilən nüfuzlu xalq rəqs və musiqisi ifaçıları festivalının qalibidirlər. Onlar Macarıstanda “Xalq yaradıcılığının gənc sənətkarı” fəxri adına layiq görülüblər. Rəqqasları əsasən Macarıstanın xalq musiqisi sənətinin ustad təmsilçilərindən ibarət “Magos” orkestri müşayiət edir. 2008-ci ildə yaradılmış bu kollektiv əsasən Macarıstanın Transilvaniya və Dunayətrafı bölgələrində yaşayan xalqlara mənsub musiqini ifa edir. Rəqs duetinin və musiqi qrupunun ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim edilib.

*****

İyunun 29-da axşam Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Yuxarı Karvansaray” mehmanxana-kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” muğam operası açıq havada nümayiş olunub. Tamaşanın quruluşçu-rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, dirijor və xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, konsertmeysteri Əməkdar Artist Elxan Mansurovdur (tar). Tamaşada Əsli obrazını Rəvanə Əmiraslanlı, Kərəm obrazını isə Əməkdar Artist Elnur Zeynalov canlandırıblar. Muğam operada, həmçinin Dövlət Akademik Opera və Balet Teatrının xoru və solistləri iştirak ediblər. Tamaşadan əvvəl məlumat verilib ki, “Əsli və Kərəm” dahi Üzeyir Hacıbəylinin beşinci muğam operasıdır. Əsərin librettosu bəstəkarın özünə məxsusdur. Qafqazda geniş yayılmış eyniadlı Azərbaycan xalq dastanının motivləri əsasında yazılan operada əsasən muğam və aşıq musiqisindən istifadə olunub. Üzeyir Hacıbəyli operaya yeni cizgilər – dastan əlamətləri daxil edib. Tamaşaya şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, teatrsevərlər baxıblar. Sonda təşkilatçılar adından kollektivin rəhbərinə festivalın rəmzi simvolu təqdim olunub.

*****

İyunun 29-da Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının üçüncü günü “Marxal” otelinin konfrans zalında UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Simpoziumu öz işinə başlayıb. İki gün davam edəcən simpozium “Məqam/muğam ənənələri və müasir dünyada qlobal dəyişikliklər” mövzusuna həsr olunub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, beynəlxalq musiqi festivalı çərçivəsində belə bir Simpoziumun keçirilməsinə göstərdiyi dəstəyə görə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə minnətdarlığını bildirib. Qeyd olunub ki, Şəkidə ənənəyə çevrilən “İpək Yolu” festivalı müxtəlif xalqların musiqisinin təbliğində böyük rol oynayır.

Simpozium iştirakçılarının diqqətinə çatdırılıb ki, Şəki Azərbaycanın şimal-qərbində yerləşir və bu bölgənin mühüm siyasi, sosial-iqtisadi, mədəni mərkəzi hesab olunur. Şəkinin Azərbaycanın qədim mərkəzlərindən biri kimi şöhrət qazanması, həm də bu diyarda dünya və ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələrinin mövcudluğu ilə bağlıdır. Şəki şəhəri və rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş 84 arxeoloji və memarlıq abidəsi var. Onlardan Kiş alban məbədi və XVIII əsrə aid Şəki xan sarayı dünya əhəmiyyətli abidələr hesab olunur. 2012-ci ildə xan sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd edilib.

Vurğulanıb ki, bu gün Şəki şəhərinin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi ən vacib vəzifələrdən biridir. Məqsəd Şəkinin özünəməxsus memarlıq ənənələrini qorumaq və regionun turizm potensialını daha da artırmaqdır. Şəhərin tarixi hissəsində mədəni irsin qorunması, ərazidə bərpa, yenidənqurma, konservasiya, yeni tikinti, abadlıq, bədii tərtibat işlərinə nəzarətin daha da gücləndirilməsi, memarlıq nümunələrinə zərər vurulmasının qarşısının alınması məqsədilə geniş iş aparılır.

Diqqətə çatdırılıb ki, Şəki Azərbaycan elminə, mədəniyyətinə görkəmli şəxslər bəxş edib. Bu torpaq Mirzə Fətəli Axundzadənin, Sabit Rəhmanın, Fuad Əbdürəhmanovun, Bəxtiyar Vahabzadənin, Rasim Ocaqovun, Şəfiqə Axundovanın ana Vətəni hesab olunur.

Qeyd olunub ki, Şəkidə bu gün bir çox sənət sahələri qorunub saxlanılıb. 2017-ci ildə Şəki UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olub. Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi istiqamətində iş aparılır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə simpozium iştirakçılarına “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı barədə ətraflı məlumat verib. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza məxsus zəngin ənənələrin, o cümlədən muğam sənətinin təbliğ olunmasına böyük diqqət və qayğı göstərildiyini bildirən Firəngiz Əlizadə bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.

UNESCO ICTM-in vitse-prezidenti, Böyük Britaniyadan gəlmiş Razia Sultanova çıxış edərək, belə bir mötəbər tədbirdə iştirakından məmnun qaldığını bildirib. Simpoziumun birinci günü AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın “Qarabağ xanəndəsi Cabbar Qaryağdıoğlunun yaradıcılığında innovasiyalar”, UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının “Maqam” elmi-tədqiqat qrupunun sədri, Özbəkistandan gəlmiş Aleksandr Cumayevin “Maqomat sənəti çağdaş Özbəkistan və Tacikistan şəraitində: itkilər və dəyişikliklər, konsepsiyalar və axtarışlar”, Ankara Musiqi Universitetindən Okan Murat Öztürkün “Maqam konsepsiyasına Qərb-mərkəzli yanaşmanın tənqidi” və digər mövzularda məruzələr dinlənilib.

*****

İyunun 30-da Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının dördüncü günü, iyunun 30-da axşam səhnəyə Qazaxıstanın Atırau Dövlət Filarmoniyasının “Murager” mahnı və rəqs ansamblı çıxıb. “Marxal” istirahət kompleksinin Yay Teatrında keçirilən konserti festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar və şəkili musiqisevərlər izləyiblər.

“Murager” ansamblı 2004-ci ildə Qazaxıstanın Atırau şəhərindəki M.Utemisov adına Dram Teatrının nəzdində yaranıb. Ansambl 2006-cı ildən Atırau Dövlət Filarmoniyasında Erjan Kitarovun bədii rəhbərliyi ilə fəaliyyət göstərir. Geniş qastrol coğrafiyasına malik olan “Murager” bir çox beynəlxalq və respublika səviyyəli müsabiqələrin laureatıdır. İsrail, Hindistan, Misir, Türkiyə, Qətər, Portuqaliyada keçirilən beynəlxalq festivallarda uğurla çıxış edən ansamblın repertuarına qazax xalq mahnıları ilə yanaşı, yerli və xarici bəstəkarların əsərləri də daxildir. Kollektivi fərqləndirən xüsusiyyətlərindən biri folklor nümunələrini müasir interpretasiyada təqdim etməsi və gənclərdə qədim qazax musiqisinə maraq oyatmasıdır.

“Murager” ansamblının Şəkidə təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertin sonunda kollektivə festivalın rəmzi simvolu təqdim edilib.

*****

İyunun 30-da Şəkidə davam edən “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 30-da axşam saatlarında musiqisevərlərə Rusiyadan gəlmiş “Sib-Duo” bayan ifaçıları ansamblının konserti təqdim olunub. Təbiət qoynunda füsunkar bir guşədə, Marxal gölünün ətrafında təşkil olunan konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, musiqisevərlər, həmçinin “Marxal” istirahət kompleksində dincələn yerli və xarici qonaqlar iştirak ediblər. Konsertin əvvəlində məlumat verilib ki, Rusiyanın uzaq Sibir bölgəsindən gəlmiş bayan ifaçıları Aleksandr Sirotkin və Andrey Bityutskix bir çox beynəlxalq müsabiqələrin laureatlarıdır. Xarakter cəhətdən tam fərqli olsalar da, onları birləşdirən musiqiyə məhəbbət və ifalarındakı yüksək peşəkarlıqdır. Yeni rənglər və musiqi çalarları, repertuarın genişləndirilməsi, parlaq musiqi obrazlarının yaradılması üçün axtarışlar bu ansamblın yaradıcı amalıdır. Ansamblın repertuarına dünya bəstəkarlarının əsərləri, xalq melodiyaları, rus klassik, müasir estrada və caz musiqisi daxildir. Ansambl rus xalq çalğı alətləri, simfonik orkestr, kamera instrumental tərkibli kollektivlər və solistlərlə əməkdaşlıq edir. Bu istedadlı, xarizmatik, enerjili və virtuoz musiqiçilərin hər bir konserti tamaşaçıların qəlbində səmimi heyranlıq tapır. Bayan ifaçıları Aleksandr Sirotkin və Andrey Bityutskixin ifa etdikləri ruh oxşayan musiqi nömrələri musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Sonda təşkilatçılar adından musiqi qrupuna festivalın rəmzi simvolu təqdim olunub.

*****

İyunun 30 da Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Simpoziumu iyunun 30-da öz işini başa çatdırıb. Simpoziumun ikinci günü Özbəkistan Elmlər Akademiyasının Elmi-tədqiqat İncəsənət İnstitutunun əməkdaşı Dilorom Karomat “Hindistan musiqi mədəniyyətində Maqam və Raqa arasındakı qarşılıqla əlaqə haqqında”, Yunanıstanın Epirus Texnologiya İnstitutunun Ənənəvi musiqi fakültəsinin əməkdaşı, ICTM-in üzvü Markos Skoulios “Osmanlı-Türk maqamının və Hindistan Raqa modal sistemlərinin müqayisəsi”, Rusiyanın Dövlət Elmi Tədqiqat İncəsənət İnstitutunun əməkdaşı Gültəkin Şamilli “Dəstgahı necə qorumaq olar? Təcrübənin və nəzəriyyənin tədqiqi” mövzularında məruzələr ediblər. Simpoziumda, həmçinin azərbaycanlı alim, AMEA Memarlıq və İncəsənət İnstitutunun təmsilçisi Sürayə Ağayevanın “Muğamat/maqamat sənəti müsəlman Şərq alimlərinin tədqiqatlarında” mövzusunda məruzəsi dinlənilib. Diskussiya şəraitində keçən müzakirələrdən sonra simpozium iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

*****

İyunun 1-də Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının sonuncu günündə, günorta saatlarında tamaşaçılar Türkiyənin Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə festivalda iştirak edən TRT-nin Ankara və İstanbul Radiosunun solist və ansamblının konsertini izləyiblər. Şəki xanlarının sarayının həyətində təşkil edilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər, həmçinin Şəki ilə qardaşlaşmış Türkiyənin Konya şəhər Meram bələdiyyəsinin nümayəndə heyəti iştirak ediblər. Ansamblın solisti İmran Koçun türk və Azərbaycan dillərində ifa etdiyi xalq mahnılarından ibarət musiqi çələngi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə müğənni bağlama musiqi alətində Cumali Kalkan və Okyay Kosegil, kamanda Cafer Nazlıbaş, ritm alətində Cemal Kablan tərəfindən müşayiət olunub. Konsertin sonunda təşkilatçılar adından kollektivə festivalın rəmzi simvolu təqdim edilib.

*****

İyulun 1-də “Marxal” istirahət kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının ftəntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. TÜRKSOY-un yaradılmasının 25 illiyinə həsr olunan tədbirdə bu beynəlxalq təşkilata üzv ölkələrdən olan solistlərin iştirakı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qazaxıstanın Atırau Dövlət Filarmoniyasının “Murager” mahnı və rəqs ansamblı birgə konsert proqramı ilə çıxış edib.

Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Ağaverdi Paşayevdir. Məlumat verilib ki, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının nəzdində yaradılıb. Kollektiv bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxış edib, beynəlxalq festivallarda uğurlar qazanıb. Orkestr 2004, 2005 və 2010-cu illərdə Tehranda keçirilən ənənəvi “Fəcr” beynəlxalq musiqi festivalında “Qızıl Cəng” mükafatına layiq görülüb.

Konsertdə orkestrin solistlərinin, həmçinin Rusiya Federasiyasının Başqırdıstan və Tuva respublikalarından Azat Bikçurin və Borbak-Ool Salçak, Qırğızıstan Respublikasından Aynur Berdikulova, Türkiyədən Çiğdem Gürdal, Özbəkistandan Alişer və Gavhar Otajonovların təqdim etdiyi musiqi nömrələri, xalq mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək, Azərbaycanın qədim diyarı olan Şəkidə daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin, həmçinin festivalın bağlanış konsertinin təşkilinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Xalq Artisti Ağaverdi Paşayevə festivalın rəmzi simvolu və xatirə hədiyyəsi təqdim olunub.

Sonra Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının təsis etdiyi Üzeyir Hacıbəyli xatirə medalını Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova və TÜRKSOY-un baş katibi Düsen Kaseinova təqdim edib. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını ifadə edib. TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının Türk dünyasında keçirilən ən önəmli festivallardan biri olduğunu vurğulayıb.

Festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, festivalın televiziya yayımının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin çəkiliş qrupu, həmçinin festival çərçivəsində keçirilən tədbirlərin operativ işıqlandırılmasını təmin etdiyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyi — AZƏRTAC xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

*****

Məlum oduğu kimi, Nyu Yorkun məşhur Müasir İncəsənət Muzeyi “MoMA” 1971-ci ildən etibarən ənənəvi “Summergarden” Musiqi Festivalını keçirir. Muzeyin heykəllərlə bəzədilən bağında, açıq havada klassik və caz konsertləri təşkil olunur. “Nyu-Yorkda yeni musiqi” şüarı altında keçirilən hər konsertdə müasir musiqi janrında yeni premyeralar ifa olunur.

Bir maraqlı məqamı da qeyd edək ki, Coel Saksın rəhbərlik etdiyi dünyanın məşhur musiqi məktəbi olan “Julliard-school” ən istedadlı məzunlar müxtəlif ansambllara cəlb olunurlar. “Julliard” ansamblın məzunlarından olan, bir sıra beynəlxalq müsabiqələrin laureatları Sumire Hirotsuru, Bunqçan Li (skripkalar), Yoselin Pan (alt), İzabel Kvondan (violonçel) “Ansoniya” kvarteti yaradblar. Bu kvartet əsasən müasir musqinin ən məşhur nümayəndələrinin böyük dinləyici sevgisini qazanmış əsərlərini öz repertaurlarına daxil edir. Sevindirici məqamdır ki, bu dəfəki festivalda iyulun 22-də baş tutan konsertdə “Ansoniya” kvarteti xalq artisti Firəngiz Əlizadənin “Oazis” simli kvartetini ifa edib. Əsər konsert iştirakçılarının böyük rəgbətini qazanaraq sürəkli alqışlarla müşayət olunub. “Ansoniya” kvarteti hazırda “Oazis” kvartetinin də daxil edildiyi repertuarla ABŞ-ın müxtəlif şəhərlərində konsertlərlə çıxış edir.

Məlumat üçün bildirək ki, 1998-ci ildə bəstələnən və ilk dəfə Qlazqo şəhərində səsləndirilmiş “Oazis” əsəri San-Fransiskonun “Kronos” kvartetinin (ABŞ) sifarişi ilə yazılıb və dünyanın müxtəlif mötəbər salonlarında uğurla ifa olunub. Konsertdə həmçinin amerikalı bəstəkar Con Vulrixin, çinli Ley Lyanın, o cümlədən latın-amerika müasir musiqi janrının görkəmli nümayəndəsi — Venesuela bəstəkarı Pol Desenin əsərləri də festival iştirakçılarına təqdim olunub. Festivalın bukletində Azərbaycanın xalq artisti Firəngiz Əlizadənin həyat və yaradıcılığı, o cümlədən “Oazis” əsəri haqqında geniş məlumat verilib. Həmçinin «New-York-MoMA» qəzetində də F.Əlizadənin “Oazis” simli-kvarteti barədə böyük məqalə dərc edilib.

“Firəngiz Əlizadə kimi görkəmli bəstəkarın yaradıcılığı Hillari Hahn, Yo-Yo Ma kimi meqa-ulduzlar , “Berliner Philharmoniker” və “Royal Concertgebouw Orkestr” kimi dünyanın məşhur musiqi kollektivlərinin repertuarlarında öz əksini tapıb. Sevindirici haldır ki, Azərbaycan bəstəkarının musiqisinə — Şərq və Qərbin sintezini təcəssüm etdirən parlaq və qeyri-adi musiqilər dünyasına müraciət edən gənc musiqişilər ildən-ilə çoxalır “-, deyə «New York-MoMA» qəzetinin müxbiri Alice Kravitz.

*****

Sentyabrın 21-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Bəstəkarlar İttifaqının İdarə Heyəti ilə görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə AYB-in sədri Xalq yazıçısı Anarın Azərbaycan ədəbiyyatında müstəsna xidmətlərindən danışıb, həmçinin onun musiqi tariximizdə önəmli işlərindən bəhs edib. Xalq yazıçısının ssenarisi və quruluşçu rejissorluğu ilə lenta alınan «Üzeyir ömrü və ya uzun ömrün akkordları» bədii-sənədli filminə toxunan Firəngiz xanım bildirib ki, Azərbaycan kinematoqrafiyasında dahi Üzeyir bəyin bədii obrazı ilk dəfə onun təşəbbüsü ilə ekranlara çıxıb.

“Anar müəllimin çəkdiyi “Böyük ömrün akkordları” filminə qədər dahi Üzeyir bəyi portiretlərdə və rəsm əsərlərində görmüşük. Lakin ilk dəfə onun işıqlı simasını, obrazını bu filmdə seyr etdik. Bu film həqiqətən də çox lazımlı və əvəzolunmazdır. Ekran əsəri Üzeyir bəyin yaradıcılığına böyük ehtiramın göstəricisidir. Həmçinin hörmətli Anar müəllim Üzeyir bəy haqqında çoxsaylı məqalələrin və çıxışların müəllifidir. Bu səbəbdən biz — Bəstəkarlar İttifaqı olaraq yeni təsis etdiyimiz “Üzeyir Hacıbəyli” medalının böyük yazıçımız Anara verilməsi barədə qərar qəbul etdik”.

Daha sonra Firəngiz xanım “Üzeyir Hacıbəyli” medalını AYB sədrinə təqdim edib. Göstərdiyi diqqətə görə Bəstəkarlar İttifaqına, xüsusən Firəngiz Əlizadəyə təşəkkürünü bildirən Anar bu mükafatın onun üçün böyük önəm daşıdığını vurğulayıb. “Mən hər hansı bir əsəri yazanda və ya filmi çəkəndə onun nə vaxtsa mükafata layiq görüləcəyini düşünməmişəm. Ona görə də belə sürprizlər mənə ikiqat sevinc bəxş edir. Bu mükafatı F.Əlizadə kimi dünya şöhrətli bəstəkar, xüsusən ölkəmizdə bu günlərdə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edirsə, bu sevincin ölçüsü daha da artır. Ü.Hacıbəyli bəstəkar, musiqiçi olması ilə yanaşı, həm də görkəmli yazıçı, qələm əhli idi. Bir Azərbaycan yazıçısı, dramaturqu və rejissoru kimi onun haqqında film çəkmək mənim üçün mənəvi borc idi. Filmin Azərbaycanda sevilməsi məni xoşbəxt edir”, — deyə Xalq yazıçısı bildirib. Görüşdə AYB-in katibləri Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı Çingiz Abdullayev, sədrin müavini Nazim İbrahimov, həmçinin Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov və digərləri çıxış edərək Anarı bu mükafat münasibəti ilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

*****

Sentyabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans keçirildi. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək 2009-cu ildən başlayaraq dahi Üzeyir bəyə həsr olunan beynəlxalq festivalın keçirilməsinin əhəmiyyətindən danışdı. Vurğuladı ki, mədəniyyətimizin bayramına çevrilən bu festival eyni zamanda dünyanın görkəmli musiqiçilərini də ölkəmizdə bir araya gətirir. Diqqətə çatdırıldı ki, Azərbaycan Bəstəkarlar İttifaqı ənənəvi olaraq bu musiqi bayramının təşkilində yaxından iştirak edir.

F.Əlizadə onu da bildirdi ki, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olublar. Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinədir. Buna görə də onun əsərlərinin əhatə coğrafiyası gündən-günə genişlənir. Yeni-yeni tədqiqatlar aparılır və bu iş hər zaman aktual olaraq qalacaq.

Ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini də vurğulayan F.Əlizadə dedi: “Üzeyir Hacıbəyli dövrünün tanınmış ziyalısı və ictimai xadimi kimi Xalq Cümhuriyyətinin yaranmasında, onun fəaliyyəti illərində əvəzsiz xidmətlər göstərib. Bəstəkarlar İttifaqında reallaşan elmi konfransda Üzeyir bəyin bu istiqamətdə gördüyü işlərdən bəhs olunacaq”.

Tədbirdə daha sonra Bəstəkarlar İttifaqının katibləri – əməkdar incəsənət xadimləri Zemfira Qafarova “Azərbaycan bəstəkarlarının opera yaradıcılığında “Koroğlu” operasının ənənələri”, Sərdar Fərəcov “Üzeyir Hacıbəylinin əsərlərinə edilən təcavüzlər”, musiqişünaslar Səadət Qarabağlı “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti”, Raya Abbasova “Leyli və Məcnun” operası Bakı Marionet Teatrının quruluşunda”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabova “Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin milli musiqişünaslığın inkişafında rolu” və Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın “Üzeyir Hacıbəylinin təhsil dövründə cümhuriyyət ideyalarının təşəkkülü” mövzusunda məruzələri dinlənildi.

*****

Sentyabrın 25-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında Şuşa şəhər musiqi məktəblərinin iştirakı ilə “Şuşanın sədaları” adlı konsert olub. Tədbiri Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, Əməkdar artist Teymur Məmmədov açaraq Ü. Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində respublikanın hər bir bölgəsində keçirilən “Üzeyir musiqi bayramı”ndan danışıb. “Bu gün Ulu öndər Heydər Əliyev ənənələri böyük məhəbbətlə yaşadılır. Dahi bəstəkar Üzeyir Hacıbəyliyə göstərilən bu hörmət, Azərbaycan musiqisinə verilən dəyərdir. Respublikamızın musiqi ictimaiyyətinin böyük məhəbbətlə keçirdiyi musiqi bayramına Şuşa şəhər musiqi məktəblərinin şagirdləri də qoşulub”-, deyə əməkdar artist əlavə edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək “Milli musiqi günü”nün əhəmiyyətindən danışaraq qeyd edib ki, bu gün müqəddəs gündür və respublikamızın bütün kənd, qəsəbə və şəhərlərində musiqi bayramı keçirilir. “Artıq bu gün Beynəlxalq status alıbdır. Biz bu festivalın gözəl günlərini yaşamışıq. Hər gün 2-3 tədbirimiz olur. Elə bu gün Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir bəyə həsr etdiyimiz çox gözəl bir konfransımız oldu. Çünki Üzeyir tükənməz bir xəzinədir . İndi də bu gözəl salonda “Şuşanın sədaları” konserti keçirilir… Qoy şuşalı uşaqların səsi daim yüksəkliklərdən gəlsin. Biz onları alqışlayırıq. Bu arzu ilə də yaşayaq. Onların səsi Şuşadan, Cıdır düzündən gəlsin”,- deyə Xalq artisti vurğulayıb.

Daha sonra tədbirin bədii hissəsi tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun ”Cümhuriyyət marşı” əsərinin ifası ilə başlanılıb. Qeyd edək ki, Təranə Yusifovanın idarəsi, əməkdar artist İlham Nəcəfonun zurnada müşayəti ilə Xor kollektivinin ifa etdiyi bu əsər ilk dəfə səsləndirilirdi və dinləyicilərin böyük rəğbəti və alqışları ilə qarşılandı.

Konsertdə Şuşa Humanitar Kollecinin tələbələri, həmçinin Şuşa Malıbəyli kənd Musiqi məktəbi, Bülbülcan adına musiqi məktəbi, Şuşa İncəsənət məktəbi şagirdləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Şuşa İncəsənət Məktəbinin “Təbəssüm” rəqs qrupu gözəl rəqs nömrələri ilə konsertə rəngarənglik qatıb. Konsert “Qarabağ şikəstəsi”nin ifası ilə başa çatıb. Tədbirin sonunda Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək başda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə olmaqla tədbir iştirakçılarını “Üzeyir musiqi bayramı” münasibətilə təbrik edib və hamıya öz dərin təşəkkürünü bildirib.

*****

Məlum olduğu kimi, Andrey Petrov Fondunun və Sankt-Peterburq Şəhər Mədəniyyət Komitəsi təşkilatçılığı ilə 1994-cü ildən başlayaraq, hər iki ildən bir Rusiyanın şimal paytaxtı -C. Sankt-Peterburqda bəstəkarlar arasında simfonik orkestr üçün ən yaxşı əsər üzrə müsabiqə keçirilir. Bu il Andrey Petrov adına Bəstəkarların XII Beynəlxalq müsabiqəsinin final gecəsi oktyabrın 15-də Şostakoviç adına Sankt-Peterburq Dövlət Filarmoniyasının Böyük Salonunda təşkil olunub. Bu mərhələdə müsabiqəyə təqdim edilmiş 107 əsərdən 6-ı səsləndirilib. Əsərləri Rusiyanın Əməkdar artisti, professor Aleksandr Titovun rəhbərliyi etdiyi Sankt-Peterburq Akademik Simfonik Orkestri ifa edib.

Qeyd edək ki, ötən illər ərzində müsabiqənin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənərək, ümumrusiya səviyyəsindən qalxaraq beynəlxalq status alıb. Rusiyalı müəlliflərlə yanaşı bu il Fransa, Çexiya, Amerika, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarusdan olan bəstəkarların müsaiqəyə qatılması bunu bir daha sübut edir.

Bu barədə müsabiqənin Təşkilat Komitəsindən Jürinin sədri, dünya şöhrətli bəstəkar və musiqi sahəsində beynəlxalq ekspert, professor Frangiz Əlizadənin ünvanına göndərilmiş təşəkkür məktubunda da qeyd olunub: «Yüksək peşəkarlığınız, istedadınız, xoş niyyətiniz və musiqiyə sədaqətiniz sayəsində bizim müsabiqənin arealı ildən- ilə genişlənərək daha çox iştirakçı və azarkeşi özünə cəlb edir». Sevindirici haldır ki, F. Əlizadə artiq üçüncü dəfədir, Sankt-Peterburqda keçirilən bu nüfuzlu müsabiqənin A.Knayfel, A.Desyatnikov, P.Karmanov, F.Lednev, N.Xruşşeva, Dm.Yanov-Yanovski kimi tanınmış musiqiçilərdən təşkil olunan münsiflər heyətinə rəhbərlik edir.

Final mərhələsinin konsertindən sonra çıxış edən münsiflər heyətinin sədri F.Əlizadə Rusiya və Azərbaycanın bəstəkarlıq məktəblərinin dərin köklərə malik möhkəm yaradıcılıq əlaqələrindən bəhs edib. Daha sonra F. Əlizadə səslənmiş əsərlər haqqında da danışaraq gənc bəstəkarlara yeni-yeni yaradıcılıq uğurlar və axtarışlar arzulayıb. Bağlanış gecəsinin sonunda qaliblər elan edilib və müsabiqənin laureatlarına mükafatlar təqdim olunub. Birinci və ikinci yerlərə amerikalı bəstəkarlar — Nina Sinyakova və Yevgeny Birman layiq görülüblər. Üçüncü yer isə Moskva bəstəkarı Alina Podzorovaya verilib.

Həmçinin finala vəsiqə qazanan bəstəkarlar — Ayaz Qəmbərliyə (Azərbaycan), İvan Aleksandrova (Sankt-Peterburq) və Roman Tsypyshevə (Yekaterinburq) müsabiqənin diplomaları təqdim edilib. Bundan əlavə, “Tamaşaçı simpatiyası” mükafatı isə «Qış səhnələri» adlı əsərinə görə I.Aleksandrova verilib. Rusiyanın «Kultura» kanalında konsertdən kadrlar və həmçinin F. Əlizadənin geniş müsahibəsi yayımlanıb. Qeyd edək ki, Firəngiz Əlizadə Avropa və Amerikada bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin Münsiflər Heyətinin və Bədii Şuralarının üzvüdür.

Nadejda Kuzina
S. Peterburq.

*****

Oktyabrın 15-də Şostakoviç adına Sankt-Peterburq Dövlət Filarmoniyasının böyük salonunda Andrey Petrov adına Bəstəkarların XII Beynəlxalq müsabiqəsinin final gecəsi təşkil olunub.

Bu mərhələdə müsabiqəyə təqdim edilmiş 107 əsərdən 6-sı səsləndirilib. Əsərləri Rusiyanın Əməkdar artisti, professor Aleksandr Titovun rəhbərliyi etdiyi Sankt-Peterburq Akademik Simfonik Orkestri ifa edib.

Qeyd edək ki, ötən illər ərzində müsabiqənin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənərək, ümumrusiya səviyyəsindən qalxaraq beynəlxalq status alıb. Rusiyalı müəlliflərlə yanaşı, bu il Fransa, Çexiya, ABŞ, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Belarusdan olan bəstəkarların müsabiqəyə qatılması bunu bir daha sübut edir.

Bu barədə müsabiqənin Təşkilat Komitəsindən münsiflər heyətinin sədri, dünya şöhrətli bəstəkar və musiqi sahəsində beynəlxalq ekspert, professor Firəngiz Əlizadənin ünvanına göndərilmiş təşəkkür məktubunda da qeyd olunub: “Yüksək peşəkarlığınız, istedadınız, xoş niyyətiniz və musiqiyə sədaqətiniz sayəsində bizim müsabiqənin arealı ildən-ilə genişlənərək daha çox iştirakçı və azarkeşi özünə cəlb edir”.

Sevindirici haldır ki, F.Əlizadə artiq üçüncü dəfədir, Sankt-Peterburqda keçirilən bu nüfuzlu müsabiqənin A.Knayfel, A.Desyatnikov, P.Karmanov, F.Lednev, N.Xruşşeva, Dm.Yanov-Yanovski kimi tanınmış musiqiçilərdən təşkil olunan münsiflər heyətinə rəhbərlik edir.

Final mərhələsinin konsertindən sonra çıxış edən münsiflər heyətinin sədri F.Əlizadə Rusiya və Azərbaycanın bəstəkarlıq məktəblərinin dərin köklərə malik möhkəm yaradıcılıq əlaqələrindən bəhs edib. Daha sonra F.Əlizadə səslənmiş əsərlər haqqında da danışaraq gənc bəstəkarlara yeni-yeni yaradıcılıq uğurlar və axtarışlar arzulayıb.

Bağlanış gecəsinin sonunda qaliblər elan edilib və müsabiqənin laureatlarına mükafatlar təqdim olunub. Birinci və ikinci yerlərə amerikalı bəstəkarlar — Nina Sinyakova və Yevgeny Birman layiq görülüblər. Üçüncü yer isə rusiyalı bəstəkar Alina Podzorovaya verilib.

Həmçinin finala vəsiqə qazanan bəstəkarlar — Ayaz Qəmbərliyə (Azərbaycan), İvan Aleksandrova (Sankt-Peterburq) və Roman Tsypyshevə (Yekaterinburq) müsabiqənin diplomları təqdim edilib. Bundan əlavə, “Tamaşaçı simpatiyası” mükafatı isə «Qış səhnələri» adlı əsərinə görə I.Aleksandrova verilib.

Rusiyanın “Kultura” kanalında konsertdən kadrlar və həmçinin F. Əlizadənin geniş müsahibəsi yayımlanıb. Qeyd edək ki, Firəngiz Əlizadə Avropa və Amerikada bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin münsiflər heyətinin və bədii şuralarının üzvüdür.

********

Oktyabrın 18-də Azərbaycan Bəstəkarlar İttifaqında “Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının yaradıcılığı” adlı elmi-praktiki konfrans keçirilib.

Müstəqillik Gününün 27-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edildi. İctimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı. O vaxtdan bu günədək digər sahələrdə olduğu kimi mədəniyyət, incəsənət sahəsində də canlanma müşayiət edilir.

F.Əlizadə çıxışı zamanı milli musiqimizin təbliğı sahəsində Azərbaycan bəstəkarlarının fəaliyyəti, musiqi dəyərlərimizin qorunması və inkişafı ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Konfransda Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov, Həcər Babayeva, professor Cəmilə Həsənova, Natalya Dadaşova, Həcər Babayeva, Aliyə Məmmədova, Xanlar Novruzov və başqalarının məruzələri dinlənilib.

********

Oktyabrın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” musiqili tamaşası nümayiş olunub. Səhnə əsəri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təqdim edilib.

Klassik və milli Azərbaycan alətlərində ifaların yer aldığı tamaşada Nəsiminin muğam ustası tərəfindən səsləndirilən ən məşhur şeirləri şairin insana, onun qüdrətinə və gözəlliyinə olan sevgisini nümayiş etdirib. Nəsimi obrazı səhnəyə çıxır, bir-birinə qarşı çıxan qaranlıq qüvvələrlə əhatə olunur. Bu qüvvələrin arasında qeyri-bərabər döyüş baş verir və şairin amansız edamı ilə başa çatır. Bütün bu rəngarəng obrazlar və duyğular səhnədə musiqi və rəqsin dili ilə təcəssüm olunur.

Xoreoqrafı Nailə Məmmədzadə olan tamaşada Nəsimi obrazını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb. Bundan başqa, tamaşada Xalq artisti Teyyub Aslanov xanəndə kimi çıxış edib.

Ustalıqla təqdim olunan səhnə əsəri maraqla qarşılanıb. Xatırladaq ki, tamaşa ilk dəfə ötən il mayın 18-də Parisdə, UNESCO-nun baş qərargahında, Azərbaycan şairi Nəsiminin edamının 600 illiyinə həsr olunan tədbirdə nümayiş etdirilib.

********

Noyabrin 2-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov açaraq görkəmli bəstəkarın ömür yolundan, zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, 1918-ci ildə Dərbənddə dünyaya göz açan Hacı Xanməmmədov 1952-ci ildə Qara Qarayevin bəstəkarlıq sinfini bitirib. Onu diplom işi tar və orkestr üçün konsert olub. Tar konserti bəstəkarın yaradıcılığında əsas xətti təşkil edib və ömür boyu beş tar konsert yazıb. Bu konsertləri hər biri sevilə-sevilə tanınmış ifaçılarımız tərəfindən ifa olunub. O, həmçinin kamança və orkestr üçün konsertin ilk müəllifidir. Hacı müəllimin yaradıcılığının əsas hissəsini xalq çalğı alətləri üçün əsərlər təşkil edib. Onun orkestr üçün “Azərbaycan eskizləri”, “Bayram” süitaları, bir neçə rəqs, orkestrin müşayiəti ilə səslənən bütün mahnılarını qeyd edə bilərik. Xüsusilə, H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun “Azərbaycan eskizləri” süitasında və “Simfoniyetta”da bariz nəticəsini verib.

H.Xanməmmədovun həm də gözəl mahnılar müəllifi olduğunu söyləyən natiq deyib ki, onun 100-dən çox mahnısı tanınmış müğənnilərimizin repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini görkəmli şairlərin şeirləri təşkil edir. Xüsusilə, bəstəkarın lirik mahnıları xalqımız arasında geniş yayılıb. Bu baxımdan “Yaşa könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və s. gözəl örnəklərdir.

Bəstəkarlar İttifaqının katibi diqqətə çatdırıb ki, H.Xanməmmədov görkəmli bəstəkar, dirijor olduğu kimi, eyni zamanda təcrübəli pedaqoq idi. Onun professional musiqi kadrlarının tərbiyəsində mühüm xidməti olub. O, qırx ildən artıq bir dövrdə Bakı Musiqi Texnikumunda dərs deyib, 1957-ci ildən isə indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb. O, “Xalq çalğı alətləri” kafedrasının dirijorluq üzrə professoru, son illərdə isə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının məsləhətçisi idi.

Diqqətə çatdırılıb ki, Hacı müəllim müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışmış, bir bəstəkar və ictimai xadim kimi çox faydalı işlər görüb. Bu fədakar sənətkarın xidmətləri layiqincə qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, “Şöhrət” ordeninə layiq görülüb. Tədbir bəstəkarın yaradıcılığına həsr olunan məruzələrin dinlənilməsi ilə davam edib.

*****

Noyabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan Tofiq Quliyev adına I “Estrada mahnısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Qeyd edək ki, sözü gedən müsabiqə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının dəstəyi ilə reallaşıb.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək müsabiqənin əhəmiyyətindən söhbət açıb. Müsabiqəninə ötən ilin dekabrın 8-də elan edildiyini bildirən F.Əlizadə əsas məqsədin unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək müasir estrada mahnı janrında öz melodik zənginliyi, musiqi və mətnlərin vəhdəti, forma mükəmməlliyi, mətn mövzusunun diqqətli seçimi, mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıları aşkar etmək olduğunu qeyd edib. Onun sözlərinə görə, müsabiqənin seçim turuna ümumilikdə 57 peşəkar və həvəskar bəstəkar tərəfindən 87 mahnı təqdim edilib. Şərtlərə görə müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni mahnılar təqdim edilib. Mahnılar vokal ilə müxtəlif tərkibli instrumental ansambllar və ya estrada orkestri üçün nəzərdə tutulub. Bu ilin mart, aprel aylarında müsabiqənin seçim turları keçirilib, oktyabrın 22-də isə qaliblər müəyyənləşib.

Qeyd edilib ki, müsabiqəyə təqdim olunan əsərlər Xalq artisti Firəngiz Əlizadənin rəhbərlik etdiyi, əfsanəvi “Qaya” İnstrumental Vokal ansamblının rəhbəri Xalq srtisti Rauf Babayev, əməkdar artistlər Gövhər Həsənzadə və Vüqar Camalzadədən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Sonra qaliblər diplomlarla mükafatlandırılıblar. Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq tanınmış bəstəkarlar Rəna Qədimova, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və İlahə İsrafilova layiq görülüb. Bəstəkarlar İttifaqının üzvləri Zabitə Məmmədova, Yalçın Məlikov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Lalə Əhmədovaya isə həvəsləndirici mükafatlar təqdim edilib. Qeyd edək ki, Tofiq Quliyev adına I “Estrada mahnısı” müsabiqəsinin qaliblərinin qala-konserti bu gün saat 19.00-da Heydər Əliyev Sarayında olacaq.

*****

Noyabrın 13-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda görkəmli bəstəkar, Xalq artisti, Ü.Hacıbəyli Mükafatı laureatı, professor Tofiq Bakıxanovun mərhum bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlovun və tanınmış müğənni, Əməkdar incəsənət xadimi Rauf Adıgözəlovun xatirəsinə həsr etdiyi müəllif-konserti olub. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Xalq artisti Tofiq Bakıxanov çıxış edərək tanınmış muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olan hər iki sənətkarın ömür yoluna nəzər salıb, musiqi tariximizə verdiyi töhfələrdən danışıblar.

Bildirilib ki, bu gün Azərbaycan bəstəkarlıq məktəbinin yüksək nailiyyətlərindən danışarkən, ilk növbədə, sevimli bəstəkarımız Vasif Adıgözəlov yada düşür. Onun zəngin yaradıcılığı və yaratdığı yeni əsərlər buna parlaq misaldır. Vasif Adıgözəlovun gözəl, ürəyəyatan əsərlərini peşəkar musiqiçilər də, geniş kütlələr də sevir. Bu musiqiyə səciyyəvi olan dərin mənəviyyat, xəlqilik, incə və zərif melodiya insanı nəcibləşdirir, onun estetik hisslərinin inkişafına səmərəli təsir edir. Dahi Qara Qarayev məktəbinin zəngin ənənələrini və novatorluq prinsiplərini ən yüksək səviyyədə inkişaf etdirərək, V.Adıgözəlov öz yolunu müəyyənləşdirmiş, musiqidə öz dəstxətini tapmışdır. Onun tələbəlik illərində yazdığı əsərləri bu gün də öz dəyərini itirməyib, ifaçılarımızın konsert repertuarında, televiziya və radioda səslənir.

Diqqətə çatdırılıb ki, V.Adıgözəlov Azərbaycan musiqisini XX əsrin ən önəmli nailiyyətləri ilə maraqlı sintez yoluna istiqamətləndirməyə müvəffəq olub. Natiqlər qeyd ediblər ki, V.Adıgözəlov kimi Rauf Adıgözəlov da uşaqlıqdan musiqiyə həvəs göstərib. Bu həvəslə o, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Həmin ildə gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak edib. Təhsilini daha da mükəmməlləşdirmək üçün Moskva Dövlət Konservatoriyasını da bitirib. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışıb.

Məlahətli səsə malik olan Rauf Adıgözəlov, mahnı janrının inkişafında da öz xidmətlərini əsirgəməyib. O, həm orkestrdə çalışıb, kamera ansamblında işləyib, digər tərəfdən bəstəkar mahnıları və romansları da skripka ilə ifa edib. R.Adıgözəlov klassik və müasir bəstəkarların əsərlərini özünəməxsus zərifliklə səsləndirib. Rauf Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasında gənc kadrların yetişməsində də böyük kömək göstərib. O, burada dosentlikdən professora qədər yüksəlib. Qeyd edilib ki, daha çox vokal və skripka ifaçısı kimi məşhur olan Rauf Adıgözəlov müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edib. Tədbirdə BMA-nın professorları Məleykə Əhədzadə (violin) və Beynəlxalq müsabiqələr laureatı Fəridə Əhmədbəyova (piano) Vasif və Rauf Adıgözəlov qardaşlarına ithaf olunmuş Violin və piano üçün “Xatirə — Sonata” № 11 və “Xatirə — Sonata” № 12, həmçinin Beynəlxalq müsabiqələr laureatı, BMA-nın professoru Maya Sadıx-zadə isə “Piano üçün 3 Prelüd” əsərlərini ifa ediblər.

*****

Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nailə Mehdiyevanın rus dilində işıq üzü görən “Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı olub. Kitab dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə çap edilib. Təqdimat mərasimində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığından, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən danışıb. Qeyd edib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən bəstəkarlardandır.

Qara Qarayev yaradıcılığının böyük məktəb olduğunu vurğulayan F.Əlizadə dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən söhbət açıb: “Qara Qarayevin həyat və fəaliyyəti bizim üçün örnəkdir. Onun yüksək insani keyfiyyətləri, yaradıcılıq istedadı musiqimizin gələcəyinə işıq tutub. Bütün həyatı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, bizim muğamlarımızı, aşıq sənətimizi də dərindən öyrənib, bu haqda məqalələr yazıb. Biz Qara Qarayevin tələbələri olaraq onun qoyduğu şərəfli missiyanı davam etdirməyə çalışırıq”.

Prezident İlham Əliyevin “Qara Qarayevin 100 illik yubileyi haqqında” imzaladığı Sərəncamı xatırladan F.Əlizadə, ölkəmizdə bu il böyük musiqiçinin yubileyinin silsilə tədbirlərlə qeyd edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu yaxınlarda Qara Qarayevin ev muzeyinin açılması da dövlətimizin böyük sənətkarın yaradıcılığına olan diqqətinin bariz nümunəsidir.

Bildirilib ki, dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla təqdim olunmaqdadır. Sonra dahi bəstəkarın yaradıcılığına həsr olunan məruzələr dinlənilib. Həmçinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdi Səmra Həsənli və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Səbinə Eldarlının ifasında musiqi nömrələri səsləndirilib.

*****

Noyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində görkəmli tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Tarix kafedrası”nın müdiri Firdovsiyyə Əhmədova ilə görüş keçirilib. Görüş dahi bəstəkarımız Üzeyir Hacıbəylinin vəfatının 70-ci ildönümünə həsr olunan “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Üzeyir Hacıbəylinin rolu” mövzusunda təşkil edilib.

Tədbiri Bəstəkarlar İttifaqının sədri, professor, Xalq artisti Firəngiz Əlizadə açaraq layihə çərçivəsində respublikanın tanınmış şəxsiyyətləri, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlərin keçirildiyini vurğulayıb. Daha sonra Üzeyir bəyin musiqi dünyasından, zəngin yaradıcılığından söhbət açan F.Əlizadə bildirib ki, dahi bəstəkar həm də ictimai, publisist kimi fəaliyyət göstərib. Bu baxımdan onun Cümhuriyyət dövründəki xidmətləri mühüm əhəmiyyət kəsb edir.

Sonra söz qonağa verilib. Tarixçi-alim Firdovsiyyə Əhmədova bir xalqın dünyaya tanıdılmasında onun mədəniyyətinin mühüm rol oynadığını söyləyib: “XX əsrin əvvəllərində formalaşan ziyalılar Azərbaycan mədəniyyətinin intibah dövrünün həm yetirmələri, həm də bu dövrü yaradanlar idilər. Onların əksəriyyəti Şərq və Qərb sivilizasiyasını bir arada, vəhdətdə görürdü. Bu il dahi bəstəkar Üzeyir bəyin vəfatının 70 illiyi Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə təsadüf edir. Bu, sırf təsadüfdür. Ancaq mənəvi bağlılıq, iki anlamı bir araya gətirmək baxımdan ayrılmaz anlayış və dəyərdir. Üzeyir bəy özü də bilməzdi ki, Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti ilə bir gün gələcək bu dövlətin qurucuları sırasında onun adı da çəkiləcək. Təbii ki, Üzeyir bəy Cümhuriyyət dövrünədək musiqisi, bəstəkarlığı ilə şöhrət qazanmışdı”. Tarixçi-alim Üzeyir bəyin uşaqlıq dövründən, ictimai xarakterinin formalaşmasına təsir göstərən mühit barədə danışıb, cümhuriyyət tarixi barədə geniş məlumat verib. Sonda alim tədbir iştirakçılarının suallarını cavablandırıb.

*****

Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə, bəstəkarlara diqqət və qayğı ilə yanaşıb. Həmişə Azərbaycan musiqisini, onun bəstəkarlıq məktəbini yüksək qiymətləndirib, bütövlükdə, musiqi sənətimizin inkişafına mənəvi zəmin yaradıb. Onun musiqimizə sonsuz vurğunluğu bu sahədə çalışanları yeni yaradıcılıq axtarışlarına ruhlandırıb. Dahi şəxsiyyətin Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə Bəstəkarlar İttifaqının fəaliyyətinə verilən qiymətin bariz təzahürüdür. Onun şəxsi təşəbbüsləri ölkəmizin musiqi mədəniyyətinin inkişafına, zənginləşməsinə və beynəlxalq səviyyədə böyük müvəffəqiyyətlər əldə etməsinə öz töhfəsini verib: “Ümummilli Liderin Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu onlara yaradıcılıq axtarışlarında və yeni əsərlərin yaranmasında ilham verib”.

Sonra Azərbaycan Dövlət Televiziyası və Radiosunun “Bənövşə” uşaq xoru, Niyazi adına Simfonik Orkestri və C.Cahangirov adına xorunun ifasında ulu öndər Heydər Əliyevə həsr olunan “Heydər babamız”, “Minnətdarıq” mahnıları, “Heydər” oratoriyası səsləndirilib. Tədbir məruzələrin dinlənilməsi ilə davam edib. Konfransda Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, dosent Sərdar Fərəcov “Heydər Əliyevə həsr olunmuş musiqi əsərlərinin janr təsnifatı”, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Oqtay Rəcəbovun “Heydər” Oratoriyasının üslub xüsusiyyətləri”, professor Cəmilə Həsənova “Heydər Əliyev Fondunun fəaliyyəti Ulu Öndərin ideyalarının inikası kimi”, dosent Lətifəxanım Əliyeva “Heydər Əliyev və müstəqillik illərində Azərbaycan musiqisi” mövzusunda məruzələrlə çıxış ediblər.

2017

Yanvarın 18-də Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında 20 Yanvar Faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Əvvəlcə 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Bəstəkarlar İttifaqının Katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov ön sözlə çıxış edərək, Azərbaycan bəstəkarlarının  20 Yanvar Faciəsinə həsr olunmuş əsərləri haqqında geniş məlumat verdi, bu mövzunun aktuallığından bəhs etdi və yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi yönündə onun xüsusi rolu olduğunu vurğuladı. Tədbirdə  Azərbaycan bəstkarlarının 20 Yanvar faciəsinə həsr olunmuş yüksək bədii  əhəmiyyət kəsb edən əsərlər sırasında Əməkdar incəsənət xadimi Azər Dadaşovun solistlər, xor və simfonik orkestr üçün  9 saylı “20 Yanvar”  Simfoniyası və Əməkdar incəsənət xadimi Rauf Əliyevin Fikrət Qocanın sözlərinə xor və simfonik orkestr üçün “Azadlığa gedən yollar”  Odası  səsləndirildi. Hər iki əsər Azərbaycan Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında lentə yazılmışdır.

Həmçinin, bəstəkar Sərdar Fərəcovun “Vətən dara düşəndə” Marşı, Azad Zahidin Abdulla Qurbaninin sözlərinə bəstələdiyi  “Şəhidlər”, “Vətən, sənin şəhidlərin”, “Bayraqtəpə qartalları” və “Çağırış” mahnılarına çəkilmiş yeni klipləri nümayiş etdirildi. Əməkdar artist Elza Seyidcahanın  Məryəm Aslanın sözlərinə bəstələdiyi yeni teatrlaşdırılmış vokal kompozisiya — “Şəhidlər” Balladası solistlərin və Pantomima Teatrının aktyorlarının ifasında təqdim edildi və tədbir iştirakçılarınını böyük marağına səbəb oldu.

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyəti üzvlərinin, tanınmış musiqi-ictimai xadimlərin   və  mətbuat nümayəndələrinin  iştirak etdiyi tədbirdə musiqişünaslar — sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva, həmçinin bəstəkarlar – Xalq artisti Sevda İbrahimova, Nərgiz Şəfiyeva, Rəna Qədimova və müəlliflər çıxış edərək, təqdim olunan əsərlər, o cümlədən Azərbaycan bəstəkarlarının yaradıcılığında 20 Yanvar faciəsinin geni. əks olunması barədə danışdılar.

*****

Fevral «Drezden Simfonietta”-nın musiqiçiləri öz doğma Drezden şəhərində Amerika və Avropa ənənələrinə söykənən maraqlı repertuarla çıxış ediblər. Konsertdən əvvəl çıxış edən F.Əlizadə tamaşaçıların suallarını cavablandıraraq, öz yaradıcılıq üslubu haqqında və ifa olunan əsərin yaranma tarixçəsi barədə danışıb. Konsertdə iştirak edən Almaniyanın məşhur musiqişünası Silviya Metsgerin təəssüratlarını təqdim edirik: “Alman musiqiçilər konsertdə İ.S.Baxın, A.Vebernin və amerikalı bəstəkar Çarlz Ayvz kimi dünya bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələri ilə yanaşı F.Alizadənin də əsərini ifa etdilər.

Böyük məmnuniyyətlə qeyd etmək lazımdır ki, F.Alizadənin musiqisi bu konteksdə özündə müasir Avropa musiqisinin bütün müxtəlifliyini təcəssüm etdirir. Çox gözəl əsər olan «Crossing-II «-də (Çarpazlaşma-II) bəstəkar öz parlaq fərdi intonasiyasıyla ən mürəkkəb bəstəkar texnikasını birləşdirməklə müxtəlif mədəniyyətlərin kəsişmələrinin əsas tendensiyalarını əks etdirir”. Orkestrinin dirijoru Mixail Hortsmann bəstəkarın əsəri haqqında öz fikirlərini belə ifadə edib: “Hələ ötən əsrin 90 illlərində mən «BIS” İsveç səsyazma firmasının F. Alizadənin əsərlərindən ibarət diskinə qulaq asmışam. Mən Azərbaycanın görkəmli qadın-bəstəkarının yüksək peşəkarlıığına, təzə, qeyri-adi, sehrli üslubuna valeh olmuşdum. O vaxtdan mən «Crossing-II » əsərini öz orkestrimlə ifa etməyi arzulayırdım və bu da mənə 2017-ci ildə qismət oldu. Əvvəl Polşa şəhərlərindəki qastrollarımızda və indi də Drezdendə… «

Drezdendəki konsertin aparıcısı Olaf Georq isə təəssüratlarını bu sözlərlə bölüşüb: “Biz xoşbəxtik ki, bizim konsertimizdə müəllif özü – artıq müasir musiqinin simvoluna çevrilmiş Firəngiz Əlizadə də iştirak edir. Ona görə də bu gün bizim musiqiçilərimiz onun gözəl musiqisini xüsusi ilhamla və ruhla ifa ediblər…” Konsert müasir musqinin ən görkəmli nümayəndəsi olan Firəngiz Əlizadənin möhtəşəm əsərinin səslənməsi ilə davam edib.

*****

Fevralın 9-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, pedaqoq, Əməkdar Müəllim Natiq Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək unudulmaz musiqişünas pedaqoqun həyat və yaradıcılığından danışıb.

Vurğulanıb ki, N.Vəliyev musiqi sənətinə töhfələr verməklə yanaşı, hər zaman yeni-yeni yaradıcılıq axtarışlarında olub, öz pedaqoji fəaliyyəti ilə bir sıra nailiyyətlərə imza atıb. Musiqişünasın maarifçilik və təşkilatçılıq istedadından söz açan F.Əlizadə qeyd edib ki, o, yenilikçi iş üslubu ilə örnək olan sənətkarlarımızdan idi. Rəhbərlik etdiyi 22 nömrəli musiqi məktəbində tez-tez bəstəkar və musiqişünas həmkarlarının görüşlərini təşkil edirdi.

Diqqətə çatdırılıb ki, N.Vəliyevin uşaq musiqi məktəbləri üçün tərtib olunan tədris proqramlarının hazırlanmasında göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Onun xatirəsinin hər zaman qəlblərdə yaşayacağını söyləyən natiq N.Vəliyevin yaradıcılıq yolunun gələcək nəsillərə örnək olacağını bildirib. Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov, Zemfira Qafarova və Kamilə Dadaşzadə çıxış edərək unudulmaz pedaqoqun həyat və yaradıcılığından danışıblar, onunla bağlı xatirələrini bölüşüblər. Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının da əsərlərinə müraciət olunub.

*****

Fevralın 23-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda  Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunan anım tədbiri təşkil olunub.

Mərasimin əvvəlində görkəmli bəstəkar, Xalq artisti Cövdət Haciyevin “Matəm” marşı“ səsləndirilib və tədbir iştirakçıları ”Xocalı faciəsinin qurbanlarının xatirəsinə bir dəqiqəlk sükütla yad ediblər.

Daha sonra çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqrımının xalqımıza və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan F.Əlizadə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini bir daha diqqətə çatdırıb.

F.Əlizadə qeyd edib ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti olduqca böyükdür. Bu istiqamətdə aparılan təbliğat sayəsində bir sıra dünya dövlətləri, o cümlədən ABŞ-ın 20-dək ştatı bu faciəni tanıyır.

Bəstəkarlar İttifaqının sədri qeyd edib ki, xalqımızın yaşadığı Xocalı soyqırımı milli musiqimiz vasitəsilə də dünyaya çatdırılır. “Bu baxımdan “Xocalı”, “Xocalı laylası”, “Xocalı uşaqlarına lay-lay”, “Xocalı avazları”, “Xocalı-613”, “Xocalı naləsi” və başqa milli musiqi əsərləri dünyanın bir sıra ölkələrində ifa olunaraq müəyyən təbliğat vasitəsinə çevrilib. Xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin bütün dünya dövlətləri tərəfindən tanınmasında hər bir təbliğat vasitəsindən istifadə olunmalıdır. Bu baxımdan mövzu ilə əlaqədar yaranan milli musiqi əsərləri böyük əhəmiyyət kəsb edir”, deyə F.Əlizadə bildirib.

Tanınmış şair , Əməkdar incəsənət xadimi Abdulla Qurbani də çıxışında Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu və bu hadisənin tariximizə erməni daşnaklarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin növbəti mərhələsi kimi düşdüyünü qeyd edib. Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı haqqında fikirlərini, Prezident İlham Əliyevin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” müvafiq Sərəncamını diqqətə çatdıran A.Qurbani Xocalı həqiqətlərinin dünyada yayılması istiqamətində dövlətimizin həyata keçirdiyi işlərin miqyasını xatırladıb. Hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, erməni təcavüzünün gələcək nəsillərə ötürülməsi və bu faciənin xalqımıza qarşı soyqırımı hadisəsi olaraq tanınması naminə bu cür tədbirlərin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı isə Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətlədirilməsi üzrə işçi qrupunun üzvü kimi Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.
Tədbirdə kürsüyə qalxan digər natiqlər çıxışlarında Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyindən vurğulayaraq bildiriblər ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması hər birimizin borcudur.
Çıxışlardan sonra Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan , tanınş şair, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbaninin “Kül altından boy atacaq Xocalı” rekviyem-poeması nümayiş olunub. Əsərin bəstəkarı Azad Zahid, rejissoru isə Hikmət Əlisgəndəroğludur.

*****

Martın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında “Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib. Xalq Artisti, professor Firəngiz Əlizadə çixiş edərək konfransın mövzusunun aktuallığından danışıb. Uşaq musiqisinin problemlərinə toxunan F.Əlizadə bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Görülən işlərin uşaqların estetik tərbiyəsinə, habelə professional musiqiçi kimi yetişmələrinə kömək edəcəyini bildirən bəstəkar, uşaq musiqi əsərlərinin yazılmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyini vurğulayıb.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi İmruz Əfəndiyeva “Müasir dövrdə uşaq musiqisinin problemləri” mövzusunda məruzə ilə çıxış edib. Elmi-praktik konfransda “Uşaq ədəbiyyatının problemləri”, “Əşrəf Abbasovun “Qaraca qız” baletinin yeni quruluşu haqqında” və “Azərbaycan Televiziyası və Radiosunun “Bənövşə” uşaq xoru haqqında” məruzələr dinlənilib. Tədbir C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin “Cırtdan” uşaq xoru və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

*****

Martın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar İncəsənət Xadimi, professor Məmmədağa Umudovun “Alətşünaslıq” kitabının təqdimatı keçirilib. tədbirə müəllifin “Düşüncələr” — Simli orkestr üçün Simfoniyasının videotəqdimatı ilə başlanılıb. Xalq Artisti Teymur Göyçayevin bədii rəhbər və dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin ifasında təqdim edilən musiqi əsəri böyük maraqla qarşılanıb. Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə deyib ki, bu gün M.Umudovun həm müəllif konsertinin, həm də yeni kitabının təqdimatıdır.

Məmmədağa Umudovun yaradıcılığını yüksək qiymətləndirən Xalq Artisti bildirib ki, o, bəstəkarlıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, musiqinin bütün janrlarında bir-birindən gözəl əsərlər yaradıb və bu əsər yerli və beynəlxalq tədbirlərdə səsləndirir.

Müəllifin yeni kitabını yüksək qiymətləndirən Firəngiz Əlizadə bildirib ki, simli alətlərin harmoniyasında rəngarəng musiqi tablosu yaradan M.Umudovun “Alətşünaslıq” əsəri musiqi təmayüllü ali və orta ixtisas məktəbləri üçün Azərbaycan xalq çalğı və simfonik alətlər üzrə dərslikdir. Bu dərslik müasir dövrdə ölkəmizdə bu və ya digər formada istifadə edilən musiqi alətlərinin tarixi, quruluşu, səslənməsi və ifa üslubları haqqında bilgilərin tələbələrə çatdırılmasında dəyərli mənbə olacaq.

Vurğulanıb ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə dərslik kimi təsdiqlənmiş bu kitabın məsləhətçisi Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, elmi redaktoru sənətşünaslıq elmləri doktoru, professoru Abbasqulu Nəcəfzadədir. Tədbirdə musiqişünas, sənətşünaslıq namizədi, dosent Jalə Qulamova və sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə çıxış edərək M.Umudovun həyat və yaradıcılığından danışıblar, yeni dərs vəsaiti ilə bağlı fikirlərini bölüşüblər. Sonra müəllifin musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

*****

Martın 30-da Azərbaycan Bəstəkarlar İttifaqında 31 mart — Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çixiş edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə bildirib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımılar, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımı nəticəsində on minlərlə günahsız insan qətlə yetirilib.

F.Əlizadə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işi uğurla aparılır. F.Əliadə çıxışında həmçinin onu da bildirib etdi ki, Azərbaycan bəstəkarları xalqımızın başına gətirilən faciələrə biganə qalmayıb, öz yaradıcılıqlarında bu mövzulara yer ayırıblar.

Tədbirdə Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, İmruz Əfəndiyeva və başqaları 31 mart soyqırımının həm də bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləyiblər, tarixən ermənilərin azərbaycanlılara qarşı yönəlmiş təxribatlarından bəhs ediblər. Tədbirdə Elza Seyidcahanın “Şəhidlər” balladası, Aytən İbrahimovanın “Xocalı” kompozisiyası və İlham Azmanlının simli orkestr üçün yazdığı “Ağı”, “Dədəmin qopuzu”, “Qədim türkün bir günü” və digər əsərlər səsləndirilib.

*****

Aprelin 7-də və 9-da Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub. Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, “Amsterdam Royal Concertgebouw” tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus (pravoslav, katolik, iudaizm, buddizm) «Passions» —  “İlahilər” layihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib. Bu iri həcmli musiqi əsərlərinin ifası bütün Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurub.

Nəhayət, 2015-ci ildə İslam dininə aid olan ilahilərin də bəstələnməsi gündəmə gəlib. Xüsusilə vurğulamaq lazımdır ki, bu iş müsəlman mədəniyyətinə məxsus olan Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi — Firəngiz Əlizadəyə həvalə olunmuşdur. Beləliklə, “NASİMİ Passion” əsəri yaranmışdır və bu möhtəşəm əsərin (35 dəqiqəlik) məşqləri artıq bir neçə aydır ki, dünyaca şöhrətli ingilis dirijor Martins Brabbinsin idarəsi ilə  Hollandiyanın Kral simfonik orkestri, xoru və solistləri tərəfindən aparılırdı…

Əsərin premyerasından əvvəl həmin sarayda bəstəkarla görüş keçirilib. Görüşdə musiqişünas Thea Derks “Nasimi passion” əsəri haqqında məlumat verib. Daha sonra çıxış üçün səhnəyə dəvət olunan Firəngiz Əlizadə seçdiyi mövzudan- Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb, dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb.

Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib. Seçilmiş mövzunun layihənin tələblərinə cavab verdiyi, eləcə də Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunulub. Bəstəkar iştirakçıların əsərlə bağlı suallarını cavablandırıb. Konsert zamanı əsərin sözləri tərcümə edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm də əsərin sözlərini başa düşməyə, onu dərindən anlamağa imkan verib.

Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub. Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edib.

Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla özünə xas fərqli ifası ilə tamaşaçıların ruhunu oxşayıb. Ə.Abdullanın ifası məhz sufi zikrlərindəki əsas ab-havanı və dinləyicidə vizual təəssürat yaratmağa imkan verib. Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb.

Bəstəkarın Şərq və Qərbin konsepsiyası əsasındakı sintezi maraq doğurub. Milli xalq musiqi alətləri ilə yanaşı, violonçel, eyni zamanda, səsin qarşılıqlı müştərək istifadəsi bilavasitə bəstəkarın aparıcı ideya kimi götürdüyü obraza xidmət edir. Əsərdə mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil edib. Əsər tamaşaçıların alqışları ilə qarşılanıb. Konsertdən sonra musiqiçilər və solistlər əsərdən söz açaraq fikir mübadiləsi aparıb, hisslərini bölüşüblər. Onlar əsərin möhtəşəm olduğunu bildiriblər.

Bəstəkar və musiqi meneceri Gabriel Teschner vurğulayıb ki, Firəngiz Əlizadə Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edib. Bəstəkarın kamança ilə Sebastyan Baxın əsərini birləşdirdiyi məqamlar bunu aydın göstərir. O, deyib: “Biz iki fərqli musiqi mədəniyyətinin bəstəkar tərəfindən incəliklə birləşdirilməsinin şahidi olduq. Firəngiz Əlizadə 600 il əvvəl yazıb yaratmış Nəsiminin qəzəllərini tamaşaçıya yüksək səviyyədə təqdim etdi. Mən Firəngiz Əlizadənin əsərinə valeh oldum. Çox maraqlı, möhtəşəm əsər idi və orkestrləşdirilmə də incəliklə qurulmuşdu. Musiqi nəşriyyatı olaraq Firəngiz Əlizadə ilə əməkdaşlıq etməkdən çox məmnunuq”.

İngiltərəli dirijor Martin Brabbins isə diqqətə çatdırıb ki, bu, fövqəladə əsər idi. “Firəngiz Əlizadənin əsərinə dirijorluq etməyə şadam. Bəstəkar əsərdə öz hisslərini yüksək səviyyədə təqdim edib. Orkestr musiqisi çox zəngin, xor partiyası möhtəşəm idi. Xüsusilə də əsərdə istifadə olunan metodlar — pıçıltı, qışqırıq çox incəliklə ifadə edilib. “Ənəlhəq” cümləsini çox sevirəm. Solistimiz də əla idi. Əvəz Abdullanın baritonunun keyfiyyəti çox yüksəkdir. Emosiyaları göstərirdi ki, o, Firəngiz Əlizadənin musiqisini dərindən anlayır və onunla yaşayır. Amsterdamdakı bu konsert, bu gecə möhtəşəm idi”, — deyə o, bildirib.

Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla bildirib ki, əsərdə muğamla Sebastyan Baxın musiqisinin birləşdirildiyi məqam skripkada ifa olunmağa başlayanda insan valeh olur, bunun üçün böyük ustalıq tələb olunur. O deyib : “Firəngiz Əlizadə fövqəladə bir əsər yaradıb. Nəsiminin qəzəllərini, onunla bağlı çəkilən filmi uşaqlıqdan sevirəm. Bu gün Firəngiz xanımın əsərini ifa etməkdən çox razıyam. Dünyada məşhur olan bəstəkarın musiqisini ifa etdim. Qəlbim emosiyalarla doludur. Bir neçə ay əvvəl təklif alanda Firəngiz xanım mənə dedi ki, bu, musiqidir, amma təkcə sözləri ifa etməklə kifayətlənməməlisən. Canlı obraz yaratmalısan. Mən də güzgü qarşısında repetisiya edirdim. Düşünürdüm ki, bu obrazı necə canlandırım. Amma bu gün gördüm ki, istədiyimizə nail ola bilmişik. İfa zamanı tamaşaçılara, xüsusilə onların baxışlarına diqqət yetirirdim. Hiss edirdim ki, mən istədiyimə nail olmuşam. Tamaşaçılar ilk dəfə belə bir obrazı tanıdılar. Konsert olmasına baxmayaraq, tamaşaçılar qarşılarında canlı obraz görürdülər. Dirijor məndən soruşurdu ki, “ənəlhəq” nə deməkdir? Elə qəşəng sözdür ki, bütün gün evdə bu sözü deyirik. Qeyd etdi ki, Nəsiminin qəzəllərini şəxsən özü oxuyacaq”.

Əsər haqqında Almaniyanın məşhur “H.Sikorski” musiqi dərgisində Firəngiz xanımın düşüncələrinə də yer ayrılmışdır: «Düz altı əsr bundan əvvəl 1417-ci ildə böyük Azəarbaycan mütəfəkkiri, sufi- şair İmadəddin Nəsimi Suriyanın Hələb şəhərində edam edilir. Tarixdən də bizə məlumdur ki, hər dövrün ən seçilmiş insanları öz ölümlərini edam məkanlarında tapmışlar. Bununla bağlı çoxlu sübutlar var.  Bu gün isə insanları edama məhkum etməyə də ehtiyac yoxdur, Hələb şəhəri hər gün bombalanır, orda hər gün günahsız insanlar- böyük mütəfəkkirlərlə yanaşı uşaqlar və qocalar öldürülür. Mən «İlahilər» əsəri üzərində işləyərkən, Hələb şəhərində vəziyyət gündən-günə pişləşirdi  və bu vəziyyət mənim əsərimə təsir etmədən ötüşmədi.

Bir məsələni də vurğulamaq yerinə vacibdir ki, Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması bu mühüm mədəni hadisənin əhəmiyyətini daha da artırır. Bu premyeranın mədəniyyətlərarası dialoqun qurulmasına bir töhfə olacağına inanırıq.

*****

Mayın 11-də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirildi. 
 Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov tədbiri açaraq bildirdi ki, muzeyimizdə görkəmli rəssam Vəcihə Səmədovanın “Ü.Hacıbəyli və tələbələr” adlı bir əsəri var: “Hər dəfə bu əsəri görəndə düşünürəm ki, biz hamımız dahi bəstəkarın tələbələriyik. Bu gün “Müasirlərimizlə görüş” silsilə tədbirləri çərçivəsində Ü.Hacıbəyli məktəbinin layiqli davamçısı Firəngiz Əlizadə ilə görüşə toplaşmışıq”. 
Sonra o, görkəmli sənətkarın həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq və istedadlı nümayəndələrindən biridir, gözəl bəstəkar, virtuoz pianoçu, dərin düşüncəli nəzəriyyəçi, təcrübəli pedaqoq və ictimai xadim kimi nəinki öz doğma vətənində, həmçinin ondan çox-çox uzaqlarda şöhrət qazanmış sənətkardır. Azərbaycan musiqi mədəniyyətini dünya miqyasında layiqincə təmsil edir.
Firəngiz Əlizadənin Fransa və Almaniyanın böyük konsert salonlarında səsləndirilən əsərlərinin video-klipi göstərildi.
 AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxışında Firəngiz Əlizadəni akademiyanın müxbir üzvü seçilməsi münasibətilə təbrik etdi. Bildirdi ki, bu seçimlə çox şad olduq. Görkəmli sənətkarın qarşıdan ad günü gəldiyini xatırladan R.Əliyev ona yeni-yeni nailiyyətlər arzu etdi. 
 Professor Telman Ağdamski qeyd etdi ki, Azərbaycanın ictimai fikir, sənət tarixində elə sənətkarlar var ki, onların əsərləri Azərbaycan hüdudlarını aşaraq dünyaya yayılıb. Həmin sənətkarlardan biri də Firəngiz Əlizadədir. Bu görkəmli sənətkarımızı təbrik edir və yeni-yeni uğurlar arzu edirəm.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Milli Konservatoriyanın professoru Akif Quliyev və başqaları çıxış edərək Firəngiz Əlizadənin yaradıcılıq yolundan, musiqi mədəniyyətinə verdiyi töhfələrdən söz açdılar. Qeyd etdilər ki, F.Əlizadənin minlərlə insanın qəlbini fəth edən və məhz milli qaynaqlardan, xalq musiqisinin dərin qatlarından qidalanan əsərləri artıq dünya musiqi xəzinəsinin sərvətinə çevrilib.
   Çıxışlardan sonra F.Əlizadənin “Eşq havası” və simli kvartet üçün yazdığı “Muğamsayağı” əsərləri səsləndirildi.

*****

Mayın 18-də Fransanın paytaxti Paris şəhərində UNESCO-nun baş qərargahında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev,  Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, UNESCO baş direktorunun ictimai informasiya və xarici əlaqələr üzrə müavini Erik Falt, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan danışıb, bütün bəşəriyyəti öz əsərlərində ifadə etdiyini qeyd ediblər.

Konsert zalının qarşısındakı foyedə şair İmadəddin Nəsimiyə həsr olunan sərgi nümayiş olunub. Sərgidə dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitablar, müxtəlif rəssamlar tərəfindən çəkilmiş rəsmlər təqdim olunub.

Tədbirin bədii hissəsində xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin dünyaca məşhur “Kronos” kvartetinin sifarişi ilə 1993-cü ildə qələmə aldığı “Muğam sayağı” və Yo- Yo Manın rəhbərliyi altında həyata keçirilən transcontinental “Silk road” (İpək Yolu) layihəsi çərçivəsində Çindən ABŞ-a qədər dünyanın çeşidli ölkələrinin məşhur konsert salonlarında ifa olunan- “Dərviş” əsərləri əsasında hazırlanan balet-tamaşası nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin rol aldığı xoreoqrafik səhnələr milli və müasir musiqinin çarpazlaşması ilə təqdim olunub. Qərb və Şərq musiqisinin vəhdətindən ibarət baletdə tamaşaçılara Nəsiminin mistik və sirli aləmi, onun şər qüvvələrə qarşı mübarizəsi nümayiş etdirilib.

“Dərviş” əsərini tanınmış xanəndə, Respublikanın Əməkdar artisti Teyyub Aslanov ifa edib. Bundan başqa istedadlı skripkaçılar, bir sıra Beynəlxalq Müsabiqələrin qalibləri Elvin Qəniyev, Elina Drux, violençel ifaçıları Orxan Hüseynov, Denis Utkin, violada İlqar Rzayevlə Səbuhi Axundov, zərb alətlərində Allahyar Vəzirovun iştirakı ilə hazırlanan musiqili kompozisiya tamaşaçıların sürəkli alqışları ilə müşayət olunub. Tanınmış xoeoqraf Nailə Məmmədzadənin quruluşunda hazırlanan kompozisiyada səhnəyə çıxan Anar Mikayılov “İmadəddin Nəsimi”ni, Anar Tahirovla Eduard Arazov şər qüvvələri, Cəmilə Kərimova ilə Tamilla Məmmədzadə isə xeyirxah mələkləri canlandırıblar.

Konsertlə bağlı bir maraqlı məqamı xatırlatmaq yerinə düşər ki, kanon ifaçısı Təranə Əliyeva və ney ifaçısı İlham Nəcəfov “Dərviş” əsərinin ilk ifaçılarından olublar və onlar ötən 20 il ərzində Yo-Yo Ma ilə bərabər “İpək yolu” layihəsi çərçivəsində dünyanın bir çox ölkəsində konsertlərdə çıxış ediblər. Azərbaycanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünə həsr oluna balet-tamaşa tamaşaçıların böyük marağına səbəb olub və onlar Firəngiz Əlizadənin ecazkar musiqisini ayaqüstə alqışlayıblar.

*****

Mayın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin yubileyi münasibətilə “İntizar” operası nümayiş olundu.  Qeyd edək ki, operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.  Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa etdilər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edirdi.

Məlumat üçün bildirək ki, “İntizar” operası (“Qarabağnamə” adı ilə) ilk dəfə 2007-ci ildə M.Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalı çərçivəsində xalq artisti Cənnət Səlimovanın qruluşunda və dünya şöhrətli dirijor Arkadi Ştеynluхtun idarəsi ilə nümayiş olunub. 2009-cu ildə isə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı günlərində Heydər Əliyev Sarayının səhnəsində tanınmış dirijor xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi orkestrin konsert ifasında səsləndirilib.

2010-cu ildə opera Heydər Əliyev Fondunun təşəbbüsü və Nərgiz Paşayevanın prodüser layihəsi əsasında hazırlanaraq, Heydər Əliyev Sarayında göstərilib. Bu dəfə operanın quruluşçu rejissoru Moskva “Helikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanova idi. Operanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr (hərəkətli səhnə, video-instalyasiya, mürəkkəb işıq partiturası) geniş tətbiq edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da həmin gün operaya tamaşa ediblər. 2014-cü il mayın 4-də Azərbaycan Opera və Balet Teatrının səhnəsində bu dəfə teatrın baş rejissoru Əməkdar İncəsənət xadimi Hafiz Quiliyevin quruluşunda yenidən səhnəyə qoyuldu.

Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan opera sənəti ənənəsini layiqincə davam etdirən sevimli bəstəkarımız Firəngiz Əlizadənin akademik Nərgiz Paşayevanın librettosu əsasında qələmə aldığı “İntizar” operası 21-ci yüzilin əvvəlində yaranan, vətən mövzusunu parlaq əks etdirən səhnə əsərində Azərbaycan xalqının ağrı-acıları, xeyirlə-şərin mübarizəsi, günahsız insanların ölümü, yadellilərin azərbaycanlı ailələrini amansızcasına qətlə yetirməsi əsas mövzu kimi götürülüb. Deməli, əsərin məzmununda xalqımızın Qarabağ dərdi əsas motiv mövqeyindədir. 
Tamaşanın səhnə tərtibatında video görüntülərdə Qarabağın gözəl təbiət mənzərələri, dəhşət saçan müharibə təsvirləri, rənglərin dəyişməsi, günəşli, işıqlı rənglərin getdikcə tündləşməsi, qaralması və nəhayət, finalda yenidən parlaq rənglərin canlandırılması, ekranda sanki göyün dərinliklərindən “Ağ atlı” xilaskarın peyda olması əsərin ideya-bədii həllinin təzahürü kimi dəyərləndirilə bilər.

Tərəddüdsüz deyə bilərik ki, həm vətənpərvərlik ruhuna, həm də sənətkarlıq baxımından bu əsər müasir dövrdə böyük önəm kəsb edir. Qeyd edək ki, operanın obrazları, ifadə tərzi yüksək səviyyədədir. Musiqi məzmunu çox zəngin, orkestr səslənməsi olduqca dolğundur. Orkestrin tərkibinə xalq çalqı alətlərinin daxil edilməsi, muğam və müasir bəstəkarlıq üslubunun qovuşdurulması zəngin bir musiqi əsəri yaradıb. Eyni zamanda operada elektron musiqidən də istifadə olunmağı diqqətəlayiqdir. 
“İntizar” opesında Qarabağ uğrunda şəhid olan əsgərlərin məcazi olaraq dirilməyi, “Ağ at”ın sujet xəttində diqqətçəkən detal kimi yer almağı gözəl bir mesajın ifadəsidir. O mesajı belə mənalandıra bilərik ki, biz haqqa inanan bir millətik. Qələbəyə olan inamımız böyükdür. Bu intizar heç də uzun çəkməyəcək. Haqq günəşi qarala bilməz, bu gün olmasa da, sabah mütləq o günəş doğacaqdır.

Bununla da son dövrdə Azərbaycanda vətənpərvərlik ruhlu əsərlərlə bağlı mənəvi tələbatı ödəyən “İntizar” operası kimi yüksək bədii keyfiyyətlərə, böyük bədii təsir qüvvəsinə malik, librettonun və musiqi dramaturgiyasının dərin vəhdəti ilə diqqəti cəlb edən müasir bir əsər meydana çıxıb. “İntizar” operasının dərin mənalı ədəbi və musiqi məzmunu əsərin hər dəfə yeni bir baxışla oxunmasına və yozumuna yol açır. Bəlkə də operanın yarandığı nisbətən bir müddət ərzində artıq dördüncü dəfə yeni quruluşda səhnələşdirilməsi bundan irəli gəlir. Zaman keçdikcə əsərin səhnə həllinin təfsiri dəyişir, zəngin məna çalarları kəsb edir. Əminik ki, “İntizar” operası Azərbaycan Opera və Balet Teatrının repertuarında daimi yer tutacaq və tariximizi canlandıran bir əsər kimi insanları haqq-ədalətin təntənəsinə, xalqımızı düşmənə qarşı birgə mübarizəyə səsləyəcək.

İyunun 2-dən 5-dək  Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçirilib. Festival çərçivəsində iyunun 2-də  M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festival çərçivəsində ilk tədbir -F.Əlizadənin simfonik əsələrindən ibarət konsert olub. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Yubilyarı təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. Müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadə yaradıcılığına xas olan cəhətdir. Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Nazir vurğulayıb ki, F.Əlizadə «Muğam aləmi» və «İpək Yolu» Beynəlxalq Musiqi festivallarının bədii rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasında da öz töhfəsini verir.

Diqqətə çatdırılıb ki, onun “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Qraniza” baletləri, müxtəlif ansambl tərkibi üçün “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron”, “Silk road”, violonçel və orkestr üçün konsert və digər əsərləri Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir. Nazir deyib ki, həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz xanım ömrünün 70-ci baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Yubilyarı bir daha təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin Sərəncamına əsasən təltif edilən Xalq Artisti Firəngiz Əlizadəyə “Şərəf” ordenini təqdim edib.

Firəngiz Əlizadə çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bu ordeni bütövlükdə Azərbaycan bəstəkarlıq məktəbinə və bu məktəbin böyük simalarının zəhmətinə verilən qiymət kimi dəyərləndirib. Xalq Artisti Azərbaycan mədəniyyətinin təbliği istiqamətində reallaşdırılan böyük layihələrə görə Heydər Əliyev Fonduna və hər zaman yaradıcı insanlara xüsusi diqqət və qayğı göstərən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Yubilyar Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da böyük əzmlə çalışacağını vurğulayıb.

Daha sonra səhnəyə çıxan TÜRKSOY-n baş katibi Düsen Kaseinov da yubilyarı təbrik edərərk , onun təkcə Azərbaycan xalqının deyil bütün türk dünyasınını fəxri olduğunu vurğulayıb. O. TÜRKSOY-un «Onur»(Şərəf) medalını Firəngiz xanıma təqdim edib. Tədbir konsert proqramı ilə davam edib. Konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə bəstəkarın müxtəlif illərdə yazdığı Fortepiano və orkestr üçün konsert, “İntizar” operasından Əslinin ariyası, xor, orkestr və solistlər üçün – “Nasimi Passion” əsərləri səsləndirilib. Orkestrə Xalq Artisti Fəxrəddin Kərimov dirijorluq edib.

*****

İyunun 3-də Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyi çərçivəsində bəstəkarın əsərlərindən ibarət kamera konserti keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsertdə əvvəlcə bəstəkarın məşhur violonçel ifaçısı İvan Monigettinin 50 illik yubileyinə həsr etdiyi “Aşk havası” əsəri, tələbəlik illərində yazdığı “Piano üçün sonata” və yubilyarın 2014-cü ildə məşhur amerikalı meqastar, skripkaçı Hillari Hanın sifarişi ilə bəstələdiyi “İmpuls” əsəri səsləndirilib. Konsertin ikinci hissəsində dünya şöhrətli bəstəkarın 1991-ci ildə məşhur İsveçrə klarnet ifaçısı Fransiska Hirtzekinin sifarişi ilə klarnet, klavesin və vibrafon üçün yazdığı “Crossing-I” (Çarpazlaşma-I) əsəri, habelə 1990-cı ildə soprano, fleyta, fortepiano, çelesta və vibrafon üçün bəstələdiyi “From Yapanes Poetrie” (Yapon poeziyasından), 2005-ci ildə Amsterdamda ifa edilmiş “İn search of..” (Axtarışda) əsəri və ilk dəfə Amerikada “Icebreak-III” festivalında ifa edilmiş “Atəş” əsərləri səsləndirilib.

*****

İyunun 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) elmi konfrans keçirilib. Konfrans İttifaqın Sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində təşkil edilib. Konfransda ABİ-nin katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Firəngiz Əlizadənin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, müxtəlif adlara və titullara layiq görülən Firəngiz Əlizadə Azərbaycan musiqisini dünyada tanıdan bəstəkarlardan biridir. Onun əsərləri bir çox ifaçıların repertuarını bəzəyir. O, ilk əsərlərindən başlayaraq son illərdə yazdığı əsərlərə qədər fitri istedadını göstərib və hər bir əsərdə öz sözünü deyir.

Diqqətə çatdırılıb ki, F.Əlizadə görkəmli bəstəkar və musiqişünas olmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Firəngiz Əlizadənin ictimai fəaliyyəti barədə danışan Z.Qafarova bildirib ki, o, hər zaman gənc bəstəkarlara diqqət və qayğı göstərir. Konfransda çıxış edən Əməkdar İncəsənət Xadimi, Türkiyənin Qazi Universitetinin professoru Əflatun Nemətzadə Firəngiz Əlizadənin Türkiyədəki fəaliyyət dövründən danışıb. Bildirib ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan üç pərdəli bu əsər böyük uğur qazanıb. Vurğulayıb ki, Firəngiz Əlizadə Türkiyədə ilk professional balet yazan bəstəkardır.

Diqqətə çatdırılıb ki, Türkiyə hökumətinin xahişi ilə Firəngiz Əlizadə qardaş ölkədə bir neçə il fəaliyyət göstərib. 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışıb. Əflatun Nemətzadə qeyd edib ki, Firəngiz Əlizadənin əsərlərinin mayasında muğam ruhu var.

Elmi konfransda “Firəngiz Əlizadənin violençel üçün yazılmış əsərlərinin milli mənbələri haqqında”, “Firəngiz Əlizadənin yaradıcılığında etnospesifik konseptlərin təzahürünə dair”, “Firəngiz Əlizadə: yaradıcılığının konseptuallığı və onun yaradıcılığında konseptuallıq”, “Firəngiz Əlizadə beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi”, “Firəngiz Əlizadə yaradıcılığında Nəsimi mövzusu Şərq-Qərb problemi kontekstində” və digər mövzularda dinlənilən məruzələr böyük maraq doğurub.

*****

İyunun 8-də Rusiyanın “Kultura” telekanalında yayimlanan  “Eniqma” verilişi dünya şöhrətli bəstəkarımız,  Azərbaycan Bəstəkarlar Ittifaqinini sədri, Xalq artisti, AMEA-nın müxbir üzvi, professor, “Şöhrət” və  “Şərəf” ordenli,UNESCO-nun “Sülh naminə artist”i  Firəngiz Əlizadənin yaradıcılığına həsr olunub. Anonslarından da göründüyü kimi  verilişdə  müasir akademik klassik musqidən,  onun parlaq nümayəndələrindən bəhs olunur.  Verilişin müəllifi və aparıcısı  «Музыкальный Олимп» Fondunun prezidenti İrina Nikitinadır.

*****

İyunun 14-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Tədbirdə çıxış edən, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova görkəmli bəstəkar Cövdət Hacıyevin yaradıcılığından söhbət açıb, onun füsunkar musiqisinin Azərbaycan mədəniyyətinə töhfə olduğunu bildirib. Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi incilərdən və əvəzolunmaz şəxsiyyətindən danışaraq, onun tələbəsi olduğu üçün özünü xoşbəxt sandığını söyləyib.

Tədbirdə Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına xoru, bəstəkarın adını daşıyan 3 nömrəli onbirillik musiqi məktəbinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Cövdət Hacıyevin əsərlərini səsləndiriblər. Konsertdə, həmçinin bəstəkarın xatirəsinə həsr edilmiş əsərlər ifa olunub.

*****

İyunun 27-dən iyulun 1-dək ölkəmizin ən dilbər guşələrindən olan qədim Şəki şəhərində “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı keçirilib. İsti yay günlərində Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalında Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

İyunun 27-də axşam saatlarında “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər. Tədbirin bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq səkkizinci dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib. Bu festivalın özəlliyi ondan ibarətdir ki, tədbir çərçivəsində keçirilən konsertlər Şəkinin tarixi məkanlarında, memarlıq abidələrinin önündə təşkil edilir. Bununla da “festivallar şəhəri” Şəkinin tarixi, memarlığı, sənətkarlığı, folkloru geniş şəkildə təbliğ olunur.

Bildirilib ki, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar builki festivalda müsəlman ölkələrindən olan iştirakçılara üstünlük verilib. Festivalın proqramında, həmçinin Azərbaycan musiqi mədəniyyəti də geniş təmsil olunduğunu bildirən Firəngiz Əlizadə deyib: “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək Şəki “İpək Yolu” VIII Beynəlxalq Festivalı yenə də insanların qəlbində gözəl duyğular, silinməz izlər buraxacaq”.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, onun artıq “festivallar şəhəri” kimi tanındığını vurğulayıb. Bildirilib ki, hər il bu şəhərdə keçirilən beynəlxalq festivallarda dünyanın bir çox xarici ölkələrindən gəlmiş musiqi kollektivləri, sənətçilər iştirak edirlər. “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı isə Şəkinin mədəni həyatında çox böyük hadisədir. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Bildirilib ki, 2016-cı ildə Şəkinin TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması və “paytaxt ili” çərçivəsində keçirilən Şəki “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalı Şəki şəhərinin, eyni zamanda, nadir Azərbaycan mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayıb. Diqqətə çatdırılıb ki, Şəkinin mədəni inkişafının sürətləndirilməsinə göstərdiyi böyük dəstəyə, şəhərin zəngin mədəni irsinin dünya səviyyəsində tanıdılması və təbliği sahəsində xidmətlərinə görə Firəngiz Əlizadə “Şəkinin fəxri vətəndaşı” adına layiq görülüb.

Rəsmi hissədən sonra musiqisevərlərə festivalın ilk konserti — Əməkdar İncəsənət Xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi təqdim olunub. Gecədə solistlər – Xalq Artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artistlər İlqar Muradov, Elnur Əhmədov (kamança), Aygün Bəylər, Nurlan Növrəsli, müğənnilər Leyla İdrisova, Vüsal Hacıyev və başqaları bəstəkarın əsərlərini səsləndiriblər. Onları Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib. Uğurla başa çatan konsertin sonunda Aygün Səmədzadəyə və orkestrin bədii rəhbəri Teymur Göyçayevə xatirə hədiyyəsi – festivalın simvolu təqdim olunub.

Iyunun 28-də Şəkidə uğurla davam edən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının ikinci günü axşam Şəki xanlarının sarayının həyətində tamaşaçılara polyak müğənnisi Ania Broda və Macarıstanın “Guessous Mesi Trio” qrupunun konsert proqramı təqdim olunub. Festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertin birinci hissəsində polyak müğənnisi, sinc ifaçısı, eyni zamanda, bəstəkar və prodüser Ania Broda maraqlı konsert proqramı ilə çıxış edib.

Konsertin əvvəlində məlumat verilib ki, Ania Broda polyak musiqi səhnəsində nadir simalardan biridir. Etno, caz, xalq musiqisi və pop üslubunda ifa edən, eyni zamanda, uşaq musiqi əsərlərinin müəllifi olan Ania Broda səsinin dərin tonu, melodiyanın əsrarəngiz təsiri ilə dinləyicini valeh edir. O, eyni zamanda, “Vilensk sincləri” zərbli, simli musiqi alətlərində də ifa edir. 2011-ci ildən solo ifaçı kimi fəaliyyət göstərən Ania Broda 4 musiqi albomunun müəllifidir. Xalq ənənələrindən və müasir yaradıcılıqdan ilham alan polyak musiqiçi dəfələrlə xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Ania Broda Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin və Olştindəki Marşalkovski Aparatının təqaüdçüsüdür. Polşa musiqi mədəniyyətinin təbliğinə görə o, 2016-cı ildə Olştin şəhərinin prezident mükafatına layiq görülüb.

Konsertin ikinci hissəsində tamaşaçılar “Guessous Mesi Trio” qrupunun çıxışını izləyiblər. Ania Brodanın və “Guessous Mesi Trio” qrupunun ifa etdikləri ruh oxşayan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda təşkilatçılar adından Ania Broda və macar musiqi qrupuna festivalın rəmzi simvolu təqdim olunub.

*****

İyunun 28-də Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Marxal” istirahət kompleksinin Yay Teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun da konserti olub. Konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər. Konsertdən əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori çıxış edərək Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Səfir qeyd edib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bununla əlaqədar olaraq 2017-ci ildə ölkəmizdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Şəkidə keçirilən festivalda Yaponiya musiqiçilərinin iştirakı bu baxımdan çox əlamətdardır.

Məlumat verilib ki, “Va-Liqa” musiqi qrupu Yaponiyanın ənənəvi musiqi və mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Qrupun repertuarına Yaponiyanın ənənəvi Kabuki və No teatrlarının rəqs səhnələri, “vadaiko” (yapon barabanları), “şamisen” (simli musiqi aləti), “minyo” kimi folklor musiqisi daxildir. Qrup indiyədək dünyanın müxtəlif ölkələrində üç yüzdən artıq konsert verib. “Va-Liqa” musiqi qrupunun 2014-cü ildə və sonrakı illərdə paytaxt Bakıda və respublikamızın digər şəhərlərindəki konsertləri tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

Təqdimatdan sonra musiqi qrupu tamaşaçılar qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib. Qrupun üzvləri Yamanaka Nobutonun, Sai Hidetoşinin və Takaku Teritoşinin ənənəvi yapon musiqi alətləri olan şamisen, vadaiko və zərb alətlərində təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşaçılar qrupun üzvlərinin konsertin sonunda ifa etdikləri Azərbaycan himnini ayaqüstdə alqışlarla qarşılayıblar. Konsertin sonunda ansambla festivalın rəmzi simvolu təqdim olunub.

*****

İyunun 29-da Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəki Dövlət Regional Kollecində görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Konsert proqramı Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun çıxışı ilə başlayıb. Kollektivin bədii rəhbəri və baş drijoru Şəhla Ələkbərovadır. Xorun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənib.

Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, Cövdət Hacıyevin yaradıcılığı barədə geniş məlumat verib. Bildirilib ki, görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi Azərbaycanın mədəni həyatında çox böyük hadisədir. Məlumat verilib ki, Azərbaycan Televiziya və Radiosunun Xoru 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olub. 1948-ci ildən isə xora respublikanın Xalq Artisti Ramiz Mustafayev bədii rəhbərlik edib. Xor fəaliyyət göstərdiyi illərdə Azərbaycanın bir çox tanınmış müğənniləri, o cümlədən SSRİ Xalq artistləri Zeynəb Xanlarova, Lütviyar İmanov, Firəngiz Əhmədova, respublikanın Xalq artistləri Gülağa Məmmədov, Mobil Əhmədov, Əməkdar artistlər Firudin Mehdiyev, Faiq Mustafayev, Yaşar Səfərov, İdris Mehdiyev, Anatolu Qəniyev, Nərminə Məmmədova kimi sənətçilər bu kollektivlə əməkdaşlıq edib.

Qara Qarayev, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Emin Sabitoğlu, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Ramiz Mirişli, Fikrət Əmirov, Firəngiz Əlizadə, Oqtay Rəcəbov, Aqşin Əlizadə və digər bəstəkarların oratoriyaları, kantataları, vokal-simfonik poemaları və əsərləri xor kollektivi tərəfindən yüksək məharətlə ifa olunaraq gələcək nəsillərə ötürülüb. Konsertdə beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev (bariton), Dilarə Kərimova (piano), həmçinin Şəki Dövlət Regional Kollecin xoru və kamera ansamblı, tələbələri geniş konsert proqramı ilə çıxış ediblər. Sonda Cövdət Hacıyevin oğlu musiqişünas İsmayıl Hacıyev tədbirin yüksək səviyyədə təşkilinə görə festivalın rəhbərliyinə minnətdarlığını bildirib.

*****

İyunun 29-da Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində axşam saatlarında “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında tamaşaçılara İran İslam Respublikasından gəlmiş “Təbriz” rəqs qrupunun konserti təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar və musiqisevərlər iştirak ediblər. Konsertin əvvəlində məlumat verilib ki, “Təbriz” rəqs qrupu uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvinin rəhbərliyi ilə çıxış edir. Qrupun rəhbəri İranda keçirilən bir çox festivalların və müsabiqələrin laureatıdır. Tərkibinə solist və rəqqasların daxil olduğu qrup instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Türkiyə və Danimarkada konsertlər verib, uğur qazanıb.

Ramin Qəznəvinin ifasında “Bizim yerdə” mahnısı ilə başlayan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə qrupun rəhbəri Ramin Qəznəviyə festivalın rəmzi simvolunu təqdim edib. Xatırladaq ki, festivalın dördüncü günü, iyunun 30-da günorta saatlarında “Yuxarı Karvansaray” mehmanxana-kompleksində “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu”nun, axşam saatlarında isə “Marxal” istirahət kompleksinin Yay Teatrında Gürcüstanın uşaq xoreoqrafik ansamblının konsertləri olacaq.

*****

İyunun 30-da Şəkidə davam edən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində axşam musiqisevərlərə Gürcüstanın “Tolige” uşaq xoreoqrafik ansamblının konserti təqdim olunub. “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, musiqisevərlər, həmçinin kompleksdə istirahət edən yerli və xarici qonaqlar iştirak ediblər.

Konsertin əvvəlində məlumat verilib ki, “Tolige” xoreoqrafik ansamblı 2012-ci ildə Diana Bliadze və David Pridonaşvili tərəfindən yaradılıb. Ansamblın tərkibi 12-15 yaşlı uşaqlardan ibarətdir. Kollektiv bir neçə dəfə Bolqarıstanda və Türkiyədə qastrol səfərlərində olub, bu ölkələrdə təşkil edilən beynəlxalq musiqi festivallarında Qran-pri mükafatına layiq görülüb. Ansambl, eyni zamanda, Gürcüstanda keçirilən tədbir və müsabiqələrdə də tez-tez iştirak edir. 2016-cı ildə bu ansambl Suxişvili adına mükafatla da təltif olunub. Konsert zamanı rəqs ansamblının təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux rəqslər, həmçinin Şəkinin gənc musiqiçilərinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalda fəal iştirak etdiklərinə görə Gürcüstan rəqs kollektivinin üzvlərinə təşkilatçılar adından minnətdarlıqlarını bildiriblər. Kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub. Xatırladaq ki, Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının sonuncu günü — iyulun 1-də musiqisevərlərə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının konsertləri təqdim olunacaq.

*****

İyunun 30-da Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının dördüncü günü, günorta saatlarında musiqisevərlər Türkiyədən gəlmiş “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu”nun çıxışını izləyiblər. XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.

Konsertin əvvəlində məlumat verilib ki, “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu” 2008-ci ildə Cəlal Vuralın rəhbərliyi ilə fəaliyyətə başlayıb, 2011-ci ildən Mehmet Alinin rəhbərliyi ilə fəaliyyətini davam etdirir. Türkdilli ölkələrin musiqisini ifa edən Topluluğun əsas məqsədi həmin ölkələrin səs, saz, rəqs sənətlərini təbliğ etməkdən ibarətdir. Kollektiv bu məqsədlə Anadolu, Mosul, Kərkük, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Krım, Başqırdıstan və digər türkdilli ölkələrin ənənəvi musiqi və rəqslərini araşdıraraq, zaman-zaman toplayaraq nota köçürüb. Kollektiv davamlı olaraq konsertlər, televiziya və radio proqramları, daxili və xarici konsert və qastrollar təşkil etməklə, türk dünyasının zəngin musiqi və rəqslərini fərqli ölkələrdə yaşayan türk xalqlarına və dünyaya tanıdır.

İzmir kollektivinin solisti Yusuf Bayırbeyin türk və Azərbaycan dilində ifa etdiyi bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib. Festival çərçivəsində iyunun 30-da axşam “Marxal” istirahət kompleksinin yay teatrinda musiqisevərlərə Gürcüstanın uşaq xoreoqrafik ansamblının konserti təqdim olunacaq.

*****

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının sonuncu günü, iyulun 1-də günorta saatlarında tamaşaçılara Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin konserti təqdim olunub. “Marxal” müalicə-istirahət kompleksinin yay teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.

Məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestri ilk dəfə 2004-cü il iyunun 21-də Prezident İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış edib. Həmin vaxtdan Hərbi Orkestr Dövlət Sərhəd Xidmətində, eləcə də respublikamızda keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə seçilir. Kollektiv Sərhəd Xidmətinin hərbi qulluqçularının döyüş ruhunun yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə tez-tez hərbi hissələrdə sərhədçilər qarşısında konsertlər verir.

Orkestrin repertuarını müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi təşkil edir. Repertuarda vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına, o cümlədən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev və digər bəstəkarların əsərlərinə üstünlük verilir. Nümunəvi-Hərbi Orkestr dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, yüksək mükafatlara layiq görülüb.

Orkestrin bədii rəhbəri və dirijoru kapitan Səməd Vəkilovdur. Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının müqəddimə hissəsinin ifası ilə başlayıb. Orkestrin ifasında səslənən Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasından, “Arşın mal alan” musiqili komediyasından, Corc Bizenin “Karmen” operasından, Hans Zimmerin “Qladiator” filmindən musiqi parçaları, həmçinin solistlər Tural Ağayev və Fəxri Kazım Nicatın ifasında Müslüm Maqomayevin “Azərbaycan”, “Mavi əbədilik”, David Tuxmanovun “Qələbə günü”, Rauf Hacıyevin “Azərbaycan” və digər bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

*****

İyulun 1-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-də başlanan Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb. “Marxal” müalicə-istirahət kompleksinin yay teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Ansamblın bədii rəhbəri Xalq Artisti Munis Şərifovdur.

Konsertin əvvəlində məlumat verilib ki, Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildən ümummilli lider Heydər Əliyevin göstərişinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sərəncamına əsasən, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. Ansamblın bənzərsiz cəhəti onun tərkibinə daxil olan musiqi alətlərinin orta əsrlərdə Azərbaycanda istifadə olunan və sonralar tamamilə unudulan qədim musiqi alətlərindən – çəng, çəqanə, bərbət, səntur, rud, rübab, Şirvan tənburu, qopuz, nüzhə, dümbək, neydən ibarət olmasıdır. Musiqiçilər bu alətlərdə XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq və bəstəkar mahnılarını ustalıqla ifa edirlər.

Ansambl musiqi mədəniyyətimizi ölkəmizdə və beynəlxalq səviyyədə layiqincə təmsil və təbliğ edir. Dəfələrlə beynəlxalq festival və müsabiqələrdə iştirak edib, uğurlar qazanıb. Kollektiv Rusiya, Özbəkistan, Tacikistan, Macarıstan, Türkiyə, Almaniya, Fransa, İsveçrə, İordaniya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digər xarici ölkələrdə səfərlərdə olub. Konsertdə ansamblın və solistlər — Əməkdar Artist Nuriyyə Hüseynova və xanəndə Hüseyn Məlikovun ifa etdiyi qədim musiqilər, xalq mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək, Azərbaycanın qədim diyarı olan Şəkidə daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, şəkililərə təşəkkürünü bildirib. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını ifadə edib. Sonda Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, Xalq Artisti Munis Şərifova şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub.

Həmçinin festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, festivalın televiziya yayımının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin çəkiliş qrupu və festival çərçivəsində keçirilən tədbirlərin operativ işıqlandırılmasını təmin etdiyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın bölgə müxbiri xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

*****

İyulun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) prorektoru Gülnaz Abdullazadəyə həsr edilmiş kitabın təqdimatı olub. “Na verşine nauki – Qyulnaz Abdullazade” (Elmin zirvəsində — Gülnaz Abdullazadə) adlı kitabın müəllifi Nuridə İsmayılzadədir. Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbir Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, akademik Vasim Məmmədəliyev çıxış edərək təqdimatı keçirilən kitabın Gülnaz Abdullazadə haqqında məhəbbət və səmimiyyətlə yazıldığını bildiriblər.

Qeyd olunub ki, Gülnaz Abdullazadənin yaradıcılığı, elmi, pedaqoji və ictimai sahələrdə çoxcəhətli və məhsuldar fəaliyyəti milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynayır. O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında yaxından iştirak edir. Kitabın müəllifi Nuridə İsmayılzadə bildirib ki, monoqrafiyada Gülnaz Abdullazadənin alim, pedaqoq, Bakı Musiqi Akademiyasının elmi və yaradıcılıq işləri üzrə prorektoru kimi fəaliyyətinin bütün sahələri təqdim edilir. Səkkiz fəsildən ibarət monoqrafiyada Gülnaz Abdullazadənin uşaqlıq illəri, elmi, pedaqoji, ictimai fəaliyyəti əhatə olunub. Həmçinin XXI əsrin əvvəllərində Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafında Gülnaz Abdullazadənin rolu, tanınmış şəxslərin, elm, mədəniyyət, incəsənət xadimlərinin onun haqqında fikirləri əksini tapıb. Kitabdan pedaqoji və tədqiqat prosesində istifadə etmək olar. Təqdimat mərasimində Gülnaz Abdullazadənin fotolarından ibarət slaydlar nümayiş olunub və bəstələdiyi musiqilər səsləndirilib.

*****

Məlum olduğu kimi, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü sentyabrın 18-i ölkəmizdə hər il Milli Musiqi Günü kimi dövlət səviyyəsində qeyd olunur. 2009-cu ildən başlayaraq isə Milli Musiqi günündə dahi Üzeyir bəyə həsr oluunan ənənəvi Beynəlxalq Musiqi Festivalı keçirilməyə başlanıldı.

Azərbaycan Bəstəkarlar İttifaqı da hər il olduğu kimi bu il də festivalda yaxından iştirak edib. Belə ki,  sentyabrın 19-da  Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Üzeyir Hacibəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Müasir dövrdə Ü.Hacıbəylinin səhnə əsərlərinin geniş cöğrafiyası” mövzusunda elmi konfrans keçirilib. 
Tədbirİ giriş sözü ilə açıq elan edən Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli musiqimizin inkişafında xidmətlərindən danışıb, festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini deyən natiq dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin, tamaşaçıların dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacağını qeyd edib. O bildirib ki, Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinədir, onun əsərlərinin coğrafiyası gündən-günə genişlənir, yeni tədqiqat işləri aparılır və bu iş hər zaman aktual olaraq qalacaq.
Tədbirdə daha sonra dahi bəstəkarın zəngin irsinə dair müxtəlif mövzularda elmi məruzələr — “Leyli və Məcnun” operası Bilkənd səhnəsində”, “Arşın mal alan” operettası xarici teatrların səhnəsində”, “Əsli və Kərəm” operasının səhnə taleyi”, “Koroğlu” operasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması”, “Arşın mal alan” filmi: yaranma tarixi və ekran həyatı”, “Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının Vyana Musiqili Teatrındakı tamaşasına daha bir nəzər”, “Leyli və Məcnun” operasının Amerika səhnəsində balet təcəssümü” dinlənilib.
Tədbirdə çıxış edən Türkiyədə yaşayan soydaşımız, tanınmış rejissor, əməkdar incəsənət xadimi Əflatun Nemətzadə də Türkiyə teatrlarında səhnəyə qoyduğu Üzeyir Hacıbəylinin əsərlərindən danışıb.

Həmçinin , senytabrın 21-də   Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına  Konsert  Salonunda  Klassik Azərbaycan bəstəkarlarının xor, vokal və kamera-instrumental əsərlərindən ibarət konsert təşkil olunub. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə dahi bəstəkar Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafında xidmətlərindən danışıb. O, festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin, tamaşaçıların onun zəngin musiqi irsi ilə daha yaxından tanış olacağını bildirib. Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinə olduğunu deyən F.Əlizadə onun əsərlərinin araşdırılmasının hər zaman aktual olacağını qeyd edib: “Festival çərçivəsində Bəstəkarlar İttifaqında Üzeyir bəyin yaradıcılığına həsr olunan ilk elmi konfrans keçirildi. Bəzən belə bir fikir səslənir ki, Ü.Hacıbəylinin hər notu təhlil olunub, yaradıcılığı kifayət qədər araşdırılıb. Ancaq arxivlər açıldıqca, çox maraqlı faktlar ortaya çıxır. Bu məlumatlar dahi bəstəkarın həyatına, yazdığı əsərlərin tarixçəsinə işıq saçır”.

Dahi bəstəkarın əsərlərinin səhnə həyatından danışan Xalq Artisti “Leyli və Məcnun” baletinin ABŞ-da, TÜRKSOY-un xətti ilə Əməkdar İncəsənət Xadimi, rejissor Əflatun Nemətzadənin tərəfindən “Koroğlu” operasının isə bir neçə ölkədə göstərildiyini və böyük tamaşaçı sevgisi qazandığını söyləyib. Konsertdə AzTV-nin C.Cahangirov adına Xoru (Bədii rəhbər və dirijor Şəhla Ələkbərova), Bəstəkarlar İttifaqının “Oazis” simli kvarteti, Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbi, Q.Qarayev adına İncəsənət Mərkəzinin şagirdləri, Əməkdar İncəsənət Xadimi Ülviyyə Hacıbəyova və başqaları çıxış ediblər. Onlar görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Cahangir Cahangirov, Soltan Hacıbəyov, Fikrət Əmirov, Şəfiqə Axundova, Süleyman Ələsgərov və Əşrəf Abbasovun əsərlərini ifa ediblər.

*****

Sentyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində musiqişünas Lətifəxanım Əliyevanın dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımova həsr edilmiş «Muğama merac» kitabının təqdimatı olub. Qeyd edək ki, sözü gedən kitabın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan bu kitabının müəllifi Lətifəxanım Əliyevadır baş redaktoru Respublikanın xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, “Şöhrət” və ”Şərəf” ordenli, professor Firəngiz Əlizadədir..

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Nazir deyib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə də muğam sənətinin ümumdünya səviyyəsində tanıdılması və təbliği istiqamətində mühüm işlər görülüb. Məhz Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə muğam sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Alim Qasımovun yaradıcılığını mədəniyyətimiz üçün hadisə adlandıran nazir deyib ki, son illər muğamlarımız onun ifasında daha geniş üfüqlərə yol açıb, daha geniş zirvələri fəth etməyə başlayıb. Alim Qasımov bu gün Azərbaycan musiqisini dünyaya təqdim edən elçilərdən biridir. Onun ifaçılıq tərzi, üslubu muğam sənətimizdə yeni sözdür. Alim Qasımovun Avropada, Amerikada ifa etdiyi muğam, sadəcə, istedadlı bir xalqın ənənələrinə və düşüncə tərzinə bağlı olan musiqi kimi deyil, bəşəri musiqi kimi dəyərləndirilir. Qədim milli musiqi ənənələrinin qorunması və təbliği istiqamətində göstərdiyi xidmətlərə görə Alim Qasımovun UNESCO-nun Beynəlxalq musiqi mükafatı ilə təltif edilməsi və haqqında sənədli filmin hazırlanması da onun sənətinin qüdrətinin məhsuludur.

“Mənə Alim Qasımovun xaricdəki konsertlərində iştirak etmək nəsib olub. Görmüşəm ki, onun sənəti insanlara nə qədər böyük təsir edir. Bu gün eyni zamanda gözəl bir kitabın təqdimatıdır. Bu kitabda onun bütün yaradıcılığı əhatə olunub. Mən Alim Qasımova yeni uğurlar, yeni zirvələr arzu edirəm». Sonra nazir Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuş Alim Qasımova ali mükafatı təqdim edib. Xalq Artisti sənətinə verilən bu yüksək dəyərə görə ölkəmizin başçısına minnətdarlığını bildirib.

Tədbirdə qeyd edilib ki, kitabda dünyaca məşhur muğam ifaçısı, Xalq Artisti Alim Qasımov haqqında respublikanın tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb. Bu yazılarda muğam aşiqi və fədaisi olan sənətkar müxtəlif rakurslardan göstərilir, onun oxuculara tanış olmayan xüsusiyyətləri açılır. On üç müsahibin və müəllifin (13+1) təhlil xarakterli düşüncələri sayəsində oxucu ilk dəfə olaraq Alim Qasımovu “sufi-filosof-xanəndə” tandemində muğam ifa edən sənətkar kimi “kəşf” edib tanıya biləcək. “Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüş kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

*****

Oktyabrın 17-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin nöbəti iclası keçirilib. İclasda çıxış edən İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə cari ilin I yarımilində görülən işlər barədə məlumat verək bildirib ki, 2017-ci ilin ötən müddəti ərzində Azərbaycan Bəstəkarlar İttifaqı musiqi ictimaiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan tədbirlər həyata keçirib. Belə ki, 2017-ci ilin yubiley ilinin olduğunu qeyd edən F. Əlizadə görkəmli  bəstəkar, böyük pedaqoq, musiqi-ictimai xadim, Respublikanın Xalq artisti, Dövlət mükafatları laureatı,  “Şöhrət” Ordenli, professor Cövdət Haciyevin anadan olmasının 100 illiyinin dövlət səviyyəsin qeyd olunmasında Azərbaycan Bəstəkarlar İttifaqının yaxından iştirakını xüsusi vurğuladı. Daha sonra digər tədbirlərə də toxunan F.Əlizadə iyunun 27-dən iyulun 1-dək ölkəmizin ən dilbər guşələrindən olan qədim Şəki şəhərində baş tutan “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı barəsində də ətraflı danışıb.

Çıxışında F.Əlizadə 2017-ci ilin ilin sonunadək nəzərdə tutulmuş tədbirlər planına da toxunaraq bildirib ki, oktyabrın 28-də Heydər Əluyev Mərkəzində SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illiyinə həsr edilən xatirə gecəsinin keçirilməsi planlaşdırılıb. Həmçinin noyabr ayında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd ediləcək. Yubiley çərçivəsində noyabrın 7-də bəstəkarın I Fəxri xiyabandakı məzarı ziyarət olunacaq, həmin gün axşam Heydər Əliyev Mərkəzində xatirə gecəsi, o cümlədən, noyabrın 8-də isə Azərbaycan Bəstəkarlar İttifaqında Tofiq Quliyevin həyat və yaradıcılığına həsr edilən elmi-konfrans və kamera-instrumental əsərlərindən ibarət konsert təşkil ediləcək.

Tədbirlər planı haqqında danışan F.Əlizadə bu ilin sonunadək xalq artisti Tofiq Bakıxanovun “Şərq sonataları”ndan ibarət müəllif-konsertinin, bəstəkar, Əməkdar İncəsənət Xadimi Elnarə Dadaşovanın yaradıcılıq-gecəsi, Azərbaycan Bəstəkarlar İttifaqının katibləri tanınmış musiqişünas, Əməkdar İncəsəsnət Xadimləri Zemfira Qafarovanın 75, bəstəkarlar Sərdar Fərəcovun 60, Cəlal Abbasovun 60, o cümlədən Xalq Artistləri Elza İbrahimovanın 80, Emin Sabitoğlunun 80, Nəriman Məmmədovun 90 illiklərinə həsr edilən xatirə gecələrinin təşkil olunmasının nəzərdə tutulduğunu iclaş iştirakçılarının diqqətinə çatdırıb.

Bundan başqa hər il olduğu kimi bu il də noyabrın 28-29-da gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumun da keçiriləcəyini qeyd edən Sədr, Plenumda ifa olunacaq əsərlərin yığıldığını əlavə edib. F.Əlizadə onu da qeyd edib ki, həmişə olduğu kimi bu dəfə də yalnız Bəstəkarlar İttifaqının üzvləri deyil, bütün istedadlı gənc bəstəkarlar bu Plenumda iştirak edirlər.

F.Əlizadə gündəlikdə yer alan üçüncü məsələyə da toxunaraq bildirib ki, dahi bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin 2018-ci ildə 100 illiyi Beynəlxalq Musiqi Festivalı kimi qeyd olunacaq. Azərbaycan Bəstəkarlar İttifaqı musiqi ictimaiyyətimiz üçün böyük əhəmiyyətə malik bu yubileyə çox çiddi hazırlaşır. Artıq onun haqqında məqalələrin toplanılmasına başlanılıb və bu məqalələr böyük bir kitab şəklində çap olunacaq. Həmçinin Qara Qarayevin keçmiş SSRİ-nin ən tanınmış bəstəkarı olaraq post Sovet ölkələrinin bəstəkarlar ittifaqına məktublar gönədərilib ki, onu tanıyan hər kəsin məqaləsi və ya onun haqqında xatirəsinin toplanılmasında yardım olunsun.

Daha sonra çıxış edən İttifaqın katibi, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova dahi bəstəkar Qara Qarayevin 100 illiyinə böyük bir toplu hazırlandığını, bu topluya daxil ediləcək materialların yığılması prosesinin getdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin bu ilin noyabr ayında təşkil qeyd olunacaq olunacaq 100 illiyinə da toxunan Z.Qafarova yubiley çərçivəsində təşkil olunacaq elmi-konfransda məruzə ediləcək materialların da seçim prosesinin davam etdiyini vurğulayıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar İncəsənət xadimi, professor Cəlal Abbasov da noyabr ayında təşkil olunacaq gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumda ifa olunacaq əsərlərin bəzilərinin artıq dinlənildiyini və seçim prosesinin davam etdiyini diqqətə çatdırıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Sərdar Fərəcov sentyabr ayında yüksək səviyyədə baş tutan Üzeyir Hacibəyli adına IX Beynəlxalq Musiqi Festivalı barədə danışıb.

Daha sonra iclasın gündəliyindəki məsələlər barədə güniş müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib. İclasın sonunda F.Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzvlərin qəbul edilməsi ilə bağlı məsələni müzakirəyə çıxarıb. İdarə Heyətinin yekdil qərarı ilə istedadlı gənc bəstəkarlar Fərid Fətullayev, Turan Məmmədli, o cümlədən tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəna Səfərəliyeva Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul ediliblər.

*****

Oktyabrın 19-da  Mərkəzi Elmi Kitabxanada görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, “Şöhrət” və “Şərəf” ordenli, Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunan “Yaradıcılıq zirvələri” adlı tədbir keçirildi. AMEA-nın Alimlər Evi, Humanitar  Elmlər və İctimai Elmlər bölmələrinin birgə dəstəyi ilə baş tutan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Yubilyarı təbrik edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli sənətkarın zəngin yaradıcılığından, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açdı. Bildirdi ki, müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü F.Əlizadənin yaradıcılığına xas olan cəhətdir. Yubilyar əlli ildən çoxdur ki, Azərbaycan musiqişünaslığının mühüm və aktual problemlərini tədqiq edir.

AMEA-nın vitse-prezidenti qeyd etdi ki, həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz Əlizadə ömrünün 70-ci baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. Sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. “AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə Azərbaycan musiqisini yeni janrlarla zənginləşdirib” – deyən akademik İ.Həbibbəyli görkəmli bəstəkarın öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ etdiyini bildirdi. Vurğuladı ki, F.Əlizadə «Muğam aləmi» və «İpək Yolu» Beynəlxalq Musiqi festivallarının bədii rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasında da öz töhfəsini verir.

F.Əlizadənin xidmətlərinin dövlət və ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildiyini söyləyən İ.Həbibbəyli onun 1990-cı ildə «Əməkdar incəsənət xadimi», 2000-ci ildə «Xalq artisti» fəxri adlarına, 2007-ci ildə «Şöhrət», 2017-ci ildə “Şərəf” ordenlərinə layiq görüldüyünü, həmçinin YUNESKO-nun “Sülh artisti” fəxri adı və s. nüfuzlu mükafatlarla təltif edildiyini diqqətə çatdırdı. Akademik İ.Həibibbəyli AMEA-nın Fəxri fərmanını F.Əlizadəyə təqdim etdi.  Sonra çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan musiqi mədəniyyətinin ən parlaq nümayəndələrindən olan F.Əlizadənin əsərlərinin əhəmiyyətindən danışdı, sənətkarı 70 illik yubileyi münasibətilə təbrik etdi. Y.Mahmudov bildirdi ki, müxtəlif adlara və titullara layiq görülən F.Əlizadə Azərbaycan musiqisini dünyada tanıdan bəstəkarlardan biridir. Onun əsərləri bir çox ifaçıların repertuarını bəzəyir. O, ilk əsərlərindən başlayaraq son illərdə yazdığı əsərlərə qədər fitri istedadını göstərib və hər bir əsərdə öz sözünü deyir.

Alimlər Evinin direktoru Nuridə Quliyeva görkəmli bəstəkarın pedaqoji fəaliyyəti, musiqi elminin inkişafındakı xidmətləri və mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlərdən söz açıb. Yubiley tədbirində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Həcər Babayevanın “Müasir musiqi kontekstində Firəngiz Əlizadə yaradıcılığı”, professor Cəmilə Həsənovanın “Firəngiz Əlizadə beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kamilə Dadaşzadənin “Firəngiz Əlizadənin yaradıcılığında etnospesfik konseptlərin təzahürünə dair (“Muğamsayağı” əsəri əsasında)” mövzusunda məruzələri böyük maraq doğurdu. Diqqətə çatdırıldı ki, F.Əlizadə görkəmli bəstəkar və musiqişünas olmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, hər zaman gənc bəstəkarlara diqqət və qayğı göstərir. Daha sonra bəstəkarın əsərlərindən ibarət bir sıra kompozisiyalar səsləndirildi. Sonda çıxış edən F.Əlizadə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. Yubilyar Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da böyük əzmlə çalışacağını vurğuladı.

*****

Noyabrın 7-də Fəxri xiyabanda görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin xatirəsi anılıb. Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Tofiq Quliyevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər. Anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Prezident İlham Əliyevin 2017-ci il fevralın 7-də imzaladığı Sərəncama əsasən, bu il ölkəmizdə görkəmli bəstəkarın yubileyinin silsilə tədbirlərlə qeyd olunduğunu bildirib. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olur. Onun inkişafında bu təhsil ocağında müəllim işləyən Asəf Zeynallının böyük rolu olub. Sevimli müəlliminin məsləhəti ilə Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazır və bununla da bu sahədə ilk uğurlu addımlarını atır. Həmçinin bəstəkarın muğamlarımızın nota köçürülməsi sahəsində gördüyü işlər respublikamızın həyatında mədəni hadisə kimi qiymətləndirilib.

Vurğulayıb ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. O, müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Eyni zamanda, bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri əbədiyaşardır. Xalq artistləri Firəngiz Əlizadə çıxış edərək böyük sənətkarın bəstəkarlıq fəaliyyətinin bənzərsizliyindən söhbət açıb. Tofiq Quliyev mahnıları ilə milyonlarla dinləyicinin qəlbini fəth etməyi bacardığını qeyd edən F.Əlizadə onun Azərbaycan xalqının qəlbinə təkcə sənəti və musiqisi ilə deyil, eyni zamanda, şəxsiyyəti ilə yol tapan görkəmli ziyalılardan oldugunu bildirirb. “Bu gün bəstəkarın övladları və qohumları onun mənəvi davamçılarıdırlar. Təkcə görkəmli rejissor Eldar Quliyevin adını çəkmək kifayətdir”, deyə F.Əlizadə əlavə edib.

Azərbaycanın Xalq Artisti, kinorejissor və ssenarist Eldar Quliyev bəstəkarın həyat və yaradıcılığında şahid olduğu məqamlardan danışıb. Atasına göstərilən münasibətdən söhbət açan E.Quliyev deyib: “1997-ci ildə Tofiq Quliyevin 80 illiyinə həsr olunan yubiley mərasimində ulu öndər Heydər Əliyev bəstəkara xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq Tofiq Quliyev musiqisi yaşayacaq”.

*****

Noyabrın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans və kamera konserti keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Quliyevin milli musiqimizin inkişafındakı xidmətlərindən danışıb. İl ərzində yubilyarla bağlı silsilə tədbirlərin keçirildiyini qeyd edən natiq Bəstəkarlar İttifaqında onun rəhbərliyi altında uzun illər çalışmaqdan məmnunluğunu ifadə edib: “Hamımız çox xoşbəxtik ki, belə gözəl insanla ünsiyyətdə olmuşuq. O zaman ittifaqda çox gözəl tendem yaranmışdı — sədr Qara Qarayev, birinci katib Tofiq Quliyev. Onlar arasında çox gözəl iş birliyi, həmkar münasibət var idi. Tofiq müəllim təşkilatçı kimi Bəstəkarlar İttifaqının işini çox fəallaşdırmışdı. Heç də təsadüfü deyil ki, görkəmli bəstəkarımız Qara Qarayev həmişə onun məsləhətlərini böyük məmnunluqla qəbul edirdi. Onun gözəl insanlıq keyfiyyətləri melodiyalarında, ölməz mahnılarında yaşayır. Ona görə ki, bəstəkarın yazdığı melodiyalar, onun daxili dünyasının təcəssümüdür”.

Sonra sənətşünas alimlər böyük bəstəkarların yaradıcılığı ilə bağlı maraqlı elmi məruzələrlə çıxış ediblər. Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Tofiq Quliyev adına 12 və G.G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərinin istedadlı şagirdlərinin ifasında bəstəkarın “Marş”, “Rəqs”, “Nağıl”, “Axşam mahnısı”, “Bakı haqqında nəğmə”, eləcə də “Bəxtəvər oldum” romansı, “Qızıl üzük” əsərləri səsləndirilib.

*****

Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş elmi-konfrans və kamera konserti keçirilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəstəkar Elnarə Dadaşovanın zəngin yaradıcılığından danışıb. Bildirib ki, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil almış E.Dadaşova bəstəkarlıq fəaliyyətinə peşəkar musiqiçi kimi başlayıb. O, fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələyib, polifonik, sənədli filmlərə silsilə musiqilər yazıb. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil edib. Sonra Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş məruzələr dinlənilib. Tədbir konsert proqramı ilə davam edib.

*****

Noyabrın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində Milli Məclisin deputatı Qənirə Paşayeva ilə görüş keçirilib. Tədbirin əvvəlində Qənirə Paşayevanın sözlərinə Əməkdar artist, istedadlı bəstəkar Elza Seyidcahanın bəstələdiyi “Azərbaycan Odası”nın klipi nümayiş etdirilib. Tədbiri Bəstəkarlar İttifaqının sədri, professor, Xalq Artisti Firəngiz Əlizadə açaraq layihə çərçivəsində respublikanın tanınmış şəxsiyyətləri, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlərin keçirildiyini vurğulayıb. Budəfəki tədbirin qonağı barədə danışan Firəngiz Əlizadə deyib: “Qənirə xanım çox dinamik həyat yaşayan ictimai xadimlərimizdən biridir. O, respublikamızın sosial həyatında fəal iştirak etməklə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olur”.

Sonra söz qonağa verilib. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə dəvət üçün və bu qədər dəyərli bəstəkar, ziyalı ilə görüşün təşkili üçün təşəkkürünü bildirən millət vəkili, siyası elmlər doktoru Q.Paşayeva bildirib ki, dünyanın hər yerinə getdiyimiz zaman ilk öncə fəxrlə danışdığımız mədəniyyətimizdir və musiqimizin inkişafında xidməti olan bütün dəyərli bəstəkarların yanında olmaq, onlara dəstək göstərmək cəmiyyətimizin hər bir üzvünün ilk  növbədə vətəşdaşlıq borcudur. Millət vəkili Q.Paşayeva bidirib ki, ölkəmizdə gənclərin əsl musiqiyə meylinin artması çox vacibdir və bölgələrdə musiqi məktələrinin sayı daha da artmalıdır: «Mən iki müəllimin qızıyam. Yaddımdadır hələ ibtidai sinifdə oxuyurdum. Atam məni musiqi məktəbinə piano sinifinə yazdırmışdı. Biz zəngin ailə deyildik və o zaman piano almaq o qədər də asan deyildi və mən uzun illər keçməsinə baxmayaraq atamla anamın qonşu otaqda söhbətlərini heç unutmuram. Anam dedi ki, evimizdə piano almaq üçün pul azdır və əgər piano alsaq evimizdə heç pul qalmayacaq və qarşıdan qış gəlir, isti geyimlıər almaq lazımdır, evdə az da olsa pul olmalıdır. Atam anama dedi ki, köhnə isti paltarlarımızı geyinərək, lazım olsa yeməyə də daha az pul xərcləyərik, amma o piano Qənirə alınacaq və o, mütləq musiqi məktəbinə gedəcək. O piano bu gün də evimin ən əziz əşyasıdır”.

“Biz dünya ölkələrinə çıxdığımız zaman Üzeyir bəylə, Qara Qarayev, Fikrət Əmirov, Şəfiqə Axundova və adlarını sadalaya biləcəyim onlarla böyük bəstəkarlarımızla fəxr edirik və bu gələcəkdə də davam etməlidir. Ona görə də Bəstəkarlar İttifaqının fəaliyyəti bu istiqamətdə də önəmlidir və biz hər zaman sizin yanınızdayıq.  Firəngiz xanım da bizim qürur duyduğumuz bəstəkarlarımızdandır və bir az əvvə mənə görülən işlərlə bağlı məlumat verəndə, “İpək Yolu” layihəsi barədə danışanda çox məmnun oldum. Millət vəkili, vətəndaş olaraq nədə yanınızda ola biləriksə, bilin ki, hər zaman yanınmızdayıq. Məni Milli Məclisdə Bəstəkarlar İttifaqının təmsilçisi olaraq da görə bilərsiniz. Sizə hər zaman böyük uğurlar arzulayıram”, deyə millət vəkili əlavə edib. Millət vəkili Q.Paşayeva bəstəkarları maraqlandıran sualları da cavablandırıb, onlara imzalı kitablarını hədiyyə edib.

*****

Noyabrın 21-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyasının təqdimatı keçirilib. Monoqrafiya Ü.Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə həsr olunub. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək Zemfira Qafarovanın musiqi sahəsində xidmətlərindən söz açıb. Bildirib ki, yubilyar pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirir. Musiqişünas bir sıra bəstəkarlarımızın həyat və yaradıcılığını, əsərlərinin üslub xüsusiyyətlərini qələmə alıb. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun «Koroğlu» operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan «Koroğlu» dərs vəsaiti, eləcə də bir sıra məruzələri Azərbaycan milli musiqisinin təbliğinə xidmət edir.

Yeni əsərin məziyyətlərindən söz açan Bəstəkarlar İttifaqının sədri deyib ki, onun monoqrafiyasında geniş panorama görürük. İdeya məzmunun, musiqi dramaturgiya xüsusiyyətlərinin, müəllif tərəfindən istifadə edilən ifadə vasitələrinin dərin təhlili bəstəkarın estetikasının bir çox əhəmiyyətli cəhətlərini aşkar etməyə imkan verir. Tədbirdə “Avropa” nəşrlər evi yubilyara “İlin ən yaxşı musiqişünas tədqiqatçısı” mükafatını təqdim edib. Sonra yubilyarın yaradıcılığına həsr olunan məruzələr dinlənilib. Tədbir konsert proqramı ilə davam edib.

Noyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gənc bəstəkarların əsərlərindən ibarət plenum keçirilib. İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək vurğulayıb ki, rəhbərlik etdiyi qurum gənc bəstəkarlara xüsusi diqqət ayırır və onların fəaliyyətini əlaqələndirir. Gənc bəstəkarların uğurlarının sevindirici hal olduğunu qeyd edən F.Əlizadə iştirakçıları plenumun proqramı ilə tanış edib. Bildirib ki, üç gün ərzində plenum çərçivəsində gənc azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsertlər keçiriləcək. “Plenumun ilk günü səkkiz gənc bəstəkarın əsərləri ifa olunacaq. Bu əsərlərin əksəriyyəti ifa olunmayıb. Ümumilikdə, plenum çərçivəsində 15 gənc bəstəkarın əsərləri səslənəcək. Bu, bəstəkarların özlərinin seçdiyi əsərlərdir. Ümid edirik ki, gələcəkdə onlar Azərbaycan musiqisini müxtəlif ölkələrdə uğurla təbliğ edəcəklər”, — deyə İttifaqın sədri bildirib.

Sonra İttifaqa yeni üzv seçilmiş gənc bəstəkarlara biletlər təqdim olunub. Konsertdə gənc bəstəkarlar Sevinc Kazımova, Ayaz Qəmbərli, Gülmira Qəhrəmanova, Azər Hacıəsgərli, Əli Geranmehr, Tahir İbişov, Həmid Sultanov və Vəfa Bağırzadənin əsərləri səsləndirilib.

*****

,strong>Noyabrın 29-da Azərbaycan Bəstəkarlar İttifaqında “Gənc bəstəkarların əsərlərindən ibarət plenum” çərçivəsində növbəti konsert təşkil olunub. Konsertdə gənc bəstəkarlar Tural Məmmədlinin kamança və piano üçün “Tənha yolçu”, Nigar Əliyevanın “Simli kvartet” (I hissə), İlahə İsrafilovanın simli kvartet üçün “Casus” kompozisiyası, Kamran Nəsirovun simli kvartet üçün “Üzeyirnamə”, Fərid Fətullayevin “Bu gecə” romansı, Səid Qəninin “Projections”, Aria Torkanbourinin “Tempest Order”, Sevinc Əliyevanın tar və kamera orkestri üçün “Konsert pyesi” əsərləri səsləndirilib. Konsert proqramı maraqla qarşılanıb.

*****

Noyabrin 30-da Azərbaycan Bəstəkarlar İttifaqında “Gənc bəstəkarların əsərlərindən ibarət plenum” çərçivəsində “dəyirmi masa” keçirilib. İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə plenumun yekunları, onun çərçivəsində təşkil olunan tədbirlər haqqında məlumat verib. Xatırladıb ki, plenumlar hər il keçirilir və müvafiq dövr ərzində reallaşdırılan işlər barədə hesabat verməyə imkan yaradır.Qeyd olunub ki, Azərbaycan Bəstəkarlar İttifaqı gənc bəstəkarların fəaliyyətinə xüsusi diqqət ayırır və onları əlaqələndirir. Belə tədbirlər isə gənc bəstəkarlara öz yeni əsərlərini üzə çıxarmaq üçün geniş imkanlar yaradır. F.Əlizadə deyib: “Üç gün ərzində gənc azərbaycanlı bəstəkarların əsərlərinin səsləndiyi plenum çərçivəsində iki konsert təşkil olunub. Konsertlərdə kamera-instrumental, orkestr əsərləri ifa olunub. Plenumda 16 gənc bəstəkarın əsərləri səsləndirilib. Plenum yeni istedadları – müəllifləri və ifaçıları aşkar etməyə kömək edib”.Konsertləri diqqətlə izlədiyini deyən F.Əlizadə gənc bəstəkarların öz düşüncələrini musiqinin dili ilə ifası, onların əsərlərinin üslubu və janrı ilə bağlı tövsiyələrini bildirib.Azərbaycan Bəstəkarlar İttifaqının katibləri — Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov, bəstəkar Aliyə Məmmədova çıxış edərək plenumda səslənən əsərlər barədə fikirlərini bölüşüblər. Bildirilib ki, gənc bəstəkarlar həm ölkədə, həm də xaricdə müxtəlif layihələrdə fəal iştirak ediblər. Azərbaycan bəstəkarlıq məktəbi hər zaman dahi Üzeyir Hacıbəylinin tövsiyələrini rəhbər tutub. Müasir bəstəkarlar ənənəyə sadiq qalaraq forma və məzmun baxımdan yeni, maraqlı əsərlər yaratmalıdırlar. Bunun üçün onlar daha səylə çalışmalıdırlar.

*****

Dekabrın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi, ittifaqın katibi Sərdar Fərəcovun 60 illik yubileyinə həsr olunan kamera konserti keçirilib. Tədbiria açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəstəkar Sərdar Fərəcovun zəngin yaradıcılığından danışıb. S.Fərəcovun səhnə üçün yazılan musiqilərdən kiçik miniatürlərə qədər müxtəlif janrlarda əsərlər yazdığını bildirən F.Əlizadə onun həmçinin kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifi olduğunu qeyd edib. Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru vəzifəsində çalışan S.Fərəcovun yaradıcılığında ən önəmli və vacib yerlərdən birini dahi bəstəkarımızın bəzi əsərlərinin işləmələri və yenidən bərpası tutur.

“Sərdar Fərəcovun əsərləri musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib”, deyə F.Əlizadə çıxışında bildirib. Tədbir konsert proqramı ilə davam edib.

*****

Dekabrın 9-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcovun 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Zemfira Qafarova çıxış edərək tanınmış bəstəkarın milli musiqimizin inkişafındakı xidmətlərindən, bənzərsiz yaradıcılığından danışıb. Bildirib ki, bəstəkar peşəkar sənətkar kimi musiqinin müxtəlif janrlarında bir-birindən gözəl əsərlər yaradıb. O, kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifidir.Qeyd edilib ki, bəstəkarın əsərləri musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib. TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubilyarı təbrik edərək ona yaradıcılığında uğurlar arzulayıb.Sonra tədbir Xalq Artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin çıxışı ilə davam edib. Konsertdə “Koroğlu” simfonik freskası, “Şah Xətai” simfoniya-dastan, “Sonsuzluq karvanı” oratoriyasından hissələr, “Cavad xan” baletindən süita və başqa əsərlər səsləndirilib.

*****

Dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Cəlal Abbasovun 60 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Bəstəkarlar İttifaqında reallaşan konfransda tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək Cəlal Abbasovun yaradıcılığından söz açıb, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb. Qeyd edilib ki, C.Abbasov Azərbaycanın görkəmli bəstəkarı və musiqi xadimi Əşrəf Abbasovun ailəsində dünyaya göz açıb. 1975-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirən bəstəkar 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dahi bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.

Vurğulanıb ki, C.Abbasov müxtəlif janrlarda bəstələnmiş və geniş kütlə arasında populyarlıq qazanmış bir çox musiqi əsərlərinin müəllifi kimi tanınır. Onun əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Rusiya, İtaliya, Koreya Respublikası, Ukrayna, Türkiyə və digər ölkələrin aparıcı konsert salonlarında ifa edilərək böyük rəğbət qazanıb. 2012-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan C.Abbasov hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərir. Bəstəkarın yaradıcılıq axtarışlarından və insani keyfiyyətlərindən söz açan F.Əlizadə ona gələcək həyatında uğurlar arzulayıb.

Sonra Əməkdar İncəsənət Xadimi, professor İmruz Əfəndiyeva “Cəlal Abbasovun yaradıcılığına bir nəzər” mövzusunda məruzə ilə çıxış edib. Konfransda “Cəlal Abbasovun vətənpərvərlik mövqeyi”, “Cəlal Abbasovun IV simfoniyasının musiqi dramaturgiyasının yeniliyi”, “Cəlal Abbasovun xor yaradıcılığında milli musiqi xüsusiyyətlərinin təzahürü”, “Cəlal Abbasovun xor üçün xalq mahnı işləmələrinin bəzi üslub xüsusiyyətləri” mövzularında məruzələr dinlənilib. Tədbir C.Abbasov və bir sıra gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə başa çatıb.

*****

Dekabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında “Zaman və uşaq musiqisinin müasirliyi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda ittifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə uşaq musiqisinin aktual problemlərinə toxunaraq, bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Görülən işlərin uşaqların estetik tərbiyəsinə, yaradıcılıq baxımından professional musiqiçi kimi yetişmələrinə yardımçı olacağını qeyd edən Xalq Artisti uşaq musiqi əsərlərinin yaranmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyindən söz açıb. Əməkdar İncəsənət Xadimi, professor İmruz Əfəndiyeva “Uşaq musiqisinin aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi görkəmli bəstəkarlarımızın yaradıcılığında kifayət qədər populyarlıq qazanmış uşaq musiqi əsərlərinin olduğunu vurğulayaraq bunun hazırda bir sıra bəstəkarlarımız tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra konfransda “Bəstəkar Mehriban Əhmədovanın yaradıcılığında uşaq mövzusu”, “Musiqi təhsilinin problemləri” mövzularında məruzələr dinlənilib. Konfrans uşaq xorunun təşkil etdiyi konsert proqramı ilə davam edib.

2016

Yanvarın 20-də  R.Behbudov  adına Mahnı Teatrında müstəqil  Azərbaycan  tarixində iz salan “QanlıYanvar” faciəsi ilə bağlı matəm  konserti  təşkil olunub.  Tədbirdə  beynəlxalq müsabiqələr laueratı Cavad  Tağızadənin rəhbərlik etdiyi,  ABİ-nin “Baku- Sinfonietta” orkestrinin ifasında klassik  musiqi, o cümlədən, Azərbaycan bəstəkarlarının  əsərləri  səsləndirilib.

*****

Yanvarın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova çıxış edərək bəstəkarın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Gəncədə dünyaya göz açan Mobil Babayev Bülbül adına orta ixtisas musiqi məktəbini və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib. Bəstəkarın ilk mahnılarından biri, sözləri Zeynal Vəfaya məxsus «Vəfalı dost» olub. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində «Vilnüs qalaları» beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülüb. O, bir sıra simfonik orkestr üçün yazılmış əsərlərin, lirik mahnıların müəllifidir. Bəstəkar, həmçinin 100-ə yaxın film, o cümlədən, bədii-sənədli, elmi-kütləvi və animasiya filmlər üçün də musiqilər yazıb.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin müşayiəti ilə bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim olunub.

*****

Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş broşürlərin ikinci hissəsinin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək çap olunmuş 16 broşürun əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, təqdim olunan broşürlərdə təkcə klassiklər deyil, bu gün yazıb-yaradan musiqişünaslar haqqında da məlumatlar yer alıb. Bildirilib ki, broşürlərdə Əşrəf Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, İsmayıl Hacıbəyov, Dadaş Dadaşov, Faiq Sücəddinov, Rəna Məmmədova və başqa bəstəkarlar və onların əsərləri haqqında məlumatlar yer alıb. Tədbir çərçivəsində rus dilində yenicə çapdan çıxmış və tərtibçi-redaktoru Əməkdar İncəsənət Xadimi Nərgiz Şəfiyeva olan “Qara Qarayev — tələbələrin xatirələrində” kitabının da təqdimatı keçirilib.

*****

Fevralın 22-də  Azərbaycan  Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli  adına Konsert  Salonunda  Rafiq  Babayev  adına 25 saylı 11 illik Musiqi Məktəbi  şagirdlərinin Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə  həsr olunmuş konserti təşkil olunub. Tədbiri açıq elan Azərbaycan Bəstəkarlar İttifaqınını Sədri, Xalq artisti, professor Firəngiz Əlizadə
bu cür tədbirlərin sözügedən məkanda təşkil olunmasının ənənəvi hal aldığını qeyd edib və bildirib ki, gənc nəslə qayğının göstərilməsi ABİ fəaliyyətinin ana xəttini təşkil edir.

Daha sonar çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova da gənc musiqiçilərə uğurlar arzulayıb. Sonra söz musiqiyə verilib. Tədbir iştirakçıları 25 saylı 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin “Ey vətən” əsərinin, “Arşın mal malan” musiqili komediyasından “Üvertüra”nı, “Əsgərin mahnlısı”nı, “Sevgili canan” romansını, “Arşın mal malan” musiqili komediyasından “Gülçöhrənin arıyası”nı dinləyiblər.   Konsertdə həmçinin  məktəbin kiçik simfonik orkestriin müşayəti ilə “Koroglu” operasının “Üvertüra”sı, “Aşıqsayağı”,  o cümlədən bəstəkar Vasif  Allahverdİyevin tar üçün bəstələdiyi “Qarabağ  balladası” ifa olunub.

*****

Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə “Xocalı faciəsi Azərbaycan və xarici bəstəkarların əsərlərində” mövzusunda məruzə ilə çıxış edib. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqrımının xalqımıza və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan F.Əlizadə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini bir daha diqqətə çatdırıb.

F.Əlizadə qeyd edib ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti olduqca böyükdür. Bu istiqamətdə aparılan təbliğat sayəsində bir sıra dünya dövlətləri, o cümlədən ABŞ-ın 20-dək ştatı bu faciəni tanıyır. Çıxışlarda qeyd olunub ki, xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin bütün dünya dövlətləri tərəfindən tanınmasında hər bir təbliğat vasitəsindən istifadə olunmalıdır. Bu baxımdan mövzu ilə əlaqədar yaranan milli musiqi əsərləri böyük əhəmiyyət kəsb edir. Daha sonra “Xocalıya ədalət” simfonik plakatı, “Vətən sənin şəhidlərin”, “Çağırış”, “Şəhidlər”, “Həzilər yetirən vətən torpağı”, “Ey dan ulduzu” adlı musiqi əsərləri səsləndirlib.

*****

Martın 11-də Münhendə Bavariyanın 17-ci əsrdə Kral II Ferdinandın əmri ilə inşa olunmuş məşhur «Nimfenburq» qəsrində «Sonorizzonte» ansamblının ifasında dünya şöhrətli bəstəkarimiz Firəngiz Əlizadənin «»Schwindende Schönheit»» (Qeyb olmuş gözəlliklər) əsərinin premyerası böyük təntənə ilə baş tutub. Qeyd edək ki, əsər Şərqin lazımsız müharibələr səbəbindən məhv olmuş, dağıdılmış gözəlliklər-tarixi abidələr, muzeylərdən bəhs olunur. Konsertdə Firəngiz xanımla yanaşı Françesko Qeminiyani, Klod Debüssi klassiklərin, o cümlədən müasir musiqinin aparıcı simalarından sayılan Nikolaus Xüber, Qeorq Xaasın əsərləri ifa olunub. Konsertlə bağlı daha bir sevindirici məqam isə budur ki, Firəngiz xanımın əsəri həm birinci hissədə, həm də konsertin finalında səsləndirilib.

*****

Martın 21-də «»Schwindende Schönheit»» (Qeyb olmuş gözəlliklər) əsərinin növbəti premyerası Vyananın «ORF» studayasının zalında Avstriyanın «Ensemble Plus» musiqi kollektivi həyata keçirilib. Almaniyanın «Hans Sikorski» nəşrində F.Əlizadənin müxtəlif müsabiqəlrin və festivalların iştirakçıları üçün bəstələdiyi «Duo of accordance» və «Landscape» əsərləri mart ayinda işıq üzü görüb. Bundan başqa ötən F.Əlizadənin Amerikanın məşhur «Kronos» kvartetinin sifarişi ilə yazdığı və bu ilin fevralın 4-də San-Fransiskoda premyerası baş tutan «Rəqs» əsəri Nyu-Yorkun «Nonesuch» firması tərəfindən kompakt-diskə yazılıb.

*****

Martın 31-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) 31 mart — Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən ABİ-nin Sədri, Xalq artisti, professor Firəngiz Əlizadə erməni millətçilərinin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımılarından, əsassız torpaq iddialarından söz açıb. O bildirib ki, əsrin əvvəllərində baş verən erməni qırğınları haqda hadisələri Məmməd Səid Ordubadi, Abbas Səhhət, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi görkəmli sənətkarlarımız öz əsərləri vasitəsilə xalqa çatdırıblar.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşov və başqaları ermənilər tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açıblar. Vurğulanıb ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, minlərlə insan öz doğma torpaqlarından didərgin salınıb. Natiqlər xalqımızın başına gətirilən müsibətlərin bəstəkarlarımızın əsərlərində öz əksini tapmasını müsbət qiymətləndirib və bu istiqamətdə işlərin davam etdirilməsini söyləyiblər. Anım tədbirinə əməkdar incəsənət xadimi Abdulla Qurbaninin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Xocalı yol gözləyir” poeması əsasında bəstəkar Azad Zahidin eyniadlı rekviem-kompozisiyası, S.Fərəcovun Hüseyn Cavidin “Qaçqın” şeiri əsasında bəstələdiyi ballada-mahnı və digər musiqi əsərləri səslənib.

*****

Aprelin 6-da Azərbaycan Bəstəkarlar İttifaqı son günlər Azərbaycan Milli Ordusunun cəbhədə əldə etdiyi qələbələrlə bağlı bəyanat yayıb. Bəyənatda bildirilir:  Azərbaycan bəstəkarları və musiqişünasları əsgərlərimizin Qarabağ cəbhəsində qazandıqları qələbələr haqqındakı sevinc dolu xəbərləri böyük ruh yüksəkliyi ilə qarşıladılar. Erməni işğalçılarına layiq olduqları cavabı verməklə Azərbaycan ordusu yüksək  əhval ruhiyyədə olduğunu və  öz doğma yurduna sevgisini bir daha sübut elədi. Ən çətin illərdə Azərbaycan bəstəkarları öz yaradıcılıqlarına bir an da belə olsa fasilə verməyərək, xalqımızın cəsarətini və vətənpərvərlik duygularını tərənnüm edən əsərlər yaradıblar.

Bəstəkarlarımızın yaradıcılığında Qarabağ hadisələrinə həsr olunan operalardan, simfoniyalardan, oratoriyalardan, kantatalardan  tutumuş  mahnılara və hərbi marşlara qədər müxtəlif janrlara aid əsərlərə rast gəlmək olar. Vasif Adıgözlovun “Natəvan”, Firəngiz Əlizadənin “İntizar” operalarını, Ramiz Mustafayev, Oqtay Rəcəbov, Azər Dadaşovun oratoriya və kantataları,  Azər Rzayev, Tofiq Bakixanov, Cəlal Abbasov, Sərdar Fərəcovun simfoiya və simfonik poemaları,  o cümlədən Tahir Əkbər, Yaşar İmanov,  Azər Dadaşov,  Eldar Mənsurov,  Sərdar Fərəcov,  Azad Zahid, Elza Seidcahanın bəstələdiyi mahnılar və hərbi marşları buna misal olaraq göstərmək olar.  Azərbaycan bəstəkarları və musiqişünasları həmişə xalqın və ölkə rəhbərliyinin yanında olmağı özünün müqəddəs borcu olduğnunu hesab edir və bəyan edir ki,   istənilən vaxt istənilən çağırışlara Azərbaycan xalqının humanistliyini və vətənpərvərliyini  tərənnüm edən yaradıcılıq nümunələri ilə cavab verməyə hazırdır.

Aprelin 18-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Əməkdar İncəsənət Xadimi, tanınmış bəstəkar Tahir Əkbərin 70 illik yubileyinə həsr edilən yaradıcılıq gecəsi keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova tədbiri açıq elan edərək həmkarları adından yubilyarı təbrik edib, onun yaradıcılığından söz açıb. Qeyd olunub ki, Tahir Əkbər 1946-cı il yanvarın 20-də doğulub. Musiqiyə məhəbbət onda uşaqlıq çağlarından yaranıb. 1965-ci ildə musiqi məktəbinin fortepiano sinfini bitirib. Təhsilini Daşkənddə davam etdirən Tahir Əkbər orada Həmzə Həkimzadə Niyazi adına musiqi məktəbini, sonra isə Muxtar Əşrəfi adına Dövlət Konservatoriyasının bəstəkarlıq sənəti fakültəsini bitirib. Tahir Əkbər gecənin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Yaradıcılıq gecəsi Aynur İsgəndərlinin ifasında bəstəkarın “El oğlu” mahnısı ilə açılıb. Bu mahnı müğənninin ifasında Şanxayda VIII Beynəlxalq İncəsənət Festivalında birinci yeri tutub.

Tahir Əkbər musiqinin müxtəlif janrlarında əsərlər yaradır. Onun xor musiqisi, simfonik və kamera əsərləri məşhurdur. Tahir Əkbərin bəstələdiyi “Amin“ mahnısı müğənni Brilliant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar “Sülhə çağıran musiqi” adlı diskə salınıb və Avropada yayılıb. Sənətkarın bəstələdiyi onlarla mahnını, o cümlədən, “Dərdin alım”, “Heç küsməyin yeridirmi?”, “Azərbaycan”, “Əzizim”, “Heyfim gəldi”, “Qalardım”, “Bir qız bir oğlanındır”, “Xəzəllərin rəqsi” və başqa mahnıları görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər ifa edib.

*****

Aprelin 19-da Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Gecə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq reallaşdırılıb.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açıb. Bəstəkarın 45 il ömür sürdüyünü qeyd edərək bu ömrün bir yaradıcı insan üçün çox qısa olduğunu söyləyib. Bildirib ki, 1916-cı ildə Gəncədə dünyaya gələn Qəmbər Hüseynli uşaq yaşlarından musiqiyə meyil göstərib. Diqqətə çatdırıb ki, musiqi məktəbində tar sinfində oxuyan Q.Hüseynli 1934-cü ildə təhsilini davam etdirmək üçün Bakıya gəlir və musiqi kollecinə daxil olur. Burada tarla yanaşı, violonçeldə ifa etməyi də öyrənir.

Qeyd edilib ki, bəstəkar Azərbaycan folkloruna bağlı insan olub. Qəmbər Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkardır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri vardır. Bəstəkarın 1948-ci ildə qələmə aldığı “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır. Bu hər yaradıcı insana nəsib olmur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov bildirib ki, Qəmbər Hüseynli incəsənətimizdə əfsanəyə dönmüş insanlardandır. Qeyd edib ki, Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən bəstəkar Azərbaycan musiqisinin saflığı naminə çalışıb. Qəmbər Hüseynlinin yaradıcılığının janr baxımından çoxşaxəli olduğu vurğulanaraq bildirilib ki, mahnı, kamera əsərləri, xalq çalğı alətləri üçün musiqilər və digər janrlarda yazdığı əsərlər sənətkara hər zaman şöhrət gətirib.

Sonra tanınmış ifaçılar bəstəkarın «İnsafsızsan sən», «Bulağa gəlsin», «Ay dağlar», «İlk məhəbbət», «Olan oldu», «Tel nazik», «Gülə-gülə», «Ay işığında», «Nə vaxta qaldı» və digər nəğmələrini səsləndiriblər. İfaçıları Gəncə Dövlət Filarmoniyasının «Göygöl» ansamblı müşayiət edib.

*****

Aprelin 22-də Azərbaycan tanınmış bəstəkarı, Əməkdar İncəsənət Xadimi, “Humay” milli mükafatının laureatı, professor Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifasına görə III Beynəlxalq müsabiqəyə yekun vurulub. Qeyd edək ki, bu dəfə bəstəkarın 70 illiyinə həsr olunan görə müsabiqə bundan əvvəl 2009 və 2013-cü illərdə keçirilib. Qeyd edək ki, Qara Qarayevin layiqli davamçısı Azər Dadaşov 100-dən çox əsərin — simfoniyaların, konsertlərin, fortepiano, fleyta və orkestr üçün süitaların, filmlərə yazılmış musiqinin müəllifidir. Bəstəkar yaradıcılığında uşaqlara xüsusi yer ayırıb. O, uşaqlar üçün “Balaca Mukun macəraları” operasını, uşaq xoru üçün mahnılar, pyes və sonatalar və bir çox digər əsərlər yazıb.

Müsabiqənin təşkilat komitəsinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri, respublikanın Xalq Artisti, professor Firəngiz Əlizadə, münsiflər heyətinin sədri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Fərhad Bədəlbəylidir. Münsiflər heyətinə tanınmış ictimai xadimlər daxildir.

III müsabiqə üç mərhələdə keçirilib. İştirakçılar iki yaş qrupuna ayrılıb: birinci qrupda 16 yaşınadək, ikinci qrupda 16 yaşdan yuxarı ifaçılar yer alıb. Müsabiqədə respublikanın bütün musiqi məktəblərinin şagirdləri, habelə Rusiya, Qazaxıstan və Türkiyədən ifaçılar iştirak ediblər. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük salonunda qaliblərin mükafatlandırılması mərasimi və qala-konsert olub. Müsabiqənin qaliblərinə pul mükafatları, diplom və xüsusi mükafatlar, bütün müsabiqə iştirakçılarına xüsusi sertifikatlar təqdim olunub. Musiqi yarışının yekunlarına əsasən, müsabiqə laureatlarının ifasında A.Dadaşovun musiqi pyesləri yazılmış disk buraxılacaq.

*****

Aprelin 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar, Əməkdar İncəsənət Xadimi Ədilə Hüseynzadənin100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Gecədə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəstəkarın zahiri və daxili gözəlliyinin bir-birini tamamladığını, kübarlığı, istedadı, intellekt səviyyəsi ilə hər zaman seçildiyini söyləyib. Bildirib ki, Ədilə Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlib və bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın olub. O, bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb. Bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Bəstəkarın romansları Azərbaycan musiqisinin unudulmaz inciləridir. Firəngiz Əlizadə qeyd edib ki, Ədilə Hüseynzadə Nizami, Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəylinin şerlərinə musiqilər bəstələyib, Rəsul Rzanın şeirlərinə silsilə əsərlər yazıb.

Bəstəkar gözəl səsə malik vokal ustası olub və “Arşın mal alan” filmində Asyanın vokal partiyasını məhz Ədilə Hüseynzadə ifa edib. Firəngiz Əlizadə özünün, Müslüm Maqomayevin, Sevda İbrahimovanın, Elnarə Dadaşovanın məhz Ədilə Hüseynzadənin rəhbərliyi altında sənətdə ilk addımlarını atdıqlarını diqqətə çatdıraraq bəstəkarla bağlı xatirələrini söyləyib. Sonra Azərbaycan Dövlət Televiziyası və Radiosunun Cahangir Cahangirov adına Xoru, Xalq Artisti Uran Seyidov (I violino), vokalçılar — Əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, Anar Şuşalı, habelə Əməkdar Artist Aleksey Miltıx (violonçel) və Soltan Məmmədovanın (II violino) ifasında bəstəkarın “Duyğular” vokal silsiləsindən romansları, “Azərbaycan bayrağı” odası, “Gözəl vətən”, “Ey vətən” və digər musiqiləri səsləndirilib.

*****

Mayın 5-də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirilib. Musiqi Mədəniyyəti Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova tədbiri açaraq qeyd edib ki, Firəngiz Əlizadə ilə görüş muzeyin həyatında böyük hadisədir. A.Bayramova vurğulayıb ki, xalq artisti Azərbaycan musiqisinin inkişafına böyük töhfələr verib, ölkəmizi dünyada tanıdıb, bir sıra nüfuzlu mükafatların laureatıdır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova milli musiqi tariximizə adını yazdıran F.Əlizadənin həyat və yaradıcılığı barədə danışıb. J.Qulamova Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsində olduğu dövrdə F.Əlizadənin bir sıra nüfuzlu beynəlxalq tədbirləri, xüsusilə “İpək yolu” festivalını təşkil etdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, F.Əlizadə aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları üçün möhtəşəm qala-konsertin bədii rəhbəri olub. Həmçinin xalq artisti musiqişünaslıq sahəsində çoxsaylı məqalələrin müəllifidir. Sadalananlardan əlavə, F.Əlizadə istedadlı musiqiçilərin bir neçə nəslini yetişdirən gözəl müəllimdir. O, Berlində də pedaqoji fəaliyyətlə məşğul olub.

Sonra Firəngiz Əlizadənin həyatı və zəngin yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, musiqişünaslar, Bakı Musiqi Akademiyası və Bakıdakı muzeylərin əməkdaşları, habelə xalq artistinin yaradıcılığının pərəstişkarları iştirak ediblər.

*****

Mayın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərləri” adlı elmi konfrans keçirilib. Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin milli musiqimizin inkişafındakı xidmətlərindən söz açıb.

Bildirilib ki, musiqi xəzinəmizdə xüsusi yeri tutan milli və vətənpərvərlik ruhunda bəstələnmiş əsərlər hər zaman Ulu Öndərin diqqət mərkəzində olub. Mədəniyyətimizin inkişafına xüsusi diqqət ayıran Heydər Əliyev musiqi sənətimizin inkişafı istiqamətində mühüm işlər həyata keçirib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hər sahədə olduğu kimi, ölkənin mədəni həyatında da böyük işlər görülüb. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda musiqi, teatr, kino sənəti inkişaf edib. Heydər Əliyev milli mənəvi dəyərlərin qorunması və təbliği üçün misilsiz xidmətlər göstərib.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək Ulu Öndərin milli mədəniyyətimizin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən, bu sahədə çalışan insanlara qayğısından danışıb. S.Fərəcov Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyətinin keçdiyi tarixi inkişaf yolundan söz açaraq onun hər zaman yüksək əzmkarlıq və fədakarlıqla milli musiqimizin inkişafı və tərəqqisi naminə gərgin əməyini xüsusi qeyd edib.

Daha sonra vətənpərvərlik mövzusunda yazılmış əsərlər və gənc bəstəkarlarımızın müvafiq sahədə gördüyü işlər müzakirə olunub. Bildirilib ki, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində addımlar atılmalıdır. Vaxtilə görkəmli bəstəkarlarımızın müraciət elədiyi müvafiq janrları yeniləmək lazımdır. Xüsusən gənc və orta yaşlı bəstəkarlar bu sahədə nəzərəçarpacaq işlər görməlidir. Konfrans çərçivəsində “Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərləri” mövzusunda müzakirələr aparılıb, müxtəlif məruzələr dinlənilib.

*****

Mayın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Müasirlərlə dialoq” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ilə “Ölkəmizin intellektual potensialının inkişafında Heydər Əliyevin rolu” mövzusunda görüş keçirilib. Qonağı salamlayan ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə akademik Akif Əlizadənin elmi fəaliyyətindən söz açıb, ölkəmizdə geologiya elminin inkişafında görkəmli alimin xidmətlərini yüksək dəyərləndirib və rəhbərlik etdiyi qurumun AMEA ilə uzun illərin ənənələrinə söykənən əməkdaşlığından bəhs edib.

Elmlə mədəniyyətin qarşılıqlı əlaqəsindən söz açan F.Əlizadə AMEA-da muğamşünaslıq bölməsinin yaradılmasının hər iki qurum arasında əməkdaşlığın inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirib. O, müxtəlif sahələrdə çalışan alimlərimizin elmi fəaliyyətlərinin öyrənilməsində bu cür görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Akademik A.Əlizadə AMEA-nın, Azərbaycan elminin, mədəniyyətinin və incəsənətinin inkişafında və dünyada təbliğ olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb və bildirib ki, ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Ulu Öndər bu sahələrin hərtərəfli inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb, Azərbaycan elminin dünya elminə inteqrasiyasına böyük önəm verib.

AMEA-nın bugünkü fəaliyyətində müdrik siyasətçi Heydər Əliyevin böyük xidmətlərindən danıçan akademik A.Əlizadə qeyd edib ki, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və elmimizin yeni inkişaf mərhələsi başlanıb: “AMEA-nın inkişafının böyük bir mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Dahi rəhbər Heydər Əliyevin Azərbaycan elminin işıqlı gələcəyinə yönəlmiş ideyaları, amalları bu gün akademiyada müxtəlif sahələrdə uğurla davam etdirilir”.

Akademik diqqətə çatdırıb ki, görkəmli dövlət xadimi hər zaman ölkəmizin intellektual potensialının inkişafına, azərbaycanlı gənclərin xaricdə təhsil almalarına böyük önəm verib. Müdrik rəhbər Heydər Əliyevin uzaqgörən siyasəti və təşəbbüsü ilə çoxlu azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilib. Hazırda bu kadrların əksəriyyəti ölkəmizin müxtəlif dövlət qurumlarında fəaliyyətlərini uğurla davam etdirirlər. “Ulu Öndər ölkəmizdə daim elmin, mədəniyyətin, incəsənətin inkişafına böyük diqqət və qayğı göstərib. Mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq fəxri adlara, yüksək mükafatlara layiq görülüblər”, deyə akademik vurğulayıb.

Akademik A.Əlizadə daha sonar xalq artisti Firəngiz Əlizadənin yaradığılığına da toxunaraq ölkəmizdə və xaricdə Azərbaycan musiqisinin uğurla təmsil olunmasında onun xidmətlərini yüksək dəyərləndirib, bu qurum ilə akademiyanın səmərəli əməkdaşlığını xüsusi qeyd edib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli son illər akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyada müxtəlif sahələrdə aparılan islahatlardan, bu qurumun dünyanın aparıcı elmi müəssisələri ilə beynəlxalq əlaqələrindən söz açıb, Azərbaycan elminin dünyaya inteqrasiyası barədə məlumat verib

İ.Həbibbəyli ABİ-də təşkil olunan, akademiyanın tarixində, onun prezidentləri sırasında ilk dəfə akademik Akif Əlizadə ilə keçirilən bu görüşün əhəmiyyətini xüsusi qeyd edib. AMEA-nın və ölkəmizdə geologiya elminin inkişafında görkəmli alimin xidmətlərini yüksək qiymətlndirib. Müzakirələrlə davam edən görüşdə akademik A.Əlizadə sualları cavablandırıb.

*****

Mayın 13-də Azərbaycan xalqının böyük oğlu dahi bəstəkar, pedoqoq, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Qara Qarayevin xatirəsi yad edilib. Hər il olduğu kimi bu gün də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Sədr Firəngiz Əlizadənin rəhbərliyi ilə dahi bəstəkarimizin məzarı önünə tər gül-çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Mərasim iştirakçıları unudulmaz müəllimləri barədə bağlı xatirələrini bölüşüblər. Mərasim iştirakçıları daha sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin və Vasif Adıgözəlovun məzarlarıını ziyarət edərək xatirələrini hörmətlə yad ediblər.

*****

Mayin 17-də Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində Azərbaycanın xalq artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadəyə həsr olunmuş tədbir keçirildi. Tədbiri muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Şeyla Heydərova açdı. O, Firəngiz xanımın azərbaycan musiqisinin inkişafındakı böyük töhvələrindən, ölkəmizi bütün dünyada tanıdan yaradıcılığından danışdı. Qeyd etdi ki, F.Əlizadənin xidmətləri danılmazdır. O, bir çox nüfuzlu mükafatların və fəxri adların laureatıdır. Bunlara “Azərbaycanın Əməkdar İncəsənət Xadimi”, “Xalq Artisti” fəxri adları, “Şöhrət” ordeni, “UNESCO-nun Sülh artisti” fəxri titulu və başqaları. O həmçinin qeyd etdi ki, Firəngiz xanımın bir çox nüfuzlu festival, konsert, forumların təşkilatçısı və bədii rəhbəri kimi də xidmətləri diqqətə layiqdir.

Şeyla xanım bəstəkarın yaradıcılğından danışaraq onun yaradıcılığının geniş janr diapazonunu, xüsusi ilə onun violonçel əsərlərini – “Habil – Sayağı”, “Aşk Havası”, “Oyan!”, “Yanar dağ” qeyd etdi. “F.Əlizadənin əsərlərində Şərqlə Qərbin sintezi hiss olunur. Ona görə də onun əsrlərini bütün dünyada başa düşür və sevirlər. Firəngiz Əlizadənin ən məşhur əsərlərindən biri, bütün dünyada ifa olunan violonçel üçün orkestrlə konserti – “Mərsiyə” əsəridir. Bu əsər dövlət mükafatına namizəddir”. Ş.Heydərova tədbir iştirakçılarına Firəngiz Əlizadə və M.Rostropoviçin dostluq və yaradıcılıq əlaqələrindən, onun Maestroya həsr etdiyi “Oyan!” əsərindən danışdı.

Daha sonra tamaşaçılara Firəngiz Əlizadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmdən unikal kadrlar nümayiş olundu. Tədbirdə həmçinin professor, Əməkdar İncəsənət xadimi Həcər Babayeva, musiqişünas və jurnalist Raya Abbasova, Əməkdar İncəsənət xadimi, violonçelist Kamal Paşazadə çıxış etdilər. Onların hamısı dahi bəstəkar və tanınmış musiqiçi Firəngiz Əlizadənin öz ölkəsinin bütün dünyada təbliği sahəsindəki töhvəsindən və böyük sənətindən danışdılar. Firəngiz Əlizadəni Azərbaycanın istedadlı bəstəkar — novatoru adlandırırlar. Öz yaradıcılığı ilə gənc və istedadlı nəslin formalaşmasında böyük rolu var.

Tədbirdə iştirak edən qonaqlar arasında səfirliklərin nümayəndələri, muzey və musiqi məktəblərinin direktor və pedaqoji heyyəti, şəhərin musiqi ictimaiyyətinin, rus icmasının nümayəndələri və başqaları da var idi.

*****

Mayın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, musiqişünas, Əməkdar İncəsənət Xadimi, professor Zakir Bağırovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə unudulmaz sənətkarın yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, Zakir Bağırov müxtəlif janrlara müraciət edərək musiqi xəzinəmizi zənginləşdirən əsərlər yazıb. Onun yaradıcılıq irsinə “Aygün”, “Qoca Xottabıç” operaları, “Qaynana”, “Kəndimizin səsi” operettaları, uşaq baleti, fortepiano ilə simfonik orkestr, tar ilə simfonik orkestr, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, film və tamaşalara yazılmış musiqilər daxildir. Görkəmli sənətkarın istedadı “Qaynana” musiqili komediyasında öz parlaq təcəssümünü tapıb.

Diqqətə çatdırılıb ki, Zakir Bağırovun musiqi folklorumuzun toplanması və nota salınması sahəsində də mühüm xidmətləri olub. O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah” muğamlarını nota yazıb və çap etdirib. Vurğulanıb ki, Zakir Bağırovun 1972-ci ildə Səməd Vurğunun eyniadlı əsəri əsasında yaratdığı “Aygün” operası musiqi mədəniyyətimizin gözəl nümunələrindən biri hesab olunur. Həmçinin “Aygün” bədii filminin, “Bərəkətli torpaq”, “Sədaqət yolu ilə”, “Təbiətin dostları”, “Bizim Azərbaycan” və digər sənədli filmlərin musiqisi ona məxsusdur. Daha sonra Niyazi adına 22 nömrəli musiqi məktəbinin şagirdlərinin təqdimatında musiqi nömrələri səsləndirilib.

*****

Mayin 23-25-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda gənc bəstəkarların yeni əsərlərindən ibarət PLENUM keçirilib. Plenum çərçivəsində mayın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında çərçivəsində I konsert proqramı təşkil olunub. Konsertdə gənc bəstəkarların “Rezonans”, trio üçün “Yuxulu nonnakord”, solo konsert üçün “Performing Notes”, violonçel və simli orkestr üçün “Xocalıya ithaf”, piano və simli orkestr üçün “Qarışıq səslərin ahəngi” və başqa əsərləri səsləndirilib.

Mayın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında “Gənc bəstəkarların əsərlərindən ibarət plenum” çərçivəsində təşkil olunan II konsertdə gənc bəstəkarlar İlahə İsrafilova “Mən sevirəm”, “Fikir qanadları”, “Gecələr”, Kamran Nəsirov “Fortepiano üçün pyeslər”, Nərminə Nağıyeva klarnet və fortepiano üçün “The time”, Sevinc Əliyeva “Trio”, Vəfa Bağırzadə simli kvartet üçün “4 pyes”, Cəmilə Əyyubova “Skertso”, Sevda Rəhimova “Küləklər”, “Dağ çiçəkləri” və digər əsərləri səsləndiriblər. Konsert proqramı maraqla qarşılanıb.

Mayın 26-da isə Azərbaycan Bəstəkarlar İttifaqında Gənc Bəstəkarların Plenumu çərçivəsində “dəyirmi masa” keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə plenumun yekunları, onun çərçivəsində keçirilmiş tədbirlər haqqında məlumat verib. Xatırladıb ki, plenumlar hər il keçirilir və müvafiq dövr ərzində həyata keçirilmiş işlər barədə hesabat verməyə imkan yaradır. Qeyd olunub ki, Azərbaycan Bəstəkarlar İttifaqı gənc bəstəkarların fəaliyyətinə xüsusi diqqət ayırır və onları əlaqələndirir. Belə tədbirlər isə gənc bəstəkarlara öz yeni əsərlərini üzə çıxarmaq üçün geniş imkanlar yaradır. F.Əlizadə deyib: “Üç gün ərzində gənc azərbaycanlı bəstəkarların əsərlərinin səsləndiyi plenum çərçivəsində bir sıra konsertlər təşkil olundu”. Konsertləri diqqətlə izlədiyini deyən F.Əlizadə vurğulayıb ki, gənc bəstəkarların öz düşüncələrini musiqinin dili ilə ifadə etməsi, onların əsərlərinin üslubu və janrı maraqlı idi. Qeyd edək ki, plenumda “Baku-Simfonietta” orkestrinin ifasında 13 gənc bəstəkarın əsərləri səsləndirilib. Plenum yeni istedadları – müəllifləri və ifaçıları aşkar etməyə kömək edib.

*****

İyunun 10-da “Multikulturalizm ili” çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına 6 nömrəli onbirillik uşaq incəsənət məktəbinin şagirdləri konsert proqramı ilə çıxış edib. Məktəbin xalq çalğı alətləri orkestrinin müşayiəti ilə təşkil olunan konsertdə Azərbaycan və dünya bəstəkarlarının bir sıra musiqi əsərlərindən nömrələr səsləndirilib. Belə ki, V.Adıgözəlovun “Bayram süitası”, F.Əmirovun “Aşıqsayağı”, T.Quliyevin “Göl qırağında”, A.Məlikovun “İki qəlbin dastanı”, F.Şopenin “Vals”, P.Çaykovskinin “Noktürn”, D.Şostakoviçin “Vals-şutka” və başqa musiqi əsərləri ifa edilib.

*****

İyunun 27-dən iyulun – 1-dək Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatşılığı ilə yurdumuzun dilbər guşələrindən olan qədim Şəki şəhərində VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalın təntənəli açılış mərasimi iyunun 27-də Şəki şəhərindəki Yay teatrında keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Mərasimi festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə açaraq möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq 7-ci dəfədir keçirilən Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını vurğulayıb. Firəngiz Əlizadə deyib: “Bugünkü təntənəli açılışda TÜRKSOY-un səyi ilə 11 türkdilli ölkənin nümayəndələri unudulmaz musiqi bayramında iştirak etməklə, bizim birlik və qardaşlığımızı bir daha musiqi dili ilə dünyaya bəyan edəcəklər. İpək yolunun rəmzi olan incə, həssas, eyni zamanda, möhkəm ipək bağlarla birləşən Yaponiya, Türkiyə, Monqolustan, Qazaxıstan, İran, Rusiya, Azərbaycan və digər ölkələrin musiqiçilərinin ifasında heyrətamiz, rəngarəng və unudulmaz musiqi sədaları festivalımızı bəzəyəcək, Şəkidə özünəməxsus ab-hava yaradacaq”.

TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov Şəkidə ənənəvi olaraq keçirilən “İpək yolu” Beynəlxalq musiqi festivalında iştirak etməyin bu təşkilat üçün çox önəmli olduğunu bildirib. Builki festivalın açılışı kimi fəxri missiyanın TÜRKSOY-a həvalə olunduğunu diqqətə çatdıran qurumun rəhbəri 11 türkdilli ölkənin musiqiçilərini özündə cəmləşdirən xalq çalğı alətləri orkestrinin çıxışının Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının tarixində dərin iz buraxacağını vurğulayıb. Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının əlamətdar bir dövrə təsadüf etdiyini vurğulayıb. Qeyd olunub ki, ötən il Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət və qayğı göstərildiyini vurğulayan Elxan Usubov cari ilin yanvarında Prezident İlham Əliyev tərəfindən Şəkinin tarixi hissəsinin qorunması ilə bağlı imzalanan Sərəncamın əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda şəhərin bir hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində də lazımi iş aparılır.

İcra hakimiyyətinin başçısı vurğulayıb ki, şübhəsiz Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini daha da artıracaq, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq istiqamətində mühüm rol oynayacaq. Rəsmi hissədən sonra TÜRKSOY-un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestri və türkdilli ölkələrin solistləri geniş konsert proqramı ilə çıxış ediblər. Orkestrin bədii rəhbəri və dirijoru Qazaxıstanın tanınmış musiqiçisi Marat Jalbirovdur.

TÜRKSOY-un Baş Katibliyinin təşəbbüsü ilə yaranan və üzv ölkələrin musiqiçiləri ilə təmsil olunan bu Orkestrin heyəti Türk Dünyası etnik xalq çalğı alətlərinin ifaçılarından ibarətdir. Türk xalqlarına məxsus ənənəvi musiqini dombra, bağlama, kobiz, tar, kuray, ney, qaval, ağız qopuzu, yetigen və qanun kimi alətlərdə ifa edən orkestr ilk dəfə 2016-cı ilin martında beynəlxalq Novruz bayramı tədbirləri çərçivəsində Ankara, İstanbul, Nyu-York və Vaşinqtonda konsertlər verib. Orkestrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Qaqauz (Moldova), Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikaları və Monqolustan kimi ölkələrdən peşəkar musiqiçilər, müğənnilər və rəqqaslar yer alıb. Orkestrin çıxışı və solistlərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi – festivalın simvolu təqdim olunub.

*****

İyunun 28-də Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının ikinci günü axşam saatlarında musiqisevərlər Türkiyədən gəlmiş daha bir kollektivin – İstanbul Şəhər Bələdiyyəsinin Anadolu Türk Xalq Mahnı və Rəqs Ansamblının çıxışını izləyiblər. Yay teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının və TÜRKSOY-un rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.

Konsertin əvvəlində Anadolu Türk Xalq Mahnı və Rəqs Ansamblının festivaldakı iştirakını təşkil edən “Türk Ocaqları” Dərnəyi İstanbul Şöbəsinin rəhbəri Cezmi Bayram çıxış edərək, təşkilatın və ansamblın fəaliyyəti barədə qısa məlumat verib. Diqqətə çatdırılıb ki, “Türk Ocaqları” 1912-ci ildə Osmanlı dövlətinin o zamankı böyük dövlətlərlə iqtisadi və mədəni əlaqələrinin, eləcə də türk millətinin yüksəlməsi, türkdilli xalqların yaxınlaşması nəticəsində yaranıb. Təşkilatın təsisçiləri arasında Azərbaycandan Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu və başqalarının adlarına rast gəlmək olar. Bildirilib ki, “Türk Ocaqları” bir təşkilat kimi, artıq 104 ildir ki, fəaliyyətini davam etdirir və türk dünyasında mədəni əlaqələrin inkişafına xidmət edir.

“İpək yolu” Beynəlxalq musiqi festivalında ilk dəfə iştirak edən türk xalq mahnı ansamblının solistlərinin türk və Azərbaycan dillərində ifa etdikləri bəstəkar və xalq mahnıları, rəqs ansamblı üzvlərinin təqdim etdikləri şux və oynaq rəqslər Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

*****

İyunun 29-da günorta saatlarında Şəki xanları sarayının həyətində Yaponiyanın “Va-Liqa” musiqi ansamblının konserti olub. Konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının, TÜRKSOY-un, Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmiləri, musiqisevərlər iştirak ediblər. Konsertə başlamazdan əvvəl Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi çıxış edərək, Şəki şəhərində keçirilən musiqi festivalında iştirak etməkdən qürur duyduğunu bildirib. Vurğulanıb ki, Azərbaycanın qədim tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayında yapon musiqiçilərinin konsertinin gerçəkləşməsi çox əlamətdardır. Diqqətə çatdırılıb ki, tamaşaçılar qarşısında çıxış edəcək “Va-Liqa” ansamblı Yaponiyanın ənənəvi musiqi və mədəniyyət janrının xaricdə təbliği ilə məşğuldur. Ansamblın 2014-cü və 2015-ci illərdə Bakı və İsmayıllı şəhərlərindəki konsertləri Azərbaycan tamaşaçıları tərəfindən yüksək qiymətləndirilib.

Yaponiya səfiri iki ölkə arasında mədəni əlaqələrin musiqi və incəsənət vasitəsi ilə daha da möhkəmlənəcəyinə əminliyini bildirib. Sonra “Va-Liqa” musiqi ansamblının üzvləri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Ansamblın üzvləri Hanavaçie, Omodaka Akiko, Yamada Miçiko və Kasai Hiroyukinin ənənəvi yapon musiqi alətləri olan tsuqaru şamisen, şinobue, vadaiko və zərb alətlərində təqdim etdikləri ifalar, həmçinin Azərbaycan muğamının ifa tərzinə bənzər Yaponiyanın minyo musiqisi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsertin sonunda ansamblın üzvlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

*****

İyulun 29-da musiqisevərlər Yay teatrında Gəncə Dövlət Filarmoniyasının konsertini izləmək imkanı əldə ediblər. Yay teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının, TÜRKSOY-un rəsmiləri, musiqisevərlər iştirak ediblər. Konsertə başlamazdan əvvəl iyunun 28-də İstanbulun Atatürk Hava Limanında dəhşətli terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Diqqətə çatdırılıb ki, qardaş ölkədə baş vermiş faciə ilə əlaqədar bugünkü konsert bütünlüklə faciədə həlak olanların xatirəsinə həsr olunub. Konsertin proqramına yalnız lirik və vətənpərvərlik ruhunda mahnılar daxil edilib.

*****

İyunun 30-da axşam qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində İranın “Təbriz” İnstrumental ansamblının konserti olub. Konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər. Konsertin əvvəlində məlumat verilib ki, “İpək yolu” festivalında ilk dəfədir iştirak edən “Təbriz” instrumental ansamblı 15 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində ansambl İran İslam Respublikasının müxtəlif bölgələrində uğurla çıxış edib, tamaşaçı rəğbətini qazanıb. Ansambl uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvi ilə əməkdaşlıq edir. İranda keçirilən müxtəlif festivalların və müsabiqələrin laureatı olan Ramin Qəznəvi instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Danimarka, Türkiyədə konsert proqramları ilə çıxış edib. “Sizə salam gətirmişəm” mahnısı ilə başlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

*****

İyunun 30-da Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı çərçivəsində Şəki Xan Sarayında “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı və “Zirvə” instrumental ansamblının konserti olub. Tədbiri festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açaraq “İpək yolu” Beynəlxalq musiqi festivalı tarixində ilk dəfə yeni kitabların təqdimatının keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Səadət Təhmirazqızının müəllifi olduğu “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarında Şəkinin tarixi, mədəniyyəti, folkloru və ifaçıları haqqında ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Səadət Təhmirazqızı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. O, musiqişünas kimi milli və professional musiqinin təbliği və tədqiqi ilə məşğuldur. Təqdimat mərasimində çıxış edən TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı artıq yeddinci dəfədir keçirilən Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının proqramının ildən-ilə zənginləşdiyini, daha da maraqlı olduğunu vurğulayıb. Müəllif Səadət Təhmirazqızı çıxış edərək, belə bir mötəbər musiqi bayramında kitablarının təqdimatının keçirilməsinə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib. Sonra tədbir iştirakçıları Şəkinin “Zirvə” instrumental ansamblının konsertini izləyiblər.

Ansamblın solistlərinin təqdim etdikləri bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.

*****

İyunun 30-da axşam festival çərçivəsində axşam qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində İranın “Təbriz” İnstrumental ansamblının konserti olub. Konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.

Konsertin əvvəlində məlumat verilib ki, “İpək yolu” festivalında ilk dəfədir iştirak edən “Təbriz” instrumental ansamblı 15 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində ansambl İran İslam Respublikasının müxtəlif bölgələrində uğurla çıxış edib, tamaşaçı rəğbətini qazanıb. Ansambl uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvi ilə əməkdaşlıq edir. İranda keçirilən müxtəlif festivalların və müsabiqələrin laureatı olan Ramin Qəznəvi instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Danimarka, Türkiyədə konsert proqramları ilə çıxış edib. “Sizə salam gətirmişəm” mahnısı ilə başlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

*****

İyulun 1-də XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki Xan sarayının həyətində Azərbaycan Respublikasının Xalq Artisti, professor Ağaverdi Paşayevlə görüş olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunan qonaqlar və musiqisevərlər iştirak ediblər. Bildirilib ki, bugünkü tədbir Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Xalq Çalğı Alətləri Orkestrinin 80 illiyinə həsr olunub.

Məlumat verilib ki, Ağaverdi Paşayev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1978-ci ildə Konservatoriyada pedaqoji fəaliyyətə başlayıb. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu” kafedrasının müdiri və professoru vəzifəsində çalışır. O, 2002-ci ildən Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, həmçinin kollektivin nəzdində yaradılmış Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Diqqətə çatdırılıb ki, Azərbaycanın Xalq Artisti İran İslam Respublikasında Beynəlxalq “Qızıl Cəng” mükafatına, həmçinin “Humay” milli mükafatına layiq görülüb.

Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Ağaverdi Paşayevin həyat və yaradıcılığından bəhs edən “Sənətə bağlı ömür” kitabının müəllifi Səadət Təhmirazqızı və TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı çıxış edərək, görkəmli sənət adamının Azərbaycan musiqisinin inkişafı və təbliğindəki xidmətlərindən danışıblar. Vurğulanıb ki, Ağaverdi Paşayev xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, Azərbaycan mədəniyyət günlərində ölkəmizi layiqincə təmsil edir. Professor Ağaverdi Paşayev çıxış edərək, belə bir mötəbər festivalda növbəti dəfə iştirak etməyindən məmnun qaldığını bildirib. Sonra Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında qısa konsert proqramı ilə çıxış edib.

*****

İyulun 1-də Şəki şəhərindəki Yay teatrında Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının təntənəli bağlanış mərasimi olub. Tədbirdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Kollektivin bədii rəhbəri və baş dirijoru Xalq Artisti, professor Ağaverdi Paşayevdir. Festivalın yekun konsertinin proqramına Üzeyir Hacıbəylinin “Çahargah fantaziyası”, “Koroğlu” operasından “Qızlar rəqsi”, “Cəngi”, Tofiq Quliyevin “Qaytağı”, Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamından fraqment, Hacı Xanməmmədovun Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Yenə o bağ olaydı” və digər bəstəkar mahnıları, rəqslər daxil edilib.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə çıxış edərək festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə şəhər rəhbərliyinə, şəkililərə təşəkkürünü bildirib. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov “İpək yolu” Beynəlxalq musiqi festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib. Sonda kollektivin bədii rəhbəri və dirijoru, Xalq Artisti Ağaverdi Paşayevə və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub. Bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

*****

Sentyabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Musiqi sülhə səsləyir” adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Beynəlxalq Sülh Günü münasibətilə “Sülh aylığı” çərçivəsində baş tutub. Tədbir çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasovla görüş keçirilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan bəstəkarlarının əsərlərində sülh mövzusuna hər zaman önəm verilib.

Qeyd olunub ki, ümumbəşəri mövzuları insanların diqqətinə çatdırmağı bacaran bəstəkarlarımızın əsərlərində insanpərvərlik, humanizm, insan haqları və azadlıqları ideyaları xüsusi yer tutur. Bu baxımdan bəstəkarlarımızın gördüyü işlər dünyada tanınaraq qəbul olunur. Tədbirdə çıxış edən Cəlal Abbasov sülh mövzusunda yazdığı musiqi əsərləri haqqında fikirlərini bölüşüb. Bu mövzuya müraciət etməsinin səbəblərindən söz açan bəstəkar yaradıcılıq planlarından da danışıb. Tədbirdə Cəlal Abbasovun Birləşmiş Millətlər Təşkilatının (BMT) mükafatına layiq görülmüş “İf İ could see you again…” adlı IV simfoniyasının videoyazısı və “Sülhün səsi” adlı III simfoniyasından videofraqment nümayiş olunub. Həmçinin Əməkdar Artist Fəridə Məmmədova və İlahə Sadıxzadənin ifasında sülh mövzularına həsr olunmuş müxtəlif musiqi nömrələri səsləndirilib.

Daha sonra bəstəkar tədbir iştirakçılarının suallarını cavablandırıb. Qeyd edək ki, Cəlal Abbasov, həm də BMT-nin “Ümumdünya İnsan Hüquqları” Bəyannaməsinin 50 illiyinə həsr olunmuş müsabiqənin qalibidir.

*****

Sentyabrın 20-də Muzey Mərkəzdə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirilib. Qeyd edək ki, kataloq Azərbaycan Bəstəkarlar İttifaqının “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş broşürlər üzrə hazırlanıb. Tədbirdə çıxış edən layihənin koordinatoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova broşürün əhəmiyyətindən söz açıb. O qeyd edib ki, bu ideya bir neçə il əvvəl yaranıb. Layihə əsasında indiyə kimi 34 broşür hazırlanaraq çap edilib. Təqdim olunan broşürlərdə təkcə klassiklər deyil, bu gün yazıb-yaradan bəstəkarlar və musiqişünaslar haqqında məlumatlar yer alıb. Layihənin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdıran natiq hazırda 18 broşürün də çapa hazırlandığını vurğulayıb.

Bildirilib ki, broşürlərdə Əşrəf Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, Emin Sabitoğlu , İsmayıl Hacıbəyov, Dadaş Dadaşov, Faiq Sücəddinov, Zemfira Səfərova, Rəna Məmmədova və digərləri haqqında məlumatlar yer alıb. “Şərq-Qərb” nəşriyyatında çap olunmuş bu broşürlərdə bəstəkar və musiqişünaslarımız haqqında oxuculara geniş məlumatlar verilir. Bu gün onlar tədris üçün də böyük əhəmiyyətə malikdir. Layihə üzrə hazırlanmış elektron kataloqun müəllifi, “Musiqi dünyası” jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi, professor Tariyel Məmmədov bildirib ki, kataloqda broşürlərdəki məlumatlarla yanaşı, bəstəkar və musiqişünasların əsərləri də yer alıb. Qeyd olunub ki, elektron kataloqa gələcəkdə hazırlanacaq broşürlər üzrə məlumatlar da daxil ediləcək. Daha sonra kataloq tədbir iştirakçılarına təqdim edilib.

*****

Sentyabrın-…-də Azərbaycan Bəstəkarlarn İttifaqının Sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Sant Peterburqda keçirilən Andrey Petrov adına Bəstəkarların Beynəlxalq müsabiqəsinin münsiflər heyətinə başçılıq edib. Filarmoniyasının Böyük zalında baş tutan bağlanış mərasimində çıxış edən F. Əlizadə Rusiya və Azərbaycan arasında dərin köklərə malik, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi korifeylərin böyük əməyinə söykənən dostluğun əhəmiyyətindən danişıb. “Bu gün biz – Şostakoviçin sevimli tələbələri olan Qara Qarayevin və Cövdət Hacıyevin tələbələri xalqlarımız arasında mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində apardığımız işlərdə onların ideyalarına və nailiyyətlərinə söykənirik”, — deyə F.Əlizadə qeyd edib.

Məlum olduğu kimi, Firəngiz Əlizadə dəfələrlə San-Dieqo (ABŞ), Praqa (Çexiya), Auqsburq (Almaniya), Zalsburq (Avstriya) və başqa-başqa ölkələrdə keçirilən bəstəkarların, həmçinin pianoçuların çoxsaylı beynəlxalq müsabiqələrinin münsiflər heyətinə dəvət edilib. O cümlədən, Firəngiz xanım artıq ikinci dəfədir ki, Rusiya Mədəniyyət Nazirliyinin , Sankt-Peterburq Hökumətinin Mədəniyyət Komitəsinin və A.P.Petrov Fondunun birgə keçirdiyi Rusiyada böyük nüfuza malik, həmçinin bəstəkarlar arasında keçirilən yeganə beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri olur. Müsabiqənin münsiflər heyəti isə A.Knayfel, L.Desyatnikov, P.Karmanov, D. Yanov-Yanovskiy, A.Karalyov və İ.Drux kimi məşhur bəstəkarlardan təşkil olunmuşdu. Yeri gəlmişkən, İqor Drux «Betelqeyze» əsəriylə sözügedən müsabiqənin qalibidir.

10-cu yubiley müsabiqəyə 12 ölkədən 108 partitura göndərilmişdi ki, onların arasından simfonik musiqi üzrə laureat adına “Vulkan» simfonik –lövhəsiylə İsveç bəstəkarı David Ribe, “İnfiniti” əsəri ilə kanadalı Nurulla Xoca, həmçinin «Palladium» fortepiano konsertiylə Sankt-Peterburqdan Artur Vavel layiq görüldülər. Müsabiqənin laureatlarının əsərləri Dövlət Filarmoniyasının Böyük Zalında məşhur dirijor, Rusiyanın Əməkdar İncəsənət xadimi Arkadi Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestrinin müşayəti ilə ifa olundu. Finalçıların əsərlərindən başqa orkestrin musiqiçiləri A.Petrovun «Dünyanın yaranması» baletindən süitanı, həmçinin F.Əlizadənin «Nağıllar» simfonik poemasını ifa etməklə dinləyicilərin zövqünü oxşadılar. Tamaşaçılar bəstəkar Firəngiz Əlizadəni böyük coşqu ilə salamlayıb, onun gözəl musiqisindən, həmçinin başçılıq etdiyi münsiflər heyətinin işindən böyük məmnunluq duyduqlarını bildirdilər.

Bu arada qeyd etmək yerinə düşər ki, F.Əlizadənin musiqisi Üzeyir Hacıbəyli adına VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Dövlət Filarmoniyasında keçirilən konsertlərdə Əməkdar artist Ramil Qasımovun rəhbərlik etdiyi Azərbaycan Televiziyasının Niyazi adına Orkestrinin, Əməkdar artist Gülnaz Ismayilovanın və həmçinin Kamera və Orqan Zalında Almaniyadan gəlmiş orqan ifaçısı Rəna İsmayılovanın ifasında səsləndirildi. O cümlədən, pianoçu Nərgiz Əliyarova bəstəkarın «Music for Piano» əsərini isə festival çəçivəsində Muğam Mərkəzində keçiriləcək konsertdə ifa edəcək.

*****

Oktyabrın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında İttifaqın katibliyinin iclasında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının Sədri olmuş, unudulmaz Tofiq Quliyevin xatirəsi yad edilib. İclaşda iştirak edən Azərbaycan Bəstəkarlar İttifqının sədri xalq artisti Firəngiz Əlizadə, həmçinin tanınmış bəstəkar xalq artisti Tofiq Bakıxanov, o cümlədən ittifaqın katibləri Əməkdar İncəsənət Xadimləri, professor Zemfira Qafarova, professor Cəlal Abbasov Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfələr bəxş etmiş görkəmli bəstəkarımız haqqında öz xatirələrini bölüşüblər.

*****

Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar, Əməkdar Müəllim, professor Oqtay Rəcəbovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb. Bildirilib ki, O.Rəcəbov Azərbaycan musiqi mədəniyyətində yorulmaz fəaliyyəti ilə hər zaman rəğbət qazanıb. Sənətkarın Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olduğunu deyən F.Əlizadə onun yaradıcılığında bir-birindən gözəl, yaddaqalan musiqilərin yer aldığını qeyd edib.

F.Əlizadə bildirib ki, böyük Azərbaycan bəstəkarı, görkəmli ictimai xadim Tofiq Quliyevin vaxtilə onun haqqında dediyi “Oqtay Rəcəbov təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın Kobalevskisidir”, — fikri özlüyündə çox böyük məna daşıyır. O.Rəcəbovun bəstələri ölkəmizin görkəmli sənətkarlarının ifasında populyarlaşaraq hər zaman dinləyicilərin zövqünü oxşayıb. Onun müxtəlif mövzularda qələmə aldığı 400-dən çox əsər Azərbaycan bəstəkarlarının mahnı antologiyasını zənginləşdirməkdə mühüm rol oynayıb. O.Rəcəbov bir bəstəkar kimi yaradıcılığa başladığı ilk vaxtlardan irihəcmli vokal və instrumental əsərləri qələmə almağa da xüsusi diqqət yetirib. O, 3 uşaq operasının, 2 operettanın, 6 simfoniyanın, müxtəlif janrlı vokal-instrumental əsərlərin, 17 filmin musiqi müəllifidir.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov bəstəkarın çoxşaxəli yaradıcılığı ilə yanaşı, onun yaradıcılığının mühüm istiqamətlərindən sayılan pedaqoji fəaliyyətindən söz açıb. Vurğulanıb ki, daim yaradıcılıq axtarışında olan O.Rəcəbov Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. Sənətkarın yaradıcılığı Azərbaycan bəstəkarlarının mahnı antologiyasını zənginləşdirməkdə xüsusi əhəmiyyət daşıyır. Daha sonra tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə bəstəkarın əsərlərindən ibarət musiqi kompozisiyalarının səsləndirilməsi ilə davam edib.

*****

Oktyabrın 14-də Bəstəkarlar İttifaqında “Azərbaycan mədəniyyətində və incəsənətində multikulturalizm” adlı tədbir keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Belə tədbirlərin Azərbaycanda multikultural mühitin inkişafının göstəricisi olduğunu söyləyən F.Əlizadə “Multikulturalizm ili” çərçivəsində keçirilən silsilə tədbirlərdən söz açıb. Deyib ki, bu gün Azərbaycan multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini özünə cəlb edir və bu dəyər mədəniyyətimizin cövhəri kimi dünyada tanınır. “Hazırda beynəlxalq aləmdə etnos və din anlayışı sözügedən dəyərlərin əsas meyarlarındandır. Bu gün ölkəmizdə multikultural mühit həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahələrində də özünü göstərir. Bütün bunlar bizim üçün fəxr olunası hadisədir”, — deyə Bəstəkarlar İttifaqının sədri bildirib.

Multikulturalizmin və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olduğunu vurğulayan Xalq Artisti sözügedən dəyərlərin bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrildiyini nəzərə çatdırıb. Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev qeyd edib ki, multikulturalizm ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların harmonik şəkildə yaşayışının bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin multikulturalizmi dövlət siyasəti elan etdiyini söyləyən K.Abdullayev diqqətə çatdırıb ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələrinə humanist münasibət aşılayan konstitusion hüquq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Burada müxtəlif maddələr — bərabərlik, dil, din və müxtəlif konfessiyalarda olma hüququ Ümummilli Liderin göstərişi və təkidi ilə konstitusiyamızda öz əksini tapıb. Bütün bunların nəticəsi olaraq milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycan dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı kimi tanınır.

Bir sıra xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu söyləyən Dövlət müşaviri bildirib ki, Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, ictimai-siyasi vəziyyətinin, bir sözlə ölkəmizlə bağlı bütün həqiqətlərin öyrənilməsində bu fənnin əhəmiyyəti olduqca böyükdür. Vurğulanıb ki, multikulturalizm fənni müvafiq universitetlərdə bir və üç semestr boyu tədris olunur. “Bu gün multikulturalizm fənni Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Gürcüstanın İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, Rusiyanın Ural Federal Universitetində, Litva Pedaqoji Universitetində, Çexiyanın Praqa Karl Universitetində, İtaliyanın Roma Sapienza Universitetində, Belarus Dövlət Universitetində, Portuqaliyanın Lusafona Universitetində, Almaniyanın Ausburq Universitetində, İsveçrənin Frayburq Universitetində və Türkiyənin Sakarya Universitetində tədris olunur. Bununla yanaşı, müxtəlif ali təhsil ocaqlarından bizə bu fənnin tədrisi ilə bağlı müraciətlər daxil olub. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Xarici ali təhsil ocaqlarına azərbaycanlı müəllimləri də göndərmək fikrindəyik. İstər mədəniyyət və incəsənət sahəsində dərs deyən müəllimlər, istərsə də digər sahələrdə ixtisaslaşan mütəxəssislər olsun, biz hər zaman onlara xarici ali təhsil ocaqlarında bu fənni tədris etmək üçün lazımi köməklik göstərə bilərik. Fəaliyyətimizi bu yöndə qururuq”, — deyə K.Abdullayev bildirib.

Nəzərə çatdırılıb ki, sülh və dostluq şəraitində yaşamın dünya üçün yeni modeli olan Azərbaycan multikulturalizmi xarici ölkələrdə təkcə universitetlərdə deyil, eyni zamanda müxtəlif təşkilatlarda kollokviumlar, seminarlar, “dəyirmi masa”lar formatında da təqdim olunur. Sonra tədbirdə sözügedən mövzu ətrafında fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

*****

Oktyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqında “Oazis” simli kvarteti konsert proqramı ilə çıxış edib. Konsert ittifaqın təşkilatçılığı ilə, “Multikulturalizm ili” çərçivəsində keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov konsertin əhəmiyyətindən və simli kvartetin fəaliyyətindən danışıb. Vurğulanıb ki, kvartet Bəstəkarlar İttifaqının təşəbbüsü ilə 2010-cu ildə yaradılıb. Cavad Tağızadənin rəhbərliyi ilə yaradılmış kvartet müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak edərək dünyanın tanınmış mütəxəssislərdən ustad dərsləri alıb. Musiqiçilər Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərlərini ustalıqla ifa edirlər. Konsertdə Cavad Tağızadə (I violin), Samir Əsədov (II violin), Anar Əliyev (viola) və Əyyub Əliyevin (violonçel) ifasında Q.Qarayevin “Simli kvartet”i, B.Bartokun 2 violin üçün “Miniatürlər” və A. Rzayevin ”Simli kvartet” əsərləri səsləndirilib.

*****

Noyabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Həsənağa Adıgözəlzadənin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimiz tarixində xidmətlərindən danışıb. Bildirilib ki, ziyalı ailəsində dünyaya göz açan Həsənağa Adıgözəlzadə çox erkən yaşlarından musiqi ilə məşğul olub. İlk musiqi təhsilini skripka üzrə alıb. O, istedadını zəhməti ilə birləşdirərək Azərbaycan bəstəkarlıq məktəbində öz yerini tutub. Qeyd edilib ki, Həsənağa Adıgözəlzadə bəstəkarlığa hələ Bülbül adına orta ixtisas musiqi məktəbində başlayıb. O, fortepiano üçün xırda pyeslər yazıb və unudulmaz bəstəkar Emin Sabitoğlunun məsləhətlərindən xeyli faydalanıb. Musiqi məktəbini bitirdikdən sonra Həsənağa Adıgözəlzadə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) qəbul olunub. O, iki dahi bəstəkardan – Qara Qarayev və Cövdət Hacıyevdən sənətin sirlərini öyrənib.

Vurğulanıb ki, bəstəkar öz yaradıcılığında musiqinin müxtəlif janrlarına müraciət edir. Həsənağa Adıgözəlzadə bir sıra simfoniyalar, o cümlədən “Azərbaycan” və “Bursa” kantataları, xor və kamera-instrumental miniatürlər, nəfəsli alətlər üçün kvintet və süita, marşlar, mahnılar, romanslar müəllifi kimi tanınır. O, bir çox teatr tamaşalarına musiqi bəstələyib, xalq çalğı alətləri üçün əsərlər yazıb. Həsənağa Adıgözəlzadə təkcə bəstəkarlıq fəaliyyəti ilə deyil, həm də ictimai fəaliyyəti ilə seçilən sənətkarlardandır. Gecədə Həsənağa Adıgözəlzadəyə Azərbaycan Bəstəkarlar İttifaqının fəxri diplomu təqdim edilib. Yubiley tədbirində bəstəkarın “Yaylaq” fortepiano silsiləsi, “Bəyaz lalə” romansı, “Dahi sənətkar Əli Dədəyə xatirə” kvinteti, “Bursa” və “Azərbaycan” kantataları, “Cəlalı var”, “Bahar şərqisi”, “Nə vecinə”, “Azərbaycanım” və digər əsərləri səsləndirilib. Musiqi əsərlərini Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, o cümlədən IV Zaqafqaziya müsabiqəsinin laureatı Yulduz Aslanova, Əməkdar artistlər Zemfira İsmayılova, Ehtiram Hüseynov, Fərid Əliyev və digər solistlər ifa ediblər.

*****

Noyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Bakıxanovun müəllif konserti keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova Tofiq Bakıxanovun həyat və yaradıcılığından söhbət açıb. O, bəstəkarın musiqinin bütün janrlarında əsərlər yazdığını bildirib. Tofiq Bakıxanov yaradıcılığının böyük hissəsini kamera instrumental əsərlər təşkil etdiyini söyləyən Zemfira Qafarova deyib ki, bəstəkar bu janrda yaddaqalan əsərlər yaradıb. Konsertdə Azərbaycan Dövlət Simli Kvartetinin ifasında bəstəkarın bir sıra əsərləri dinlənilib.

*****

Dekabrın 8-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında tanınmış bəstəkar Sərdar Fərəcovun müəllif konserti təşkil olunub. Konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. Əvvəlcə Azərbaycan Bəstəkarlıq İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcovun yaradıcılığı haqqında məlumat verilib, onun yaratdığı musiqi nümunələrinin özünəməxsusluğundan danışılıb. Daha sonra Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universitetinin kamera orkestri çıxış edib. Konsertdə gənc ifaçılar Fəridə Məmmədova, Sevinc Kərimova, Sevda Həsənova, İnci Azmanlı və Töhfə Əliyeva bəstəkarın tar və orkestr üçün yazdığı “Qarabağ”, “Rondeletto”, o cümlədən “Vals”, “Türk rəqsi” və başqa musiqi kompozisiyalarını səsləndiriblər. Konsertdə Dövlət Simli Kvartetinin ifasında da müxtəlif musiqi əsərləri dinlənilib.

*****

Dekabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, professor Azər Dadaşovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək bəstəkarın yaradıcılığından danışıb. Vurğulanıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən olan Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevin tələbəsi olub. O, zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına, təbliğinə mühüm töhfələr verib. Bəstəkar 10 simfoniyanın, neçə-neçə digər janrlarda yazılmış musiqi əsərinin, o cümlədən 20-dən çox filmə yazılmış bəstənin müəllifidir. Azər Dadaşovun özünəməxsus yaradıcılıq yolundan söz açan natiq deyib ki, onun əsərləri dünyanın bir sıra nüfuzlu orkestrləri tərəfindən ifa olunur. F.Əlizadə bəstəkarı təbrik edib, ona yeni-yeni nailiyyətlər arzulayıb. Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın “Azər Dadaşov Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümunəsi kimi” adlı məruzəsi dinlənilib. Bəstəkarın yaradıcılığını yüksək qiymətləndirən Z.Qafarova onun yazdığı bütün musiqi əsərlərinin orijinallığı haqqında fikirlərini bölüşüb.

Tədbirdə Azər Dadaşovun həyat yolu və yaradıcılığından bəhs edən məruzələr dinlənilib. Sonda Azər Dadaşov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Konsert proqramı ilə davam edən tədbirdə Bakıda fəaliyyət göstərən bir sıra 11 illik musiqi məktəblərinin şagirdlərinin ifasında Azər Dadaşovun yazdığı musiqi əsərləri dinlənilib.

*****

Dekabrın 27-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bəstəkarlarımızın fortepiano üçün yazılmış əsərlərindən ibarət konsert keçirilib. Konsert 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək bəstəkarlarımızın fortepiano üçün yazılmış əsərlərindən söz açıb. Bildirib ki, hazırda istedadlı gənclərimiz Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrinə sadiq qalaraq öz yaradıcılıqları ilə musiqi xəzinəmizə yeni töhfələr verirlər. Konsertdə beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli, Tofiq Şıxıyev və Zakir Əsədovun ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Aqşin Əlizadə, Cövdət Hacıyev, Ayaz Qəmbərli və digər bəstəkarların əsərləri səslənib.

*****

Dekabrın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə tanınmış bəstəkar və dirijor, Xalq artisti, professor Yaşar İmanovun müəllif konserti keçirilib.
Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, BMA-nın professoru Zemfira Qafarova Yaşar İmanovun yaradıcılığından danışıb.
Bildirilib ki, Y.İmanov Asəf Zeynallı adına Musiqi Texnikumunu və P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının “Hərbi dirijorlar” fakültəsini bitirib. 1994-1998-ci illərdə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifələrində çalışıb, 1998-ci ildən Niyazi adına Azərbaycan Radio və Televiziyasının simfonik orkestrinin bədii rəhbəri və baş dirijorudur. 
   Konsertdə Azərbaycan Dövlət Simli Kvartetinin müşayiəti ilə bəstəkarın “Təntənəli marş”, “Bu sevgi”, “Ölümünlə yol açdın”, “Halal olsun”, “Poema”, “Lirik vals”, “Tokkata” və digər musiqi kompozisiyaları ifa olunub.

*****

Dekabrın 29-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru İmruz Əfəndiyevanın anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilib. ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə İmruz Əfəndiyevanın yaradıcılığından söhbət açıb. Onun öz məhsuldar yaradıcılığı, musiqi aləmində fəal iştirakı və pedaqoji fəaliyyəti ilə hamının sevimlisinə çevrildiyini bildirib. Xalq Artisti görkəmli alim, musiqişünas və pedaqoq İ.Əfəndiyevanı yubileyi münasibətilə təbrik edərək, ona rəhbərlik etdiyi qurum adından Fəxri diplom verib.

Tədbirdə Xalq Artisti Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimləri Cəlal Abbasov, Həcər Babayeva, BMA-nın professorları Səadət Seyidova, Ceyran Mahmudova və başqaları İmruz Əfəndiyevanı musiqimizin yorulmaz təbliğatçısı adlandırıblar. Onun BMA-dakı fəaliyyətini yüksək dəyərləndirərək bir çox görkəmli musiqi xadimlərimiz haqqında kitablar, dövri mətbuatda məqalələrlə çıxış etdiyini bildiriblər. Vurğulanıb ki, öz fəaliyyəti ilə müasir musiqi nəzəriyyəsinə gözəl incilər bəxş etməklə yanaşı, İ.Əfəndiyeva müəllimi Xalq Artisti, professor Vasif Adıgözəlov, bəstəkar Telman Hacıyev və başqalarına monumental kitablar da həsr edib. Bildirilib ki, onun yazdığı musiqi dərslikləri və nəzəriyyələr gənc musiqiçilərin yetişməsində böyük rol oynayıb. Görkəmli musiqi xadimi haqqında isə Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə M.F.Axundzadə adına Milli Kitabxananın təşəbbüsü ilə “Musiqidə keçən ömür” (biblioqrafik göstərici) kitabı nəşr edilib.

Tədbir çərçivəsində yubilyarın yenicə çapdan çıxan “Musiqi mədəniyyətimiz və müasirlik” adlı kitabının da təqdimatı keçirilib. Bildirilib ki, kitabda müəllifin atasına, anasına və müasirləri olan musiqi xadimlərinə həsr etdiyi məqalələr toplanıb. Kitabın elmi redaktoru Əməkdar İncəsənət Xadimi Gülnaz Abdullazadədir. İmruz Əfəndiyeva onun sənətinə, yaradıcılığına göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Sonda Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının seçilmiş əsərlərindən ibarət kompozisiya təqdim olunub.

2015

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub.
Librettosu “ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevaya məxsus olan opera Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəvi hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Xəyanət və hiylə ilə qonaqpərvər diyara gələn şər qüvvələr zorakılıqla səfalı bir diyarı viran qoyur, insanları amansızcasına qətlə yetirir, doğma yurd-yuvalarından didərgin salırlar. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin taleyində izlənilir.
Quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əyyub Quliyev olan tamaşada rolları xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Əkrəm Poladov, Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova və digərləri ifa ediblər.

*****

Yanvarın 21-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 25-ci ildönümünə hsr edilən konfrans keçirilib.
Tədbiri açıq elan edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, konfransda 2 əsər — Azər Dadaşovun “20 Yanvar” xor, solist və simfonik orkestr üçün 9 saylı simfoniyası və Faiq Nağıyevin “Şəhidlərdən-şəhidlərə” sənədli filminə yazdığı musiqi müzakirə ediləcək.
Sonra əsərlər səsləndirilib.

*****

20 Yanvar şəhidlərimizin əziz xatirəsinə həsr edilən daha bir tədbir yanvarın 23-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda baş tutub. Tədbir iştirakçıları Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin rəhbərlik etdiyi Azərbaycan Bəstəkarlar İttifaqının “BAKU-SİNFONİETTA” orkestrinin ifasında dahi bəstəkarımız Qara Qarayevin «İldırımlı yollarla» baletindən «Lay-lay», İohan Sebastian Baxın «Ariya», S.Barberin «Adajio», E.Qriqin «Ozenin ölümü», həmçinin T.Albinoninin «Adajio» əsərlərini dinləyiblər.

*****

Yanvar ayının ilk günlərində Fransanın tanınmış «Utopik» ansamblı məşhur «Dünya xalqlarının mahnıları» silsiləsindən yeni bir layihəni həyat keçiriblər. Bu dəfə «Utopik» öz layihəsinə iki fransız, bir meksikalı bəstəkarlarla yanaşı Firəngiz Əlizadəni də cəlb edib. F.Əlizadə «Bu dağda maral gəzər» xalq mahnısını sözügedən layihə üçün yeni aspektdə təqdim edib. Soprano və 10 nəfərlik ansambl üçün yazılan kompozisiya, fortepianonun virtuoz kadensiyası və dramatik kulminasiyası ilə məşhur mahnının sətiraltı məzmununa əlavə çalarlar qatır. Layihənin solisti lüksemburqlu müğənni Laura Delkampe «Utopik»in 4 yeni mahnısı ilə yanaşı L. Berionun silsiləsindən 3 mahnını da ifa edib. Ansamblın konsertləri Fransanın Marsel, Lion və Nant Konservatoryalarında baş tutub. Konsertlərdən öncə bəstəkarların tələbələrlə görüşləri, həmçinin ustad-dərsləri təşkil edilib.

“Utopik” ansamblının yekun konserti isə Nant şəhərinin dəbdəbəli daxili görünüşü fərqlənən və gözəl freskaları ilə məşhur olan əzəmətli «Graslin» Opera Teatrında keçirilib. Vaxtilə bu bina fransızların işğalı zamanı böyük zərər çəkmiş, lakin sonradan imperator Napolenonun göstərişi ilə yenidən bərpa edilib. Qeyd edək ki, sözü gedən konsert salonunda «Dünya xalqlarının mahnıları» layihəsindən başqa Firəngiz Əlizadənin «Yapon poeziyasından» vokal-silsilə, həmçinin «Habilsayağı» və «Oyan!» əsəri ansamblın solistlərinin ifasında səsləndirilib. Beləliklə, «Dünya xalqlarının mahnıları» layihəsi vasitəsilə Azərbaycan musiqisinin «ətri»Fransanın üç böyük şəhərində fransız musiqisevərlərin ürəyinə yol tapıb.

*****

Yanvarın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş “Bəstəkarlar İttifaqı” filminin təqdimatı olub. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, filmin rejissoru Tahirə Hüseynova, operatoru Adil Abbasov, montaj rejissoru Hüseyn Hüseynov, bəstəkarlar, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açaraq film haqqında məlumat verib. Bildirib ki, gələcəkdə də bu cür layihələr həyata keçiriləcək və filmlər çəkiləcək. Daha sonra “Bəstəkarlar İttifaqı” filminin rejissoru Tahirə Hüseynova filmin ərsəyə gəlməsində Bəstəkarlar İttifaqına dərin təşəkkürünü bildirib. Sonda “Bəstəkarlar İttifaqı” filmi nümayiş olunub.

*****

Fevralın 4-də Heydər Əliyev Sarayında tanınmış bəstəkar Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, o cümlədən xarici qonaqlar iştirak ediblər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları yubilyara ən xoş arzularını çatdırıblar. Yubiley gecəsi Polad Bülbüloğlunun ifasında özünün və atası, görkəmli Azərbaycan müğənnisi Bülbülün repertuarından musiqi əsərlərinin səslənməsi ilə davam edib.

*****

Fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri dahi bəstəkar, gərkəmli mədəniyyət xadimi, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasinin 97 illiyi münasıbətilə onun Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Tədbir iştirakçıları müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin də xatirəsini ehtiramla yad edib, abidəsi önünə çiçəklər qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqında dahi bəstəkar Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə konfrans keçirilib.
Konfransda Bəstəkarlar İttifaqının katibləri Zemfira Qafarova və Sərdar Fərəcov dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafında böyük xidmətlərindən danışıblar.
Qara Qarayevin tələbələri Sevda İbrahimova, Nərgiz Şəfiyeva, Tofiq Bakıxanov, Azər Dadaşov və digərləri müəllimləri ilə bağlı xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən və pedaqoq kimi fəaliyyətindən söhbət açıblar.

*****

Fevralın 6-da Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbüsü ilə Adana Böyük Şəhər Bələdiyyə Konsert Salonunda dünya şöhrətli Azərbaycan bəstəkarı Xalq Artisti, professor Firəngiz Əlizadənin müəllif-konserti olub. Azərbaycanın tanınmış dirijoru , Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun idarə etdiyi Çukurova Dövlət Simfonik Orkestrinin iştirakı ilə «Türk-Azeri dostluq konseri» şüarı altında keçən konsertdə bəstəkarımızın «Metomorfoz» əsəri, həmçinin «İntizar» operasından parçalar səsləndirilib. Sözü gedən operadan ariyaları Gülnaz İsmayılova, Səbinə Əsədova, həmçinin Tolqa Erden ifa ediblər. Qeyd edək ki, konsert Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilib.

*****

Fevralın 8-də Los Angelesdə “Grammy” mükafatının 57-ci təqdimat mərasimi keçirilib. Mərasimdə amerikalı skripkaçı, meqa-star Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan “İmpuls ” albomu ilin ən yaxşı kamera musiqisi nominasiyasında “Grammy” mükafatına layiq görülüb. Qeyd edək ki, Almaniyanın məşhur «Deutsche Grammofon» studiyasında işıq üzü görən albom məhz Firəngiz xanımın «İmpuls» əsərinin adı ilə adlandırılıb.

*****

Fevralın 9-10-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı ərəfəsində festival çərçivəsində reallaşacaq elmi simpoziuma hazırlıq məqsədilə konfrans keçirilib.
Konfransı açıq elan edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iki ildən bir reallaşan beynəlxalq muğam festivalının ölkəmizin mədəni həyatında ən əlamətdar hadisələrdən biri olduğunu söyləyib. F.Əluzadə qeyd edib ki, bu möhtəşəm tədbir dünyanın bir çox görkəmli musiqiçilərinin və musiqişünas-alimlərinin diqqət mərkəzindədir və hər dəfə öz dairəsini genişləndirir. Muğamın şifahi ənənəli musiqi sənəti kimi tədqiqi artıq dünya musiqi elminin prioritet məsələlərindən birinə çevrilib.
“Muğam/maqam və müasir musiqi yaradıcılığı” mövzusunda keçirilən konfransda muğam sənəti: ənənə və yeni yozumlar, muğam müasir bəstəkarların yaradıcılığında, muğam dəsgahlarının notlaşdırılması problemi, müxtəlif musiqişünaslıq məktəblərində muğam terminologiyası problemləri müzakirə edilib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda, Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan respublikanın görkəmli musiqişünas-alimləri və gənc mütəxəssislər konfransda öz məruzələrini təqdim ediblər.

*****

Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində “Rast. Niyazi” sənədli filminin heyəti ilə görüş olub. Əvvəlcə Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ xalq artisti Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuş “Rast. Niyazi” sənədli filmi nümayiş edilib. Filmin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru əməkdar incəsənət xadimi Yuri Varnavski, icraçı prodüseri Əlibala Rəhimovdur.

Filmin bədii rəhbəri xalq artisti, kinorejissor Eldar Quliyevdir. Filmdə dahi bəstəkar və dirijorun həyat və yaradıcılığı haqqında müfəssəl məlumatlar, görkəmli şəxslərin — SSRİ xalq artistləri Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov, xalq yazıçısı Anar, digər mədəniyyət və incəsənət xadimlərinin onun haqqında fikirləri yer alıb. Filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib. Nümayişdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək söyləyib ki, musiqi tariximizdə böyük iz qoymuş Niyazinin “Rast” simfonik muğamı dünya musiqi incilərindəndir. Bildirib ki, bu əsəri muğam festivallarında, konsert proqramlarında təqdim edirik və rəğbətlə qarşılanır.

Sonra Eldar Quliyev, İntiqam Qasımzadə, Nonna Müzəffərova filmin ərsəyə gəlməsindən danışaraq bu ekran əsəri vasitəsilə gələcək nəsillərin Niyazini daha yaxından tanıyacaqlarını vurğulayıblar. Sonra film ətrafında müzakirələr aparılıb.

*****

Fevralın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının «Kamera musiqisi» bölməsinin iclası keçirilib. Azərbaycan Bəstəkarlar İttifapqının katibi Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova və tanınmış bəstəkarlar Faiq Nağıyev, o cümlədən musiqişünas Alla Bayramovanın iştiakı ilə keçən iclasda bəstəkar Rəna Qədimovanın Hüseyn Cavidin sözlərinə bariton-konturtenor və fortepiano üçün bəstələdiyi «İnsan» əsəri dinlənilib. Əsəri bəstəkarın müşayəti ilə Opera və Balet Teatrının solisti İlham Nəzərov ifa edib. Daha sonra iclas iştirakçıları Şəmsəddin Qasımovun iki romansını dinləyiblər.

*****

Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək xalqımızın ən yaxın tarixinə qanla yazılmış Xocalı soyqırımından, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli qətliamdan danışıb. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib. Bu faciəli günü xalqımızın heç vaxt unutmayacağını vurğulayan F.Əlizadə bəstəkarlarımızın bu soyqırıma bir sıra əsərlər həsr etdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün səslənəcək Azər Dadaşovun “Xocalı naləsi” əsəri ilk dəfədir ki, ifa olunur.

Sonra musiqilər səsləndirilib. Azər Dadaşovun “Xocalı naləsi” əsərini prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova ifa edib. Həmçinin Mehriban Əhmədovanın “Ata millət, ana millət, ağlama” mahnısı və Yusif Mirişlinin “Xocalı 613” simfonik poemasının lent yazıları səsləndirilib.

*****

Fevralın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin müəllif konserti keçirilib. Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edib. Əvvəlcə Firəngiz Əlizadənin yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən musiqişünas Jalə Qulamova Xocalı soyqırımı barədə danışaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası vasitəsilə bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Vurğulanıb ki, bugünkü tədbir də həmin kampaniya çərçivəsində reallaşıb.

J.Qulamova Firəngiz Əlizadənin yaradıcılığı barədə məlumat verərək bildirib ki, o, ölkəmizi dünyada tanıdan bəstəkarlardandır. Qeyd edilib ki, UNESCO-nun “Dünya artisti” adını alan bəstəkarın əsərinin daxil olduğu albom bu yaxınlarda nüfuzlu “Grammy” mükafatına layiq görülüb. Sonra söz musiqiyə verilib. Konsertdə Firəngiz Əlizadənin “Şüştər” muğamı üstündə simli orkestr üçün yazdığı “Metamorfozlar” əsəri və “İntizar” operasından parçalar səsləndirilib.

Əsərləri əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə solistlər — əməkdar artistlər Səbinə Əsədova, Əkrəm Poladov və Gülnaz İsmayılova ifa ediblər. Konsertdə xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və əməkdar incəsənət xadimi Dilarə Əliyevanın bədii rəhbərliyi ilə uşaq kapellası da çıxış edib.

*****

Martın 11-dən 18-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı keçirilib. Qeyd edək ki, 2009-cu ildən bəri iki ildən bir keçirilən festivalın prezidenti Azərbaycanın birinci xanımı , Heydər Əliyev Fondunun prezidenti YUNESKO VƏ İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, bədii rəhbəri ismə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əliyevadır.

Martın 11-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının möhtəşəm açılış mərasimi olub. Dövlət və hökumət rəsmilərinin, mədəniyyət, incəsənət və ictimaiyyət xadimlərinin iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə qeyd olunur ki, hər bir xalqın və millətin ən böyük sərvəti onun mədəni irsidir: «Azərbaycan xalqını əsrlər boyu bir millət kimi qoruyub saxlayan onun zəngin mədəniyyəti, dili, ədəbiyyatı, poeziyası və musiqisi olub. Bu gün bu irsi qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur. Milli-mədəni irsimizin bir sıra qiymətli nümunələrinin, o cümlədən Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənətinin və Novruz bayramının UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsi bizim mədəni irsimizə, onun qorunmasına dünya miqyasında göstərilən diqqət və qayğının təzahürüdür.

Azərbaycan həm milli mədəni irsin, həm də bəşəriyyətin mədəni irs xəzinəsinin nadir incilərinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələr həyata keçirir. Muğam sənəti də artıq təkcə bizim yox, bütün dünyanın sərvətidir. Muğam aləmi hüdudsuz, sərhədsiz bir məkandır və bu məkanı yaşadan insanların artıq daimi bir görüş yeri var — bu, ənənəvi olaraq Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalıdır. Artıq dördüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn incəsənət xadimlərini, sənətkarları, alimləri Bakıda bir araya toplayır və musiqisevərlərə xoş anlar bəxş edir».

Müraciət bu fikirlərlə tamamlanır: “İnanıram ki, IV Beynəlxalq Muğam Festivalının proqramına daxil edilmiş beynəlxalq simpozium, gənc xanəndələrin müsabiqəsi, muğam ənənələrinin yayıldığı müxtəlif yerlərdən Bakıya gəlmiş ifaçıların çıxışları bütövlükdə muğam aləminin daha da zənginləşməsinə xidmət edəcəkdir. Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm. Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq builki festival qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır”.

“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının ilk günü tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında konsert təqdim olunub. Orkestrə Fəxrəddin Kərimov dirijorluq edib. Martın 18-dək davam edən festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir sıra bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin, habelə beynəlxalq elmi simpozium, beynəlxalq muğam müsabiqəsi təşkil olunub. Azərbaycanın tanınmış xanəndələri Arif Babayev, Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Aqil Məlikov, Elnarə Abdullayeva, Təyyar Bayramov, Səbuhi İbayev və istedadlı gənc ifaçılar — Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Güllü Muradova, Mirələm Mirələmov və başqalarınin ifasında 7 muğamımız dəstgah şəklində təqdim olunub.

Festivalda Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, İngiltərə, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan dünya şöhrətli musiqiçilər və musiqi qrupları iştirak ediblər. Eyni zamanda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Xor Kapellasının, “Sinfonietta” orkestrinin ifasında möhtəşə konsertlər təşkil olunub. Festival günlərində qonaqlara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları da nümayiş etdirilib.

Həmçinin Bakı Caz Mərkəzində görkəmli caz ustası Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş tədbir, Cəmil Əmirovun, Salman Qəmbərovun, Elçin Şirinovun rəhbərliyi ilə tanınmış caz kollektivlərinin iştirakı ilə konsertlər də festival çərçivəsində musiqisevərlərə təqdim olunub. Yeri gəlmişkən, “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında da bir sıra tədbirlər keçirilib. Belə ki, martın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində “Muğam aləmi” IV Beynəlxalq musiqişünaslıq simpoziumu işə başlayıb. Tədbiri açq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu milli musiqimizin təbliğində belə tədbirlərin mühüm rolu olduğunu vurğulayıb.

“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının ölkəmizin mədəni həyatında böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran F.Əlizadə bildirib ki, bu möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün bölgələrində geniş şəkildə qeyd olunmaqdadır. Hər dəfə simpoziumun mövzu baxımından zənginləşdiyini söyləyən F.Əlizadə deyib ki, bu da özlüyündə musiqiyə, xüsusilə də muğamların tədqiq və təbliğinə olan böyük maraqdan irəli gəlir. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti, akademik Akif Əlizadə çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi bütün dünyaya məlumdur. Heyrətamiz kompozisiyaya malik muğamda poeziya, musiqi, fəlsəfə, estetika, psixologiya, dil, tarix, humanizm, vətənsevərlik, didaktika kimi elm və sənət sahələri bir-biri ilə üzvi şəkildə birləşib. Muğamın UNESCO tərəfindən yüksək qiymətləndirilməsi, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğam sənətinin inkişafına böyük töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir.

AMEA-nın prezidenti deyib: “2013-cü ildə 24 ölkənin muğam bilicilərinin qatıldığı üçüncü Beynəlxalq Muğam Festivalından sonra qərara aldıq ki, Azərbaycan muğamı fenomenini daha dərindən və hərtərəfli araşdırmaq üçün Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun nəzdində “Muğamşünaslıq” şöbəsi yaradaq. Bu şöbənin hazırladığı “Azərbaycan muğamşünaslığı: problemlər və perspektivlər” adlı toplu Azərbaycan muğamına və sənətinə elmi töhfədir. Toplunun hazırlanmasında ölkədə muğam üzrə tədqiqatlara və nəşrlərə rəhbərlik edən Heydər Əliyev Fondunun müstəsna rolu vardır”.

UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) baş katibi, Lyublyana Universitetinin professoru Svanibor Pettan tədbirin əhəmiyyətindən danışaraq təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, şuranın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə yaratmaq və təcrübə mübadiləsinə xidmət etməkdir. Qonaq deyib ki, IV Beynəlxalq musiqişünaslıq simpoziumunda 13 ölkənin musiqişünasları, alimləri iştirak edir və 32 məruzə təqdim olunub. Beləliklə, mütəxəssislər təcrübələrini bir araya gətirmək imkanı qazanıblar. S.Pettan simpoziumun materiallarının kitab halında çap edilərək hər bir iştirakçıya çatdırılmasını təqdir edərək muğam sənətinə göstərilən diqqətə və verdikləri töhfəyə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.

Simpozium iştirakçılarını salamlamaqdan böyük qürur hissi duyduğunu söyləyən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə muğam festivalının tarixi əhəmiyyət daşıdığını, Azərbaycan xalqına məxsus qədim və zəngin irsin daha geniş şəkildə tanınmasına xidmət etdiyini diqqətə çatdırıb. Fatma Abdullazadə qeyd edib ki, bu beynəlxalq festival müxtəlif ölkələrdə musiqinin tədqiqi ilə məşğul olan alimlərə, mütəxəssislərə Bakıda muğam problemlərini müzakirə etmək imkanı yaradır. Ən önəmlisi isə odur ki, simpoziuma qatılanlar əsasən bilavasitə muğamı inkişaf etdirən, onunla məşğul olan insanlardır.

Prezident Administrasiyasının şöbə müdiri deyib: “AMEA-da muğamşünaslıq şöbəsinin yaradılması əyani surətdə sübut edir ki, Azərbaycanda muğamşünaslıq doğurdan da yeni bir mərhələyə qədəm qoyur. Biz artıq təsvirlərdən, təsnifatdan, hansısa musiqi xadiminin, xanəndənin həyat və yaradıcılığı haqqında yazılanlardan muğam tədqiqatları istiqamətində tamamilə yeni mərhələyə keçirik. Bu mərhələnin əsas problemi ondan ibarətdir ki, Azərbaycan muğamı hədsiz dərəcədə zəngin olduğundan onu tədqiq etmək olduqca çətindir. Muğam irrasional sənətdir”.

Bu gün Alim Qasımovun Qərbdə fenomenal ifaçı kimi qəbul olunduğunu söyləyən Fatma Abdullazadə bildirib ki, o, ruha qida verməyi bacardığı, muğamın aliliyini, ülviliyini dinləyiciyə çatdıra bildiyi üçün milliyyətindən asılı olmayaraq hər bir insanı səsinin sehrinə salır. Azərbaycan xalqının böyük xoşbəxtliyi, sərvətidir ki, bu gün onun muğam ifaçıları arasında belə ustad sənətkar var. Alim Qasımovun sənəti onu da sübut edir ki, novatorluqla ənənə vəhdətdə olanda muğam yaşayır. Muğamı çox vaxt Qərb təfəkkürü daşıyıcılarının tədqiq etməyə çalışdığını söyləyən Fatma Abdullazadə bildirib ki, Qərb təfəkkürü ilə Şərq təfəkkürü muğamda həm birləşə, həm də ayrıla bilər. O, Qərblə Şərqin şərti bölgüsündən çıxış edərək vurğulayıb ki, əslində Azərbaycan muğamının tədqiqi rasional üsullarla irrasional olan bir mətləbi tədqiq etmək deməkdir.

Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, indiki qloballaşma dövründə kreativ şüurun oyanması, milli ruhun yaşadılması üçün orta məktəbdə şagirdlərə muğam tədris edilməlidir. Çindən tutmuş İspaniyaya qədər muğam rüşeymləri və elementlərinin, muğam sənətinin mövcud olduğunu söyləyən Fatma Abdullazadə muğamın tədqiqinə dair beynəlxalq proqram formalaşdırmaq təklifini də irəli sürüb.

Sonra elmi simpozium işini “Muğam/maqam: ənənə və yenilikçilik” mövzularını əhatə edən bölmə iclası ilə davam etdirib. İclasda İCTM-in baş katibi Svanibor Pettan “Ənənəvi musiqi üzrə Beynəlxalq Şura — Qafqaz və türkdilli dünya”, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru Zemfira Səfərova “Üzeyir Hacıbəylinin ilk muğam operası “Leyli və Məcnun”da ənənə və novatorluq və dəstgahların nota yazılma problemlərinin təcəssümü”, Harvard Universitetinin professoru Riçard Kent Volf “Raqa Alapananın ritmik aspektləri” mövzularında məruzələrlə çıxış ediblər. Eyni zamanda, fikir mübadiləsi aparılıb və milli alətlərdə musiqi səsləndirilib.

Çıxış edən digər musiqişünas alimlər muğam musiqisini elmi cəhətdən müzakirə etməklə yanaşı, onun mədəniyyətləri, xalqları birləşdirən körpü olduğunu vurğulayıblar. Festivalı çərçivəsində “Muğam aləmi” dördüncü beynəlxalq musiqişünaslıq simpoziumu martın 13-də öz işini bölmə iclasları ilə davam etdirib. “Muğam/Maqam: Ənənə və yenilikçilik” , “Müxtəlif musiqişünaslıq məktəblərində muğam terminologiyası problemi” mövzularını əhatə edən bölmə iclasında yerli və xarici ölkələri təmsil edən alimlərin məruzələri dinlənilib və geniş fikir mübadiləsi aparılıb.

İclası giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə festival çərçivəsində reallaşan tədbirlər haqqında təəssüratlarını bölüşüb, muğam və caz konsertlərinin xarici və yerli qonaqlar tərəfindən xüsusi maraqla qarşılandığını bildirib. Tədbirin “Muğam/Maqam: Ənənə və yenilikçilik” mövzusuna həsr olunan birinci hissəsində UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şura”sının (İCTM) üzvü Araş Mohafezin “Qədim repertuarın yeni yozumu: “Əcəmlər” albomunun yaradılması haqqında”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın “Azərbaycan “xanəndə” ifaçılıq sənəti tarixi keçmişdə və onun inkişafının müasir meyilləri”, Malayziyanın Putra Universitetinin professoru Gisa Yanihenin “Varisan Bintan: Muğam vizual irsdə” və başqa mövzularda məruzələr dinlənilib.

Günün ikinci yarısında isə “Müxtəlif musiqişünaslıq məktəblərində muğam terminologiyası problemi” mövzusuyla simpozium öz işini davam etdirib. İCTM üzvü Nyu-York Sity Universitetinin musiqi üzrə professoru Stefen Blamın “Musiqi nəzəriyyəsinin xüsusi terminlər vasitəsilə ötürülməsi”, Ankara Başkənt Universitetinin Dövlət Konservatoriyasının doktoru Okan Murat Öztürkün “Muğam və mod fikirlərində “metodik hərəkət” anlayışının yeri”, Tunis Universitetinin professoru Mahmut Gettatın “Ərəb ənənəvi musiqisində notlaşdırma və terminologiya”, Böyük Rusiya Ensiklopediyasının Musiqi Redaksiyasının direktoru Olqa Frayonovanın “Muğam terminologiyası: kənardan baxış” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə muğamın tarixi keçmişi, bugünkü inkişaf mərhələləri, yayıldığı coğrafi ərazi, elmi təhlili, bir sənət növü olaraq insanlara verdiyi mənəvi zövq və digər məsələlər geniş təhlil olunub. Martın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Muğam aləmi” dördüncü beynəlxalq musiqişünaslıq simpoziuma yekun vurulub. Simpoziumun sonuncu günündə “Muğam dəstgahların notlaşdırılması problemi” və “Muğam/Maqam: ənənə və yenilikçilik” mövzularını əhatə edən bölmələr türkiyəli doktor Okan Murat Öztürkün sədrliyi ilə keçirilib.

Bölmədə Rusiyanın Voronej Dövlət Universitetinin doktoru Dmitri Dorofeyevin “Neytral intervalların” maqam musiqisində tarixi: matematik aspekt”, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi İmina Əliyevanın “Azərbaycan məqamlarının intonasiya sistemi (koqnitiv yanaşma)”, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovanın “Azərbaycanda müasir dövrdə muğam sənətinin inkişafında televiziya muğam müsabiqələrinin rolu” mövzularında məruzələri dinlənilib.

Tədbirdə əməkdar incəsənət xadimi Munis Şərifovun bədii rəhbərliyi ilə Azərbaycan qədim musiqi alətləri ansamblı çıxış edib. Günün ikinci yarısında simpozium Okan Murat Öztürkün sədrliyi ilə “Əbdülqadir Marağai (1353-1435) və onun musiqi-nəzəri irsi: Muğam/Maqam tarixinin önəmli tədqiqat mənbəsi” mövzusunda panellə davam etdirilib. Daha sonra “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının bədi rəhbəri Firəngiz Əlizadə və “Muğam aləmi” dördüncü beynəlxalq musiqişünaslıq simpoziumunun elmi rəhbəri Suraya Ağayevanın rəhbərliyi ilə “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da üç günlük simpmoziumda dinlənilən məruzələr ətraflında geniş fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıların adından bəyannamə qəbul olunub. Bəyannamədə iki ildən bir keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının mühüm əhəmiyyətindən, geniş coğrafi ərazidə yayılmasından və festival çərçivəsində keçirilən simpozium və gənc ifaçıların muğam müsabiqəsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, simpoziuma toplanan alimlərin qarşısında duran əsas vəzifələrdən biri də muğamın tətbiqi, təhlili və gələcək nəsillərə çatdırılmasını istiqamətində birgə səyləri gücləndirməkdir. “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən digər tədbir isə “Muğam və müasirlik” mövzusunda kamera musiqisi konserti olub.

Martın 16-da Bəstəkarlar İttifaqının konsert zalında təqdim olunan konsertdə tar, klarnet, piano, violin, kanon, zərb alətlərinin müşayiəti ilə musiqi parçaları ifa olunub. Konsertdə “Simli kvartet”, “Humayun”, “ReAKSİYA”, “Sükutdan yaranan təzadlar, “Abşeron ölçüləri” və s. əsərlər səsləndirilib.

*****

Martın 31-də Azərbaycan Bəstəkarlar İttifaqında 31 mart — Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən qurumun katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov erməni millətçilərinin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımılarından, əsassız torpaq iddialarından söz açıb. O bildirib ki, əsrin əvvəllərində baş verən erməni qırğınları haqda hadisələri Məmməd Səid Ordubadi, Abbas Səhhət, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi görkəmli sənətkarlarımız öz əsərləri vasitəsilə xalqa çatdırıblar.

Üzeyir Hacibəyovun ev muzeyinin əməkdaşı Aytən Heydərova dünya şöhrətli bəstəkarın həmin dövrləri əks etdirən soyqırımın bir illiyi münasibətilə yazdığı “Azərbaycan” qəzetində nəşr olunan məqaləsini oxuyub. Məqalədə Üzeyir Hacibəyli 1918-ci ildə baş verən dəhşətləri öz sözləri ilə təsvir edərək daşnaklar tərəfindən azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən söz açaraq həmvətənlərini ayıq-sayıq olmağa çağırıb. Eyni zamanda bəstəkar Osmanlı türklərinin Bakıda göstərdiyi şücaətlərinin əhəmiyyətini də vurğulayır.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşov və başqaları ermənilər tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açıblar. Vurğulanıb ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, minlərlə insan öz doğma torpaqlarından didərgin salınıb. Natiqlər xalqımızın başına gətirilən müsibətlərin bəstəkarlarımızın əsərlərində öz əksini tapmasını müsbət qiymətləndirib və bu istiqamətdə işlərin davam etdirilməsini söyləyiblər.

Anım tədbirinə əməkdar incəsənət xadimi Abdulla Qurbaninin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Xocalı yol gözləyir” poeması əsasında bəstəkar Azad Zahidin eyniadlı rekviem-kompozisiyası, S.Fərəcovun Hüseyn Cavidin “Qaçqın” şeiri əsasında bəstələdiyi ballada-mahnı və digər musiqi əsərləri səslənib.

Aprelin 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında tanınmış bəstəkar Leonid Vaynşteynin 70 illiyinə həsr edilən anım tədbiri keçirilib. Tədbiri açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov bəstəkarın həyat və yaradıcılığından söhbət açıb, onun Azərbaycan musiqisində özünə məxsus iz buraxdığını qeyd edib. Daha sonra çıxış edən Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, «Bakılı oğlanlar» ŞHK klubunun keçmiş kapitanı Yuli Qusman L.Vaynşteynlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Anım gecəsi bəstəkarı əsərlərinin ifası ilə davam edib.

*****

Aprelin 23-də Muzey Mərkəzində “XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində reallaşıb. Sənətşünaslıq doktoru Rauf Fərhadov Bakıda təşkil edilən müasir musiqi festivallarının əhəmiyyətindən, tanınmış musiqiçilərin bir araya gəlməsində belə tədbirlərin rolundan danışıb.

Konfransda rusiyalı mütəxəssislər Yekaterina Okuneva “Bo Nilssonun “Brief an Gösta Oswald” trilogiyası 1950-60-cı illər avanqardının bədii axtarışları kontekstində”, Tatyana Sareqradskaya “Vokal musiqidə bəstəkarlıq vasitələri sistemində fonetika: Maurisio Kagel və Luçano Berio”, Vladislav Tarnopolski “Vladimir Tarnopolskinin “Kölgənin o biri tərəfində” operası çağdaş musiqili teatr janrı kontekstində”, Marianna Vısotskaya “Poetik struktur kompozision invariant kimi: Fərəc Qarayevin “Jorney to love” mooperası” və azərbaycandan sənətşünaslıq namizədi Raya Abbasova “Firəngiz Əlizadənin “İntizar” operasında verbal və musiqi ünsürlərinin qarşılıqlı əlaqələri” mövzularında məruzələrlə çıxış ediblər.

*****

Apreli 23-də Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə ilə görüşüb. Görüşdə F.Əlizadə rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyəti, Bəstəkarlar İttifaqının hər il Şəki şəhərində keçirdiyi “İpək yolu” beynəlxalq musiqi festivalı barədə məlumat verib. Görüşdə həmçinin Misir musiqiçilərinin də festivalda iştirak təklifləri müzakirə olunub.

Əhməd Sami əl-Aydi bu təklifi dəyərləndirərək Misir musiqiçilərinin bu festivalda iştirakının iki ölkə arasında mədəni əlaqələrinin daha da möhkəmlənməsinə verə biləcəyi töhfələrdən danışıb. Sonra qonaq Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı fəaliyyət istiqamətlərindən, iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı rolundan söhbət açıb.

*****

Aprelin 27-28-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Uşaq musiqisinə və onların musiqi-estetik tərbiyəsinə həsr olunmuş elmi — praktik konfrans kecirilib. Tədbirdə tanınmış musiqişünaslar Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva, Əmkdar müəllim, Pedoqoji Elmlər doktoru, Oqtay Rəcəbov, Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşova və Mehriban Əhmədova, professor Ədilə Yusifova, Mələk Vəlizadə, musiqişünas Raya Abbasova, Lalə Musayeva, pedoqolar Kəmalə Cabbarova, Ağahüseyn Abbasov, və Bakı Musiqi Akademiyasının doktorantı Ayxan Əfəndiyev uşaq musiqisinin probleminə həsr edilən məruzələrlə çıxış ediblər. Konfrans iştirakçıları həmçinin musiqi məktəblərinin şagirdlərinin ifasında Azərtbaycan bəstəkarlarınını uşaqlar üçün bəstələdiyi əsərlərə qulaq asıblar.

*****

Mayın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, professor Aqşin Əlizadənin xatirəsinə həsr olunan konfrans keçirilib. Tədbirdə ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə görkəmli bəstəkarın həyat və yaradıcılığından söhbət açıb.

Tədbirdə “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan, rejissor Miri Rzayevin musiqişünas Aybəniz Növrəslinin ssenarisi əsasında lentə aldığı “Portret” sənədli filmi nümayiş etdirilib. Konfransda musiqişünas, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadənin “Aqşin Əlizadənin simfonik yaradıcılığı (janrın yeniləşməsi probleminə dair)” mövzusunda məruzəsi dinlənilib. Məruzədə A.Əlizadənin “Babək”,”Qafqaza səyahət”, “Ümid valsı” baletləri, 5 simfoniya, xor üçün “Bayatılar”, “Təntənə”, “Azərilər” kantatası, “Ana torpaq”, “Qədim lay-lay”, kamera orkestri üçün “Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd süitası”, “Uşaq süitası”, fortepiano üçün sonata, “Dastan”, “Qədim oyunlar”, xoreoqrafik simfoniya və digər əsərləri barədə geniş məlumat verilib. Bildirilib ki, bəstəkar 50-dən artıq bədii film, cizgi filmi və tamaşaya musiqi yazıb.

Konfransda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının (BMA) professoru Leyla Məmmədovanın, BMA-nın müəllimi və doktorantı Aybəniz Növrəslinin “Aqşin Əlizadənin xor yaradıcılığına dair: ənənə və müasirlik” , “Müasir Azərbaycan musiqisi kontekstində Aqşin Əlizadənin yaradıcılığına bir nəzər” mövzularında məruzələri dinlənilib.

ABİ-nin katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, musiqişünas, əməkdar incəsənət xadimi, professor Aida Tağızadə və digər çıxış edənlər istedadlı bəstəkarın istər balet, istər kamera, istərsə də vokal-simfonik əsərlərini məharətlə qələmə aldığını vurğulayıblar. Natiqlər A.Əlizadə yaradıcılığında simfoniya janrının yenilənməsi, xor yaradıcılığında ənənə və müasirlik, o cümlədən neoklassizm janrında yaradıcılığından, bəstəkarın yüksək insani keyfiyyətlərindən söz açıblar. A.Əlizadənin Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi çalışdığı dövrdə yeni kadrların yetişməsində böyük əməyi olduğu qeyd edilib.

*****

Mayın 4-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Aqşin Əlizadənin xatirəsinə həsr olunmuş konsert keçirilib. Əvvəlcə Azərbaycan Bəstəkarlar İttifaqının “Bakı-Simfonietta” Orkestrinin ifasında “Çəngi” çalınıb. Orkestrin bədii rəhbəri və dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.Sonra əməkdar artist Nərgiz Əliyarova pianoda orkestrin müşayiəti ilə A.Əlizadənin “Hüzn valsı”nı ifa edib.Konsertdə beynəlxalq müsabiqə laureatlar — Samir Əsədov (violin) və Zakir Əsədov (piano) bəstəkarın “Portret” əsərini ifa ediblər. Beynəlxalq müsabiqə laureatı Fəqan Həsənli pianoda A.Əlizadənin “Dastan” əsərini səsləndirib.

Sonda Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına xoru bəstəkarın yazdığı “Bayatılar” silsiləsindən “Dağlarda”, “Ağ alma”, “Al çuxa” xalq mahnılarını və xalq şairi Bəxtiyar Vahabzadənin “Ana torpaq” şerinə A.Əlizadənin bəstələdiyi eyniadlı kantatanı səsləndirib. Xorun bədii rəhbəri və dirijoru Şəhla Ələkbərova, konsertmeysteri Aytən Babayevadır.

*****

Mayın 4-də Azərbaycan Dövlət Filarmoniyasında Bakı şəhər Georgi Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Şagirdlərin ifasını Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijoru Xalq artisti, professor Rauf Abdullayev) müşayiət edib. 
Konsertin əvvəlində Bəstəkarlar İttifaqının katibi, BMA-nın professoru Zemfira Qafarova çıxış edərək məktəbin tarixindən danışıb. O, bildirib ki, 1934-1935-ci tədris ilində Bakı Dairəvi Zabitlər evinin nəzdində fəaliyyətə başlayan məktəb 1961-ci ildən onbirillik təhsil üzrə fəaliyyətini davam etdirib. “1987-ci ildən Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Professor G.Şaroyev məktəbdə məşhur musiqiçiləri və pedaqoqları ətrafına toplayaraq istedadlı şagirdlər yetirib. 1969-cu ildə G.Şaroyev vəfat etdikdən sonra məktəbə onun adı verilib.  
Hazırda Məktəbdə 20-dən çox ixtisas tədris olunur. 400-dək şagirdin təhsili ilə 100-dən çox müəllim məşğul olur. Şagirdlər arasında onlarla respublika və beynəlxalq müsabiqələr laureatları və 4 nəfər Prezident təqaüdçüsü var. Bildirildi ki, konsertdə iştirak edən şagirdlər də respublika və beynəlxalq müsabiqələr laureatlarıdır”, deyə Z.Qafarova əlavə edib.
Sonra maestro Rauf Abdullayevin rəhbərlik etdiyi orkestrin müşayiəti ilə şagirdlər maraqlı proqramla çıxış edərək dinləyicilərin könlünü oxşayıblar.

*****

Mayın 6-da Bakı Musiqi Akademiyasında Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta Orchestra”-nın konserti təşkil olunub. Dirijor Cavad Tağızadənin idarəsi ilə keçən konsertdə Q.Qarayevin «Don Kixot», S.Prokofyevin «Xoruz və qurd» əsərləri səsləndirilib.

*****

Mayın 7-də Azərbaycan Bəstəkarlar İttifaqınnın Katibliyinin və İdarə Heyətinin üzvlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında, ölkəmizin beynəlxalq arenada rolunun artmasında əvəzolunmaz xidmətlərindən danışmış və qeyd etmişdir ki, Azərbaycan Bəstəkarlar İttifaqının 1979-cu ilin sentyabrında baş tutan V Qurultayında Ulu Öndərin «Azərbaycan Bəstəkarlarının yüksək vəzifəsi və amalı» mövzusunda etdiyi məruzə bu gün də öz aktuallığını itirməmişdir.

«Ulu Öndər Heydər Əliyev Azərbaycan Bəstəkarlarının V Qurultayında etdiyi tarixi çıxışında oratoriya, balet və operaların yazılmasını bəstəkarların qarşısında vacib məsələ kimi qaldırmışdı. Təəssüflər olsun ki, bu mövzular bu gün də problem olaraq qalır.»,- deyə F.Əlizadə bildirmişdir. 
F.Əlizadə Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ən uca zirvəsində dayandığını diqqətə çatdırmışdır. Azərbaycan Bəstəkarlar İttifaqının katibləri Əməkdar İncəsənət Xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov, Cəlal Abbasov və Aliyə Məmmədova Ulu Öndərlə bağlı təəssüratlarını yığıncaq iştirakçıları ilə bölüşmüşlər.

Tədbirdə “Mstislav Rostropoviç və Heydər Əliyev dostluğu” filmindən fraqmentlər nümayiş etdirilmiş, eləcə də Ulu Öndərin milli bəstəkarlıq məktəbinin inkişafındakı xidmətlərindən, onun bəstəkarlarımıza göstərdiyi qayğıdan bəhs edən məruzələr dinlənilmişdir. Yığıncaq iştirakçıları həmçinin bəstəkarlar F.Əlizadənin «İthaf» Simfonik poeması, S.Fərəcovun «Böyük vətəndaş haqqında oda» və O.Rəcəboyun «Ulu öndər» əsərlərini dinləmiş və müzakirə etmişlər.

*****

Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera studiyasında rus bəstəkar Pyotr Çaykovskinin 175 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Konsertin əvvəlində Bəstəkarlar İttifaqının katibi, BMA-nın professoru Zemfira Qafarova çıxış edərək Pyotr Çaykovskinin həyat və yaradıcılığöından danışıb. Daha sonra akademiyanın opera studiyasının solistləri Fəridə Məmmədova, Səbinə Əsədova, Adil Axundov, Anton Fernştadt proqramda bəstəkarın kamera vokal əsərləri və operalardan parçalar səsləndiriblər.

*****

May ayının 7-də Qaradağ rayonu 5 saylı Uşaq İncəsənət Məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə məktəbdə xor sinfinin konserti keçirilib. Konsertə Respublikanın əməkdar incəsənət xadimi, “ Humay” Milli mükafatı laureatı, Bakı musiqi Akademiyasının professoru, bəstəkar Azər Dadaşov da iştirak edib. Konsertin proqraminda, digər bəstəkarların mahnılarıyla yanaşı, Azər Dadaşovun Iki mahnısı — “ Azərbaycan qızları” və” Heydər atamız” mahnıları ifa olunubdu. Konsertdən sonra Azər Dadaşovun mektəbinin şagirdləri , valideynləri və müəllim kollektivi ilə yaradıcılıq görüşü keçirilib. Məktəbin nəzəriyyə şöbəsinin müdiri, bəstəkarin sinif yoldaşı Zənfirə Bağırzadə Azər Dadaşovun yaradıcılıq yolu haqqında danışıb və onun bəstəkar kimi yetişməsində müəllimi — Qara Qarayevin böyük rolu olduğunu vurğulayıb.

*****

Mayın 13-də Fəxri xiyabanda görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin xatirəsi anılıb. Musiqişünaslar, elm, ədəbiyyat, incəsənət xadimləri bəstəkarın xatirəsinə ehtiramlarını bildirib, məzarı önünə tər çiçəklər düzüblər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Q.Qarayevin adının xalqımız üçün həmişə əziz olduğunu bildirib. O, bəstəkarın “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından söhbət açıb. Bildirib ki, Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır. Bəstəkarın irsi son dərəcə geniş və zəngindir. Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək olar. Q.Qarayev musiqinin bütün janrlarında uğur qazanıb, novatorluğu və bədii cəhətdən yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlərə imza atıb. Bəstəkar geniş şöhrət qazanıb və onun musiqi mədəniyyətimizin qızıl fonduna daxil olan baletləri, simfonik poeması, simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və teatr tamaşalarına bəstələdiyi əsərlər bunu bir daha təsdiq edir.

Xalq artistləri Musa Mirzəyev, Sevda İbrahimova və başqaları bəstəkarın müraciət etdiyi mövzular üzərində eyni ilham və məharətlə işləyərək ölməz əsərlər yaratdığını söyləyiblər. Çıxış edənlər vurğulayıblar ki, Q.Qarayev gənc və yaradıcı kadrların yetişməsinə, onların cəmiyyətə layiq bir insan kimi tərbiyəsinə də böyük əmək sərf edib. 1946-cı ildən etibarən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində dərs deyən Q.Qarayev onlarla bəstəkar yetişdirib, bütöv bir musiqi yaradıcılığı məktəbi yaradıb. Arif Məlikov, Adil Bəbirov, Musa Mirzəyev, Firəngiz Əlizadə və başqaları bu gün onun ənənələrini davam etdirirlər. Bildirilib ki, görkəmli bəstəkarın sənət inciləri hər zaman insanların ilham mənbəyi olaraq qalacaq. Onun bizə qoyub getdiyi irs dərinliyi və zənginliyinə görə tükənməzdir. Gələcək nəsillər bu tükənməz xəzinədən özləri üçün hər dəfə yeni-yeni nadir incilər kəşf edəcəklər.

*****

Mayın 15-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın “Azərbaycan xalq musiqisinin əsasları” kitabının ilk nəşrinin 70 illiyinə həsr edilən elmi konfrans keçirilib. Muzeyin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqınını katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov dahi bəstəkarın uzaqgörənliklə qələmə aldığı bu əsərinin təkcə Azərbaycan üçün deyil, bütün Şərq dünyası və Avropa musiqişünasları üçün qiymətli bir tədqiqat əsəri olduğunu söyləyib. Elmi konfransda çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, Üzeyir Hacıbəyli bu əsəri ilə milli musiqişünaslığın əsasını qoyub, habelə Şərq və Avropa musiqisini sintez etməyin yollarını göstərib.

Diqqətə çatdırılıb ki, Azərbaycan musiqisinin səs sistemindən bəhs edən bu əsərin yazılmasından 70 il keçməsinə baxmayaraq bu gün də qiymətli tədris vasitəsidir. Dahi bəstəkar bu əsəri ilə XX əsrdə muğamşünaslığın yeni mərhələsinin başlanğıcını qoyub. Üzeyir Hacıbəyli Şərqdə ilk musiqi nəzəriyyəsini yaratmış Azərbaycan alimi Səfiyəddin Urməvinin 17 pilləli səs sisteminə əsaslanaraq Azərbaycan məqamlarını (ladlarını) tədqiq edib və özündən sonra gələn bəstəkarlar nəslinin, tar ifaçılarının bəhrələnəcəyi dəyərli elmi mənbəni yaradıb. Konfransda “Üzeyir Hacibəylinin məqam nəzəriyyəsi və dəstgahların notlaşdırılması məsələsinə dair mülahizələr”, “Azərbaycan xalq musiqisinin əsasları” kitabı XX əsrdə muğamşünaslığın yeni mərhələsinin başlanğıcı kimi”, “Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işi haqqında”, “Üzeyir Hacıbəyli və onun “Azərbaycan xalq musiqisinin əsasları” və digər mövzularda məruzələr dinlənib.

Tədbirdə UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının üzvü, əməkdar incəsənət xadimi Suraya Ağayeva, muzeyin böyük elmi işçisi Sevinc Quliyeva və başqaları dahi bəstəkarın çoxsahəli yaradıcılığından və 70 il əvvəl yazdığı “Azərbaycan xalq musiqisinin əsasları” kitabının əhəmiyyətindən danışıblar.

*****

Mayın 18-də III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Multikulturalizm: Gələcək vəd edən həqiqətlər” adlı tədbir keçirilib. Tədbirdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, xalq rəssamı Tahir Salahov, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, YUNESKO-nun eks baş direktoru Koiçiro Matsuuro, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və başqaları iştirak ediblər.

Kamal Abdullayevin sədriliyi ilə keçən seminarda Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətindən, dünyanın müxtəlif universitetlərində Azərbaycan bu sahədə təcrübəsinin tədrisindən danışılıb. Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahədə atılan vacib və əhəmiyyətli addımlardan biridir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 15 may tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılıb. Himayəçilik Şurasının Sədri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulladır. Azərbacyan Bəstəkarlar İttifaqınını sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Himayəçilik Şurasının 12 üzvündən biridir.

*****

Mayın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında Rusiya Federasiyasının Sverdlovski Vilayətinin Yekaterinburq Bəstəkarlar İttifaqının sədri Aleksandr Pantiginlə görüş olmuşdur. Qonağı salamlayan Azərbaycan Bəstəkarlar İttifaqının sədri xalq artisti, professor Firəngiz Əlizadə Rusiya ilə ölkəmiz arasında olan mədəni əlaqənin bir neçə əsrə söykənən böyük ənənəyə malik olmasından, iki ölkənin bəstəkarlıq məktəbi arasında olan möhkəm dostluqdan bəhs etmişdir. Səmimi söhbət şəraitində keçən görüşdə Azərbaycan və Yekaterinburq Bəstəkarlar İttifaqı arasında mübadilə konsertlərinin keçirilməsi də müzakirə olunmuşdur.

Xəbərlər 2015 may-noyabr

Mayın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, əməkdar müəllim, professor Oqtay Rəcəbovun “Sərçənin sərgüzəştləri” adlı yeni uşaq operasının premyerası olub. Tədbir 28 may — Respublika Günü və 1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilib. Nümayişdən əvvəl ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə qurumun uşaq musiqisinə həmişə yüksək qiymət verdiyini vurğulayıb. Bildirib ki, Oqtay Zülfüqarov, Azər Dadaşov, Əfsər Cavanşirov, Oqtay Rəcəbov və digər görkəmli bəstəkarlarımız uşaqlar üçün musiqi yazıblar. F.Əlizadə xüsusi vurğulayıb ki, uşaq musiqisi elə yazılmalıdır ki, uşaqlar onu həm dərk, həm də ifa edə bilsinlər.

Sonra Bakı şəhəri 3 nömrəli uşaq incəsənət məktəbinin kollektivinin ifasında “Sərçənin sərgüzəştləri” operası təqdim edilib. Operanın librettosunun müəllifi uşaq yazıçısı, “Qızıl kəlmə” mükafatı laureatı Sevinc Nuru qızıdır. Nümayişdən sonra çıxış edən Oqtay Rəcəbov operanın həm “Bənövşə” uşaq xorunun, həm də Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında lentə alındığını söyləyib. Oqtay Rəcəbov məktəbin kollektivini təbrik edərək yaradılan şəraitə görə Bəstəkarlar İttifaqına minnətdarlığını bildirib.

*****

Mayın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı “Sehrli alma” ikipərdəli baletinin premyerası baş tutdu. Premyeraya gələnlər bəstəkarın bu yaşda yazdığı baleti böyük maraqla izləyirdilər. 
Azərbaycan xalq nağılı “Məlikməmməd”in motivləri əsasında tamaşaya qoyulan bu balet uşaqlar üçün nəzərdə tutulub və baletin premyerası 1 iyun Uşaqları Beynəlxalq Müdafiə gününə həsr olunub.

Yeni tamaşanın dirijoru – beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyev, quruluşçu baletmeyster Pellumb Aqalliyay, quruluşçu rəssam isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Tamaşada əsas rollarda balet truppasının gənc solistləri Timur Oduşev (Məlikməmməd), Faiq Qubatov (Padşah), Mehman Mərdanov (Təlxək), Cəmilə Kərimova (Məlikməmmədin sevgilisi), Anar Mikayılov (Div) və başqaları çıxış ediblər.

*****

İyunun 9-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi çərçivəsində Azərbaycan  Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan broşürlərin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çap olunmuş broşürlərin əhəmiyyətindən söz açıb, Mədəniyyət və Turizm Nazirliyinə 40-a qədər müəllifin əsəri təqdim olunduğunu bildirib: “Bu gün təkcə bəstəkarlar deyil, yazıb-yaradan musiqişünaslar haqqında da kitabların yazılması vacibdir. Azərbaycan Bəstəkarlar İttifaqınını tarixində ilk hadisədir ki, musiqişünaslar haqqında belə broşürlər cap olunur. Məsələn, Emin Sabitoğlu, Azər Rzayev, Sevda İbrahimova, Oqtay Rəcəbov kimi bəstəkarlarla yanaşı, İmruz Əfəndiyeva, Zemfira Qafarova, Səadət Abdullayeva, Zemfira Səfərova və başqaları da vardır ki, onların araşdırmaları və kitabları çox böyük rəğbət qazanıb.

Sonda müəlliflər imzaları ilə kitablarını oxuculara təqdim ediblər. Qeyd edək ki, “Şərq –Qərb” nəşriyyatında çap olunmuş bu broşürlərdə bəstəkar və musiqişünaslarımız haqqında oxuculara geniş məlumatlar verilir.

*****

İyunun 17-18-də II Dünya Müharibəsində snayper kimi 80 faşisti məhv edərək, 18 yaşında qəhrəmanlıqla həlak olmuş  Sovet İttifaqı Qəhrəmanı, Qazaxıstanın qəhrəman qızı Aliyə Maldequlovanın 90 illiyi münasibətilə- onun vətəni Aktube şəhərində silsilə xatirə tədbirləri keçirilib. Faşizm üzərində qələbənin 70 illiyi çəiçivəsində keçirilən tədbirlərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov da iştirak edib. S.Fərəcov  silsilə tədbirlər çərçivəsində təşkil olunan beynəlxalq mahnı müsabiqəsində münsiflər heyətinin üzvü kimi ölkəmizi təmsil edib.

2 mərhələdən ibarət  bu müsabiqədə iştirak edən gənc həmyerlimiz, Azərbaycan Dövlət Filaomoniyasının solisti, müğənni Fəxri Kazım Nicat uğurla çıxış edərək II yerə layiq görülüb. O, müsabiqənin diplomu və pul müakafatı ilə təltif edilib.

*****

İyulun 1-dən 5-dək Şəki şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ilə Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı keçirilib.

İyulun 1-də Şəki şəhərindəki Yay teatrında “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib. Mərasimi Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq zəngin tarixə və yüksək mədəniyyətə malik olan Şəkinin yenidən qapılarını möhtəşəm musiqi bayramına  “İpək Yolu” VI Beynəlxalq musiqi festivalına açdığını bildirib. Açılış mərasimində çixiş edən festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, artıq altıncı dəfə   Şəkidə keçirilən bu festivalın öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb: «Bu illər ərzində biz Şəkinin nə qədər gözəlləşdiyinin, qədim tarixi abidələrin bərpa edildiyinin, yeni konsert məkanlarının tikildiyinin, musiqiçi nəsillərinin yetişdiyinin şahidi oluruq. Hər dəfə Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə festivalın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq».

Festivalın açılış mərasimində Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin drijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyev idi.  Dinləyicilərin sürəkli alqışları ilə müşayət olunan möhtəşəm konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

*****

İyulun 1-də Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının ilk konserti reallaşıb. Belə ki, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki xanları sarayının həyətində Yaponiyanın “Kamiqata sumiyoşi kai” ansamblının çıxışı olub. Konsertdə “Kamiqata rakuqo” sənət növü nümayiş etdirilib. “Rakuqo” sənəti Edo dövründə yaranıb və Yaponiyanın ənənəvi incəsənət növüdür. İfaçıların təqdim etdiyi “Daikaqura” rəqsi əvvəllər Tanrıya ithaf olunurdu. Yaponlar əkinçiliklə məşğul olan bir xalq kimi, bu rəqs vasitəsilə bol məhsula görə Tanrıya şükr edib, arzu-diləklərini bildirirdilər.

Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, sənət adamları, musiqisevərlər, şəhər ictimaiyyətinin nümayəndələri konsertə tamaşa ediblər. Ansamblın üzvlərinin təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi təqdim olunub.

*****

İyulun 2-də Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində Polşanın “AcCello Duo” instrumental duetinin konserti olub. Şəki şəhərindəki XVIII əsrin sonu — XIX əsrin əvvəllərində inşa edilmiş tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil olunan konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, festivala dəvət olunmuş qonaqlar, musiqisevərlər iştirak ediblər.

Qeyd edək ki, “AcCello Duo” instrumental dueti akkordeon ifaçısı Konrad Merta və violonçel ifaçısı Pyotr Qah tərəfindən 2011-ci ildə yaradılıb. Duet bir sıra nüfuzlu beynəlxalq müsabiqə və festivalların iştirakçısı və qalibidir. İnstrumental duetin təqdim etdiyi klassik və müasir bəstəkarların əsərlərindən, müəllif kompozisiyalardan ibarət konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından duetə xatirə hədiyyəsi təqdim olunub.

*****

İyulun 3-də VI Şəki «İpək yolu» Beynəlxalq Musiqi Festivalının üçüncü günündə Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqların musiqi incəsənətinin nümunələri təqdim olunub. «Yuxarı Karvansara»da keçirilən gündüz konsertində 6 ansambl: kürdlərin «Şero», ləzgilərin «Suvar», tatarların «Tuqan Tel», məhsəti türklərinin rəqs ansamblı, rusların «Kadril» rəqs ansamblı çıxış edib.

Burada bütün yaş qruplarından olan insanlar — məhsul yığımı mərasiminin ən kiçik iştirakçılarından tatar rəqs ansamblının 80 yaşlı üzvünə qədər — təmsil olunmuşdu. Parlaq rəngarəng milli geyimlər, oynaq ritmli rəqslər, gözəl lirik melodiyalar dostluq və qardaşlıq bayramının vahid xorunda qovuşmuşdu. Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi olan bu konsert Azərbaycanda hökm sürən tolerantlıq və qarşılıqlı anlaşma əhvali-ruhiyyəsinin bariz təsdiqidir. Buna görə də təsadüfi deyil ki, bu rəngarəng tədbirin sonunda konsertin bütün iştirakçılarının ifasında “Azərbaycan” mahnısı çox möhtəşəm səsləndi.

*****

Respublikamızın tanınmış musiqi kollektivlərindən olan “Zirvə” xalq instrumental ansamblı 1972-ci ildə Şəki şəhərindəki Mirzə Fətəli Axundzadə adına mərkəzi mədəniyyət evinin nəzdində yaradılıb. Ötən əsrin 70-ci illərindən başlayaraq kollektiv respublikamızın bir çox şəhər və rayonlarında, həmçinin keçmiş sovet respublikalarının müxtəlif şəhərlərində konsertlər verib, nüfuzlu festivalların iştirakçısı olub. Xalq yaradıcılığına həsr olunan müxtəlif müsabiqələrin laureatı olan “Zirvə” ansamblı 1996-cı ildə Türkiyədə keçirilən “Sənət və kilim” festivalında ölkəmizi layiqincə təmsil edib. Kollektiv ədəbiyyat və incəsənət xadimləri, tanınmış musiqiçi və müğənnilərin iştirakı ilə müxtəlif yaradıcı tədbirlərdə çıxış edib. “Zirvə” ansamblı öz yaradıcılıq dəst-xətti və ifaçılıq mədəniyyəti ilə ümumxalq məhəbbətini qazanıb.

İyulun-3-də Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində Yay Teatrında Şəkinin “Zirvə” ansamblının konserti olub. Hazırda ansambla Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbov rəhbərlik edir. Ansamblın solistlərindən Anar Həsənli, Azər İskəndərov, Elvin Əhmədov, Seymur Qasımzadə, Məlahət Mahmudova və başqalarının ifa etdikləri görkəmli Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb. Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

*****

Iyulun 4-də “Yuxarı Karvansaray” mehmanxana kompleksində tamaşaçılara Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələri, mahnı və rəqslərindən ibarət daha bir konsert proqramı təqdim olunub. Konsertdə Qəbələ rayonunun Nic kəndindəki udilərin “Bulaq” Mədəniyyət Mərkəzinin “Cəngi” musiqi qrupunun çıxışı ilə başlanıb. Sonra səhnəyə Astara rayonunun Kakalos kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Əvəsor” talış xalq folklor kollektivi çıxıb. Bu kollektiv respublikamızda və xarici ölkələrdə keçirilən tədbirlərdə, festivallarda fəal iştirak edir. Kollektivin repertuarında “Talış toyu” kompozisiyası, “Biçində”, “Qardaş, toyun mübarək”, “Naz etmə”, “Lay-lay”, “Xınayaxdı”, “Dili-dili” və digər folklor nümunələri vardır. Kollektivin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Zaqatala rayonunda yaşayan azsaylı xalqların nümayəndələri bu festivalda 3 folklor kollektivi ilə təmsil olunub. Rayonun Suvagil kənd mədəniyyət evinin “Ceyranım” saxur xalq folklor kollektivinin, Əliabad qəsəbəsində yaşayan ingiloyların “Əliabadım” və Danaçı kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Alazan” avar rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda bütün iştirakçılar unudulmaz müğənni Müslüm Maqomayevin ifasında məşhur “Azərbaycan” mahnısının sədaları altında yenidən səhnəyə çıxıblar. Sonda Şəki Şəhər İcra Hakimiyyəti adından konsertdə iştirak edən kollektivlərə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

*****

İyulun 4-də Şəki şəhərindəki Yay teatrında festivalın bədii rəhbəri, UNESCO-nun Sülh artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq Artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə görkəmli bəstəkarın həyat və yaradıcılığından bəhs edən sənədli filmlərdən kadrları seyr ediblər. Firəngiz xanımın yaradıcılığı barədə bu və digər məlumatlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd olunub ki, bəstəkar bir sıra xarici ölkələrdə «composer in residense» (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülüb. Onun «İntizar», «Sənin adın Dənizdir», «Ağ atlı oğlan» operaları, «Boş Beşik» və “Stadt Graniza» baletləri, «Habilsayağı», «Muğamsayağı», «Oazis», «Dərviş», «Abşeron» və müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərləri, violonçel və orkestr üçün konsertləri, böyük simfonik orkestr üçün «İthaf» və digər əsərləri dünya miqyasında tanınır.

Vurğulanıb ki, Firəngiz Əlizadə Şəki «İpək Yolu» Beynəlxalq musiqi festivalının bədii rəhbəri olmaqla, dünyanın müxtəlif xalqlarının nümayəndələrini, mədəniyyət və incəsənət xadimlərini qədim Şəki torpağında toplayaraq, buradan Azərbaycanın sorağını bütün dünyaya çatdırmaqda mühüm rol oynayır. Sonra tamaşaçılar Şəki Musiqi Kollecinin və şəhərdə fəaliyyət göstərən musiqi məktəbləri kollektivlərinin hazırladıqları maraqlı konsert proqramını izləyiblər. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, əməkdar artıstlər Fərid Əliyev, Afaq Abbasova və İlahə Əfəndiyevanın ifasında səslənən dünya və Azərbaycan bəstəkarlarının əsərləri tamaşaçıların ürəyincə olub.

Firəngiz Əlizadə səhnəyə çıxaraq tədbirin yüksək səviyyədə təşkilinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib. Görüşdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək Firəngiz Əlizadəni Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından biri kimi dəyərləndirib. Sonda Firəngiz Əlizadə görüş iştirakçılarının suallarını cavablandırıb.

*****

Iyulun-5-də “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanları sarayının həyətində istedadlı gənc xanəndə Arzu Əliyevanın iştirakı ilə muğam konserti olub. Konsertdə xanəndəni əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi muğam instrumental ansamblı müşayiət edib. Xanəndə Arzu Əliyevanın oxuduğu muğam, xalq mahnıları və təsniflər, eləcə də ansamblın ifa etdiyi el havaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert Şəki torpağının yetirməsi, tanınmış bəstəkar Şəfiqə Axundovanın “Mehriban olaq” mahnısı ilə sona çatıb. Konsertin sonunda kollektivin üzvlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

*****

Iyulun 5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının Şəki şəhərindəki Yay teatrında təntənəli bağlanış mərasimi olub. Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri maraqlı konsert proqramı ilə çıxış edib.

Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə 2004-cü ildə yaradılan bu orkestrin formalaşmasında Xalq Artisti, professor Zəhra Quliyeva və professor Nəzmiyyə Abbaszadənin də xüsusi əməyi olub. Orkestr əsasən beynəlxalq müsabiqələr laureatlarından təşkil edilib. Yaranmasından az müddət keçməsinə baxmayaraq, kollektiv bir neçə uğurlu konsertlər verib, musiqi ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib. Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin bədii rəhbəri və baş dirijoru olduğu “Baku Sinfonietta” orkestrinin repertuarına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxildir.

Orkestrin ifa etdiyi musiqi parçaları, solistlər — əməkdar artist Sahib Paşazadənin (tar), Gülşən Eyvazova-Nəsibovanın (qanun), Samir Əsədovun (violin) və İsrafil Rəsulovun (truba) solo ifaları, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri — əməkdar artistlər Fərid Əliyev və Afaq Abbasovanın virtuoz ifaları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb. Festivalın bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək şəhər sakinləri adından Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.

Festivalın bədii rəhbəri Firəngiz Əlizadə bu gecə Azərbaycanın qədim diyarı olan Şəkidəki Yay teatrında daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, musiqi bayramının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın iştirakçıları və musiqiçilər adından şəhər rəhbərliyinə təşəkkürünü bildirib. Bağlanış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov son altı ildə Şəkidə Azərbaycan musiqisinin çox gözəl bir tarixinin yazıldığını bildirib. Vurğulanıb ki, Böyük İpək Yolu üzərində yerləşən, dünya ölkələri arasında ticarət və mədəni əlaqələrin yaranmasında önəmli rol oynayan Şəkidə keçirilən bu festival Azərbaycanın musiqi tarixinin parlaq səhifəsidir.

Mərasimin sonunda Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadəyə festivalın rəmzi simvolu təqdim olunub. Bundan əlavə, bağlanış mərasimindəki uğurlu çıxışına görə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri, festivalın televiziya yayımının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və festival çərçivəsində keçirilən konsertlərin operativ şəkildə işıqlandırılmasını təmin etdiyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyi – “Azərtac”  festivalın rəmzi simvolu ilə mükafatlandırılıb. Bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

*****

Sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Şərqdə ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açıb. Bəstəkarın yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlərin keçirildiyini söyləyən natiq ona böyük ümumxalq məhəbbətindən danışıb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Ü.Hacıbəyli irsini təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir incisi olduğunu bildirib. O, Üzeyir Hacıbəyli yaradıcılığını Azərbaycan xalqının milli mənəvi sərvəti adlandırıb. Tədbirdə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli töhfələrdən, əvəzsiz xidmətlərdən söhbət açılıb. Muzeyin arxiv materialları əsasında hazırlanmış sərgisi nümayiş olunub. Sonda bəstəkarların əsərləri səsləndirilib.

*****

Sentyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli adına VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli bəstəkarın 130 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Konfransda mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, bir sıra sənətşünas alimlər də iştirak edib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə qonaqları salamlayaraq festival çərçivəsində keçirilən və görkəmli bəstəkara həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışıb. Xalq Artisti bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirib.

Elmi konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova «Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı» mövzusunda məruzə ilə çıxış edib. Zemfira Qafarova görkəmli bəstəkarın Bəstəkarlar İttifaqındakı böyük fəaliyyətindən, dünya konservatoriya praktikasında ilk dəfə olaraq şərq kafedrasının banisi olmasından və ilk dəfə olaraq notlu orkestr yaratmasından söz açıb. Daha sonra professorlar Rəna Məmmədova, Cəmilə Həsənova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə və bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva Üzeyir Hacıbəyliyə həsr olunmuş müxtəlif məruzələrlə çıxış ediblər. Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvi, sənətşünaslıq elmləri doktoru, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Səfərovanın müəllifi olduğu və macar dilində nəşr olunan «Üzeyir Hacıbəyli və onun görkəmli sələfləri» kitabının təqdimatı olub.

*****

Sentyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi festivalı çərçivəsində görkəmli bəstəkar, dirijor, pedaqoq, folklorşünas və Əməkdar İncəsənət Xadimi Müslim Maqomayevin 130 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək festival çərçivəsində ölkəmizdə keçirilən silsilə tədbirlərin əhəmiyyətindən söz açıb. Firəngiz Əlizadə Müslim Maqomayevin həyat yolu və yaradıcılığından danışaraq diqqətə çatdırıb ki, ustad sənətkarlarımızın xatirəsi Bəstəkarlar İttifaqında daim anılır və müxtəlif xarakterli tədbirlər, konsertlər, konfranslar və anım mərasimləri ilə qeyd olunur.

Xalq Artisti qeyd edib ki, Müslim Maqomayev xalqımızın musiqi mədəniyyəti tarixində misilsiz xidmətləri olan incəsənət xadimi kimi tanınır. O, Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmaqla yanaşı, həmçinin yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən milli sənət ruhunu özündə əks etdirən bəstəkar kimi tarixə düşüb. Konfransda Əməkdar İncəsənət Xadimi, professor Həcər Babayevanın, Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar Incəsənət Xadimi Hafiz Quliyevin, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səfərovanın məruzələri dinlənilib.

*****

Sentyabrın 25-də Bəstəkarlar İttifaqının Üzeyir Hacibəylİ adina Konsert Salonunda beynəlxalq müsabiqələrin laureatlarının iştirakı ilə konsert olub.

*****

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə layihəsi əsasında “Mahnıdan — Şarkıya” adlı konsert proqramı təqdim olunub. Konsertdən əvvəl ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində belə tədbirlərin əhəmiyyətini qeyd edib. Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin baş direktoru Mehmen Nuri Parmaksız konsertin təşkilində Azərbaycan Bəstəkarlar İttifaqına minnətdarlığını bildirib. Qeyd edib ki, ABİ ilə İLESAM arasında imzalanmış müqaviləyə əsasən çoxsaylı maraqlı tədbirlər planlaşdırılıb.

Qeyd edək ki, “6 bəstəkar və 6 şair” layihəsi çərçivəsində türk bəstəkarları Faruk Şahin, Zekai Tuncay, Pinar Göksal, Ugur Top, Özgen Gürbüz və Yaşar Bedük Azərbaycan poeziyasının görkəmli nümayəndələri Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə və Zəlimxan Yaqubun şeirlərinə mahnılar bəstələyiblər. Öz növbəsində Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan Firəngiz Əlizadə, Cəlal Abbasov, Cavanşir Quliyev, Həsənağa Adıgözəlzadə, Sərdar Fərəcov və Elza Seyidcahan isə Durmuş Kaya, Nedim Ucar, Serdar Öncül, Sevinc Atan, Sevim Yakıcı və Əkrəm Yalbuzun şeirlərinə musiqi bəstələyiblər. Gecənin devizi ümummilli lider Heydər Əliyevin məşhur “Bir millət iki dövlət” kəlamı olub. Konsertdə türk ifaçıları Çiğdem Gürdal, Oya Ergün, Ali Burç, Evren Turna, Onur Akkuş, Deniz Göktaş həm Azərbaycan, həm də Türkiyə bəstəkarlarının əsərlərini ifa ediblər. İfaçıların çıxışı böyük maraqla qarşılanıb.

*****

Oktyabrın 24-25-də Kanadanın Toronto şəhərində dünya şöhrətli bəstəkar, Azərbaycanın Xalq Artisti Firəngiz Əlizadənin ikigünlük konserti keçirilib. “Oyan!” adlı konsert Toronto şəhərində fəaliyyət göstərən “Saşar Zərif Rəqs Teatrı”nın rəhbəri, əslən İrandan olan soydaşımız Saşar Zərifin, Ağaxan Muzeyinin və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Konsertin əvvəlində F.Əlizadə pianoda solo ifa edib. Sonra gənc muğam ustası Mirələm Mirələmov, “Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasimində çıxış etmiş kamança ustası Elnur Mikayılov və Saşar Zərifin iştirakı ilə F.Əlizadənin bəstələdiyi əsər səhnələşdirilib. Əsərdə Saşar Zərif Azərbaycan musiqisinin sədaları altında milli rəqslərimizi təqdim edib. Həmçinin konsert zamanı “Oyan!” əsərinin yaranması haqqında qısa sənədli film göstərilib. Tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyətini və muğam ənənələrini Kanadada təbliğ etmək olub. Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin konsulu Faiq Babayev Firəngiz Əlizadəyə təşəkkür diplomu təqdim edib. Konsertdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

*****

Oktyabrın 26-da Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Xalq Artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında elmi-praktik konfrans keçirilib. İttifaqın katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova çıxışında Vasif Adıgözəlovun müxtəlif vaxtlarda Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü, katibi və daha sonra ömrünün sonunadək I katibi olduğunu söyləyib.

Konfransda Əməkdar İncəsənət xadimləri İmruz Əfəndiyeva, Həcər Babayevanın, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Məmmədova, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın Vasif Adıgözəlovun yaradıcılığı haqqında məruzələri dinlənilib. Bəstəkarın “Yeddi çinar” və “Qərənfil” romansları, habelə sonataları səsləndirilib. Qeyd edək ki, Xalq Artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində və oktyabrın 29-da Bakı Musiqi Akademiyasının zalında təşkil olunan konsertlərdə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” Orkestri çıxış edib.

*****

Noyabrin 6-da Bəstəkarlar İttifaqında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Tofiq Quliyevin keçdiyi həyat yolundan və yaradıcılığından söhbət açıb. Onun işıqlı xatirəsinin ürəklərdə daim yaşayacağı, əsərlərinin yaddaşlarda əbədi qalacağını söyləyib. Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın “Tofiq Quliyev və Azərbaycan Bəstəkarlar İttifaqı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zemfira Abdullayevanın “Tofiq Quliyevin kino musiqisi haqqında”, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın “Tofiq Quliyev haqqında xatirələr” mövzularında məruzələri dinlənilib. Konfrans çərçivəsində arxiv materialları əsasında görkəmli bəstəkardan bəhs edən videomaterial nümayiş olunub. Sonda bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim edilib.

Xəbərlər noyabr 2015 — aprel 2016

Noyabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) ilə Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən birgə həyata keçirilən “Mahnıdan–Şarkıya” layihəsi əsasında Ankarada geniş konsert keçirilib. Konsertdən əvvəl Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Topçu, ABİ-nin sədri, Azərbaycanın Xalq Artisti Firəngiz Əlizadə, İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və başqaları çıxış ediblər.

Diqqətə çatdırılıb ki, hər iki dildə yazılmış şeirlərin tərcümə edilmədən oxunması bundan sonra da türk dünyasına aid konsertlərdə davam etdiriləcək. Bu layihənin gələcəkdə digər türkdilli xalqlar arasında geniş yayılması nəzərdə tutulub. Layihənin şərtlərinə görə, Azərbaycandan altı tanınmış şairin şeirinə Türkiyənin altı bəstəkarı mahnı bəstələdi. Eyni zamanda Türkiyənin altı tanınmış şairinin şeirinə də altı Azərbaycan bəstəkarı mahnı bəstələyib. Hər iki dildə yazılmış şeirlər tərcümə edilmədən oxunur. Ankaradakı konsert TRT Avaz və TRT Muzik televiziya kanallarında canlı yayınla nümayiş etdirilib.

*****

Noyabrın 23-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyinin orqan musiqi zalında bəstəkar Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarı yubileyi münasibətilə təbrik etdikdən sonra ona nazir Əbülfəs Qarayevin adından xatirə hədiyyəsi təqdim edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək R. Qasımovanın yaradıcılığı haqqında fikirlərini bölüşüb. Onun Azərbaycan musiqi xəzinəsinə bəxş etdiyi sənət incilərindən danışıb. Gecədə yubilyarın bəstələri Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov və digər tanışmış və gənc ifaçılar tərəfindən səsləndirilib.

*****

Noyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Uşaq musiqisi və onların musiqi-estetik tərbiyəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.  Bəstəkarlar İttifaqında təşkil olunan konfransda İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə uşaq musiqisinin aktual problemlərinə toxunaraq, bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Həmçinin, görülən işlərin uşaqların estetik tərbiyəsinə, yaradıcılıq baxımından professional musiqiçi kimi yetişmələrinə yardımçı olacağını qeyd edən bəstəkar, uşaq musiqi əsərlərinin yaranmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyindən söz açıb.

Əməkdar İncəsənət Xadimi, professor İmruz Əfəndiyeva “Uşaq və gənclərin musiqi–estetik tərbiyəsində musiqinin rolu” mövzusunda məruzə ilə çıxış edib. İmruz Əfəndiyeva görkəmli bəstəkarlarımızın yaradıcılığında kifayət qədər populyarlıq qazanmış uşaq musiqi əsərlərinin olduğunu vurğulayaraq bunun hazırda bir sıra bəstəkarlarımız tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Daha sonra konfransda “Uşaq musiqi məktəblərinin fortepiano ixtisası üçün 12 dərslik haqqında”, “Azərbaycan uşaq musiqisinin inkişaf mərhələləri”, “Uşaq xor təlimi prosesində tərbiyə və təhsil məsələləri” mövzusunda məruzələr dinlənilib. Konfrans 3 nömrəli 11 illik musiqi məktəbinin “Renessans” uşaq xorunun çixişi ilə davam edib.

*****

Noyabrın 26-da Tanınmış gürcü bəstəkarı, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Giya Kançelinin Bakıya səfəri çərçivəsində Azərbaycan Bəstəkarlar ittifaqında (ABİ) görüş keçirilib. ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə G.Kançelinin yaradıcılığından danışaraq bildirib ki, böyük bəstəkar öz simfoniya və kamera əsərləri ilə adını dünya musiqi mədəniyyəti tarixinə yazıb. “Mimino” və “Kin-dza-dza” kimi tanınmış filmlərə yazılan musiqinin bəstəkarı məhz G.Kançelidir. F.Əlizadə diqqətə çatdırıb ki, o, G.Kançeli ilə birlikdə çoxsaylı festival və layihələrdə iştirak edib.

Səmimi qəbula görə F.Əlizadəyə təşəkkür edən G.Kançeli hamını 80 illik yubileyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsertə dəvət edib. Yaradıcılıq yolundan söz açan bəstəkar tələbəlik illəri barədə xatirələrini bölüşüb, gənc musiqiçiləri səylə çalışmağa, fantaziya nümayiş etdirməyə, daim inkişafda olmağa çağırıb.

*****

Dekabrın 2, 4 və 5-də Xalq Artisti, professor Ağadadaş Dadaşovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçirilib. Tədbirlərdə Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Dövlət xalq çalğı alətləri orkestri geniş konsert proqramı ilə çıxış edib. Qeyd edək ki, görkəmli bəstəkar “Rənglər” vokal silsiləsi, “Qanun və piano üçün Poema”, “Simli Trio”, “Simli Kvartet üçün Poema” instrumental əsərləri ilə yanaşı, xalq çalğı alətləri orkestri üçün “5 saylı Süita”, İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılara ithaf etdiyi “1 saylı Simfoniya”, simli orkestr üçün “2 saylı Simfoniya”, nəfəsli orkestr üçün “Zəfər marşı” və “Təyyarəçilər marşı” və. s kimi musiqi əsərlərinin müəllifidir.

*****

Dekabrın 8-dən 15-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar, Xalq Artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Tofiq Bakıxanovun anadan olmasının 85 illiyinə həsr olunmuş musiqi festivalı keçirilib. Festival çərçivəsində Dekabrın 9-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti, “Şöhrət” ordenli Tofiq Bakıxanovun kamera konserti təşkil olunub. Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun yaradıcılığından söz açıb. O bildirib ki, Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında bəstəkarın əvəzsiz xidmətləri vardır. Konsertdə bəstəkarın “Dünya durduqca yaşa”, “Türk sonatası”, “Uca dağ başında” və digər musiqi əsərləri səsləndirilib.

*****

Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, professor Əşrəf Abbasovun 95 illiyinə həsr olunmuş xatirə konserti təşkil olunub. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə Əşrəf Abbasovun həyat və yaradıcılığından danışıb. Bildirib ki, zəngin yaradıcılığa malik Əşrəf Abbasovun bəstələri geniş musiqi ictimaiyyətini diqqətini cəlb edib. Firəngiz Əlizadə diqqətə çatdırıb ki, bəstəkarlıqla yanaşı, elmi tədqiqatlarını və pedaqoji fəaliyyətini də ardıcıl davam etdirən Əşrəf Abbasov, 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyov və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb. Qeyd olunub ki, Əşrəf Abbasov müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru, Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışıb.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova Əşrəf Abbasovun Azərbaycan musiqi mədəniyyəti tarixindəki rolundan bəhs edib. Vurğulanıb ki, bəstəkarın “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” musiqili- komediyalarında bədii obrazlar ifadəliliyi, coşqunluğu, lirizmi ilə seçilir. O, tamaşa müəlliflərinin ideyalarını, obrazların xarakterini musiqinin dili ilə müvəffəqiyyətlə əks etdirə bilib. Bəstəkarın Füzulinin, Vaqifin, Müşfiqin, Abdulla Şaiqin sözlərinə yazdığı musiqilər həzinliyi, emosionallığı ilə dinləyicinin ruhunu oxşayır. “Heyran olmuşam”, “Oxu, bülbül”, “Qurban olduğum”, “Ceyranım, gəl”, “Gözəl yar”, “Qarabağın qızları” və digər romansları və mahnıları uzun illərdir ki, məhəbbətlə ifa edilir.

*****

Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub. Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Səhnə əsəri Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəvi hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Gənc dirijor Əyyub Quliyevin idarə etdiyi səhnə əsərində əsas rolları Xalq Artisti Qərinə Kərimova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Əkrəm Poladov, gənc solistlər İlham Nəzərov, Fəhmin Əhmədli ifa ediblər.

Təbiət gözəlliklərinin də yer aldığı tamaşa yerli və xarici teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, opera tamaşasının libretto müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, quruluşçu rəssam isə Xalq Rəssamı Tahir Tahirovdur.

2014

Yanvarın 27-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 90 illik yubileyinə həsr edilən tədbir keçirildi. 

Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Xanım Abdinova açaraq Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi Şəfiqə Axundovanın bənzərsiz yaradıcılığından danışdı. Bildirdi ki, böyük yaradıcılıq yolu keçən bəstəkar zəngin irsi ilə həmkarlarından daima fərqlənib.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova korifey sənətkarın yaradıcılığından söhbət açdı. Qeyd olundu ki, dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı, müsəlman Şərqinin ilk opera yazan qadın bəstəkarı olan Şəfiqə Axundovanın yaradıcılığı hələ neçə-neçə musiqişünasın diqqətini cəlb edəcək. Gözəl mahnıları neçə-neçə nəsil müğənnilərin repertuarını bəzəyəcək.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı bəstəkarın “Gəlin qayası” operası, “Ev bizim, sirr bizim” operettası, bir-birindən gözəl, yaddaqalan “Lay-lay”, “Nədən oldu?”, “Mehriban olaq” və s. lirik mahnıları ilə ürəkləri fəth etdiyini, bir çox sənət adamlarının püxtələşməsində böyük rol oynadığını bildirdi. 
Çıxışlar muzeyin materialları əsasında hazırlanan slayd-şou ilə müşayiət olundu.
Sonra Xalq artisti, professor, tarzən Ramiz Quliyevin, Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Əməkdar artist Nuriyyə Hüseynovanın, istedadlı gənc vokalçı Ramil Qasımov və başqalarının ifasında bəstəkarın əsərlərindən parçalar və lirik mahnılar səsləndirildi.

*****

Fevralın 12-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Əməkdar Mədəniyyət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, musiqişünas Aida Tağızadənin 80 illik yubileyi qeyd edilmişdir. Həmçinin yubilyarın elmi-publisistik məqalələrindən ibarət “XX əsrin Azərbaycan musiqisi” kitabının təqdimatı olmuşdur.
yubileydə çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə demişdir ki, Aida Tağızadə Müslüm Maqomayev, Soltan Hacıbəyli, Aqşin Əlizadə və digər tanınmış mədəniyyət xadimlərinin yaradıcılığını dərindən tədqiq etmiş gözəl pedaqoq və musiqişünasdır.
Sonra BMA tələbələrinin və tanınmış ifaçıların iştirakı ilə konsert olmuşdur.

Mayın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilmişdir.
Tədbirdə ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin doğum günü ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirmişdir. Sonra Bakı şəhərindəki 30 nömrəli uşaq musiqi məktəbinin şagirdləri geniş konsert proqramı ilə çıxış etmişlər.

*****

Mayın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ), Əməkdar İncəsənət Xadimi Cəlal Abbasovun yaradıcılığına həsr olunmuş müəllif konserti olmuşdur. Konsertdə ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək Cəlal Abbasovun yaradıcılığı haqqında söz açmışdır. Həmçinin ABİ-nin katibi, musiqişünas, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın “ Bəstəkar Cəlal Abbasovun yaradıcılığı haqqında” adlı məruzəsi dinlənilmişdir. Konsertdə bəstəkarın “Sonata”, “Paradeigma-2”, “Variasiyalar”, “Ay İşığında” və s. əsərləri səsləndirilmişdir.

*****

İpək Yolu V Beynəlxalq Musiqi Festivalı

İyulun 1-də Şəki şəhərindəki XIX əsrə aid tarixi-memarlıq abidəsi — Aşağı Karvansaray kompleksində “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə çıxış edərək artıq ənənə halını almış “İpək Yolu” Beynəlxalq musiqi festivalının Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qaldığını, dünya musiqi sənətinin parlaq incilərindən ibarət rəngarəng konsert proqramları ilə hamıya xoş bayram ovqatı bəxş etdiyini bildirmişlər.

İyulun 2-də Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində “Yuxarı Karvansaray” kompleksində TÜRKSOY rəssamlarının sərgisi açılmışdır.
Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirmişdir ki, on yeddi il ərzində türk dünyasının müxtəlif ölkələrinin ev sahibliyi etdiyi XVII “TÜRKSOY- Rəssamlar görüşü” ilk dəfə olaraq Azərbaycanda- Şəki şəhərində gerçəkləşdirilir. Tarixi İpək Yolunun mərkəzlərindən olan Şəki şəhərində türk dünyasının 14 ölkəsini təmsil edən 17 rəssam bir araya gələrək iki həftə ərzində öz yaradıcılıqlarını davam etdirmişlər…

İyulun 2-də Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində İstanbul Modern Folk Müzik Topluluğunun konserti olmuşdur. Şəki şəhərindəki yay teatrında keçirilən konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, Türkiyənin və festivala dəvət olunmuş digər xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak etmişlər.

İyulun 3-də Azərbaycan memarlığının nadir incisi, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının önündə Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişlər.

İyulun 3-də Şəkinin “Yuxarı Karvansaray” mehmanxana kompleksində türkdilli ölkələrin milli geyimləri və musiqisindən ibarət Defile nümayiş etdirilmişdir. TÜRKSOY-un hazırladığı Defile Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyasının Altay, Saxa-Yakutiya, Xakasiya, Tuva, Başqırdıstan, Kalmıkiya respublikalarının təmsilçiləri — tanınmış modelyer-dizaynerlər və musiqiçilər tərəfindən təqdim olunmuşdur.

İyulun 4-də “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində “Aşağı Karvansaray” kompleksində Çin mahnı və rəqs ansamblının konserti olmuşdur. Xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertdə çinli ifaçılar tamaşaçılara “Çin — müxtəlif rənglər işığında” adlı proqramı təqdim etmişlər.

İyulun 4-də “İpək Yolu” V Beynəlxalq musiqi festivalının dördüncü günündə Sabit Rəhman adına Şəki Dövlət Dram teatrında tamaşaçılara Bakı Marionet Teatrının Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşa təqdim olunmuşdur.

İyulun 5-də “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində Şəkinin Yay Teatrında “Eurovision” mahnı müsabiqəsi qaliblərinin və iştirakçılarının qala-konserti olmuşdur. Konsertdə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində Nigar Camalla birgə bu mötəbər yarışın qalibi olmuş Eldar Qasımov çıxış etmişlər. Tamaşaçılar müxtəlif illərdə “Eurovision” mahnı müsabiqələrində çıxış etmiş Erkin Osmanlı, Xana Həsənova, Dilarə Kazımova, Fərid Məmmədov və digər ifaçıların çıxışlarını böyük maraqla izləmişlər.

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımovla Nigar Camalın ifa etdikləri məşhur “Runninq Scared” mahnısı isə tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır. Konsertin sonunda “Eurovision” mahnı müsabiqəsinin qaliblərinə və iştirakçılarına festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

İyulun 5-də Şəkinin XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli bağlanış mərasimi olmuşdur.
Mərasimdə Sankt-Peterburq “Ermitaj” dövlət simfonik orkestri Azərbaycan solistlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim etmişdir.
“Ermitaj” dövlət simfonik orkestri Azərbaycanda ilk dəfə olaraq Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində dirijor Arkadi Şteynluxtın rəhbərliyi ilə çıxış etmişdir. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, Əməkdar Artist Gülnaz İsmayılova və Fərid Əliyevin ifa etdikləri Avropa və rus bəstəkarlarının əsərləri, həmçinin Tofiq Quliyevin “Bakı haqqında mahnı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

*****

Sentyabrın 19-da Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında məşhur rus bəstəkarı Andrey Petrovun adını daşıyan Bəstəkarların VIII Beynəlxalq Müsabiqəsinin nətiсəsini müəyyən edən seçim konserti baş tutmuşdur. Müasir musiqinin ən tanınmış nümayəndələri olan Aleksandr Knayfel, Vladimir Tarnopolskiy, Aleksandr Radviloviç, Leonid Desyatnikov kimi bəstəkarlardan ibarət Münsiflər Heyətinə xalq artisti, professor Firəngiz Əlizadə rəhbərlik etmişdir.

*****

Sentyabrın 22-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə ittifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə açaraq dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adını daşıyan festivala ilbəil artan maraqdan, bu musiqi bayramı çərçivəsində təşkil edilən bir-birindən maraqlı silsilə konsertlərdən söz açıb.

Tədbirdə azərbaycanlı musiqiünaslarla yanaşı macarıstanlı bəstəkar və musiqişünas Şandor Sabonun “Qədim Macar Şərq musiqisi haqqında araşdırmalar” mövzusunda məruzəsi də dinlənilib. O, çıxışını əyani olaraq nadir hallarda ifa edilən ənənəvi hind aləti – “Esrac”da səsləndirdiyi musiqi parçaları ilə nümayiş etdirib.

*****

Sentyabrın 24-də Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında kamera konserti olmuşdur.
Konsertdə çıxış edən ABİ-nin sədri, Xalq Artisti Firəngiz Əlizadə həmişə gənc musiqiçiləri dəstəklədiklərini, yaradıcılıq imkanlarını genişləndirmələri üçün onlara şərait yaratdıqlarını söyləmişdir. O qeyd etmişdir ki, “Trio-klassik” ansamblı Bəstəkarlar İttifaqının təşəbbüsü ilə yaradılmış üçüncü ansambldır. Ansamblın solistləri Allahyar Vəzirov, Nərgiz Əliyeva, Məmməd Rəcəbli, Vəli Budaqov və Səbuhi Xəlilovdur. Konsertdə Mixail Qlinkanın “Patetik trio”, Feliks Mendelsonun “İki klarnet üçün konsert” və Firəngiz Əlizadənin “Crossing I” əsərləri səsləndirilmişdir.

*****

Sentyabrın 25-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən möhtəşəm «Muğam aləmi» layihəsi əsasında çap olunan Azərbaycan muğamına həsr olunmuş «Muğam Ensiklopediyası»nın rus dilindəki nəşrinin təqdimatı olmuşdur.

*****

Oktyabrın 8-12-də Veytnamın paytaxtı Hanoy şəhərində I Asiya-Avropa “Yeni musiqi” festivalı keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov bu festivalın iştirakçısı olmuşdur. Festivalın açılışı konsertində bəstəkarın “Koroğlu” simfonik freskasını tanınmış yapon dirijoru Honna Tesuşinin idarəsi ilə Vyetnam dövlət simfonik orkestrı ifa etmişdir.

Festivalın açılışından öncə Vyetnamın prezidenti Truonq Tan Sanq festival iştirakçılarını öz iqamətgahında qəbul etmiş, xatirə şəkilləri çəkdirmişlər. Sonrakı günlərdə Vyetnamın ədəbiyyat və incəsənət naziri və Halonq şəhərinin qubernatoru festival iştirakçıları ilə görüşü olmuşdur. Festivalın bağlanış mərasimində bir qrup bəstəkarların sırasında Sərdar Fərəcov da xüsusi medalla təltif olunmuşdur.

*****

Oktyabrın 11-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatında dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə nümayiş etdirimişdir. Tamaşanın premyerasında iştirak etmək üçün Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova, Xalq artisti, xoreoqraf Mədinə Əliyeva, dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdən ibarət nümayəndə heyəti San Dieqo şəhərində səfərdə olmuşlar.

*****

Oktyabrın 27-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, Xalq Artisti, “Şöhrət” ordenli professor Tofiq Bakıxanovun kamera musiqisindən ibarət konsert olub. Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə T.Bakıxanovun yaradıcılığından söz açıb. Bəstəkarlar İttifaqının yubileyi ərəfəsində təşkil olunmuş ilk konsertdə müəllifin Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr etdiyi “Azərbaycan sonatası”, atası Əhməd Bakıxanova ithaf etdiyi 3 hissəli “Xatirə konserti”, Xalq Artisti Sərvər Qəniyevə yazdığı “Türk sonatası” və Şərq mövzusuna həsr edilmiş “Türk rabsodiyası” səsləndirilib.

*****

Azərbaycan Bəstəkarlar İttifaqı 80

Noyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri və ittifaqın 80 illik yubileyi münasibətilə keçiriləcək musiqi festivalının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb. Festival iştirakçıları və qonaqlar həmçinin Azərbaycanın görkəmli musiqi xadimlərinin məzarlarını da ziyarət ediblər. Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər qoyublar.

Noyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqinin (ABİ) konfrans salonunda İttifaqın 80 illik yubileyi münasibətilə keçiriləcək musiqi festivalına həsr edilən mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə yubiley çərçivəsində keçiriləcək tədbirlər planından bəhs edib. F.Əlizadə həmçinin Bəstəkarlar İttifaqının yaranmasından da danışıb. Əsası dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulan bu quruma rəhbərlik etməsindən məmnunluğunu ifadə edən Firəngiz xanım görülmüş işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrdən söz açıb.

Festivalda dəvət olunmuş xarici qonaqlardan mətbuat konfransında iştirak edən İtaliyadan musiqişünas Elizabet Vilson, Almaniyadan musiqişünas Moisey Boroda, Özbəkistandan bəstəkar Dmitri Yanov-Yanovski festival və ABİ-nin fəaliyyəti barədə fikirlərini bölüşüblər. Qeyd edək festivalın daha bir qonağı isə Sankt Peterburqdan bəstəkar Olqa Petrova idi. D.Şostakoviç və M.Rastropoviç haqqında tədqiqatları müəllifi Elizabet Vilson müəllimi M.Rastropoviçin vətənində olmaqdan məmnunluğunu bildirib, həmçinin festivala dəvətə görə ABİ-nin sədrinə təşəkkür edib. Moisey Boroda və Dmitri Yanov-Yanovski ABİ-nin işini yüksək qiymətləndiriblər. Musiqi festivalının keçirilməsinin yaxşı ideya olduğunu vurğulayaraq bildiriblər ki, festival tanınmış bəstəkarlarla yanaşı, gənc bəstəkarların da əsərlərini səsləndirməyə fürsət yaradır.

Diqqətə çatdırılıb ki, Almaniyada musiqi ensiklopediyasında Azərbaycan musiqisi və bəstəkarları haqqında məqalələrin dərc olunmasında Moisey Boroda böyük rolu var.


Noyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubimleyi çərçivəsində Müslüm Maqomayev adına Filarmoniyada ilk konsert olmuşdur. Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Dövlət Xalq Çalğı Alətləri Orkestri Azərbaycan bəstəkarları Uzeyir Hacıbəyli, Nazim Quliyev, Əşrəf Abbasov, Səid Rustəmov , Dadaş Dadaşov, Cahangir Cahangirov , Nazim Əliverdibəyov, Vasif Allahverdiyev , Ramiz Mustafayev, Azər Dadaşov , Həsən Adıgozəlzadə, Tofiq Quliyev, Musa Mirzəyev, Ceyhun Allahverdiyev, Hacı Xanməmmədov, Ramiz Zohrabov və Həsən Rzayevin əsərlərini ifa etmişdir.

Noyabrın 1-də Azərbaycan Dövlət Musiqili Teatrında Bəstəkarlar İttifaqının 80 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan gecədə musiqili teatrda səhnələşdirilən operetta və musiqili komediyalara yazılmış əsərlər səsləndirilib. Teatrın simfonik orkestrinin müşayiəti ilə keçirilə konsertdə Əməkdar Artist Səidə Şərifəliyeva, Gültac Əlili, Elvin Əliyev, Türkel Şabanova, Əliməmməd Novruzov və başqaları çıxış ediblər.

Noyabrın 2-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunan musiqi festivalının təntənəli açılış mərasimi olub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutan tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan bu qurum 80 illik fəaliyyəti dövründə böyük işlər görüb, bir sıra nailiyyətlər əldə edib.
Festivalın proqramının rəngarəng olduğunu bildirən sədr qeyd edib ki, ayrı-ayrı konsert salonlarında təşkil ediləcək tədbirlərdə 70 müəllifin müxtəlif janrlarda bəstələdikləri əsərlər səslənəcək.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında Bəstəkarlar İttifaqının 80 illiyi bir ilə yaxındır ki, müxtəlif tədbirlərlə qeyd olunduğunu bildirərək qeyd edib ki, bu qurumun öz yaradıcılıq potensialını gücləndirərək ölkəmizin mədəni həyatında özünəməxsus yer tutması təqdirəlayiq haldır. Daha sonra tanınmış dirijor, Əməkdar İncəsənət Xadimi Fəxrədin Kərimovun idarə etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Xalq artisti Gulbacı İmanova rəhbərlik etdiyi Azərbaycan Dovlət Xor Kapellası Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişdir.

Noyabrın 3-də Azərbaycan Bəstəkarlar İttifaqının U. Hacıbəyli adına Konsert Salonunda Azərbaycan Dovlət Televiziyası və Radiosu C.Cahangirov adına Xorunun və kamera ansambllarının konserti olmuşdur. Konsertdə Uzeyir Hacıbəyli, Aqşin Əlizadə, Ramiz Mustafayev, Gunay Mirzəyeva, Rufət Ramazanov , Fikrət Əmirov, Ruhəngiz Qasımovanın əsərləri ifa olunmuşdur.

Noyabrın 3-də M.Maqomayev adına Azərbaycan Dovlət Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dovlət Kamera Orkestrinin konserti olmuşdur. Xalq artisti, dirijor Teymur Goycayevin idarəsi ilə keçən konsertdə Uzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz Əlizadə, Oqtay Rəcəbov , Olqa Petrova , Vasif Allahverdiyev, Yaşar Xəlilov, Elnarə Dadaşova, Faiq Nağıyev, kimi bəstəkarların əsərləri ifa olunmuşdur.

Noyabrın 4-də festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında kamera musiqisi konserti olmuşdur. Konsertdə Mehriban Əhmədovanın “Ana”, Mürsəl Arazbəylinin “Skertso”, Firudin Allahverdinin “Pretekst”, İlham Azmanlının “Bakı küləyi”, Ayaz Qəmbərlinin “Suprematistic figures”, Tahir İbişovun “Dövr” və Səid Qəninin “Epizod” əsərləri səsləndirilmişdir. 
Tədbirdə “Dan Ulduzu” instrumental ansamblı (bədii rəhbər — Əməkdar Artist Tariyel Abbasov, solist — Əməkdar Artist Adilə Əflaki), beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov, Rövşən Əmrahov, Nərgiz Əliyeva, Aynur Abdullayeva, Samir Əsədov, Zakir Əsədov və başqaları çıxış ediblər.

Noyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan bəstəkarlarının Kamera konserti olmuşdur. Konsertdə Qara Qarayev, Firəngiz Əlizadə, Dmitri Yanov-Yanovski, Cəlal Abbasov , Aliyə Məmmədova, Adilə Yusifova, Fərid Fətullayev, Səid Qəni, Firudin Allahverdi kimi bəstəkarların əsərləri ifa olunmuşdur.

Noyabrın 5-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr edilmiş musiqi festivalının bağlanış mərasimi olmuşdur. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bağlanışa həsr edilmiş konsertdə beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevin idarə etdiyi Azərbaycan Dövlət simfonik orkestri çıxış etmişdir. Konsertdə Lalə Cəfərovanın “Marş” və “Daimi hərəkət” pyesləri, Rauf Əliyevin ulu öndər Heydər Əliyevə ithaf etdiyi “Ballada”sı, Sevda İbrahimovanın “Qarabağnamə”, Məmmədağa Umudovun “Balet” süitası, Ədviyyə Rəhmətovanın “İlmələr”, İlham Azmanlının “Azerbaijani colors” və Azər Dadaşovun “Dəstgah” süitası olunmuşdur. Xalq Artisti, professor Ramiz Quliyev (tar), Fariz Əliyev (tütək) və respublika müsabiqəsi laureatları Mehri Əsədullayeva (kamança) və Aynur Qasımova (qanun) konsertdə solist kimi çıxış etmişlər.

Noyabrın 5-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr edilmiş musiqi festivalı çərçivəsində sonuncu tədbir — Azərbaycan Dovlət Akademik Opera və Balet Teatrının səhnəsində Uzeyir Hacibəylinin “Leyli Və Məcnun”operası nümayiş olunmuşdur. Frestivalın xarici qonaqları operaya böyük heyranlıqla maraq göstərmişlər.

*****

Xəbərlər 2014 noyabr 2015 may

Noyabr ayının 7,8,9-da Avsriyanın Zalsburq şəhərində «West-Östliche Mozaik» Beynəlxalq Musiqi Festivalında Avstriyanın məşhur «ÖENM» ansambılnın iştirakı ilə dünya şöhrətli bəstəkarıımız, xalq artisti, professor Firəngiz Əlizadənin müəllif-konsertləri təşkil olunub. Konsertlərdə Firəngiz xanımın müxtəlif tərkibli vokal və kamera-instrumental əsərləri ifa edilib.

*****

Noyabrın 15-də Almaniyanın Auqsburq şəhərində möhtəşəm «Qızıl Salon»da F. Əlizadənin klarnet və violençel üçün «Duo of accordanse» (İkili vəhdət) adlı yeni əsərinin premyerası baş tutub. Bu əsər görkəmli alman violençel ifaçısı professor Yulius Bergerin 60 illiyinə həsr edilib. Yuiley tədbirində Y. Berger və koreyalı klarnet ifaçısı Hyun Yunqun təqdim etdiyi əsər dinləyicilərin sürəkli alqışları ilə qarşılanıb.

*****

Noyabrın 24-də “ÜNS” Yaradıcılıq Səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı Həsən Rzayevə həsr olunmuş yaradıcılıq axşamı keçirilib. Tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Həsən Rzayevin Azərbaycan musiqi sənətinə verdiyi dəyərli töhfələrindən danışıb. O deyib: “Elə insanlar var ki, onlar öz təvazökarlıqları ilə həmişə seçilirlər. Buna baxmayaraq, onların musiqi həyatımızda buraxdıqları iz böyük olur. Biz onları tədricən tanıyıb dərk edirik. Xatirə gecəsinə toplaşdığımız Həsən Rzayev də belə insanlardandır”.

Xatirə gecəsində Həsən Rzayevin zərb alətləri üzrə tələbəsi, virtuoz ifaçı, Çikaqoda təcrübə keçmiş Allahyar Vəzirov da iştirak edib. Qeyd edək ki, gənc musiqiçi Amerikada təhsilini davam etdirib və ABŞ-da Ağ Evdə Laura və Corc Buşun qarşısında çıxış edib. Allahyar Vəzirovun ifasında Həsən Rzayevin əsərləri ilə yanaşı, onun müəlliminə həsr etdiyi musiqi də alqışlarla qarşılanıb. Sonda çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva bildirib ki, bu çıxış əslində planlaşdırılmamışdı.

O dedi: “Məsələ burasındadır ki, Həsən Rzayevin oğlu, sizin yaxşı tanıdığınız Atəş Rzayev teatrımız fəaliyyətə başladığı vaxtdan bizimlə birgə təmənnasız, heç bir mükafat, heç nə tələb etmədən çalışır. Sadəcə işləmək istədiyinə görə çalışır. Həsən Rzayev yaşasaydı, bu gün biz onun 85 yaşını qeyd edəcəkdik. Lakin belə insanların ömrü fiziki meyarla ölçülmür. Musiqisi yaşayırsa, o da yaşayacaq. Şagirdi yaşayırsa, o da yaşayacaq. Oğlu yaşayırsa, deməli, hər şey davam edəcək”. Daha sonra bəstəkarın oğlu Atəş Rzayev tədbirin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.

*****

Dekabrın 2-də ABŞ-ın Nyu-York şəhərində məşhur «Lincoln Center»də Firəngiz xanımın «Oazis» simli-kvartetinin ifa olunub. Xatırladaq ki, 1999-ci ildə bəstələnən və ilk dəfə olaraq İrlandiyanın paytaxtı Qlazqo şəhərində səsləndirilmiş “Oazis” əsəri San-Fransiskonun “Kronos” kvartetinin (ABŞ) sifarişi ilə yazılıb və dünyanın müxtəlif ölkələrinin məşhur salonlarında uğurla ifa olunub.

Yeri gəlmişkən, İtaliyanın məşhur «Ricordi» səsyazma firması da «Şərqin sədaları » (Eastern Approaches) adlı yeni diski bu günlərdə musiqisevərlərə təqdim edib. Bu barədə məlumat verən, Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubiley tədbirlərində iştğirak etmək üçün İtalmiyadan ölkəmizə təşrif buyuran məşhur musiqişünas Elizabet Vilson, sözü gedən diski mətbuat konfransında təqdim edib. Diskdə üç əsər- G.Kançeli, D.Yanovski və F.Əlizadənin əsərləri daxil edilib. Bundan başqa, F.Əlizadəyə amerikalı virtuoz skripka ifaçısı, meqa-star Hillari Hahn tərəfindən sifariş edilən və artıq bütün dünyada böyük müvəfəqqiyyətlə səslənən «İmpulse» əsərinin notları da həmin günlərdə Nyu-Yorkun məşhur «Shirmer» nəşriyyatında işıq üzü görüb.

*****

Dekabrın10-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru İmruz Əfəndiyevanın “Musiqidə keçən ömür” və “Axtarış yollarının bəhrəsi” adlı kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək İmruz Əfəndiyevanın uzun və mənalı yaradıcılıq yolu keçdiyini söyləyib. Daha sonra əməkdar müəllim, professor Səadət Seyidova söz alaraq professor İmruz Əfəndiyevanın ədəbi irsinin kifayət qədər zəngin olduğunu bildirib. Tədbirin sonunda tamaşaçılara musiqi nömrələri təqdim edilib.

*****

Dekabrın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri keçirilmişdir. Tədbiri açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirdirib ki, Heydər Əliyevin şəxsi təşəbbüsləri müstəqil Azərbaycanın musiqi mədəniyyətinin inkişafında, ölkəmizin musiqi həyatının zənginləşməsində və beynəlxalq səviyyədə böyük müvəfəqiyyətlər əldə olunmasında öz töhvəsini verib: «Ümummilli liderin Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu onlara yaradıcılıq axtarışlarında və yeni əsərlərin yaranmasında ilham vermişdir.

Aərbaycan Bəstəkarlar İttifaqının V Qurultayında onun dərin məzmunlu «Bəstəkarın yüksək vəzifəsi və amalı» məruzəsi bu gün də aktuallığını qoruyur və bəstəkarlar İttifaqının fəaliyyətində proqramm sənədi qalır. Faktiki olaraq, Mstislav Rastropoviçi bizə məhz Heydər Əliyev qaytardı. 1997-ci ildə Fransada «Grand Opera»da onun Heydər Əliyevlə görüşü oldu. Orada maestro H.Əliyevə söz verdi ki, hər il Bakıya gələcək və gənc musiqiçilər üçün ustad dərsləri keçirəcək. Və Rastropoviç sözünün üstündə durdu». Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova 1975-ci ildə Üzeyir Hacıbəylinin Ev-muzeyinin açılışı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq, Ümummilli liderin Azərbaycan professional musiqisinin banisinin yaradıcılığına həsr etdiyi dərin məzmunlu çıxışının şahidi olduğunu qeyd edib.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Calal Abbasov isə öz çıxışında bildirib ki, bir sıra aparıcı bəstəkarlarımızın fundamental əsərinin yaradılmasının bilavasitə təşəbbüskarı məhz Heydər Əliyev olub. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov çıxışında musiqimizin korifey nümayəndələrinin xatirələrinin əbədiləşdirilməsi istiqəmətində Ulu Önldərin gördüyü işlərdən bəhs edib. Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın çıxışı isə Ümummilli lider Heydər Əliyevin mədəniyyət xadimlərinə qayğısının və bu xeyirxahlıq ənənələrinin bu gün də davam etməsinə həsr olunub. Tədbirin sonunda tanınmış bəstəkar, Respublikanın Xalq artisti, «Şöhrət odenli», professor Tofiq Bakıxanovun «Həmişə bizimləsən » simfonik poeması səsləndirilib.

*****

Dekabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert təqdim edilib. Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) nəzdində fəaliyyət göstərən “Baku Simfonietta” orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir. Konsertdə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi və Sergey Prokofyevin “Romeo və Cülyetta” baletindən birinci süita səsləndirilib.

Qeyd edək ki, “Baku Sinfonietta” orkestri cari ilin fevral ayında ABİ-nin sədri, Xalq Artisti Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə yaradılıb. Əsasını beynəlxalq müsabiqələr laureatları təşkil edən kollektiv, yarandığı qısa müddətə baxmayaraq bir neçə uğurlu konsertlər verib və musiqi ictimaiyyətinin diqqətini özünə cəlb edib. Orkestrin repertuarında dünya və Azərbaycan bəstəkarlarının əsərləri yer alıb.

*****

Dekabrin 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvü, İlham Azmanlının 50 illik yubileyinə həsr edilmiş konsert keçirilib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən gecədə ABİ-nin katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov bəstəkara ittifaqın təbrik ünvanını təqdim edərək bugünkü konsertin onun 50 illik ömrünün hesabatı olduğunu söyləyib.

Sonra kamera musiqisindən ibarət konsert təqdim edilib. Konsertdə bəstəkarın “Woodwind quartet” (“Ağac nəfəs alətləri üçün kvartet”), “Rənglər ¹”, “Bakı küləyi”, “Bachiana-Bakuana” (klarnet və piano üçün 7 hissəli silsilə) və “Papirus üzərində yazılmış hekayə” əsərləri səsləndirilib. Musiqiləri İnci Azmanlı, Aynur Abdullayeva və “Baku Sinfonietta” orkestrinin solistləri ifa ediblər.

Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayı

Noyabrın 20-22-də Gəncə Şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin plenumu keçirilmişdir. Bəstəkarlar İttifaqının üzvləri əməkdar incəsənət xadimləri Faiq Nağıyev, Aygün Səmədzadə, o cümlədən əməkdar müəllim Natiq Vəliyev plenumda iştirak etmək üçün Gəncə şəhərinə ezam olunmuşlar. Noyabrın 20-də plenumun birinci günü Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin üzvlərinin hazırladıqları geniş konsert proqramı dinlənildi. Konsertdə Gəncə Dövlət Kamera Orkestri, Qəmbər Hüsyenli adına Gəncə Musiqi Kollecinin «Gənc qığılcımlar», Gəncə Musiqi Kollecinin Xor Kollektivi və ayrı-ayrı solo ifaçılar geniş proqramla çıxış ediblər. Plenumun ikinci günü keçirilən konfransda Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü əməkdar incəsənət xadimi Faiq Nağıyev Azərbaycan Bəstəkarlar İttifaqının son 5 ildə həyata keçirdiyi işlərdən bəhs edən məruzə ilə çıxış edib. 14-18 dekabr tarixlərində Azərbaycan musiqi həyatında daha bir yeni əlamətdar dönəm kimi qeydə alındı. Bu günlər ərzində Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayı həyata keçirildi. Qurultay çərçivəsində müxtəlif tədbirlər — mətbuat konfransı, müxtəlif konsert proqramları, tamaşalar, müzakirələr uğurla baş tutdu. Qurultada Sankt-Peterburq Konservatoriyasının professoru Aleksandr Radviloviç, ÖzbəkiSTAN Bəstəkarlar İttifaqının sədri, Rüstəm Abdullayev, Ukrayna Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Mixail Şved, Gürcüstandan tanınmış musiqişünas Rusudan Çirçumiya, Ankara Universitetinin professoru Əflatun Nemətzadə, Rusiya Bəstəkarlar İttifaqının sədr müavini Rəşid Kalimullin qonaq qismində iştirak edirdilər. Musiqi bayramı kimi qarşılanan qurultayın ilk günü — 14 dekabrda Fəxri Xiyabanın ziyarəti ilə başlayıb , günün ikinci yarısındaAzərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında mətbuat konfransı ilə davam etdirildi. Təntənəli açılış mərasimi MüslümMaqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirildi. Azərbaycan Dövlət Simfonik Orkestrinin(dirijor-F.Kərimov)və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə (bədii rəhbər-G.İmanova) konsert proqramı musiqisevərlərə təqdim olundu.Qurultayın hər bir günündə konsert proqramları Azərbaycan musiqi mədəniyyətində müstəsna rol oynamış dahi bəstəkarlarınparlaq əsərləri ilə başlandı. Açılış mərasimində ilk nömrə olaraq Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertura səsləndi.Azərbaycan musiqi xəzinəsinin gözəl nümunəsinin ardınca bəstəkarlıq məktəbinin nümayəndələri — M.Mirzəyev, A.Dadaşov, C.Abbasov, S.Fərəcov, X.Zeynalova, R.Əliyev, N.Məmmədov, M.Babayevin əsərləri tamaşaçılara təqdim olundu.Proqram Firəngiz Əlizadənin “İntizar” operasından final səhnəsi ilə yekunlaşdırıldı. Dekabrın 15-də qurultayın 2-ci günü biri-birindən maraqlı tədbirlərlə zəngin idi. İlk konsert Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adınakonsert salonunda baş tutdu. Konsert öncəsində Bəstəkarlar İttifaqının sədri,bəstəkar Firəngiz Əlizadə qurultaya xaricidövlətlərdən qatılan qonaqları və tamaşaçıları salamladı. Ardınca Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev özçıxışında qurultayın Azərbaycanın mədəni həyatında, qonşu dövlətlərlə əlaqəsinin möhkəmləndirilməsində əlamətdar olmasını vurğuladı. Musiqili günün davamı olaraq R.Behbudov adına Dövlət Mahnı Teatrında “Mahnı konserti” dinləyicilərdə xoş əhval-ruhiyyə oyatdı. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin “Bakı gecələri” estrada orkestrinin,Azərbaycan Televiziyası və Radiosunun Ə.Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının ifasında müxtəlif mahnı və kompozisiyalar səsləndi. Günün axşam saatlarında daha bir tamaşa qurultay tamaşaçılarını öz ətrafına topladı. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında T.Bakıxanovun “Xeyir və Şər”, E.Dadaşovanın “Sayalı” adlı baletinin premyerası uğurla baş tutdu. Elə həmin saatlarda günün sonuncu tamaşası — Ü.Hacıbəylinin “Ər və arvad” musiqili komediyası Dənizçilərin Mədəniyyət evindənümayiş olunmuşdur. Bununla da Qurultayın 2-ci günü də maraqlı tamaşaları ilə yaddaşlarda xoş təəssüratlar oyatdı. 16 dekabrda Azərbaycan Dövlət Filarmoniyasında A.Paşayevin dirijorluğu ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konserti baş tutdu. Konsert Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasından «Müqəddimə» ilə başlandı. Ardınca S.Rüstəmovun “Bayatı-Kürd” fantaziyası, Əməkdar artist Almaz Orucovanın ifasında Niyazinin “Qaragilə” ,Hacı Xanməmmədovun tar ilə xalq çalğı alətləri orkestri üçün “ 3 saylı konsert ” solist əməkdar artist Sahib Paşazadənin təqdimatında səsləndi. Proqramın ikinci hissəsində Ramiz Zöhrabovun “Uşaq lövhələri”, D.Dadaşovun “Rəqs süitası”, F.Əmirovun “Kor ərəbin mahnısı”, H.Adıgözəlzadənin “Vallah,Adam qocalmaz” mahnısı, K.Əhmədovun “Cəngi”, Y.Xəlilovun “Yallı”, V.Allahverdiyevin “Azərbaycan torpağıyam” kompozisiyası alqışlarla qarşılandı. Musiqi bayramı tamaşalarla — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında F.Əmirovun “Sevil” operası, DənizçilərinMədəniyyət evində Ramiz Mirişlinin “Amerikalı kürəkən” musiqili komediyası ilə davam etdirildi. 17 dekabr — festivalın 4-cü günündə Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda kamera konsertihəyata keçirildi. Konsert proqramı A.Zeynallının “Muğamsayağı” əsəri ilə başlayıb, G.Mirzəyeva, R.Xəlilov, F.Nağıyev, İ.Zeynalov, T.Əkbərin, A.Məlikovun əsərləri ilə davam etdi. Silsilə tədbirlərin davamı olaraq axşam Kamera və Orqan musiqi zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kameraorkestrinin konserti baş tutdu. Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin -A.Əlizadə, R.Ramazanov, M.Cəfərov, S.İbrahimova, D.Dadaşov, S.Əliyev, G.Abdullayeva, A.Yusifova,R.Xəlilov, N.Şəfiyevanın əsərləri səsləndi. Konsertin 2-ci hissəsində Aqşin Əlizadəyə həsr olunmuş yeni kitabın təqdimatı keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayının sonuncu günü Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında müzakirə ilə başlandı. Axşam saatlarında isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında IX Qurultayın yekun konserti həyata keçirildi. Konsertdə Əməkdar İncəsənət xadimi Azad Əliyevin bədii rəhbər və dirijorluğu ilə AzərbaycanTeleviziyası və Radiosunun Niyazi adına Simfonik orkestrinin ifasında C.Zülfüqarov, O.Rəcəbov, Ə.Rəhmətova, Y.İmanov, M.Umudov, A.Mirzəyev, L.Cəfərova, Y.Mirişlinin əsərləri səsləndi. Yekun konsert proqramı dahi bəstəkar Qara Qarayevin yaradıcılıq irsindən “İldırımlı yollarla” baletindən Süita ilə sona çatdı. Qurultayın hər bir konsert proqramına Azərbaycanın musiqi mədəniyyəti tarixində dərin izlər qoymuş bəstəkarın əsəri ilə başlanması və yekun konsertin də böyük bəstəkarın əsəri ilə bitirilməsiAzərbaycan bəstəkarlıq məktəbinin əvəzolunmaz simalarına olan ehtiram və minnətdarlıq hisslərinin göstəricisidir. Dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) IX qurultayının yekunu çərçivəsində qurumun rəhbər orqanlarına seçkilər keçirilmişdir. Tədbirdə qurumun son beş ildəki fəaliyyətinə həsr edilmiş videomaterial nümayiş etdirilmişdir. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən ABİ-nin sədri Firəngiz Əlizadə bəstəkarlarımızın son illərdə qazandıqları uğurlardan, həyata keçirilmiş layihələrdən, gənc istedadlara göstərilən dövlət qayğısından danışmışdır. Məruzə ətrafında çıxışlarda xalq artistləri Sevda İbrahimova, Faiq Sücəddinov, Nəriman Məmmədov, Əməkdar İncəsənət Xadim Cəlal Abbasov, Əməkdar Müəllim Oqtay Rəcəbov və başqaları hesabat dövründə ittifaqın fəaliyyətini yüksək qiymətləndirmişlər. Tədbirdə təşkilati məsələlərin həllinə, musiqi mədəniyyəti sahəsində problemlərə də xüsusi diqqət yetirilmişdir. Sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilmişdir. Təkliflər əsasında açıq səsvermə keçirilmiş və Firəngiz Əlizadə növbəti 5 illik müddətə ABİ-nin sədri seçilmiş, həmçinin 25 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası müəyyənləşmişdir. Dekabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilmişdir. İdarə Heyətinin qeyd olunan üzvləri yekdilliklə Azərbaycan Bəstəkarlar İttifaqının katibləri seçildilərr: Sərdar Fərəcov — Bəstəkar, əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru; Zemfira Qafarova — Musiqişünas, əməkdar incəsənət xadimi, Baki Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru; Cəlal Abbasov — Bəstəkar, əməkdar incəsənət xadimi, Milli Konservatoriyanın dosenti; Aliyə Məmmədova — Bəstəkar, Bakı Musiqi Akademiyasının baş müəəllimi

Azərbaycan Bəstəkarlar İttifaqının açılışı oldu

Sentyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqının, Xaqani küçəsi 27 ünvanında yerləşən binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə açılış mərasimi keçirilmişdir. Məlum səbəblərdən Azərbaycan Bəstəkarlar İttifaqının kollektivi öz doğma ünvanından uzaq düşmüş, 20 ilə yaxın müddət ərzində başqa-başqa ünvanlarda fəaliyyət göstərmişdir. Xalq artisti, professor Firəngiz xanım Əlizadənin ittifaqa sədr seçilməsindən sonra Azərbaycan Bəstəkarlar İttifaqının binasının sözügedən təşkilata qaytarılması məsələsi gündəmə gəlmiş və öz müsbət həllini tapmışdır. Bəstəkarlar İttifaqının binası təşkilata qaytarılandan sonra ölkə başçısının müvafiq sərəncamına əsasən, burada əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır. Bir il müddətində bina yenidən təmir edilmiş, Azərbaycan Bəstəkarlar İttifaqının kollektivi normal şəraitdə çalışmaq üçün müasir texniki avadanlıqlarla təmin edilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ərəfəsində binanın istismara verilməsi və onun təmirdən sonra açılış mərasimində ölkə prezidenti cənab İlham Əliyevin və xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın iştirak etməsi musiqi ictimaiyyəti üçün ikiqat bayram təəssüratı yaratmışdır.

Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin incəsənət xadimlərinə qayğısını əks etdirən fotostendlə tanış olmuşdur. Dövlətimizin başçısı binanın təmir və yenidənqurmadan əvvəlki görkəmini əks etdirən şəkillərə baxmışdır. Qeyd edək ki, binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.

Prezident İlham Əliyevə məlumat verildi ki, 1912-ci ildə inşa olunmuş bu üçmərtəbəli memarlıq abidəsi əsaslı şəkildə yenidən qurulmuşdur. SSRİ dönəmlərində bina dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı, sonralar isə pionerlər evi kimi fəaliyyət göstərmiş, 1964-cü ildə Bəstəkarlar İttifaqının istifadəsinə verilmişdir. 1991-ci ilin avqustundan burada əvvəlcə Türkiyə Respublikasının konsulluğu, sonra isə səfirliyi yerləşmişdir.
Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin 2008-ci il 14 aprel tarixli Sərəncamına əsasən bina Bəstəkarlar İttifaqının istifadəsinə verilmişdir. Prezident İlham Əliyevin «Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması haqqında» 2007-ci il 12 mart tarixli Sərəncamına uyğun olaraq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən burada yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

Təmir və yenidənqurma işlərinə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, İttifaqa ayrılmış 1 milyon manat vəsait hesabına musiqi alətləri, müasir texniki avadanlıq alınmışdır.
Təmir işlərinə ötən il avqustun sonlarında başlanılmış, bu müddətdə bütün divarlar suvanmış, qapı-pəncərələr dəyişdirilmiş, kommunikasiya xətləri yenidən qurulmuşdur. Binanın fasadı təmir olunarkən buradakı heykəllər də bərpa edilmişdir. Yenidənqurma zamanı binanın əvvəlki memarlıq üslubu qorunub saxlanılmış, eyni zamanda müasir dizayn elementlərindən istifadə olunmuşdur.

Binada yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, əsaslı təmir və yenidənqurmadan sonra burada 40-a yaxın müxtəlif təyinatlı otaq, müasir konsert salonu, konfrans zalı, kitabxana, musiqi fondu və inzibati otaqlar istifadəyə verilmişdir. Təmir və yenidənqurma zamanı yerli və xarici tikinti materiallarından istifadə olunmuşdur. Binanın müasir havalandırma sistemi vardır. Otaqların tavanı, döşəmə yenidən qurulmuş, qapı və pəncərələr yeniləri ilə əvəz edilmişdir. İkinci və üçüncü mərtəbələrin arasındakı pilləkən qəfəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli qoyulmuşdur. Binanın üçüncü mərtəbəsində 120 nəfərlik kamera musiqisi salonu fəaliyyət göstərəcəkdir. Müasir avadanlıqla təchiz olunmuş salonda yaradıcılıq gecələri, müəllif konsertləri, beynəlxalq tədbirlər təşkil ediləcək, sənət adamları ilə görüşlər keçiriləcəkdir. Burada İttifaqın yeni yaradılmış beynəlxalq əlaqələr bölməsi və region şöbələri üçün otaqlar ayrılmışdır.

Prezident İlham Əliyevin İttifaqın maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı imzaladığı Sərəncama əsasən bina müasir tələblərə cavab verən zəruri avadanlıqla təmin olunmuşdur. Yeni yaradılan böyük konsert salonu üçün əsasən Almaniya istehsalı olan musiqi alətləri alınmışdır. Burada ilk dəfə olaraq rəqəmsal kompyuter musiqi sistemi ilə təchiz olunmuş səsyazma studiyası da yaradılmışdır.

Bu, musiqişünasların yeni layihələr həyata keçirmələrinə, müxtəlif yaradıcı qurumlarla mütəmadi görüşlər təşkil etmələrinə və səmərəli əməkdaşlıq əlaqələri qurmalarına yaxşı imkan yaradacaqdır. Təşkilatın fondunda Azərbaycan bəstəkarlarının 750-yə yaxın nadir əlyazmasının və 500-dən artıq nəşrin qorunub saxlandığı kitabxana otaqları da yenidən qurulmuşdur. Yeni üslubda yaradıcılıq mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyan Bəstəkarlar İttifaqında sənətlə bağlı fikirlərin müzakirəsinə geniş yer veriləcəkdir. Burada xüsusi istedada malik uşaqların potensialının inkişaf etdirilməsi ilə bağlı müasir avadanlıq və musiqi alətləri ilə təchiz edilən dərs otaqları fəaliyyət göstərəcəkdir. Bəstəkarlar İttifaqında gənc bəstəkarların və istedadların dövlətimizin qayğısından yararlanması, onların əsərlərinin dinlənilməsi və nümayişi üçün hər cür şərait vardır.
Prezident İlham Əliyev kamera musiqisi salonunda Bəstəkarlar İttifaqı katibliyinin üzvləri — Aqşin Əlizadə, Ramiz Zöhrabov, Eldar Mansurov və Lalə Hüseynova ilə görüşdü. Gənc bəstəkarlar Əli Məmmədov və Vurğun Vəkilov öz əsərlərini fortepianoda məharətlə ifa etdilər.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə tarixi binanın yenidən onların istifadəsinə verilməsini və yüksək səviyyəli təmir-bərpa işlərinin aparılmasını bəstəkarların dərin razılıq hissi ilə qarşıladıqlarını bildirdi. Bu binanın bir çox tarixi hadisələrlə əlamətdar olduğunu qeyd edən F.Əlizadə Bəstəkarlar İttifaqının 1979-cu ildə keçirilən V qurultayını xatırlayaraq, həmin qurultayda iştirak edən ulu öndər Heydər Əliyevin söylədiyi müdrik fikirlərin və verdiyi tövsiyələrin bu gün də dəyərini qoruyub saxladığını qeyd etdi: «Möhtərəm cənab Prezident! Əziz və hörmətli Mehriban xanım! Bu gün Azərbaycan paytaxtının mədəni, musiqi ictimai həyatında əlamatdar bir gündür. Sizin tarixi sərəncamlarınızdan sonra, gərgin və səmərəli işlər aparılmışdır və nəhayət Azərbaycan Bəstəkarlar İttifaqı uzun keşməkeşli illərdən sonra öz doğma evinə, ocağına qayıtmışdır. Bizim bütün bəstəkarlarımız və musiqişünaslarımız, bütün musiqisevərlər Sizə dərin minnətdarlıqlarını ifadə etmək istəyirlər. Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü, şəxsən Mehriban xanımın səyləri ilə Azərbaycan muğamı daim dünya səhnələrini fəth edir. Buna mart ayında keçirilmiş Birinci Beynəlxalq Muğam Festivalı parlaq bir nümunədir.»

Əlamətdar mədəni hadisə münasibətilə bəstəkarları təbrik edən Prezident İlham Əliyev Azərbaycan klassik musiqi sənətinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirərək demişdir:

— Mən sizi Bəstəkarlar İttifaqının binasının əsaslı təmirdən sonra açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu, doğrudan da böyük hadisədir. Biz tarixi ədaləti bərpa etdik. Təxminən 20 ildən sonra bəstəkarlar öz doğma evinə qayıdıblar. Bina əlbəttə ki, çox böyük tarixi məna daşıyır. Siz qeyd etdiniz, Azərbaycanın dahi bəstəkarları və musiqi aləmində dünyamiqyaslı şöhrətə sahib olan insanlar bu binada yaşayıblar, çalışıblar, yaradıblar, burada konsertlər, qurultaylar keçirilib və indi binaya yeni həyat verilir. Bina tam əsaslı təmir olunub. Xarici gözəlliyini saxlamaqla, əlbəttə ki, daxili dizayn ən müasir standartlara cavab verir. Əminəm ki, bəstəkarlar bu binada səmərəli işləyəcəklər, çalışacaqlar, yeni gözəl əsərlərini yaradacaqlar və Azərbaycanın musiqi sənətini daha sürətlə inkişaf etdirəcəklər. Bu yaxınlarda Rəssamlar İttifaqının binası təmir olunaraq təhvil verildi. Bu bina ilə yanaşı yerləşən Yazıçılar Birliyinin binasını da təmir etdik. Beləliklə, Bakı gözəlləşir, Bakının bütün gözəl binaları öz tarixi simasını saxlamaqla yeniləşir, müasirləşir. Bax, bu binanın isə xüsusi taleyi olmuşdur. Yenə də qeyd etmək istəyirəm ki, təxminən 20 il ərzində bəstəkarlar başqa yerdə məskunlaşmışlar. Ancaq biz tarixi ədaləti bərpa etdik, bina yenidən bəstəkarlara qayıdır və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bütövlükdə Bakının bu tarixi ərazisində çox abadlıq işləri aparılıb. Sahil bağı yenidən qurulub. Sahil bağı tarixi bir yerdir, böyük tarixi vardır və bu yenidənqurma, abadlıq işləri nəticəsində bir tərəfdən Azərbaycan xalqına yad olan, bizim milli şüurumuza zidd olan vaxtilə qoyulmuş abidə buradan götürüldü və gözəl fəvvarələr kompleksi yaradıldı. Yəni bu həm gözəllikdir, həm bizim tarixə olan ədalətli münasibətimizdir, Azərbaycan xalqının iradəsidir və tarixi ədalətin bərpasıdır. Bax bu binanın yenidən bəstəkarlara verilməsi və ətrafda yerləşən bütün binaların bərpası bu mənanı daşıyır. Mən bir daha sizi ürəkdən təbrik edirəm, cansağlığı, yeni uğurlar arzulayıram.
Sonra dövlətimizin başçısı binanın birinci mərtəbəsində yerləşən konfrans zalı ilə tanış oldu. Burada quraşdırılmış monitorda Bəstəkarlar İttifaqının sədrləri haqqında videofilmə baxdı. Bildirildi ki, binada yaradılmış hərtərəfli şərait bəstəkarların səmərəli yaradıcılıq fəaliyyəti ilə məşğul olmalarına imkan verəcəkdir.
Yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən tanınmış musiqi xadimləri, bəstəkarlar bunu, dövlətimizin başçısının Azərbaycan musiqisinə və incəsənətinə qayğısının növbəti nümunəsi kimi qiymətləndirdilər. Prezident İlham Əliyev Bəstəkarlar İttifaqının üzvlərinə, tanınmış incəsənət və musiqi xadimlərinə yeni yaradıcılıq uğurları arzuladı.

"Intizar" operasının yeni premyersı keçirildi

Xalq artisti Firəngiz Əlizadənin «İntizar» operasının yeni quruluşda premyerası olmuşdur

Mayın 11-də Heydər Əliyev Sarayında Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operasının yeni quruluşda premyerası olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva premyeraya tamaşa etmişlər. Heydər Əliyev Fondu yeni Beynəlxalq musiqi layihəsini — çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Firəngiz Əlizadənin “İntizar” operasının yeni quruluşda premyerasını təqdim etmişdir.

Librettonun müəllifi “Üns” yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlamışdır. Tamaşanın quruluşçu rejissoru Moskva “Helikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster xalq artisti Gülbacı İmanovadır.

Operanın yeni quruluşu müasir Avropa musiqili teatr rejissurası prinsiplərinə əsaslanmışdır. Əsər boyu əsas vokal formaların təqdimat tərzində, obrazların təsvirində ənənəvi vasitələrlə yanaşı, obraz-yaradıcı komponent kimi, müasir səhnə plastikası və xoreoqrafiyanın imkanlarından geniş istifadə olunmuşdur. Xor səhnələrinin xoreoqrafik çevikliyi və rəngarəngliyi, hərəkət uyğunluğu hadisələrin dramaturji axarına dinamiklik gətirirdi.

Tamaşanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr, (hərəkətli səhnə, video-installyasiya, mürəkkəb işıq palitrası geniş tətbiq olunmuşdur. Yeni quruluşun fərqləndiricı cəhətlərindən biri də ifaçı heyətin gənclərdən ibarət olmasıdır.

Opera Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəvi hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Xəyanət və hiylə ilə qonaqpərvər diyara gələn şər qüvvələr zorakılıqla səfalı bir diyarı viran qoyur, insanları amansızcasına qətlə yetirir, doğma yurd-yuvalarından didərgin salırlar. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin taleyində izlənilir.

Əsər bir daha nümayiş etdirir ki, şər qüvvələrin basqısı nə qədər dəhşətli və güclö olsa belə, onlar vətən sevgisi, ailə məhəbbəti ilə saf və inamlı həyat yaşayan insanların nə müqavimətini qırmaq, nə də onların qəlbindəki mübarizə əzmini məhv etmək iqtidarında deyildir. Hadisələrin faciəli axarına baxmayaraq, əsər əmin-amanlıq, xoşbəxtlik və ədalətin intizarında olan, gələcəyə inam və ümidlərini, mübarizə əhval-ruhiyyəsini əks etdirən təsirli finalla bitir. Səmada “Ağ atlı”nın peyda olması qazanılacaq qələbənin intizarında olan bütün insanlara ümid işarəsidir. Bu ümid və inam doğma torpaqların azadlığını nəyin bahasına olursa-olsun gerçəkliyə çevirəcəkdir.

Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayı keçirilmişdir

Müstəqillik dövrünün ən möhtəşəm və mühüm musiqi hadisəsi — Azərbaycan bəstəkarlarının VIII qurultayı oldu. 7 gün ərzində (2007-ci il 11-16 iyun və 20 iyun — hesabat seçki yığıncağı) respublikamızın paytaxtı Bakı şəhərinin ən mötəbər və nüfuzlu musiqi meydançaları — M.Maqomayev adına Azərbaycan Dövlət Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Kamera və Orqan Musiqisi Zalı, Bakı Musiqi Akademiyasının Böyük Zalı, Şəhriyar adına Mədəniyyət Mərkəzi, «Xəzər» Universitetinin «Dünya» musiqi salonu, Muzey Mərkəzinin Konfrans zalı bəstəkarların ixtiyarına verilmişdi. Qurultayın 6 günlük konsert proqramında 65 bəstəkarın 100-dən çox əsəri səsləndi. Dinləyicilərin mühakiməsinə simfoniya, balet, musiqili komediya, xor musiqisi nümunələrindən tutmuş kamera əsərlərinə, mahnı və romanslara kimi ən müxtəlif janrlarda və üslublarda yazılmış rəngarəng əsərlər təqdim edildi.

Bu əsərlərin ifa edilməsi üçün respublikanın əksər kollektivləri — Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor Kollektivi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, «Con tempo» və estrada-instrumental ansamblları cəlb edilmişdi.
Belə bir möhtəşəm tədbirin keçirilməsi mədəniyyətin bu sahəsinə ilk növbədə, dövlət qayğısının ən parlaq nümunəsi kimi dəyərləndirilməlidir. Bu fikir qurultaya təşrif buyurmuş xarici ölkə nümayəndələrinin çıxışlarında da dəfələrlə önə çəkildi. Onlar öz ölkələrinin yeni tarixində bu miqyasda, bu səviyyədə qurultayın keçirilmədiyini və hətta, belə ehtimalın olmadığını da dilə gətirdilər. Qurultayın tədbirləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirildi.

Qeyd etmək lazımdır ki, bütün bu nəhəng işin arxasında bir neçə ay davam etmiş çox böyük hazırlıq işləri durmuşdu.

İlk növbədə, qurultay konsertlərinə əsər seçmək üçün Bəstəkarlar İttifaqında janrlar üzrə xüsusi komissiyalar yaradıldı. Simfonik və vokal-simfonik janrda işləyən komissiyaya 40-dan çox ərizə daxil olmuş və nəticədə qurultayın 3 simfonik konsertində səslənmək üçün iri formalı 28 əsər seçilmişdi. Kamera musiqisi komissiyası 31 əsəri, mahnı komissiyası isə 23 müəllifin 53 mahnısından 24 mahnısını konsertlərə layiq görmüşdü. Nəticədə, komissiyalara təqdim olunmuş əsərlərin böyük hissəsi qurultay konsertlərində səsləndirilmişdi.

VIII Qurultayın ilk günü — iyunun 11-i, günorta saatlarında Fəxri Xiyabanın ziyarəti ilə başlandı. Bəstəkar və musiqişünaslar, 7 xarici ölkədən gəlmiş qonaqlar — bəstəkar, professor Əhmət Yürür (Türkiyə), Ukrayna Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar, professor, Kiyev Bəstəkarlar Təşkilatının Sədri — İqor Şerbakov (Ukrayna), Özbəkistanın əməkdar incəsənət xadimi, musiqişünas, professor Feyzulla Kərəmətov (Özbəkistan), Tacikistan Bəstəkarlar İttifaqının Sədri, Əməkdar incəsənət xadimi, bəstəkar Qüdrətullo Hikmətov (Tacikistan), Gürcüstan Bəstəkarlar İttifaqının Sədri, xalq artisti, Dövlət mükafatı laureatı, professor Vaja Azaraşvili (Gürcüstan), Qazaxıstan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, bəstəkar Həbibullah Sedekov, musiqi ictimaiyyəti və media nümayəndələri ulu öndər Heydər Əliyevin, dahi bəstəkarlarımızın məzarına əklil və gül dəstələrini qoyaraq, əziz xatirələrini yad etdilər. Həmin gün axşam, Azərbaycan Dövlət Filarmoniyasında Qurultayın təntənəli açılışı oldu. Qurultay nümayəndələri və iştirakçılarını Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev salamladı. Bəstəkarlar İttifaqının Katibi Ramiz Zöhrabovun, habelə qonaqların qısa çıxışından sonra qurultayın ilk konsert proqramı dinləyicilərin diqqətinə təqdim olundu. Konsert Üzeyir Hacıbəylinin «Koroğlu» operasından Uvertüra ilə açıldı. Daha sonra Aqşin Əlizadənin «Ana torpaq» və Rauf Əliyevin «Ata yurdum Azərbaycan» odaları, Musa Mirzəyevin «Doğma Azərbaycan» oratoriyasından iki hissə, Arif Məlikovun Heydər Əliyevə həsr olunmuş 8 saylı «Əbədiyyət» simfoniyası, Azər Dadaşovun 10 saylı «Katarsis» adlı Simfoniyası, Oqtay Zülfüqarovun Fleyta və simfonik orkestr üçün Konserti, Vasif Allahverdiyevin «Heydər Əliyev — «Ömür yolu» simfonik poeması, Tofiq Bakıxanovun Ü.Hacıbəylinin xatirəsinə həsr olunmuş tar ilə simfonik orkestr üçün 8 saylı «Azərbaycan» simfoniyası səsləndi. Konsert proqramı Firəngiz Əlizadənin Heydər Əliyevə həsr olunmuş «İthaf» əsəri ilə tamamlandı. Bu əsərləri xalq artisti Rauf Abdullayevin idarəsilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası, solistlər — xalq artisti Ramiz Quliyev (tar), beynəlxalq müsabiqə laureatı Fəridə Məmmədova (soprano), Səbinə Əsədova (metso-soprano), Babək Niftəliyev (xanəndə) və Əminə Zülfüqarova (fleyta) ifa etdilər.

İyunun 12-də Bakı Musiqi Akademiyasının Böyük Zalında kamera-instrumental və kamera-vokal musiqisindən ibarət gündüz konserti oldu. Konsertin I hissəsində Faiq Sücəddinovun piano üçün «Skertso», «Etüd», Adilə Yusifovanın instrumental kvartet üçün «Qadın obrazlarının siluetləri», Ruhəngiz Qasımovanın iki romansı («Sevmişəm», «Niyə susurdun»), Nərgiz Şəfiyevanın bariton, metso-soprano və piano üçün «David Oystraxa məktubumdur» vokal dialoqu, Kamal Əhmədovun piano üçün «Mövzu və variasiyaları», Məmməd Cəfərovun iki romansı, Arzu Məmmədovanın üç romansı, Rüfət Xəlilovun piano üçün Sonatinası səsləndirildi. II hissədə Şəmsəddin Qasımovun «Dəyişmərəm» romansı, Rüfət Ramazanovun viola üçün «İnduksiyası», Vasif Allahverdiyevin solo tar üçün «Qarabağ balladası», Yusif Mirişlinin violonçel və piano üçün «İmpression» əsəri, Arif Mirzəyevin violino və orqan üçün «Dahi prezidentə xatirə duaları» ifa olundu.

Həmin gün axşam Bakı Musiqi Akademiyasında Xor musiqisindən və Xalq Çalğı Alətləri Orkestri üçün bəstələnmiş əsərlərdən ibarət konsert qurultay iştirakçılarına təqdim olundu. Xor musiqisi konsertinin proqramına Azər Dadaşovun «Həmd-Səna», Rauf Əliyevin «Ballada», Elnarə Dadaşovanın «Diptix», Faiq Nağıyevin Q.Qarayevin xatirəsinə ithaf olunmuş a’capella xoru üçün Konserti, Məmməd Cəfərovun «Yuxulama, oğuz oğlu» kantatası daxil idi. Xalq Çalğı Alətləri Orkestri üçün əsərlərdən ibarət konsertdə isə həm bəstəkarlarımızın orkestr pyesləri, həm də mahnıları dinləyicilərin mühakiməsinə verildi. Birinci qəbildən olan əsərlər siyahısına Dadaş Dadaşovun Konsert marşı, Tofiq Bakıxanovun «Şərq poeması» baletindən «İran qızlarının rəqsi», Oqtay Kazıminin orkestr üçün Konserti, Yaşar Xəlilovun «Muğam dastanı», Ramiz Mirişlinin «Gənclik süitası», Firəngiz Babayevanın «Sözsüz mahnısı» daxil idi. Mahnı janrında isə bəstəkarlardan Nazim Quliyev, Şəmsəddin Qasımov, Faiq Nağıyev və Həsən Adıgözəlzadə təmsil olundular. Bütün bu əsərlər əməkdar artist Ağaverdi Paşayevin idarəsilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında və müşayiətilə səsləndi.

Qurultayın 3-cü günü, günorta saatlarında, «Xəzər» Universitetinin «Dünya» musiqi salonunda bəstəkar Cahangir Zülfüqarovun musiqisi — Kukla Teatrının «Ələddin» tamaşası ilə başlandı. Həmin gün Kamera və Orqan musiqisi Zalında növbəti simfonik konsert oldu. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin iştirakı ilə (bədii rəhbər və baş dirijor — əməkdar incəsənət xadimi Azad Əliyev) Lalə Cəfərovanın «Rüstəm və Zöhrab» baletindən süita, Dadaş Dadaşovun simli orkestr üçün simfoniyası, Nəriman Məmmədovun Fleyta və simfonik orkestr üçün Konserti, Yaşar Xəlilovun piano və simfonik orkestr üçün Konserti, Azad Zahidin piano və simli orkestr üçün «Rekviyem»i, Fərhəng Hüseynovun «Şahzadə Aba» baletindən süitası, Tahir Əkbərin «Ya Rəbb» vokal-simfonik poeması, Oqtay Rəcəbovun «Xocalı avazları» oratoriyasından hissələr səsləndi. İyunun 13-də axşam isə Azərbaycan Dövlət Opera və Balet Teatrında Qara Qarayevin «Don Kixot» və Aqşin Əlizadənin «Qafqaza səyahət» baletlərinin tamaşası göstərildi.
Qurultayın növbəti günü — iyunun 14-ü Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı ilə açıldı. Konfransda xaricdən gələn qonaqlar, habelə media nümayəndələri qurultayın gedişatı ilə bağlı öz təəssüratlarını, fikirlərini bildirdilər. Axşam Kamera və Orqan Musiqisi Zalında Kamera Orkestrinin ifasında Ceyhun Allahverdiyevin «Misri», İsmayıl Hacıyevin Cövdət Hacıyevə həsr olunmuş Simfoniyasından II hissəsi — «Elegiya», Ədviyyə Rəhmətovanın soprano və kamera orkestri üçün Konsertinin II hissəsi, Elnarə Dadaşovanın 3 romansı, Məmmədağa Umudovun Simfoniyasından IV hissə, Rəhilə Həsənovanın «Ulduzların laylası» kompozisiyası, İlham Abdullayevin «Aşıqsayağı» və «Sarkazm» pyesləri, Sevda İbrahimovanın Ramiz Quliyevə həsr olunmuş tar və kamera orkestri üçün «Qarabağnamə» konserti ifa olundu.

İyunun 15-də Kamera və Orqan musiqisi zalında «Con tempo» ansamblı (bədii rəhbər — Nizami Zeynalov, dirijor — respublikanın xalq artisti Cavanşir Cəfərov) aşağıdakı əsərləri təqdim etdi: Firəngiz Əlizadə — «Atəş», Cavanşir Quliyev — ağac nəfəsli alətlər üçün Kvartet, Fərəc Qarayev «Baqatel», Rəhilə Həsənova «Zərrə», Arzu Məmmədova — 10 ifaçı üçün Musiqi, Rüfət Xəlilov — soprano və ansambl üçün İki fraqment, Firudin Allahverdi — «Con tempo», İsmayıl Hacıbəyov — «Divertisment».

İyunun 15-də həmçinin Şəhriyar adına Mədəniyyət Mərkəzində Vüqar Camalzadənin rəhbərlik etdiyi estrada-instrumental ansamblının iştirakı ilə R.Mirişli, S.İbrahimova, O.Rəcəbov, R.Qasımova, T.Əkbər, Ə.Rəhmətova, M.Babayev, R.Qədimova, M.Əhmədova, N.Əzimov, A.Səmədzadə, L.Cəfərova, V.Camalzadə, Y.Məlikovun mahnılarından ibarət böyük mahnı konserti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında isə Ramiz Mirişlinin «Qısqanc ürəklər» operettasının nümayişi keçirildi.

Qurultayın konsert proqramlarının son günündə iyunun 16-da Azərbaycan Dövlət Filarmoniyasında simfonik konsert, Musiqili Komediya Teatrının səhnəsində isə Ramiz Mustafayevin «Məsmə xanım dayımdır» operettasının tamaşası oldu.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə keçirilən konsertdə (dirijor — Fəxrəddin Kərimov, Yaşar İmanov, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov) Sərdar Fərəcovun «Şah Xətai» simfoniyası, Yaşar İmanovun «Vals-kapriççio»su, Cəlal Abbasovun 15 ifaçı üçün 4 saylı Simfoniyası, Aydın Əzimovun «Bayrağım» odası, Vasif Adıgözəlovun «Çanaqqala» oratoriyasından hissələr, Mobil Babayevin «Məmləkətim» kantatası, Faiq Sücəddinovun Skertsosu, Elmir Mirzəyevin «7 dəqiqə» əsəri, Ceyhun Allahverdiyevin piano ilə orkestr üçün Konserti, İlyas Mirzəyevin «Üç dəniz» simfoniyası səsləndi.

2007-ci il iyunun 20-də Muzey Mərkəzində VIII Qurultayın hesabat-seçki yığıncağı keçirildi. Hesabat məruzəsi ilə Bəstəkarlar İttifaqının Birinci Katibi əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov çıxış etdi. İlk öncə Azərbaycan Bəstəkarlar İttifaqının VII qurultayından ötən dövr — 1990-2007-ci illər ərzində dünyasını dəyişmiş Ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan torpaqlarının suverenliyi və azadlığı uğrunda şəhid olanların və Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin: Cahangir Cahangirov, Rauf Hacıyev, Bayram Hüseynli, Məmmədsaleh İsmayılov, Zakir Bağırov, Əşrəf Abbasov, Telman Hacıyev, İbrahim Məmmədov, Süleyman Ələsgərov, Cövdət Hacıyev, Əziz Əzizli, Xanlar Məlikov, Nərminə Əliyeva, Leonid Vaynşteyn, Məmməd Cavadov, Hökümə Nəcəfova, Rəna Fərhadova, Ədilə Hüseynzadə, Əfsər Cavanşirov, Emin Sabitoğlu, Məmməd Quliyev, Hacı Xanməmmədov, Rafiq Babayev, Tamilla Məmmədzadə, Həsən Rzayev, Tofiq Quliyev, Elxan Babayev, Vasif Adıgözəlov, İsmayıl Hacıbəyov, Əhməd İsazadə, Çingiz Almaszadənin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təftiş komissiyasının hesabatı bəstəkar Faiq Nağıyev tərəfindən məruzə olundu. Yığıncaqda Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və Azərbaycan Respublikası Prezidenti Apparatının Humanitar Siyasət şöbəsinin müdiri Fatma Abdullazadə iştirak etdilər.

Hesabat məruzəsinin müzakirəsi ətrafında Musa Mirzəyev, Ramiz Mustafayev, Zemfira Səfərova, Xəyyam Mirzəzadə, Tariyel Məmmədov, Həsən Adıgözəlzadə, Faiq Sücəddinov, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Prezident Apparatı Humanitar Siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Arif Məlikov, Tofiq Bakıxanov, Sənubər Bağırova, Rəşid Şəfəq, Aida Hüseynova, İlham Azmanlı, Elnarə Dadaşova, Eldar Mansurov, Nəriman Məmmədov, Elmir Mirzəyev öz fikir və münasibətlərini söylədilər.

Çıxışlardan sonra gizli səsvermə yolu ilə İdarə Heyətinə seçkilər keçirildi və yeni İdarə Heyətinə gizli səsvermə yolu ilə xalq artisti, professor Firəngiz Əlizadə sədr seçildi.

İyunun 22-də Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin sədrliyi ilə İdarə Heyətinin ilk iclası oldu. Sədrin təqdimatı ilə İttifaqın katibliyinə xalq artisti, professor Aqşin Əlizadə, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, əməkdar incəsənət xadimi Eldar Mansurov, məsul katib Lalə Hüseynova seçildilər.

I Beynəlxalq Muğam Festivalı keçirilmişdir

Martın 18-dən 25-dək Bakıda Heydər Əliyev Fondunun möhtəşəm «Muğam dünyası» layihəsi çərçivəsində Birinci Beynəlxalq Muğam Festivalı keçirilmişdir. İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində dunya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrilmiş, bir həftə ərzində Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltmişdir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək, festival proqramını həm rəngarəng, həm də yaddaqalan etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan bu irimiqyaslı tədbir paytaxtımızın bu il İslam ölkələrinin paytaxtı elan olunmasının heç də təsadüfi olmadığını göstərmişdir. Muğamla bağlı möhtəşəm tədbirin keçirilməsi muğam sənətinin tarixində yeni bir mərhələnin başlanmasına rəvac vermişdir. Eyni zamanda muğam sənətinə həsr olunmuş və belə yüksək səviyyədə keçirilən beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı olduğunu göstərmişdir. Qərblə Şərq arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbaycanda, sivilizasiyaların qovuşduğu bir məkanda «Muğam aləmi» Beynəlxalq Muğam Festivalının keçirilməsi bir daha subut etdi ki, xalqımızın min illərin o tayında qoruyub saxladığı, daha da təkmilləşdirdiyi muğam sənəti dünyanın mədəni irs siyahısına daxil olan ən layiqli nümunələrindəndir.

Azərbaycan Bəstəkarlar İttifaqı təşkilatın sədri xalq artisti, professor Firəngiz Əlizadə başda olmaqla festivalın təşkilində, keçirilməsində yaxın iştirak etmişdir. Festivalın bədii tərtibatı məhz Firəgiz xanımın əməyinin məhsulu idi. Qeyd etdiyimiz kimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri «Muğam aləmi» Beynəlxalq Muğam Festivalının ilk günündən öz zəhmətlərini əsirgəməmişlər. Festivalda iştirak edən 47 ölkənin nümayəndəsi Bəstəkarlar İttifaqının dəvəti ilə ölkəmizə təşrif buyurmuşlar. Martın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində «Muğam aləmi» Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpoziumun açılışı olmuşdur.
Simpoziumun açılış mərasimində çıxış edən YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq Bakıda belə bir beynəlxalq festivalın keçirilməsini yüksək qiymətləndirmişdir. O demişdir ki, Fransa muğamla ilk tanışlıqdan bu musiqiyə valeh olmuşdur. Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Vim Van Zanten muğamın incəliklərindən, bu sahədə aparılan tədqiqatlardan danışmışdır. Qonaq demişdir ki, musiqi festivalının və simpoziumun keçirilməsinin səbəbi odur ki, Azərbaycanın ən böyük dəyərlərindən biri olan muğam bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına düşmüşdür. İnanırıq ki, Azərbaycan musiqisi, mədəniyyəti bundan sonra digər xalqlar tərəfindən daha da yaxından öyrənilərək seviləcəkdir. Martın 20-dək davam edən simpoziumun iclaslarında Almaniya, Çin, Özbəkistan, Kanada və Tacikistandan olan tanınmış alimlər ilə yanaşı Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin də məruzələri dinlənilmişdir. Dünyanın müxtəlif ölkələrindən ənənəvi Şərq musiqisini tədqiq edən 30-dək alimin, musiqi xadiminin iştirak etdiyi beynəlxalq simpozium xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə, inkişafına təkan vermişdir. Simpoziumun materialları müxtəlif dillərə tərcümə edilərək çap olunmuşdur.
Martın 20-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində muğam üzrə beynəlxalq elmi simpoziumun yekunlarına həsr olunmuş «dəyirmi masa» keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bütün iştirakçıları salamlamış və bölmə iclaslarında dinlənilən məruzələri yüksək qiymətləndirmişdir. F.Əlizadə bildirmişdir ki, muğamla bağlı keçirilən simpoziumlar, festivallar mədəniyyət sahəsində dünya alimlərinin ən gözəl işbirliyinə bariz nümunədir. «Biz «Muğam aləmi» Beynəlxalq festivalın çərçivəsində muğamı təbliğ etməklə yanaşı, həm də bu musiqinin nəyə qadir olduğunu, hansı kökə, tarixə məxsusluğunu göstərəcəyik. Festival iştirakçıları bir daha Azərbaycan muğamlarının və bütövlükdə musiqimizin özəlliklərini, oricinallığını dərk edəcək və bu tədbirlərdən xüsusi zövq alacaqlar. Simpozium bu istiqamətdə yeni beynəlxalq tədbirlərə yol açdı.» Təklif edilmişdir ki, növbəti simpoziumlarda, beynəlxalq festivallarda müəllif musiqisi və muğam sənəti, müxtəlif xalqların ənənəvi musiqisində muğamın rolu, onun mənbəyi və digər bu kimi mövzulara daha geniş yer ayrılsın. Bildirilmişdir ki, «Muğam aləmi» Beynəlxalq festivalı çərçivəsində keçirilən beynəlxalq elmi simpoziumda 20-dək ölkəni təmsil edən alimlərin 80-ə yaxın məruzəsi dinlənilmişdir.
Tədbirdə Almaniyadan, Rusiyadan, Niderlanddan, Parisdən, Tunisdən gələn nümayəndələr, Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, akademik Vasim Məmmədəliyev və başqaları çıxış etmişlər. Birmənalı olaraq vurğulanmışdır ki, simpozium çərçivəsində dinlənilən məruzələr muğamın öyrənilməsi, tədqiqi baxımından olduqca vacibdir.
Martın 22-də Azərbaycan Dövlət Muğam Teatrında «Muğam aləmi» Beynəlxalq festivalı çərçivəsində Azərbaycan muğamının dostları ilə görüş keçirilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Beynəlxalq muğam müsabiqəsinin 11 dövləti təmsil edən musiqiçilərini salamlayaraq bildirmişdir ki, bu müsabiqə onlara özlərini tanıtmaq, nəyə qadir olduqlarını sübut etmək imkanı yaratmışdır: «İnanıram ki, beynəlxalq simpoziumda olduğu kimi bu dəfə də iştirakçılar bir-birindən maraqlı görüşlərin, ifaların, musiqilərin şahidi olacaqlar.» Daha sonra Azərbaycan Dövlət Kukla Teatrında beynəlxalq muğam müsabiqəsinin açılışı olmuşdur.
Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kəriminin rəhbərlik etdiyi, xalq artisti Arif Babayevlə, YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti, niderlandlı Vim Van Zanten, türkiyəli musiqişünas Fikrət Qaraqaya və Beynəlxalq Musiqi Sülh Mükafatı laureatı, almaniyalı Mixael Dreyerin daxil olduğu münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti, professor Ramiz Zöhrabov da təmsil olunurdu. Müsabiqəyə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 20 iştirakçı qatılmışdır. Azərbaycanı yarışmada beş ifaçı — Təyyar Bayramov, Vəfa Orucova, Babək Niftəliyev, Arzu Əliyeva və Səbuhi İbayev təmsil edirdi. Bakıda keçirilən «Muğam aləmi» Beynəlxalq festival çərçivəsində muğam müsabiqəsinə martın 24-də yekun vurulmuşdur. Azərbaycan xanəndəsi Təyyar Bayramov münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı — «Qran-pri»yə layiq görülmüşdür. Ona fəxri fərman, 20 min avro pul mükafatı və festivalın emblemi təqdim edilmişdir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan müsabiqədə Özbəkistan təmsilçisi Yulduz Turdıyeva birinci yeri qazanmış, fəxri fərman, 15 min avro və müsabiqənin emblemi ilə mükafatlandırılmışdır. İkinci yerə İran musiqiçisi Məhəmməd Motamedi, üçüncü yerə isə misirli Mustafa Səid layiq görülmüşlər. Onlara da fəxri fərman, müfafiq olaraq 10 min və 5 min avro pul mükafatı və müsabiqənin emblemi təqdim olunmuşdur. Müsabiqədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş müsiqiçilər də mükafatlandırılmışlar.
Təhsil Naziriliyinin təsis etdiyi «Ən yaxşı müsiqi ifaçısı» mükatatını nazir Misir Mərdanov əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədova, Mədəniyyət və Turizn Nazirliyinin «Qarabağ şikəstəsi»nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatını nazir Əbülfəs Qarayev tacikistanlı Xurşed İbrohimova, Azərbaycan Bəstəkarlar İttifaqının «Ən gənc ifaçı» mükafatını isə ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə Arzu Əliyevaya təqdim etmişlər. Fərqlənmiş musiqiçilərin hər birinə fəxri fərman və min avro pul verilmişdir.
Martın 25-də Heydər Əliyev Sarayında Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasiminə həsr edilən konsert olmuşdur.
Festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konserti Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri açmışdır. Orkestrin bədii rəhbəri Rauf Abdullayevin diricorluğu ilə Fikrət Əmirovun «Şur» simfonik muğamı ifa olunmuşdur. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Mövlamova «Şur» təsnifini ifa etmişlər. Tamaşaçılar Azərbaycan musiqisinin ən gözəl incilərini dinləmişlər. «Muğam aləmi» Beynəlxalq festivalının bağlanış mərasiminə həsr edilən konsert proqramı zənginliyi ilə fərqlənmişdir. Hər bir ifa sürəkli alqışlarla qarşılanmışdır.
Tədbirdə nitq söyləyən Prezident İlham Əliyev ölkəmizdə keçirilən birinci Beynəlxalq Muğam Festivalını yüksək qiymətləndirərək demişdir: «Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir.»
«Muğam aləmi» Beynəlxalq Muğam Festivalının bağlanışına həsr olunan qala-konsert öz oricinallığı və rəngarəngliyi ilə indiyədək təşkil olunan bu kimi konsertlərdən tamamilə fərqlənmişdir. Xalq artisti Firəngiz Əlizadənin bədii quruluş verdiyi konsertdə Azərbaycan musiqisinin əzəməti səhnədə əks olunan vizual görüntülərlə təmasa girərək möcüzəli muğam dünyası barədə real təəssürat yaratmışdır. Bu zaman səhnədə avropa üslublu Azərbaycan musiqisi ilə milli musiqi harmonik kadensiyalarla bir-birinə ötürülürdü. Namiq Mənanın milli musiqi aləitimiz olan sazın müşayəti ilə iştirakçıları meyxana ilə səhnəyə dəvət etməsi böyük tarixə malik Azərbaycan folklorunun, mədəniyyətinin göstəricisi kimi daha oricinal alınmışdı.
Bütövlükdə «Muğam aləmi» Beynəlxalq Festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq etmiş, xalqların daha da yaxınlaşmasına mühüm bir töfhə olmuşdur. «Muğam aləmi» Beynəlxalq Muğam Festivalı indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun muğamın qorunub saxlanması, gələcək nəsillərə çatdırılması sahəsində atdığı daha böyük bir addımdır. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut etmişdir. Bir həftəlik möhtəşəm muğam bayramından sonra çoxsaylı qonaqlar islam mədəniyyətinin paytaxtı olan, Şərq və Qərb mədəniyyətini özündə sintez edən gözəl Bakıdan festivalın bir daha təkrarlanacağı arzusu ilə ayrılmışlar.